fbpx

Cəmiyyət

Cəmiyyət

Tapa Çermoyev və Xavərsultan Bəyim İbrahimbəyova

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu yazı Şimali Qafqaz Dağlılar Respublikasının siyasi liderlərindən, onun baş naziri olmuş çeçen əsilli Əbdülməcid Çermoyev və onun həyat yoldaşı – Qarabağ xanlarının nəslindən olduğu iddia edilən Xavərsultan bəyim İbrahimbəyova haqqında qısa bioqrafik xarakterli məlumatdan ibarətdir. Rusiyadakı vətəndaş müharibəsində bolşeviklərin qələbəsi Çermoyevin ailəsi ilə birgə Avropada mühacirət həyatı yaşamasına səbəb olmuşdur. Biz bu ailə haqqında Fransa arxivlərində xeyli maraqlı məlumat toplamağa nail olmuşuq və bu mövzuda araşdırmalarımız davam edir.

Əbdülməcid “Tapa” Çermoyevin atası Ortsu Çermoyevə Rusiya imperiyasına xidmətlərinə görə çar hakimiyyəti tərəfindən irsi zadəganlıq verilmişdi. Onlar Stavropol quberniyasının zadəgan reyestrinə daxil edilmiş az saylı çeçen ailələrindən biri idilər. General Ortsu Çermoyev oğlunun da özü kimi hərbçi olmasını istəyirdi. Buna görə də Tapa Vladiqafqazda məktəbi bitirdikdən sonra Əlahəzrət Nikolayevskaya Imperial Süvarilər Məktəbinə daxil olmuşdu (1901). Buradan məzun olduqdan sonra isə o, Əlahzərət İmperator II Nikolayın şəxsi konvoyunda xidmətə təyin edilmişdi. Lakin bir müddət sonra Tapa xidmətdən narazı qalaraq bu elit bölmədən tərxis olur və bizneslə məşğul olmağa qərar verir.

İmperiyanın cənubunda neft sənayesi mərkəzinə çevrilməsinə baxmayaraq, Qroznı şəhəri o dövrdə (1901-ci ildə Sunja çayının sol sahilindəki şəhər hüdudlarında etnik çeçenlərin məskunlaşmasına qoyulmuş qadağa götürülmüşdü) ikinci dərəcəli əyalət şəhəri sayılırdı və əhəmiyyətinə görə Vladiqafqazdan geri qalırdı. Qroznı gəzib görməli yer də deyildi. Neft sahələrindən çıxan tüstü, yanğınlar, çirkab və nizamsızlıq Qroznının yaşayış yeri kimi cazibədar olmasına imkan vermirdi. Tapa Qroznıya yalnız çoxsaylı ailə üzvlərini ziyarət etmək və neft investisiyaları ilə əlaqədar məsələlərlə məşğul olmaq üçün qısamüddətli səfərlər edirdi. O, hər keçən il neft işinin strateji əhəmiyyətinin artdığını və bu sahəyə sərmayə qoymağın doğru iş, uzaqgörənlik olduğunu daha çox başa düşürdü.

Daimi yaşayış üçün isə Tapa o vaxt Terek vilayətinin paytaxtı, mədəni mərkəzi olan Vladiqafqazı seçmişdi. Bu bir tərəfdən ona böyük ailəsindən kənarda müəyyən qədər müstəqil yaşamağa imkan verirdi, digər tərəfdən isə o, burada tək də qalmayacaqdı, böyük qardaşı Əbdülmüslim artıq uzun illərdir ki, Vladiqafqazda məskunlaşmışdı. Bir müddət sonra Tapanın evi Şimali Qafqaz Dağlılar İttifaqının Mərkəzi Komitəsinin rəsmi iclaslarının keçiriləcəyi məkan olacaqdı. Bu qurum məktublarında rəsmi ünvanını Vladiqafqaz, Osetinskaya Prospekti, Çermoyevin evi olaraq qeyd edirdi. Rusiyada Vətəndaş müharibəsi illərində isə bu ev Anton Denikinin hərbi diktaturası altında Ağ Qvardiyaçıların qərargahı olmuşdu. Daha sonra 1925-ci ilin mayında Norveç tədqiqatçısı, okeanoqrafı və Nobel mükafatı laureatı Fridtyof Nans da Sovet hakimiyyətinin ilk illərindəki təmirdən sonra bu evdə qalmışdı.

Tapanın həyatında böyük bir hadisə 9 Avqust 1906-cı ildə məşhur azərbaycanlı İbrahimbəyovlar ailəsindən olan Xavərsultan bəyimlə evlənməsi idi. Bu İbrahimbəyovlar ailəsinin Qarabağ xanlarının nəslindən olduğu iddia edilir. Lakin danışılan dövrdə Xavərsultan bəyimin atası Vladiqafqazda yaşayırdı və Gürcüstan Hərbi Yolu üzərindəki poçt stansiyasını kirayə götürüb, idarə edirdi.

Tapa və Xavərsultan Vladiqafqazda hər həftə müxtəlif bəhanələrlə zəngin ailələrin keçirdikləri ballarda görüşürdülər. Bu şənliklər ənənəyə uyğun olaraq yalnız valideynlərinin və ya qəyyumlarının icazəsi ilə evlənə biləcək gənclər üçün bir görüş yeri idi. Burada qısa müddətdə Xavərsultana vurulan Tapa Çermoyev onun atasına elçi düşmüşdü.

Xavər xanım – ərinin ailəsi və dostları tərəfindən adı bu şəkildə qısaldılmışdı – Tapanın ailəsi tərəfindən çox bəyənilmiş və qısa zamanda Çermoyevlərin böyük ailəsində öz layiqli yerini tuta bilmişdi. Valideynlərinin ən kiçik uşağı olduğundan o, bir qədər ərköyün böyümüşdü və gənc yaşda valideynlərini itirdiyindən bacıları Xurşidlə[1] Mahruxa[2] çox bağlı idi. Onun bacıları ilə sıx əlaqələri  inqilabın ağır dövrlərində və Xavər xanımın əriylə Parisə köçməsindən sonra da davam edirdi. Həm Xurşid bəyim, həm də Mahrux bəyim sonradan Parisə köçmüş və mühacirətdə kiçik bacılarına qovuşmuşdular. Bacılar Xavər xanım ərindən ayrılanda da ona hərtərəfli dəstək olmuşdular.

1914-1916-cı illərdə Birinci Dünya Müharibəsində Tapa Vəhşi Diviziya kimi tanınan Qafqaz Yerli Süvarilər Diviziyasının Çeçen Süvari Alayında zabit (kapitan və alay yavəri) idi. Onun buradakı xidmətlərinə görə layiq görüldüyü müxtəlif təltiflər içərisində IV dərəcəli Müqəddəs Georgi ordeni də var idi. Ərinin razılığı ilə Xavər xanım da müharibəyə tibb bacısı qismində könüllü getmişdi. O, Beynəlxalq Qırmızı Xaçın Qafqaz “Vəhşi Diviziyası” yanında 22 saylı Mobil Bölməsinin tərkibində göstərdiyi fədakarlıqlara görə 1915-ci ildə Müqəddəs Anna ordeninin lenti üzərində “Çalışqanlığa görə” gümüş medalı ilə mükafatlandırılmışdı.

1917-ci il hadisələri baş verəndə Tapa Vladiqafqazda idi və cəbhədə aldığı yaraların müalicəsi ilə məşğul idi. O, həmin ilin mart ayında fəaliyyətini özünün də maliyyələşdirilməsində iştirak etdiyi Dağlılar İttifaqının Müvəqqəti Mərkəzi Komitəsinə Çeçenistandan üzv seçilmişdi. Qeyd etmək lazımdır ki, Dağlılar İttifaqının maliyyələşdirilməsində azərbaycanlı neft maqnatları Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov və Mirzə Əsədullayev də iştirak edirdilər. Növbəti illərdə Tapa Çermoyev Dağlılar hərəkatının sıralarında bir sıra mühüm vəzifələrdə çalışmış, bir neçə vacib missiyaya rəhbərlik etmişdi. 1917-ci ilin mayından etibarən hərəkatın Mərkəzi Komitəsinin sədri vəzifəsini icra etməyə başlamışdı. Həmin ilin iyul ayında anti-inquş üsyanları dövründə o, Terek vilayətinin Müvəqqəti Hərbi Komitəsinin rəhbəri idi. 1918-ci ilin mayında Şimali Qafqaz Dağlılar Respublikasının rəsmi qurulmasından sonra isə Tapa Çermoyev Respublikanın Baş naziri seçilmiş və Osmanlı İmperiyası ilə müqavilənin imzalanmasına nail olmuşdu. Birinci Dünya müharibəsi bitdikdən sonra respublikanın taleyinin həll olunacağı Paris Sülh Konfransına göndərilmişdi.

Tapa Paris Sülh Konfransında Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə bir müttəfiqdən daha yaxın idi. O, tamamilə etibar edilən və lazım olan təqdirdə köməyə yetişəcək biri idi. Topçubaşov isə Şimali Qafqazın dağlı siyasi xadimləri tərəfindən nüfuzlu ağsaqqal kimi qəbul edilirdi. Onlar tez-tez məsləhət almaq üçün Topçubaşova müraciət edir, yaxud Əlimərdan bəy Şimali Qafqaz diaspora üzvləri arasında düşən mübahisələri yoluna qoyurdu. Azərbaycan və Şimali Qafqaz diasporları çətin dövrlər yaşadıqları yad Fransa mühitində hərtərəfli birlik nümayiş etdirirdilər. “Dördlüyün” (dörd Qafqaz respublikasının – Şimali Qafqaz, Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətləri komitəsi) plenar iclaslarında da Azərbaycan və Şimali Qafqaz nümayəndə heyətləri biri digərinin mövqeyinə dərhal dəstək olurdu.Onu da əlavə edək ki, Azərbaycan Cümhuriyyətinin Avropa universitetlərinə oxumağa göndərdiyi tələbələrin təqaüdlərinin ilk hissəsinin ödənilməsində də Tapa böyük maliyyə köməkliyi göstərmişdi.

Mühacirətdə Tapa və Xavər xanımın Fransa vətəndaşlığını almaq şansı digər Şimali Qafqaz dağlıları ilə müqayisədə daha yüksək idi. Bununla belə, onlar heç vaxt vətəndaşlıq üçün müraciət etmədilər. Ömürlərinin sonuna qədər İran vətəndaşı olaraq qaldılar. Dağlılar Respublikası ideyasını prinsipial şəkildə dəstəkləməyi Fransa vətəndaşlığı alacaqları təqdirdə qazana biləcəkləri imtiyazlardan daha üstün tutdular. Onlar həmçinin Rusiya vətəndaşlığından da imtina etdilər və heç vaxt Avropanın rus diasporu təşkilatlarına üzv olmadılar.

Xavər xanımın Tapa ilə evliliyindən Zara (Sultanat) adlı bir qızı dünyaya gəlmişdi. Lakin o, erkən yaşda, uşaq ikən vəfat etmiş və bu da Xavər xanımın əri ilə münasibətlərində uçurumun yaranmasına gətirib çıxarmışdı. Onlar 1924-cü ildən etibarən ayrı yaşayırdılar. Həmin ildən Tapa məşuqəsi Nataşa Brailovski (qızlıq soyadı – Kanelski) ilə yaşamağa başlamışdı və onların Marianna adlı bir qızı olmuşdu. Tapa və Xavər xanım 14 Mart 1929-cu ildə rəsmi olaraq boşandılar; Rusiya İmperiyası Baş konsulu Leontiy Kandaurov bu boşanmanın rəsmi şahidi olmuşdu. Bu boşanmadan sonra Xavər xanım bir daha evlənməmişdi. Tapanın qohumlarından heç biri boşanmadan sonra Xavər xanımla münasibətlərini kəsməmişdi. Tapanın qohumları hadisədə bütün günahı Tapada görürdülər və Xavər xanımı ailə üzvü kimi görməkdə davam edirdilər. Boşanmasına baxmayaraq, Xavər xanım Çermoyev soyadından da imtina etmədi.

Bir vaxtlar zəngin və məşhur olan bir kişinin indi keçmiş həyat yoldaşı olaraq Xavər xanım sabiq ərindən asılı olmamağa və maliyyə məsələlərini təkbaşına həll etməyə səy göstərirdi. Lakin iqtisadi durumu yaxşı deyildi və əvvəllər borc verdiyi pulları geri almağa çalışırdı. Parisin L’action française qəzetində 10 dekabr 1929-cu ildə xəbər verildiyi kimi Xavər xanım ilə digər azərbaycanlı mühacir, Banin adı ilə tanınan Ümmülbanu Əsədullayeva[3] arasında bu zəmində münaqişə baş vermişdi. 1922-ci ildə heç bir qəbz, yaxud da notariat qaydasında təsdiq edilmiş sənəd olmadan Xavər xanım Əsədullayevaya 50.000 frank məbləğində borc verdiyini iddia edirdi. Əsədullayeva da özü vaxtilə Bakıda və Vladiqafqazda tanınmış, hətta Çermoyevlərdən daha varlı bir ailədən gəlirdi. Buna görə də Xavər xanım iddia edirdi ki, o, verdiyi borcu sənədləşdirməyə ehtiyac görməyib. Ancaq boşanma şərtlərinə görə Tapanın onun qarşısında heç bir öhdəliyi yox idi və buna görə də bir il içərisində Xavər xanım köhnə borclularına müraciət edərək onlara vermiş olduğu pulları geri istəmək məcburiyyətində qalmışdı. Özünün də dediyi kimi, bir vaxtlar qəbz almadan Əsədullayevaya borc verdiyi böyük məbləğ ilk yadına düşənlərdən idi. Lakin Əsədullayeva pulun qaytarılmasını müzakirə etməkdən belə imtina edirdi. O deyirdi ki, bu pul ona borc kimi verilməyib. Xavər xanım məsələ ilə əlaqədar məhkəməyə müraciət etmişdi. İş fransızlar üçün o qədər anlaşılmaz görünürdü ki, Parisin bütün gündəlik qəzetlərində bu barədə məlumat verilmişdi. Hakim də kiminsə heç bir sənəd və ya şahid olmadan belə böyük məbləğdə pulu borc verə biləcəyinə inanmamış və Çermoyevanın iddiası rədd edilmişdi. Guman ki, mühacirət həyatı yaşayan Əsədullayevanın da yeddi il əvvəl borc aldığı bu qədər böyük bir məbləği qaytarmaq imkanı yox idi.

Mühacirət dövründə Xavər xanım Parisdəki Şimali Qafqaz icması ilə əlaqələrini qoruyub saxlayırdı. O, Dağlı təşkilatlarının tədbirlərində, xeyriyyə toplantılarında iştirakını davam etdirirdi.

Paytaxtda həyat bahalı idi və 1930-cu illərin əvvəllərindən Xavər xanım Parisdən 40 km kənarda, tənha bir ərazidə kiçik bağ evi icarəyə götürüb, ora köçmüşdü. Bu yerin ünvanı – 3 Rue Eugène Delaplanche, Combs-la-Ville, Île-de-France – Tapanın ölüm xəbərini ona çatdıran Lozannadan göndərilmiş bir qeyddə göstərilir. Boşanmalarına baxmayaraq, Tapa ölümü ilə əlaqədar xüsusi məlumatlandırılmasını istədiyi şəxslər sırasında Xavər xanımı da qeyd etmişdi.

Əbdülməcid “Tapa” Çermoyev 1937-ci ilin avqustunda İsveçrənin Lozanna şəhərində vəfat etmişdi və o, Parisin ətrafındakı Bobinyi müsəlman qəbiristanlığında dəfn olunub. Tapa birinci arvadına ikincidən daha az miras qoymuş olsa da, Xavər xanıma böyük ailənin bütün digər üzvlərindən daha çox miras payı – 20 faiz vəsiyyət etmişdi. Tapa sağ ikən Xavər xanımı səhmlərinin mənfəətindən faiz alanlar sırasına daxil etməmişdi. Lakin bu səhmlər artıq bolşeviklərin nəzarətində olan neft yataqlarının səhmləri idi.

Almanlar 1940-cı ildə Fransanı işğal etdikdə Xavər xanım ölkədən qaçaraq Lozannaya yerləşdi və vəfat edənədək orada yaşadı. Buradan da bacardığı qədər Şimali Qafqaz nəşrlərini dəstəkləməyə çalışdı, onun ianələri Avropadakı qafqazlı redaktorlar tərəfindən hər zaman minnətdarlıqla qəbul edilirdi.

Xavər xanım 14 oktyabr 1953-cü ildə Lozannada 65 yaşında vəfat etdi. İstəklərinə uyğun olaraq cənazəsi Parisə aparıldı və Bobinyi müsəlman qəbiristanlığında böyük bacısı Mahrux bəyim Zülqədərin (qızlıq soyadı İbrahimbəyova) məzarında dəfn edildi. Xavər xanımın məzarı Tapanın qəbrinin solundadır. Onun sağında isə Nadir və Mirzə Əsədullayevlərin məzarları, eyni sırada da Ənuşirəvan Zülqədərovun qəbrləridir. Bu ərazidə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin naziri və Paris Konfransında Azərbaycan nümayəndə heyətinin üzvü Əkbər Ağa Şeyxülislamov basdırılıb.

[1] Xurşid bəyim 1881-ci ildə Vladiqafqazda anadan olub və Fransada vəfat edərək Parisin ətrafındakı Bobinyi müsəlman qəbiristanlığında dəfn edilib. O, Fərrux bəy Vəzirovla evlənmişdi. Onların Əlimurad bəy adlı bir oğlanları var idi.

[2] Mahrux bəyim 1884-cü ildə Vladiqafqazda anadan olub və 1949-cu ildə Fransada vəfat edib. O da bacısı kimi Bobinyi müsəlman qəbiristanlığında dəfn edilib. O, Allahyar bəy Zülqədərovla evlənmişdi. Onların Rəşid bəy və Əliyar bəy adlarında oğlanları və Sürəyya xanım adlı qızları vardı.

[3] Yazıçı Ümmülbanu Əsədullayeva azərbaycanlı neft maqnatı Şəmsi Əsədullayevin nəvəsi – Mirzə Əsədullayevin qızı idi. Mirzə Əsədullayev Azərbaycan Xalq Cümhuriyyəti (1018-1920) hökumətində nazir vəzifəsi tutub.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.