TƏRCÜMƏ

TƏRCÜMƏ

Teodor Adorno: Şpenqler haqlı çıxacaqmı?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Tərcüməçidən ön söz: Şpenqler haqlı çıxacaqmı? essesi Teodor V. Adornonun alman tarixçisi və publisisti Osvald Şpenqlerin tarix fəlsəfəsi iddialı tezislərinə tənqid olaraq yaranmışdır. 1920-ci illərdə Şpenqler mühafizəkar mədəni tənqidin məşhur simalarından biri idi. Şpenqler iki cildlik Qərbin süqutu (1918/1922) əsərində Qərb mədəniyyətinin dağılma vəziyyətində olduğunu iddia edir, bu prosesin qarşısını almaq, ya da ən azından onu ləngitmək üçün mühafizəkar və avtoritar idarəetmə rejiminin labüdlüyünü əsaslandırmağa çalışırdı. Şpenqler mədəniyyətləri üzvi olaraq yaranan, yetkinləşib böyüyən və sonda mütləq tənəzzülə uğrayan bioloji orqanizmlərə analoq varlıqlar kimi təqdim edirdi və biologizm çərçivəsində bir tarix fəlsəfəsi modeli qurmuşdu. Onun təsəvvürünə görə, hər mədəniyyətin təxminən 1000 il ömrü var, mədəniyyətlər bu ömür dövranları daxilində eyni prosesləri təkrarlayırlar. Şpenqler antidemokrat elitizmi və açıq-aşkar diktatura təşviqatı ilə tanınırdı. Ona görə siyasət “nəhəng kişilər”in işidir, “kütlələr” bu prosesdə ancaq bu “nəhəng”lər tərəfindən idarə olunmaq üçün varlar. Şpenqlerin provokativ tezisləri öz dövründə kifayət qədər böyük rezonans doğurmuşdu. Özü uzun müddət Hitleri qəbul etməsə də (onun üçün mükəmməl diktator Hitler yox, Mussolini idi), Şpenqler alman nasional-sosializminin intellektual atası, onun cığır açanlarından biri sayılır.

Şpenqlerin tezisləri  Tomas Mann, Rober Muzildən tutmuş Karl Popperə qədər dövrünün bir çox intellektualı tərəfindən tənqid mövzusu olmuşdu. Theodor Adorno da onlardan biridir. Sizə azərbaycanca tərcüməsini təqdim etdiyimiz 1955-ci il tarixli bu məqalə Adornonun Şpenqleri tənqid etdiyi ikinci mətnidir (birincisi, 1938-ci ildə oxuduğu Şpenqler süqutdan sonra məruzəsidir). Məqalənin Adornoya xas spesifik ifadə tərzi var və dili kifayət qədər qəlizdir. Biz çalışmışıq ki, tərcümə orijinal mətnin bu spesifikliyini silmədən onun mürəkkəb məzmununu azərbaycandilli oxucu üçün mümkün qədər əlçatan etsin.

Hesab edirik ki, ölkəmizdə son vaxtlar avtoritarlığa intellektual haqq qazandırmaq üçün təqdim olunan müxtəlif çaplı fəlsəfələr və filosofların populyarlaş(dırıl)dığı bir dövrdə Adornonun bu tənqidi mətnini oxumaq oxucumuz üçün maraqlı ola bilər.

Tinay Muşdiyeva

Fəlsəfə ilə məşğul olan biri olaraq Şpengler haqlı çıxacaqmı? sualına cavab vermək istəyən biri nəciblik və vasvasılıq ilə sınağa çəkiləcək: mədəniyyətləri daxildən, belə deyək, öz ruhlarının içindən gələrək açılan, böyüyən, çiçəklənən və solan bir şey kimi təsəvvür edən Şpenqler bununla dağıdılmış şəhərlər, viran qalmış məkanlar, soyqırımı və ətrafda dolaşan qaçqınlar kimi zahiri və qaba şeylər nəzərdə tutmurdu; əsas da, məşhur kitabın işıq üzü görməsindən bir neçə onillik sonra bəşəriyyətin ona hərfi mənada öz kökünü kəsmək imkanı verəcək texniki vasitələrə sahib olacağını heç düşünmürdü. Onun nəzərdə tutduğu şey daha çox yaradıcı qüvvələrin iflic olması idi, onun mədəniyyət dediyi şeydən sivilizasiya adlandırdığı şeyə keçid, yəni. Bu keçid onun üçün əslində artıq süqut demək idi. Mənə elə gəlir ki, Şpenqlerin anlayışlarını belə təkcə ruh, hətta estetik olana ixtisar etmək asana qaçmaq deməkdir. Kitabın təsiri, əsas da geniş ictimaiyyətə olan təsiri, onun “Qərbin Süqutu” başlığından ayrı görülməməlidir. Əgər burda söhbət növbəti dəfə yenə sənətin üslubyaradıcı gücünün sönməsindən deyil, bundan daha böyük bir şeydən getməsəydi, heç kim belə həyəcanlanmazdı. Şpenqlerin təfəkküründəki brutallıq elementinin məhsuldarlığı onun məzmunları əyani şəkildə sadələşdirmək istedadına borcludur. Bu aspektdən yayınanda dərhal həmin o intellektuallıq zonasına geri çəkilmiş olursan ki, elə Şpenqler onun faniliyini belə şövqlə pisləyirdi.

İlk əvvəl ən sadə olanı demək lazımdır: Qərb hələ süqut etməyib. Əslində, Hitlerin hakimiyyətə gəlməsindən Hiroşima və Naqasakinin məhv edilməsinə qədər olan illərin tarixi ən dəhşətli çöküş fantaziyalarını ötüb keçib. Amma sadəcə sözlə ifadə olunmayacaq miqyaslarda insan itkilərinin – statistik-kəmiyyət mənasında və bunun özünün kifayət qədər düşündürücü olması faktı ilə yanaşı – deyil, həm də maddi dağıntıların öhdəsindən gəlmiş kollektivlərin dirəşkənliyi təəccüblüdür. 1955-ci ilin Almaniyasında bunu vurğulamağa çox da ehtiyac yoxdur. Əksinə. Son dövrün bütün bu dəhşətini unutmaq istəyən şüur artıq bu gün fəlakəti kiçiltməyə, onu iqtisadi-texniki inkişaf yolunda baş vermiş təəssüfdoğurucu bir iş qəzası olaraq başından etməyə meyllənir. Şpenqler buna qarşı bildirə bilər ki, onun öz analogiyalarını götürdüyü keçid periodları, xüsusilə Roma imperiyası dövründə, yüzilliklər boyu davam edib; Hitler mərhələsi hələ ancaq indi başlanır, və iki şeytani, silahlarla doldurulmuş qütbə bölünmüş bir dünyada ən böyük bədbəxtliklər gözləniləndir. Xalqların içində yaşadığı və hər fərdin də tam içinə çökmüş bir qorxu var ki, onu insanın təməl xüsusiyyəti olaraq səhv başa düşürlər – elə görünür ki, bu qorxu Şpenqlerin mövqeyinin lehinə arqumenti gücləndirir.

Amma yenə də bu artıq çox sadə bir şəkildə Şpenqlerin analogiyalarının sərhəddini görməyə imkan verir. Çünki panik qorxu oyadan həmin o texniki inkişaf həm də eyni zamanda yüzilliklər davam edən süqut periodlarının ehtimalını olduqca azaldır. Əgər hadisələr Roma və ya Babildə baş verdiyi kimi yenidən baş verərsə, bu, çox güman ki, fəlakət peyğəmbərlərinin zövqlə uydurduqları bir terminin adı ilə olacaq: qəfildən. Amma bu, yaxşı təsəlli deyil. Ayıq olan heç kəs İkinci Dünya müharibəsi bitəndən sonra bütün dünyada hakim olan və sensasiyalı bir kitabın da adına çevrilən o hissi inkar edə bilməz: Kurzio Malapartenin Dağılması (Kaputt). Bu günlərdə bu hissin çoxları tərəfindən qəbul edilməməsi, hətta hektik bir şəkildə eşidilməzliyə vurulması onun sərrastlığını heç də azaltmır. Mədəniyyətin yenidən qurulması anlayışının özündə belə sanki bir heçlik, dəyərsizlik tonu var ki, məsələnin özünü yalan çıxarır. Mən özüm də hələ müharibə vaxtı yazdığım və daha sonra Minima Moralia aforizmlər kitabına daxil etdiyim düşüncələrdə sual edirdim: milyonlarla günahsız insanın qaz kameralarında məhv edildiyi və bundan sonra gündəlik iş rutininə geri qayıdılan bir mədəniyyət daha nəyi gözləyir ki, öz süqutunu etiraf etməyə hazır olsun? Bu gün bütün mənəvi, intellektual həyatın zəmini qazılıb, altı boşaldılıb. Xoşbəxtlikdən, ya bədbəxtlikdən həyatı mənəvi şeylər ilə bağlı olan hər kəs bunu hər dəqiqə hiss etməli və öz şüuruna daxil etməlidir, əgər o, darfikirli mütəxəssisçiliyə, boş işgüzarçılığa, ya da kölgə kimi süni sənətçiliyə qapılmaq istəmirsə. Bunun fərqinə varmaq üçün sadəcə Parisdə – cəsarətli, azad, eyni zamanda da formalaşmış ruhun ən xalis şəkildə təcəssüm etdiyi şəhərdə – olmaq kifayət edir. İndiki zamanın dolu, tam varlığının yerinə xatirələr keçib. Hər bir halda, Şpenqler o mənada haqlı idi ki, o, öz fikir konstruksiyaları ilə baş verənləri sadəcə tarixin bir intermezzosu olaraq yumşaltma ehtimallarını istisna edirdi. Hitler diktaturasının ilk aylarında bir dəfə yuxuda dünyanın dağıldığını gördüyümü xatırlayıram; bu baş verərkən mən bir zirzəmidə gizlənmişdim və sonra, dünya dağılandan sonra zirzəmidən sürünüb çölə çıxdım. Belə bir yuxunu görən, ehtimal ki, əslində mən özüm yox, kollektiv şüuraltı idi.

Son onilliklərdə başımıza gələnlərə tab gətirmək yalnız o halda mümkündür ki, insan bir an belə bu paradoksu – bütün baş verənlərdən sonra hələ də yaşamağa davam etməyin paradoksunu – unutmasın.

Əgər bunu bacarırsansa və bu gün universal olaraq yayılmış, bir şeyin üstündən illər keçib deyə onu köhnəlmiş, ya da öhdəsindən gəlinmiş (Şpenqlerin heç vaxt özünə uyğun bir tənqidçisi olmayıb axı) hesab etmək adətinə qoşulmamısansa, onda, bəlkə, onun proqnozlarından bəzilərini analiz etmək hüququnu qazanmış sayılırsan. Bu zaman, yəqin ki, onlardan ən çox əsaslandırıla bilənlərə diqqət yetirmək lazım gələcək. Qeyd edilməlidir ki, məhz bu iddialar çətin ki Şpenqlerin şəxsi mülkiyyəti sayıla bilər. Mən ən azından iki mühüm mənbəyə işarə etmək istərdim. Şpenqler özünün parlament demokratiyasının diktaturaya çevrilməsi nəzəriyyəsini Robert Mixelsin partiya sisteminin sosiologiyası haqqında kitabına borcludur; həmin nəzəriyyə isə öz növbəsində Nikkolo Makiavellidən başlayaraq Aristotelə qədər uzanan uzun bir ənənəyə söykənir. Kütlə cəmiyyətinin tənəzzül əlamətləri haqqında ən intensiv fikirlərdən bəziləri Verner Zombartın Niyə Amerikada sosializm yoxdur? adlı nəşrindən əlli ildən çox vaxt keçmiş, az tanınan, amma səhv etmirəmsə, hələ də, broşür şəklində əlçatan olan əsərində tapıla bilər. Demokratiyanın diktaturaya – sezarizmə – çevrilməsi haqqında tezis, əslində, totalitar dövlətlər tərəfindən təsdiqlənmiş kimi görünür. Lakin bu analogiya o qədər səthidir ki, onun qüvvəsi, Hitler və Mussolini diktaturaları devrilməsəydi belə, yenə də şübhəli qalardı. Rus diktaturası parlament demokratiyasından yaranmamışdı, əksinə, təsis yığıncağı zorla dağıdılmışdı. Almaniyada isə vəziyyət başqa idi. Hitlerin hakimiyyətə gəlməsi, şübhəsiz ki, demokratiyanın oyun qaydaları çərçivəsində baş verdi, onun səlahiyyətlər qanunu parlament çoxluğu ilə təsdiqləndi. Lakin təkcə bu deyil: son Rayxstaq seçkilərində səslərin nisbəti o qədər az fərqlənirdi ki, Hitlerə və onun əlaltılarına Rayxstaq yanğını kimi səhnələşdirilmiş çevriliş tədbirlərindən istifadə etmədən iqtidarda olmağa imkan verməyəcəkdi. Üstəlik, Almaniyada 1918-dən bəri faktiki hakimiyyət mövqelərinin bölgüsü parlament demokratiyasını elə əvvəldən məhdudlaşdırırdı. Hakimiyyətin əsl ağırlıq mərkəzi ondan uzaqlaşmışdı və Hitler isə ilk gündən öz siyasətini bu nöqtəyə yönəltməyi və Vaymar çoxluqlarının fundamental zəifliyindən öz xeyrinə istifadə etməyi bacarmışdı. Onu parlament demokratiyası yaratmadı; o sadəcə onun formal imkanlarından onun boşluqlarına nüfuz etmək və onu dağıtmaq üçün istifadə etdi. Buna görə də Vaymardan bu nəticə çıxarmaq olmur ki, guya o tam reallaşmış, heç bir güc sektorunu özündən kənarda qalmasını qəbul etməyən və həqiqətən xalq tərəfindən dəstəklənən bir demokratiya idi. Bu arada, Şpenqlerin metodu, məhz müasir sezarizm adlandırılan şeyin qarşısında özünü tam absurdluğu ilə nümayiş etdirirdi.  Deyilənə görə, o, Hitlerlə söhbətlərin birində ona öz pretorianlarından ehtiyat etməsini tövsiyə etmişdi.  Bu zaman o, Roma imperatorlarının öz mühafizəçilərindən asılılığını olduğu kimi müasir şəraitə proyeksiya edirdi. Ancaq indi iqtisadi və texniki-hərbi güc vasitələrinin bir yerə cəmlənməsi diktaturaların daxildən devrilməsini xeyli çətinləşdirir. Rəqib klanların zorakı hakimiyyət daxilində bir-birini əvəz etməsi sxemi yalnız Argentina kimi nisbətən geridə qalmış ölkələrdə hələ də işləkdir. Hitler təkcə 1934-cü il 30 iyun hadisəsində öz pretorianlarını zərərsizləşdirməyə müvəffəq olmadı, hətta hərbi məğlubiyyət faktiki olaraq artıq qaçılmaz olduğu bir vəziyyətdə belə ordunun güclü sektorlarının müqavimətini iflic etməyi də bacardı. Başqa sözlə, yalnız yüksək səviyyədə təşkili və böyük dərəcədə mərkəzləşdirilmiş idarəçiliyi olan bir iqtisadiyyat daxilində təsəvvür edilə bilən totalitar hakimiyyət Şpenqlerin layihəsində nəzərdə tutulmamışdı. Son dövr kapitalist cəmiyyətdən əvvəl heç bir cəmiyyət öz iqtidar vasitələrinin miqyasını tanımırdı. Bu vasitələrin qarşısında Şpenqlerin proqnozlarında – nə qədər realist səslənsələr də – nəsə sadəlövh bir şey var, bir gimnaziya müəlliminin barmağını yuxarı qaldıraraq, “Hələ qədim romalılar…” deməsinə oxşar bir şey.

Şpenqlerin müasir kütlə cəmiyyətinin müəyyən fenomenlərini proqnozlaşdırması maraqlıdır, xüsusilə də onların az qala arxaik cizgilərini; Şpenqler onlarla bağlı kütlələr haqqında bu gün məşhur olan mənfi danışıq üslubunun özü hələ kütləvi istehlak məhsuluna çevrilməmişdən çox əvvəl “müasir mağara adamı” ifadəsini ortaya atmışdı. O artıq, Nitsşenin üslubunda olan bir tərzdə, kütlələrə qarşı xüsusi bir təkəbbür nümayiş etdirirdi. Lakin bu kütlə nifrətinin onun düşüncəsinin ancaq zahiri görünüş ilə məhdud olmasının nəticəsi olması ondan başqa çox az müəllifdə bu qədər aydın özünü göstərə bilərdi. O, müasir kütlələrin tənəzzülünün məhz hansı şəraitdə meydana gəldiyini nəzərə almır və “kök­süzlük”, “xaotik kosmopolitlik”, “sezarizm”, “yeni barbarlıq” və “ikinci dindarlıq” kimi şüarlarla – avtoritar mahiyyət(sizliyi)ni ört-basdır edən pərdə anlayışlarla işləyir. Bütün bunları elə təsvir edir ki, guya bunlar Qərb mədəniyyətinin son mərhələsi kimi göydəki ulduzlarda yazılmışdır. Eyni zamanda ruh mifologiyasına və naturalizmə meylli olan bu düşüncə tərzi isə kütlə davranışının qüsurlarının və irrasionallıqlarının kütlənin üzərinə çökmüş ictimai təzyiqin nəticəsi olduğunu görmür. Ziqmund Froyd öz dahiyanə və çox az tanınmış Mədəniyyətin narahatlığı əsərində Qustav Le Bonun təsvir etdiyi kütlə xüsusiyyətlərini mədəniyyətin – yəni bu gün əmək əxlaqının və kor-koranə uyğunlaşma tələblərinin hökm sürdüyü cəmiyyətin – insanlara rəva gördüyü məhrumiyyətlərdən gələn nəticə olaraq başa düşürdü. Şpenqler isə bu xüsusiyyətləri qaçılmaz bir dövran daxilində təkrarlanan, əbədi bir şey kimi təqdim edir. Haqlı olaraq deyilmişdir ki, onun tarix fəlsəfəsi – böyük üslubun son nümunəsi – əslində tarix anlayışından məhrumdur; o, quru-quru təkrarlanmalar ritminə inamında ilişib qalıb və beləliklə, bəşəriyyətə qarşı məğlubiyyətçiliyə yuvarlanır. Şpenqlerin bu üslubu həm də onun öz siyasi meyilləri ilə kəsişir: o, özündən əvvəlki bir çox filosoflar kimi, kütlələri mədəniyyət ruhunun ritminin dəyişmədən hər dəfə yenidən doğurduğu bir tullantı məhsuluna deqradasiya edir ki, onların üzərində hökmranlığın vacib olduğuna daha asan haqq qazandıra bilsin. Onun mövcud olanı ittiham etməkdən çox uzaq olan bədbinliyi əksinə onun mədhini gücləndirir. Kütlələrin aşağılanması elitaların xeyrinə işləyir; o, Qərbin süqut əsərində onların alqışına göz dikmişdi. Tanrıların ümumi qürubunda elitaların özlərinin də süqut təhlükəsi altında olduğunu Şpenqlerin qırğı gözü, əlbəttə, görməyə bilməzdi; ancaq bu sadəcə onların hakimiyyətini qəhrəmanlıq, öz faciəvi talelərinə sevgi kimi təsvir edib daha da mədh etməkdən başqa bir işə yaramır.

Şpenqler həmçinin ruhun – əsas da nəzəriyyənin – laqeydləşməsini də qabaqcadan görmüşdü. Son iyirmi ildə sosial elmlərin inkişafını izləyən hər kəs təsdiq edər ki, artıq cəmiyyətin tənqidi diqqət mərkəzindən çıxmış və dünyada – indiki halda hər nə vəziyyətdədirsə, elə o cür – özünə bir yer etməyi ən son müdriklik hesab edən məzmunsuz bir realizmə yer açmışdır. Tənqidin, dünyanın dəyişdirilməsi imkanına olan ümidini itirərək gücdən düşdüyü yerdə ruhun bir növ saxtalaşmaya məruz qalması Şpenqler tərəfindən bu sözlərlə deyilməsə də, olduqca dəqiq duyulmuşdu; necə ki o həm də ruhun cəmiyyətin dinamikası və hərəkətliliyi ilə – onun dilində: pulla – əlaqəsinə yaxşı diaqnoz qoymuşdu.

Açıq qalan suallar odur ki, onun ruh haqqında hökmü haqlı çıxacaqmı, ruh doğrudanmı bir fərdin öz taleyi haqqında düşünməsinin bu qədər az təsir qüvvəsinə malik olduğu bir tarixi mərhələdədir, ya da ruhun ümumilik elementi – ki, ruh onun sayəsində fərdi xüsusi maraqların fövqünə qalxa bilir – ona öz real acizliyini aşmaq və mümkün olana dəstək vermək üçün bir imkan tanıyacaqmı? Lakin ruhun konkret ictimai münasibətlərdəki acizliyinin izləri Şpenqler üçün talenin rəmzləridir. O, bu taleyə təslim olur. O, əslində heç nə istəmir; sadəcə bitərəf müşahidəçi mövqeyini mənimsəyir, halbuki o, əslində heç də bitərəf deyil. Sadəcə tamaşa etməklə o, öz növbəsində yıxılanı itələməyə yardım edir.

Şpenqler alman faşizminin ilkin qurucuları arasındadır, hərçənd özü və onun kimilərdən çoxu üçün Hitler kifayət qədər incəruhlu deyildi. Bu isə paradoksal şəkildə onun müəyyən bir “provinzializmi”ndə – ona məhz elə bəh-bəhlə təsvir etməyə çalışdığı dünya tarixi miqyasında perspektivləri aydın görməyə imkan verməyən bir məhdudluqda – özünü göstərir.  Onun Qərbə və özünün “faustçu ruh” adlandırdığı şeyə aid etdiklərinin çoxu artıq çoxdan bütün dünyaya yayılmışdır və yaxşısı və ya pisi ilə dünyanın qanununa çevrilmişdir. Bununla yanaşı, məsələn, yeni bir “ruh” – Şpenqlerin inandığı kimi, rus “ruh”u ortaya çıxmadı; əksinə, insanlıq ya bütövün ağıl ilə düzüb-qurulması mərhələsinə keçməlidir, ya da o, dünya miqyaslı bir fəlakətin banisi olacaqdır. Şpenqler heç yerdə bu qədər kobud, həm də bu qədər inandırıcı şəkildə təkzib olunmayıb, nəinki elə özünün Qərb texnikası və ona xas olan təbiəti fəth etməyə yönəlmiş sərhədsiz meyli barədə dediyi fikirlərdə. Çünki artıq heç bir şübhə yoxdur ki, bütün xalqlar – Şərq xalqları da daxil – texnikaya qadirdirlər və Şpenqlerin Qərbindən heç də geri qalmırlar. Bunu sadəcə “psevdomorfoz” adlandırmaq isə yalnız haqlı çıxmaq üçün düşünüb tapılmış sofistik bir bəhanə olardı.

Əlbəttə, Şpenqlerin “Qərb” adlandırdığı şeylə bağlı müəyyən əsaslı dəyişikliklər baş vermişdir. Siyasi-tarixi ağırlıq mərkəzi köhnə Avropa və İngiltərədən Amerikanın və Rusiyanın üzərinə keçmişdir. Heç kim bu yeni güclərin Şpenqlerin nəzərdə tutduğu ənənəvi Qərb mədəniyyətinə qarşı bəslədikləri müəyyən bir ekstraterritorial münasibətin fərqinə varmaya bilməz. Xüsusilə, tarixi şüurda davamlılığın qırılması ümumi bir faktdır; və bu, təkcə yeni imperiyalar üçün deyil, eləcə də tarixçi Herman Haympelin son dərəcə inandırıcı şəkildə göstərdiyi kimi, məhz Almaniyanın özündə də belədir. Amma bu fərqlərin birtərəfli vurğulanması ən ciddi mənada məhduddur. O, əsas ortaq cəhəti – rasio­-nun (ağlın) obyektivliyini – unudur; bu isə sadəcə hər hansısa “ruh”ların ifadəsi deyil, mədəni nüansların fərdiliyinin fövqünə çıxan bir hadisədir. Traktorlar işləyir, penisillin sağaldır, atom bombaları partlayır və bunlar onlarla işləyən mütəxəssisin, ya da bununla hər hansı şəkildə əlaqəli olan əməliyyatçı qrupların hansı “ruh”a mənsub olmasından asılı olmayaraq baş verir. Məsələn, əgər Şpenqler müxtəlif ruhlara uyğun müxtəlif riyaziyyatlar olduğunu iddia edirsə, burada müəyyən subyektiv-genetik nəsə bir şey az ya da çox dərəcədə doğru təsbit olunmuş ola bilər; bunu mühakimə etmək mənim işim deyil. Amma dəqiqdir ki, bu müxtəlif “riyaziyyatlar” yalnız öz daxilində tutarlı və doğru olduqları halda riyaziyyatdırlar, bu isə həm də o deməkdir ki, onlar ümumi riyaziyyat anlayışına və nəhayət, məntiqi ağla tabedirlər. Şpenqler isə mədəniyyət ruhlarını mifləşdirməklə məşğuldur və bu da onu relativist bir sərsəmliyə sürükləyir: guya ağıl müəyyən xalq qruplarının kollektiv-psixoloji ifadə formalarından ibarətdir. Buradan isə Üçüncü Rayxda çiçəklənən millətçi-siyasi antropologiyalara bir addımlıq yol qalır ki, bu cərəyanlar fəlsəfəni yalnız almanlara aid edirdilər, bununla da onun ideyasını – həqiqəti – dağıdırdılar.

Qısaca göstərməyə çalışdıqlarımdan Şpenqlerin haqlı çıxıb-çıxmayacağı sualına müraciət etmək istəyirəm. O bilir ki, cəmiyyətin kor, təbii tərəfi – onun qeyri-yetkinliyi – fəlakətə aparır. Tale və fəlakət, Benyaminin Tale və xarakter məqaləsində çox kəskin şəkildə ifadə edildiyi kimi, əslində bir-biri ilə identikdir. Məhz siyasi iqtisadiyyatın Şpenqler tərəfindən istehza ilə “darıxdırı­cı” adı ilə kənara itələdiyi tənqidçiləri isə, xilasedici bir şey baş verməsə, fəlakətin baş verə biləcəyini bəzəyib-düzəltmədən dilə gətirmişdilər. Bu da bu günə qədər baş vermədiyi üçün Şpenqlər üçün bu təhdidedici mümkünlüyü daha da gözdeşən bir şəkildə təqdim etmək asan idi və əgər insanlar özlərini artıq çoxdan qalın bir izolyasiya qatı ilə örtüb qapanmamış olsaydılar, onun müasirlərində yaratdığı bu şokun özü, bəlkə də, xilas üçün töhfə verə bilərdi.

Lakin Şpenqlerin həqiqətsizliyi ondadır ki, o, indiyə qədərki tarixin təbiiliyini – ki, buna səbəbsiz yerə “tarixdən əvvəlki dövr” deməyiblər – təbiətin özü ilə səhv salır, onu mütləqləşdirir və bəzən bu təbiiliyin tərəfinə keçərək aydınlanmanı ləkələməyə şərik çıxır. O, şəklini divara çəkdiyi qaranlığı və fəlakəti həm də  təşviq edir. Məsələ onda deyil ki, təbii mədəniyyətlərin biri digərini əvəz edəcək ya yox, ya da biri digərlərindən üstün çıxacaqmı. Məsələ bundadır ki, bu təbiiliyi və Şpenqleri bihuş edən dəhşətin ritmini aşmaq mümkün olacaqmı; bəşəriyyət özü özünü (öz müqəddəratını) müəyyən etməyi öyrənəcəkmi. Həmin o ağlın obyektivliyi – ki, təcrübənin bizə öyrətdiyinə zidd olaraq Şpenqlerdə bu haqda heç bir söz deyilmir – dünya üçün obyektiv ağıllı və həqiqətən azad bir quruluş potensialını da özündə ehtiva edir. Bunun reallaşması üçün isə Şpenqlerin nümayiş etdirdiyi o qaranlıqla əlbir kontemplativ mövqedən çıxmaq lazımdır. İnsanlığın məhv olub-olmaması kosmik “ruhlar” tərəfindən müəyyən edilmir. Subyektlərdən asılıdır ki, onlar obyekt olaraq qalmaq, yoxsa özləri özlərinin hakimi olmaq istəyəcəklər. Şpenqlerin fəlsəfəsi isə onların yalnız obyekt olaraq qalmasını təşviq edir. O, Mənin zəifliyinə xitab edir. Boş yerə deyil ki, o, bulanıq bir şəkildə insanların həyatının tabe olduğunu iddia etdiyi guya kosmik olan qanunlara simpatiya bəsləyir. O, fəlsəfəni astrologiyaya endirməklə aşağılayır və təsvir etdiyi dəhşətə özü xurafatla cavab verir – elə bir xurafatla ki, o dəhşəti həm gözəlləşdirir, həm də ikiqat artırır. Buna isə şüur qarşı durmalıdır, əgər Vaqnerin Votanı kimi özü sonu arzulamırsa.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.