fbpx

iqtisadiyyat

iqtisadiyyat

Sosial bərabərsizliyin ən aşağı olduğu ölkə: BMT-nin yenilənən hesabatına görə Azərbaycan bu titula sahibdir

Read this article on other language
Download article
image_pdf
image_pdf

BMT-nin İnsan İnkişafı üzrə 2018-ci il hesabatına hər kəsin fəxr edə biləcəyi bir istinad mənbəyi kimi də baxıla bilər. Hesabata görə, Azərbaycan 190-dan artıq ölkə arasında sosial baxımdan bərabərliyin təmin olunma səviyyəsinə görə liderdir. Daha gerçək fakt belədir: 194 ölkə indeksə daxil edilib, ondan 155-i üzrə Gini əmsalı açıqlanıb və həmin ölkələrin reytinqində gəlir bərabərsizliyinin ən aşağı olduğu ölkə titulunu Azərbaycan qazanıb.

Hesabatdan aydın olur ki, bütün ölkələr üzrə Gini əmsalı 2010-2017-ci illər üzrə orta statistik göstərici kimi təqdim edilsə də, bir çox ölkələrdən fərqli olaraq Azərbaycan üzrə analoji əmsal məlumat qıtlığı səbəbindən 2010-cu ildən öncəki rəqəmlərin bazasında hesablanıb. Maraqlı sual budur: ölkədə uzun illərdir rəsmi statistikanın təkmilləşdirilməsi üzrə dövlət proqramlarının həyata keçirildiyi, bu proqramlara milyonlarla manat xərcləndiyi halda niyə gəlir bərabərsizliyi ilə bağlı vaxtlı-vaxtında və etibarlı məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılmır? Axı bu məlumatlar ölkədə sosial təhlükəsizliyin təmin edilməsi, etibarlı və ünvanlı sosial siyasətin hazırlanması üçün ən vacib göstəricilərdir.

Məlumdur ki, Azərbaycan Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının gəlir və xərclərinə dair məlumat bazasında ölkədə sosial təbəqələşməni əks etdirən Gini əmsalı barədə ümumiyyətlə informasiya verilmir. Bu əmsal iqtisadiyyatda formalaşan cəmi gəlirlərin əhali qrupları arasında faktiki bölgüsünün mütləq bərabərlik xəttindən nə qədər kənarlaşdığını əks etdirir və xüsusi riyazi düstur əsasında hesablanır. Hesablama bir qayda olaraq ev təsərrüfatlarının kvintil (əhalinin ümumi sayının 5 bərabər hissəyə bölünməsi) qrupları üzrə aparılır. Gini əmsalı amerikan iqtisadçı Maks Otto Lorensin adı ilə bağlı olan Lorens əyrisinin köməkliyi ilə hesablanır və 0-1 intervalında dəyişir ( “0” tam bərabərliyi, “1” isə qeyri-bərabərliyi əks etdirir). Ən zəngin 20%-lik qrupla ən yoxsul 20%-lik qrup arasında gəlir fərqi nə qədər böyük olarsa, Gini əmsalı 1-ə o qədər yaxınlaşır və ölkədə gəlir qeyri-bərabərliyinin yüksək olduğunu, milli gəlirin ədalətsiz bölüşdürüldüyünü əks etdirir.

Daha maraqlı və təəccüblü olan başqa məqam da var: BMT-nin İnsan İnkişafı üzrə 2 il əvvəl – 2016-cı ildə açıqladığı hesabatında 2010-2015-ci illər üzrə orta statistik göstərici kimi Gini əmsalının 0.318 olduğu göstərilmişdir. 2018-ci ildə yenilənən hesabatda isə həmin göstəricinin 0.166-ya bərabər olduğu görünür. Ötən 2 ildə dəyişən nədir?

Müqayisələr də maraqlıdır. 2018-ci il hesabatına görə, Azərbaycanı saymasaq, Gini əmsalının ən aşağı olduğu 5 ölkə ölkə bunlardır: Ukrayna (0.250), Slovakiya (0.265), Finlandiya (0.271), Norveç (0.275) və Belçika (0.277). Gəlir qeyri-bərabərliyinin ən yüksək olduğu 5 ölkəyə isə daxildir: Cənubi Afrika Respublikası (0.630), Zambiya (0.571), Kamboca (0.571), Mərkəzi Afrika Respublikası (0.562), Lesoto (0.542) və Mozambik (0.540).

Yeri gəlmişkən BMT-nin bu  hesabatında başqa bir indeks – Palma indeksi də təqdim edilir. Bu indeks əhalinin ən zəngin 10%-nin milli gəlirdən aldığı payın ən yoxsul 40% əhalinin aldığı paya nisbəti kimi hesablanır. Son hesabata görə, bu indeks Azərbaycan üzrə 0.6-ya bərabər olub.  Bir az da sadələşdirsək, bu o deməkdir ki, yoxsul 40% ev təsərrüfatı milli gəlirdən 1 mlrd. manat alıbsa, zəngin 10% üzrə həmin məbləğ 600 mln. manata çatır. Bu, reallığı nə qədər əks etdirir? Əslində Azərbaycanın hətta güvənilməyən rəsmi statistikası belə bu faktın şübhəli olduğunu söyləməyə imkan verir. Çünki milli hesablarla bağlı statistikaya görə, Azərbaycanda milli gəlirin təxminən 18-19%-i əmək haqqı formasında, 70%-ə qədəri isə mənfəət, faiz gəlirləri, renta, qarışıq gəlirlər formasında sahibkarlıq subyektlərinə, mülk və əmlak sahiblərinə çatır. Gerçəklikdir ki, əhalinin kasıb 40%-lik kəsiminin əsas gəlirləri əsasən əmək haqqı və sosial transfertlərdən, ən zəngin 10%-nin gəlirləri isə əsas etibarı ilə mənfəət, renta və faiz gəlirlərindən formalaşır. Rəsmi statistikadan da göründüyü kimi, milli gəlirdən sahibkarlıq fəaliyyəti nəticəsində pay götürmək imkanı əmək haqqı formasında gəlirlər götürmək imkanlarından 3-3.5 dəfə yüksəkdir. Halbuki inkişaf etmiş ölkələrdə milli gəlirdən əmək haqqı qismində formalaşan qazanclar sahibkarlıq gəlirlərindən orta hesabla 2 dəfə yüksək olur.

Etibarlı rəsmi məlumat bazası olmadığından hipotezlərlə müəyyən qənaətləri bölüşmək olar. Məsələn, bu günlərdə reklam saytlarından birində Bakıda qiyməti 4 mln. manata (2.4 mln. ABŞ dolları) olan mənzil elanı verilmişdi. Son illər dəyəri 500 min manatdan 3 mln. manatadək olan xeyli sayda belə mənzillər barədə elanları internet üzərində axtarış verərək asanlıqla tapmaq olar. Yaxud bu yaxınlarda mətbuat ölkədə kommersiya banklarından birinin 70.1 mln. manata (42 mln. ABŞ dolları) satılması barədə məlumat yazdı və bu xəbər təkzib edilmədi. Aydındır ki, milyonlarla dəyəri olan mənzilə, biznes aktivlərinə sahib olan şəxslər əhalinin ən zəngin 10%-lik qrupuna daxil olan şəxslərdir. Statistika bu faktları qeydə almaya bilər, əhali də bu məlumatları rəsmi mənbələrdən oxumaya bilər. Amma insanlar hər gün alış-veriş üçün nəhəng ticarət mərkəzlərinə və marketlərə gedir, restoranlara və turizm obyektlərinə üz tutur, dəbdəbəli şadlıq saraylarında məclis sifariş verir, bahalı özəl xəstəxana binalarında cibinin son qəpiyini xərcləyir. Bu obyektlərin eləsi var ki, ən kasıb 40% əhali qrupunda təmsil olunan az qala 3-4 min yoxsul ailənin bütün mənzillərinin bazar dəyərindən daha çoxdur. Əhalinin ən kasıb 40%-nə (hazırkı statistika ilə 800 min ev təsərrüfatı) o ailələr daxildir ki, onların hansısa hissəsinin ümumiyyətlə mülkü yoxdur, yerdə qalan hissə isə maksimum 30-40 min manat dəyərində mənzilə, ən yaxşı halda əlavə olaraq 1-2 hektar kənd təsərrüfatı torpağına, qiyməti 4-5 min manatı ötməyən köhnə avtomobilə sahibdir. Əhalinin 10%-i isə 200 min ailə deməkdir ki, onların da sahib olduqlarını özünüz göz önünə gətirməyə çalışsanız, mənzərəni görməyə çətinlik çəkməyəcəksiniz.

Bütün bu qeyri-müəyyənliklər ölkədə sosial statistikanın köklü şəkildə dəyişdirilməsini, ölkənin sosial təhlükəsizliyinin ən yüksək səviyyədə qorunması üçün keyfiyyətli və etibarlı məlumat bazasının formalaşdırılmasını zəruri edir. Məlumat üçün deyim ki, İnsan İnkişafı Hesabatında ölkələr 4 qrupa bölünür: (1) Çox yüksək insan inkişafına malik; (2) Yüksək insan inkişafına malik; (3) Orta səviyyədə insan inkişafına malik; (4) aşağı səviyyədə insan inkişafına malik ölkələr.

2018-ci ilin yenilənmiş hesabatında 1-ci qrupa 58 ölkə daxil olub. Keçmiş SSRİ respublikalarından 6-ı bu qrupda yer alıb: Baltikyanı ölkələrin hər 3-ü, Rusiya, Belorus və Qazaxıstan. İki ölkə- Tacikistan və Qırğızıstan istisna olmaqla yerdə qalan 7 sabiq mütəffiq respublika isə 2-ci qrupda yer alıb ki, ümumilikdə həmin qrupa 54 ölkə daxildir. Azərbaycan 2018-ci ilin yekunlarına görə 80-ci yerdə qərarlaşıb (o cümlədən Gürcüstan 70-ci, Ermənistan 83-cü).

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.