fbpx

Cəmiyyət

Cəmiyyət

Ortaq tarixi keçmişin yaradılması: Türkiyə-Azərbaycan münasibətlərində tarixi mirasdan istifadə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Türkiyənin eks-prezidenti Abdullah Gül 2010-cu ilin avqustunda Azərbaycanı ziyarət edərkən Qaxın Oncallı kəndində də olmuşdu. Bu ziyarətin prezidentin rəsmi səfər proqramına salınması təsadüfi deyildi: Türkiyədə millətçilərin və mühafizəkarların böyük dəyər verdiyi XIII əsr təsəvvüf şairi Yunus Əmrənin Oncallı kəndində dəfn olunduğu deyilir. Hərçənd məzarın ona aid olmasına tarixçilər hələ də şübhəylə yanaşırlar və onlardan bir qismi Oncallı versiyasının doğruluğuna inanmır.[i] Bununla belə, Azərbaycan tərəfi tarixi mübahisələrə elə də əhəmiyyət vermədən iki ölkə üçün ortaq mirasın abadlaşdırılmasına çalışır, ziyarətgahı yenidən aktuallaşdırmaqla ona qardaş ölkə ilə yaxınlaşmanın bir elementi kimi baxırdı.[ii]

2002-ci ilin noyabrında AKP-nin hakimiyyətə gəlməsindən sonra Osmanlı tarixinə istinad Türkiyə xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.[iii] AK partiya hökumətləri (2002-2018) Osmanlı dövrünə aid memarlıq işlərinin restavrasiyasından (bəzi hallarda rekonstruksiyasından) tutmuş keçmiş imperiya ərazisində yaranmış dövlətlərdə dərs kitablarının məzmununu dəyişdirməyə cəhd edilməsinə qədər[iv] Osmanlı mirasını regional diplomatiyanın bir alətinə çevirmək siyasəti yürüdüb. Bu mənada yeni-osmanlı deyilən bu siyasi diskursun Türkiyə-Azərbaycan münasibətlərinə bir neçə məsələnin timsalında necə təsir göstərdiyini təhlil etmək maraqlı olardı. Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və iki ölkənin liderləri hər fürsətdə bunu “qardaş dövlətlər arasında münasibətlər” kimi təqdim edirlər.[v] 

Münasibətlərin istiliyinə baxmarayaq, yeni-osmanlı diskursu nəzəri baxımdan Azərbaycana tətbiq oluna bilməzdi, çünki bu ölkənin hazırkı əraziləri, bir-iki qısa tarixi dövrü (1590-1612; 1723-1735) istisna etsək, Osmanlı dövlətinin tərkibinə daxil olmayıb. Buna görə də Azərbaycanda, məsələn, Balkan regionunda olduğu kimi Osmanlı abidələri, demək olar, yoxdur. Bu zaman ortaya sual çıxır: iki ölkənin siyasətçiləri “binayi-qədimdən möhkəmlənmiş qardaşlıq tellərini” hansı tarixi material əsasında sübuta yetirə bilirlər?[vi] Bu mövzunun ritorikasının kompleksliyini kənara qoyaraq, bizim yazıda Azərbaycan perspektivindən Türkiyəyə yönəlik ortaq yaddaş siyasəti təhlil ediləcək. Bu məqsədlə 1918-ci ilin önəmi xüsusilə vurğulanacaq. Həmçinin, bu yazı mədəniyyət və siyasi sfrelarda fəaliyyət göstərən Azərbaycanlı aktorlar tərəfindən Türkiyə-Osmanlı tarixinin siyasi məqsədlər üçün necə istifadə edilməsi ilə yanaşı, bu qədim qardaşlıq mövzusunun məhdudluğunu da analiz edəcək.

Elçibəy dövründən başlayan etnik milliyyətçilik

Türkiyə ilə Azərbaycanı eyni tarixi müstəvidə qovuşdurmaq üçün edilən ilk tarixi yaddaşla bağlı siyasətin Elçibəyin prezidentliyi dövründə həyata keçirildiyi müşahidə edilir. 1992-ci ilin noyabrında Şəmkir rayonunda Boz Qurd heykəlinin qoyulmasını buna misal göstərə bilərik.[vii] Həmin dövrün əsas xüsusiyyəti iki ölkə arasında əbədi qardaşlığın təkidlə vurğulandığı etnik milliyyətçilik və mifik-tarixi istiqamətli bir ritorikanın olması idi. Bu da Sovet Azərbaycanında yetişmiş milliyyətçi dünyagörüşlü elm xadimlərinin və tarixçi nəslinin fəaliyyətinin nəticəsi idi.

Postsovet dövründə Türkiyə ilə ortaq tarixi keçmiş axtarışında olan Azərbaycanın milliyyətçi liderləri bununla yeni xarici siyasi kursu tarixə istinadla əsaslandırmaq məqsədi güdürdülər. Azərbaycanlı intellektualların öz ölkələrinin tarixinə etnik milliyyətçi baxışı bir tərəfdən onların Türkiyə yönümlü siyasi lüğətində əks olunurdusa, digər tərəfdən özünü rus ağalığından tam imtina edilməsində büruzə verirdi.[viii] Bu sonuncu istiqamətin bariz nümunəsi XIX əsrdə Qafqaz xalqlarının çarizmə qarşı mübarizəsinin simvolu olmuş Şeyx Şamilə 1992-ci ildə şimal-qərb bölgəsində heykəl qoyulması idi.

Prezident Elçibəy özü şərqşünas-tarixçi idi, ətrafındakı siyasi rəhbərlər və yüksək çinli məmurlar arasında da tarixçilər az deyildi. Onların çoxu ölkənin akademik dairələrində üstün mövqeyə sahib idi. Milliyyətçi intellektualların sosial, iqtisadi və siyasi sferada dominant mövqeyi ölkədə həyata keçirilən siyasətə təsir göstərməyə bilməzdi. Bu təmayülün aşkar göründüyü sahələrdən biri dərsliklərin məzmunca milliyyətçi duyğuları tərpətmək istiqamətində dəyişdirilməsi idi. Ölkə tarixinin türkçülük yönü prioritet mövqe tutmağa başlamış, yeni tarixşünaslıq Azərbaycan tarixini İran və Rusiyadan mümkün qədər uzaqlaşdırmaq yolu tutmuşdu. Ölkə tarixinə yekcins yanaşma dominantlıq qazandıqca Qafqaz regionunun etnik və dini rəngarəngliyi nəzərə alınmır, arxa plana atılırdı. 1992-1993-cü illərdə Azərbaycan-Türkiyə münasibətlərində paradoksal olan nöqtə o idi ki, Azərbaycanın milliyətçi liderləri Türkiyədəki ifrat sağ partiyaların nümayəndələri ilə birgə görünməkdən çəkinmirdilər. Buna misal olaraq Alparslan Türkeşi göstərmək mümkündür ki, bu şəxs sadəcə müxalifət partiyası lideri idi və Türkiyə seçkilərində o qədər də çox səs toplamırdı. Bu yaxınlıq Türkiyədəki ifrat sağçı siyasi fəalların gələcəkdə Azərbaycanın daxili siyasətinə qarışmağa şərait hazırlayacaqdı. Onlar hətta Heydər Əliyevə qarşı çevriliş təşkilinə belə cəhd edəcəkdilər.[ix]

Doxsanıncı illərin əvvəllərində yeni siyasi liderlər özlərinə Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) mirası kimi çox möhkəm tarixi istinad nöqtəsi tapmışdılar. AXC-nin bəzi liderləri vaxtilə Türkiyəyə mühacirət etmişdilər və onların xatirəsi də iki ölkənin yaxınlaşması üçün önəmli rol oynamağa başlamışdı. Üstəlik, XX əsrin əvvəllərində Azərbaycanda yaşamış və bəlli səbəblərə görə Türkiyəyə keçib ömrünün qalan hissəsini orada yaşamış, orada torpağa tapşırılmış tarixi şəxsiyyətlərin xatirəsi də bu işə təkan verirdi. Onlar yeni siyasi diskursda rus işğalına qarşı mübarizənin rəmzinə çevrilirdilər. Misal üçün, dövrünün azərbaycanlı lokal avtoritetlərindən sayılan Kərbəlayı İsmayılın Iğdır bölgəsindəki qəbri sonralar Azərbaycanın milliyətçi müəllifləri üçün ziyarət yerinə çevriləcəkdi. [x]

1993-dən sonrakı dövr və Heydər Əliyev

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən (qayıdışından) sonra türkiyəpərəst ritorika azalmışdısa da, onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının Türkiyə meylli yaddaş siyasəti Elçibəy dövründə yürüdülən siyasətə çox bənzəyirdi. Türkiyə siyasi sferasında hərbi establişment dominant olduğundan Azərbaycan hakimiyyəti Türkiyə Respublikasının sekulyar rəmzlərinə daha çox diqqət ayırırdı. Cümhuriyyət qurucusu Mustafa Kamal Atatürkün müxtəlif yerlərdə büstünün qoyulması, adına küçə və xiyabanların verilməsi, haqqında tarix kitablarına materiallar salınması buna misaldır.

Ortaq tarixi yaddaşı formalaşdırmaq üçün digər bir cəhd isə hər iki ölkənin tarixində mühüm rol oynamış tarixi, dini, siyasi, hərbi, ədəbi və elmi şəxsiyyətlərin aktuallaşdırılması idi.[xi] Bunlar əsasən indiki Azərbaycan ərazilərində doğulmuş və müəyyən səbəblərdən Osmanlı torpaqlarına köçmüş insanlar idi. Bu sırada XIX əsrdə yaşamış nəqşbəndi şeyxi Seyid Mir Həmzə Nigarinin[xii] və XV əsrdə yaşamış xəlvətiyyə şeyxi Seyid Yəhya Bakuvinin[xiii] adını çəkə bilərik. Digər nümunələr sırasına orta əsr folklorunun qəhrəmanı Dədə Qorqudu misal çəkmək olar ki, bunlara qədim qardaşlıq haqqında dominant mövzunu əsaslandırmaq üçün müraciət olunurdu.

1918-ci ildə Osmanlı ordusunun Azərbaycana gəlişi

Osmanlı qoşunlarının 1918-ci ilin yazında Azərbaycana gəlməsi ölkənin siyasi-ictimai mühitində qardaşlıq diskursunun bərpası yolunda əsas faktora çevrildi. Rəsmi tarixşünaslığa görə, Osmanlı qüvvələri bölgəyə gənc Azərbaycan Cümhuriyyətini bolşevik-daşnak quldurlarının təcavüzündən qorumaq üçün və erməni silahlı qüvvələrinə qarşı mübarizədə Azərbaycan xalqına yardım göstərmək üçün göndərilmişdi. Beləliklə, bu tarixi epizoda istinad ümumi düşmən – Ermənistan ritorikasını yaratmaq üçün baza rolunu oynayırdı.[xiv]

Bu tarixi epizodun xatirəsini oyatmaq üçün Azərbaycan hökuməti elmi nəşrlər, televiziya proqramları sifariş verməyə başladı. 1918-ci ildə Azərbaycanda həlak olmuş osmanlı-türk əsgərlərinin xatirəsini ehtiramla yad etmək üçün milli televiziya kanalları sənədli filmlər hazırlayır, müxtəlif qurumlar sərgilər və şeir müsabiqələri təşkil edirdi. Bakıya Osmanlı ordusunun girdiyi 15 sentyabr isə “Bakının azad edilməsi” günü kimi kütləvi şəkildə qeyd olunmağa başlandı. Azərbaycan hökuməti 1918-ci ildə burada həlak olmuş 1130 osmanlı əsgərinin xatirəsini əbədiləşdirmək üçün Bakıda abidə kompleksi ucaltdı. Açılışı 2000-ci ildə həyata keçirilmiş bu tarixi abidə Türkiyə liderlərinin Azərbaycanı ziyarət etdikləri zaman mütləq baş çəkdikləri yerdir.

Azərbaycanın bir neçə rayonunda da bu istiqamətdə işlər görülüb. Hazırda ölkədə 1918-ci ildə həlak olmuş Osmanlı əsgərlərinin xatirəsinə qoyulmuş bir neçə abidə var. Tez-tez bir vaxtlar  itmiş türk əsgəri qəbrlərinin möcüzəvi şəkildə aşkar edilməsi haqqında məlumatları da eşitmək mümkündür. Hacıqabul rayonun Qubalıoğlu kəndində tapılmış və Azərbaycan icra orqanlarının Osmanlı-Türk Əsgərlərinə aid qəbrlər olduğunu təsdiqlədiyi altı qəbrin ani kəşfi bu misallardan biridir. 2012-ci ilin sentyabrında Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Şəki rayonunun Orta Zəyzid kəndində belə abidələrdən birini ziyarət etmişdilər.[xv]  

Azərbaycan uğrunda həlak olmuş türk əsgərlərinin anılması bütün ölkə miqyasında həyata keçirilir. Orta məktəb rəhbərləri vaxtaşırı şagirdlərin bu abidələri ziyarətini təşkil edirlər. Yerli hakimiyyət qurumları bu məzarlıqlarda müxtəlif vətənpərvərlik tədbirləri keçirirlər.[xvi] Müasir Azərbaycan tarixçiləri,[xvii] Fazil Mustafa və Əli Məsimli kimi deputatlar vaxtaşırı Azərbaycan hökumətini Osmanlı ordusunun 1918-ci ildə Azərbaycanda döyüşmüş əsgər və zabitlərinin xatirəsini yaşatmaq üçün daha çox iş görməyə, komandan Nuru Paşaya heykəl qoymağa çağırırlar.[xviii] Nuru Paşaya Azərbaycanlı müəlliflər tərəfindən şeirlər yazılıb, mahnılar bəstələnib[xix], rəssamlar onun portretlərini çəkiblər. Paşanın İstanbuldakı qəbri Türkiyədə yaşayan azərbaycanlılar tərəfindən ziyarət olunur və onun üzərində Azərbaycan bayrağı dalğalanır.[xx] Bu sətirlər yazıldığı zaman AXC-nin yüz illiyi münasibətilə Gəncədə Nuru Paşanın fəaliyyətinə həsr edilmiş muzeyin açılışı planlaşdırılırdı.[xxi]

Maraqlı məqamlardan biri də budur ki, Osmanlı ordusu müxtəlif xalqlardan təşkil olunsa da, bu əsgərlərin məzarı üzərinə “türk əsgərinin qəbri” sözləri yazılır. Milli Məclisin deputatı Qənirə Paşayeva kimi bəzi Azərbaycanlı aktorlar Osmanlı ordusunun vaxtilə Azərbaycana gəlməsini müasir dövrün bəzi aktual ideoloji və geopolitik məsələləri üçün istifadə edirlər. İraqın Kərkük şəhərindəki Türkman etnik azlığını müdafiə etmək misalına diqqət yetirmək bu mənada müvafiq olardı. Azərbaycanda ictimai fikri Türkman azlığının hüquqlarını müdafiəsi məsələsinini aktuallığına cəlb etmək üçün Azərbaycan milliyətçiləri türk əsgərinə qoyulmuş abidə ətrafında toplanmış və xüsusi olaraq vurğulamışdılar ki, 1918-ci ildə Bakıda həlak olmuş Osmanlı əsgərləri içərisində 6 nəfəri Kərkük şəhərindən olub. İştirakçılardan birinin, göründüyü kimi, mesajı çox sadədir: “Onlar yüz il əvvəl bizi xilas etməyə gəlmişdilər və gələcək nəsillər üçün nümunədirlər”.[xxii]

Azərbaycan hökuməti Türkiyə ilə həmrəyliyin qədimliyini sübuta yetirmək üçün ən xırda faktlardan da yararlanmağa çalışır. Məsələn, Azərbaycanın Müdafiə Nazirliyinin əməkdaşları təklif ediblər ki, Birinci Dünya Müharibəsi zamanı və ondan sonra Abşeron yarımadasından 11 kilometr aralıda yerləşən Nargin adasında saxlanmış (alman əsirlərlə birgə) və orada ağır şərtlər altında həlak olmuş Osmanlı əsirlərinə abidə qoyulsun.[xxiii]

Nuru Paşa Azərbaycanda tərənnüm edilən yeganə türk generalı deyil. Rəsmi Azərbaycan tarixşünaslığı Kazım Qarabəkir paşanı Naxçıvanı qurtarmış komandan kimi təqdim edir. Naxçıvandakı türk məscidi Kazım Qarabəkir Paşanın adınadır. Azərbaycan müəlliflərinə görə, o, erməni silahlı dəstələrinin Azərbaycan xalqını qırmasının qarşısını alıb.[xxiv] Nuru Paşa kimi Kazım Qarabəkir Paşanın da adı 1918-ci il hadisələrinə həsr olunmuş konfrans və simpoziumlarda hörmətlə anılır. Naxçıvan şəhərində Kazım Qarabəkir paşa və onun əsgərlərinin şərəfinə xatirə kompleksi ucaldılıb. Vaxtaşırı ona heykəl qoyulması ilə bağlı tələblər də səsləndirilir.[xxv]

Azərbaycan ictimaiyyəti eyni siyasətin Türkiyə tərəfindən də aparılmasını tələb edir. Məsələn, diaspora işlərində aktiv olan Azərbaycan təşkilatları Türkiyə dövlətindən 1915-ci ildə Çanaqqala döyüşündə həlak olmuş üç min azərbaycanlının şərəfinə xatirə lövhəsi qoyulmasını istəyir.[xxvi] Üstəlik, bir neçə ildir Sakarya, Kocaeli və İzmit kimi türk bələdiyyələrində Xocalı soyqırımının qurbanlarına abidələr qoyulur. Hər il fevral ayının 26-da Türkiyə və Azərbaycanın müxtəlif təşkilatlarının təmsilçiləri bu abidənin qarşısına toplanıb, qətlə yetirilmiş dinc Xocalı sakinlərini anırlar.[xxvii]

Xüsusilə vurğulamaq lazımdır ki, Türkiyə yönümlü yaddaş siyasətinin təmsilçiləri yalnız Azərbaycandakı rəsmi (dövlət institutları, hökumət üzvləri, dövlət hesabına maliyələşən araşdırma mərkəzləri) və siyasiləşmiş aktorlar (azərbaycanlıların Türkiyədəki diaspora təşkilatları) deyillər. Hazırda Türkiyədə 10 mindən artıq Azərbaycanlı tələbə oxuyur[xxviii], sosial elmlər sahəsində çalışan bəzi azərbaycanlı tədqiqatçılar iki xalq arasında münasibətlərin qədimliyinə dəlalət edən tədqiqat işləri aparırlar.[xxix] Məsələn, Azərbaycandakı bir sıra rəsmi institutların saytları nəqşibəndi şeyxi, Rəcəb Tayyib Ərdoğana cavanlığında dini istiqamət vermiş Zahid Qotqunun Azərbaycan əsilli olduğunu vurğulayırlar.[xxx] Osmanlı dövrünün zəngin arxivlərinə baş vuran azərbaycanlı araşdırmaçılar öz ölkələrinin tarixinə aid çoxlu material əldə edirlər. Nəticədə mediada və elmi ədəbiyyatda ikitərəfli əlaqələrin qədimliyi önə çəkilir. Elmi qurumlarda müəyyən vəzifə tutan Şahin Mustafayev kimi tarixçilər Azərbaycan tarixi üçün vacib olan osmanlı arxivlərinə daha çox diqqət ayrılması yönündə çağırışlar edirlər.[xxxi] Azərbaycanın dövlət qurumları bu cür sənədlərin nəşrini dəstəkləyir.[xxxii] Xüsusən Qarabağ bölgəsinə aid osmanlı sənədlərinə daha çox diqqət yetirilir.[xxxiii]

İdeoloji eniş-yoxuşlar

Azərbaycanlı aktorların bu mövzuda entuziazmına baxmayaraq, tarixi qardaşlıqla bağlı diskursun bir neçə nöqtədə kövrək olduğu görünür. Bundan öncə deyildiyi kimi, düşmən obrazı (ermənilər) iki tərəfi ortaq məxrəcə gətirməkdə qaynaq rolu oynasa da, bu arqumentin özünün də təməlində çat var. Ermənistan Azərbaycanda istisnasız olaraq bütün siyasi aktorların gözündə total düşmən sayılırsa, Türkiyədə belə deyil; bu ölkədə Türkiyə ilə Ermənistanı yaxınlaşdırmaq arzusunda olan protaqonist aktyorlar da tapmaq mümkündür. Ancaq qardaş ölkənin bu istiqamətdə ən xırda addımına qarşı da rəsmi Bakı biganə qalmır, tarixi qardaşlıq diskursunun bəzi elementlərini sual altına alır. 2008-2009-cu illərdə Türkiyə Ermənistanla sərhədlərini açmaq istəyəndə Azərbaycan hakimiyyəti buna çox sərt reaksiya vermiş, osmanlı əsgərlərinin abidəsi üzərində ucaldılmış Türkiyə bayraqları oradan götürülmüşdü.

Bu da faktdır ki, Türkiyədəkindən fərqli olaraq Osmanlı imperiyası Azərbaycan xalqının ictimai yaddaşında dərin iz buraxmayıb. Bunu Türkiyədə çəkilən və qonşu bölgələrdə də məşhur olan psevdo-tarixi teleseriallarda Şah İsmayıl (Səfəvi dövlətinin qurucusu)[xxxiv]  və Uzun Həsənin (Ağqoyunlu dövlətinin qurucusu)[xxxv] mənfi qələmə verilməsi zamanı da müşahidə etmək olardı. Bu iki tarixi şəxsiyyət Azərbaycanda hörmətlə anılır, orta və ali məktəb dərsliklərində onlardan geniş bəhs olunur, tarixçilər onları “orta əsrlərdə yaşamış Azərbaycan hökmdarları” kimi təqdim edirlər. Sosial mediada fəallıq göstərən azərbaycanlılar da bu tip seriallarda yer almış epizodları pisləmiş və film yaradıcılarını tarixi həqiqətləri təhrif etməkdən çəkinməyə çağırmışdılar.

Nəticə

Türkiyəyə müsbət baxış formalaşdıran faktorlara nəzər yetirmək oxucuya Azərbaycan və Türkiyə arasında münasibətlərin təməl prinsiplərini anlamaqda yardımçı olar. Ortaq tarixlə bağlı ritorikadan istifadə iki qardaş dövlət arasında daha sıx münasibət yaratmağa təkan verir. Bu baxımdan ikitərəfli əlaqələrdə real təkamül müşahidə olunur: əgər 1990-cı illərdə etnik və linqvistik faktorlar ikitərəfli münasibətlərin özülünü təşkil edirdisə, hazırda ortaq tarixi miras diskursu önəmli amilə çevrilməkdədir.

Ermənistan kimi ortaq düşmənin mövcudluğu bu yeni ritorikanın əsas komponentlərindən biridir. Bu ümumi düşmənə qarşı əbədi yaxın qardaşlıq illyuziyasını yaratmağa kömək edir. Siyasi istifadə üçün seçilmiş tarixi faktlar ortaq düşmənin tarix boyu həmişə düşmən olduğunu sübut etməyə yönəldilir. Üstəlik, Türkiyə də, Azərbaycan da ortaq düşmən haqqında diskursu digər mövzulara yaymağa çalışır. Bunun nəticəsində elə bir ritorika yaranır ki, Türkiyənin düşməni Azərbaycanın, Azərbaycanın düşməni isə Türkiyənin düşməninə çevrilir. Məsələn, hökumətyönlü türk qəzetləri vaxtaşırı PKK-nın Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərməsi ilə bağlı təsdiqini tapmamış məlumatlar paylaşırlar.[xxxvi]

İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə alaraq, gələcəkdə hər iki tərəfin tarixi mirasdan daha çox istifadə edəcəyini düşünmək olar.

Qeydlər və İstinadlar

[i] Türkiyədə də Yunus Əmrəyə aid edilən bir neçə məzar var. Tarixçilər böyük şairin hansı məzarda dəfn olunduğunu hələ də dəqiq müəyyənləşdirə bilməyiblər.  http://www.yunusemre.net/turbesi

[ii]« Türkiye prezidenti Abdullah Gül…. », Azertag, https://azertag.az/xeber/Turkiye_Prezidenti_Abdullah_Gul_Zaqataladan_Sekiye_gelerken_yolustu_Qax_rayonunun_Oncalli_kendindeki_oguz_qebiristanliginda_seyx_Yunus_Amre_ve_onun_mursidi_Haci_Tapdigin_mezarlarini_ziyaret_etmisdir-490066?device=Desktop

[iii] Bu mövzuya həsr edilmiş doktorantura dissertasiyası bu yazının müəllifi tərəfindən Lion Siyasi Elmlər İnstitutunda 2017-ci ilin noyabrında müvəffəqiyyətlə müdafiə edilib. Fransız dilində olan bu dissertasiya hələ geniş kütlə üçün çap olunmayıb və ancaq universitetdaxili intratetdən konsultasiya edilə bilər.

[iv] Jeton Musliu, “Kosovo Textbooks Soften Line on Ottoman Rule”, Balkan Insight, 22 January 2013

[v] Əlavə olaraq qeyd edək ki, Şimali Kipr Türk Respublikası (bu ərazinin müstəqilliyini dünyada ancaq Türkiyə tanıyır) istisna edilərsə, Türkiyə dövlətinin hər yeni başçısı ilk xarici səfərini Azərbaycana edir.

[vi] Fransız araşdırmaçı Adeline Braux bu mövzunu öz yazdığı gözəl bir yazıda aktuallaşdırmışdır : Adeline Braux, «Turquie et Azerbaïdjan en quête d’une mémoire commune », 2 February 2015, https://dipnot.hypotheses.org/964

[vii]Boz qurd Türkiyədə qatı millətçilərin simvoludur.

[viii] Landau, J. M., & Kellner-Heinkele, B. Politics of language in the ex-Soviet muslim states: Azerbayjan, Uzbekistan, Kazakhstan, Kyrgyzstan, Turkmenistan, and Tajikistan. University of Michigan Press, 2001

[ix] Cornell, Svante E. Azerbaijan since independence. Routledge, 2015, 86 p.

[x] Azərbaycan müəllifləri bu tarixi şəxsiyyətin bioqrafiyasını yeni mövqedən işləyərək, onun XX əsrin əvvəllərində Azərbaycanın sovetləşməsi ilə yanaşı erməni silahlı dəstələrinə qarşı mübarizə apardığını da xüsusi olaraq iddia edirlər.

[xi] Misal üçün, Azərbaycanlı müəlliflər Sultan Səlim (1512-1520) tərəfindən 1514-cü ildə Təbriz Səfəvi sarayından memar və sənətkarların deportasiyası üzərində diqqəti cəmləşdirirlər. Onlar arasında memar Əli adında bir nəfər də var idi ki, bu müəlliflər onu məşhur Osmanlı memarı Sinanın yiyələndiyi sənət üslubunun pioneri hesab edirlər.  http://www.anl.az/down/meqale/zaman/2011/fevral/155442.htm

[xii] Bu dini lider Qarabağdandır və Türkiyə ərazisində yerləşən Amasiyada vəfat edib. Qarabağlı olması təbii ki, onun irsinin siyasiləşdirməsinə əlavə imkan verir. 2012-ci ildə Amasiya şəhərində ona həsr olunmuş simpoziumun materiallarına buradan baxmaq mümkündür : www.miras.az/userfiles/Hemze_Nigari_kitab%20chap.pdf

[xiii] Seyid Yəhya Bakuvinin türbəsi hazırkı «Şirvanşahlar sarayı» muzey-kompleksindədir. 15-ci əsrdə onun dini və elmi fəaliyyəti hazırkı Azərbaycan ərazilərindən bütün Anadoluya yayılmışdı. 2013-cü ilin noyabrında Eskişehirdə ona həsr olunmuş simpozium keçirilmişdi, orada həm azərbaycanlı, həm də türk tədqiqatçılar məruzələrlə çıxış etmişdilər.

[xiv] Azərbaycanda 1918-1920-ci illərlə bağlı nəşr olunmuş müxtəlif kitablar Osmanlı ordusunu xilaskar kimi təqdim edir. İki misal göstərək : Abışov, V., Azərbaycanlıların soyqırımı (Genocide of Azerbaijanis), Baku, 2007 ; Aşırlı, A., Cumhuriyyət dövri mətbuatında Qafqaz İslam Ordusu, Baku, 2007

[xv] http://www.azadinform.az/news/a-28416.html

[xvi] Hacıqabul, Neftçala və Salyan rayonlarının icra başçıları bir Osmanlı əsgərinin Hacıqabuldakı qəbri üzərindəki xatirə kompleksi qarşısında bir tədbir təşkil etmişdilər. http://apa.tv/video/8231

[xvii] Məsələn Tarix İnstitutunun direktoru Yaqub Mahmudov : https://apa.az/daxili_siyaset/yaqub-mahmudov-bakida-nuru-pasaya-abide-ucaldilmalidir.html

[xviii] “Nuru paşaya abidə qoyulsun-təklif », teleqraf.com, 15 September 2014 URL : http://teleqraf.com/news/gundem/22185.html “Bakıda Nuru Paşaya abidə ucaldılsın”, oxu.az, 18 september 2017 URL : https://oxu.az/society/215461

[xix] https://www.youtube.com/watch?v=2XHsbhM380I

[xx] http://www.haber7.com/tarih-ve-fikir/haber/2141646-nuri-killigil-pasanin-mezari-onarildi

[xxi] https://a24.az/nuru-pasanin-xatiresi-gencede-yasadilacaq/

[xxii] “Bakıda türk şəhidliyində kərküklü şəhidlər anıldı”, modern.az, 16 september 2017 URL : http://modern.az/az/news/143517/#gsc.tab=0

[xxiii] http://cebhe.info/bakinin-sirli-adasi-10-min-turk-esiri-burda-acliq-susuzluq-ilan-vurmadan-olub—fotolar-61089

[xxiv] Musayev, I, Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi-hərbi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər), Azərb. Res. EA Şərqşünaslıq İnstitutu, Bakı, 1997, p.7

[xxv] “Türk dünyası üçün çarpışan, vuruşan bütün sərkərdələrə abidə ucaltmalıyıq”,  moderator:az, 27 february 2018 URL :

http://www.moderator.az/news/214988.html

[xxvi] « Çanaqqalada azərbaycanlı şəhidlərə abidə qoyulmalıdır », hafta.az, 12 february 2009 URL :  http://hafta.az/index2.php?m=yazi&id=45330

[xxvii] Məsələn İzmitdə Türk və Azərbaycanlı hakim dairələr tərəfindən bu məqsədlə bir tədbir təşkil edilib : URL : https://www.haberler.com/hocali-sehitleri-izmit-te-anildi-10596945-haberi/

[xxviii] « Türkiye’deki yabancı öğrenci sayısı 795 bin 962’ye ulaştı », NTV, 4th may 2017, URL :

https://www.ntv.com.tr/egitim/turkiyedeki-yabanci-ogrenci-sayisi-795-bin-962ye-ulasti,OpnWuWDZLkyNsTNv5cZTpg

[xxix] Məsələn, Karabük Universitetinin Beynəlxalq Münasibətlər Departamentinin direktoru Əli Əsgər Səfəvilər dövləti haqqında türkçü nöqteyi-nəzərdən yazılmış bir tədqiqat kitabını Azərbaycan dilindən türk dilinə tərcümə edib : http://www.trt.net.tr/azerbaycan/turk-dunyasi/2018/02/12/az-rbaycan-s-f-vil-r-dovl-ti-turkiy-turkc-sind-yayinlandi-908656

[xxx] Milli Elmlər Akademiyasına bağlı Əlyazmalar İnstitutu öz internet səhifəsində onun haqqında kiçik bir yazı dərc etmiş və bu dini xadimin Azərbaycanda çox da tanınmadığını vurğulamışdı : https://www.elyazmalarinstitutu.com/index.php?subaction=showfull&id=1479448116&ucat=1,15&

[xxxi] Tarix İnstitunda bu məqsədlə bir toplantı keçirilib : https://azertag.az/xeber/Azerbaycanin_orta_esrler_tarixini_arasdirmaq_uchun_menbe___Osmanli_arxiv_menbeleri-1149080

[xxxii] Daha ətraflı məlumat üçün, AMEA internet səhifəsi : http://www.science.gov.az/news/open/7696

[xxxiii] Türkiyə hakimiyyət dairələri Osmanlı dövləti ilə Azərbaycanın indiki ərazilərində vaxtilə mövcud olmuş xanlıqlar arasında münasibətlər haqqında bütün arxiv sənədlərini hələ 1993-cü ildə dərc etmişdi : Osmanlı belgelerinde Azerbaycan türk hanlıkları, Ankara, 1993; Azərbaycan dövləti Qarabağ haqqında Osmanlı arxivlərində olan sənədlərin nəşrini maliyələşdirmişdi : Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Şuşa Nəşriyyatı, Bakı, 2000

[xxxiv] “Muhteşem Yüzyıl” adlı bir tarixi fiksiyada Şah İsmayıl İran-fars hökmdarı kimi təsvir edilmişdi. Bu da Azərbaycanda mənfi reaksiyaya səbəb olmuşdu : http://musavat.com/news/mohteshem-yuzyilin-texribati-irani-heveslendirib_177349.html

[xxxv] Sultan Mehmet haqqında çəkilmiş bir teleserialda isə Uzun Həsənin Osmanlı ərazilərini işğal üçün hücum etdiyi deyilir. Azərbaycanlı sosial media istifadəçiləri buna görə teleserialı çəkən prodüserlərə etiraz məktubları göndərmişdilər.

[xxxvi] https://www.sabah.com.tr/gundem/2016/04/07/pkkdan-ermenistana-terorist-destegi

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.