fbpx

iqtisadiyyat

iqtisadiyyat

Xarici ticarət tərəfdaşlarımızın məzənnə siyasəti – idxal (I yazı)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Dünya mətbuatında dövri olaraq dövlətlərarası valyuta müharibələri barədə qızğın müzakirələr yer alır. Ölkələr bir-birini milli valyutalarını süni şəkildə ucuzlaşdırmaq yolu ilə ixraclarını stimullaşdırmaqda ittiham edirlər. Milli valyutaların ucuzlaşdırılması siyasətindən təkcə ixracyönümlü ölkələr yox, eyni zamanda idxaldan asılı ölkələr də zərər çəkir. Birinci qrup ölkələr üçün ixrac etdiyi ölkənin valyutasının möhkəmlənməsi və ya heç olmazsa sabitliyi arzuolunandır. İkinci qrup ölkələrdə isə vəziyyət bir qədər fərqlidir. Daxili devalvasiya idxalı bahalaşdırır, yerli istehsala dəstək verir, xarici devalvasiya isə əksinə idxalı ucuzlaşdırsa da yerli istehsalın rəqabət qabiliyyətini azaldır.

Məqalədə xarici ticarət tərəfdaşlarının, daha konkret desək, Azərbaycana mal idxal edən əsas ölkələrdə bəzi makroiqtisadi göstəricilərin dəyişməsinin həmin ölkələrdən gətirilən malların həcminə təsiri tendensiyasına diqqət yetirilir. Bu baxımdan son 5 ildə əsas ticarət tərəfdaşları olan ölkələrin idxalının həcmi milli valyutalarının nominal məzənnəsinin dəyişməsi və həmin ölkələrdə inflyasiya səviyyəsi Azərbaycanın analoji iqtisadi göstəriciləri ilə müqayisə edilir.

Valyuta məzənnəsinin dəyişməsinin ölkədaxili qiymətlərə təsiri şübhəsizdir. Bu təsir iki istiqamətdə baş verir. İlk növbədə, idxal olunan son istehlak mallarının və xidmətlərin, o cümlədən ölkə daxilində istehsal olunan, ancaq ayrı-ayrı komponentləri xaricdən gətirilən mal və xidmətlərin qiymətinin dəyişməsinə səbəb olur. Uzaq olmayan dövrdə – 2015-ci ildə ölkəmizdə baş vermiş devalvasiyanın nəticəsi olaraq idxal malları ilə yanaşı yerli istehsal mallarının da bahalaşmasının şahidi olmuşuq. Buna səbəb yerli istehsalın müxtəlif komponentlərinin, o cümlədən xammalının idxal olunması olub. Digər tərəfdən valyuta məzənnəsinin dəyişməsi ixracın həcmi ilə yanaşı daxili qiymətlərin səviyyəsinə də təsir edə bilər. İxracın artması nəticəsində daxili bazarda təklifin azalması bahalaşmanı şərtləndirə bilər. Məsələn, Türkiyədə soğanın qıtlığı səbəbindən ilin əvvəlində Azərbaycandan bu məhsulun ixracının kəskin artması daxili bazarda qiymətlərin bahalaşmasına gətirib çıxartdı.

Ancaq təcrübədə yuxarıda qeyd edilənlər təsdiqini heç də həmişə tapmır. Məsələn, dünyaca məşhur Financial Times qəzeti 107 inkişaf etməkdə olan ölkədə milli valyutaların ucuzlaşmasının ixraca və idxala təsirini araşdırıb. Araşdırma 2013-2015-ci illəri əhatə edib və qəzet Beynəlxalq Valyuta Fondu (BVF) və Thomson Reuters Datastream məlumatlarından faydalanıb. Araşdırmadan məlum olub ki, inkişaf etməkdə olan ölkələrdə milli valyutaların məzənnəsinin aşağı salınması həmin ölkələrdə ixracın artımına səbəb olmayıb, əvəzində idxalın azalması müşahidə edilib.

Azərbaycanda 2015-ci ildə baş verən devalvasiyanın iqtisadiyyatdakı fəsadları hələ də aradan qalxmayıb, cəmiyyətin milli valyutanın məzənnəsinin dəyişməsinə qarşı həssaslığını daha da artırıb. Uzun müddət ABŞ dollarına münasibətdə sabit olan manatın il ərzində 50%-ə qədər dəyər itirməsi daxili ticarətlə yanaşı xarici ticarətdə də çətinliklər yaradıb. Azərbaycanda devalvasiyanın mal ixracına töhfəsi hələki nəzərə çarpmır. Gömrük Komitəsinin məlumatlarına görə, 2012-ci ildə 1 ABŞ dolları 78 qəpik olanda qeyri-neft ixracımız 1,9 milyard ABŞ dolları olduğu halda, 20172018-ci illərdə bu göstərici azalaraq 1,5-1,6 milyard ABŞ dolları arasında dəyişib. Halbuki bu müddətdə 1 ABŞ dolları rəsmi olaraq 1,7 manata qədər bahalaşıb. 2017-2018-ci illər ərzində hökumətin qeyri-neft sektorunu stimullaşdırmaq üçün genişmiqyaslı təşəbbüslərinə rəğmən qeyri-neft ixracının həcmini  devalvasiyadan əvvəlki səviyyəyə çatdırmaq hələki mümkün olmayıb. Ümumi ixracın azalması isə ixracda yüksək paya malik neft-qaz məhsullarının qiymətinin dünya bazarlarında kəskin ucuzlaşması ilə bağlıdır.

İdxala gəldikdə isə 2015-ci ildə 9,2 milyard ABŞ dolları olan idxal 2016-cı ildə 7,5% azalaraq 8,5 milyard dollara düşüb. Sonrakı illərdə manatın məzənnəsinin sabitliyi və tərəfdaş ölkələrin valyutalarının dəyərsizləşməsi Azərbaycan bazarının idxal üçün cəlbediciliyini yenidən artırıb. Bunun nəticəsidir ki, idxalın həcmi 2017-ci ildə 2,9% artaraq 8,8 milyard dollara, 2018-ci ildə isə 30,6% artaraq 11,5 milyard dollara çatıb. Artım bütün ölkələrdə baş verməyib. Rusiya, Türkiyə, Çin və ümumilikdə Avrozona ölkələri üzrə artım olmasına rəğmən ABŞ, Böyük Britaniya, İsrail kimi ölkələrdə azalma baş verib. (Cədvəl 1).  Bütövlükdə Avrozona ölkələri üzrə idxalın səviyyəsi artsa da, ona daxil olan Belçika, Yunanıstan, Litva kimi ölkələrin idxalında azalma qeydə alınıb.

Cədvəl 1. 2014-2018-ci illər üzrə Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olan
ölkələrdən idxalının dinamikası

(milyon ABŞ dolları)

Ölkələrİllər
20142015201620172018
 
Rusiya Federasiyası1314,481437,901641,811554,261885,17
Türkiyə1286,641171,391181,581273,711576,87
Avrozona ölkələri1794,242037,641247,581327,151660,89
Çin697,08511,91703,91854,531196,67
ABŞ563,42847,39471,58720,59527,17
Ukrayna419,58309,65289,77459,92469,80
Böyük Britaniya978,34553,33495,22239,86263,72
Yaponiya240,51558,10282,65170,37383,89
Qazaxıstan221,0198,9398,12107,83174,15
Koreya Respublikası186,30133,9572,0585,33226,64
İran İslam Respublikası147,1690,46161,08240,27414,80
İsveçrə94,3699,2163,1156,87512,95
Belorus83,9483,6376,30130,21180,76
İsrail23,9624,8715,6232,6723,91
Gürcüstan93,8967,9951,4774,1594,09
      
Cəmi idxalda payı88,7%87,0%80,3%83,4%83,7%

Mənbə: Dövlət Gömrük Komitəsi

2015-ci ilin əvvəlindən başlayaraq 2017-ci ilin ilk rübünə qədər olan dövr manatın məzənnəsi üçün qeyri-sabit olub. 2015-ci il dekabrın 21-də baş vermiş ikinci kəskin devalvasiya zamanı ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 1,55-ə düşmüş manatın məzənnəsi 2017-ci ilin fevralında özünün pik həddinə – 1,92-yə qədər çatmışdı. Həmin aydan başlayaraq dünya bazarlarında neftin bahalaşması fonunda hökumətin Neft Fondundan transferti artırması, o cümlədən Mərkəzi Banka makroiqtisadi sabitlik üçün əlavə vəsait ayırması manata dəstək verdi və milli valyutamız qısa müddətdə 1,7 manat səviyyəsinə qədər möhkəmlənməyə başladı. Devalvasiya istehlak qiymətləri indeksini də artırıb. Devalvasiyadan sonrakı 2 ildə inflyasiya səviyyəsi 12%-dən yüksək olub. 2018-ci ildə isə bu göstərici 2,3%-ə düşüb.

Artıq 2 ildir ki, milli valyutanın ABŞ valyutasına nəzərən rəsmi məzənnəsi 1,7 AZN səviyyəsində qalıb. Manatın məzənnəsi digər valyutalara nəzərən çarpaz müəyyənləşdirildiyindən ABŞ dolları istisna olmaqla digər valyutalara, o cümlədən əsas ticarət tərəfdaşlarının valyutalarına qarşı tez-tez dəyişir. Ancaq bu məzənnə dəyişikliyi daxili bazara ciddi  inflyasiya təzyiqi göstərmir.

Hazırda sanksiyalardan dolayı iqtisadi çətinliklərlə üzləşən, Azərbaycanın ən çox idxal etdiyi Rusiya Federasiyasından idxalın həcmi ilə rublun manat qarşısında nominal məzənnəsinin dəyişməsinə diqqət yetirək. Rəsmi məlumatlardan məlum olur ki, 2014-2018-ci illərdə rublun məzənnəsinin ucuzlaşması bu ölkədən idxalın artımını, bahalaşması isə idxalın azalmasını şərtləndirib. Yeganə olaraq 2016-cı ildə rublun manata nəzərən 29% möhkəmlənməsinə rəğmən idxalın 14,2% artımı baş verib. Həmin il Azərbaycanda inflyasiya səviyyəsinin (12,4%) şimal qonşumuzdakı analoji göstəricini (5,4%) üstələməsi də idxalın artımına mane ola bilməyib. Buna baxmayaraq hər iki amil 2017-ci ildə (rublun möhkəmlənməsi və inflyasiya səviyyəsinin aşağı düşməsi) idxala azaldıcı, 2018-ci ildə isə (rublun ucuzlaşması və inflyasiya səviyyəsinin artımı) artırıcı təsir göstərib. Rusiyanın idxalda payı son illər 16-19% civarında dəyişir. (Qrafik 1)

Qrafik 1. Rusiyadan idxal olunan malların həcmi ilə valyuta məzənnəsi və inflyasiya səviyyəsinin dəyişməsi dinamikası,  2014-2018

İdxalda 13-14%-lik paya malik Türkiyə idxal üzrə Azərbaycanın ikinci ən böyük tərəfdaşıdır. Bu ölkədən idxalın həcmi 2014-2016-cı illərdə 8% azalıb, 2016-2018-ci illərdə isə 33,5% artıb. İdxalın azaldığı dövrdə Türkiyənin milli valyutası olan lirənin manata qarşı rəsmi məzənnəsi 32% möhkəmlənib, artdığı dövrdə isə lirə 45,6% ucuzlaşıb. İdxal göstəricilərinin dəyişməsində hər iki ölkədə inflyasiya göstəriciləri də rol oynayıb. Belə ki, qonşu ölkədə inflyasiya səviyyəsi 2016-cı ildə Azərbaycandakı 12,6%-ə qarşı 8,53% olduğu halda, sonrakı illərdə onu üstələyərək 2018-ci ildə 20,3%-ə yüksəlib. Halbuki həmin il Azərbaycan  istehlak qiymətlərinin artımı səviyyəsini birrəqəmli həddə (2,3%) salmağa nail olub. (Qrafik 2)

Qrafik 2. Türkiyədən idxal olunan malların həcmi ilə valyuta məzənnəsi və inflyasiya səviyyəsinin dəyişməsi dinamikası,  2014-2018

Ümumilikdə 19 ölkəni özündə birləşdirən Avrozona məkanının idxalda payı təxminən 14-15% civarındadır. 2015-ci ildə bu məkana daxil olan ölkələrin payı hətta 22% səviyyəsini də ötüb. Rusiya və Türkiyədən fərqli olaraq Avrozona ölkələrindən gətirilən malların həcmi ilə avronun məzənnəsi arasında asılılıq asimmetrik olub. 2014-2018-ci illərdə manatın avro qarşısında davamlı ucuzlaşması baş verib. Həmin dövrdə avro manata nəzərən 96 sentdən 50 sentə qədər bahalaşıb. Ancaq bu dövrdə 2016-cı il istisna olmaqla idxalın həcmi artmaqda davam edib. Avronun bahalaşmasının idxalın artımına mənfi təsiri olmayıb. Avrozona ölkələri üzrə idxalın artımı əsasən Almaniya, Niderland, Fransa, Estoniya, İspaniya hesabına təmin edilib. Azərbaycanda istehlak qiymətləri indeksinin Avrozonadakı indeksi dəfələrlə üstələməsi də idxalın səviyyəsini azalda bilməyib. 2016-cı ildəki kəskin azalmadan sonra növbəti illərdə idxalda artım tendensiyası qeydə alınıb (Qrafik 3)

Qrafik 3. Avrozonaya daxil olan ölkələrdən idxal olunan malların həcmi ilə valyuta məzənnəsi və inflyasiya səviyyəsinin dəyişməsi dinamikası,  2014-2018

Çin Xalq Respublikası son illər idxal ölkələri arasında 4-cü ən böyük ölkəyə çevrilib. 2014-2018-ci illərdə səmavi dövlətin idxalda payı 7,6%-dən 10,4%-ə yüksəlib. Çinin milli valyutası olan yuan manata nəzərən bahalaşaraq 7,85-dən 3,89-a yüksəlib. Yuanın bahalaşması idxalın artımına mane olmayıb. Bu müddətdə idxalın həcmi 2015-ci il istisna olmaqla illər üzrə artım tendensiyası göstərərək 697 milyon dollardan 1,2 milyard dollara yüksəlib. Bu ölkədə inflyasiya səviyyəsinin Azərbaycanla müqayisədə aşağı olması da idxalı azalda bilməyib   (Qrafik 4)

Qrafik 4. Çin Xalq Respublikasından idxal olunan malların həcmi ilə valyuta məzənnəsi və inflyasiya səviyyəsinin dəyişməsi dinamikası,  2014-2018

Oxşar vəziyyət Böyük Britaniya ilə idxal tendensiyasında da qeydə alınıb. Çindən fərqli olaraq Böyük Britaniyanın idxalda payı son 5 ildə azalaraq 10,7%-dən 2,3%-ə düşüb. 2014-cü ildə idxalın həcmi 978,3 milyon dollar olduğu halda 2018-ci ildə bu göstərici 263,7 milyon dollara qədər azalıb. Bu müddətdə funtun manat qarşısında rəsmi məzənnəsi möhkəmlənərək 0,77 funtdan 0,44 funta yüksəlib. Dumanlı albionda istehlak qiymətləri indeksi 0,04%-dən 2,68%-ə yüksəlsə də Azərbaycandakı səviyyəyə çatmayıb (Qrafik 5)

Qrafik 5. Böyük Britaniyadan idxal olunan malların həcmi ilə valyuta məzənnəsi və inflyasiya səviyyəsinin dəyişməsi dinamikası,  2014-2018

Manatla məzənnəsinin birbaşa müəyyənləşdiyi dolların 2017-ci ilə qədər möhkəmlənməsi ABŞ-dan idxal olunan malların həcminə müxtəlif təsirlər göstərib. Belə ki, 2015 və 2017-ci illərdə idxalın həcmi artdığı halda 2016 və 2018-ci illərdə azalıb. 2018-ci ildə nominal məzənnənin sabitliyi, inflyasiya səviyyəsinin eyni olması fonunda idxalın azalması baş verib. (Qrafik 6)

Qrafik 6. ABŞ-dan idxal olunan malların həcmi ilə valyuta məzənnəsi və inflyasiya səviyyəsinin dəyişməsi dinamikası, 2014-2018

2014-2018-ci illər Ukrayna iqtisadiyyatı üçün də qeyri-sabit olub. 2015-ci ildə Azərbaycanın üzləşdiyi devalvasiyaya rəğmən manat qrivnaya münasibətdə bahalaşaraq 21,23 AZN/UAH səviyyəsinə yüksəlib. Sonrakı illərdə qrivnanın möhkəmlənməsi baş verib. Yüksək inflyasiya ilə üz-üzə qalan Ukrayna müəyyən qədər qiymət artımını azaldaraq 2015-ci ildəki 43,3%-dən 2018-ci ildəki birrəqəmli səviyyəyə endirməyə müvəffəq olub. Buna baxmayaraq bu ölkədə istehlak qiymətləri indeksi Azərbaycanla müqayisədə yüksək olaraq qalıb. Məzənnənin cüzi möhkəmlənməsinə baxmayaraq inflyasiya səviyyəsinin yüksək olması bu ölkədən idxal üçün əlverişli şərait yaradıb və idxalı son 3 ildə 2 dəfəyədək artırıb. (Qrafik 7)

Qrafik 7. Ukraynadan idxal olunan malların həcmi ilə valyuta məzənnəsi və inflyasiya səviyyəsinin dəyişməsi dinamikası, 2014-2018

Azərbaycanın əsas ticarət tərəfdaşı olan digər ölkələrdən də (Yaponiya, Qazaxıstan, Koreya, İran) idxalın artımı baş verib. Bu ölkələrin bəzilərində milli valyutalar manata münasibətdə möhkəmlənib, bəzilərində inflyasiya səviyyəsi Azərbaycandakı analoji göstəriciləri üstələyib.

Məqalədə əsas diqqət valyutaların nominal məzənnəsinə yönəldilsə də ixracatçı və idxalatçıların qazancı və ya çıxarı təkcə nominal məzənnədən yox, həm də idxalatçı və ya ixracatçı ölkənin inflyasiya səviyyəsindən asılıdır. Təbii ki, söhbət real effektiv məzənnənin səviyyəsindən və dəyişmə tendensiyasından gedir. Burada əsas məsələ yerli istehsalın təkcə xarici bazarlarda yox, həm də daxili bazarlarda rəqabət qabiliyyətinin təmin edilməsindədir.

Real effektiv məzənnə (REM) manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir. Mərkəzi Bankın məlumatına əsasən manatın REM-i əsas ticarət tərəfdaşı olan 15 (ABŞ, Avrozona, B.Britaniya, Belorus, C.Koreya, Gürcüstan, Çin, İran, İsrail, İsveçrə, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Yaponiya) ölkənin müvafiq göstəriciləri əsasında hesablanaraq vahid indeks şəklində tərtib olunur.

Cədvəl 2. Manatın xarici valyutalara nisbətən
real effektiv məzənnələri %-lə (dekabr 2010=100)

İllərReal effektiv məzənnə
Ümumiqeyri-neft sektoru üzrə
   
2014114.9122.0
201586.293.3
201671.574.8
201773.877.9
201877.982.6

Mənbə: Mərkəzi Bank

2-ci cədvəldən göründüyü kimi devalvasiya nəticəsində manatın real effektiv məzənnəsi 2015-ci ildə 114,9%-dən 86,2%-ə, 2016-cı ildə isə 71,5%-ə düşüb. Ancaq son 3 ildə REM yenidən bahalaşmağa başlayıb və 71,5%-dən 77,9%-ə yüksəlib. Qeyri-neft sektoru üzrə vəziyyət daha pis olub. 2016-2018-ci illərdə REM 74,8%-dən 82,6%-ə qalxıb.  Bunun səbəbi milli valyutanın nominal məzənnəsinin sabitliyi, tərəfdaş ölkələrdə inflyasiya səviyyəsinin artmasıdır.

Milli valyutanın devalvasiyası bir qayda olaraq ölkədə inflyasiya fəsadları yaratdığından daxili qiymətlərin artımı devalvasiyanın effektini müəyyən qədər azaldır, çünki real effektiv məzənnə nominal məzənnə ilə müqayisədə daha az dəyişir. Buna görə də əgər nominal məzənnədən makroiqtisadi siyasətin aləti qismində istifadə edilirsə, çalışmaq lazımdır ki, iqtisadi göstəricilərə real təsir məqsədilə sonda real valyuta məzənnəsi də dəyişsin.

Real effektiv məzənnənin aşağı düşməsi nəzəri olaraq ölkədə ixracı stimullaşdırır, idxalı isə azaldır. Məqalədə nominal məzənnə və inflyasiya səviyyəsi dəyişikliyinin əsas tərəfdaş ölkələrin idxal səviyyəsinə ciddi təsir etmədiyini gördük. Məsələn, real effektiv məzənnənin əlverişli olmasına rəğmən Avrozona ölkələrindən və Çindən gələn malların artımını görürük. Çünki idxalı əvəzləmə siyasəti həyata keçirilmirsə və ya bu siyasət uğurlu olmursa, milli valyutanın devalvasiyası yerli istehsala ən yaxşı halda qısamüddətli dəstək verə bilər. Buna görə də Azərbaycan kimi idxaldan asılı olan ölkələrdə real effektiv məzənnənin azalması idxala heç də həmişə azaldıcı təsir göstərə bilmir. Analoji vəziyyəti ixracla bağlı da söyləmək olar. İxrac imkanları yoxdursa, heç bir devalvasiya onu stimullaşdırmayacaq. Çünki devalvasiya nəticəsində tərkibi əsasən idxal komponenti hesabına formalaşan ixrac bir qədər də bahalaşaraq rəqabət qabiliyyətini azalda bilər.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.