1918-ci il 28 May tarixində Azərbaycan Milli Şurası Tiflis şəhərində müstəqil Azərbaycan Xalq Cümhuriyətinin (AXC) qurulduğunu elan etdi. Milli Şura, müstəqillik elanından bir gün əvvəl Zaqafqaziya Seyminin azərbaycanlı üzvlərindən formalaşmışdı. Yenicə yaradılmış Azərbaycan hökumətinin qarşısındakı ən vacib məsələ idarəsinə iddia etdiyi tarixi torpaqlarına sahib çıxmaq idi. Lakin paytaxt Bakı şəhəri də daxil olmaqla bu ərazinin böyük bir hissəsi bolşeviklərin, erməni hərbi hissələrinin, həmçinin Rusiyada alovlanmış vətəndaş müharibəsində iştirak edən müxtəlif qüvələrin nəzarəti altında idi. Formal olaraq müstəqilliyi elan edilmiş AXC-nin yaşaması üçün Bakını, şəhərdə 1918-ci ilin martında yerli müsəlman əhaliyə qarşı qırğınlar törədərək hakimiyyəti ələ almış bolşeviklərdən azad etmək həyati əhəmiyyət kəsb edirdi. 1918-ci ilin yayında Azərbaycan ətrafında cərəyan edən istər daxili və istərsə də beynəlxalq vəziyyət təcili hərəkətə keçməyi zəruri edirdi. İyun ayında Azərbaycan hökuməti Gürcüstanın paytaxtı Tiflisdən Azərbaycan şəhəri olan Gəncəyə köçdü.
Digər tərəfdən, Azərbaycan hökumətinin Gəncəyə gəlişindən bir neçə gün öncə, iyun ayının 12-də Bakı Sovetinin rəhbəri və erməni əsilli məşhur bolşevik inqilabçı Stepan Şaumyan Bakı Soveti hərbi hissələrinin Gəncəni ələ keçirmək məqsədilə hücumuna razılıq almaq üçün Vladimir Leninə və İosif Stalinə teleqraf göndərdi. Lakin Bakı Xalq Komissarları tərəfindən Gəncə şəhərini ələ keçirmək məqsədi ilə edilmiş hərbi hücüm uğursuzluqla nəticələndi.
Azərbaycan hökuməti isə öz növbəsində Gəncəyə köçməzdən bir neçə həftə əvvəl, yəni iyun ayının 4-də Osmanlı dövləti ilə müqavilə imzalamışdı. Bu müqaviləyə əsasən də Nuri Paşanın rəhbərliyi altındakı türk hərbi qüvvələrindən formalaşan Qafqaz İslam Ordusu (QİO) ilə General Şıxlınskinin rəhbərliyi altındakı, əsasən keçmiş Çar Ordusunun azərbaycanlı süvarilərindən formalaşacaq milli ordu paytaxtı Bakı Sovetindən almaq üçün hazırlıqlara qədəm qoydu. Bakı istqamətində hərbi yürüş iyunun 19-da başladı.
Lakin Osmanlının əsas müttəfiqi olan Almaniya Azərbaycanla türklər arasında dostluq müqaviləsinin imzalanmasından elə də məmnun deyildi. İstanbuldakı Almaniya səfirliyi Berlinə məlumat verirdi ki, türklər Qafqazın tatar (azərbaycanlı-müəllif) hissəsi ilə müqavilə bağlamışlar. Artıq birinci dəfə deyildir ki, türklər tamamilə özbaşına olaraq Qafqazın bu hissəsini Azərbaycan adlandırırlar. Almanların etirazlarına baxmayaraq iyunun 23-də QİO-nun dəstəyi ilə Azərbaycan milli hökuməti bütün ölkədə hərbi vəziyyət elan etdi. Yaxın Şərqdə Britaniya ordularına məğlub olduqdan sonra Gürcüstana göndərilmiş alman generalı Fridrix fon Kressin bölüyü İslam Ordusunun Bakıya doğru hərəkətinə mane olmaq istəsə də, onun zabitləri dərhal türklər tərəfindən həbs edildilər. İyun ayının 24-də İstanbuldan təlimat gəldi ki, Azərbaycan ərazisində Osmanlı ordusundan başqa digər bir ordu ola bilməz.
Bölşeviklər və onları dəstəkləyən erməni Daşnak partiyasına sadiq hərbi hissələri ilə QİO arasında ilk böyük döyüş iyunun 27-i ilə iyulun 1-i arasında Göyçay-Qaraməryəm cəbhəsində baş tutdu. Hərbi əməliyyatlar Bakı Soveti qoşunlarının ciddi məğlubiyyəti ilə başa çatdı. Bolşevik komandir Petrov və onun Petroqraddan göndərilmiş təxminən min nəfərlik dəstəsinin Bakı Soveti qoşunlarının döyüş meydanından qaçmasının qarşısını almaq üçün gördüyü bütün cəhdlər uğursuzluqla nəticələndi. Əlavə olaraq, Petrov birgə bolşevik-erməni hissələrinin yerli müsəlman əhalisinə qarşı cinayətlərindən qəzəblənmişdi. O, Petroqraddakı Mərkəzi Rusiya hökumətinə şikayət edirdi ki, bu mövcud xaosda o ali inqilab məqsədləri uğrunda mübarizə apardığından əmin deyil və sanki özünü quldurların arasına düşmüş kimi hiss edir.
İyulun 20-də QİO orta əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhərini azad etdi. Bakıının azad edilməsi məqsədinin həyata keçirilməsi işində Şamaxıya nəzarətin müsəlmanlara qaytarılması böyük hərbi ştrateji əhəmiyyətə malik hadisə idi. Şəhərin müsəlman əhalisi Osmanlı qoşunlarını sevinclə qarşıladı, çünki bir neçə ay əvvəl onlar Bakı Soveti tərəfindən göndərilmiş erməni dəstələrinin törətdiyi cinayətlərdən olduqca böyük əziyyət çəkmişdilər.
Şamaxını sürətlə azad etməyə müvəffəq olan QİO-nun Bakının astanasına gəlib çıxdıqdan sonra burada ləngiməsi Sovet Rusiyası rəhbərliyinin Osmanlının müttəfiqi olan Almaniya vasitəsilə türklərə təzyiq etməsi ilə bağlı idi. 1918-ci ilin iyul ayının əvvəllərində Almaniyanın İstanbuldakı səfirliyinin hazırladığı hesabatda göstərilirdi ki, “əgər biz bolşeviklərlə sazişə gələ bilsək, onda Bakının neft mədənləri və neft ehtiyatları bütövlükdə əlimizə salamat keçəcək. Əgər bunun əksinə olaraq, bolşeviklər şəhəri tərk etməyə məcbur olsalar, mədənləri yandıracaqlar, bu halda nə biz, nə də türklər neft ehtiyatlarından istifadə edə biləcəyik.” Türkləri fəal hərbi əməliyyatlardan çəkindirmək üçün Almaniyanın əsas hərbi rəhbərlərindən olan general Lüdendorf özü işə qarışmışdı. O, Ənvər paşanı təhdid edirdi ki, əgər Bakı üzərinə hücum dayandırılmasa, türk ordusunda xidmət edən bütün alman zabitlər geri çağırılacaq.
Amma rəsmi əmrlərində Ənvər paşa hücumun dayandırılmasına göstəriş versə də, elə həmin vaxt QİO-ya göndərdiyi gizli teleqrafında o, qeyd edirdi ki, “38-ci piyada alayını və bir topçu taborunu Qazax yolu ilə Nuru paşaya köməyə göndərmişəm”. Ənvər Paşa hətta Bakıya doğru hərəkətə mane ola biləcək alman hərbi dəstələri ilə döyüşə girilə biləcəyini də istisna etmirdi.
“Azərbaycan məsələsi”ni öz daxili işinə çevirməyə böyük ümid bəsləyən Sovet Rusiyası isə belə güman edirdi ki, Almaniyanın təzyiqi ilə Osmanlı-Azərbaycan qoşunlarını geri çəkilməyə məcbur edə biləcəkdir. Ona görə Stalin iyulun 8-də Şaumyana yazdığı məktubda məsləhət görürdü ki, almanlarla qarşılaşmamaq üçün Yelizavetpoldan (Gəncədən – müəllif) o tərəfə keçməyin, istiqlaliyyəti Almaniya tərəfindən tanınmış Gürcüstana qətiyyən daxil olmayın. O, yazırdı: “Ola bilsin ki, biz gürcü məsələsində almanlara güzəştə gedək, lakin biz bu güzəşti, ancaq o şərtlə edə bilərik ki, almanlar erməni və Azərbaycan probleminə müdaxilə etməyəcəklərinə təminat versinlər”.
Göyçay-Qaraməryəm döyüşü birgə bolşevik-daşnak ordusuun süqutuna yol açmışdı. Bakını əldə saxlamaq üçün bolşeviklər hətta, sinfi düşmən adlandırdıqları, Sovet hakimiyyətinin qatı əleyhdarı, İrandakı rus kazak alayının komandanı polkovnik Lazar Biçeraxovla belə sazişə girib onu köməyə çağırmışdılar. QİO-nun Bakını almasına mane olmaq üçün iyulun 5-də dəniz yolu ilə Ənzəlidən gələn Biçeraxovun kazak dəstləri 2 gün sonra cəbhə xəttinə yerləşdirilmişdi. Qeyri-müsəlman Bakı mətbuatı onu xilaskar adlandırıb “kiçik Napaleona” bənzədirdi. Biçeraxov haqqında şəhərdə əfsanələr dolaşırdı. Bakının Biçeraxova rəğbət bəsləyən qeyri-müsəlman yerli gəncləri ona bənzəmək üçün saçlarını da onun kimi qırxdırırdılar. Amma bu “xilaskar” avantürist cəbhədə vəziyyətlə tanış olduqdan dərhal sonra şimala, Dağıstana doğru hərəkət edərək şəhərdən çıxmışdı.
Biçeraxovun şəhərdən çıxması bolşeviklerin vəziyyətini daha da ağırlaşdırdı. İyulun 24-də eser-menşevik-daşnak bloku Bakıda hakimiyyəti bolşeviklərdən almaq üçün ilk cəhd etdi. Onlar şəhəri irəliləyən QİO-dan müdafiə etmək məqsədilə Ənzəlidə dəvət gözləyən britaniyalıları Bakıya çağırmağı təklif etdilər. İyulun 30-da Bakıdakı Sovet hökuməti ordusunun rəhbərlərindən biri polkovnik Avetisov rəhbərliyə məlumat verdi ki, müqavimətin davam etdirilməsi əhəmiyyətsizdir. İyulun 31-də türklərin şəhərin ətrafındakı Şıx yüksəkliklərini və Bibi-Heybəti ələ keçirməsindən sonra Bakı Sovetinin iclasında bolşevik Şaumyanın rəhbərliyi altındakı hökumət istefa verdi və komissarlar Həştərxana yola düşdülər.
Elə həmin axşam, iyulun 31-də Azərbaycanın baş naziri Fətəli Xan Xoyski İstanbuldadakı Azərbaycan diplomatik missiyasının başçısı Rəsulzadəyə yazırdı: “İki gün əvvəl Məmməd Həsən Hacınski cəbhəyə gedib, bu axşam mən də yola düşürəm. Bizim ordu Bakıya çatıb, Qobu, Xırdalan və Sumqayıtı tutub, dəmir yolu boyunca isə Hacıqabulla Ələt arasındadır, ümid edirəm ki, əgər fövqəladə bir hadisə baş verməzsə, Bakı bizim tərəfimizdən götürüləcək”.
Lakin bolşeviklər hələ şəhərdən uzaqlaşmamış, erməni Milli Şurasının, daşnakların və menşeviklərin nəzarətində olan “Sentrokaspi və Sovetin Müvəqqəti İcraiyyə Komitəsinin Rəyasət Heyətinin diktaturası” deyilən yeni bir hökumət təşkil edildi. Bu hökumətin ilk addımı şəhərdən qaçan komissarları “Nargin” adası yaxınlığında həbs edib şəhərə qaytarmaq idi. Eyni zamanda “Bakını Rusiya üçün xilas etməkdən ötürü” Sentrokaspi Diktaturası britaniyalıları Bakıya dəvət etdi.
Bakı Xalq Komissarları Sovetinin devrilməsi Azərbaycan hökuməti tərəfindən mühüm hadisə kimi qarşılandı. Bu hadisə Almaniya və Avstriyanın Cənubi Qafqazda olan nümayəndələrinin Bakı məsələsində əvvəlki mövqelərindən geri çəkilməsi ilə nəticələndi. Bu barədə baş nazir Fətəli Xan Xoyski M.Ə.Rəsulzadəyə yazırdı: “Məlumat üçün bildirirəm ki, Bakıda bolşevik hakimiyyəti devrilmişdir. Rusiya bolşeviklərinin nümayəndələri həbs edilmişdir. Mədənlərin bir hissəsi və bütün Abşeron yarımadası bizim əlimizdədir. Biz əminik ki, yaxın günlərdə şəhər təslim olacaq. Almaniya və Avstriya missiyalarının başçıları dəfələrlə burada bizi əmin etmişlər ki, onlar Bakını Azərbaycanın ayrılmaz hissəsi və paytaxtı kimi tanıyırlar. İndi onlar, hətta ordu daşınmasında bizə yardım da göstərirlər.” General Lüdendorfdan fərqli olaraq türk ordusunun baş qərargahına rəhbərlik edən general Hans fon Zekt Berlini İslam Ordusunun Bakını azad etməsinə mane olmamağa razı sala bilmişdi. Avqustun 2 – 3-də türk və Azərbaycan orduları müxtəlif istiqamətlərdən şəhərə daxil olmağa çalışdılar. Bu zaman hələ sahildə mühasirədə saxlanılan bolşeviklərin hərbi qüvvələri Sentrokaspiçilərə öz yardımlarını təklif etdi və onların birgə müqaviməti QİO-nun irəliləməsinin qarşısını aldı.
Bu zaman artıq polkovnik Stokes başda olmaqla 240 nəfərdən ibarət olan ilk Britaniya dəstəsi Bakıya gəlmişdi. Az sonra, avqustun 9-17 arası Britaniyanın Qafqaz Hərbi Missiyası, komandiri general-mayor Lionel C. Denstervilin adı ilə bağlı olaraq “Denster qüvvəsi” adlanan üç batalyon, bir səhra artilleriya batareyası və bir neçə zirehli maşından ibarət olmaqla min nəfərə yaxın Britaniya hərbi qüvvələri Bakıya daxil oldular. Türklər şəhər ətrafı yüksəklikləri azad etdikləri üçün general Denstervill ehtiyat etdiyindən Sentrokaspi Diktaturası tərəfindən onun üçün ayrılmış iqamətgahda deyil, Ənzəlidən gəldiyi “Admiral Kryuger” gəmisində gecələyirdi. Şəhərə gələn Britaniya hərbi qüvvənin azlığı müdafiəçiləri məyus etmişdi. Ona görə də yerli qeyri-müsəlman şəhər əhalisində ruh yüksəkliyi yaratmaq üçün axşamlar 2-3 yüz Britaniya əsgərlərini gəmilərə mindirib dənizi dolandırır və səhər yeni qüvvə kimi onları limana gətirirdilər. Şəhərdə hərbi vəziyyətlə tanış olduqdan sonra Denstervill Sentrokaspi liderlərinə etiraf etdi ki, “Bakını türklərin hücumundan heç fələk də xilas edə bilməz.” İngilislərin qaçmaq istədiyini duyan Sentrokaspi başçılarından olan donanma zabiti Tyuşkov dedi ki, sahildən dənizə doğru yan alan hər hansı gəmi topa tutulacaq. Bir növ türklərin sonuncu hücumunu səbirsizlikə gözləyən britaniyalılar Bakıda Sentrokaspi hökumətinin girovuna çevrildilər. O, yerli əhalinin müharibəyə münasibətini həlledici hesab edir və bildirirdi ki, mart qırğınlarından sonra şəhərdə qalan müsəlmanların hamısı olmasa da, böyük əksəriyyəti türk-azərbaycanlı qoşunlarını salamlamağa hazırdır və onları səbirsizliklə gözləyirlər.
Avqust ayının əvvəllərində QİO Bakının mühasirə həlqəsini daha da daraltdı. Avqustun 8-də QİO-dan Mürsəl paşanın ultimatumu Diktaturanın mətbuatında dərc edildi. Ayın 10-da Abşeron yarımadasındakı bəzi kəndlər Sentrokaspi Diktaturasına qarşı üsyan qaldırdılar. Tezliklə QİO Maştağa kəndini azad etdi. Lakin avqust ayının ortalarında İstanbuldakı nümayəndəlikdən AXC xarici işlər nazirliyinə göndərilən məlumatdan aydın olur ki, almanlar yenidən türklərin Bakıya doğru irəliləmələrinə mane olmağa cəhd göstərirlər. Rəsulzadə yazırdı: “Ayın 17-də Ənvər paşanın və xarici işlər nazirinin yanında oldum. Bir gün əvvəl Tələt paşa ilə şəxsən görüşmüşdüm. Məsələ bundadır ki, almanlar türk ordusunun Qafqazın içərisinə doğru irəliləməsinə etiraz edir, xüsusilə Bakı üzərinə yürüşün dayandırılmasını tələb edirlər. Onlar ehtiyat edirlər ki, geri çəkilərkən bolşeviklər britaniyalıların Rumıniyada etdikləri kimi buruqları dağıtsınlar, neft ehtiyatlarını məhv etsinlər. Ona görə almanlar məsələnin sülh yolu ilə həll edilməsinə üstünlük verirlər. Hətta bir vaxtlar onlar Bakını, Şamaxı və Salyan da daxil olmaqla, onun ətrafı ilə birlikdə müstəqil tanımağa tərəfdar olublar. Bu niyyətlər türklər tərəfindən qəti etirazla qarşılanıb.” General fon Zekt avqustun 19-da Almaniya baş qərargahı və Lüdendorfa yazırdı ki, britaniyalıların Bakıya girməsi fərqli vəziyyət yaradır. İndi türklərin sürətli hücumu ilə neft mədənlərinin dağıdılmasının qarşısını almaq olar. O, Ənvər paşanın “biz nə qədər şəhəri tez tutsaq, neft mədənlərinin dağıdılması üçün təhlükə bir o qədər az olacaq” vədini Berlinə çatdırırdı. Zekt əlavə edirdi ki, mən Ənvərin fikrinə qoşuluram və türklərə hərbi dəstək vermək lazımdır ki, neft mədənlərinin tezliklə ələ keçrilməsinə və etibarı şəkildə saxlanmasına nail olsunlar.
İngilislər Bakıda görünəndən sonra avqustun 17-də Ənvər paşa özü də Berlinə göndərdiyi teleqramda Alman hərbi hissələrinin yardımı ilə təcili olaraq Bakını azad etməyi zəruri hesab edirdi. Avqustun ikinci ongünlüyündə Osmanlı Hərbi nazirliyinin Almaniya Baş qərargahı ilə sıx yazışmaları bilavasitə Bakı barəsində idi. Lakin Almaniya Xarici İşlər Nazirliyi məsələnin belə qoyuluşu ilə razı deyildi. Nazirliyin məsul nümayəndəsi Baron Berkhaym bildirirdi ki, britaniyalıların gələcəkdə Bakıda möhkəmlənməsindən ehtiyat edərək mən yenidən öz təklifimdə təkid edirəm ki, Bakının Rusiya idarəçiliyində qalması məsələsində Osmanlını və Sovet Rusiyasını bir araya gətirmək lazımdır. Bakıda elə bir idarəçilik yaradılmalıdır ki, Osmanlının ehtiyaclarını nəzərə almaqla Almaniya və Rusiyanının neftlə təchiz edilməsinə təminat versin. Bu məsələdə anlaşmanın gec əldə edilməsi, britaniyalıların Bakıda möhkəmlənməsinə şərait yaradacaq. Berlində olan Sovet Rusiyasının müvəqqəti işlər vəkili Adolf İoffe Almaniya Xarici işlər nazirliyinə bildirmişdi ki, onun ölkəsi türklərin Bakıya girməsinə qəti etiraz etsə də, Almaniyanın britaniyalıları Bakıdan vurub çıxarmasını və şəhəri gələcəkdə Rusiyaya qaytarmaq şərti ilə müvəqqəti idarə etməsini “qeyri-dost” addımı hesab etmir. Lakin Almaniya Xarici İşlər Nazirliyi Bakının birgə idarəçiliyinə razılıq vermədi. Almaniya Xarici İşlər Naziri Paul fon Hintze Almaniya baş qərəgahına bildirirdi ki, Ali Hərbi komandanlığın qərarına görə Bakı Rusiyanın idarəsində qalmalıdır; bütün vasitələrlə türklərin şəhərə girməsinə müqavimət göstərilməlidir; neft göndərilməsi məsələsində Rusiya ilə razılığa cəhd edilməlidir. Avqustun 18-də Lüdendorf da bu təkliflərlə razı olduğunu bildirdi. Bu qərar avqustun 27-də Rusiya ilə Almaniya arasında imzalanmış gizli müqavilədə öz əksini tapdı. Lakin bu müqavilədən bir neçə gün sonra Berlinə səfər edən Osmanlı baş naziri Tələt paşa Almaniya paytaxtında apardığı danışıqlarda açıq şəkildə anlatdı ki, Bakı Azərbaycana məxsusdur. Baş nazir və Gürcüstan Xarici işlər naziri A. Çxenkeli ilə yazışmalardan sonra Fridrix Hans fon Rozenberq Alman hökumətinə bildirirdi ki, Osmanlı və Gürcüstan tərəfindən müdafiə olunan Azərbaycan Bakını azad etmək üçün kifayət qədər gücə malikdir.
Buna bənzər məlumatları avqustun ortalarında Ənvər paşa da Nuru paşaya yazırdı. O bildirirdi ki, Almaniya ilə aparılan danışıqlar ciddi bir nəticə vermədi, onlar Brest-Litovsk sazişinə əməl edilməsində və ruslarla sülhün pozulmamasında israrlıdırlar. Ənvər paşa yazırdı: “Almanlar Bakı şəhərini azərbaycanlılara buraxmaq təəhhüdü altına girmək istəməzlərsə də, təşəkkül edəcək Azərbaycan hökumətinin Bakısız yaşaya bilməyəcəyini iddia və bu nöqtədə israr edirik”.
Həmin günlər İstanbuldan Rəsulzadənin Xarici İşlər naziri Hacınskiyə göndərdiyi təcili məktubda Bakının azad edilməsinin sürətləndirilməsi əhəmiyyəti vurğulanırdı.1918-ci ilin yayında Qərb cəbhəsində Almaniyanın məğlubiyyəti beynəlxalq vəziyyəti əsaslı şəkildə dəyişdirə bilərdi. Hadisələrin gedişi ilə daha yaxından tanış olan və onun doğura biləcəyi siyasi nəticələri daha aydın görən Rəsulzadə bildirirdi: “Hansı yolla, nəyin bahasına olursa-olsun Bakı tezliklə azad edilməlidir. Əks təqdirdə biz baş vermiş fakt qarşısında, çətin vəziyyətdə qalarıq. Bakıya doğru hərəkət yalnız Azərbaycanın adından olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır. Ayrı cür olarsa çətinliklər yarana bilər”. Beynəlxalq aləmdə gedən hadisələri təhlil etdikdən sonra Rəsulzadə Azərbaycan hökumətinə bildirirdi: “Siz Bakını tutmalısınız ki, hamı baş vermiş fakt qarşısında qalsın.” Baş nazir Fətəli xan da öz növbəsində Rəsulzadədən xahiş edirdi ki, Bakının azad edilməsi üçün İstanbuldakı diplomatik səylərini artırsınlar. O yazırdı: “Əsas məsələ kimi Bakı məsələsi hələ həll olunmayıb və bilmirik ki, yaxında həll olacaq, ya yox. Bütün gücünüzdən istifadə etmək lazımdır ki, İstanbulda bu məsələnin tez həllinə nail olasınız, əks təqdirdə sonra mümkünsüz olacaq. Bakıda artıq bütün texniki vasitələrlə təchiz olunmuş iki min əsgərdən ibarət britaniyalılar görünməyə başlayıblar. Vəziyyət hər gün ağırlaşır. Qarabağ istiqamətindən Zəngəzur qəzasının bir hissəsini işğal edib, Şuşa qəzasını bizdən ayırmaq istəyən Andranikin ordusu hərəkət edir. Bakı məsələsi həll olunmamış heç nə edə bilmərik.”
Avqustun 26-da məşhur Palçıq Vulkanları istiqamətindən türk ordusunun Bakıya güclü hücumu başladı. Bu məntəqədə yerləşən Britaniya rotası böyük itki verdi. Avqustun 31-də Bakı ətrafındakı Binəqədi, Digah, Məhəmmədli kəndləri QİO nəzarətinə keçdilər. Həmin günlərdə öz müttəfiqlərinə qarşı qəzəbli olan Denstervill çarəsizcə yazırdı: “Məndə belə bir sual yaranır ki, indiki şəraitdən heç bir çıxış yolu olmadığı halda, bu qədər insanın həyatını təhlükədə qoymaqda mən nə qədər haqlıyam. Bu inqilabçılar və onların komitələri yığıncaqlarda çıxış etməkdən başqa heç nəyə yaramırlar. Döyüşə yollananda onların batalyonları iclas keçirirdilər, vəziyyət ağırlaşanda döyüş meydanını qoyub yenidən şəhərə qaçırdılar”.
Sentyabr ayının əvvəllərində beynəlxalq vəziyyətin Antantanın xeyrinə dəyişməsi Almaniyanın 27 avqust sazişinə marağını zəiflətdi. 1918-ci ilin payızında İstanbuldan göndərdikləri məktub və teleqramlarda Azərbaycan nümayəndələri siyasi vəziyyətin dəyişdiyini vurğulayır, yaranmış mürəkkəb, hər an dəyişən şəraitdə Bakının tezliklə azad edilməsini zəruri hesab edirdilər. Azərbaycan nümayəndələri ilə görüşündə Ənvər paşa qeyd edirdi ki, britaniyalıların Bakıya daxil olması Almaniya tərəfindən Azərbaycan paytaxtının azad edilməsinə qarşı olan müqaviməti heçə endirmişdir. Rəsulzadə İstanbuldan xəbərdarlıq edirdi ki, “Bakı məsələsi, ancaq gücdən asılıdır. Əgər Bakı alınmasa hər şey bitdi. Əlvida, Azərbaycan. Hətta alındıqdan sonra belə biz çoxlu diplomatik çətinliklərlə qarşılaşmalı olacağıq. Bu vəzifəni yerinə yetirmək üçün biz qabaqcadan ordunu hazırlamalıyıq. Bu məsələ ilə bağlı Osmanlıda ictimai rəy və siyasi dairələr son həddə qədər narahatdır.” Bakının azad olmasının qaçılmaz olduğunu görən Almaniya Baş qərargahı 1918-ci ilin sentyabrın 10-da Gürcüstandakı alman hərbi hissələrinin komandanı geneal fon Kressə əmr verdi ki, Bakının ələ keçirilməsinə hazırlaşmaq lazımdır və əməliyyat tam hazır olanda Berlinə məlumat versin. Məhz o zaman Kress əməliyyatı icra etmək üçün əmr alacaqdı və eyni zamanda o nəzərə almalı idi ki, bu plan bilavasitə alman orduları tərəfində həyata keçirilməlidir. Əgər ehtiyac yaranarsa, Osmanlı və Azərbaycan ordusunun da əməliyyata cəlb edilməsi mümkün sayılırdı. Lakin almanlar yazışdığı müddətdə Bakının azad edilməsinin son tarixi artıq İstanbulda təsdiq edilmiş və QİO komandanlığına əmr gəlmişdi: Sentyabrın 15-də müsəlmanlar müqəddəs Qurban bayramını öz şəhərlərində qeyd etməlidirlər!
1918-ci ilin yayında və payızında ciddi hərbi, diplomatik hazırlıqdan sonra Bakıya həlledici hücum başlandı. Sentyabrın 15-də Britaniya hərbi qüvvələri Bakını tərk etdilər. Denstervilldən acıqlı olan Sentrokaspi Diktaturasının rəhbərləri Bakı dəniz artilleriyası tərəfindən onun gəmilərinə atəş açılacağı ilə hədələsələr də, artıq gec idi. Axşama yaxın cəbhədən qaçan erməni dəstələrinin bir hissəsi də erməni Hərbi Komissar general Baqratuni başda olmaqla, Ənzəliyə qaçdı. Sentrokaspi hökuməti tərəfindən həbs olunmuş Bakı XKS-nin rəhbərliyi həmin hökumətin rəsmilərindən olan Abram Velunsun yardımı ilə bolşevik Anastas Mikoyan tərəfindən azad edildi və onlar da Bakını tərk etdilər. 30 saat davam edən son hərbi əməliyyatdan sonra sentyabrın 15-də Azərbaycan ordu hissələri Bakıya daxil oldu. Məhəmmd Əmin Rəsulzadə Bakının azad edilməsi ilə bağlı sevincini belə dilə gətirirdi: “Altı ay tamam xuni-cigər yeyən əhvali-islamiyyəsinin üzü gülüyor. Qurban bayramı kimi məsud bir gündə Bakı təkrar kəndi sahiblərinin əlinə keçiyor… Qafası məşhur gilyotin məngənəsində bulunan bir adamın xilası nasıl bir həyati-novin isə, Bakının azad olunması dəxi o nisbətdə ecazkar bir vəqiə idi”.
Neft Bakısı uğrunda böyük dövlətlər arasında başlanmış gərgin mübarizə Azərbaycanın qələbəsi ilə nəticələndi. Yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti üçün paytaxtın azad edilməsi əldə olunmuş ilk böyük uğur idi. Qeyd etmək lazımdır ki, müharibədə öz məqsədlərinin də olmasına baxmayaraq Osmanlı İmperiyasının əvəzsiz yardımı olmadan bu əhəmiyyətli qələbəyə yetişmək həddindən artıq çətin, bəlkə də mümkünsüz olardı.