fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Parisdə Sülh Konfransının Ali Şurasına

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu məktub 1920-ci ilin iyun ayında, artıq Azərbaycan Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra Azərbaycanın Paris Sülh Konfransı yanındakı Nümayəndə heyəti tərəfindən Konfransın Ali Şurasına ünvanlanmışdır. Məktubun mətni Əli Mərdan bəy Topçubaşovun Parisdəki arxivində köçürülmüş və Azərbaycan dilinə BRI (BAİ) əməkdaşları tərəfindən tərcümə olunmuşdur.

6.6.1920

S-r 469

Parisdə Sülh Konfransının Ali Şurasına

Ali Şura tərəfindən Azərbaycan Respublikasının faktiki tanınmasından sonra bu respublikanın hökuməti və Sülh Konfransındakı Azərbaycan Nümayəndə heyəti güclü səylər göstərərək, qonşu respublikalarla mübahisəli ərazi və sərhəd məsələlərini yoluna qoymaq işlərinə başladı ki, öz sərhədlərinin hər hansı təcavüzə qarşı təhlükəsizliyini təmin edə bilsin, bu həmçinin müstəqilliyin hüquqi tanınması üçün lazım idi ki, bu da öz növbəsində Azərbaycanda möhkəm daxili quruculuq üçün orqanik daxili islahatlara tam imkan verəcəkdi.

Özünün bu səylərində, ölkənin məxsusi mədəni və maddi imkanlarına arxalanaraq Azərbaycan Respublikasının hökuməti və Nümayəndə heyəti yaşanan reallığın şərtlərinə uyğun olaraq Konfransın Ali Şurasından və ümumiyyətlə, Antanta ölkələrindən dəstək almağa ümid edirdilər.

Xüsusən bu ümid sərhədlərin qorunması məsələsində güclü idi. İki dəfə – bu ilin 17 və 19 yanvarında-bu məsələ Konfransın Ali Şurasının plenar iclasında və feldmarşal Vilsonun sədrlik etdiyi müşavirədə müzakirə olunub. O vaxtdan etibarən Nümayəndə heyətinin Paris və Londondakı təmsilçiləri, həmçinin Bakıdakı hökumət özü dəfələrlə söz verilən dəstəyi almaq üçün müvafiq addımlar atıb. Bu zaman xüsusilə israrlı tələblər vaxtilə Xəzər Donanmasının general Denikinin ordusunun sərəncamına verilən gəmilərinin qaytarılması ilə bağlı olub. Nümayəndə heyəti bu məsələ ilə bağlı sonuncu müraciətini bu ilin mart ayının 31-də Londonda edib. Bu müraciətində Nümayəndə heyəti Azərbaycanın, xüsusən paytaxt Bakının Xəzər dənizi tərəfindən müdafiəsiz qalmasını vurğulayaraq, Xəzər donanmasının, həm də artıq darmadağın edilmiş Könüllü Orduya[i] tamamilə lazım olmayan göstərilən hissəsinin Azərbaycan hökumətinə qaytarılması ilə bağlı məsələnin həllinin sürətləndirilməsini xahiş edib.

Respublikanın hökuməti və Nümayəndə heyəti sərhədlərin qorunması ilə bağlı bütün bəyanatlarında və atdığı addımlarında qeyd etməyi özünə borc bilirdi ki, Azərbaycanın təbii ehtiyatlarla zənginliyi, xüsusən Bakıda Azərbaycan hökumətinin ixtiyarındakı 200 milyon puddan artıq iri neft ehtiyatı ölkə üçün son dərəcə vacib, təxirə salınması və gecikdirilməsi qeyri-mümkün olan bu işi, yəni öz ərazilərinin sərhədlərinin qorunmasını maddi cəhətdən təmin etməyə artıq dərəcədə kifayət edir.

II

Bu ilin aprel ayının sonunda Bakıda baş verən hadisələr Azərbaycana dəstəyin təxirəsalınmazlığı və ciddi tələsikliyə ehtiyacı olması ilə bağlı israrlı tələblərin nə dərəcədə əsaslı olduğunu təsdiq etdi. Hərbi materialların olmaması səbəbi ilə Azərbaycan hökuməti yalnız nizami ordunun nisbətən kiçik heyəti ilə kifayətlənməli oldu.

Haqqında danışılan hadisələr barədə Avropa mətbuatı son dərəcə az və eyni zamanda bir-birini inkar edən məlumatlar verir. Təəssüflər olsun ki, radio və teleqrafın işində kəsilmələr, bəzən isə tamamilə fəaliyyətlərini dayandırması səbəbilə Azərbaycan Nümayəndə heyəti dəqiq məlumatlar almaq imkanından məhrumdur, baxmayaraq ki, Fransa Xarici İşlər Nazirliyi, Parisdəki İngilis Nümayəndə heyəti və digərlərinin xeyirxah vasitəçiliyi ilə Bakıya bir neçə sorğu teleqramları göndərmişdir.

Buna baxmayaraq, Nümayəndə heyətinin əlində olan məlumatlardan görünür ki, hətta Azərbaycan hökumətinin ixtiyarında olan adı çəkilən nisbətən kiçik hərbi qüvvəsinin belə başı aprelin sonunda Azərbaycanın Bakıdan aralıda yerləşən və Ermənistan Respublikasının (İrəvandan) nizami ordusunun qəfil hücumuna məruz qalmış vilayətinin – Qarabağın müdafiəsinə qarışmışdı.

Bu təsadüfən belə baş verib, yoxsa, özlərinin Qarabağa olan əsassız iddialarını həyata keçirmək üçün vaxtilə Könüllü Orduya verdikləri dəstək kimi bolşeviklərə də dəstək vermək qərarına gəlmiş ermənilərin məkrli planları idimi – fakt odur ki, bolşeviklər Bakı şəhərini tutan anda orada Azərbaycan ordusu yox idi və hələ aydınlaşmamış səbəblərə görə Azərbaycanın ittifaqda olduğu qonşu Gürcüstan hökumətinə kömək üçün müraciəti də nəticəsiz qalmışdır.

Həmin məlumatlardan həmçinin görünür ki, Bakının ələ keçirilməsi çox güman ki, yerli ekstremistlər, Azərbaycan bolşevikləri vasitəsilə həyata keçirilmişdir və onların “hakimiyyəti” yalnız Bakı neft rayonu ilə kifayətlənir, iri Azərbaycan Respublikası ərazilərinin digər hissələrinə yayılmayıb.

III

Amma Bakı rayonunda baş verən hadisələrin xarakter və nəticələrindən asılı olmayaraq, Parlamentinin adından xalqın iradəsinin təmsilçisi olaraq Sülh konfransında Azərbaycanın həyati maraqlarını müdafiə edən Azərbaycan Nümayəndə heyəti qətiyyətlə Ali Şuraya bəyan edir ki, Azərbaycan xalqının bütün elementlərinin bütün Azərbaycanın 28 may 1918-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi elan edilərkən qədəm qoyduğu və yeganə düzgün, xilasedici hesab etdikləri yola sarsılmaz sədaqətləri olub və indi də davam edir.

Bu vacib addımı atarkən və bütöv bir əsr ərzində əsarətində olduğu əvvəlki rus çar hakimiyyəti ilə əlaqələrini kəsərkən, Azərbaycan xalqı əlbəttə bilirdi ki, öz üzərinə necə bir məsuliyyət götürür, demokratik əsaslarda respublika quruluşunun yaradılmasında və möhkəmləndirilməsində tale onu necə çətin məsələlər və böyük qurbanlarla üz-üzə qoyacaq.

Müstəqilliyin elanından sonra baş verən hadisələr əyani şəkildə sübut edirdi ki, bütövlükdə kütlələrin və rəhbərlərinin timsalında Azərbaycan xalqı azad və müstəqil həyat qurmaq uğrunda səylərinə necə müdrikliklə yanaşır, bunun üçün hər cür qurbanlara hazır olduğunu nümayiş etdirir – müstəqilliyin bəyan edilməsi günündən sonrakı beş aya yaxın bir müddət ərzində Azərbaycan xalqı 1918-ci ildə (martın sonundan) Bakını və Bakı əyalətinin bir neçə qəzasını ələ keçirmiş bolşeviklərə qarşı fədakar mübarizə aparırdı ki, bunun nəticəsində Bakı və qəzalar bolşeviklərdən azad olunmuşdu. Bundan sonra azərbaycanlılar iki il ərzində ölkədə Parlament və hökumətin, Avropada isə bu Nümayəndə heyətinin rəhbərlik etdiyi dövlət təşkilatlarının timsalında vətəndaşların hüquq və vəzifələrinə dövlət düşüncəsinə xas anlayış nümayiş etdirərək, Azərbaycanda qayda-qanunu və sakitliyi bərqərar etmiş, öz müstəqilliyinin müttəfiq dövlətlər tərəfindən tam şəkildə tanınmasını səbrlə gözləmişlər.

Bütün bu cür azərbaycanlıların öz ictimai-siyasi mövcudiyyətinin müstəqilliyinə olan fədakar sədaqətinin və sevgisinin nümayişi olan məlumatlar onu göstərir ki, Azərbaycan xalqı bu xilasedici ideyaya şüurlu şəkildə inanır, ondan imtina etməyəcəkdir və onun üçün bütün qurbanlara hazırdır.

Öz xalqını tanıyan və onun adı çəkilən keyfiyyətlərinə əmin olan, ümumxalq seçkisi ilə seçilmiş parlamentin sədrindən və dörd deputatından ibarət xalq nümayəndələrinin təmsil etdiyi Azərbaycan Nümayəndə heyəti Sülh Konfransının Ali Şurası qarşısında cəsarətlə bəyan edir ki,  təsadüfi və müvəqqəti xarakter daşıyan hadisələrə baxmayaraq Azərbaycan xalqı öz azadlığını hər cür təcavüzdən qoruyacaq və Konfarns qarşısında öz xalqını təmsil edən Nümayəndə heyəti bu günə qədər imkanları daxilində etdiyi kimi, bundan sonra da möhkəm və sarsılmaz şəkildə bütün dünya, xüsusən də müttəfiq dövlətlər qarşısında Azərbaycan Respublikasının həyati maraqlarını, onun tam siyasi və iqtisadi müstəqilliyini müdafiə edəcəkdir.

Şüarı və proqramı Azərbaycan xalqı tərəfindən Parlamentin timsalında göstərilmiş bu işinin davamı olaraq Azərbaycan Nümayəndə heyəti Konfransın Ali Şurasının Azərbaycan Respublikasının tam müstəqilliyinin təminatı və ərazisinin toxunulmazlığı nöqteyi-nəzərindən dəstəyinə ümid etməyə, bel bağlamağa cəsarət göstərir.

 

Qeydlər:

[i] Burada Ağ Ordu nəzərdə tutulur.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.