Cəmiyyət

Cəmiyyət

Transmilli repressiya və beynəlxalq hüquq: Azərbaycan təcrübəsinin analizi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Müasir beynəlxalq münasibətlər və insan hüquqları diskursunda müşahidə olunan mühüm tendensiyalardan biri avtoritar idarəetmə modellərinin repressiv praktikalarının milli sərhədləri aşmasıdır. Son illərdə bir sıra dövlətlərin öz siyasi rəqiblərini, tənqidçilərini və müstəqil fikir daşıyıcılarını ölkə hüdudlarından kənarda da hədəfə alması, transmilli repressiya kimi xarakterizə olunan yeni fenomenin formalaşmasına gətirib çıxarmışdır. Bu fenomen klassik siyasi repressiya anlayışını aşaraq, beynəlxalq hüquq və insan hüquqlarının müdafiəsi mexanizmləri üçün ciddi çağırışlar yaradır.

Transmilli repressiya artıq Avropa Şurasının insan hüquqlarının müdafiəsi fəaliyyətində ayrıca problem sahəsi kimi diqqət mərkəzinə çıxmışdır. Xüsusilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müzakirələri və qəbul etdiyi sənədlər bu praktikanın Avropa insan hüquqları sisteminə yaratdığı riskləri ön plana çıxarır. İfadə azadlığı, siyasi plüralizm və effektiv hüquqi müdafiə kimi fundamental prinsiplər transmilli repressiyanın yayılması fonunda ciddi təzyiq altına düşür.

Azərbaycan Respublikası kontekstində transmilli repressiya daxili siyasi repressiyanın xaricdə yaşayan siyasi fəallara və tənqidçilərə yönəlməsi ilə özünü göstərir. Qiyabi istintaq və məhkəmə qərarları, beynəlxalq hüquqi mexanizmlərdən siyasi məqsədlərlə istifadə və mühacirlərin yaxın ətrafına yönəlmiş təzyiqlər bu fenomenin əsas təzahür formaları kimi qiymətləndirilir. Bu məqalənin məqsədi transmilli repressiya fenomenini nəzəri və hüquqi baxımdan təhlil etmək, onun beynəlxalq səviyyədə formalaşan yanaşmalarını araşdırmaq və Azərbaycan nümunəsində konkret təzahürlərini qiymətləndirməkdir.

Transmilli repressiya nədir?

Transmilli repressiya dövlətlərin öz siyasi opponentlərinə, tənqidçilərinə və mühacir fəallara qarşı sərhədlərindən kənarda məqsədyönlü təzyiq tədbirləri həyata keçirməsini əhatə edir.[1] Klassik daxili repressiya dövlətin öz yurisdiksiyası daxilində zorakı və qeyri-zorakı təzyiq formalarını əhatə edərkən, transmilli repressiya bu praktikanın coğrafi və hüquqi sərhədləri aşmaqla davamı kimi çıxış edir. Onun əsas fərqləndirici cəhəti sistemli, uzunmüddətli və həm hüquqi, həm də qeyri-hüquqi vasitələrdən ibarət strategiya şəklində həyata keçirilməsidir. Fenomenin meydana çıxması qloballaşma, miqrasiya axınlarının artması və siyasi mühacirətin intensivləşməsi ilə sıx bağlıdır. Dövlətlərin xaricdə yaşayan və ya fəaliyyət göstərən vətəndaşlarına təsir imkanlarının genişlənməsi nəticəsində avtoritar və yarı-avtoritar rejimlər üçün ölkə hüdudlarından kənarda fəaliyyət göstərən tənqidçi subyektlər artıq təhlükəsiz mühitdə hesab edilmir və onlara qarşı müxtəlif təzyiq mexanizmləri tətbiq olunur. Nəticədə repressiya anlayışı yeni məzmun qazanaraq transmilli ölçü alır.

Transmilli repressiyanın konseptual əsasları avtoritar idarəetmə, dövlət suverenliyi və insan hüquqlarının beynəlxalq müdafiəsi arasında yaranan gərginlikdə formalaşır. Bir tərəfdən dövlətlər təhlükəsizlik və ictimai asayiş maraqlarına əsaslanaraq siyasi fəaliyyətə nəzarəti əsaslandırmağa çalışır, digər tərəfdən isə ifadə azadlığı, siyasi fəaliyyət azadlığı və şəxsi toxunulmazlıq kimi fundamental hüquqlar beynəlxalq hüquqla qorunur. Bu qarşıdurma transmilli repressiyanı həm siyasi praktika, həm də hüquqi problem kimi aktuallaşdırır.

Akademik ədəbiyyatda transmilli repressiyanın izahı və təsnifatı üçün müxtəlif nəzəri modellər formalaşdırılmışdır. Bu modellər arasında Cooley, HeathershawSchenkkan (CHS) yanaşması, Dana Mos və Eduard Lemonun konseptual çərçivələri xüsusi yer tutur.[2] Bununla belə, empirik tədqiqatlara əsaslanması və transmilli repressiyanın müxtəlif formalarını sistemli şəkildə əhatə etməsi baxımından Freedom House təsnifatı daha geniş tətbiq olunur.[3] Bu səbəbdən, təqdim olunan araşdırmada məhz həmin model əsas analitik çərçivə kimi götürülür.

Freedom House təşkilatının təsnifatına əsasən transmilli repressiyanın əsas formaları fiziki zorakılıq və oğurlama, qeyri-qanuni deportasiya və ekstradisiya, hüquqi təqib və cinayət işləri, rəqəmsal nəzarət və onlayn təzyiq, diaspor üzvlərinə qarşı dolayı təzyiq kimi kateqoriyalara ayrılır. Metodoloji məqsədlə bu araşdırmada Freedom Houseun təqdim etdiyi qruplar bir qədər genişləndirilərək altı əsas kateqoriya üzrə təhlil edilir:

1) fiziki müdaxilə və oğurlama;

2) qeyri-qanuni deportasiya və ekstradisiya;

3) hüquqi təqib və qiyabi məhkəmə qərarları;

4) rəqəmsal nəzarət və onlayn təzyiq;

5) dolayı təzyiq və yaxın ətrafın hədəflənməsi;

6) fiziki zorakılıq və öldürmə.

Bu yanaşma Freedom House təşkilatının empirik təsnifatının məntiqini qoruyur və Azərbaycan kontekstində transmilli repressiyanın praktik təzahürlərini daha sistemli və detallı şəkildə təhlil etməyə imkan verir. Transmilli repressiyanın müxtəlif formaları bir-biri ilə sıx bağlıdır və çox zaman paralel şəkildə tətbiq olunur. Bu xüsusiyyət onu epizodik hallar toplusu deyil, məqsədyönlü, çoxsəviyyəli və institusionallaşmış fəaliyyət modeli kimi göstərir.

Transmilli repressiyanın beynəlxalq-hüquqi qiymətləndirilməsi

Transmilli repressiya beynəlxalq hüquq baxımından bir sıra fundamental prinsiplərin pozulması ilə xarakterizə olunur və bu səbəbdən onun hüquqi qiymətləndirilməsi kompleks yanaşma tələb edir. Bu fenomen yalnız fərdi hüquq pozuntuları ilə məhdudlaşmır, eyni zamanda dövlətlərin beynəlxalq öhdəliklərinin sistemli şəkildə pozulması kimi qiymətləndirilə bilər. Bu baxımdan, transmilli repressiya həm ümumi beynəlxalq hüquq prinsipləri, həm də insan hüquqları üzrə beynəlxalq müqavilələr çərçivəsində təhlil olunmalıdır.

İlk növbədə, transmilli repressiya dövlət suverenliyi və daxili işlərə qarışmamaq prinsipi ilə ziddiyyət təşkil edir. Bu prinsiplər Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsində təsbit edilmişdir və dövlətlərin bir-birinin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməsini tələb edir.[4] Xarici ərazidə yaşayan şəxslərə qarşı repressiv tədbirlərin həyata keçirilməsi digər dövlətin suveren hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər. Bu cür fəaliyyətlər, xüsusilə zor tətbiqi ilə müşayiət olunduqda, beynəlxalq hüququn əsas prinsiplərindən biri olan güc tətbiq etməmək prinsipinin pozulmasına gətirib çıxarır.

Transmilli repressiyanın hüquqi qiymətləndirilməsində əsas sənədlərdən biri Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktdır. Bu sənəd ifadə azadlığı (maddə 19), sərbəst toplaşmaq və birləşmək azadlığı (maddə 21–22) və ədalətli məhkəmə hüququ (maddə 14) kimi fundamental hüquqları təmin edir.[5] Xaricdə yaşayan şəxslərin siyasi fəaliyyətinə görə təqib olunması və ya onlara qarşı hüquqi mexanizmlərdən sui-istifadə edilməsi bu hüquqların pozulması kimi qiymətləndirilir.

Avropa hüquq məkanında isə Avropa Şurası çərçivəsində qəbul olunmuş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası xüsusi əhəmiyyət kəsb edir. Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə hüququ), 10-cu maddəsi (ifadə azadlığı) və 11-ci maddəsi (toplaşmaq və birləşmək azadlığı) transmilli repressiya hallarında tez-tez pozulan hüquqlar sırasındadır.[6] Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququ da göstərir ki, dövlətlər yalnız öz ərazilərində deyil, faktiki nəzarət və təsir imkanlarına malik olduqları hallarda xaricdə də bu öhdəlikləri daşıya bilərlər.

Transmilli repressiyanın mühüm hüquqi aspektlərindən biri də qaçqın hüququdur. Bu sahədə əsas sənəd Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasıdır. Həmin Konvensiyada təsbit olunmuş geri qaytarmama (non-refoulement) prinsipi dövlətlərə təqib riski olan şəxsləri geri qaytarmama öhdəliyi qoyur.[7] Lakin bəzi hallarda ekstradisiya və deportasiya mexanizmlərindən siyasi məqsədlərlə istifadə olunaraq bu prinsip dolayısı ilə pozulur. Bundan əlavə, Avropa İttifaqı çərçivəsində qəbul olunmuş insan hüquqları və demokratiya üzrə fəaliyyət planlarında üçüncü dövlətlərin Avropa ərazisində yaşayan dissidentlərə qarşı təzyiq göstərməsi ciddi problem kimi qiymətləndirilir. Bu sənədlər üzv dövlətləri belə halların qarşısını almağa və hüquqi müdafiə mexanizmlərini gücləndirməyə çağırır.[8]

AŞPA çərçivəsində qəbul edilmiş sənədlərdə isə transmilli repressiyanın ayrı-ayrı elementləri, xüsusilə beynəlxalq hüquqi əməkdaşlıq mexanizmlərindən sui-istifadə, diaspor üzərində təzyiq və xaricdə yaşayan siyasi fəallara qarşı yönəlmiş tədbirlər tənqid olunur.[9] Bununla yanaşı, transmilli repressiya anlayışı bu qurumun qətnamələrində sistemli hüquqi termin kimi geniş istifadə olunmasa da, son illərdə qəbul edilmiş hesabatlarda daha aydın və konseptual şəkildə ifadə olunmağa başlanmışdır. Eyni yanaşma BMT çərçivəsində də müşahidə olunur. BMT-nin normativ sənədlərində transmilli repressiya anlayışı ayrıca hüquqi kateqoriya kimi tam formalaşmamışdır. Bununla belə, xüsusi məruzəçilərin son dövrlərdə təqdim etdikləri hesabatlarda bu termin və onun məzmun elementləri daha sistemli şəkildə istifadə edilməyə başlanmışdır.

Beləliklə, transmilli repressiya beynəlxalq hüququn həm dövlətlərarası münasibətləri tənzimləyən prinsiplərini, həm də fərdlərin əsas hüquq və azadlıqlarını qoruyan normativ çərçivəni pozan kompleks fenomendir və bu səbəbdən onun hüquqi qiymətləndirilməsi sistemli və çoxsəviyyəli yanaşma tələb edir.

Azərbaycan kontekstində transmilli repressiyanın formaları və nümunələri

Azərbaycan kontekstində transmilli repressiya fenomeni sadəcə hüquqi mexanizmlərin sərhədlərdən kənarda tətbiqi deyil. O, Azərbaycan hakimiyyətinin xarici ölkələrdə yaşayan siyasi rəqiblər, jurnalistlər və insan hüquqları müdafiəçiləri üzərində məqsədyönlü, çoxsəviyyəli və institusional nəzarət və təzyiq siyasətinin real təzahürüdür. Bu yarımbaşlıqda yuxarıda təqdim olunan altı əsas kateqoriya üzrə Azərbaycan nümunələri üzərində təhlil aparılacaq. Bu yanaşma yalnız kateqoriyaları izah etmir, həm də praktikada həyata keçirilmiş zorakılıq və hüquqi təzyiq hallarını konkret şəxslərin adları və empirik nümunələri ilə göstərməyə imkan verir.

Birinci kateqoriya: zorakı fiziki müdaxilə və oğurlama transmilli repressiyanın ən açıq və sərt təzahürlərindən biridir və dövlətin sərhədlərdən kənarda zorakılıq vasitəsilə tənqidçiləri hədəfə almasını əhatə edir. Belə halların ən geniş sənədləşdirilmiş nümunəsi 2017‑ci ildə jurnalist Əfqan Muxtarlının Gürcüstanın paytaxtı Tiflisdə müəmmalı şəkildə yoxa çıxması və bir gün sonra Azərbaycan ərazisində həbs olunmasıdır.[10] Bu hadisənin tədqiqi AİHM-in 2024‑cü il sentyabr tarixli qərarında həm Gürcüstanın effektiv araşdırma aparmaması, həm də Azərbaycanla əlaqədar azadlıq və təhlükəsizlik hüququnun pozulması kimi qiymətləndirilmişdir.[11] Muxtarlının özü baş verənləri zorla tutulma və oğurlama olduğunu bildirmiş, özünün jurnalist fəaliyyəti ilə bağlı cəzalandırıldığını irəli sürmüşdür. Bu hadisə yalnız şəxsi mühakimə ilə məhdudlaşmır, eyni zamanda ölkələr arasında hüquqi prosedurların casus‑siyasət alətinə çevrilməsi ilə bağlı geniş müzakirələrə səbəb olmuşdur.

Bənzər şəkildə, Zahirəddin İbrahimovun (İbrahimi) Rusiyanın Yekaterinburq şəhərində 26 mart 2025‑ci ildə yoxa çıxması və daha sonra Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında tapılması də transmilli repressiya mexanizmlərinin fiziki müdaxilə və oğurlanma ilə bağlı təzahürüdür. İbrahimov, uzun illər Rusiyada yaşayan talış tarixçi və mədəni fəal olaraq tanınırdı. Onun yoxa çıxmasından bir neçə gün sonra ailəsinə DTX-dan göndərilmiş məktubla barəsində Cinayət Məcəlləsinin ağır maddələri ilə istintaqa start verilməsi barədə məlumat verilmişdir.

Digər oxşar nümunə Elvin İsayev hadisəsidir. İsayev siyasi bloqer və aktivist olaraq 1998‑ci ildən Rusiya Federasiyasında yaşayıb, 2001‑ci ildə Rusiyada vətəndaşlıq statusu almışdı. Onun siyasi fəaliyyəti Azərbaycan hakimiyyətini tənqid etməyə yönəlmişdi. O, xüsusilə korrupsiya və insan hüquqları məsələlərində video-reportajlar verirdi. 2019‑cu ilin avqustunda Bakı şəhərinin Nəsimi rayon məhkəməsi onun barəsində qiyabi həbs qərarı çıxardı və Rusiyanın Sankt‑Peterburq məhkəməsi eyni ilin sentyabrında onun Azərbaycanın deportasiyasını müvəqqəti olaraq AİHM-in öz Reqlamentinin 39-ci qaydası əsasında çıxarılan qərarına istinadən dayandırdı, çünki deportasiya siyasi təqib riskini artırırdı. Daha sonra İsayev Rusiya sərhədlərini tərk edərək Ukraynaya səfər etdi və orada yaşamağa başladı. Lakin 12 dekabr 2019‑cu ildə o, Ukraynada Azərbaycan hökuməti tərəfindən oğurlanaraq Azərbaycana aparıldı və həbs edildi. Ukrayna öz ərazisində baş verən insan oğurluğunu sükutla qarşıladı. Amnesty International və başqa insan hüquqları təşkilatları onun təqibini siyasi motivli hesab etmiş, rəsmi ittihamların siyasi fəaliyyətlə bağlı olduğunu vurğulamışlar.[12]

İkinci kateqoriya: qeyri-qanuni deportasiya və ekstradisiya transmilli repressiyanın hüquqi vasitələrlə həyata keçirilən, lakin faktiki olaraq beynəlxalq hüquqa zidd olan praktikasını nümayiş etdirir. Bu forma dövlətin sərhəd kənarı nəzarət imkanlarını genişləndirir və siyasi təzyiq aləti kimi işləyir. Belə praktikalar dövlətlərin siyasi motivli şəxsləri xarici ölkələrdən zorla gətirməsi, qanuna zidd olaraq deportasiya və ekstradisiya alətlərindən istifadə etməsi ilə xarakterizə olunur. Məqsəd yalnız şəxsin azadlığını məhdudlaşdırmaq deyil, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə siyasi təzyiq yaratmaqdır.

Azərbaycan kontekstində bu yanaşmanın tipik nümunəsi Fəxrəddin Abbasov hadisəsidir. Abbasov, əvvəlcə Rusiya Federasiyasında ekstradisiya proseduru çərçivəsində saxlanılmış, lakin Rusiya hüquqşünaslarının prosedurun açıq qanunsuzluğunu aşkar etməsindən sonra ekstradisiya tələbindən azad edilmişdir. Bundan dərhal sonra Abbasov miqrasiya qanunvericiliyini pozmaq ittihamı ilə inzibati qaydada həbs edilmiş və Azərbaycana deportasiya edilmişdir. Sonralar Fəxrəddin Abbasov uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həbsxanada müəmmalı şəkildə dünyasını dəyişmişdir. Bu hadisə dövlətin hüquqi prosedurları siyasi məqsədlərlə instrumentalizasiyasının bariz nümunəsi kimi qiymətləndirilir.[13]

Bundan əlavə, Avropa İttifaqında yaşayan hüquqşünas Əlövsət Əliyevin 2016-cı ildə və jurnalist Fikrət Hüseynlinin 2017-ci ildə Ukraynada Azərbaycanın sorğusu əsasında İnterpolun qırmızı bülleteni əsasında saxlanılması Azərbaycan hökuməti tərəfindən İnterpoldan sui-istifadə kimi qiymətləndirilmişdir.[14] Bu hadisələr, beynəlxalq polis təşkilatının, xüsusilə İnterpol mexanizmlərinin siyasi məqsədlər üçün istifadə olunmasının mümkün nümunələri kimi hüquqi və akademik təhlil üçün əhəmiyyətlidir.

Bu nümunələr onu göstərir ki, hüquqi mexanizmlərdən, o cümlədən İnterpolun sistemindən sui‑istifadə yolu ilə xaricdə yaşayan tənqidçilərin ekstradisiya və deportasiya tədbirləri transmilli repressiyanın bir komponenti kimi istifadə olunur və bu, ciddi şəkildə beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.

Üçüncü kateqoriya: hüquqi təqib və qiyabi məhkəmə qərarları transmilli repressiyanın rəsmi hüquqi mexanizmlər vasitəsilə sərhədlərdən kənarda yaşayan fərdlərə qarşı siyasi motivli təzyiq göstərilməsinin mühüm vasitələrindən biridir. Bu forma dövlətin cinayət istintaqı və məhkəmə prosedurlarını xaricdə yaşayan tənqidçilər və mühacirlər barəsində siyasi motivlə tətbiq etməsi ilə xarakterizə olunur. Qiyabi istintaq və məhkəmə qərarları fiziki məcburiyyət yaratmasa da, həmin şəxslərin hüquqi statusunu qeyri‑müəyyənləşdirir, onların sərhədlərarası hərəkət azadlığını məhdudlaşdırır və psixoloji təzyiq aləti kimi işləyir. Belə qərarlar, xüsusən siyasi ifadə və vətəndaş azadlığı ilə bağlı ittihamlarla birləşdikdə, dövlətin formal hüquqi maska altında siyasi təqibi həyata keçirməsinin açıq təzahürüdür.

Son bir ildə Azərbaycan məhkəmələri xaricdə yaşayan bir sıra jurnalist, bloqer, mühacir və siyasi fəallar barəsində qiyabi istintaq və məhkəmə qərarları çıxarıb. Jurnalistlər Sevinc Osmanqızı, Qənimət Zahid və Beydulla Manafov, siyasətçilər Ərəstun Oruclu[15] və Abid Qafarov, alim Altay Göyüşov, AzerFredom internet televiziya kanalının rəhbəri Qurban Məmmədov, Azad Söz internet televiziya kanalının rəhbəri Tural Sadıqlı, bloqerlər[16] Süleyman Süleymanlı, Məhəmməd Mirzəli, Elşad Məmmədov və digərlər şəxslər Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham edilərək qiyabi prosedurla azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Beynəlxalq hüquq müdafiəsi təşkilatları qeyd edir ki, Azərbaycan hökumətinin xaricdə yaşayan tənqidçilərə qarşı qiyabi təqib strategiyası genişlənib və hakimiyyətə qarşı çıxışları ilə tanınan digər mühacirlər, o cümlədən müxtəlif media fəalları və analitiklər müxtəlif ittihamlarla qanuni qaydada məsuliyyətə cəlb olunublar. Bu siyasət Human Rights Watch tərəfindən yayımlanan hesabatlarda “hakimiyyətin tənqidçi səsləri susdurmaq üçün cinayət məcəlləsinin müvafiq maddələrini sui-istifadə etməsi” kimi təsvir edilir.[17]

Bu nümunələr göstərir ki, qiyabi məhkəmə qərarları Azərbaycan kontekstində transmilli repressiyanın formal hüquqi maska altında həyata keçirilən təzahürləri kimi tətbiq olunur. Bu mexanizmlər yalnız məhkəmə proseduru görüntüsü yaratmır, həm də mühacirlərin beynəlxalq hüquqi statusunu və hərəkət azadlığını məhdudlaşdırır, siyasi fəaliyyətlərinə qarşı davamlı təzyiq vasitəsi kimi istifadə edilir.

Dörcüncü kateqoriya: rəqəmsal nəzarət və onlayn təzyiq transmilli repressiyanın müasir texnoloji alətlər vasitəsilə həyata keçirilən formasıdır. Bu metod dövlətlərə sərhəddən kənarda yaşayan tənqidçilərin və siyasi fəalların onlayn fəaliyyətinə müdaxilə etmək, onların şəxsi məlumatlarını ələ keçirmək və ictimai nüfuzuna təsir göstərməklə psixoloji və sosial təzyiq yaratmaq imkanı verir. Bu yanaşma yalnız texniki müdaxilə ilə məhdudlaşmır, həm də hədəf şəxslərin diaspor və beynəlxalq mühitdə nüfuzunu zəiflətmək məqsədini daşıyır.

2021–2022-ci illərdə Pegasus Project beynəlxalq araşdırması sübut etdi ki, Azərbaycan hakimiyyətinə bağlı subyektlər sərhəddən kənarda yaşayan jurnalist və fəallara qarşı casus proqramlardan istifadə edib. Bu proqramlar vasitəsilə şəxslərin mesajları, zəngləri, foto və videolarına giriş əldə olunub. Araşdırmalar göstərir ki, ən azı bir neçə azərbaycanlı müxalif və jurnalist, o cümlədən xaricdə yaşayan jurnalistlər, hədəf seçilib. Bu nümunə göstərir ki, rəqəmsal repressiya yalnız fiziki sərhədlərlə məhdudlaşmır, eyni zamanda fərdlərin beynəlxalq səviyyədə hüquqi və şəxsi təhlükəsizliyinə təhdid yaradır.[18] Belə fəaliyyət həm hüquqi, həm də etik baxımdan beynəlxalq insan hüquqları normalarına ziddir və fərdlərin ifadə azadlığı, şəxsi həyatın gizliliyi və psixoloji toxunulmazlığı kimi hüquqlarını sistemli şəkildə pozur.

Beşinci kateqoriya: dolayı təzyiq və yaxın ətrafın hədəflənməsi transmilli repressiyanın özünəməxsus, lakin çox dağıdıcı bir formasını təşkil edir. Bu strategiya dövlətin tənqidçilərini və siyasi mühacirlərini sərhəddən kənarda hədəf alarkən onların ailə üzvlərini, yaxın qohumlarını və sosial çevrələrini dolayısı ilə təzyiq alətinə çevirir. Bu yolla təzyiq həm hədəf şəxsin fəaliyyətini məhdudlaşdırır, həm də onun diasporadakı fəaliyyətini psixoloji və sosial təzyiq ilə zəiflədir.

Azərbaycanlı video‑bloqer və sosial media fəalı Orduxan Teymurxan xaricdə yaşadığı halda tənqidçi çıxışlar etdikdən sonra onun ailə üzvləri Azərbaycanda hədəf alınıb. 2017‑ci ilin fevralında polis tərəfindən Teymurxanın 12 qohumu, o cümlədən azyaşlı bacısı qızı saxlanılıb. Növbəti gün isə qohumlardan iki nəfər 30 günlük inzibati həbs cəzasına məhkum edilib. Bu hadisə Teymurxanın Almaniyada keçirilən etiraz aksiyasında hökuməti tənqid etməsindən sonra baş verib və ailə üzvlərinə qarşı təzyiqin hədəf şəxsə təsir vasitəsi kimi tətbiq edildiyi açıq şəkildə göstərilib. Bu, transmilli repressiyanın ailə üzvlərinə qarşı təzyiq forması kimi sənədləşdirilmiş nümunəsidir.[19]

Beynəlxalq hüquq müdafiəsi təşkilatlarının hesabatlarında xaricdə olan fəalların ölkədə qalan ailə üzvlərinə qarşı vergi yoxlamaları, inzibati təzyiqlər və sosial problemlər kimi tədbirlərin tətbiq olunduğu qeydə alınmışdır. 2024‑cü ilin əvvəlində Amnesty International bildirib ki, Azərbaycanda hökumət tənqidçilərinin yaxınları və ailə üzvlərinə qarşı sərt sosial və iqtisadi təzyiqlər tətbiq edilir. Bu taktika, tənqidçi şəxslərin fəaliyyətini zəiflətmək və onları ictimai və sosial təhlükə altında saxlamaq məqsədilə həyata keçirilir.[20] Belə hallar yalnız fərdi azadlıqların pozulması deyil, eyni zamanda ailə və yaxın ətrafın da repressiv mexanizmlərlə cərimələnməsi nəticəsində transmilli repressiyanın həcmini və təsir dairəsini genişləndirir.

Altıncı kateqoriya: transmilli repressiyanın ən radikal və təhlükəli formalarından biri xaricdə fiziki zorakılıq və öldürmə hallarıdır. Bu forma dövlətin öz tənqidçilərinə qarşı sərhədlərdən kənarda birbaşa və ya dolayı zor tətbiq etməsi ilə xarakterizə olunur və beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Bu cür fəaliyyətlər ya birbaşa dövlətə bağlı şəxslər, ya da dolayı yolla üçüncü şəxslər vasitəsilə həyata keçirilir. Azərbaycan kontekstində bu istiqamətdə bir neçə fərqli praktik model müşahidə olunub.

Birinci model birbaşa fiziki zorakılıqdır. Azərbaycan kontekstində bu tip halların aktual nümunələrindən biri 2026-cı ildə ABŞ-ın Vaşinqton şəhərində Azərbaycan Prezidentinin səfəri zamanı baş vermiş insidentdir. Məlumatlara görə, Prezidentin mühafizə xidmətinə aid şəxslər etiraz aksiyası keçirən şəxslərlə fiziki qarşıdurmaya girmiş, aksiya iştirakçıları döyülmüş və xəsarət alanlar olmuşdur. Hadisə ilə bağlı yayılan videogörüntülər mühafizəçilərin etirazçılara qarşı zərbə endirdiyini və onları təqib etdiyini göstərir. ABŞ hüquq-mühafizə orqanlarının hadisəyə reaksiyası məhdud olsa da, bu insident dövlətə bağlı şəxslərin xarici ərazidə zor tətbiq etməsinin konkret nümunəsi kimi qiymətləndirilir.[21]

İkinci model dolayı fiziki zorakılıq, üçüncü şəxslər vasitəsilə hücumların həyata keçirilməsidir. Bu baxımdan Fransada yaşayan bloqer Məhəmməd Mirzəliyə qarşı 2020-ci ildə törədilmiş silahlı hücum xüsusi qeyd olunmalıdır. Mirzəli bıçaqlanaraq ağır yaralanmışdır. Hadisə onun siyasi fəaliyyəti ilə əlaqələndirilmiş və transmilli repressiyanın dolayı zorakılıq forması kimi qiymətləndirilmişdir.[22]

Üçüncü model isə öldürmə və ya öldürmə ilə nəticələnən zorakılıq hallarıdır. Bu kontekstdə xaricdə yaşayan azərbaycanlı fəal Vidadi İsgəndərlinin Fransada qətlə yetirilməsi xüsusi diqqətə layiqdir. Hadisə faktı təsdiqlənsə də, onun motivləri və arxasında duran sifariş xarakteri ilə bağlı məsələ hüquqi baxımdan hələ tam müəyyən edilməmişdir. Bununla belə, belə hadisələr transmilli repressiya kontekstində qiymətləndirilərkən nəzərə alınır ki, siyasi fəalların xaricdə belə fiziki təhlükə ilə üzləşməsi onların fəaliyyətinə qarşı ciddi çəkindirici təsir yaradır.

Beləliklə, xaricdə fiziki zorakılıq və öldürmə halları transmilli repressiyanın ən sərt forması olmaqla yanaşı, onun açıq şəkildə zor tətbiqinə əsaslanan mərhələsini təşkil edir. Bu praktika yalnız fərdi hüquqların deyil, həm də dövlətlərin suverenliyi və beynəlxalq hüququn əsas prinsiplərinin pozulması ilə nəticələnir və avtoritar idarəetmələrin sərhədlərdən kənarda təsir imkanlarını necə genişləndirdiyini göstərir.


[1] Freedomhouse.org, What is transnational repression? https://freedomhouse.org/report/transnational-repression

[2] Alexander Cooley və John Heathershaw, Dictators Without Borders: Power and Money in Central Asia, Columbia University, 2017; Dana M. Moss & Saipira Furstenberg, The Importance of Defending Diaspora Activism for Democracy and Human Rights, Edinburgh University, 2024. P. 14–18; E. Lemon, Weaponizing Interpol: The Politics of Transnational Policing. Journal: The Journal of Human Rights Practice, 2019, Vol. 11, No. 2, pp. 239–260.

[3] Freedom House (2021). Out of Sight, Not Out of Reach: The Global Scale and Scope of Transnational Repression. Washington, DC. https://freedomhouse.org/sites/default/files/2021-02/Complete_FH_TransnationalRepressionReport2021_rev020221.pdf?utm_source

[4] Un.org, United Nations Charter (full text)   https://www.un.org/en/about-us/un-charter/full-text

[5] Ohchr.org, International Covenant on Civil and Political Rights, https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/international-covenant-civil-and-political-rights

[6] Echr.coe.int, Avropa insan hüquqları Konvensiyası, https://www.echr.coe.int/documents/d/echr/convention_aze

[7] Ohchr.org, Convention relating to the Status of Refugees, https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/convention-relating-status-refugees

[8] Eur-lex.europa.eu, EU Action Plan on Human Rights and Democracy 2020–2024,

https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX:52020JC0005
Eur-lex.europa.eu, Council Regulation (EU) 2020/1998 concerning restrictive measures against serious human rights violations and abuses),

[9] Pace.coe.int, Abusive recourse to the Interpol system: the need for more stringent legal safeguards, https://pace.coe.int/en/files/23714/html

[10] Yenisabah.az, “Tbilisidə azərbaycanlı jurnalist İvanişvilinin əmrilə oğurlanıb”, https://yenisabah.az/tbiliside-azerbaycanli-jurnalist-ivanisvilinin-emrile-ogurlanib

[11] Hudoc.echr.coe.int, CASE OF MUKHTARLI v. AZERBAIJAN AND GEORGIA https://hudoc.echr.coe.int/eng?i=001-235491

[12] Aamnesty.org, Azerbaijan authorities must release talysh activists, https://www.amnesty.org/en/wp-content/uploads/2021/05/EUR5524922020ENGLISH.pdf

[13] Aamnesty.org, Azerbaijan authorities must release talysh activists, https://www.amnesty.org/en/wp-content/uploads/2021/05/EUR5524922020ENGLISH.pdf

[14] En.odfoundation.eu, They’ve come for you. Misuse of extradition procedures, unlawful expulsions and kidnappings of victims of politically motivated prosecution, https://en.odfoundation.eu/content/uploads/i/fmfiles/raporty/25-02-2019-odf-report-unlawful-extraditions-eng-1.pdf

[15] Azadliq.org, Ərəstun Orucluya 8 il həbs cəzası elan edilib, https://www.azadliq.org/a/sevinc-osmanqizi-bas-prokurorluq/33591196.html

[16] Meydan.tv, Xaricdə yaşayan blogerlər barəsində qiyabi həbs qərarları davam edir, https://www.meydan.tv/az/article/xaricd%C9%99-yasayan-blogerl%C9%99r-bar%C9%99sind%C9%99-qiyabi-h%C9%99bs-q%C9%99rarlari-davam-edir/

[17] Hrw.org, Azerbaijan Escalates Crackdown on Exiled Critics, https://www.hrw.org/news/2025/11/26/azerbaijan-escalates-crackdown-on-exiled-critics

[18] Access Now / UPR Info, 2023, Azerbaijan’s use of Pegasus spyware in violation of human rights, https://upr-info.org/sites/default/files/country-document/2023-08/Access_Now_Fact_Sheet.pdf

[19] Ecoi.net, Azerbaijani Activist’s Family Arrested, Harassed – Stop Targeting Relatives of Exiled Critics, https://www.ecoi.net/en/document/1395233.html

[20] Amnesty.org, Azerbaijan: Repression escalating ahead of presidential elections, https://www.amnesty.org/en/latest/news/2024/02/azerbaijan-repression-escalating-ahead-of-presidential-elections/

[21] Theguardian.com, Bodyguards for Azerbaijani president, in town for Trump’s Board of Peace, attack protesters in DC, https://www.theguardian.com/us-news/2026/feb/20/azerbaijan-trump-board-peace-protestors

[22] Cpj.org, Exiled Azerbaijani blogger Mahammad Mirzali stabbed at least 16 times in knife attack in France, https://cpj.org/2021/03/exiled-azerbaijani-blogger-mahammad-mirzali-stabbed-at-least-16-times-in-knife-attack-in-france/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.