Cəmiyyət

Cəmiyyət

Vətəndaş itaətsizliyinin rasionalist izahları

Read this article on other language
Download article
image_pdf
image_pdf

Vətəndaş İtaətsizliyinin Rasionalist İzahları

Nə üçün Azərbaycan kimi neftlə zəngin avtoritar ölkələrdə insanlar nadir hallarda etiraz edirlər? Onların çoxsaylı narazılıqları olsa da, vətəndaş itaətsizliyi – yəni qanunların dinc və məqsədli şəkildə pozulması – geniş yayılmış hal deyil. Mən iddia edirəm ki, strateji susqunluq üç amilin bir araya gəlməsi ilə meydana çıxır: repressiv potensial, fürsət xərcləri və koordinasiya hədləri. Bu amillər vətəndaş itaətsizliyini – istər fərdi, istərsə də kütləvi şəkildə – mənfi nəticələnəcək bir addıma çevirir.

Hər potensial etirazçı aşağıdakı dörd faktoru nəzərdən keçirir: (1) uğurlu etirazın mənəvi və siyasi dəyəri; (2) başqalarının da qoşulacağı ehtimalına əsasən uğur şansı; (3) bir nəfərə düşən repressiya xərci – bu xərclər etirazçılar artdıqca azalır, lakin rejimin gücü artdıqca yüksəlir; (4) dövlətə bağlılığın yaratdığı fürsət xərci. Mən göstərirəm ki, Azərbaycanda bu parametrlər birləşərək elə bir sabit tarazlıq nöqtəsi yaradır ki, heç kim üçün etiraz etmək rasional seçim sayılmır. Bu modeldə fərdi vətəndaş itaətsizliyi ilə kütləvi səfərbərlik arasında mahiyyətcə fərq yoxdur, onlar yalnız miqyas baxımından fərqlənir və eyni strateji problemlərlə üzləşirlər.

Azərbaycanın 2000–2024-cü illər üzrə etiraz dinamikasının analizinə bu modeli tətbiq etdikdə vəziyyətin izahı üçün onun effektivliyini görmək olur. İştirak səviyyəsinin azalması, təşkilatçıların qabaqlayıcı şəkildə həbs olunması və daimi nəzarət, eyni zamanda dövlət sektorunda çalışanlara qarşı iqtisadi sanksiyalar aşağı x (aşağı iştirak nisbəti), yüksək α (yüksək repressiya potensialı) balansı yaradır. Belə bir vəziyyətdə vətəndaş itaətsizliyinin gözlənilən faydası (UR𝒾 < 0), demək olar ki, bütün potensial etirazçılar üçün sıfırdan aşağı olur. Bu tarazlıq nəinki kütləvi üsyanın olmamasını, həm də vicdanlı fərdi etiraz aktlarının da niyə baş vermədiyini izah edir.

Azərbaycan rentyer dövlət kimi

Rentyer dövlət nəzəriyyəsi əsas gəlirini təbii resurslardan, xüsusilə neft və qazdan əldə edən dövlətlərin necə unikal siyasi və iqtisadi sistemlər formalaşdırdığını izah edir. Bu cür dövlətlərdə siyasi liberallaşma daha az müşahidə olunur. Bunun səbəbi onların dövlət xərclərini vətəndaşlardan vergi toplamadan maliyyələşdirə bilməsidir. Dövlət gəlirləri ilə vətəndaşların verdiyi töhfə arasındakı bu uçurum demokratik hesabatlılığa zərər vurur və siyasi iştirak imkanlarını məhdudlaşdırır. Resurs sərvəti hakim rejimlərə hərbi və təhlükəsizlik qüvvələrinə yatırım etməyə şərait yaradır. Bu da narazılığın yatırılmasına və hakimiyyətin qorunub saxlanmasına xidmət edir. Nəticədə iqtisadi rifahın demokratiyanı gücləndirməsi əvəzinə, avtoritar hakimiyyəti möhkəmləndirməsi paradoksu yaranır (Ross, 2012).

Azərbaycan rentyer dövlət modelinin klassik nümunəsidir. Ölkənin neft və qaz gəlirləri iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir və siyasi sistemə də təsir göstərir. Karbohidrogen resursları Azərbaycanın ixracatının 80%-dən çoxunu, dövlət gəlirlərinin isə təxminən 60%-ni təşkil edir (Ibadoglu, 2019). Bu isə ölkənin dövlət büdcəsini dünya neft bazarındakı dəyişikliklərdən son dərəcə asılı olması deməkdir. Hökumətin resurs rentlərinə əsaslanması ona ictimai xərcləri sabit saxlamağa imkan verir. Eyni zamanda, bu, birbaşa vergilərə olan ehtiyacı azaldır və nəticədə demokratik hesabatlılıq zəifləyir.

Neft gəlirlərinin idarə olunması əsasən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) üzərinə düşür. ARDNF gələcək nəsillər üçün ədalətli və sabit iqtisadi mühitin təmin olunması məqsədilə yaradılmışdır. Bu qurum ölkənin neft sərvətinin əhəmiyyətli hissəsini toplayır. Lakin praktikada hökumət tez-tez ARDNF vəsaitlərindən büdcə kəsirini örtmək və irimiqyaslı infrastruktur layihələrini maliyyələşdirmək üçün istifadə edir. Qısamüddətli ehtiyaclara üstünlük verilməsi isə uzunmüddətli iqtisadi şaxələndirməyə qoyulan investisiyaları məhdudlaşdırır (İbadoğlu, 2019). Büdcə planlaşdırması əsasən enerji sektorundan əldə olunan gəlirlərə əsaslanır. Qeyri-neft gəlirlərinin ümumi fiskal siyasətə təsiri zəifdir. Bu gəlir bölgüsü rentyer dövlət modelinin Azərbaycana uyğun gəldiyini təsdiqləyir. Bu modeldə hakim elita milli sərvətə nəzarət edir və siyasi rəqabəti məhdudlaşdırır. İbadoğlu hesab edir ki, neft gəlirlərinin mərkəzləşdirilmiş idarəçiliyi rent-axtaran davranışlara və korrupsiyaya yol açır ki, bu da avtoritar rejimin möhkəmlənməsinə səbəb olur (Ibadoglu, 2019). Dövlətin neft sərvətinə arxalanması iqtisadi islahatların tempini zəiflədir. Hökumətin subsidiya və dövlət sektoru üzrə məşğulluğa yüksək xərclər ayırması səmərəlilik məqsədilə deyil, siyasi mənfəət əldə etmək üçün edilir.

Bu rentyer iqtisadiyyatının nəticələri Azərbaycanın iqtisadi dəyişkənliyində aydın şəkildə özünü göstərir. Neft qiymətlərinin 2015 və 2020-ci illərdə düşməsi ölkənin fiskal sabitliyini sarsıtdı (Ibadoğlu, 2019). Bu isə devalvasiya, inflyasiya və sosial xərclərin azaldılması kimi nəticələr doğurdu. Hərçənd bəzi islahat cəhdləri olsa da, neft sektoru hələ də qeyri-karbohidrogen sahələrində artıma mane olur. Beləliklə, Azərbaycanın iqtisadiyyatı hələ də neft gəlirlərindən yüksək dərəcədə asılıdır. Bu asılılıq isə avtoritar hakimiyyəti gücləndirir və demokratik hesabatlılığı məhdudlaşdırır.

Etiraz iştirakçılığının rasionalist modeli

Mən Azərbaycandakı kimi avtoritar şəraitdə etiraz davranışını izah etmək üçün ictimai seçim nəzəriyyəsinə əsaslanan rasionalist yanaşmadan istifadə edirəm. Bu yanaşma fərdləri (yəni seçicilər, bürokratlar və ya etirazçıları) rasional şəxslər kimi qiymətləndirir. Onlar institusional məhdudiyyətlər daxilində şəxsi maraqlarını əsas götürərək hərəkət edirlər. Bu baxışa görə, siyasi iştirak – məsələn, vətəndaş itaətsizliyi və kütləvi etiraz – ağıllı və məqsədyönlü seçim sayılır. Bu, kimlik və ya emosiyalarla bağlı deyil; insanlar hərəkətə keçməzdən əvvəl xərcləri və faydaları ölçüb-biçirlər.

Avtoritar rejimlərdə etirazlar kollektiv fəaliyyət probleminin bariz nümunəsini göstərir. Uğurlu etirazlar rejimin dəyişməsi, daha çox azadlıq və daha yaxşı idarəçilik kimi faydalar gətirə bilər. Bu mükafatlar ümumi ictimai nemətlərdir. Yəni əldə olunduqdan sonra onların bəhrəsini hər kəs görür. Lakin iştirakın xərclərini – həbs, zorakılıq, ictimai təcrid və ya iqtisadi itkiləri – fərdlər təkbaşına daşıyır. Rasional şəxslər adətən müftə faydalanma meyli göstərirlər. Onlar riskləri başqalarının üzərinə buraxaraq, etiraz uğurlu olarsa, nəticələrdən faydalanmağı ümid edirlər (Olson, 1965; Wright, 2022). Dəyişiklik arzusunda olan insanlar belə, etirazdan çəkilə bilərlər. Çünki onlar şəxsi itkilərdən qorxur və öz təsir güclərinə inanmırlar. Bu isə siyasi passivliyə səbəb olur. Bu insanlar rejimi dəstəklədikləri üçün deyil, sadəcə etirazın xərclərinin gözlənilən faydadan daha çox olduğunu düşündükləri üçün geri çəkilirlər. Bu, xüsusilə, avtoritar şəraitdə baş verir. İnsanlar siyasi qərarları gözlənilən xərcləri və faydaları ölçərək verirlər.

Formal olaraq, bir fərdin (i) etirazda iştirakdan gözlədiyi fayda UR𝒾, aşağıdakı kimi ifadə olunur:

Bu tənlik etiraz qərarına təsir edən üç əsas komponenti əhatə edir:

  1. Ehtimalla ölçülən faydalar: 𝓅(𝑥)𝒱𝒾 etirazda iştirakdan gözlənilən faydanı göstərir. Burada 𝒱𝒾 – uğurlu etiraz nəticəsinin fərd üçün daşıdığı dəyərdir. Bu dəyərə azadlıq, demokratiya, hesabatlılıq və ya yaxşılaşdırılmış iqtisadi şərait kimi amillər daxil ola bilər. 𝒫(𝑥)– etirazın uğurla nəticələnmə ehtimalıdır və əhalinin iştirak edəcəyi gözlənilən hissəsi  artdıqca bu ehtimalın da artdığı qəbul edilir. Yəni iştirakçı sayı artdıqca, etirazın real dəyişiklik yaratmaq ehtimalı da yüksəlir (Kuran, 1991; Chwe, 2001).
  2. Repressiya xərci: repressiyanın gözlənilən xərcini əks etdirir. hissəsi iştirakçı sayı artdıqca bir fərdin cəzalandırılma riskinin azaldığını göstərir. Yəni kütləvi etirazlar zamanı dövlət hər bir iştirakçını effektiv şəkildə cəzalandıra bilmədiyi üçün fərdi risk azalır. Burada 𝑐 – cəzanın sərtliyini (məsələn, həbs müddəti, işgəncə, cərimə) ifadə edən sabitdir. α isə rejimin repressiya qabiliyyətini və iradəsini əks etdirən multiplikatordur. Azərbaycan kimi yüksək dərəcəli avtoritar sistemlərdə 𝑎 böyükdür (Wintrobe, 1998; Edmond, 2013).
  3. Fürsət xərci: 𝑂𝒾– etirazda iştirakın fərd üçün doğurduğu fürsət xərcləridir. Bu itkilərə itirilmiş əmək haqqı, ailə üçün risklər, sosial status itkisi və ya əlavə psixoloji stress daxil ola bilər. Bu dəyişənin modellə daxil edilməsi iki əsas məqsədə xidmət edir. Birincisi, bu, iqtisadiyyatın rejimə olan asılılıq dərəcəsini nəzərə almağa imkan verir (Karl, 1997; Ross, 2012). İkincisi, insanların etiraza qoşulmağa vadar edən fərqli motivasiyalarını nəzərə alır (de Mesquita və Shadmehr, 2023).

Modelin qərar qaydası sadədir: əgər UR𝒾 > 0 olarsa, şəxs etiraz edir; əks halda isə passiv qalır. Tarazlıq vəziyyətində etirazda iştirakçılığı göstərən 𝑥, nə qədər insanın şəxsi faydasını müsbət hesab etməsi ilə ölçülür. Bu da öz növbəsində onların başqalarının nə edəcəyinə dair gözləntilərindən və rejimin gücü barədə təsəvvürlərindən asılıdır. Bu model ictimai seçim nəzəriyyəsinin avtoritar rejimlərə dair əsas ideyasını vurğulayır. O göstərir ki, kütləvi siyasi passivlik həmişə rejimin legitimliyi və ya ideoloji razılaşma ilə izah olunmur. Əksinə, bu, tez-tez mövcud təşviq sisteminə verilən rasional cavab olur. Azərbaycan kimi avtoritar rejimlər iştirak səviyyəsini aşağı və sabit saxlaya bilirlər. Onlar bunu 𝑎, əmsalını (repressiya gücünü) artırmaqla, fərdi fürsət xərclərini 𝑂𝒾 -ni yüksəldən selektiv faydalar verməklə və etiraz koordinasiyasının formalaşmasının qarşısını almaqla (yəni 𝑥 -i aşağı səviyyədə saxlayaraq) həyata keçirirlər.

Yuxarıda təqdim olunan formal model insanların etirazlara qoşulmasının əsas səbəblərini göstərir. Lakin model kütləvi itaətsizliyə təsir edən əsas məsələlərdən birini – koordinasiya problemini nəzərə almır. Etirazlar ümumi bilik (common knowledge) vasitəsilə yayılır. İnsanlar dəyişiklik istəməlidirlər. Eyni zamanda, onlar başqalarının da dəyişiklik istədiyini və başqalarının da bunu bildiyini bilməlidirlər. Azərbaycan kimi ciddi nəzarət olunan ölkələrdə isə bu ümumi bilik gizlədilir. Vətəndaş cəmiyyəti zəifdir, müstəqil media məhdudiyyətlərlə üzləşir və ictimai məkanlar nəzarət altındadır. Nəticədə, koordinasiya üçün lazım olan qarşılıqlı məlumatlılıq yaranmır. Koordinasiya problemi rejimlərin niyə ilk və ya tanınmış etirazçıları strateji şəkildə hədəf aldığını da izah edir. Dövlət potensial liderləri sürətlə cəzalandırır. Bu, tənqidi kütlənin formalaşmasının qarşısını alır və ardıcıl etiraz dalğalarının baş verməsini ləngidir və ya tamamilə dayandırır. İnsanlar nə qədər narazı olsalar və müəyyən şəxsi xərclərə qatlaşıb etiraz etməyə hazır olsalar belə, əgər başqalarının qoşulmayacağını düşünsələr, etiraz etmək mənasız görünür. Məhz buna görə də avtoritar rejimlərdə real narazılıqlar ilə görünən səfərbərlik arasında böyük bir uçurum yaranır.

Aşağı iştirakçılıq ekvilibriumu

Repressiya, fürsət xərcləri və koordinasiya çatışmazlığı nəticəsində aşağı iştiraklı bir tarazlıq formalaşır. Bu şəraitdə insanların böyük əksəriyyəti rasional şəkildə etiraz etməmək qərarına gəlir. Beləliklə, səth altında dərin narazılıqlar olsa da, mövcud sistem sabitliyini qoruyur. Çünki əksər insanlar üçün etirazın gözlənilən faydası (UR𝒾) sıfırdan aşağı olur.

 Bu tarazlığın mərkəzində gözləntilərin özünü gücləndirən xarakteri dayanır. Əgər gözlənilən iştirak səviyyəsi 𝑥 aşağıdırsa, uğur ehtimalı 𝓅(𝑥) da sıfıra yaxın olur. Bu halda fərdi repressiya riski  son dərəcə yüksək səviyyəyə çatır. Belə bir vəziyyətdə, ciddi narazılığı və yüksək dəyərləri (𝒱𝒾)  olan şəxslər belə böyük ehtimalla passiv qalırlar. Onlar yalnız çox sayda insanın da etiraza qoşulacağına inandıqları halda küçəyə çıxmağa razı olarlar. Avtoritar rejimlər bu vəziyyəti qorumağa çalışırlar. Onlar koordinasiyanın qarşısını alır, bu isə 𝑥-in aşağı səviyyədə qalmasına səbəb olur. Nəticədə, demək olar ki, hər kəs üçün UR𝒾 < 0  olur və bu da real etiraz səviyyəsinin minimal qalmasını təmin edir.

Dövlət bu tarazlığı qorumağa fəal şəkildə yardım edir – etiraz qərarına təsir edən hər bir amili tənzimləyir. O, repressiya gücünü (𝑎) güclü və açıq saxlayır ki, iştirak edənlərin sayı artsa belə, etirazın xərci yüksək qalmağa davam etsin. Azərbaycan kimi rejimlər əsas fəalları hədəfə alır və narazı şəxsləri sürətlə həbs edir. Onlar həmçinin selektiv cəza üsullarından istifadə edirlər. Bu, repressiyanın real və ağır nəticələri olduğunu göstərir və nəticə etibarilə, geniş əhali üçün çəkindirici təsiri gücləndirir.

İkincisi, avtoritar rejimlər çox zaman fərdi fürsət xərclərini (𝑂𝒾) süni şəkildə artırırlar. Onlar bunu iş yerlərini və əsas sosial təminatı rejimə sədaqətlə əlaqələndirməklə edirlər. Azərbaycan kimi rentyer dövlətlərdə əhalinin böyük hissəsi dövlət işindən və hökumət dəstəyindən asılıdır. Hər hansı bir şəxs narazılığını açıq şəkildə ifadə edərsə, ciddi nəticələrlə üzləşə bilər. Bu nəticələrə vacib xidmətlərə çıxışın itirilməsi, işdən çıxarılma və ya təhsil müəssisəsindən qovulma daxil ola bilər. Fərd dövlətdən nə qədər çox asılıdırsa, etirazda iştirak etdikdə o qədər çox şey itirə bilər. Bu isə strateji susqunluq mühiti yaradır – xüsusilə orta təbəqə və dövlət sektorunda çalışanlar üçün.

Üçüncüsü, hökumət 𝑥-i – yəni başqalarının da etiraz edəcəyinə dair gözlənilən ehtimalın mümkün qədər aşağı səviyyədə saxlanması üçün ciddi səy göstərir. Bu, senzura və media üzərində nəzarət vasitəsilə həyata keçirilir. Həmçinin konkret etiraz formalarının – tələbə aksiyaları, ekoloji fəallıq və ya müstəqil jurnalistika kimi – məqsədli şəkildə yatırılması da bu strategiyaya daxildir. Rejim bu fəaliyyətləri tez və açıq şəkildə cəzalandırır. Bu isə gələcək etirazlarda iştirakın qarşısını alır və tənqidi kütlənin formalaşmasına imkan vermir.

İctimai seçim nəzəriyyəsi prizmasından baxıldıqda, bu vəziyyət sabit və rasional nəticədir. Hər bir fərd öz xərclər və faydalar balansına əsaslanaraq qərar verir. Rejim isə elə bir mühit yaradır ki, etirazın xərcləri gözlənilən faydalardan daha yüksək olur. Ortaya çıxan nəticə kollektiv laqeydlik deyil, qarşılıqlı fəaliyyətsizlik üzərində qurulmuş rasional tarazlıqdır. Üsyana qoşulmağın xərci çox zaman həddən artıq yüksəkdir. Üstəlik, əldə ediləcək faydalar qeyri-müəyyəndir. Bu səbəbdən bir çox insanlar risk etməyə tərəddüd edirlər (Wright, 2022).

Bu kontekstdə etiraz yalnız o zaman mümkün olur ki, xarici (ekzogen) bir amil fayda funksiyasındakı dəyişənlərdən birini və ya bir neçəsini dəyişdirsin. Gözlənilməz iqtisadi şok fürsət xərclərini (𝑂𝒾) azalda bilər. Güclü siyasi hadisə uğur ehtimalını (𝓅(𝑥)) artıra bilər. Habelə beynəlxalq təzyiqlər repressiya əmsalını (𝑎) müvəqqəti olaraq azalda bilər. Bu dəyişikliklər baş vermədiyi müddətdə isə avtoritar rejim aşağı iştiraklı vəziyyəti qoruyub saxlayır. Vəziyyət zahirdə sabit görünsə də, aşağıda narazılıq yığılmağa davam edir.[1]

Azərbaycanın son illərdəki siyasi trayektoriyasının aydın göstəricilərindən biri etirazlarda iştirak səviyyəsinin zamanla kəskin şəkildə azalmasıdır. 2000-ci illərin əvvəlində, xüsusilə 2003-cü ildə prezident seçkilərinin nəticələri mübahisə doğurduqdan sonra Bakıda genişmiqyaslı etirazlar baş vermişdi. On minlərlə insan küçələrə çıxaraq kütləvi səfərbərliyə qoşulmuşdu. Lakin 2010-cu illərin ortalarına doğru ölkə miqyasında etirazlar əsasən lokal aksiyalarla əvəz olundu. Bu aksiyalar konkret məsələlərə fokuslanır və çox vaxt yalnız onlarla iştirakçı cəlb edirdi. Etirazlar hələ də baş verir, lakin iştirak indi daha parçalanmış xarakter daşıyır. Aksiyalar daha geniş coğrafi ərazilərə yayılır və ölçü baxımından daha kiçik olur. 2021-ci ildə orta etiraz iştirakçı sayı cəmi 29 nəfər təşkil etmiş, median isə hər aksiya üzrə 10 nəfər olmuşdur (Kamilsoy, 2021).

Həlledici məqam 2011-ci ildəki Ərəb Baharı sonrası dövr hesab olunur. Bu dövrdə bölgədəki hərəkatlardan ilham alan etirazlar Azərbaycanda geniş dəstək qazana bilmədi. Hökumət təşkilatçılara qarşı tez və sərt tədbirlər gördü, toplaşmalara ciddi məhdudiyyətlər qoydu. Nəticədə, bu, qorxu effekti yaratdı. 2021-ci ildə Azərbaycanda tipik etiraz aksiyası 10–50 nəfər arasında iştirakçını əhatə edir və tez bir zamanda dağıdılırdı. Aşağı iştirak səviyyəsi isə repressiyanın daha hədəfli və effektiv olmasına şərait yaradır (Kamilsoy, 2021).

Rasionalist modeldə etiraz etməyə hazır olan insanların sayının azalması iki əsas nəticəyə gətirib çıxarır. Birincisi, yalnız az sayda insan etiraza qoşulduqda, fərdlər öz iştiraklarının nəticəyə təsir etməyəcəyini düşünürlər. İkincisi, tək-tək izolasiya edilmiş etirazçıları cəzalandırmaq böyük, koordinasiyalı kütlələrlə müqayisədə daha ucuz və asandır. Azərbaycanda iki məqam aydındır: fərdi etirazçılar dövlət zorakılığı ilə üzləşirlər və etirazın gücünə olan inam zamanla zəifləyib. Bu amillər aşağı iştiraklı vəziyyətin formalaşmasına səbəb olur.

Azərbaycanın avtoritar hökuməti güclü nəzarət sistemi qurmuşdur. Bu sistem genişmiqyaslı etirazların qarşısını almaq üçün bəzi insanları selektiv şəkildə cəzalandıraraq çəkindirmə effekti yaradır. Azərbaycanın repressiyası bu gün daha çox hədəfli, qabaqlayıcı və stratejidir.

Bu strategiya 2011-ci ildə uğursuzluqla nəticələnmiş kütləvi səfərbərlik cəhdindən sonra aydın şəkildə özünü göstərdi. Həmin ilin 11 mart tarixində müxalifət fəalları Bakıda 11 Mart – Böyük Xalq Günü adı altında Facebook vasitəsilə təşkil olunan bir etiraz aksiyası keçirməyə çalışdılar. Etirazdan bir neçə gün əvvəl on yeddi təşkilatçı həbs olundu. Aksiya zorakı şəkildə dağıdıldı və hadisə yerində daha çox insan saxlanıldı (Geybullayeva, 2011). Bu qabaqlayıcı müdaxilə rejimin narazılığı hələ planlaşdırma mərhələsində ikən aşkar edib yatırmaq qabiliyyətinə malik olduğunu göstərdi. Belə erkən suppressiya həm çəkindirici vasitə, həm də etirazın puçluğunu ictimai şəkildə nümayiş etdirən siqnal funksiyası daşıyır.

Sonrakı illərdə bu tendensiya daha da gücləndi. 2023-cü ilin iyun ayında Söyüdlü kəndində sakinlər zəhərli tullantılara qarşı etiraz etdilər. Onlar sərt müdaxilə ilə üzləşdilər. Aksiyanın dağıdılması zamanı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olundu. Ən azı səkkiz nəfər həbs edildi. Hadisəni işıqlandıran jurnalistlər fiziki hücuma məruz qaldı və ya ərazidən uzaqlaşdırıldı (Human Rights Watch, 2024). Təzyiqlər yalnız aksiya ilə məhdudlaşmadı. Sosial şəbəkələrdə repressiyanı tənqid edən şəxslər də sonrakı günlərdə saxlanıldılar. Konkret məsələlərə yönəlmiş kiçikmiqyaslı etirazlar belə sərt şəkildə cəzalandırılır. Bu isə digərlərini oxşar təşəbbüslərdən çəkindirmək məqsədi daşıyır.

Rasionallist çərçivədə 𝛼 etibarlı və görünən bir siqnal kimi fəaliyyət göstərir. Rejim erkən hərəkət edənləri hədəf alır və iştirakçı sayı az olsa belə (𝑥 aşağı olduqda), hər bir şəxs üçün yüksək xərclər müəyyən edir. Bu strategiya digər insanların ümumiyyətlə etiraza qoşulmasının qarşısını alır. Təşkilatçılar əvvəlki hadisələrdən nəticə çıxara bilirlər: həbslər təsadüfi deyil, strateji fəaliyyətsizləşdirmə (incapacitation) modelinə uyğundur. Seçici repressiya etirazda iştirakın xərclərini yüksək saxlayır. Azərbaycanın təcrübəsi bu mexanizmi təsdiqləyir. Böyük etirazlar olmasa belə, yüksək 𝛼 vəziyyəti sabit saxlayır. İnsanlara ən kiçik narazılığın belə sərt şəkildə cəzalandırılacağı mesajını verir.

Qabaqlayıcı senzura və görünən narazıların həbsi cəmiyyət daxilində gərgin atmosfer yaradır. Bu şəraitdə insanlar başqalarının onlara qoşulacağını gözləmir. Beləliklə, 𝑥 – tənqidi kütlə həddindən aşağı qalır və nəticədə 𝒫 (𝑥) , yəni uğur ehtimalı sıfıra yaxın olur. Uğurlu koordinasiya üçün həm fərdi dəstəyin, həm də bu dəstəyin qarşılıqlı şəkildə bilindiyinin (common knowledge) mövcudluğu vacibdir (Chwe, 2001). Azərbaycanda təkrarlanan erkən repressiya bu ümumi bilginin formalaşmasına mane olur. Vətəndaşlar etirazların böyümədiyini müşahidə etdikcə, passiv qalmağa üstünlük verirlər.

Fürsət xərcləri və dövlətdən asılılıq

Azərbaycanda dövlətdən asılılıq fərdlər üçün etirazın fürsət xərclərini (𝑂𝒾) artırır. Bu, xüsusilə dövlət sektoruna bağlı şəbəkələrdə çalışanlar üçün keçərlidir. Azərbaycan rentyer dövlətdir və çoxlu sayda işçinin işəgötürənidir. Dövlət nazirlikləri, ARDNF-in maliyyələşdirdiyi layihələr və dövlətlə əlaqəli şirkətlər bu prosesi yönləndirir. Müəllimlər, tibb işçiləri və bələdiyyə əməkdaşları kimi dövlət sektorunda çalışanlar icazəsiz etirazlara qoşulduqları halda işlərini və maaşlarını itirə bilərlər. Onlar həmçinin mənzil və kommunal güzəştlərdən məhrum edilə bilərlər.

2016-cı ilin əvvəlində Azərbaycanda baş vermiş etirazlara valyuta devalvasiyası, ərzaq qiymətlərinin artması və iş yerlərinin ixtisarı səbəb olmuşdu. Bu hadisələr hökumətin iqtisadi nəzarətinin ifadə azadlığının xərclərini necə artırdığını göstərir. Etirazlar ən azı on bölgədə, o cümlədən Quba, Lənkəran və Siyəzəndə baş vermişdi. Aksiyalar əsasən spontan idi və təcili sosial-iqtisadi problemlərə yönəlmişdi (Institute for Reporters’ Freedom and Safety, 2016). Bu etirazlar və ora qoşulanların kimlər olduğunu bilmək rasionalist modelin izah gücünü göstərmək baxımından əhəmiyyətlidir. Bir çox iştirakçı kiçik sahibkarlar, ixtisar olunmuş dövlət işçiləri və ya dövlət yardımlarından asılı vətəndaşlar idi. Siyəzən və Qubada sakinlər subsidiyalı ərzaq tələb etmiş, ödənilməmiş əmək haqlarının verilməsini və etiraz təşkilatçılarının selektiv həbslərinin dayandırılmasını istəmişdilər. Hakimiyyət yalnız polis gücündən istifadə etməklə kifayətlənməmiş, eyni zamanda iqtisadi təzyiqlər tətbiq etmişdi. Bir çox halda etirazçılar ərzaq paylarından məhrum ediliblər, sosial ödənişlər gecikdirilib və bəzi hallarda qeyri-rəsmi formada cəzalandırılıb, məsələn, işə qəbuldan və ya icma daxilində mənzil yardımlarından kənarlaşdırılıb.

Əksinə, dövlət sistemindən kənarda qalan insanlar (məsələn, işsiz gənclər, qeyri-formal satıcılar və ya kənd yerlərində yaşayan kiçik torpaq sahibləri) daha aşağı  𝑂𝒾, ilə qarşılaşsalar da, repressiya riskinə (𝑎) daha çox məruz qalırlar. Dövlətlə zəif əlaqəsi olanlar üçün belə, həbs, cərimə və ya qara siyahıya düşmək təhlükəsi etirazdan çəkindirici rol oynayır. Rejim fürsət xərclərindəki bu fərqlilikdən istifadə edir: ən çox itirə biləcək insanlara qarşı sərt iqtisadi sanksiyalar tətbiq edir. Eyni zamanda, siyasi xarakter daşımayan və əhəmiyyətsiz bölgələrdə baş verən kiçikmiqyaslı etirazlara nisbətən dözümlü yanaşır. Mövcud təşviq alətlərindən bu cür ehtiyatla və strateji şəkildə istifadə olunması izah edir ki, nə üçün imtiyazlı sosial qruplar, siyasi və iqtisadi narazılıqları olsa belə, nadir hallarda üsyan edirlər.

Nəticə

Azərbaycanda müşahidə olunan nümunələr rasionalist fayda modelinin proqnozlarına tam uyğun gəlir. Birincisi, 2003-cü ildən bəri etirazlarda iştirak səviyyəsi (𝑥) aşağıdır. İkincisi, dövlətin repressiv potensialı (𝑎) yüksək olaraq qalır. Üçüncüsü, uğur ehtimalı (𝓅(𝑥)) demək olar ki, sıfıra bərabərdir. Dördüncüsü, dövlətə bağlı olan işçilər üçün fürsət xərcləri (𝑂𝒾) yüksəlməkdədir. Vətəndaşlar etirazı həddindən artıq riskli hesab edir və buna görə də susmaq qərarına gəlirlər. Bu isə az bir qisim insanın səsini çıxardığı sabitlik vəziyyətini yaradır.

Fərdlər hərəkətə keçməzdən əvvəl dörd əsas amili nəzərə alırlar: 1) müqavimətin uğurlu nəticəsinin şəxsi dəyəri; 2) başqalarının qoşulması ilə formalaşan uğur ehtimalı; 3) repressiya riskinin gözlənilən xərci (qrup böyüdükcə bu cüzi azalır); 4) dövlətdən iqtisadi dəstək almağa olan asılılıqdan doğan fürsət xərci.

Bu model neftlə zəngin avtoritar ölkələrdə, o cümlədən Azərbaycanda, tək qalan dissidentlərin və potensial təşkilatçıların çox zaman niyə heç bir addım atmamağı seçdiklərini izah edir. Bunu əsas dəyişənləri bir fayda funksiyasında birləşdirərək göstərir. Yüksək repressiv qabiliyyət resurs icarəsindən irəli gəlir. Bu, qabaqlayıcı həbslərə, rəqəmsal nəzarətə və selektiv cəzalandırmağa gətirib çıxarır. Beləliklə də dissident olmağın xərcini dözülməz dərəcədə yüksək görünür. Eyni zamanda, aşağı və azalan etiraz iştirakçılığı uğur ehtimalını sıfıra yaxınlaşdırır. Dövlət sektorunda işləmək isə insanların fürsət xərclərini artırır. Bu da onları vətəndaş itaətsizliyinə liderlik etməkdən və ya qoşulmaqdan çəkindirir. Bu amillər aşağı iştirak, yüksək xərc vəziyyətini sabitləşdirir. Belə şəraitdə vətəndaş itaətsizliyindən gözlənilən fayda mənfi olur.

Rentyer avtoritar sistemlərində vətəndaş itaətsizliyi təkcə mənəvi inanclar və ya təşkilati bacarıqlarla bağlı deyil. Əksinə, bu, rejimin çəkindirici strukturuna verilən strateji reaksiyadır. Vicdanlı şəkildə qanun pozuntularına istər fərdi, istərsə də kollektiv şəkildə nadir hallarda rast gəlinməsi susqunluq balansını əks etdirir. Bu isə geniş apatiya və ya mövcud durumun qəbul edilməsi demək deyil. Bu durğunluqdan çıxmaq üçün modelin parametrlərində ciddi dəyişikliklərə ehtiyac var: repressiv gücün real şəkildə azalması, koordinasiyanın mümkünlüyünə dair açıq siqnalların artması və ya narazıların qarşılaşdığı fürsət xərclərinin ciddi şəkildə azaldılması bu dəyişikliklərə nümunə ola bilər.

Ədəbiyyat siyahısı

Chwe, M. S.-Y. (2001). Rational ritual: Culture, coordination, and common knowledge. Princeton University Press.

De Mesquita, E. B., & Shadmehr, M. (2023). Rebel motivations and repression. American Political Science Review, 117(2), 734–750.

Edmond, C. (2013). Information manipulation, coordination, and regime change. Review of Economic Studies, 80(4), 1422–1458.

Geybullayeva, A. (2011). From Facebook to the streets of Baku. OBC Transeuropa. https://www.balcanicaucaso.org/eng/Areas/Azerbaijan/From-Facebook-to-the-streets-of-Baku-93251

Human Rights Watch. (2024, January 11). World report 2024: Rights trends in Azerbaijan. https://www.hrw.org/world-report/2024/country-chapters/azerbaijan

Institute for Reporters’ Freedom and Safety. (2016, January 15). Azerbaijan braces for protests. https://www.irfs.org/news-feed/azerbaijan-braces-for-protests/

Ibadoghlu, G. (2019). Azerbaijan: A rentier state. SSRN.

Kamilsoy, N. (2021). Protest dynamics in Azerbaijan and their relation to authoritarian regime stability. Baku Research Institute. https://bakuresearchinstitute.org/en/protest-dynamics-in-azerbaijan-and-their-relation-to-authoritarian-regime-stability/

Karl, T. L. (1997). The paradox of plenty: Oil booms and petro-states (Vol. 26). University of California Press.

Kuran, T. (1991). Now out of never: The element of surprise in the East European revolution of 1989. World Politics, 44(1), 7–48.

Morris, S., & Shadmehr, M. (2023). Inspiring regime change. Journal of the European Economic Association, 21(6), 2635–2681.

Olson, M. (1965). The logic of collective action: Public goods and the theory of groups. Harvard University Press.

Ross, M. L. (2012). The oil curse: How petroleum wealth shapes the development of nations. Princeton University Press.

Wintrobe, R. (2000). The political economy of dictatorship. Cambridge University Press.

Wright, R. E. (2022, March 29). Why not rebel? The Daily Economy. American Institute for Economic Research. https://thedailyeconomy.org/article/why-not-rebel/


[1] Rasionalist fayda modeli kütləvi etirazların yoxluğunu ümumi şəkildə izah edir. Lakin nəzərə almaq vacibdir ki, bütün fərdlər eyni etiraz hesablaması ilə üzləşmirlər. Yüksək  -yə malik şəxslər, məsələn, işsiz gənclər, marginallaşmış etnik qruplar və ya siyasi dissidentlər rejimin dəyişməsi nəticəsində şəxsi qazanc əldə etmə ehtimalını daha yüksək qiymətləndirirlər. Əksinə sabit işə, sosial əlaqələrə və ya hökumətlə bağlılığa malik olan insanlar etirazın uğur olması halında əldə ediləcək faydanı daha az görürlər (Morris & Shadmehr, 2023).

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.