fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Niyə Qərb Rusiya ilə diplomatik danışıqlarında davamlı şəkildə uğursuz olur

Read this article on other language
Download article
image_pdf
image_pdf

Müəllif: Ann Applbaum[i]

Amerika və Avropa liderlərinin ifrat təxəyyül yoxsulluğu dünyanı müharibə astanasına gətiriib.[ii]

Ah, mən necə də Liz Trassın əlinə düşmüş imkana həsəd aparıram. Ah, necə də onun əlinə düşmüş bu imkanı tamamilə sıradan çıxarmasına heyfslənirəm. Onun haqqında məlumatsız olanlara deyim ki, siyasətdə böyük çəkisi olmayan Trass Britaniyanın Xarici İşlər naziridir, o, bu günlərdə Moskvaya, həmkarı Lavrovla görüşə, Rusiyanı Ukraynaya hərbi müdaxilədən çəkindirmək üçün getmişdi.  Səfər uğursuz oldu. Çox soyuq münasibətlər atmosferində keçən mətbuat konfransında Lavrov aralarındakı danışıqları “lal” ilə “kar”ın söhbətinə bənzətdi, sonra isə Trassın Rusiya ilə Ukrayna regionlarını səhv salmasını mətbuata sızdıraraq, bir az da onu ələ saldı.

Lavrov belə şeyləri əvvəllər də dəfələrlə edib. O, keçən il, Avropa İttifaqının xarici işlərindən məsul Cosep Borreli də rəzil duruma salmışdı. Lavrov, xarici konfranslarda jurnalistlərə qarşı ikrahdoğurucu və kobud münasibət göstərir, bu cür özünü aparması da təsadüfi deyil. O, Rusiya prezidenti Vladimir Putin kimi aqressivliyə və sarkazma həmsöhbətlərinə istehza nümayiş etdirmək üçün əl atır, danışıqlar hələ başlamamış, artıq onların lüzumsuzluğu barədə təsəvvür yaradır, beləliklə, qorxu və apatiya toxumu səpir. Məqsədi isə ya danışıqlar apardığı diplomatları müdafiə vəziyyətinə salmaq, yaxud iyrəndirərək imtinaya məcbur etməkdir. Lakin Lavrovun hörmətsizlik etməsi, onunla heç bir ümumi məxrəcə gəlməyin mümkün olmaması köhnə söhbətlərdir. Həmçinin Putinin xarici ölkə rəhbərlərinə saatlarla şəxsi və siyasi problemlərindən mühazirə oxuması da çoxdan məlum məsələdir. O, hələ on neçə il əvvəl Obama ilə görüşərkən də belə etmişdi, keçən həftə Makronla görüşəndə də özünü eynilə bu cür apardı. Trass bütün bunları əvvəldən bilməli idi. Qaydalar və dəyərlər haqqında boş-boş danışmaqdansa, o, mətbuat konfransını belə başlamalı idi: “Mətbuatın hörmətli xanımları və cənabları, axşamınız xeyir. Mən, Rusiyalı həmkarım Sergey Lavrovla danışıqlardan sonra, sizinlə görüşməyimə şadam. Bu dəfə biz, onun hörmət etməyəcəyi müqavilələr, tutmayacağı sözlər haqqında danışmadıq. Əksinə, biz ona dedik ki, Ukraynaya müdaxilə sizin üçün təsəvvür edə biləcəyinizdən qat-qat ağır nəticələrə gətirəcək, qat-qat baha başa gələcək. Biz indi Rusiyadan qaz ixracından tamamilə imtina etməyi planlaşdırırıq, Avropa ehtiyacı olduğu qazı hardansa başqa yerdən tapacaq. Biz indi Ukrayna müqavimətinə kömək etməyə hazırlaşırıq, lazım olsa, bunu illərlə edəcəyik. Biz Rusiya müxalifətinə və Rusiya mediasına dəstəyi dəfələrlə artırırıq. Biz əmin olmaq istəyirik ki, işğal haqqında həqiqətlər rusiyalıların qulaqlarına bacardıqca gur səslə çatır. Əgər siz Ukraynada hakimiyyəti dəyişdirmək istəyirsinizsə, biz də Rusiyada hakimiyyət dəyişikliyi üçün fəaliyyətə keçəcəyik.”

Trass, yaxud ondan əvvəl Borrell, elə Lavrovun özünün tərzində, ona yüngül də olsa, şəxsi hücum da edə bilərdilər, məsələn, uca səslə soruşa bilərdilər ki, Lavrovun rəsmi maaşı onun Londondakı təmtəraqlı mülklərini almağına necə bəs edir? Trass, uşaqlarını Parisə, yaxud Luqanoya məktəbə oxumağa göndərmiş Rusiya rəsmilərinin adını da çəkə bilərdi. O, elan edə bilərdi ki, indi bu uşaqlar hamısı evlərinə, valideynlərinin yanına göndəriləcək, İsveçrədə Amerikan Məktəbində oxumaq bitdi, Londonun Knightsbridge səmtində mənzil almaq qurtardı, Aralıq dənizində yaxtalar saxlamaq sona çatdı!

Təbii ki, nə Trass, nə Borell, nə Makron, nə də bu həftə Moskvaya yola düşən Almaniya kansleri heç vaxt belə şeyləri deməzlər, heç təkbətək söhbətdə də deməzlər. Faciə ondadır ki, bu gün Rusiyanı Ukraynaya hücumdan çəkindirməyə çalışan Qərb liderləri və diplomatları hələ də qanun-qaydaların əhəmiyyət daşıdığı, diplomatik protokolun lüzumluluğunu qoruduğu, siyası nitqin qiymətləndirildiyi dünyada yaşadıqlarını düşünürlər. Hamısı elə bilirlər ki, Rusiyaya gedərkən arqument və debatla fikirlərinə təsir edə biləcəkləri insanlarla danışırlar. Elə güman edirlər ki, Rusiya elitası öz reputasiyasının qeydinə qalır. Heç veclərinə də deyil.

Əslində, indi biz Rusiya, Venesuela, Çin, yaxud İranda olan yeni növ, fərqli tip avtokratlarla üz-üzəyik: Bunlar, müqavilələrdə və sənədlərdə maraqlı deyillər, onlar ancaq sərt gücə hörmət edirlər. Rusiya 1994-cü ildə imzaladığı Ukraynanın təhküləsizliyinə təminat verən Budapeşt Memorandumunu pozur. Siz Putinin bu barədə danışdığını görmüsünüzmü? Təbii ki, yox. O, özünün artıq qətiyyən etibar doğurmayan reputasiyası haqqında da düşünmür: Yalan rəqibləri təlaş vəziyyətində saxlayır. Lavrovun da vecinə deyil ki, ona nifrət edirlər, bu nifrət onda güclü olduğu təəssüratı yaradır.

Onların niyyətləri də bizimkilərdən fərqlidir. Putinin çiçəklənən, sülhpərvər, rifahlı Rusiya kimi məqsədi yoxdur, onu yalnız özünün hakimiyyəti maraqlandırır. Lavrovun məqsədi Rusiyanın çirkaba bulanmış elitasında yerini və təbii ki, həm də varidatını qorumaqdır. Bizim “maraq” deyəndə nəzərdə tutduğumuzla, onların “maraq” deyəndə nəzərdə tutduqları fərqli-fərqli şeylərdir. Onlar bizim diplomatlara qulaq asanda şəxsi mövqelərini, şəxsi hakimiyyətlərini, şəxsi mal-dövlətlərini həqiqətən təhlükə altına salacaq heç nə eşitmirlər.

Bütün çoxsaylı söz-söhbətlərimizə rəğmən heç kim heç vaxt Rusiya pullarının Qərbdə yuyulmasını sadəcə məhdudlaşdırmağa deyil, ciddi və qəti şəkildə son qoymağa səy göstərməyib.  Həmçinin Rusiyanın Qərbdə siyasi və maliyyə təsirlərinə ciddi şəkildə son qoymaq cəhdləri də olmayıb. Tutaq ki, “Almaniya özünü Rusiya qazının asılılığından qurtarmalıdır”, “Fransa Rusiyadan pul alan siyasi partiyaları qadağan etməlidir”, yaxud “ABŞ və Birləşmiş Krallıq  Rusiya oliqarxlarının Londonda, Mayamidə mülk almasına son qoymalıdır” kimi fikirləri heç kim ciddiyə almayıb.  Heç kim deməyib ki, Putinin informasiya müharibəsinə adekvat cavab onun özünə qarşı informasiya müharibəsi olmalıdır.

İndi isə biz fəlakət gətirə biləcək bir konfliktin astanasındayıq. Ukraynadakı Amerika, Britaniya və Avropa səfirlikləri təxliyə olunurlar: vətəndaşlarını bu ölkəni tərk etməyə çağırırlar. Bu dəhşətli an yalnız diplomatiyanın iflası deyil, bu, Qərbin təxəyyülünün iflasıdır, diplomatların, siyasətçilərin, jurnalistlərin, intellektualların bir nəsil boyu davam edən, Rusiya dövlətinin tədricən nəyə çevrildiyini başa düşmək istəməmələri və nəticədə bu vəziyyətə gərəkli şəkildə hazırlanmamaqdır. Biz bu dövlətin təmsilçilərinin kimlər olduğunu görməkdən imtina etdik. Biz onlarla təsirli ola biləcək dildə danışmaqdan imtina etdik. İndi isə, bu, çox gec ola bilər.

Qeydlər:

[i] Ann Applbaum The Atlantic dərgisinin yazarıdır, Johns Hopkins Universitetinin SNF Aqora İnstitutunun əməkdaşıdır və “Demokratiyanın qürubu: Avtoritarizmin yoldan çıxaran cəlbediciliyi” kitabının müəllifidir.

[ii] Bu yazının orijinalı ingilis dilində, bu il, fevral ayının 13-də The Atlantic nəşrində işıq üzü görüb. Yazının orijinalını buradan oxumaq mümlündür.

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.