Cəmiyyət

Cəmiyyət

Zərdabinin Əkinçisi və müasir Azərbaycan

Read this article on other language
Download article
image_pdf
image_pdf

Hər il iyulun 22-də Azərbaycanda Mətbuat Günü qeyd olunur. Məktəb təhsili görmüş hər bir azərbaycanlı Mətbuat Gününün Əkinçi qəzeti, qəzetin isə Həsən Zərdabinin adı ilə bağlı olduğunu bilir. Orta məktəb tarix dərslikləri də Zərdabini ilk mətbuatın yaradıcısı kimi təqdim edir. Zərdabi yaradıcılığı ilə məşğul olanlar Zərdabinin Mirzə Fətəli Axundzadədən sonra Azərbaycan xalqının ikinci ən parlaq maarifçisi, mütəfəkkiri, elm və təhsili təşviq edən vətənpərvər ziyalısı olduğunu, xalqı dini mövhumatın təsir və təzyiqlərindən azad etmək üçün mübarizə apardığını vurğulayır.

Bəs Zərdabi Azərbaycan xalqını maarifləndirmək, mütərəqqi ideyaları yaymaq üçün kimə qarşı vuruşmaq məcburiyyətində idi? Zərdabinin ilk Azərbaycan qəzetini nəşr etdirmək və yaymaq üçün kimin dəstəyinə ehtiyacı var idi? Zərdabi xalqın maarifləndirilməsi üçün apardığı mübarizədə kimlərin nümunəsinə istinad edirdi? Bu gün Zərdabi haqqında yazılanlar Zərdabinin fikir və ideyalarına nə qədər uyğun gəlir? Bu yazıda mən Əkinçinin və Zərdabinin fikirlərinin müasir Azərbaycan cəmiyyətində necə təqdim edildiyinə və bu təqdimatın nə dərəcədə Zərdabinin fikirlərinə uyğun gəldiyinə aydınlıq gətirməyə çalışacağam. Onu da qeyd edim ki, bu yazıda işlədilən Azərbaycan, azərbaycan diliazərbaycanlı terminləri 19-cu əsrin sonları üçün yaddır; bu terminlər müvafiq olaraq, Bakı və Yelizavetpol quberniyaları, türk dilimüsəlmanlar terminlərini əvəzləyir.

Əkinçi nədən yazırdı?

Zərdabi Əkinçi qəzetinin nəşrinə 1875-ci il iyulun 22-də başlamışdır, 1877-ci il sentyabrın 29-da isə qəzetin son nömrəsi dərc olunmuşdur.[1] Zərdabinin qələmdaşları əsasən azərbaycanlılar olmuşdur, lakin qəzetlə əməkdaşlıq edən bir erməni müəllif – Qars konsulluğunda tərcüməçi işləyən Xaçatur Qorxmazov- var idi. Əlavə olaraq, qəzetin dərc olunmasında Zərdabiyə yardım edən, ərəb hərflərini düzən[2] milliyyətcə erməni mütərrib Minasov[3] və onun yeniyetmə qohumu da var idi.

Zərdabinin qəzetin nəşri ilə bağlı bir neçə il mübarizə apardığı haqqında geniş yazılıb. Lakin bu mübarizənin çoxlarının düşündüyü kimi çar hökumətindən qəzetin nəşri üçün icazə alınması ilə heç bir əlaqəsi yoxdur. Əksinə, Zərdabi qəzetin nəşrinə göstərdiyi maddi və mənəvi dəstəyə görə Bakı qubernatoru Dmitriy Staroselskiyə minnətdarlığını dəfələrlə ifadə edir. Zərdabi qəzetin nəşri ilə bağlı üç problemlə üzləşdiyini yazır.  Birincisi, ərəb əlifbası ilə azərbaycan dilində yazılan mətni oxuyub rəy verən mütəxəssis, yəni senzor tapmaq lazım idi. Bu qayda bütün qəzetlər üçün keçərli idi və şəxsən Zərdabi üçün nəzərdə tutulmamışdı. Bu problemi həll etməkdə ona Bakı qubernatoru Staroselski yardım edir, özü senzor olmağa razılaşır.[4] İkincisi, ərəb şriftlərini Rusiya imperiyasında əldə etmək mümkün deyildi, bunun üçün ən yaxın olan İstanbula getmək və şriftləri sifariş etmək lazım idi. Üçüncüsü, qəzetin nəşri üçün maliyyə vəsaiti lazım idi ki, bu da Zərdabinin ən ağrılı problemi idi, çünki varlı azərbaycanlılar qəzetin nəşrinə pul vermək istəmirdilər. Bu problemləri həll etdikdən sonra daha ciddi problemlərlə üzləşəcəyini təxmin edən Zərdabi qəzetin ilk nömrəsində üzünü ‘anlayan müsəlmanlara’ tutaraq xahiş edir ki, ‘vacib’ məsələlərdən danışacağı üçün xalqın bu qəzeti oxumasına maneələr yaratmasınlar.[5]

Qəzetin ilk nömrəsində Zərdabi inək südündən yağ hazırlanması məsələsinə toxunur və maldarlıqla məşğul olanların buraxdığı ciddi xətalardan danışır. Bu xətalar əslində Azərbaycan kəndlisinin gündəlik həyatı, sosial məişəti haqqında tarix kitablarının yazmadıqları, ictimaiyyətin dilə gətirmədiyi məsələləri anlamağa imkan verir. Zərdabi yazır ki, Azərbaycan maldarı mal-qaranı necə və hansı şəraitdə saxlamağı, inək südündən necə yağ əldə etməyi bilmir və bu səbəbdən də mal-qaradan ya az mənfəət götürür, ya da heç götürmür və mal-qara tələf olur. Bunun əsas səbəbi kəndlinin yaxşı müşahidəçi olmamasında, gündəlik icra etdiyi işə yaradıcı yanaşmamasında, səhvlərdən nəticə çıxara bilməməsində və təmizliyə riayət etməməsindədir. Fikrini daha aydın izah etmək üçün Zərdabi qəzetin ikinci nömrəsində Qolştinya vilayətində[6] yağ istehsalı zamanı əməl edilən  qaydalardan, gigiyena məsələlərindən yazır, Qolştinya əhalisinin müşahidə nəticəsində yağ istehsalı texnikasını iqlim şəraitinə necə uyğunlaşdırdığını izah edir. Sosial məşğuliyyətdə müsəlman və xristianları qarşı-qarşıya gətirən Zərdabinin digər nümunəsi baramaçılıqla bağlıdır. Zərdabi yazır ki, tut ağacı bizim məmləkətdə öz-özünə yetişdiyi üçün kəndli onun necə yetişdirilməsindən xəbərsizdir. Soyuq ölkələrdə bu ağac özü yetişmədiyindən insanlar elmlə onun düzgün və mənfəətli yetişdirilmə yollarını tapıblar. Zərdabi üzünü müsəlmanlara tutaraq sual edir: “Ey qardaşlar insafdırmı ki, biz öz tut ağacımızı yetişdirməyi yadlardan öyrənək?”[7] Zərdabinin bu qeydi əlverişli iqlim şəraitinə malik ərazilərdə yaşayan xalqların daha passiv və az yaradıcı olmasına bir işarə idi.  

Kəndlərlə bağlı Zərdabinin dilə gətirdiyi ikinici böyük problem kənd əhalisinin təbiətə biganə münasibətidir. Zərdabi yazır ki, varlı insanın varisi onun var-dövlətini talan etdiyi kimi, müsəlman da yaşadığı mühitin qədrini bilməyib, ağacları və meşələri durmadan məhv edir. Meşələrin həm havanın təmizliyi, həm də su ehtiyatları və əkinçilik üçün əhəmiyyətini xatırladan Zərdabi Azərbaycan kəndlisini meşə salmağa təşviq edir.[8]

Əkinçi Azərbaycan əyalətlərinin sosial problemlərinə toxunarkən ermənilərlə azərbaycanlılar arasında paralellər gətirir, sanki iki qonşu xalq arasında bir rəqabət yaradaraq azərbaycanlıları ətalət vəziyyətindən çıxarmağa çalışır. Qəzet 1876-cı il 22 dekabr nömrəsində yazır ki, Qafqazda “iki milyon müsəlman var, amma bir qəzeti dolandıra bilmir,” halbuki yarım milyon erməninin dörd qəzeti və dörd jurnalı var.[9] Qəzetin 1876-cı il 30 yanvar nömrəsində Qubanın Gilvar kəndinin erməni sakinlərinin öz pulları hesabına bir məktəb açması və məktəbə bir müəllim təyin etməsi və uşaqlara erməni və rus dillərində təhsil verilməsindən, teatr təsis edilməsindən, imkansız erməni ailələrini dəstəkləmək üçün ianə toplanmasından yazılır. Varlı azərbaycanlıların ianə vermək istəməməsini, aclıq çəkən azərbaycanlı kənd sakinlərinə qəza rəisi (uyezdniy naçalnik) Kazlyakovskinin yardım etməsini xüsusi vurğulayır.[10]

Təhsil və elm məsələlərinə toxunan Zərdabi qəzetin elmi məlumatların yayılmasında müstəsna rolundan danışır və maraqlı bir məsələyə, 19-cu əsrin sonlarında xalqın işlək dili məsələsinə toxunur. Zərdabi yazır ki, Osmanlı dövlətində türk dilində bir çox qəzet dərc olunur, lakin onların “bizim məmləkətdə yayılması üçün imkanı geniş deyil,” çünki “bizim əhali fars dilində danışır,” bu səbəbdən də İstanbulda fars dilində nəşr edilən Əxrar qəzetinin Azərbaycanda müştərilərinin çox olacağını ehtimal edir.[11] Digər bir hissədə əhalinin işlək dilinə işarə vuraraq “küllü İrəvan quberniyasında əhalinin türk dilində oxuya bilmədiyini” yazır.[12] Bu qeydlər Cənubi Qafqazın Rusiya tərəfindən işğalından yarım əsr sonra da savadlı müsəlmanların işlək dilinin fars dili olmasını təsdiqləyir.

Zərdabinin sünni məzhəbinə aid olduğu məlumdur, bəlkə də, bu səbəbdən sünnilərlə şiələr arasında müqayisə aparmaqdan çəkinib. Lakin buna baxmayaraq, qəzetdə dərc olunan bəzi məlumatlar sünnilərlə şiələr arasında elm və təhsilə, mütərəqqi ideyalara münasibətdə ciddi fərqin olduğunu göstərir. Məsələn, Zərdabi yazır ki, qəzetin ən çox müştəriləri Quba, Dərbənd[13] və Dağıstandandır. “Bizim şəhərlər” adlandırdığı yerlərdən də ən çox qəzet alanlar məhz sünnilərin məskunlaşdığı bölgələrdir: “Qarabağdan 3, Şirvandan 3, Şəkidən 3, Lənkərandan 1, Gəncədən 1 adam qəzet apartdırır.”[14] 1877-ci ildə qəzetin maliyyə problemləri üzündən bağlanma ehtimalından yazan Zərdabi Dağıstan və Dərbənddən 35, Rusiyadan 20 olmaqla, cəmi 119 oxucusunun olduğunu, Gəncədən 1 erməni oxucusu, Bakıdan isə 12  oxucudan 3-nün rus olduğunu qeyd edir.[15]  Qəzetin digər nömrəsində Məkkə ziyarətindən yazan Zərdabi müsəlmanların nə üçün ziyarət etdiklərini bilmədiklərindən, özlərini müsəlman hesab etsələr də, Məkkə ziyarətinin əsas məqsədindən bixəbər olduqlarından yazır. Bunun səbəbinin də elmsizlikdən irəli gəldiyini vurğulayır.[16] Əkinçi müsəlman ruhaniliyinin minbərlərdən savadlı insanları, qəzet oxuyanları kafir adlandırdığını, onlara lənət oxuduğunu və beləliklə də, onların ictimai nüfuzuna ciddi xələl gətirdiyini, sadə əhalini dinsizlik və cəhənnəmlə qorxudaraq təhsildən uzaq tutmağa çalışdığını yazır.[17]

Əkinçi əsas oxucularının kəndlilər olduğunu xüsusi vurğulayır. Qəzet ilk dərc olunan il onun 600 oxucusunun yarısı kəndli idi[18] və kəndlilərə qəzetin çatdırılmasında dəftərxana rəislərinin (Zərdabi onları “naçalnik dəftərxanaları” adlandırır) xüsusi xidməti var idi. Kəndlərdə poçt xidməti olmadığından kəndlilərə qəzetin çatdırılması qubernatorun xahişi ilə dəftərxana rəisləri tərəfindən təşkil edilirdi. Bu məlumat rus idarə sistemində çalışanların müsəlman əhalinin təhsilə cəlb edilməsində və qəzet oxumasında maraqlı olduğunu təsdiqləyir. Qəzet dəfələrlə müsəlmanların israrla oxumaqdan imtina etməsindən, varlı və ruhani təbəqənin xalqı mövhumat və qaranlıqda saxlamaqda maraqlı olmasından yazır. Qəzet Qarabağda gimnaziya açmaq üçün pul yığılan zaman azərbaycanlı bəylərin imkansız azərbaycanlı uşaqlarını maliyyə cəhətdən dəstəkləmək istəmədiklərini, amma varlı ermənilərin kasıb erməni uşaqlarını oxutmaq üçün böyük maliyyə vəsaiti xərclədiklərini xatırladır.[19]

Qəzet çap edilməsinə, məktəb açılmasına, teatra, mədəniyyətə pul xərcləmək istəməyən müsəlman zadəganların (Zərdabi onları bəyzadələr adlandırır) pulu hara xərclədiyi ilə bağlı suala Əkinçinin maraqlı cavabı var: pulu qumara, hansısa İvan İvaniçi qonaq etməyə və ya hansısa bir vəzifəli rusa bahalı hədiyyə, məsələn, at bağışlamağa, imam ehsanına xərcləyir. “Bu ehsanı Allah qəbul edərmiş, amma füqəraların uşaqları üçün bina olunan məktəbxanaya olunan ehsanı Allah qəbul etməzmiş.”[20] Digər nömrədə Əkinçi 1877-ci ildə Bakıda (Badkubə) mərsiyəxanalara 15 min rubl pul verildiyini qeyd edir.[21]  Əkinçi müsəlman hakim təbəqənin qəzetdə yazılanları “şər-böhtan” adlandırdığını, bəyzadələrin Zərdabidən çar idarələrinə böhtan dolu məktublar yazdığını, müsəlmanların dünyəvi məktəblərə ehtiyacları olmadığıı haqqında rəsmi idarələrə məktiblar göndərdiyini və beləliklə də məktəblərin açılmasına əngəllər  yaratdığını qeyd edirdi.[22] Zərdabidən edilən şikayət məktublarında əsasən onun siyasi etibarsızlıq məsələsinə toxunulurdu. Müsəlman hakim təbəqənin Zərdabiyə mənfi münasibəti onun təkcə sadə əhalini maarifləndirmək cəhdləri ilə bağlı deyildi. Zərdabinin mülkədarların ağır istismarı altında əzilən kəndliləri müdafiə etməsi, məhkəmə üzvü kimi onların hüquqlarını qoruması hakim təbəqəni və çar məmurlarını ciddi narahat edirdi.[23]

Əkinçi səhifələrində müsəlmanların elmə, təhsilə, mədəni işlərə münasibətini qonşu erməni və gürcü xalqlarının baxışı ilə qarşılaşdıraraq təqdim edir. Erməni-azərbaycanlı müqayisəsi erməni ruhaniliyi ilə müsəlman ruhaniliyinin təhsil və dinə münasibətinin təhlili əsasında aparılır. Qəzet yazır ki, erməni ruhaniləri xalq arasında elm və təhsilin yayılması işinə bilavasitə rəhbərlik edir, vəsait toplanması, məktəblərin açılması, təhsilin təşkili məsələləri ilə bağlı çar administrasiyası ilə danışıqlarda aparıcı rol oynayır. Qəzetin 1876-cı il 27 may nömrəsində Rusiyada təhsil ilə bağlı qəbul edilmiş yeni qaydaya[24] erməni ruhanilərinin etirazı və bu etirazdan sonra qaydanın dəyişdirilməsi və müsəlmanların bu dəyişikliklərdən necə yararlanmasından bəhs edilir.

Əkinçi Xristianlıq ilə İslamın müqayisəsini daha geniş müstəvidə Şərq və Qərb dəyərlərinin qarşılaşdırılması ilə izah etməyə çalışır. Əkinçi Şərqlə Qərb arasında çoxlu sayda fərqlərdən yazdığını, lakin bunların ən önəmlisinin elm-təhsil və azadlıqla bağlı olduğunu vurğulayır. Əkinçi yazır ki, nə qədər ki Qərb dünyası azadlığın nə olduğunu bilmirdi, Şərqdən “behtər avam idi.”[25] Əkinçi ilk dəfə azadlıq haqqında geniş mülahizə yürüdərək, müsəlman cəmiyyətində azadlıq məfhumunun necə anlaşıldığını tənqid edir: “Satınalma qulu azad etməyi savab hesab edə-edə biz öz xahişimizlə bir-birimizin qulu olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada məgər qul deyil?” Bu vəziyyəti millətin adət-ənənələri ilə izah edən Əkinçi müsəlman ailədə şəxsi müstəqilliyin olmamasının ciddi fəsadlarına toxunur və yazır ki, öz ixtiyar və borclarından bixəbər olan oğul özündən güclülərin qarşısında atasının qarşısında olduğu kimi, ikiqat əyilir, zəifləri isə atası onu adam hesab etmədiyi kimi, o da adam hesab etməyir. Əkinçi azadlıq ruhunun, şəxsi müstəqilliyin dəyərinə toxunaraq, uşaqlara fərd kimi rəftar edilməyin vacibliyindən danışır.[26]  

Əkinçi Azərbaycan cəmiyyətində təkcə müsəlman ruhanilərinin deyil, varlı təbəqənin də elm və təhsilə, qəzetə qarşı çıxmağını dəfələrlə tənqid edir. Bunun səbəbləri içərisində müsəlman elitanın çar hakimiyyətinə etibarsızlıqda günahlandırılma, şəriətə qarşı çıxmaq qorxusu xüsusilə vurğulanır.[27] Üzünü müasir gəncliyə tutan Əkinçi onları varlıların böhtanlarından, hədələrindən, ruhanilərin lənətindən qorxmamağa çağırır. Əkinçi üzünü Qafqazın müsəlman əhalisinin varlı təbəqəsinə tutaraq onlardan maddi yardım istəyir və bu yardım hesabına açılacaq məktəblərin, kitabxanaların, təhsil ocaqlarının müsəlman xalqının həyatını necə dəyişdirəcəyini izah edir. Sonda, bunun bir xəyal olduğunu etiraf edir, lakin bu fikirlərin xəyal olaraq qalmasına müsəlmanların özlərinin səbəb olduğunu da vurğulayır.[28]  

Əkinçi millətlər arasında münasibətlərə xüsusi diqqət ayırır, xalqları dostluğa, qardaşlığa çağırır, Osmanlı və İran dövlətində erməni məsələsinə toxunaraq xalqlar arasında nifaqın deyil, ittifaqın zəruri olduğuna işarə vurur. Əkinçi yazır ki, yaxşılıq unudulsa da, pislik unudulmur, bir millətə əziyyət mütləq qarşı tərəfin cavabına səbəb olacaq, məhz bunun üçün xalqlar arasında qardaşlığı təbliğ etmək lazımdır.[29]

1877-ci ilin sentyabrında Rusiya ilə Osmanlı arasında müharibənin başlanmasından sonra Əkinçi yazır ki, oxucular erməni qəzetləri kimi hərb meydanından şəkillər dərc edilməsini tələb edirlər və üzünü oxucularına tutaraq soruşur ki, maliyyə imkanları məhdud olan bir qəzetdən necə “cəng” (müharibə) yerindən şəkil tələb etmək olar? Uzun müddət yeniliklərə qarşı vuruşan müsəlman ruhaniləri, mütərəqqi işlərə pul xərcləmək istəməyən müsəlman bəyzadələri ilə mübarizə aparmaqdan usanan Əkinçi 1877-ci il sentyabrın 29-da qəzeti belə bir elanla bağlayır: “Biz naxoş olduğumuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların hacaq çıxacağı məlum deyil.”  Beləliklə, qəzetin bağlanmasında nə çar hökumətinin irticaçı mövqeyi, nə qəzetin Osmanlıya rəğbəti rol oynayıb, Əkinçi müsəlmanlar qəzetə pul vermədiyi üçün bağlanıb.

Zərdabi Əkinçini necə xatırlayırdı?

1905-ci ilin sonu-1906-cı ilin əvvəlində Həsən Zərdabi Əkinçinin otuz illik yubileyi ilə bağlı Həyat qəzetində bir neçə məqalə dərc etdirir.[30] Bu yazılarında Zərdabi Qafqazın müsəlman əhalisi içərisində təhsil və mədəniyyətin yayılması ilə bağlı cəhdlərindən, Əkinçinin dərc edilməsi ilə bağlı qarşılaşdığı əngəllərdən, bu əngəlləri yaradanlardan bəhs edir. Zərdabi Bakıda həkim işləyən David Rostamyanın 1864-cü ildə Martasirakan adlı xeyriyyə cəmiyyəti yaratmasını, Bakıda az sayda olan ermənilərin bu cəmiyyət vasitəsilə yüzlərlə yoxsul erməni uşaqlarını oxutmaq təşəbbüsünü  alqışlayır.  Zərdabi bu təşəbbüsün təsiri altında müsəlmanlar üçün xeyriyyə cəmiyyəti yaratmaq iddiasına düşüb, Azərbaycanın ən varlı şəhərləri olan Bakı, Şamaxı və Şuşanın varlı ailələrinə müraciət etdiyini, lakin cəhdlərinin uğursuzluqla nəticələndiyini etiraf edir.[31] Qonşu ermənilərin xeyriyyə cəmiyyətləri vasitəsilə elm-təhsil sahəsində ciddi irəliləyiş əldə etdiklərini, varlı ermənilərin tanımadıqları erməni uşaqlarına maddi dəstək göstərdiklərini vurğulayan Zərdabi yazır ki, özü xeyriyyə cəmiyyəti yaratmaq istəyərkən tutduğu dəftəri hələ də saxlayır və bu dəftərdə bir dənə də Bakı milyonçusunun adının olmaması onu təəccübləndirmir. Onu təəccübləndirən o dəftərdə Bakı qubernatoru Staroselskinin imzasının olmasıdır. Zərdabi Staroselskinin dəftərə yazdığı yazını da misal gətirir: “nə qədər ki mən Bakının qubernatoruyam, borcumdur ki, hər il müsəlman xeyriyyə cəmiyyətinə 100 manat pul verim.”[32]

Zərdabi müasir gəncliyin qonşu ermənilər və gürcülərlə müqayisədə müsəlmanların elmdən geridə qalmalarını çar idarəçiliyinin  siyasəti ilə bağlamasını düzgün hesab etmir. Zərdabi etiraf edir ki, çarizm müsəlman əhaliyə münasibətdə məhdudiyyətlər tətbiq edib, lakin o, müsəlmanların geriliyinin əsas səbəbini məhdudlaşdırıcı qanunlarda deyil, müsəlmanların özlərinin təhsilə meyilli olmamasında görür və bunu tənqid edir: “həqiqət odur ki, bizləri də irəli çəkmək istəyiblər, lakin biz getmək istəməmişik.” Burada bir haşiyə çıxaraq qeyd edək ki, çar Rusiyası ermənilərə qarşı da ciddi məhdudlaşdırıcı qanunlar tətbiq etmişdi. Çar idarəçiliyinin erməni kilsəsi, kilsələrin nəzdindəki məktəblər və digər mədəni cəmiyyətlərə hücumları üç mərhələdən ibarət olmaqla, Rusiyanın Cənubi Qafqazı işğalından cəmi 8 il sonra, 1836-cı ildə başlamışdı. Lakin bu hücumlar başda erməni katolikosu olmaqla, həm erməni ruhaniliyi, həm də hakim təbəqənin ciddi müqaviməti ilə üzləşmiş və çarizm bu təzyiqlər altında güzəştə getməyə məcbur olmuşdur.

Qonşuları ermənilər və gürcülər arasında dərin fərqin yarandığını dəfələrlə xatırladan Zərdabi gələcəkdə bunun ciddi fəsadlara səbəb olacağını da bildirirdi. Zərdabi yazırdı ki, elmdən, təhsildən uzaqlaşmış müsəlmanlar elmsizlik üzündən  əllərində olan mal-mülkü itirərək qonşulara rəncbərlik edib onların mallarını daşımaq üçün kirakeşlik edəcəklər.[33] 1906-cı ilin yanvar-fevral aylarında yazdığı bir sıra məqalələrində ortaq türk dili, müsəlman məktəblərində istifadə edilən dərslik və kitablar məsələsinə toxunan Zərdabi məktəblərdə tədris olunan kitabların elm öyrətmədiyini vurğulayır, elmi nailiyyətlərin əks olunduğu kitabların tərcüməsinin vacibliyindən, türk dilinin müxtəlif şivələrinin öyrədilməsindən bəhs edirdi.[34]  

Zərdabinin 1905-1906-cı illərdə 19-cu əsrin sonlarındakı fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşməsi ən azı iki səbəbdən mühümdür. Birincisi, qeyd edilən dövr Rusiya imperiyasında ilk burjua inqilabının və ictimai həyatda ciddi dəyişikliklərin baş verdiyi dövr idi. Yeni siyasi şəraitdə Azərbaycanlı ziyalıların mövqeyini təhlil edən Zərdabi 19-cu əsrin sonlarında çarizmə qarşı etibarsızlıqda ittihamdan qorxaraq onun proqressiv təşəbbüslərinə qarşı çıxanları tənqid edir, onları qeyri-səmimilikdə ittiham edirdi. Yeni şəraitdə bir çox xeyriyyə cəmiyyətlərinin başına keçmiş bu ziyalıların əksəriyyətinin vaxtilə onun təşəbbüslərinə kölgə saldığını, ondan şikayət etdiyini xatırladan Zərdabi üzünü dünən tərəqqiyə qarşı çıxıb bu gün “yaşasın” qışqıranlara tutaraq soruşur: “siz, həqiqətən, yatmış müsəlmanları oyatmaq istəyənlərsiniz?”[35]

İkinci önəmli məsələ ondan ibarət idi ki, Zərdabinin fəaliyyəti ilə bağlı fikirlərini bölüşdüyü dövrdə ilk erməni-müsəlman toqquşması baş vermişdi. Bakıda, Yelizavetpolda, Qarabağda, Naxçıvanda, İrəvanda baş vermiş qanlı toqquşmalar haqqında qəzetlər məlumatlar dərc edirdi. Ermənilərlə müsəlmanlar arasında gərginliyin artdığı bir dövrdə Zərdabi Həyat qəzetinin səhifələrində qonşu ermənilərin müsbət tərəflərini (milli birlik hissi,  milli tarixə münasibət, elm və təhsilə hörmət) təşviq etmiş, bununla bağlı fikirlərini cəsarətlə dilə gətirmiş və erməniləri müsəlmanlara örnək göstərməkdən çəkinməmişdir.

Zərdabi və müasir Azərbaycan

Tarix və tarixi hekayələr arasındakı əlaqə tarixi yaradanla tarixi yazan arasındakı əlaqə ilə eyni deyil. Tarix uzun illərdir ki, həm tarixi yazanlar, həm də oxuyanlar üçün keçmişdə baş verənləri bərpa etmək deyil, gələcəkdə baş verəcəkləri anlamaq üçün bir vasitədir. Gələcəkdə baş verəcəkləri anlamaq isə keçmişlə müasirlik (indi) arasında adekvat əlaqənin bərpa edilməsini tələb edir. Bu əlaqənin bərpa edilməsində iştirak edənlərin məqsədləri, maraqları, tənqidi təhlil qabiliyyətləri əhəmiyyətli rol oynayır.

Tarixi informasiyanın tarixi hekayə kimi təqdim olunması keçmişlə müasirlik arasında əlaqənin yaradılmasının geniş yayılmış üsullarındandır. Tarixi informasiyanı hekayə kimi təqdim edən tarixçi hekayəsinin bütöv və tamamlanmış, cəlbedici olması üçün bütün mümkün mənbələrdən istifadə edir, məlumatları qarşılaşdıraraq onlar arasında fərqli və oxşar tərəfləri, xüsusiyyətləri müəyyənləşdirib oxucusuna təqdim edir. Lakin tarixçi heç də hər zaman oxuduğu, malik olduğu məlumatların hamısını yaratdığı tarixi narrativə daxil etmir, onun hər zaman seçim imkanı olur, məlumatların bir qismi tarixi narrativlərdə yer alır, digər qismi isə kölgədə qalır. Hansı məlumatların tarixi narrativlərə daxil edilməsi, hansıların gizlədilməsi çox zaman tarixçinin şəxsi maraqlarından irəli gəlməyə bilər. Tarixçinin yaşadığı dövr, sosial mühit onun seçimlərinə təsir edə biləcək mühüm amillərdəndir.

Ancaq tarixi narrativlərin məzmununa təsir edə biləcək ən güclü vasitə, sözsüz ki, hakimiyyətdir. Amerikalı alim Mişel-Rolf Trulliot Keçmişin susdurulması adlı əsərində hakimiyyətin tarixin yaradılması və yazılmasında oynadığı rolundan bəhs edərək keçmişə selektiv münasibətin səbəblərini anlamağa, nə üçün tarixin bir dövrünün cəmiyyətlər tərəfindən yaxşı xatırlandığı, digər dövrlərinin isə unudulduğunu izah etməyə çalışır.[36] Bu izah bir çox hallarda tədqiqatçılarla hakimiyyətin yaddaş siyasəti ilə bağlı qarşı-qarşıya gəldiyini göstərir. Lakin hakimiyyət kollektiv və ya ictimai yaddaşın formalaşmasında iştirak edən tərəflərdən biridir, digər tərəflərdən biri də cəmiyyətin özüdür. İctimai yaddaşın formalaşmasındakı selektivlik nə ilə bağlıdır? Nə üçün bəzi tarixi hadisələr, şəxsiyyətlər, proseslər tarixi narrativlərdə daha tez-tez və ətraflı xatırladılır, digərləri isə ya tamamilə unudulur, ya da yarımçıq xatırladılır?[37]

Bu yazıda tarixin bərpası / konstruksiyasında və tarixi narrativlərin yaradılmasında hakimiyyətin və cəmiyyətin rolu məsələsinə toxunmağımızın səbəbi müasir Azərbaycanda Həsən Zərdabi irsinin yarımçıq və ya təhrif olunmuş şəkildə xaıtrlanması ilə bağlıdır.  “Həsən Zərdabi kimdir?” sualına azərbaycanlıların əksəriyyəti “öz dilimizdə ilk qəzetin yaradıcısı” cavabını verəcəklər. Zərdabinin yaradıcılığı ilə məşğul olan tədqiqatçıların onun haqqında daha dərin və kamil biliklərə malik olması təkzibolunmazdır.[38] Hər il 22 iyul-da Azərbaycan Mətbuatı Günü keçirilir, uzun illərdir Azərbaycan Jurnalistlər Birliyi hər il Mətbuat Günü ərəfəsində fəaliyyəti ilə fərqlənən jurnalistlərə Həsən bəy Zərdabi mükafatı təqdim edir, İçərişəhərin Böyük Qala küçəsində Həsən Zərdabinin heykəli qoyulub, Bakıda prospektlərin biri Həsən bəy Zərdabinin adını daşıyır. Bu simvollar sosial yaddaşın formalaşdırılmasında mühüm vasitələr hesab olunur. Lakin yaddaş siyasətinin təməl daşını məktəb və kütləvi informasiya vasitələrinin təşkil etməsi danılmazdır.[39] Həsən Zərdabinin irsi tarixi dərsliklərdə və Azərbaycan mediasında necə xatırlanır, bu xatırlanma Zərdabinin fikirlərinə, fəaliyyətinə nə dərəcədə uyğun gəlir?

Zərdabi ilə tanışlıq 9-cu sinif Azərbaycan tarixi ilə başlanır. Bu dərsliyin 19-cu əsrin 2-ci yarısında milli mətbuat və teatrın yaradılmasına həsr olunmuş bölməsində Zərdabinin 3 il ərzində məqsədyönlü şəkildə fəaliyyəti nəticəsində Əkinçi qəzetini çap etdirməyə müyəssər olduğu qeyd edilir. Dərslik qəzetin bağlanmasını 1877-ci ildə Rusiya-Osmanlı müharibəsinin başlanması və qəzet səhifələrində Osmanlı dövlətinə rəğbətlə izah edir.[40] Lakin dərslik Zərdabinin Bakıda ilk xeyriyyə cəmiyyəti, qızlar üçün ilk məktəb açılmasında xidmətlərindən, yoxsul məktəb tələbələrinə maliyyə dəstəyi məqsədilə ilk teatrı təşkil edərək M.F.Axundzadənin Hacı Qara pyesini ilk dəfə səhnələşdirməsindən, ilk dərsliklərin hazırlanmasında, ilk müəllimlər qurultayının keçirilməsində rolundan, Bakı Şəhər Dumasındakı fəaliyyətindən bəhs etmir.

Dərsliyin Zərdabi irsi ilə bağlı məlumatları natamam verməsini bir neçə səbəblə izah etmək olar. Amma Əkinçi qəzetinin bağlanması səbəbini Zərdabinin Osmanlı dövlətinə rəğbəti ilə izah etmək tarixi məlumatları təhrif etmək deməkdir. Əkinçidə həm Osmanlı, həm də İran dövləti bir sıra səbəblərdən tənqid edilir. Zərdabinin Rusiya hökumətinə münasibəti isə birmənalı olmayıb. Sözsüz ki, Əkinçi öz səhifələrində açıq şəkildə çar idarəçiliyini hədəfləyə bilməzdi, bu səbəbdən Əkinçi imperator hakimiyyətinə qarşı adekvat siyasi mövqe nümayiş etdirməyə çalışmış,  Rusiya imperatoruna əlahəzrətbizim imperator deyə xitab edilmişdi. Əkinçi həmçinin Rusiya hakimiyyətinin Qafqaza gətirdiyi elm və təhsil imkanlarını, xüsusilə müsəlman əhalinin savadlanması üçün ciddi nümunələr yaratdığını etiraf edib və Rusiya idarəçiliyinin ümumən Qafqaza müsbət təsir etdiyini qeyd edib. Qəzetin bağlanmasının Rusiya hakimiyyətinin iradəsi ilə deyil, müsəlmanların qəzet oxumaq istəməməsi ilə bağlı olduğunu isə Zərdabi dəfələrlə yazıb, lakin dərsliyi tərtib edənlər bu haqda susmağa üstünlük verib, tarixi informasiyanı təhrif ediblər.

AMEA Tarix İnstitutu əməkdaşlarının yaradıcılığının məhsulu olan 7 cildlik Azərbaycan tarixinin 4-cü cildində Zərdabinin Azərbaycanda təbiət elmlərinin inkişafına verdiyi tövfədən bəhs edilib, ilk qəzetin nəşrə hazırlanmasında Staroselskinin Zərdabiyə göstərdiyi dəstək qeyd olunub, lakin qəzetin bağlanması çarizmin  mövqeyi ilə izah edilib ki, bu da Zərdabinin qəzetin bağlanması ilə bağlı yazdıqlarına uyğun gəlmir.[41] Azərbaycan tarixi kitabının 5-ci cildində məktəb dərsliklərindən fərqli olaraq, Zərdabinin müsəlman qızlar üçün ilk məktəbin açılmasında, Qafqaz müsəlmanları müəllimlərinin I qurultayının keçirilməsində rolu, Bakı Şəhər Dumasında fəaliyyəti, Nəşri-Maarif cəmiyyətindəki xidmətləri qeyd olunub. Lakin mətbuatın təhlilində Azərbaycan alimləri akademik dürüstlük nümayiş etdirə bilməmiş, 19-cu əsrin sonlarında Qafqazda Azərbaycan dilində mətbuatın olmamasında müsəlman hakim təbəqəni, ziyalıları deyil, çarizmi ittiham etmişdilər.[42]

Bu hissədə Zərdabinin fəaliyyətinin mediada necə təqdim olunması üçün son on ildə dövrü mətbuatda dərc olunan bir sıra materialları araşdırmış,  2022-ci ildə Zərdabinin anadan olmasının 180 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının dərc etdirdiyi Həsən bəy Zərdabi-180. Daycet məcmuəsindən istifadə etmişəm.[43] Məcmuənin tərtibatçıları 2018-2022-ci illərdə Azərbaycan mətbuatında Zərdabi haqqında dərc edilmiş və önəmli hesab etdikləri məqalələri əhatə etdiklərini qeyd edirlər. Dövri mətbuatda və qeyd edilən məcmuədə Zərdabinin Rusiyaya, İrana, Osmanlı dövlətinə, həmçinin təhsil, din və erməni məsələsinə münasibətinin müasir Azərbaycan cəmiyyətinə necə təqdim edildiyini aydınlaşdırmağa çalışmışam.

Həsən bəy Zərdabi-180. Daycet məcmuəsində Zərdabiyə həsr olunmuş məqalənin əksəriyyətində oxşar fikirlər səsləndirilir və məqalələr məzmunca bir-birindən az fərqlənir. Təkrarlanan fikirlər Zərdabinin təhsilin inkişafı, məktəblərin açılması, xeyriyyə cəmiyyətlərinin qurulması ilə bağlı yazdıqlarını əhatə edir. Lakin bu yazılar Zərdabinin fikirlərini əksər halda təhrif edərək təqdim edir. Məsələn, 2017-ci ildə Türküstan qəzetində Aydın Qasımlının məqaləsində Zərdabi-Rusiya münasibətləri ilə bağlı “Həsən bəy Zərdabi Türklərə məxsus ilk ‘Xeyriyyə Cəmiyyəti’ yaradaraq bir çox süründürmələrdən sonra onun proqramının təsdiqinə nail oldu” yazılır.[44] Halbuki Zərdabi xeyriyyə cəmiyyətinin nizamnaməsini qısa müddətə təsdiq etdirmiş, lakin maliyyə toplamaq üçün uzun vaxt sərf etmiş, maliyyəni toplaya bilmədiyi üçün də xeyriyyə cəmiyyətinin fəaliyyəti ilə bağlı hesabat verə bilməmiş və  qanuna uyğun olaraq cəmiyyəti bağlamağa məcbur olmuşdur. 

Bu məcmuənin Zərdabinin həyat və yaradıcılığına həsr olunmuş giriş məqaləsində Əkinçi qəzetinin bağlanması Rusiyanın irticaçı, işğalçı rejimi və kəndlilərin ağır həyat şəraitini təsvir etməsi ilə əlaqələndirilmişdir.[45] Halbuki Əkinçi dəfələrlə qəzetin bağlanmasında müsəlman ruhaniləri və bəyzadələr adlandırdığı müsəlman hakim təbəqəni günahlandırmış, kəndlilərin ağır həyat şəraitində isə müsəlman bəylərinin zülmündən bəhs etmişdir. Lakin müəllif nə üçünsə bu məlumatları oxumaq istəməmiş, Zərdabinin yazdıqlarını sərbəst şərh etmiş, bütün problemlərdə günahkar kimi çarizmi göstərmişdir.

Zərdabi və erməni məsələsi müasir Azərbaycan mətbuatında Zərdabi irsi ilə bağlı ən çox təhrif olunan mövzudur. 2020-ci ildə Türküstan qəzetindəki Azərbaycan mətbuatının məşəli-Zərdabi adlı məqalədə Zərdabi-erməni münasibətləri təhrif edilmişdir. Məqalədə müəllif Əkinçi qəzetinin bağlanmasını qəzetin mürəttibi Minasovun donosları ilə əlaqələndirir ki, bu da həqiqətə uyğun deyil.[46] Ümumiyyətlə, Zərdabiyə həsr olunmuş məqalələrin hamısında Zərdabinin millətçi olduğu iddia olunur. Beləliklə də, Zərdabinin ermənilərə və Qafqazın digər millətlərinə dair beynəlmiləlçi mövqeyi unudulur.

Zərdabi dəfələrlə müsəlmanları elmə və təhsilə çağıranda, milləti sevməyin təhsili və ana dilini təşviq etməkdə olduğunu vurğulayanda erməniləri nümunə olaraq göstərir və müsəlmanları onlar kimi olmağa çağırır. Zərdabi eyni zamanda Osmanlı dövlətində zülm görən erməni icmasının əziyyətlərindən, onların qaçaraq Qafqaza gəlməsi və yerli erməni mülkədarlara sığınmasından yazır.[47] Zərdabi irsinin təhrif edilməsinə digər cəhd 2020-ci ildə Kredo qəzetində çıxan Həsən bəy Zərdabi və milli mətbuat günü məqaləsində edilir. Müəllif sovet dövründə Zərdabi irsinin tədrisinin Əkinçi qəzeti ilə məhdudlaşdırılmasını onun dindar olması ilə izah edir.[48] Halbuki Əkinçi və digər qəzetlərdə dərc edilmiş yazılarında Zərdabinin, özü dindar olsa belə, dini təsisatları və din xadimlərini ciddi tənqid atəşinə tutduğu danılmaz faktdır. Bu isə onun dinlə bağlı mövqeyinin sovet hakimiyyətinin dini siyasəti ilə üst-üstə düşdüyünə dəlalət edir. Digər tərəfdən bu yazıda da gördüyümüz kimi, müasir Azərbaycanda da Zərdabi irsinin təqdimatı Əkinçi qəzeti ilə məhdudlaşır. 

Son Söz Əvəzi

Bu yazıda yaxın keçmişə aid yazıları hamı üçün əlçatan olan Zərdabinin fikirlərinin təhrif olunması nümunəsində tarixi informasiyanın saxtalaşdırılması məsələsinə toxunulur. Zərdabini təhrif edənlərin içərisində alimlər də, ictimai xadimlər də, jurnalistlər də var. Onların hansı səbəbdən Zərdabinin yazdıqlarını təhrif etdiklərini araşdırmaq bu yazının məqsədi deyil. Lakin göründüyü kimi, müasir yazarlar Zərdabinin Əkinçinin açılmasında maneə kimi göstərdiyi səbəbləri unudub, bunda çar administrasiyasını günahlandırırlar. Zərdabi qəzetin bağlanmasında müsəlman ruhani institutunun təhdidlərini və müsəlman hakim təbəqəsinin maliyyə dəstəyi göstərmək istəməməsini qeyd edir, müasir yazarlar isə səbəb kimi ya erməniləri, ya Rusiya hökumətini, ya da Əkinçinin Osmanlıya rəğbətlə dolu yazılarını misal gətirirlər. Zərdabi azərbaycanlı ziyalıların xalqın taleyinə, təhsil və elmə cəlb edilməsinə biganəliyindən yazır, müasir yazarlar isə azərbaycanlı ziyalıların təhsil və mətbuat uğrunda mübarizəsindən bəhs edirlər. Zərdabi Bakı milyonçularından heç birinin xeyriyyə cəmiyyətinə pul vermədiyindən, Bakıda qalmasına mane olduqlarından, ona deyil, xaricilərə iş verdiklərindən yazır, müasir yazarlar isə Zərdabi ilə Hacı Zeynalabdin Tağıyevin dostluğundan hekayələr danışır.

Hamı üçün əlçatan olan Zərdabi sözünün bu cür təhrif edilməsinin mümkünlüyünün bir sıra səbəbləri var. Ehtimal etmək olar ki, əsas səbəblərdən biri müasir yazarların öz yazdıqlarının oxucular tərəfindən təftiş edilməməsinə inamıdır. Azərbaycan oxucusunun tənqidi təfəkkürünün təhsilin heç bir səviyyəsində inkişaf etdirilməməsi buna yaxşı baza yaradır. Bu səbəb isə vaxtilə üzünü azərbaycanlılara tutaraq “Ey müsəlmanlar, oxuyun!” deyən Zərdabinin hələ də aktual olduğunu xatırladır.  


[1] Bu məqalədə Əkinçi qəzetinin transliterasiya olunmuş verisyasından istifadə olunub. Bax: Əkinçi 1875-1877. Tam mətni. Bakı: Avrasiya Press, 2005.

[2] 19-cu əsrin ortalarından başlayaraq tipoqrafiyada metal plitələr üzərinə üzü yuxarı düzülən qabarıq şriftlərdən (hərflərdən) istifadə olunurdu. Şriftlərin altında onları bir-birindən ayıran böyük qutular və bucağı olan kiçik xətkeşlər yerləşirdi. Mürəttiblər həmin xətkeş üzərinə əl ilə bir-bir şirftləri düzürdülər. Çap zamanı şirftlərin üzərinə boya vurulurdu və boyalı şriftlər kağız üzərinə sıxılırdı.

[3] Təəssüf ki, Zərdabi nə Əkinçidə, nə də Həyat qəzetində Minasovun adını qeyd etmir.

[4] Staroselski Qafqazda işlədiyi dövrdə bölgə xalqlarının dili, dini və mədəniyyəti ilə bağlı zəngin bilik toplamış, bir neçə tarixi-coğrafi məcmuələrin nəşrini təşkil etmişdi.

[5] Daxiliyyə, Əkinçi 22 iyul, 1875.

[6] Qolştinya Almaniyada tarixi vilayətdir və hazırda Şlezviq-Qolşteyn federal torpağına daxildir.  

[7] Əfali Əhli Dehat, Əkinçi, 20 noyabr, 1876.

[8] Əkin və Ziraət Xəbərləri, Əkinçi, 21 avqust, 1875.

[9] Məktubat, Əkinçi, 22 dekabr, 1876.

[10] Məktubat, Əkinçi, 30 yanvar 1876.

[11] Daxiliyyə, Əkinçi, 15 mart, 1876.

[12]Məktubat, Əkinçi, 18 yanvar, 1877.

[13] Zərdabinin bəhs etdiyi dövrdə Dərbənd Dağıstan vilayətinin tərkibinə daxil idi.

[14] Daxiliyyə, Əkinçi, 11 iyun, 1876.

[15] Daxiliyyə, Əkinçi, 2 fevral 1877.

[16] Daxiliyyə, Əkinçi, 22 dekabr, 1876.

[17] Daxiliyyə, Əkinçi, 11 iyun, 1876.

[18] Zərdabinin əsas oxucularının kəndlilər olduğunu yazması onların savadlı olmasına və qəzet oxumalarına dəlalət etmir. Qəzet nömrələri bölgələrdə savadlı insanlar tərəfindən kəndlilər üçün oxunurdu.

[19] Məktubat, Əkinçi, 22 dekabr, 1876; Daxiliyyə, Əkinçi, 2 fevral 1877.

[20] Məktubat, Əkinçi, 14 aprel 1877.

[21] Təzə Xəbərlər, Əkinçi 17 fevral 1877.

[22] Daxiliyyə, 11 iyun 1876; Daxiliyyə, Əkinçi, 28 aprel 1877.

[23] Hənifə xanım Məlikova-Abayevanın xatirələri. Həsən bəy Zərdabi və Əkinçi. Bakı: Adiloğlu, 2005, s.20ç 22.

[24] Yeni qaydaya görə, bütün məktəblərdə rus dili tədris olunmalı və tədrisə nəzarət üçün bir əlahiddə müfəttiş təyin edilməli idi.

[25] Daxiliyyə, Əkinçi, 9 iyun 1877.

[26] Yenə orada.

[27] Daxiliyyə, Əkinçi, 11 iyun 1876.

[28] Daxiliyyə, Əkinçi, 18 yanvar 1877. 

[29] Məktub, Əkinci, 20 noyabr, 1876. 

[30]Bu hissədə Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin kitabxanasında saxlanılan Həyat qəzetinin orijinal nömrələrindən istifadə olunub.

[31] Cəmiyyəti xeyriyyənin binası, Həyat, 25 noyabr 1905.

[32] Rusiyada əvvəlinci türk qəzetəsi, Həyat, 28.12.1905.

[33] Yenə orada, 28 dekabr 1905

[34]İttihadi-Lisan, Həyat, 11.01.1906; Orta dil, Həyat, 14.02.1906.

[35] Dil və din, Həyat, 8 yanvar, 1906

[36] Michel-Rolph Trouillot. Silencing the Past: Power and the Production of History. Boston: Beacon Press, 1995.

[37] Hakimiyyət və yaddaş siyasəti ilə bağlı bax: Connerton, P. (1989). How societies remember. Cambridge: Cambridge University Press.

[38] Həsən bəy Zərdabinin irsi ilə bağlı bax: H.Zərdabi. Seçilmiş əsərləri. Tərtib edən və qeydlər Z.B.Göyüşov, Bakı: Azərnəşr, 1960; Cavadova Esmira.  Sətirlərdə döyünən ürək. Bakı: Azərnəşr, 1988; Həsən bəy Zərdabinin Bakı Dumasında fəaliyyəti 1897-1907.Bakı: AMEA 2019;

[39]Bird, S. E. (2011). Reclaiming Asaba: Old media, new media, and the construction of memory. In M. Neiger, O. Meyers, & E. Zandberg (Eds.), On media memory: Collective memory in a new media age (pp. 88–103). New York: Palgrave Macmillan; Birkner, T., & Donk, A. (2018). Collective memory and social media: Fostering a new historical consciousness in the digital age? Memory Studies; History and Memory. Studies in Representations of the Past. Ed., Scott Ury. Indiana University Press: 1994.

[40] Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 9-cu sinifi üçün dərslik. Bakı: Şərq-Qərb, 2020, s.54-55.

[41] Azərbaycan Tarixi. 7 cilddə, 4-cü cild. Bakı: Elm, 2007, ss.282, 283, 287-288,

[42] Azərbaycan Tarixi. 7 cilddə, 5-ci cild. Bakı: Elm, 2007, ss.163-164, 167, 169, 187.

[43] Həsən bəy Zərdabi-180. Daycet. Bakı: 2022.

[44] Aydın Qasımlı.Azərbaycanın ziyalı etalonu Həsən bəy Zərdabi. Türküstan, 20-24 iyun, 2017, https://www.anl.az/down/meqale/turkustan/2017/iyun/549200.htm

[45] Həsən bəy Zərdabi-180, s.5.

[46] Aynur Əliyeva. Azərbaycan mətbuatının məşəli-Zərdabi. Türküstan, 18-24 avqust. https://www.anl.az/down/meqale/turkustan/2020/avqust/714162(meqale).pdf

[47] Əkinçi, 18 avqust 1877.

[48] Anar İsgəndər. Həsən bəy Zərdabi və milli mətbuat günü. Kredo, 22 iyul 2020, https://www.anl.az/down/meqale/kredo/2020/iyul/714500(meqale).pdf

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.