fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Ziyalılar nə üçün kapitalizmin əleyhinədirlər?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sola meyilli ziyalıların kapitalizm düşmənliyinin səbəbi rəsmi təhsil müəssisələri ilə kapitalist cəmiyyətin dəyər mühakimələri arasındakı fərqdir.

Ziyalıların kapitalizmə bu qədər qarşı çıxması təəccüblüdür. Oxşar sosial-iqtisadi statusa malik digər qrupların kapitalizm müxalifliyi ziyalılarla müqayisədə xeyli aşağıdır. Yəni, ziyalılar, statistik olaraq anomaliya yaradır.

Ziyalıların hamısı “sol”da deyil, bütün digər qruplar kimi onların da ideologiyaları geniş müstəvidə fərqlənir. Ancaq ümumi götürəndə, onların siyasi fikirləri “sol”a daha yaxındır.

“Ziyalılar” dedikdə müəyyən bir təhsil səviyyəsinə malik bütün ağıllı insanları nəzərdə tutmuram. Daha dar çərçivəni nəzərdə tuturam. Bu məqalədə “ziyalı” dedikdə peşəsi ideyalarla işləmək, fikirləri sözlə ifadə etmək və başqalarının qəbul etdiyi ədəbiyyatı formalaşdıranları nəzərdə tuturam: məsələn, yazıçılar, şairlər, ədəbi tənqidçilər, jurnalistlər və bir sıra professorlar. Rəqəm ustaları, yəni dəqiq elmlərlə işləyən adamlar, riyaziyyatçılar, mühəndislər, eləcə də vizual sənətkarlar, rəssamlar, heykəltəraşlar, operatorlar və s. bu kateqoriyaya aid deyil. Çünki söz ustalarından fərqli olaraq, sadaladığım peşə sahibləri arasında kapitalizmə qarşı olanlar qeyri-proporsional şəkildə çox deyillər. Söz ustası adlandırdığım ziyalılar daha çox akademiya, jurnalistika və dövlət bürokratiyasında toplaşıblar.

Söz ustası ziyalılar kapitalist cəmiyyətdə yaxşı yaşayırlar; onların yeni ideyalar formalaşdırmaq, oxumaq, həmin ideyaları müzakirə və təbliğ etmək azadlıqları var. Onların bacarıqlarına ehtiyac var və gəlirləri, adətən, xeyli yaxşı olur. Bəs nə üçün onlar kapitalizmə hamıdan daha çox qarşı çıxırlar? Hətta bəzi məlumatlar göstərir ki, ziyalılar nə qədər uğurlu və rifah içindədirlərsə, kapitalizmin də bir o qədər əleyhinədirlər. Kapitalizm müxalifliyi adətən sola meyilli qruplardan gəlsə də, bunu tamamilə oraya aid etmək olmaz. Yits, Eliot və Paund kimi ziyalılar bazar iqtisadiyyatına “sağ”dan etiraz edirdilər.

Söz ustalarının kapitalizm müxalifliyinin sosial əhəmiyyəti var. Çünki onlar cəmiyyətdəki ideyaları və imici formalaşdırırlar; bürokratik institutlar onların verdiyi siyasi alternativləri ciddiyə alır. Bizə traktatlardan şüarlara qədər özümüzü ifadə etmək üçün ideyalar verirlər. İnformasiyanın aydın formalaşdırılması və yayılmasından getdikcə daha çox asılı olan cəmiyyətdə ziyalıların müxalifliyi xüsusilə təsirlidir.

Ziyalıların nisbətən daha böyük hissəsinin kapitalizmə qarşı olmasını iki cür izah etmək olar. Birinci növ izah məhz anti-kapitalistlərə aid olan bir amili, digəri isə bütün ziyalılara aid olan amili, yəni onları anti-kapitalizmə doğru aparan qüvvəni müəyyən edir. Bu qüvvənin məxsusi bir ziyalını anti-kapitalistə çevirib-çevirməməsi isə həmin şəxsə təsir edən digər amillərdən asılıdır. Ümumilikdə, hər bir ziyalı üçün anti-kapitalizm ehtimalını artırdığından, anti-kapitalist ziyalıların daha böyük bir hissəsini belə bir amil meydana gətirəcəkdir. Bu məqalədə ikinci növ izaha baxacağıq. Biz ziyalıları anti-kapitalist münasibətə yönəldən, lakin heç bir konkret halda buna zəmanət verməyən amili müəyyənləşdirəcəyik.

Ziyalıların dəyəri

Ziyalılar özlərini cəmiyyətin ən dəyərli, yəni ən çox prestij və gücü olan, mükafatlandırılmış insanları hesab edirlər. Onlar buna layiq olduqlarına inanırlar. Əksər hallarda isə kapitalist cəmiyyət öz ziyalılarını elə də əziz tutmur. Lüdviq von Misez işçilərdən fərqli olaraq, ziyalıların bu xüsusi kinini belə izah edir: ziyalılar uğurlu kapitalistlərlə sosial olaraq qarışır və ünsiyyətdə olurlar, beləliklə də, özlərini uğurlu kapitalistlərlərlə müqayisə edib aşağı statuslarına görə özlərini təhqirolunmuş hiss edirlər. Lakin uğurlu kapitalist qrupla yaxın ünsiyyəti olmayan ziyalılar da kapitalist cəmiyyətə qarşı oxşar kin hiss edirlər, çünki qaynayıb-qarışmaq kifayət deyil; varlılara xidmət edən, hətta onlarla münasibətə girən bəzi idman və rəqs müəllimləri nəzərə çarpacaq dərəcədə anti-kapitalist deyillər.

Onda nə üçün müasir ziyalılar cəmiyyətin ən böyük mükafatlarına layiq olduqlarına inanır və bunu əldə etməyəndə inciyirlər? Ziyalılar elə düşünür ki, onlar cəmiyyətin ən dəyərli, ən məziyyətli insanlarıdırlar, cəmiyyət isə insanları dəyər və məziyyətlərinə görə mükafatlandırmalıdır. Lakin kapitalist cəmiyyət “hər kəsə məziyyət və dəyərinə görə” bölgü prinsipinə əməl etmir. Azad cəmiyyətdə hədiyyədən, mirasdan, qumardakı qazancdan başqa, istehlakçıların bazar tələblərini də ödəyənlər üçün mükafatlar var, bu mükafatın həcmi isə bazardakı tələbdən və təklifin miqdarından asılıdır. Uğursuz biznesmenlər və işçilər kapitalizmə söz ustaları qədər nifrət etmirlər. Yalnız tanınmamış üstünlük və öz haqqlarına xəyanət edilməsi – layiq olduğun şeyi ala bilməmə hissi bu nifrəti yarada bilər.

Ziyalılar niyə özləri barədə bu qədər yüksək fikirdədirlər? Nə üçün cəmiyyətdəki pay bölgüsünün dəyər müstəvisində baş verməli olduğunu düşünürlər?

Nəzərə alın ki, yuxarıdakı prinsip heç də zəruri deyil. Bölgünün digər formaları da təklif edilib, məsələn, bərabər pay bölgüsü, əxlaqi keyfiyyətə və ya ehtiyaca görə pay bölgüsü. Əslində isə nəinki adi cəmiyyət, hətta ədalət prinsipini rəhbər tutan cəmiyyətin belə nail olmaq istədiyi hansısa bir bölgü modeli olmamalıdır. Pay bölgüsünün ədalətliliyi o zaman təmin olunur ki, insanlar ədalətli şəkildə əldə etdikləri mülk və xidmətləri könüllü və ədalətli şəkildə mübadilə edə bilsinlər. Bu mübadilənin istənilən nəticəsi ədalətli olacaq və bu nəticənin uyğunlaşmalı olduğu hansısa bölgü modeli yoxdur. Onda söz ustaları nə üçün özlərini ən dəyərli görür və dəyərə uyğun bölgü prinsipini qəbul edirlər?

Qeydə alınmış düşüncə tarixi boyu ziyalılar öz fəaliyyətlərinin ən dəyərli fəaliyyət olduğunu deyirlər. Platon rasionallıq qabiliyyətini cəsarətdən və istəklərdən üstün tutaraq, filosofların hakimiyyətini müdafiə edib; Aristotel intellektual analizin ən ali fəaliyyət olduğuna inanırdı. Bizə gəlib çatan yazıların intellektual fəaliyyəti bu qədər yüksək qiymətləndirməsi təəccüblü deyil. Çünki bu qiymətləndirməni aparanlar, onları yazanlar, bu yazıları əsaslandıranlar elə ziyalıların özləri olub. Onlar özlərini tərifləyirdilər. Hər şeyi ziyalılar kimi ölçüb-biçib yazmaqdan daha çox başqa işlərə – məsələn, ovçuluğa, iqtidara, yaxud aramsız həzzə dəyər verənlər özlərindən sonra qalacaq mətnlər yazmağa əriniblər. Təkcə ziyalılar kimin ən yaxşı olduğunu tapmaq üçün nəzəriyyələr üstündə işləyiblər.

Ziyalılar məktəbi

Ziyalılarda bu misilsiz dəyərlilik hissini nə yaradıb? Bunu izah etmək üçün müstəsna bir institutdan danışmaq istəyirəm: məktəblər. Kitab biliyinin əhəmiyyəti artdıqca təhsil (gənclərə mütaliənin və kitab biliyinin siniflərdə birgə tədrisi) yayılmağa başladı. Məktəblər ailədən kənarda gənclərin davranışını formalaşdıran əsas instituta çevrildi və sonradan ziyalı olan, demək olar hamı məktəblərdə təhsil aldı. Onlar məktəblərdə uğurlu idilər. Məktəblər onları başqaları ilə müqayisə edib üstün görürdü. Onlar təriflənir və mükafatlandırılır, müəllimlərin sevimlisi olurdular. Belə olan halda necə özlərini üstün görməyə bilərdilər? Onlar hər gün zirəklikdə və hazırcavablıqda fərqlənirdilər. Məktəb onların daha yaxşı olduqlarını deyir və göstərirdi.

Məktəblər mükafat bölgüsünü intellektual bacarığa görə aparıblar və şagirdlərə də belə öyrədiblər. Ən yüksək qiymətlər, ən yaxşı təriflər və müəllimlərin təbəssümü ziyalıların olub.

Rəsmi tədris planına daxil olmasa da, ziyalılar digərləri ilə müqayisədə daha dəyərli olduqlarını, beləliklə də, daha böyük mükafatlara layiq olduqlarını məhz məktəblərdə öyrəniblər.

Kapitalist cəmiyyət isə fərqli dərslər öyrədib. Orada ən yaxşı mükafatlar söz ustalarının olmayıb. Ümumiyyətlə, orada intellektual bacarıqlar ən dəyərli şey deyil. Belə olan halda məktəblərdə ən dəyərli, mükafata ən çox layiq olduqlarına inandırılan ziyalılar onları üstünlüklərindən doğan bu “haqlarından” məhrum edən kapitalizmə qarşı necə kin saxlamaya bilər? Təhsilli ziyalılar kapitalizmə qarşı dərin və tutqun nifrətlərinə ictimai şəkildə müdafiə edə biləcəkləri müxtəlif səbəblərlə don geyindirirlər. Bu səbəblərin qeyri-adekvat olduğu sübut olunsa belə, bu nifrətin davam etməsi təəccüblüdürmü?

Ziyalıların özlərini sərvət, status və s. kimi kapitalist cəmiyyətdə əldə edilən şeylərə şərtsiz layiq gördüklərini deyəndə onların bu mükafatları özlərinə ən dəyərli mülk bildiklərini nəzərdə tutmuram. Bəlkə də, onlar üçün intellektual fəaliyyətin əsl mükafatı, yaxud əsrlərin ehtiramı daha dəyərlidir. Lakin yenə də onlar üçün cüzi bir şey olsa da, ümumi cəmiyyətin ən yüksək dəyər və mükafatlarına da layiq olduqlarını düşünürlər. Ziyalıların cibinə yol tapan, hətta şəxsən özlərinə gedib çatan mükafatları xüsusi vurğulamaq fikrim yoxdur. Özlərini ziyalı kimi qəbul edərək, intellektual fəaliyyətin ən dəyərli və mükafata layiq bir şey olmaması faktına qəzəblənə bilərlər.

Ziyalılar istəyirlər ki, bütün cəmiyyət onların çox uğurlu olduğu və qiymətləndirildikləri bir yer – məktəblərin böyük forması olsun. Mükafat standartlarını geniş cəmiyyətdən fərqli qəbul etməklə, məktəblər bəzilərinin sonralar sosial-iqtisadi geriləmə yaşayacaqlarına zəmanət verir. Məktəb iyerarxiyasının ən üst təbəqəsi yalnız məktəbdəki mikro-cəmiyyətdə yox, geniş cəmiyyətdə də yüksək vəzifələrə layiq olduqlarını hesab edəcəklər. Geniş cəmiyyət isə ziyalılarla onların özlərinin qurduğu və layiq olduqlarına inandıqları qaydalara uyğun davranmadıqda, ona hiddətlənəcəklər. Beləliklə, məktəblər ziyalılar arasında anti-kapitalist hisslər yaradır. Bəs rəqəm ustaları arasında nə üçün belə anti-kapitalist duyğu formalaşmır? Fərz edirəm ki, riyaziyyatı yaxşı bilən bacarıqlı şagirdlər müvafiq imtahanlarda yaxşı qiymətlər alsalar da, söz ustaları kimi öz müəllimlərindən yaxın diqqət və təsdiq görmürlər. Görünür, müəllimlərin şagirdlərdə bəyəndiyi şey onların şifahi bacarıqlarıdır və söz ustalarının özlərini mükafata layiq bilmə hissinin arxasındakı səbəb də budur.

Siniflərdə mərkəzi planlama

Əlavə etmək istədiyim daha bir məsələ var. Söz ustası ziyalılar ənənəvi, rəsmi təhsil sistemi daxilində fəaliyyət göstərən məktəblərdə uğurludurlar; bu sistemdə isə müvafiq mükafatı verən mərkəzi güc müəllimdir. Məktəblərdə sinif otaqları, dəhlizlər və məktəb həyətləri daxilində qeyri-rəsmi bir sosial sistem də mövcuddur ki, burada mükafatlar mərkəzi güc tərəfindən deyil, kortəbii şəkildə sinif yoldaşlarının kefinə görə paylanır. Ziyalılar bu sosial sistemdə daha az bacarıqlıdırlar.

Ona görə də təəccüblü deyil ki, ziyalılar üçün pay və mükafat bölgüsünün mərkəzi bir güc tərəfindən aparılması bazarın “anarxiya və xaos”undan daha yaxşı görünür. Çünki mərkəzi planlı sosial cəmiyyətdə bölgü müəllimin apardığına, kapitalist cəmiyyətdəki bölgü isə məktəb həyətində və koridorlarında gedən bölgüyə bərabərdir.

Bizim izahımız (gələcək) ziyalıların məktəblərdə akademik yuxarı təbəqənin əksəriyyətini təşkil edəcəyi iddiasına əsaslanmır. Bu qrup əsasən sosial lütfkarlığı, başqalarını məmnun etmək üçün güclü motivasiyası, mehribanlığı, ardarda gələn qalibiyyətləri və qaydalara əmək etmək (və onlara riayət edirmiş kimi görünmək) bacarıqları ilə yanaşı əhəmiyyətli (amma dəhşətli dərəcədə çox olmayan) ədəbi bacarıqları olan şəxslərdən ibarətdir. Belə şagirdlər də müəllimlər tərəfindən hörmət görəcək və mükafatlandırılacaq, geniş cəmiyyətdə isə çox yaxşı nəaliyyətlər əldə edə biləcəklər. (Onlar həm də məktəbdəki qeyri-rəsmi sosial sistemdə uğurlu olacaqlar. Yəni onlar məktəbin rəsmi sisteminin normalarını qəbul etməyəcəklər.) Biz bu izahımızda fərz edirik ki, (gələcək) ziyalılar məktəblərin (rəsmi) yuxarı təbəqəsinin həmin hissəsində qeyri-proporsional təmsil olunurlar. Bu hissə sonradan sosial geriləmə yaşayan, yaxud özləri üçün pisləşən gələcək proqnozlaşdıran şəxslərdən ibarətdir. Dediyimiz düşmənçilik daha geniş cəmiyyətə keçiddən və status zəifləməsindən əvvəl – ağıllı şagirdin geniş cəmiyyətdə (yəqin ki) məktəb həyatındakı kimi yaxşı dolana bilməyəcəyini anlayanda üzə çıxır. Əlbəttə, təhsil sisteminin bu yan təsiri (ziyalıların kapitalizm əleyhdarlığı) o zaman daha da güclənir ki, şagirdlər elə həmin anti-kapitalist davranış sərgiləyən müəllifləri oxuyur, yaxud onlardan dərs alırlar.

Şübhə yoxdur ki, bəzi söz ustası ziyalılar hər şeyə irad tutan, hər şeyi bilmək istəyən şagirdlər olduqları üçün müəllimləri tərəfindən bəyənilməyiblər. Bəs onlar da ən yaxşıların ən böyük mükafatlara layiq olduğunu öyrəniblər? Müəllimlərinin onları bəyənməməsinə baxmayaraq, özlərinin ən yaxşı olduğunu düşünüb məktəb sistemindəki bölgüyə qarşı lap erkəndən hiddət duyublar? Aydındır ki, bu və müzakirə etdiyimiz digər məsələlərlə bağlı fərziyyələrimizi yoxlamaq və təkmilləşdirmək üçün gələcək söz ustalarının məktəb təcrübələrinə dair informasiyaya ehtiyacımız var.

Ümumi götürsək, məktəbdaxili normaların insanların normativ inamlarına məktəbi bitirdikdən sonra da təsir etdiyi, demək olar ki, mübahisəsizdir. Çünki məktəblər şagirdlərin yaşamağı öyrəndiyi əsas qeyri-ailəvi cəmiyyətdir və məktəb təhsili şagirdləri daha geniş qeyri-ailəvi cəmiyyətdə fəaliyyətə hazırlayır. Məktəb sisteminin normalarına görə uğurlu sayılan insanların onlara eyni uğuru qazandırmayan, fərqli normativləri olan geniş cəmiyyətə qarşı qəzəbli olmaları təəccüblü deyil. Eləcə də cəmiyyətin imicini və özünü qiymətləndirməsini formalaşdıranların elə ziyalıların özü olması, bununla da söz ustalarının həmin cəmiyyətə qarşı çıxması bizi təəccübləndirməməlidir. Əgər siz bir cəmiyyət inşa etsəydiniz, oradakı təhsilin söz ustalarını var gücləri ilə cəmiyyətin normalarının düşməninə çevirməsini istəməzdiniz.

Ziyalıların kapitalizmə qarşı qeyri-proporsional düşmənçilikləri ilə bağlı izahımız çox ağlabatan sosioloji ümumiləşdirməyə əsaslanır.

Əgər cəmiyyətdə gənclərin ilk dəfə daxil olduğu bir ailədənkənar sistem (yaxud institut) pay bölgüsü aparırsa, orada uğurlu olanlar da həmin institutun normalarını mənimsəyəcək, daha geniş cəmiyyətin də eyni normalarla işləməsini gözləyəcəklər; onlar bu normalarda qazandıqları uğur və mükafatlarla eyni, yaxud ən azından oxşar pay bölgüsünə layiq olduqlarını düşünəcəklər. Bundan savayı, sözügedən ailədənkənar institut iyerarxiyasının ən üst təbəqəsini təşkil edənlər geniş cəmiyyətə və onun qaydalarına düşmən kəsiləcəklər, çünki onlar məktəbdən kənarda (geniş cəmiyyətdə) status və prestij itkisi yaşayırlar və ya bunun baş verəcəyini gözləyirlər.

Nəzərə alın ki, bu, deterministik bir qanun deyil. Sosial geriləmə yaşayanlar heç də həmişə sistemə qarşı olmurlar. Lakin belə bir sosial geriləmə bu istiqamətdə təsirlər yaratmağa meylli bir amildir və ümumilikdə özünü fərqli nisbətlərdə göstərəcək. Yuxarı təbəqənin sosial geriləməsinin müxtəlif yollarını misal göstərmək olar, məsələn, onlar digər bərabər təbəqələrlə müqayisədə daha az qazanclı ola bilərlər, yaxud özlərindən aşağı təbəqələrlə eyni qazanca sahib ola bilərlər. Ziyalılara ən çox əzab verən və onları hiddətləndirən birinci tip sosial geriləmədir; ikinciyə birtəhər dözmək olar. Onların çoxu bərabərlik tərəftarıdırlar (ən azından belə deyirlər), yalnız az bir hissəsi aristokratiyanı müdafiə edir. Bizim fərziyyəmiz qeyd etdiyimiz hiddəti və düşmənliyi yaradan amil kimi əsasən birinci tip geriləməni izah edir.

Məktəb sistemi yalnız uğura aparan bəzi bacarıqları görür və mükafatlandırır (çünki məktəb özü ixtisaslaşmış institutdur), beləliklə, onun mükafat sistemi geniş cəmiyyətinkindən fərqlənir. Bu o deməkdir ki, məktəbdən əsl cəmiyyətə keçid edənlərin bəziləri sosial geriləmə yaşayacaq və bunun nəticələrinə qatlaşmalı olacaqlar. Bir az əvvəl dedim ki, ziyalı kəsim cəmiyyətin sadəcə böyük ölçülü bir məktəb olmasını istəyir. İndi görürük ki, ziyalıların narahatlıqla özlərini nəyəsə layiq bilməsinin yaratdığı kin, əslində, məktəblərin (institutlaşmış ailədənkənar sosial sistem kimi) cəmiyyətin kiçik versiyası olmamasından qaynaqlanır.

Görünür indi bizim izahımız təhsilli ziyalıların təbiətindən asılı olmayaraq (istər kapitalist, istərsə də kommunist) öz cəmiyyətlərinə qarşı (qeyri-mütənasib) qəzəbini açıqlaya bilir. (Ziyalılar kapitalizmə cəmiyyətdəki digər oxşar sosial-iqtisadi statusa malik qruplarla müqayisədə qeyri-proporsional ölçüdə müxalifidirlər. Lakin onların digər cəmiyyətlərdə də həmin cəmiyyətlərə qarşı müqaviməti qeyri-proporsionaldırmı? – bu artıq başqa mövzudur.) Odur ki, kommunist ölkələrdə ziyalıların Kommunist Partiyası üzvlərinə qarşı münasibətini öyrənmək maraqlı olardı; onlar belə sistemə də qarşı çıxacaqlar?

Biz fərziyyəmizi elə təkmilləşdirməliyik ki, onu bütün cəmiyyətlərə eyni, yaxud oxşar miqdarda tətbiq etmək mümkün olmasın. Hər bir cəmiyyətdəki məktəb sistemləri o cəmiyyətin ən yüksək mükafatlarını almayan ziyalılarda istər-istəməz cəmiyyətə qarşı düşmənçilik yaratmalıdırmı? Yəqin ki, yox. Kapitalist cəmiyyət yalnız onunla fərqlənir ki, görünür yalnız istedada, fərdi təşəbbüsə və şəxsi keyfiyyətə açıq və həssas olduğunu bəyan edir. İrslə ötürülən kasta və ya feodal cəmiyyətdə böyümək mükafatın şəxsi keyfiyyətə bağlı olması ilə bağlı heç bir gözlənti yaratmır. Kapitalist cəmiyyət belə bir gözlənti yaratmasına baxmayaraq, insanları digərlərinin bazarda ifadə etdiyi arzularına xidmət etdiyi müddətcə mükafatlandırır; yəni burada mükafatlandırma iqtisadiyyata verilən töhfəyə görədir, şəxsi keyfiyyətə görə yox. Bununla belə, bu mükafatlandırma məktəblərin yaratdığı gözləntiləri bəsləyərək dəyərə görə mükafatlandırmaya çox yaxınlaşır, çünki dəyər və töhfə çox vaxt bir-birinə qarışır. Geniş cəmiyyətin xarakteri məktəbinkinə o qədər yaxın olur ki, bu yaxınlıq kin doğurur. Kapitalist cəmiyyətlər fərdi nailiyyəti mükafatlandırır, yaxud mükafatlandırdığını bəyan edir, beləliklə də, özlərini ən mahir bilən ziyalıları qəzəbləndirir.

Fikrimcə, burada başqa bir faktor rol oynayır.

İqtisadi cəhətdən uğurlu olan, demək olar ki, hər kəs ayrı məktəblərdə oxuyanda ziyalılar artıq onlardan daha üstün olduqları qənaətinə gəlməyəcəklər. Lakin hətta yuxarı təbəqənin uşaqları fərqli məktəblərdə oxusalar belə, açıq cəmiyyətin başqa məktəblərində gələcəyin iqtisadi uğurlu sahibkarları da təhsil alacaq, ziyalılar da sonradan özlərindən daha varlı və güc sahibi olan bu şəxslərindən vaxtilə məktəbdə akademik cəhətdən nə qədər üstün olduqlarını kinlə yada salacaqlar. Cəmiyyətin açıqlığının daha bir nəticəsi də var. Şagirdlər (gələcək ziyalılar və başqaları) gələcəkdə necə dolanacaqlarını bilməyəcəklər. Onlar hələlik istənilən şeyi arzulaya bilərlər. Tərəqqiyə qapalı olan cəmiyyət bu ümidləri bəri başdan yox edir. Amma açıq kapitalist bir cəmiyyətdə şagirdlər öz tərəqqilərinin və sosial mobilliklərinin limitlərinə erkən təslim olmurlar, cəmiyyət onlara ən bacarıqlı və dəyərlilərin yuxarı qalxacağı mesajını verir, məktəblər akademik cəhətdən ən yaxşı olan şagirdlərə onların ən qiymətli olduğunu və ən yaxşı mükafatlara layiq olduqlarını aşılayır, sonra da həmin cəsarətləndirilmiş və ümidli şagirdlər özlərindən daha bacarıqsız olduqlarını görüb bildikləri yoldaşlarının söz verilən mükafatlara sahib olduğunu, onlardan daha yuxarı qalxdığını görür. Amma ziyalılar bu mükafatlara özlərinin haqqı olduğunu düşünürlər. Belə olan halda onların cəmiyyətə qarşı düşmənçiliyi necə təəccüblü ola bilər?

Bəzi əlavə fərziyyələr

Fərziyyəmizi müəyyən qədər təkmilləşdirdik. Söz ustası ziyalılarda anti-kapitalizm düşmənçiliyini sadəcə rəsmi məktəblər yox, spesifik sosial kontekstdə fəaliyyət göstərən təhsil sistemi yaradır. Şübhəsiz, fərziyyənin daha da təkmilləşdirilməsinə ehtiyac var. Hələlik bu qədəri kifayətdir. İndi isə fərziyyəni sosial elm adamlarına ötürmək, onu iş masası spekulyasiyalarından alıb daha konkret faktlar və datalarla məşğul olanlara vermək vaxtıdır. Amma fərziyyəmizin bəzi hissələri sınaqdan keçirilməsi mümkün olan nəticələr və proqnozlar verə bilir, biz onun bu hissələrinə istiqamət verə bilərik. Birincisi, belə bir proqnoz vermək mümkündür ki, ölkənin təhsil sistemi nə qədər meritokratikdirsə, bu ölkənin ziyalıları “sol”a bir o qədər meyilli olur (bax: Fransa). İkincisi, məktəbdə “gec uğur qazanan” ziyalılar ən yüksək mükafata layiq olduqlarına o qədər də güclü inanmırlar; buna görə də “tez uğur qazanan” ziyalılarla müqayisədə “gec uğur qazanan”ların arasında anti-kapitalizm daha az yayılacaq. Üçüncüsü, bizim fərziyyəmiz o cəmiyyətlərə aiddir ki, orada məktəbdə uğurlu olan şagirdlər geniş cəmiyyətdə də oxşar şəkildə uğur qazanacaqlarını gözləyirlər (Hindistandakı kasta cəmiyyətindən fərqli olaraq). Qərb cəmiyyətində qadınların indiyə qədər belə bir gözləntisi olmayıb, ona görə də biz akademik yuxarı təbəqədəki ziyalı qadınların, hər nə qədər sosial geriləmə yaşasalar da, kapitalizmə ziyalı kişilər qədər nifrət edəcəyini gözləmirik. Onda biz proqnoz verə bilərik ki, bir cəmiyyət qadın və kişilərə iş imkanlarında nə qədər çox bərabərlik tanıyırsa, onun ziyalı qadınları da ziyalı kişilər kimi qeyri-proporsional şəkildə anti-kapitalist davranış sərgiləyəcək.

Bəzi oxucular ziyalıların anti-kapitalistliyi ilə bağlı bu izaha şübhə ilə yanaşa bilər. Qoy elə olsun, düşünürəm ki, biz vacib bir hadisəni aydınlaşdırdıq. Bizim qeyd etdiyimiz sosioloji ümumiləşdirməni intuitiv olaraq mübahisələndirmək çətindir; bu ümumiləşdirməyə yaxın bir şeyin doğruluğundan əminəm. Onda məktəbin yuxarı təbəqəsinin sosial geriləmə yaşayan hissəsində geniş cəmiyyətə qarşı vacib bir effekt, hansısa bir antaqonizm yaranmalıdır. Əgər bu effekt ziyalıların qeyri-proporsional müxalifliyi deyilsə, bəs nədir? Biz lap əvvəl izaha ehtiyacı olan çaşdırıcı bir məsələ təqdim etdik. Düşünürəm ki, o qədər aydın bir izah (daha öncə qeyd edildiyi kimi) tapdıq ki, onun, həqiqətən də, hansısa real bir hadisəni açıqladığına inanmalıyıq.

Qeydlər

1: Bu məqalə ilk dəfə ingilis dilində 1998-ci ildə nəşr edilib. Robert Nozick, “Why Do Intellectuals Oppose Capitalism?,” CATO Polity Report, 1998, chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://www.cato.org/sites/cato.org/files/serials/files/policy-report/1998/1/cpr-20n1.pdf.

2: Filosof Robert Nozikin 1974-cü ildə dərc edilmiş Anarxiya, Dövlət və Utopiya kitabı akademiyadakı ciddi siyasi fəlsəfi ideologiyalar arasında libertarianizmin yerini möhkəmləndirdi. Nozik bu kitabda sonralar “minarxizm” adlandırılan “minimal dövlət” ideyasını müdafiə edib və bunun necə “utopiyalar üçün bünövrə” olacağını göstərib. Nozik yalnız siyasi nəzəriyyə ilə kifayətlənməyib. Fəlsəfi izahlar, Araşdırılmış həyat və İnvariantlıqlar: Obyektiv dünyanın quruluşu adlı işlərində öz dərin zəkası ilə fəlsəfənin az qala bütün qollarına toxunub.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.