Ev təsərrüfatlarının statistikası mötəbər və etibarlı olduğu halda iqtisadiyyatın real vəziyyətini əks etdirən ən mühüm məlumat mənbələrindən biri hesab oluna bilir. Çünki iqtisadiyyatın digər institusional vahidlərinin (dövlət idarəetmə orqanları, biznes, maliyyə institutları) davranışları və fəallığı bilavasitə 2 amildən – əhali gəlirlərinin həcmindən və qazandıqlarını necə xərcləməklə bağlı verdikləri qərarlardan asılıdır. İxtiyari inkişaf etmiş ölkənin statistikasına nəzər yetirdikdə, əhalinin istehlaka xərclədiyi vəsaitlərin ÜDM-də kifayət qədər yüksək paya malik olduğu aydın görünür. Məsələn, bu göstərici 2022-ci ilin yekunlarına görə, Danimarka və Almaniyada 70%, Kanada və ABŞ-da 80% ətrafındadır. Eyni dövr üzrə Azərbaycanda anoloji göstərici 50%-dən bir qədər yüksək olub. Şübhəsiz ki, əhali xərcləyə bilmək üçün ilk növbədə qazanmalıdır. Öz növbəsində, bu qazancların həm çeşidli mənbələrdən (məsələn, sahibkarlıq fəaliyyətindən və muzdlu əməkdən) təmin edilməsi, həm də dayanıqlı xarakter daşıması çox mühüm şərtlərdir.
Azərbaycanda ev təsərrüfatlarının əsas gəlir mənbələri – rəsmi statistik göstəricilər
Dövlət Statistika Komitəsinin (DSK) 2023-cü ilin yekunları üzrə ev təsərrüfatlarına dair açıqladığı hesabata görə, əhalinin aylıq adambaşına düşən gəlirləri 343,2 manat (təxminən 200 dollar) olub. Bu göstəricinin şəhər yerlərində kənd yaşayış məntəqələrinə nisbətən 7,5% çox olduğu bildirilir. Bu rəqəm reallığı göstərirsə, Azərbaycan vətəndaşlarının xeyli dərəcədə yoxsul yaşadığını əks etdirən rəsmi göstərici hesab edilə bilər. Belə ki, 2023-cü ildə bir nəfər üçün rəsmi yaşayış minimumunun dəyəri (bu həm də yoxsulluğun həddidir) 246 manat təsdiq edilmişdir. Deməli, orta statistik vətəndaşın gəliri yoxsulluq həddindən cəmi 28% yüksəkdir. Onu da nəzərə alaq ki, Azərbaycanda hazırda istifadə olunan minimum yaşayış standartları aşağı gəlirli ölkələrin standartlarına uyğundur. Əhalinin gəlirlərinin səviyyəsilə bağlı DSK-nın hesabatına baxdıqda yaranan ilk təəssürat bu olur ki, əgər bu məlumatlar reallığı əks etdirirsə, insanların çox böyük əksəriyyəti mənzil və avtomobil sahibi olmaq imkanını itirməli, ən yaxşı halda ortabab səviyyədə qidalanmaq imkanına malik olmalıdırlar.
Şəhər və kəndlər üzrə adambaşına düşən gəlirlərin məbləği arasında fərqin çox kiçik olması da kifayət qədər ziddiyyətlidir. Belə ki, DSK-ya görə, 2023-cü ildə iqtisadiyyat üzrə 128,2 mlrd. manatlıq ümumi məhsul buraxılışının 77%-i Bakı və digər böyük şəhərlərin (Sumqayıt və Abşeron rayonu, Gəncə, Şirvan, Mingəçevir) payına düşüb. Rayon mərkəzi olan şəhər məntəqələrinin də xüsusi çəkisi nəzərə alındıqda, kəndlərin ölkənin məhsul buraxılışında payının 10-15%-i ötmədiyi real görünür. Nəzərə alaq ki, əhalinin gəlirlərinin mənbəyi olan milli gəlir məhz məhsul buraxılışı göstəricisi əsasında yaranır. Bu halda necə olur ki, milli gəlirin 85-90%-nin formalaşdığı şəhərlərlə milli gəlirin 10-15%-nin yarandığı kəndlərdə əhalinin adambaşına düşən gəlirləri arasında fərq hətta 10%-dən də az olsun? Belə nisbət o halda mümkündür ki, ölkədə kənddən şəhərə miqrasiyanın real səviyyəsi və şəhərlərdə qazanılan gəlirlərin əhəmiyyətli hissəsinin kəndlərdəki ailələrə göndərilməsi də rəsmi statistikada əksini tapsın.
Əfsus ki, Azərbaycanda daxili miqrasiya ilə bağlı hər hansı obyektiv məlumat mövcud deyil. Rəsmi statistikanın məlumatları isə müstəqil araşdırmaçılar tərəfindən etibarlı qəbul edilmir. Məsələn, DSK-nın 2019-cu ildə apardığı son əhali siyahıyalınmasına görə, Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı 459 min nəfərdir. Lakin Bakı Araşdırmalar İnstititunun 2022-ci ilin noyabr ayında dərc elədiyi araşdırmada müxtəlif parametrlər (enerji istehlakı, şagird sayı və s.) göstərirdi ki, NMR-da faktiki əhali sayı qeyd olunan rəsmi rəqəmdən ən azı 120-140 min nəfər azdır.
Rəsmi statistik göstəricilər və reallıq arasında ziddiyyətlər
Ev təsərrüfatlarının gəlirlərinin formalaşma mənbələrilə bağlı DSK-nın məlumatlarında da xeyli dərəcədə ziddiyyətli məqamlar var. Hesabata görə, 2023-cü ildə əhali gəlirləri aşağıdakı mənbələrdən formalaşıb:
- Gəlirlərin 37,7%-i muzdlu çalışanların (əmək müqaviləsi bağlamaqla çalışan işçilərin gördükləri işlər) əmək gəlirlərindən;
- Gəlirlərin 33%-i özünüməşğulluqdan;
- Gəlirlərin 19,6%-i cari transfertlərin (pensiya, təqaüd və sosial müavinətlər, eləcə də natural şəklində yardımlar);
- Gəlirlərin 7,7%-i ev təsərrüfatlarının digər ailələrdən aldıqları (yardım və ya borc formasında) vəsaitlərdən;
- Gəlirlərin 1,7%-i xaricdən göndərilən pul yardımlarından
- Gəlirlərin 0,3%-i mülkiyyətin istifadəsindən.
Bu hissədə xüsusilə ziddiyyətli görünən məqamlar özünüməşğulluqdan gəlirlər, xaricdən gələn pul yardımları və mülkiyyətdən gəlirlər ilə bağlıdır.
DSK “özünüməşğulluqdan gəlirlər” dedikdə sahibkarlıq fəaliyyətindən, kollektiv təsərrüfatlarda mənfəət bölgüsündən, ailə kəndli təsərrüfatında istehsal olunan məhsulların satışından əldə olunan gəlirləri nəzərdə tutur. Bu gəlirlərin üçdə biri kənd təsərrüfatı məhsullarının satışından, üçdə ikisi isə sahibkarlıq fəaliyyətindən əldə edilib. Mütləq ifadədə sahibkarlıq fəaliyyətindən əhalinin hər nəfərinə düşən orta aylıq gəlir 76 manat, kənd təsərrüfatı məhsullarının satışından gəlirlər 37 manat təşkil edib. Bu statistikada ən ziddiyyətli məqam budur ki, əhalinin ən yoxsul 20%-lik qrupunun gəlirlərində sahibkarlıqdan gəlirlərin payı (32%), ən zəngin 20%-lik qrupun eyni göstəricisindən (16,8%) az qala 2 dəfə yüksəkdir. Bu mənbədən gəlirlərin mütləq ifadədə aylıq adambaşına düşən məbləği əhalinin ən yoxsul 20%-lik qrupu üzrə 65 manat, ən zəngin 20%-lik qrupunda isə 102 manat təşkil edir.
Halbuki dünyanın bir çox ölkələrində tamamilə fərqli mənzərə görmək mümkündür: bir qayda olaraq, ən aşağı (yoxsul) gəlir qrupunda əmək gəlirləri və sosial transfertlər, ən yüksək (zəngin) gəlir qrupunda isə sahibkarlıq və mülkiyyətdən gəlirlər üstünlük təşkil edir. Məsələn, 2022-ci ilin yekunlarına görə, Türkiyədə 20 faiz ən yoxsul əhali qrupunun gəlirlərində sahibkarlıq və mülkiyyətdən əldə olunan gəlirlərin payı 10%, ən zəngin 20%-lik qrupda isə 35%-ə yaxındır. Mütləq ifadədə, 2 qrupun qeyd olunan mənbədən gəlirləri arasında fərq 27 dəfəyə yaxındır.
Azərbaycandakı mövcud ziddiyyətin mümkün səbəblərindən biri budur ki, rəsmi statistika qurumları əhalinin zəngin qruplarına aid ev təsərrüfatlarını büdcə müayinəsinə cəlb edə bilmirlər. Çünki bu müayinələr insanların öz razılığı ilə, bilavasitə mənzillərində aparılmalıdır. Azərbaycandakı qeyri-şəffaf mühitdə bu cür əməkdaşlıq real deyil.
Xaricdən gələn pul yardımlarının ailə gəlirlərində xüsusi çəkisi ilə bağlı DSK hesabatının nəticələri suallar doğurur. Belə ki, yuxarıda adıçəkilən DSK hesabatına görə, 2023-cü ildə xaricdən alınan yardımların aylıq adambaşına düşən məbləği orta hesabla 5,7 manat (illik 68,4 manat), gəlirlərin strukturunda payı isə 1,7% təşkil edib. Halbuki Mərkəzi Bankın tədiyə balansı statistikasına görə, həmin dövrdə Azərbaycana fiziki şəxslərə göndərilən pul baratlarının ümumi həcmi 2,8 mlrd. manat (dövrün məzənnəsilə 1,655 mlrd. dollar) təşkil edib. Bu, orta hesabla əhalinin hər nəfərinə il ərzində 277 manata, aylıq isə 23 manata bərabərdir. Milli hesablar statistikasına görə, 2023-cü ildə əhali gəlirlərinin 78 mlrd. manat olduğu nəzərə alınarsa, xaricdən fərdlərin adına olan pul baratlarının məbləği ümumi əhali gəlirlərində 3,5% pay təşkil edir. Göründüyü kimi, Mərkəzi Bankın tədiyə balansı statistikası əsasında aparılan hesablamaya görə, hər 2 göstərici ev təsərrüfatı tədqiqatının nəticələrindən xeyli fərqlənir.
Nəhayət, mülkiyyətdən olan gəlirlərə gəldikdə, bura əmlakın icarəyə verilməsindən, qiymətli kağızlara və əmanətlərə görə faizlərdən, dividend ödənişlərindən əldə edilən gəlirlər daxildir. DSK-nın hesabatı göstərir ki, 2023-cü ildə bu mənbədən olan gəlirlərin ailə gəlirlərindəki payı cəmi 0,3% təşkil edib. Bu mənbədən olan gəlirlərin aylıq adambaşına düşən məbləği 1,2 manat (illik 14,4 manat) təşkil edib ki, onun da 0,8 manatı (illik 9,6 manatı) əmlak icarəyə verilməsindən olan gəlirlərin hesabına formalaşıb. Bu o deməkdir ki, əmlak icarəsi nəzərə alınmazsa, faiz gəlirləri və dividendlər kimi mənbələrdən aylıq adambaşına düşən gəlirlərin məbləği cəmi 0,4 manat təşkil edir.
Ev təsərrüfatlarının əmlak icarəsindən əldə etdiyi gəlirlərlə bağlı məlumatın real olduğuna inansaq, bu o deməkdir ki, ildə bu mənbədən cəmi 97 mln. manat gəlir əldə edilir. Halbuki Binə və Sədərək, Crescent Mall kimi 5-10 iri ticarət mərkəzindəki sayı minlərlə olan mağazaların icrayə verilməsindən əldə olunan gəlirlərin illik real həcmi bu məbləğdən heç də az deyil.
Ailələrin faiz gəlirlərinin həcmilə bağlı hesabatda əks olunan göstəricinin xeyli şübhəli olmasını bir faktla göstərmək mümkündür. Mərkəzi Bankın 2023-cü il üzrə hesabatına görə, müddətli əmanətlərin faiz dərəcələri manat üzrə 8,2%, xarici valyutada 2% təşkil etmişdi. Ev təsərrüfatlarının bank sektorundakı müddətli əmanətlərinin həcmi təxminən manatla 4,5 mlrd. manat, xarici valyuta ifadəsində 2 mlrd. manat təşkil edib. Deməli, əhalinin təkcə müddətli depozitlərə görə 409 mln. manat (369 mln. manat milli, 40 mln. manat isə xarici valyutada depozitlərə görə) faiz gəlirləri olub. Həmin dövrdəki əhalinin sayı (10,127 mın. nəfər) nəzərə alındıqda, ev təsərrüfatlarının təkcə depozitlər hesabına aylıq adambaşına düşən gəlirləri 3,3 manat təşkil edir. Halbuki ev təsərrüfatlarının tədqiqatı bütövlükdə mülkiyyətdən istifadəyə görə aylıq bir nəfərə düşən gəlirlərin 1,2 manat olduğunu göstərir.
Ən maraqlısı odur ki, DSK hesabatına görə, 2018-2019-cu illərdə mülkiyyətdən əldə edilən gəlirlərin aylıq adambaşına düşən məbləği 2,5 manat olduğu halda, 2023-cü ildə həmin rəqəm 2 dəfə azalaraq 1,2 manata enib. Halbuki son 4 ildə yüksək inflyasiya hesabına təkcə icarə haqlarında xeyli artımlar olub. Yox, əgər hesabat reallığı əks etdirirsə, bu o deməkdir ki, icarə əsasında fəaliyyət göstərən biznesdə ciddi iflas halları baş verir. Hökumətin digər hesabatları isə bu faktların üzərindən sükutla keçir.