fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda niyə daxili miqrasiyaya dair statistika yoxdur?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanda əhalinin daxili miqrasiyası, yəni insanların daimi və ya müvəqqəti məskunlaşma məqsədilə ölkənin müxtəlif inzibati ərazi vahidləri arasında hərəkətinə dair hər hansı statistik informasiya bazası mövcud deyil. Halbuki mövcud hüquqi tələblərə görə, daxili miqrasiya axınlarının uçotu aparılmalıdır. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanuna görə (maddə 10), yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməli və olduğu yer üzrə qeydiyyata alınmalıdır.

İqtisadi inkişafın, xüsusilə ictimai nəqliyyatın yükünün tarazlı bölgə inkişafının peşəkar planlaşdırılması və etibarlı proqnozlaşdırılma baxımından daxili miqrasiya axınlarına dair statistik məlumatlar toplanmalı və müntəzəm yenilənməlidir. Xüsusilə də Azərbaycan kimi əhalinin böyük əksəriyyətinin kiçik bir coğrafi ərazidə təmərküzləşdiyi ölkədə daxili miqrasiyaya dair statistikanın mövcudluğu son dərəcə önəmlidir. Nəinki bölgə inkişafı sahəsində ixtisaslaşan araşdırmaçılarda, hətta gündəlik həyatını yaşayan insanlarda belə bir fikir hakimdir ki, ölkənin regionları boşalıb və az qala ölkənin yarısı Bakı şəhəri və ona bitişik ərazilərdə, daha dəqiq deyilsə, Böyük Bakı adlandırılan Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Abşeron rayonunda məskunlaşıb.

Böyük ehtimalla ən azı polis orqanlarının əlində əhalinin coğrafi paylanması ilə bağlı dəqiq məlumatlar mövcuddur və mərkəzi hökumət daxili miqrasiyanın real mənzərəsini bilir. Lakin rəsmi qurumlar bu mövzu ilə bağlı müzakirələrdə davamlı olaraq sükut nümayiş etdiriblər. Hökumətin daxili miqrasiyaya münasibətdə qeyri-şəffaf davranışının və susqunluğunun səbəbini təxmin etmək çətin deyil. Son 20 ildə hökumətin qurmaq istədiyi uğur hekayələrindən biri də böyük neft pulları hesabına regional inkişafa yatırılan milyardlarla manat sərmayələr, bu sərmayələr hesabına yaradılan sosial, nəqliyyat, rabitə infrastrukturudur. Əgər daxili miqrasiya ilə bağlı reallığı əks etdirən rəsmi statistika ortaya çıxsa və 4 regional inkişaf proqramının icra olunduğu 20 ildə bölgədən paytaxta sürətli köçün davam etdiyi etiraf olunsa, hökumət özünün səmərəsiz bölgə siyasətini necə və hansı arqumentlərlə müdafiə edəcək?

İndiki halda hər nə qədər toplum reallığı bilsə də, rəsmi statistik etiraf yoxdursa, özünümüdafiə üçün zərurət yaranmır. Lakin daxili miqrasiya axınlarını və nəticələrini statistik olaraq izləmək yalnız iqtisadi inkişafı və ictimai nəqliyyatın effektiv təşkili baxımından yalnız hökumətə lazım deyil: bu proses ölkədə sosial-mədəni, ekoloji nəticələr də doğurur və bu sahənin tədqiqatçılarının real mənzərəni görməsi, problemin kəskinliyini hiss etməsi üçün etibarlı statistikaya ehtiyac var. Sadə bir misal: əgər ölkə əhalisinin 50%-i ölkənin coğrafi ərazisinin 5%-də cəmlənirsə, həmin hissədə orta və uzunmüddətli dövrdə yaşanacaq ekoloji fəlakəti təsəvvür etmək çətin deyil. Əhalinin qeyri-bərabər coğrafi paylanmasının neqativ iqtisadi nəticələrini görmək isə daha asandır: xüsusilə bölgələrdən fəal və dinamik əhali kəsimi paytaxta axın edirsə, regionların inkişaf tempi də əhəmiyyətli dərəcədə zəifləyir. Çünki bölgələrin boşalması istehsal amili ilə bağlı deyil, köç edənlər həm də istehlakçılardır və daxili miqrasiya genişləndikcə bölgələr bazar kimi üstünlüklərini də itirirlər.

Azərbaycanda daxili miqrasiya ilə bağlı rəsmi statistikanın olmadığı aydındır. Bəs hansısa alternativ mənbələr və ya sosial-iqtisadi göstəricilər əsasında Bakı və ona bitişik ərazilərdə məskunlaşmanın real səviyyəsini müəyyən etmək mümkündürmü?

Daxili miqrasiyanın miqyasını görmək üçün alternativ göstəricilər    

Bəzən müzakirələrdə kommunal xidmətlərin istehlak səviyyəsinə əsasən konkret ərazidə real məskunlaşma səviyyəsini müəyyən etməyin mümkünlüyü vurğulanır. Bu, mümkün yanaşmalardan biridir, real mənzərəni təsəvvür etməyə imkan yaradır, lakin əhəmiyyətli riyazi kənarlaşma ehtimalı çox yüksəkdir. Məsələn, Dövlət Statistika Komitəsinin hazırladığı ən son enerji balansına görə, 2020-ci ildə ölkə üzrə təsərrüfatlar tərəfindən təxminən 4 mlrd. kubmetr təbii qaz, 7 mlrd. kv/saat elektrik enerjisi istehlak edilib. Bakı Şəhər Statistika İdarəsinin açıqladığı məlumata görə isə, paytaxt əhalisinin təbii qaz istehlakı 1,4 mlrd. kubmetr, elektrik enerjisi istehlakı 3 mlrd. kv/saat təşkil edib.

Rəsmi rəqəmlərdən göründüyü kimi, sırf əhali istehlakı götürüldükdə, təbii qaz istehlakının 43%-i Bakının payına düşür. Statistika idarəsinin başqa bir məlumatına görə isə, Bakıda rəsmi qeydiyyatda olan əhali (2.3 mln. nəfər) ölkə əhalisinin (10,1 mln. nəfər) 23%-dən də azdır. Təbii qaz və elektrik enerjisi istehlakında paya əsasən paytaxtda qeydiyyatda olan əhali ilə müqayisədə daha çox insanın məskunlaşdığını təxmin etmək çətin deyil, amma real rəqəm səsləndirmək də imkansızdır. Məsələn, qaz istehlakındakı 43%-lik və ya elektrik istehlakındakı 35%-lik xüsusi çəkiyə proporsional olaraq paytaxtın ümumi əhalidə payının da 42 və ya 35% olduğunu iddia etmək üçün bəzi metodoloji-statistik maneələr var. Əvvəla, ölkənin bölgələri üzrə qazlaşdırma səviyyəsində fərqlər var: Bakı üzrə az qala bütün mənzillər qazlaşdırıldığı halda bir sıra bölgələr üzrə bu göstərici daha aşağıdır. Eyni zamanda, Bakıda bölgələrdən fərqli olaraq əhalinin xeyli hissəsi çoxmərtəbəli binalarda yaşayır və bu cür binalarda mənzillərin qızdırılması üçün həyət evlərilə müqayisədə daha az təbii qaz sərfiyyatı tələb edilir.

Təbii qaz təminatından fərqli olaraq çox kiçik istisnalarla bölgələr üzrə bütün mənzillərdə elektrik təminatı var və bu göstəricinin səviyyəsi məskunlaşma ilə bağlı daha real mənzərə yarada bilər. Amma bu göstərici ilə də bağlı 2 problem var: 1) Həm əhalinin maddi imkanlarının nisbətən yüksək olması, həm də xüsusilə dağlıq bölgələrlə müqayisədə daha mülayim iqlim paytaxtda adambaşına elektrik istehlakının daha yüksək olması ehtimalını artırır; 2) Bakıda bölgələrlə müqayisədə elektrik verilişində kəsinti və fasilələrin daha az olması paytaxtda enerji sərfiyyatının yüksək olmasına gətirib çıxarır.

Amma problem ondadır ki, rəsmi statistika Bakı şəhəri istisna olmaqla bölgələr üzrə əhalinin enerji istehlakına dair məlumatı qapalı saxladığı üçün dəqiq hesablama aparmaq da mümkünsüzdür. Hətta kommunal istehlak yanaşmasında abonent sayı da mənzərəni təhrif edə bilər. Məsələn, bu məqalə hazırlanarkən qeyri-rəsmi kanallarla rəsmi strukturlardan əldə etdiyimiz məlumata görə, elektrik enerjisi şəbəkəsinə qoşulan təxminən 2.6 mln. əhali abonentinin təxminən 36%-i və ya 950 mini yalnız Bakı şəhərinin payına düşür. Sumqayıt və Abşeron nəzərə alındıqda, Böyük Bakı üzrə bu göstərici 42% ətrafındadır. Lakin burda dəqiqləşdirilməsi mümkün olmayan informasiya budur: bölgələrdə və Bakı şəhərində 1 abonentə düşən ailə üzvlərinin sayı nə qədərdir? Məsələn, ola bilər paytaxt üzrə orta hesabla 1 abonentə 3, bölgələrdə isə 5 nəfər düşür. Bütün hallarda həm abonent sayı, həm də xidmətlərin istehlak səviyyəsi paytaxtda real məskunlaşma səviyyəsinin rəsmi qeydiyyatda olan əhali ilə müqayisədə xeyli yüksək olduğunu göstərir.  . Məsələn, özlüyündə bu fakt kifayət qədər diqqətçəkicidir: rəsmi strukturlardan qeyri-rəsmi kanallarla əldə etdiyimiz məlumata görə, Abşeron rayonu üzrə təbii qaz istehlakçısı olan əhali abonentlərinin sayı 153 minə çatır. Bu rəqəm Bakının 3 rayonunun – Qaradağ, Nərimanov və Səbail rayonlarının birlikdə əhali abonentlərinin sayından təxminən 4% və ya 5 min çoxdur. Halbuki rəsmi statistikaya görə, Abşeronda cəmi 215 min nəfər, adıçəkilən 3 rayonda isə az qala 2 dəfə çox – 411 min nəfər yaşayır. Bu fakt onu ehtimal etməyə əsas verir ki, Abşeron rayonunda qeydiyyatsız yaşayanlar nəzərə alınmaqla real əhali sayı statistikada əks olunan göstəricidən az qala 2 dəfə çoxdur.

Açıq statistik göstəricilər içərisində yalnız orta məktəb şagirdlərinin sayı bölgələr üzrə daxili miqrasiyanın real miqyasını görmək baxımından daha etibarlı alternativ göstərici hesab oluna bilər. Ən azından formal olaraq 6-17 yaşlı uşaqların, demək olar ki, 97-98%-i ya qeydiyyatda, ya da faktiki yaşadıqları yer üzrə məktəblərdə şagird statusunda qeydiyyatdadırlar. Bu araşdırma çərçivəsində Dövlət Statistika Komitəsinin regionların sosial-iqtisadi göstəricilərinə dair buraxılışı əsasında hər bir rayon və şəhər üzrə 6-17 yaşlı (orta məktəb yaşında) əhalinin sayı ayrıca hesablanıb. Rəsmi statistik məlumatlar göstərir ki, 6-17 yaşlı əhalinin ümumi əhalidə xüsusi çəkisinin ölkə üzrə analoji göstəricidən (17,1%) kənarlaşma səviyyəsi 15-20% təşkil edir. Aşağı və yüksək göstəricilərə malik bölgələr arasında bu fərq isə 35% ətrafındadır.  Məsələn, bu göstərici ölkə üzrə orta hesabla 17% təşkil etdiyi halda, ən yüksək göstərici Yardımlıda (20%), ən aşağı göstərici Abşeronda (15%) qeydə alınıb.

Bu göstəricidən fərqli olaraq şagirdlərin xalis qeydiyyat əmsalında kəskin fərqlər müşahidə edilir və bölgələr üzrə kəskin kənarlaşmalar məhz qeyri-rəsmi daxili miqrasiyanın mövcudluğuna işarədir. Orta təhsildə xalis qeydiyyat əmsalı ərazi üzrə faktiki təhsil alan şagirdlərin sayının 6-17 yaşlı əhaliyə nisbətini göstərir.  Doğrudur, bu göstəriciyə qarşı belə bir arqument səslənə bilər ki, şagirdlərin müəyyən hissəsi 9 illik təhsildən sonra ümumtəhsil məktəblərində oxumağa davam etmirlər. Lakin Dövlət İmtahan Mərkəzinin məlumat bazasının təhlili göstərir ki, hər il orta hesabla 6-17 yaşda bütün orta məktəb şagirdlərinin maksimum 1.5-2%-i, ümumi əhalinin isə maksimum 0.3%-i ya orta ixtisas və peşə məktbələrinə daxil olaraq, ya da ümumiyyətlə, natamam orta təhsillə kifayətlənərək orta məktəblərdən ayrılırlar. Bu arqumenti ölkə üzrə 6-17 yaşlı uşaqların orta təhsilə cəlbolunma səviyyəsinə dair rəqəm də təsdiqləyir. Belə ki, 2021-ci ildə ölkədə 6-17 yaşında 1.730 min nəfərə yaxın uşaqdan təxminən 97%-i və ya 1.691 milyon nəfəri ümumtəhsil məktəblərində qeydiyyatda olublar (həmin yaş qrupu üzrə fiziki məhdudiyyətli uşaqlar bura daxil deyil). Göründüyü kimi, 9 illik təhsil pilləsindən sonra orta məktəblərdən ayrılanların ümumi əhaliyə və şagirdlərə nisbəti çox kiçik olduğu üçün alternativ göstərici kimi 6-17 yaşlı əhalinin qeydiyyatda olan şagirdlərə nisbəti göstəricisinin etibarlılığına təsiri əhəmiyyətli ola  bilməz.

Aşağıdakı diaqramda bölgələr üzrə orta təhsilə xalis qeydiyyat əmsalı təqdim edilib və bu göstəricilərə əsasən daxili miqrasiya axınlarının istiqamətini müəyyənləşdirmək mümkündür.

Bölgələr üzrə orta məktəb şagirdlərinin rəsmi qeydiyyatda olan 6-17 yaşlı əhaliyə nisbəti, %

Təqdim olunan məlumatlardan göründüyü kimi, orta təhsilə xalis qeydiyyat əmsalının səviyyəsinə görə ən aşağı göstəriciyə malik Lerik və ən yüksək göstəriciyə malik Abşeron rayonları arasında fərq 6 dəfəyə yaxındır. Yaxud Naxçıvan MR üzrə göstərici orta ölkə göstəricisindən 40% aşağıdır. Bu göstəricinin ən sadə izahı budur: orta məktəblərdə faktiki təhsil alan 6-17 yaşlı uşaqlar ərazi üzrə rəsmi qeydiyyatda olan 6-17 yaşlı əhalinin sayından nə qədər yüksək olarsa, bu ərazidə qeyri-rəsmi yüksək məskunlaşmaya bir işarədir. Göstəricinin daha yüksək (100-dən çox) olması ərazinin daxili miqrasiya hesabına yüksək məskunlaşmaya məruz qaldığını,  daha aşağı olması (xüsusən 90-dan aşağı) ərazidən kənar köçün baş verdiyini göstərir.  Bu yanaşma işğaldan yeni azad edilmiş ərazilər üçün istisnadır.

Çox kobud hesablama ilə demək olar ki, Abşeron rayonu üzrə orta təhsildə xalis qeydiyyat əmsalının orta ölkə göstəricisindən təxminən 2,5 dəfə yüksək olması rayon üzrə real yaşayanların sayının rəsmi qeydiyyatda olan əhalidən (216 min nəfər) ən azı 2 dəfə çox olmasına işarə edir. Abşeron rayonu ərazisində şagird sıxlığı ilə bağlı son zamanlar medianın apardığı araşdırma da rayon ərazisində məskunlaşmanın real səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir. Həmin araşdırmalardan biri üzə çıxarıb ki, Abşeron rayonunun inzibati mərkəzi olan Xıradalan şəhərində 2 saylı məktəb 1380 yerlik olsa da, təhsil alanların sayı bundan təxminən 4.5 dəfə çoxdur və faktiki 6177 şagird təhsil alır.  Abşerondan fərqli olaraq Naxçıvan üzrə göstəricinin orta ölkə göstəricisindən təxminən 35% az olması ən kobud hesablama ilə bölgə üzrə 470 min nəfərə yaxın əhalinin ən azı 120-140 min nəfərinin daxili miqrant kimi köç etməsi ehtimalını gücləndirir.[1]

 

Qeydlər  və istinadlar:

[1] Bölgələr üzrə orta məktəb şagirdlərinin sayına dair məlumat Dövlət Statistika Komitəsindən əldə edilib.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.