TƏRCÜMƏ

TƏRCÜMƏ

Mülki və iqtisadi azadlıqlar

Read this article on other language
Download article
image_pdf
image_pdf

Siyasi fəlsəfə “azadlıq,” “ədalət,” “avtoritet,” “legitimlik” kimi siyasətə dair fundamental anlayışları araşdıran, eyni zamanda “dövlət olmalıdırmı?” və “dövlət olmalıdırsa, necə olmalıdır?” kimi vacib sualları soruşan fəlsəfənin bir sahəsidir. Lakin Azərbaycanda siyasi fəlsəfə ənənəsi olmadığından bu sahəyə dair Azərbaycan dilində ədəbiyyat tapmaq demək olar mümkün deyil. Bu əhəmiyyətli boşluğu aradan qaldırmağın yollarından biri Azərbaycan dilinə siyasi fəlsəfəyə dair fundamental əsərlər tərcümə etməkdir. Bu tərcümə prosesinə töhfə vermək məqsədilə Ceyson Brennanın “Siyasi Fəlsəfəyə Giriş” adlı kiçikhəcmli kitabının tərcüməsini oxuculara təqdim edirik. Bu kitab beş hissəyə bölünərək Bakı Araşdırmalar İnstitutunun saytında beş ayrı başlıq altında dərc edilib. Kitabın digər bölmələrinə bu məqalənin sonunda keçid verilib. 

                                                                                              Tərcümə: Dr. İlkin Hüseynli 

Mülki hüquqlar: ifadə və həyat tərzi azadlığı

Gəlin, indi iqtisadi azadlıqlardan keçək həyat tərzi seçimi azadlığı, cinsi azadlıq, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı və ifadə azadlığı kimi mülki azadlıqlara. İnsanların bu sahələrdə nə qədər azadlığı olmalıdır?

Bir neçə Avropa ölkəsinin demokratiya təcrübəsi aparmağa başladığı bir vaxtda Con Stüart Mill mülki azadlıqların klassik müdafiəsi olan Azadlıq haqqında əsərini yazdı. Millin atası, filosof Ceyms Mill demokratiyanın tiranlıq problemini həll edəcəyini düşünsə də, Con Stüart Mill demokratiyanın çoxluğun tiranlığına imkan yaratdığını görürdü. Bundan əlavə, Con Stüart Mill hesab edirdi ki, ictimai təzyiq bir şeyi qanunsuz etmək qədər despotik və zülmkar ola bilər. Millə görə, əgər insanlar olduqca dözümsüz (qeyri-tolerant) – ictimai və dini normalara uyğunlaşmayan hər kəsi qınamağa meyilli olsalar, bu, tərəqqiyə ən azı hökumətin qoyduğu senzura qədər mane olacaq.

Mill utilitarianizmin mürəkkəb bir növünü müdafiə edirdi; yəni yuxarıda bəhs etdiyimiz kobud utilitarianizmi rədd edirdi. O hesab edirdi ki, yekun nəticədə ən düzgün əxlaqi qaydalar toplusu ümumi insan xoşbəxtliyinə ən çox xidmət edən qaydalar toplusudur. Mill demirdi ki, hər düzgün hərəkət özü insan xoşbəxtliyini maksimuma çatdırmalıdır. O fikirləşirdi ki, bütövlükdə götürdükdə əxlaq insan xoşbəxtliyini maksimum dərəcədə artırmağa meyillidir.

Bundan əlavə, Millin xoşbəxtlik anlayışı geniş idi. Bir çox utilitariandan fərqli olaraq, o, xoşbəxtliyin təkcə həzz almaqdan ibarət olduğuna inanmırdı. Bunun əvəzinə, Mill iddia edirdi ki, insanlar xoşbəxt həyatı nəyin təşkil etdiyini təcrübə vasitəsilə (ya da başqalarının təcrübəsindən öyrənməklə) kəşf edə bilərlər. Mill şeir və ədəbiyyatda Alman Romantik hərəkatından çox təsirlənmişdi. O, belə nəticəyə gəldi ki, bizi insan edən və insan həyatını da dəyərli edən şeyin mahiyyəti romantik anlayış olan Bildung, yəni muxtar özünüinkişafdır.[1] Mill iddia edirdi ki, xoşbəxt həyat muxtar, özünə istiqamətverən – yəni insanların öz hərəkətlərinin müəllifi olduğu və özlərinin yaxşı, yaxud dəyərli həyat anlayışlarını rasional olaraq təsdiqlədiyi həyatdır. Beləliklə, Mill kobud hedonizmi rədd edərək yazırdı: “Həyatından razı donuz olmaqdansa, narazı insan olmaq yaxşıdır; razı axmaq olmaqdansa, narazı Sokrat olmaq yaxşıdır.”[2]

Azadlıq haqqında soruşur: şəxsi muxtariyyətin sərhəddi nədir? İnsanların nə qədər azadlığı olmalıdır? Cəmiyyət nəyi (qanun, yaxud sosial təzyiq yolu ilə) tənzimləyə bilər və yalnız fərdə aid olan (cəzasız, yaxud qınaqsız) şeylər nələrdir? Mill aşağıdakı həll yolunu təklif edirdi: biz şəxsi azadlığın sərhəddini elə məhdudlaşdırmalıyıq ki, o,  ən yaxşı ümumi nəticələr hasil etməyə meyilli olsun. Daha sonra empirik əsaslarla Mill iddia edirdi ki, yuxarıdakı prinsipə əsasən, hər bir fərdə son dərəcə geniş şəxsi azadlıq sferası vermək lazımdır.

Nümunə olaraq fizikada yeni biliklər əldə etmək azadlığı kimi elmi azadlıq məsələsini nəzərdən keçirək. Mill belə bir azadlıqdan çoxumuzun istifadə etməyəcəyi ilə razılaşardı. Çoxumuzun bu azadlıqla sadəcə olaraq nəsə etmək bacarığı və ya iradəsi yoxdur. Bəs onda hökumətin əksəriyyətimizə fizikadan yazmağa qadağa qoymasına niyə icazə verməyək?

Birincisi, Mill iddia edirdi ki, bəzi fikirlər yanlış və ya pis olsa belə, pis fikirlərlə mübarizə aparmaq olduqca dəyərlidir. Məsələn, marksist iqtisadiyyat cəfəng olsa da, mən hələ də onu bəzi dərslərimdə keçirəm. Səhvlər üzərində düşünmək tələbələri daha ağıllı edir və onlardan biri, bəlkə də, bu yanlış nəzəriyyədə gözdən itmiş hansısa dəyərli fikri kəşf edə bilər.

İkincisi, Mill iddia edirdi ki, biz hökumət məmurlarının bu gücdən ağıllı şəkildə istifadə edəcəklərinə etibar edə bilmərik. Uşaqlarımızı qorumaq üçün hökumətə verdiyimiz güc uşaqlarımıza qarşı da istifadə edilə bilər. Mən doktorantura oxuyanda bir hüquq tələbəsinin bu sözləri dediyini eşitmişdim: “Ekoloji ədalətin bu məqsədi o qədər vacibdir ki, onu ancaq KQB (КГБ – Sovet Dövlət Təhlükəsizlik Komitəsi) həyata keçirə biləcəksə, onda KQB-ni dəstəkləmək lazımdır. Elə etməliyik ki, KQB-ni düzgün adamlar idarə etsin.” Lakin KQB-ni, yaxud senzura şurasını, yaxud da inkvizisiyanı düzgün insanların idarə etməsini təmin etmək mümkün deyil. Bu cür işlərə (və onların bəxş etdiyi gücə) cəlb olunan insanların hansısa əxlaq filosofunun onlara təlqin etmək istədiyi məqsədlərdən savayı, öz məqsədləri olacaq.

Üçüncüsü, hətta yaxşı niyyətli məmurların da kifayət qədər məlumatı yoxdur ki, kimləri senzura etmək lazım olduğunu bilsinlər. Heç kim elmi dahinin və ya yeniliyin haradan gələcəyini etibarlı şəkildə proqnozlaşdıra bilməz. Əlbəttə ki, biz imtahanlarda yüksək bal toplayan ən yaxşı və ən parlaq şagirdlərin böyük dahilər olmasını gözləyirik. Amma çox vaxt yanılırıq; çox vaxt hansısa bir poçtalyon elmdə inqilab edir.

Mill oxşar arqumentlərin ifadə, həyat tərzi, din və s. kimi azadlıqlar üçün də keçərli olduğunu düşünürdü. O hesab edirdi ki, əksər elmi tərəqqinin azad cəmiyyətlərdə baş verməsi, yaxud tolerant ticarət mərkəzlərinin həm də bədii və mədəni tərəqqi mərkəzləri olması heç də təəccüblü deyil. Mill iddia edirdi ki, əgər elmi tərəqqi, incəsənətdə irəliləyiş, mədəni inkişaf, sülh və qarşılıqlı hörmət kimi yaxşı nəticələr əldə etmək istəyirsənsə, onda nəticələrindən asılı olmayaraq ifadə azadlığına icazə verməlisən. Bu paradoksal səslənə bilər. Lakin Mill deyirdi ki, ancaq faydalı ifadəyə icazə verən siyasətlər tarixən faydalı olmayıblar. Tarixə baxanda görürük ki, cəmiyyətin bir ifadəyə yalnız onu öz maraqlarına uyğun görəndə icazə verən siyasətlər heç də həmin cəmiyyətin ən yaxşı maraqlarına xidmət etməyiblər.

Millin arqumentinin bir hissəsi hökumətin uğursuzluğu ideyasına əsaslanır, bu anlayışı aşağıda daha ətraflı müzakirə edəcəyəm. Mill deyərdi; biri var soruşaq ki, hökumət səriştəli və xeyirxah mələklər tərəfindən idarə ediləcəksə, seçimlərimiz üzərində hökumətə nə qədər səlahiyyət verməliyik; biri də var soruşaq ki, hökuməti öz məqsədlərinə çatmaq naminə real insanlar idarə edəcəksə, hökumətə nə qədər güc vermək olar. Mill narahat idi ki, əgər hökumətə bizi öz axmaqlığımızdan qorumaq səlahiyyəti versək, hökumət özü bu gücdən axmaqcasına, həddindən artıq və ya qəsdən bizə qarşı istifadə edəcək. Mill düşünürdü ki, ən yaxşısı hökumətə belə bir güc verməməkdir. Əlbəttə, bu, o deməkdir ki, bəzi insanlar çox içib alkoqoldan öləcəklər, lakin onları dayandırmağa çalışmağın təhlükələri dəfələrlə daha ağırdır.

Mill bir çox insanı inandırdı, amma hamını inandıra bilmədi. İndi universitetlərdə tələbələri narahat edən və ya onların ən dərin gümanlarına meydan oxuyan ifadələri boğmağa çalışan böyük bir hərəkat var. Bu hərəkatın arqumentinin bir hissəsi ondan ibarətdir ki, məhdudiyyətsiz azad söz tələbələrin duyğularını incidir, yaxud da onları narahat hiss etdirir.

Müasir hüquq nəzəriyyəçisi Ceremi Valdron bu yaxınlarda buna bənzər daha mürəkkəb bir arqument irəli sürərək “nifrət nitqinin” sıxışdırılmalı və tənzimlənməli olduğunu iddia edib. Valdron iddia edir ki, nifrət nitqi vətəndaşları hüquqlarının qorunacağına dair əminlikdən məhrum edə, onları ikinci dərəcəli vətəndaş halına gətirə və ləyaqətlərini azalda bilər.[3]

Millə müxalif olan yeni paternalist çağırışları da nəzərdən keçirək. Millin arqumenti son nəticədə empirik iddiaya əsaslanır – yəni hökumətin uğursuzluğunu nəzərə alsaq, senzura və nəzarətin optimal dərəcəsi heçə yaxın həddə kiçik olur. Bəlkə Mill yanılırdı və optimal dərəcə daha yüksəkdir? Şirnikləşdirmə əsərində müasir hüquq nəzəriyyəçiləri Kass Sansteyn və Riçard Taler “libertarian paternalizm” adlandırdıqları ideyanı müdafiə edirlər. (Qeyd edim ki, nə Sansteyn, nə də Taler libertariandır.) Sansteyn və Taler gündəlik həyatın “seçim memarlığını” tənzimləməli olduğumuzu deyirlər. İnsanların özləri üçün seçimlər etmələrinə və hətta özlərinə zərərli seçimlər etmələrinə icazə verməliyik. Lakin, onların iddiasına görə, biz də elə etməliyik ki, insanların yaxşı seçim etmək ehtimalı yüksək olsun.

Məsələn, Sansteyn və Taler insanların sağlam meyvə əvəzinə zərərli tort yeməsinə icazə verilməli olduğunu düşünürlər. Bununla belə, bəzi psixoloji tədqiqatlar göstərir ki, yeməkxana növbəsində meyvə tortdan əvvəldədirsə, insanların meyvəni seçmək ehtimalı daha yüksək olur. Əgər belədirsə, onlar iddia edirlər ki, biz yeməkxanalardan meyvəni şirniyyatdan əvvələ yerləşdirmələrini tələb edə bilərik. (Əlbəttə, bu, heç də “libertarian” qayda deyil, çünki bu qayda istehlakçıları məcbur etməsə də, satıcıları məcbur edir.) Başqa bir misala baxaq: Əksər insanlar öz pensiyaları üçün kifayət qədər pul ayırmırlar. Bəs belə bir qayda qəbul etsək, necə? İnsanlar yeni işə başladıqda, şirkət əmək müqaviləsini elə hazırlayır ki, yeni işçi açıq-aşkar imtina etmirsə, onun maaşının 15%-i avtomatik olaraq özünün gələcək pensiyası üçün yığılır. Sansteyn və Taler deyir ki, burada işçi ehtiyatlı olmağa məcbur edilmir: o, müqavilədə düzgün xananı seçsə, qarışqa deyil, çəyirtkə ola bilər. Amma onlar deyirlər ki, psixoloji araşdırmalara görə, insanların çoxu müqavilə imzalayanda heç düşünmədən standart variantı seçirlər. Buna görə də Sansteyn və Taler iddia edir ki, insanlar həqiqətən axmaq seçimlər etmək istəyirlərsə, onların axmaq seçimlər etməsinə icazə verək, amma standart variantları ağıllı seçimlər edək.

Müasir siyasi filosof Sarah Konli hətta Sansteyn və Talerdən də irəli gedir. O deyir ki, son psixoloji araşdırmalara görə, insanların çoxunun irrasional olduğunu proqnozlaşdırmaq olur. Ümumiyyətlə, insanlar özləri üçün seçimlər edən muxtar varlıqlar deyil, bəzi şeyləri muxtar, bəzilərini isə avtopilotda yerinə yetirən qeyri-mükəmməl varlıqdırlar. Amma problem ondadır ki, avtopilot tez-tez qəza törədir, ya da yanlış istiqamətə yönəlir. İnsanların daha çox rasional olması üçün edə biləcəyimiz çox az şey var. Mill liberal, dözümlü cəmiyyətdə yetişən fərdlərin daha rasional olmağı öyrənəcəklərini fərz edirdi. Konli cavab verir: əlbəttə, lakin bu sınaqdan keçirilə bilən empirik fərziyyədir və bu, yalnız qismən doğrudur. Konli iddia edir ki, insanların vacib məsələlərdə uzaqgörən və ehtiyatlı olmadıqlarını proqnozlaşdıra bildiyimiz hallarda ən yaxşısı onları ehtiyatlı seçimlər etməyə məcbur etməkdir. Konli belə bir səlahiyyətin hökumət tərəfindən sui-istifadə edilə biləcəyini qəbul edir, lakin potensial sui-istifadənin hökumətin istənilən paternalist gücdən məhrum edilməsini tələb etməsi fikrinə şübhə ilə yanaşır.

İqtisadi azadlığın sərhədləri

Roulzun ədalət nəzəriyyəsi iki əsas prinsipdən ibarətdir: azadlıq prinsipi və bərabərsizlikləri tənzimləyən prinsip. Roulzu liberal edən odur ki, onun nəzəriyyəsində azadlıq bölüşdürücü ədalət məsələlərindən daha əhəmiyyətlidir. Məsələn, o hesab edir ki, Zevsə ibadətə qadağa qoymaqla necəsə ən imtiyazsız insanların rifahını yaxşılaşdırmaq mümkün olsa da, insanların Zevsə ibadət etməsinə qadağa qoymaq ədalətsizlik olardı.

Roulzun birinci ədalət prinsipi – Azadlıq Prinsipi – hər bir vətəndaşın “tam adekvat” təməl hüquq və azadlıqlar toplusu ilə təmin edilməsini tələb edir.[4] Bu prinsipin digər, daha güclü təfsirinə görə, Roulz deyir ki, hər bir vətəndaş hamı üçün eyni azadlıqla uyğun gələn ən geniş təməl azadlıqlar toplusu ilə təmin edilməlidir.

Bəs hansı azadlıqlar “təməl” azadlıqlar sayılır? Ədalətin birinci prinsipi hansı hüquqları özündə ehtiva edir? Roulz əvvəlcə bu suala siyahı təqdim edərək cavab verdi. Birinci prinsip vicdan, din, ifadə, sərbəst toplaşmaq, həyat tərzi, həmçinin cinsi azadlıqlar kimi mülki azadlıqları; səsvermə hüququ, siyasi vəzifəyə namizəd olmaq və seçildiyi təqdirdə həmin vəzifədə oturmaq hüququ kimi siyasi azadlıqları; ədalətli mühakimə hüququ, habeas corpus, prosessual təminat, habelə özbaşına axtarış və həbsdən azad olmaq kimi hüquqi-prosessual azadlıqları; özəl mülkə sahib olmaq və öz peşəsini seçmək hüququ kimi bəzi iqtisadi azadlıqları ehtiva edir.

Diqqət yetirin ki, Roulz bir çox digər iqtisadi azadlıqları – məsələn, müqavilə azadlığı, lisenziyasız işləmək və ya məhsuldar mülkiyyətə sahib olmaq azadlığı – təməl azadlıqlar siyahısına daxil etməyib. Azadlıq Prinsipi insanların aşağıdakı azadlıqlarını qorumur: müqavilə hazırlamaq və bağlamaq azadlığı; bütün tərəflərin razılaşdığı şərtlərlə mal və xidmətləri almaq və satmaq azadlığı; danışıqlar apararaq özünün iş şərtlərini müəyyənləşdirmək azadlığı; ev təsərrüfatını istədiyin kimi idarə etmək azadlığı; satmaq üçün əşyalar yaratmaq, biznesə başlamaq, onu idarə etmək və dayandırmaq azadlığı; fabrik və müəssisələrə sahib olmaq azadlığı; istehsal məqsədləri üçün mülkiyyəti inkişaf etdirmək azadlığı; kapitalla riskə girmək və ya əmtəə xüsusiyyətləri üzərində spekulyasiya etmək azadlığı.

Roulz sənin bu cür azadlıqların bəzilərinə sahib olmağına qarşı deyildi. Axı o, sonda gəlib bazar iqtisadiyyatını müdafiə etdi. Bununla belə, Roulz iddia edirdi ki, biz insanlara müxtəlif kapitalist iqtisadi azadlıqları ona görə verməliyik ki, bu, Fərq Prinsipini həyata keçirmək üçün faydalıdır. İnsanlar muxtar varlıq və şəxsdirlər, lakin Roulz hesab edirdi ki, bu xüsusiyyətlərinə hörmət əlaməti olaraq insanların iqtisadi azadlığa sahib olmaq haqqı yoxdur. Beləliklə, incə fərqə diqqət yetirin: Roulza görə, din azadlığı ən imtiyazsız insanların orta gəlirini necəsə aşağı salsa belə, sənin öz dinini seçmə azadlığın var. Lakin insanların fabrik və ya mağazalara sahib olmasına yalnız o halda icazə verilir ki, bu növ iqtisadi azadlıq ən imtiyazsız insanlara da fayda versin.

Bunun əksinə olaraq, libertarianlar və klassik liberallar hesab edirlər ki, iqtisadi azadlıqlar və mülki azadlıqlar status baxımından bərabərdilər. Onlar Roulz ilə razılaşırlar ki, insanlara bu cür azadlıqların verilməsi ən imtiyazsızlar da daxil olmaqla ümumilikdə cəmiyyət üçün yaxşı nəticələr hasil edir. Lakin onlar həm də hesab edirlər ki, insanların öz dinlərini seçmə azadlığını əsaslandıran səbəblər onların iqtisadi azadlıqlarını da əsaslandırır. Həyat sənindir, ona görə də başqalarının hüquqlarını pozmamaq şərti ilə istədiyin tanrıya ibadət edə və pulunu istədiyin kimi xərcləyə bilməlisən.

Bəs niyə Roulz bu fikirlə razılaşmadı? Roulza görə, bir şeyin təməl azadlıq hesab edilib-edilməməsi onun Rouzlun “iki əxlaqi güc” adlandırdığı şeylə düzgün əlaqəsinin olub-olmamasından asılıdır. İki əxlaqi güc (1) yaxşı həyat anlayışını inkişaf etdirmək qabiliyyəti və (2) ədalət hissini dərk etmək qabiliyyətidir. “Rasionallıq” olaraq da adlandırılan birinci güc “yaxşılıq haqqında rasional təsəvvürə malik olmaq qabiliyyəti – həyat və həyat axtarışlarına məna verən baxışa əsaslanaraq dəyərlərin ardıcıl anlayışını formalaşdırmaq, yenidən nəzərdən keçirmək və rasional şəkildə icra etmək gücüdür.”[5] “Ağlabatanlıq” olaraq da adlandırılan ikinci güc “başqaları ilə ədalətli əməkdaşlıq şərtlərini başa düşmək, tətbiq etmək və əməkdaşlıq etmək” qabiliyyətidir.[6] Roulza görə, bu iki gücün hesabına insan xüsusi diqqətə layiq olan əxlaqi varlıq hesab edilməlidir. Məsələn, bizi aşağı heyvanlardan ayıran şey bu iki gücdür.

Roulzun bəlkə də ən mühüm təfsirçisi olan filosof Samuel Friman təməl azadlıqlar və əxlaqi güclər arasındakı əlaqəni belə izah edir: “Bir azadlığı Roulz üçün təməl edən odur ki, o, insanın bütün həyatı boyu əxlaqi şəxsiyyətin iki gücünün adekvat inkişafı və tam həyata keçirilməsi üçün mühüm sosial şərtdir.”[7] Friman daha aydın şəkildə qeyd edir ki, Roulz üçün hansısa bir azadlıq yalnız o halda təməl azadlıq sayılır ki, iki əxlaqi gücü inkişaf etdirmək üçün bütün vətəndaşlar bu azadlığa malik olmalıdırlar.[8] Friman bu fikri qəbul etdiyinə görə gəlin bunu Roulz-Friman təməl azadlıq testi adlandıraq.

Filosof Con Tomasi Azad bazar adilliyi adlanan sonuncu kitabında iddia edir ki, iqtisadi azadlığın əhatəsini məhdudlaşdırmaq üçün Roulzun heç bir prinsipial səbəbi yox idi. O hesab edir ki, mülki azadlıqların müdafiəsi ilə bağlı Roulzun arqumentlərinin əksəriyyəti iqtisadi azadlıqların müdafiəsi üçün də istifadə edilə bilər. Məsələn, Roulz deyir ki, din azadlığı insanların yaxşı həyat anlayışlarını inkişaf etdirmələri, özlərini tanımaları və özlərini aldatmamaları üçün zəruridir. Tomasi bunun iqtisadi azadlıq üçün də keçərli olduğunu müdafiə edir. Öz həyatımızın müəllifi olmağımız üçün ibadət edib-etməməyimizi və necə ibadət edəcəyimizi seçmək kifayət deyil; iqtisadi işlərimizi necə aparacağımızı da seçməliyik. Bir çox vətəndaşlar geniş iqtisadi azadlıq olmadan yaxşı həyat anlayışlarını icra edə bilməyəcəklər.

Friman cavab verir ki, Tomasi Roulz-Friman testini səhv başa düşüb. Əlbəttə ki, Friman yazır, bəlkə də bəzi sahibkarların yaxşı həyat anlayışlarını həyata keçirmələri üçün mağaza sahibi olmaları vacibdir, lakin bütün vətəndaşların öz yaxşı həyat anlayışlarını həyata keçirmələri üçün belə kapitalist azadlıqlara ehtiyacları yoxdur.[9] Friman iddia edir ki, bir şeyin təməl azadlıq olması üçün o, hər bir adekvat insanın yaxşı həyat anlayışını və ədalət hissini inkişaf etdirmək qabiliyyəti üçün zəruri olmalıdır. Friman deyir ki, Tomasi ən yaxşı halda bizə kapitalist azadlıqların bir çox insan üçün vacib olduğunu göstərdi, lakin onların hamı üçün vacib olduğunu göstərmədi. Beləliklə, Friman belə nəticəyə gəlir ki, bu kapitalist azadlıqları Roulz-Friman testindən keçmir.

Friman Tomasiyə deyə bilər ki, Danimarka və İsveçrədəki insanlar Rusiyadakılardan daha çox iqtisadi azadlıqlara sahibdirlər. Buna baxmayaraq, rusların əksəriyyətində ədalət hissi və yaxşı həyat anlayışı inkişaf edib. Həqiqətən də, bəlkə də yalnız bir neçə ölkə öz vətəndaşlarını Tomasinin əhəmiyyətli hesab etdiyi bütün iqtisadi azadlıqlarla təmin edir, lakin buna baxmayaraq, həmin ölkələrdəki vətəndaşların əksəriyyəti iki mənəvi gücü inkişaf etdirə bilir və inkişaf etdirir. Bu o deməkdir ki, Tomasinin təməl azadlıqlar siyahısını genişləndirmək arqumenti iflasa uğrayır: güclü iqtisadi azadlıqlar Roulz-Friman testindən keçmir.

Lakin, başqa yerdə də qeyd etdiyim kimi, bu, Roulz və Friman üçün Pir qələbəsi kimi görünür. Kapitalist azadlıqların təməl azadlıqlar kimi qəbul edilməməsi arqumentini eyni dərəcədə sol-liberal azadlıqlara da şamil etmək olar. Axı, Roulz və Friman ifadə, iştirak, seçmə və seçilmə və s. kimi azadlıqların təməl olduğunu düşünürlər. Lakin ədalət hissini və ya yaxşı həyat anlayışını inkişaf etdirmək üçün bu və ya digər roulzçu təməl azadlıqlara sahib olmağın zəruri olduğunu iddia etmək heç də inandırıcı deyil. Oxşar misala baxaq: Danimarka və İsveçrədəki insanlar Rusiya və ya Çindəkilərdən daha çox mülki azadlıqlara sahibdirlər. Amma buna baxmayaraq rusların əksəriyyəti ədalət hissi və yaxşı həyat anlayışını inkişaf etdirə bilir və inkişaf etdirir. Ən yaxşı halda, bir ovuc ölkə öz vətəndaşlarını bütün roulzçu təməl azadlıqlarla təmin edir. Bununla belə, ədalətsiz ölkələrin böyük əksəriyyətində insanların böyük əksəriyyəti bu təməl azadlıqların olmamasına və ya həmin azadlıqların Frimanla Roulzun istədiyi səviyyədə qorunmamasına baxmayaraq, özlərinin ədalət hissi və yaxşı həyat anlayışlarını inkişaf etdirirlər (və geridə qalanlarının da əksəriyyəti özlərinin ədalət hissi və yaxşı həyat anlayışlarını inkişaf etdirə bilərdi).

Əslində, iki mənəvi gücü inkişaf etdirmək üçün tipik bir insana (o ki qaldı Frimanın istədiyi kimi bütün insanlara) çox az azadlıq kifayətdir. Beləliklə, Roulz-Friman testindən ümumiyyətlə nəyinsə keçə biləcəyi aydın deyil.

Gəlin bir addım geri çəkilib bu debatın nəticəsi haqqında düşünək. Klassik liberal və libertarian mütəfəkkirlərin əksəriyyəti inanırlar ki, iqtisadi hüquqlar təkcə faydalı – yaxşı nəticələrə səbəb olan bir qurum deyil. Bunun əvəzinə onlar iddia edirlər ki, bu cür hüquqlar zəruridir, çünki onlar insanlara hörmət edildiyini göstərir.

Mən onlarla razıyam. Ancaq hasil edilən nəticələr də vacibdir. İqtisadi azadlığın əhatə dairəsi ilə bağlı müzakirələrin böyük hissəsi sərhədi burada və ya orada çəksək nə baş verəcəyi ilə bağlıdır. Marksistlər düşünürlər ki, geniş kapitalist azadlıqlar yoxsulların yoxsullaşmasına, zənginlərin isə daha da zənginləşməsinə gətirib çıxardır. Nəticədə zənginlər kasıbları öz məqsədləri üçün istismar edəcəklər. Libertarianlar düşünürlər ki, geniş kapitalist azadlıqlar hər kəsin – kasıbın da, zənginin də daha da zənginləşməsi deməkdir. Deontoloji mülahizələr bizi çox uzağa apara bilməz. Əgər marksistlərin iddia etdiyi kimi, kapitalist azadlıqlar əksərən fəlakətə gətirib çıxarırsa, biz onları müdafiə etməkdə çətinlik çəkərdik. Əgər kapitalizm bizi yoxsullaşdırmağa meyilli olsaydı, onda libertarian ədalət bir növ lənət olardı. 

Qeyd: Bu kitab (Brennan, Jason. Political Philosophy: An Introduction. Washington, D.C: Cato Institute, 2016) Kato İnstitutunun və müəllif Ceyson Brennanı razılığı ilə Bakı Araşdırmalar İnstitutu tərəfindən tərcümə və dərc edilmişdir.

Tərcümənin birinci hissəsi:

Tərcümənin ikinci hissəsi:

Tərcümənin üçüncü hissəsi:

Tərcümənin beşinci hissəsi:


 [1] Nicholas Capaldi, John Stuart Mill: A Biography (New York: Cambridge University Press, 2004).

[2] John Stuart Mill, Utilitarianism (Indianapolis, IN: Hackett Publishing, 2002), s. 10.

[3] Jeremy Waldron, The Harm in Hate Speech (Cambridge, MA: Harvard University Press, 2014).

[4] Rawls 1996, ss. 5–6.

[5] Samuel Freeman, Rawls (New York: Routledge Press, 2009), s. 54.

[6] Yenə orada.

[7] Yenə orada, s. 55. Vurğu orijinaldır.

[8] http://bleedingheartlibertarians.com/2012/06/can-economicliberties-be-basic-liberties/.

[9] Yenə orada.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.