Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin 2024-cü il avqust ayının 15-dən etibarən Azərbaycanda genişzolaqlı internet xidmətlərində sürət və tariflərini artırması xəbəri ölkə daxilində internet ətrafında gərgin müzakirələrə yol açdı. Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə artıraraq abunəçilər üçün minimal sürət həddini 100 Mbit/s səviyyəsində müəyyənləşdirdi. Bu isə aşağı sürətli internet istifadəçilərinin tariflərini bahalaşdırdı. Ancaq dövrü mətbuat və sosial şəbəkələrdə gedən müzakirələrdə əhali qiymət artımına rəğmən internetin sürətində heç bir dəyişiklik olmadığını bildirib.
Bakı Araşdırmalar İnstitutu cəmiyyətdə gedən müzakirələri nəzərə alaraq ölkədə şəxsi və ailə məqsədləri üçün istifadə edilən internetin keyfiyyətini və əhalinin internet xidmətlərindən məmnunluq səviyyəsini qiymətləndirmək üçün tədqiqat aparıb.
Tədqiqatın hazırlanması prosesində müəlliflər həm də ölkədə internet xidmətini tənzimləyən qanunvericilik bazasını analiz ediblər. Hökumətin əsas sənədi olan Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında qeyd edilir ki, rəqəmsal texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi üçün normativ hüquqi baza yaradılacaq və bu sahə dövlət tərəfindən tənzimlənəcəkdir.Rəqəmsal texnologiyaların inkişafı məqsədilə xüsusi fondlar və inkişaf institutları fəaliyyət göstərəcək, bu əsasda internet, yüksəksürətli mobil internet (5G texnologiyası daxil olmaqla), xüsusilə genişzolaqlı internet xidmətlərinin əhatəsi 95%-ə çatdırılacaqdır. Strategiya vasitəsilə hökumət 2026-cı ilin sonuna İKT-nin əlçatanlığı və İKT-dən istifadə, onlayn dövlət xidmətləri və məlumat mübadiləsi, İKT xidmətlərinin ixracı və hər 100 nəfərə düşən sabit sürətli internet xətti istifadəçilərinə dair beynəlxalq reytinq göstəricilərində ölkənin mövqeyinin ilbəil yaxşılaşması kimi öhdəliklər götürüb.
Araşdırmanın ikinci bölməsində internet bazarına dair statistik göstəricilər təhlil edilib. Statistik məlumatların analizi bir tərəfdən internet istifadəçilərinin sayının ilbəil artdığını göstərirsə, digər tərəfdən internetə çıxış xərclərinin artmasını da qeyd edir.
Tədqiqatın hazırlanması çərçivəsində eyni zamanda əhali arasında sorğu keçirilib. 500 respondentin iştirak etdiyi sorğu internet üzərindən www.freeonlinesurveys.com platforması vasitəsilə aparılıb. Sorğunun keçirilməsində məqsəd ölkədə şəxsi və ailə məqsədləri üçün istifadə edilən internetin keyfiyyətini qiymətləndirmək olub. Sorğuda ölkə ərazisinin əksər bölgələrinin təmsilçiləri iştirak edib. Respondentlərin böyük hissəsi (68%) Bakı şəhərinin təmsilçiləri olub. Sorğuda internet verilişində fasiləsizliyin olması mümkünlüyü, əhalinin üzləşdiyi problemlər, qiymətlərin əlçatan olması və s. kimi məsələlərlə bağlı respondentlərin münasibətləri öyrənilib.
İnternet xidmətinin keyfiyyəti ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi göstərdi ki, hazırda dünyanın bir çox ölkələrində vətəndaşın internetə çıxışına qanunvericiliklə zəmanətlər müəyyən edilib. Məsələn, 2009-cu ildə Fransa, 2010-cu ildə Finlandiya insanların internetə əlçatanlığını onların fundamental insan hüququ kimi tanıyaraq konstitusiyaya daxil etdi. OECD ekspertlərinin yanaşmasına görə, interneti mümkün olduğu qədər əlçatan və əlverşli etmək üçün hökumətlərin edə biləcəyi əlavə 3 mühüm tədbir var: əhalinin gəlirlərinin artırılması, internetin qiymətinin ucuzlaşdırılması və internetdən əldə olunan faydanın mümkün qədər yüksəldilməsi. Bir sıra ölkələrdə əhalinin aztəminatlı və əlverişsiz mühitdə yaşayan qruplarının (qocalar, kənd yerlərində məskunlaşanlar, yoxsullar və s.) internetə əlçatanlığını təmin etmək üçün müxtəlif transfert mexanizmlərindən istifadə olunur. Məsələn, Kolumbiyada Vive Digital adlı proqram əhalinin ən yoxsul kvintil qruplarında yer alan insanlara müvafiq dəstək ayırır.
Araşdırmada Azərbaycanda genişzolaqlı internetin orta aylıq qiyməti inkişaf etmiş ölkələrlə müqayisə edilib. Məlum olub ki, qiymətlər nisbətən ucuz olsa da, əksər region və inkişaf etməkdə olan ölkələrə nisbətdə heç də ucuz deyil. Əlavə olaraq, aylıq xidmət haqqının adambaşına milli gəlirə nisbəti ilə hesabladıqda, Azərbaycanda qiymətlər, məsələn, Türkiyədən və Polşadan az qala 2-2,5 dəfə yüksəkdir. Araşdırma aşağıdakı nəticələri ortaya çıxartdı:
Hesabatı pdf fayla klikləyərək tam şəkildə oxuya bilərsiniz.