Azərbaycan faunasına ən son əlavə olunan yırtıcı quş növü boz çalağandır (lat. Elanus caeruleus) və o, öz arealını genişləndirərək ərazimizə yayılmışdır. Növlərin öz areallarını genişləndirməsi əsasən ətraf mühit amillərindəki dəyişikliklərlə baş verir. Bir növün yayılış diapazonunda baş verən dəyişikliklər digər növlərə, onların yeni və ya tərk etdikləri yerdəki ekosistemlərə təsirlərə malik ola bilir. Boz çalağanın siyahıya əlavə olunması ilə Azərbaycanda yırtıcı quşlar 3 dəstəyə (qızılquşkimilər, qırğıkimilər və bayquşkimilər) aid olan 46 növ ilə təmsil olunurlar (Billerman et al. 2022).
Boz çalağan Qafqaz Ekoregionunda ilk dəfə 1998-ci ildə İranda qeydə alınmış, cənubi İranda və cənub-şərqi Türkiyədə uyğun olaraq, 2000-ci illər və 2013-cü ildən yuvalamağa başlamışdır (Kemp et al. 2020). Azərbaycanda isə ilk dəfə 6 fevral 2020-ci il tarixində Araz çayı sahilində (Naxçıvan MR) bir gənc fərdi müşahidə edilmişdir (Resulzade 2020). Növbəti illərdə bu növün daha çox fərdi müşahidə edilmiş və artıq Azərbaycanda çoxalmağa başlamışdır (Farajli 2024).
Bənzər şəkildə, son onilliklərdə bu növ Afrikadan İberiya yarımadasına və Orta Şərqin digər bölgələrinə yayılmağa başlamışdır (Ławicki & Perlman 2017). Onun Avropada arealını uğurlu formada genişləndirməsinin əsas səbəblərindən biri kimi əkin sahələrinin artması, dolayı yolla gəmiricilərin sayının çoxalması ilə əlaqələndirilir (Balbontin et al. 2008).
Dünyada boz çalağanın arealına Afrika (Saxara səhrasından cənubdakı ərazilər), Cənub-şərqi Asiya, Cənub-qərbi Avropa və Orta Şərq daxildir. Bu yayılma arealının sahəsi 132 milyon km² -dir, təkcə Avropada 1,100-2,600 cütün çoxaldığı təxmin edilir (BirdLife International 2019). Bu növün uğurlu yayılma səbəblərindən biri də gəmirici populyasiyasından asılı olaraq, demək olar ki, ilboyu çoxala bilməsidir. Məsələn, 2011-2012-ci illərdə İsraildə cəmi 5 cüt boz çalağan qeydə alınmışdırsa, 2016-cı ildə bu say 150 cütə çatmışdır (Ławicki & Perlman 2017). Bu, Azərbaycanda da yaxın gələcəkdə saylarının sürətlə artma ehtimalını göstərir.
Birləşmiş Millətlər Təşkilatının Bioloji müxtəliflik haqqında Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən növlərin həyat qabiliyyətli populyasiyalarının öz təbii mühitində (in-situ) mühafizəsi biomüxtəlifliyi qorumağın əsas şərtlərindəndir. Biomüxtəlifliyin düzgün və davamlı mühafizəsi üçün növlərin areallarındakı və populyasiyalarındakı dəyişikliklərin öyrənilməsi vacibdir.
Boz çalağanın əsas qidasını müxtəlif gəmiricilər təşkil edir və bu xüsusiyyətinə görə o, adi və çöl muymulları ilə eyni ekoloji nişi tutur. Ekoloji niş hər hansı bir növün tutduğu həm fiziki məkanı, həm də funksional rolunu bildirən anlayışdır (AƏMMŞ 2025). İranda aparılmış araşdırmaya görə, boz çalağanın üstünlük verdiyi gəmirici qida rasiyonun 59.4%-i ev siçanı olmuşdur (Vosoghi et al. 2012).
Son illərdə aparılmış araşdırmalara görə, boz çalağanların adi muymula (lat. Falco tinnunculus) qarşı daha aqressiv olmaları və onlarla qida rəqabətinə girməsi ucbatından Tayvanda muymulların sayının azalması qeydə alınmışdır. Eyni araşdırmada bu növlər arasında aqressivliyi ölçmək üçün maketlərlə eksperiment aparılmış, boz çalağanların muymul maketlərinin 60%-nə hücum etdiyi halda, öz növündən olan maketlərin 48%-nə hücum etdiyi aşkarlanmışdır (Chen et al. 2022). Bu, mövcud ekosistem balansına potensial təsir edə biləcək bir faktor kimi dəyərləndirilməlidir.
Cənubi Qafqazda köçəri olan çöl muymulu (lat. Falco naumanni) 1999-2000-ci illərdə aparılmış sayğıya görə 500 baş, 10 il sonra isə 270 quş olduğuna istinad edilərək, Azərbaycan Respublikasının Qırmızı Kitabının II nəşrinə əlavə edilmişdi (ETSN 2013). Lakin Qırmızı Kitabın son nəşrində isə çöl muymulunun sayı artığından mühafizə olunan növlər siyahısında deyil, yalnız sondakı çəhrayı siyahıya əlavə edilib (ETSN 2023). Gələcəkdə Azərbaycanda boz çalağanların sayının gözlənən artımı hər iki muymul növünün sayına Tayvanda olduğu kimi, neqativ təsir edə və nəticədə, muymulların yenidən mühafizə olunmasının vacibliyinə gətirib çıxara bilər.
Əkin sahələrində zərərvericilərə, xəstəliklərə qarşı kimyəvi maddələrin istifadəsi həm boz çalağan, həm də muymullar kimi gəmiricilərlə qidalanan yırtıcı quşların yem bazasına mənfi təsir göstərir. Bənzər şəkildə açıq ərazilərdə tək ağacların kəsilməsi və qanunsuz ov da bu cür yırtıcı quşların sayını azaldan amillər arasındadır. Bu amillər nəzərə alınaraq pestisidlərdən az istifadə və qanunsuz ov halları ilə mübarizə Azərbaycanda yırtıcı quşların mühafizəsi üçün vacibdir.
İstinadlar:
- AƏMMŞ (Avropa Ətraf Mühit Məlumat və Müşahidə Şəbəkəsi). 2025. ”Ekoloji niş”. ÜÇƏMT (GEMET) – Ümumi Çoxdilli Ətraf Mühit Tezaurusu. Arxivləşdirilib 06.02.2025. https://www.eionet.europa.eu/gemet/en-US/concept/2456
- Balbontin, J, II Negro, IH Sarasola, JJ Ferrero & D Riviera. 2008. Land-use changes may explain the recentrange expansion of the Black-shouldered Kite Elanus caeruleus in southern Europe. Ibis 150: 707-716
- BirdLife International (2019). Species factsheet: Black-winged Kite Elanus caeruleus. Downloaded from https://datazone.birdlife.org/species/factsheet/black-winged-kite-elanus-caeruleus on 06/02/2025
- Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında” Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. https://e-qanun.az/framework/646.
- Chen, Kuan-Hao & Lin, Wen‐Loung & Lin, Si-Min. (2022). Competition between the black‐winged kite and Eurasian kestrel led to population turnover at a subtropical sympatric site. Journal of Avian Biology. 2022. 10.1111/jav.03040.
- ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya İnstitutu, Milli Elmlər Akedemiyası. 2013. Azərbaycan Respublikasinin Qırmızı Kitabı – Fauna. II nəşr.
- ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya İnstitutu, Milli Elmlər Akedemiyası. 2023. Azərbaycan Respublikasinin Qırmızı Kitabı – Fauna. III nəşr.
- Farajli Z. (2024). Breeding of Black-winged Kite Elanus caeruleus in the South Caucasus, Sandgrouse 46(2): 217-219.
- Kemp, A. C., G. M. Kirwan, J. S. Marks, A. Motis, and E. Garcia (2020). Black-winged Kite (Elanus caeruleus), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA.
- Ławicki, Ł & Y Perlman. 2017. Black-winged Kite in the Western Palearctic: increase in breeding population,vagrancy, and range. Dutch Birding 39: 1-12.
- S. M. Billerman, B. K. Keeney, P. G. Rodewald, and T. S. Schulenberg (Editors) (2022). Birds of the World. Cornell Laboratory of Ornithology, Ithaca, NY, USA. https://birdsoftheworld.org/bow/home
- Resulzade, HS. 2020. Black-winged Kite Elanus caeruleus, a new species for Azerbaijan and the Nakhchivan Autonomous Republic. Sandgrouse (42): 302–304.
- Vosoghi, M, A Ashoori & HG Kami. 2012. Breeding of Black-winged Kite Elanus caeruleus in Fars Province,Iran. Podoces 7: 16-20