Cəmiyyət

Cəmiyyət

Diktaturalarda parlament və partiyanın funksiyası

Read this article on other language
Download article
image_pdf
image_pdf

Demokratiya ilə diktatura arasındakı fərq hakimiyyətin necə əldə olunması və kim tərəfindən dəyişdirilə bilməsi məsələsindədir. Bəzi rejimlər formal baxımdan seçkilər keçirir, parlamentlər qurur, partiyalar yaradır, lakin bu institutlar nəticəsində real siyasi rəqabət formalaşmırsa, onda bu rejimləri demokratik adlandırmaq yanlışdır.

Bu məqalədə mən politoloq Milan Svolikin Avtoritar İdarəetmənin Siyasəti kitabının əsas iddiasını təsvir etməyə çalışacağam.[1] Svolikin məqsədi demokratiya və diktaturanı prosedural əsaslarla ayırmaq, daha sonra isə diktaturalarda hakimiyyət bölgüsünün daxili dinamikasını (yəni diktatorla elitlər arasındakı münasibətləri) və nə üçün formal institutların diktaturalar üçün vacib olduğunu izah etməkdir. Bu məqalədə diktaturaavtoritar rejim terminləri sinonim kimi istifadə ediləcək.

Bir suveren ölkə o zaman demokratik sayılır ki, orada hökumət azad və ədalətli seçkilər nəticəsində formalaşır. Yəni seçkilərdə karusel edilmir, səslər doğru sayılır, ölkədə hər bir vətəndaşın siyasi və mülki azadlıqları bərabər şəkildə qorunur, mətbuat və dövlət namizədlərə bərabər münasibət göstərir, iqtidar partiyası təbliğat zamanı dövlətin resurslarından istifadə etmir, müxalifət repressiyaya məruz qalmır və s. Azad və ədalətli seçkinin olduğu mühitdə seçkilər rəqabətli keçir, yəni müxalif partiyaların seçkidə qalib gəlmək ehtimalı olur.

Bir suveren ölkə o zaman diktatura və ya avtoritar rejim sayılır ki, orada bu iki şərtdən ən azı biri yerinə yetmir: hökumət azad və ədalətli seçkilər nəticəsində formalaşmır. Əlbəttə ki, diktaturalar arasında da fərqlər var: hərbi xuntalar, birpartiyalı rejimlər, şəxsi hakimiyyətə əsaslanan diktaturalar və s. Lakin bu fərqliliklər diktatura kateqoriyasının daxilində baş verir. Bir ölkədəki rejimin demokratik və ya diktatura olması hakimiyyətin rəqabətli seçki ilə əldə olunub-olunmamasından asılıdır.

Svolikə görə, rejimlərin demokratiya və diktatura kimi ikili təsnifatı daha aydın və analitik baxımdan daha faydalıdır. Bu yanaşma, ‘nə tam demokratiya, nə də tam diktatura’ kimi hibrid (qarışıq) rejim anlayışlarının yaratdığı çaşqınlığı aradan qaldırır.

İstənilən siyasi rejimdə siyasi mübarizə mövcuddur və qaçılmazdır. Demokratik rejimlərdə siyasi mübarizə formal qaydalar çərçivəsində ictimaiyyətə açıq formada baş verir, seçkilərdə uduzan tərəf gələcəkdə ədalətli şəkildə yarışa qatıla biləcəyinə inanır. Bu qaydaların işləməsi üçün müstəqil məhkəmə və nəzarət institutlarının mövcudluğu şərtdir. Siyasi rəqiblər uğur qazanmaq üçün bir-birlərinə qarşı zorakılıqdan istifadə etmirlər. Amma diktaturalarda seçkilər keçirilsə də, siyasi rəqabət faktiki olaraq zorakılıq, repressiya və ya elitlər arasında qeyri-formal razılaşmalarla həll olunur. Seçkilərin nəticəsi əvvəlcədən müəyyən olunur, real siyasi mübarizə isə başqa sahələrdə – gizli ittifaqlar, informasiya manipulyasiyası və zorakı vasitələrlə aparılır.

Lakin diktatorlar hər nə qədər güclü görünsələr də, idarəetməni təkbaşına həyata keçirmək iqtidarında deyillər. Onların hakimiyyətə gəlməsi və orada qalması üçün müəyyən bir elit qrupunun (ordu rəhbərlərinin, partiya funksionerlərinin, oliqarxların və ya digər nüfuzlu aktorların) dəstəyinə ehtiyac var. Bu elit qrupu rejimin taleyini müəyyən edən real siyasi gücdür. Svolikə görə, avtoritar rejimlər diktator ilə elitlər arasındakı güc balansı baxımdan iki əsas tipə bölünür:

  1. Mübahisəli avtoritarlıq: burada diktator elitlərin üsyan etmək və onu hakimiyyətdən kənarlaşdırmaq potensialını nəzərə alaraq onlarla real şəkildə hakimiyyəti paylaşır.
  2. Oturuşmuş avtoritarlıq: burada diktator gücü əlində o qədər təmərküzləşdirib ki, elitlər onun hakimiyyətinə real təhlükə yarada bilmir. Elitlər sadəcə icraedici funksiyalar yerinə yetirən məmurlara çevrilir.

Bu fərq yalnız formal deyil, həm də siyasi sistemin işləmə üsuluna dair ciddi nəticələr doğurur. Mübahisəli avtoritarlıqda (“contested autocracy”) qərarlar kollegial şəkildə qəbul olunur, elitlər arasında müzakirə və razılaşmalar mümkündür. Oturuşmuş diktaturada (“established autocracy”) isə şəxsi hakimiyyətin ixtiyari qərarları və liderə loyallıq əsasında formalaşan idarəetmə üstünlük təşkil edir.

Diktator hakimiyyətə gələrkən elitlərin dəstəyinə ehtiyac duyur və bu səbəbdən onlarla əməkdaşlıq etməyə məcbur qalır. Yəni öz gücünü və ya əldə etdiyi qazancları onu dəstəkləyən elitlər arasında bölüşdürür. Diktator tortun hamısını özü yeyə bilməz. Lakin avtoritar rejimlərdə müstəqil məhkəmə və ya tərəflərin əməl etməli olduğu daha yüksək bir hakimiyyət orqanı olmadığı üçün, diktatorun verdiyi vədlərə sadiq qalacağına dair zəmanət yoxdur. Diktator sözünü tutmayıb elitləri kənarlaşdırmağa çalışsa, onu dayandıracaq müstəqil qurum yoxdur. Ona görə də diktatorun öz vədlərini yerinə yetirməsinin ən effektiv yolu onu dəstəkləyən elitanın diktatoru üsyanla təhdid edə bilməsidir. Əgər güclər balansı təxmini bərabərdirsə və elita üsyan edərək diktatoru devirə (məsələn, onu başqası ilə əvəzləyə) bilərsə, onda bu təhdid özü diktatorun gücü əlində cəmləşdirməsinin qarşısını ala və onun verdiyi sözləri yerinə yetirməyə məcbur edə bilər. Diktator devrilmək təhlükəsi qarşısında hakimiyyətin faydalarını elita ilə bölüşməyə üstünlük verir. Bu vəziyyətdə möcvud olan rejim mübahisəli avtoritarlıqdır.

Qeyd edim ki, Azərbaycan dilində “mübahisəli avtoritarlıq” termini belə bir məna ifadə edə bilər ki, mövcud rejimin avtoritar olub-olmaması sual altındadır. Yuxarıdakı abzasda da təsvir edildiyi kimi, bir rejim o zaman mübahisəli avtoritar rejim hesab edilir ki, o, avtoritardır (yəni orada hakimiyyət azad və ədalətli seçki ilə formalaşmır) və diktator ilə onu dəstəkləyən elita arasında güc balansı təxminən bərabərdir.

Lakin diktatorlar gücü öz əllərində möhkəmləndirmək və elitanın təhdidi altında hakimiyyətdə qalmaq istəmirlər. Bunun üçün də verdikləri vədlərə əməl etməməyə çalışırlar. Bu məqsədlə onlar öz rəqiblərini və ya elitanın nüfuzlu üzvlərini sıradan çıxartmağa, zəiflətməyə və ölkənin sərvətini elita ilə daha az bölüşdürməyə çalışırlar. Diktatorun hakimiyyətini gücləndirməsi ilə elitlərin ona qarşı üsyan etmək imkanları zəifləyir. Hər dəfə diktator siyasi prosesdə daha çox güc əldə etdikdə və ona qarşı heç bir kollektiv müqavimət baş vermədikdə bu uğurlar onun lehinə yeni bir güc balansı yaradır. Bu proses dinamikdir, yəni təkcə struktur səbəblərlə deyil, həm də zamanla dəyişən hadisələrlə formalaşır. Əgər diktator bir neçə dəfə elitləri kənarlaşdırmaqda və ya rəqiblərini zərərsizləşdirməkdə uğur əldə edirsə, bu, həm onun özünü, həm də digər siyasi oyunçuları daha da əmin edir ki, artıq ona qarşı çıxmaq mümkün deyil. Elitlər bu potensial təhlükəni anlayır və diktatora qarşı çıxmaq zərurətini hiss edirlər. Lakin bunu reallaşdırmaq üçün kollektiv şəkildə hərəkət etməlidirlər, çünki fərdi etiraz və ya müqavimət təsirsizdir və ağır nəticələrə səbəb ola bilər. Qorxu və ya koordinasiyasızlıq nəticəsində elitlər üsyan edə bilməsə, onda diktator öz hakimiyyətini daha da möhkəmləndirir və elitlərlə əməkdaşlığı davam etdirmək məcburiyyətində qalmır. Bu vəziyyətdə mövcud olan rejim oturuşmuş avtoritarlıqdır.

Svolik hesab edir ki, məhz bu mexanizm diktatorun təkbaşına hakimiyyəti ələ almasına imkan yaradır. Bu prosesin gedişində elitlər əvvəlki siyasi nüfuzlarını itirir, onların mövcudluğu artıq sadəcə idarəetmə funksiyasını yerinə yetirməkdən ibarət olur – yəni məmura çevrilirlər. Beləliklə, siyasi rejim mübahisəli avtoritarizm mərhələsindən çıxaraq oturuşmuş diktaturaya keçir. Bu mərhələdə artıq diktatorun iradəsinə qarşı çıxmaq sistem daxilində, demək olar, mümkün deyil. Onun hakimiyyətinə real təhdid yalnız xalq üsyanı, iqtisadiyyatın çökməsi və ya xarici müdaxilə kimi sistemdənkənar amillərlə ortaya çıxa bilər.

Oturuşmuş avtoritarizmdə diktator idarəetmədə ancaq inzibati kadrlara ehtiyac duyur. Bu isə yeni bir problemin meydana çıxmasına səbəb olur: həmin məmurlar zamanla nüfuz qazanaraq potensial siyasi rəqibə çevrilə bilərlər. Diktator belə hallarda onların güclənməsinin qarşısını almaq üçün müxtəlif strategiyalardan istifadə edir. Məsələn, yüksək vəzifəli məmurlar tez-tez rotasiya olunur, müxtəlif vəzifələr arasında hərəkət etdirilir və ya qəfil şəkildə vəzifədən çıxarılır. Bu dəyişikliklər səmərəlilik məqsədi ilə edilmir. Əksinə, bu strategiyanın əsas məqsədi həmin şəxslərin sabit güc bazası formalaşdırmasının və onların özlərini əvəzolunmaz hiss etmələrinin qarşısını almaqdır. Bununla yanaşı, diktatorlar çox zaman şəxsi kultlarını gücləndirmək üçün sistemli təbliğat aparırlar. Bu təbliğatın məqsədi xalqı inandırmaqdan çox, mesaj verməkdir: bu rejimdə yalnız bir nəfərin iradəsi hökmrandır. Məsələn, Şimali Koreya diktatoru Kim İl Sunun öz əhvalı, kefi ilə hava şəraitini dəyişdirə biləcəyi deyildi. Belə absurd iddiaların məqsədi insanların Kim İl Sunun həqiqətən belə bacarığının olduğuna inandırmaq yox, liderin əvəzolunmaz olduğu mesajını verməkdir.

Bəs mübahisəli avtoritarlıqdan oturuşmuş avtoritar rejimə keçidin qarşısını elita necə ala bilər? Avtoritar rejimlərdə həm hakimiyyət-elita, həm də hakimiyyət-ictimaiyyət arasındakı informasiya axını məhdud olduğu üçün elitlər diktatorun əsl niyyətlərini vaxtında və dəqiq şəkildə müəyyən edə bilmirlər. Əgər diktatorun nə etdiyini və niyə etdiyini vaxtında və dəqiq şəkildə öyrənə bilsələr, onda elitlər diktatoru üsyanla təhdid edə və rejimin mübahisəli avtoritarlıqdan oturuşmuş avtoritarlığa keçidinin qarşısını ala bilərlər. Mübahisəli diktaturalarda parlament və ya məsləhətçi şura kimi formal institutlar bu məqsədə xidmət edir. Onların funksiyası diktaturanı zəiflətmək yox, informasiya axınını təmin etmək və elitanın diktatoru nəzarətdə saxlamasına şərait yaratmaqla rejimin sabitliyini qorumaqdır. Daha dəqiq desək, bu institutlar xalq qarşısında hesabatlı olmaq üçün deyil, elitlər arasında koordinasiya və nəzarət mexanizmlərini yaratmaq üçündür.

Məhdud avtoritar rejimlərdə – yəni güc balansının diktatorla elitlər arasında nisbətən bərabər paylaşıldığı rejimlərdə iclaslar, hesabatlar, müzakirə prosedurları elitlərə həm bir-birilərini, həm də diktatorun davranışını müşahidə etməyə imkan yaradır. Hər hansı bir qərar prosesində kimin nə təklif etdiyi, hansı mövqe tutduğu, maliyyə və vəzifə bölgülərinin necə aparıldığı barədə məlumatlar yayılır və bu şəffaflıq rejimin daxilindəki şübhələri və yanlış anlaşmaları azaldır. Digər tərəfdən, formal qaydalar – məsələn, kimlər iclasda iştirak edə bilər, qərarlar necə qəbul olunur, kim səs verə bilər və s. – həmçinin diktatorun öhdəliklərindən yayınmasını daha görünən və aşkar hala gətirir. Əgər diktator institutun qəbul etdiyi qaydaları pozarsa, bu pozuntu dərhal aşkarlanır və elitlər üçün həyəcan təbili rolunu oynayır.

Amma bu institutlar yalnız o zaman effektiv olur ki, rejim məhdud avtoritarizm formasında fəaliyyət göstərir. Yəni, güc tam şəkildə diktatorun əlində cəmləşməyib və elitlər kollektiv müqavimət göstərə biləcək qədər gücə malikdirlər. Bu halda institutlar həm informasiya axınını təmin edir, həm də mümkün inamsızlıq və şübhələri azaldır. Bu da öz növbəsində rejimin sabitliyini artırır. Əksinə, oturuşmuş diktaturalarda bu institutlar əksərən dekorativ funksiyanı yerinə yetirir. Onların hüquqi və siyasi çəkisi yoxdur və onlar vasitəsilə heç bir real güc paylaşımı baş vermir. Stalin və Mao dövrlərində institutların formal mövcudluğu vardı, lakin faktiki qərarlar qeyri-rəsmi yollarla qəbul edilirdi. Lakin bu diktatorlar öləndən sonra SSRİ və Çində müəyyən bir güc balansı yarandı, institutlar yenidən real funksional orqanlara çevrildi.

Beləliklə, Svolikə görə, formal institutların diktaturada rolu onların rejim daxilində güc balansı ilə müəyyən olunur. Əgər elitlər diktatorun qərarlarına təsir edə biləcək qədər gücə sahibdirsə, institutlar əməkdaşlıq və nəzarət üçün mühüm alətə çevrilir.

Lakin bu, o demək deyil ki, güc tam şəkildə diktatorun əlindədirsə, o zaman bu institutlar yalnız görüntü xarakteri daşıyır. Belə ki, formal institutların, ələlxüsus da hakim partiyaların həm mübahisəli, həm də oturuşmuş diktaturalarda başqa bir funksiyası da var. Avtoritar rejimlərin uzunömürlülüyünü təmin edən ən mühüm vasitələrdən biri rejim partiyalarının müxtəlif təbəqələrini sistemə cəlb etmək və onları rejimin davamlılığında maraqlı tərəfə çevirmək qabiliyyətidir. Svolik iddia edir ki, avtoritar rejimlərdəki hakim partiyalar bu məqsədə üç cəlbetmə (kooptasiya) strategiyadan istifadə edərək çatmağa çalışırlar. Gəlin bu üç strategiyanın hər birinə qısa nəzər salaq.

Birincisi, avtoritar rejim partiyaları adətən çoxpilləli iyerarxik struktura malik olur. Bu strukturun əsas xüsusiyyəti ondan ibarətdir ki, partiya iyerarxiyasının aşağı pilləsində olanlar daha çox xidmət göstərir, yuxarı pillədə olanlar isə daha çox fayda əldə edir. Bu sistem investisiya xarakteri daşıyır. Bir şəxs partiyaya daxil olarkən əvvəlcə çox işləməli, az qazanmalı olur, lakin zaman keçdikcə və partiya iyerarxiyasında yüksəldikcə, onun faydaları artır. Bu sistem necə işləyir? Təsəvvür edin ki, partiyaya yeni üzv qəbul olunursunuz. İlk illərdə siz ideoloji iş, informasiya toplanması, əhalinin səfərbər edilməsi kimi aşağı səviyyəli xidmətlər göstərməlisiniz. Partiya iyerarxiyasında yüksəldikcə, daimi iş yeri, təhsil imkanları, mənzil, tibbi xidmət və digər sosial xidmətlərə üstün giriş əldə edirsiniz. Ən yüksək vəzifələr isə yalnız partiya daxilində uzun müddət xidmət göstərmiş şəxslərə açıq olur. Bu sistemin əsas məqsədi odur ki, partiya üzvləri rejimə sərmayə qoymuş olur və bu sərmayənin faydasını görmək üçün rejimin davamlılığında şəxsi maraqları yaranır. Rejim dəyişərsə, bu investisiya batacağı üçün partiya üzvləri mövcud quruluşun qorunmasında maraqlı olur.

İkinci strategiya partiyaların mühüm iqtisadi, inzibati və sosial vəzifələrə təyinatlar üzərində nəzarət etməsidir. Avtoritar rejimlərdə karyera yüksəlişi üçün partiya üzvlüyü çox vaxt zəruri şərtə çevrilir. Əgər siz müəyyən bir vəzifəyə gəlmək istəyirsinizsə, öncə partiya sıralarına daxil olmalı və ya partiya daxilində xidmət göstərməlisiniz. Bu strategiyanın məqsədi odur ki, cəmiyyətin ən bacarıqlı, əmək potensialı yüksək olan təbəqələrini partiyaya cəlb etsin. Əgər karyera yüksəlişinin əsas yolu partiya daxilindən keçirsə, ambisiyalı insanlar partiyaya qoşulmağa meylli olacaqlar. Beləliklə, rejim böyük və çoxsaylı idarəçilik korpusu yaradır ki, bu da rejimin stabilliyini təmin edir. Bəzi avtoritar rejimlərdə, xüsusilə təkpartiyalı sistemlərdə, bütün mühüm vəzifələrin siyahısı (nomenklatura) mövcuddur ki, bu vəzifələrə yalnız partiya üzvləri təyin oluna bilər. Bu, xüsusilə təhsilli, yüksək ixtisaslı kadrların partiyaya cəlb edilməsi üçün effektiv vasitədir.

Üçüncü strategiya partiyaların kimləri cəlb edib, kimləri kənarlaşdıracağına dair seçici yanaşmasıdır. Bu strategiyanın əsas məqsədi, rejimlə ideoloji baxımdan uzlaşan insanları cəlb etmək və potensial müxalifəti zərərsizləşdirməkdir. Bu strategiya əsasən insanların rejimə ideoloji yaxınlığına görə reallaşdırılır. Rejimə daha yaxın olan insanlar partiyaya cəlb edilir və onlara müəyyən imtiyazlar təklif olunur. Rejimə ideoloji baxımdan uzaq olanlar isə ya kənarlaşdırılır, ya da repressiyaya məruz qalır. Belə ki, ideoloji baxımdan rejimə uzaq olan insanları repressiyaya məruz qoymaq onları sistemə cəlb etməkdən daha ucuz və ya asandır. Bu prosesin məqsədi rejimə dəstək bazasını genişləndirmək və potensial müxalifətin resurslarını məhdudlaşdırmaqdır.

Svolikə görə, bu üç strategiya birlikdə avtoritar rejimlərin uzunömürlülüyünü təmin edən güclü mexanizmlər yaradır. Partiya quruluşu sayəsində insanların karyera ambisiyaları və şəxsi maraqları rejimin davamlılığı ilə əlaqələndirilir. İnsanlar zamanla rejimə investisiya qoyur və bu investisiyanın gəlirini görmək üçün rejimin davamlılığında şəxsi maraqları yaranır. Maraqlıdır ki, bu mexanizmlər təkcə klassik təkpartiyalı sistemlərdə deyil, həm də çoxpartiyalı avtoritar rejimlərdə də müşahidə olunur. Fərq ondadır ki, çoxpartiyalı sistemlərdə dominant partiya bu mexanizmlərdən istifadə edərək siyasi rəqabəti formal saxlamaqla yanaşı, real hakimiyyəti əlində cəmləşdirir.

Svolikin fikirlərinə əlavə olaraq, onu da qeyd edə bilərik ki, həm mübahisəli, həm də oturuşmuş avtoritar rejimlərdə formal institutların digər bir funksiyası isə onların günah keçisi kimi istifadə edilə bilməsidir. Hansısa iqtisadi və ya sosial problem həll edilməyəndə diktator məsuliyyəti öz üzərindən deputatların, nazirlərin və s. üzərinə ata bilər. İctimai problemi inkar etmək mümkün deyilsə, onda diktator problemi qəbul edərək onun səbəbkarının özü yox, elitanın digər üzvlərinin olduğunu iddia edə bilər. Burada rejimin vətəndaşlara vermək istədiyi mesaj budur ki, yaxşı olan şeylərin səbəbkarı ölkənin lideri olan diktatordur, pis olan hər şeyin səbəbkarı isə daxili və ya xarici düşmənlərdir. Xeyir diktatordandır, şər başqasından.


[1] Svolik, Milan W. The Politics of Authoritarian Rule. Cambridge: Cambridge University Press, 2012.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.