TƏRCÜMƏ

TƏRCÜMƏ

Kitab: Siyasi Fəlsəfəyə Giriş – Ceyson Brennan

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bakı Araşdırmalar İnstitutu tanınmış amerikalı siyasi filosof Ceyson Brennanın Siyasi Fəlsəfəyə Giriş kitabını ilk dəfə Azərbaycan dilində oxuculara təqdim edir. Bu kitab siyasi ideologiyalar, ədalət nəzəriyyəsi və dövlət quruluşu kimi mühüm məsələləri əhatə edir və Azərbaycan oxucularına siyasi fəlsəfənin əsas anlayışlarını anlamağa kömək edəcək. Tərcüməçi Dr. İlkin Hüseynli tərəfindən hazırlanmış ön sözü aşağıda oxuya bilərsiniz. Kitabın tam elektron versiyasını buradan ya oxuya, yaxud pulsuz yükləyə bilərsiniz.

Tərcüməçidən Ön Söz

Deyirlər, hamı vergisini vaxtında verməlidir. Vergi isə icbari pul yığımıdır. Vergini vermirsən, səndən alırlar. Vergini verməkdən imtina etsən, cərimələnir və sonda da həbs edilirsən. Dövlət deyir ki, o, səndən vergi yığaraq məktəb açır, yol salır. Amma sən heç vaxt dövlətlə müqavilə bağlamamısan və “mən sənin xidmətlərini istəmirəm, məndən vergi alma” deyə bilmirsən. Onda vergini – yəni icbari pul yığımını oğurluqdan fərqləndirən şey nədir? Məsələn, mən sənin pulunu səninlə razılaşmamış əlindən alıb onunla xəstəxana açsam, ya da yol salsam, onda oğru sayılmıram? Niyə eyni davranışı dövlət edəndə olar, amma mən edəndə olmaz? Dövlət göydən düşüb? 

Deyirlər təbii sərvətlər xalqa mənsubolmalıdır. Neft təbii sərvətdir, yəni onu xalq yox, təbiət yaradıb. Niyə neftin gəliri onu tapıb istismar edənlərə qalmamalı, bütün vətəndaşlar arasında bölünməlidir? Tutaq ki,təbii sərvətlər insanlar arasında bölünməlidir, çünki onlar təbiətin insanlara hədiyyəsidir. Belə olan halda, məsələn, Bakı nefti niyə bütün insanlar arasında deyil, məhz bütün azərbaycanlılar arasında bölünməlidir? Bakı neftini təbiət məhz azərbaycanlılara hədiyyə edib? 

Deyirlər, insanlar bərabər olmalıdır. Bu nə deməkdir – insanların gəlirləri bərabər olmalıdır? Bəlkə də insanların imkanları, yaxud hüquqları bərabər olmalıdır? Və ümumiyyətlə, insanlar niyə bərabər olmalıdır? Aristotelin də dediyi kimi, ədalət bizdən bərabər hallara bərabər yanaşmağı, qeyri-bərabər hallara da qeyri-bərabər yanaşmağı tələb edir. Məsələn, iki tələbə bütün suallara doğru cavab versə, onda müəllim onlara eyni – ən yüksək qiyməti yazmalıdır. Əgər müəllim onlara fərqli qiymətlər versə, ədalətsizlik etmiş olar. İnsanlar da bərabərdirlərsə, onda hansısa (əxlaqi cəhətdən) uyğun bir məsələdə insanlar bərabər olmalıdırlar. Əvvəla,insanlar bacarıqlarına və potensiallarına görə bərabər deyillər. Bəs onları bərabər edən şey nədir? Əlavə olaraq, hansı xüsusiyyət(lər) “insanlar bərabərdir” iddiası üçün uyğundur? Məsələn, söhbət imkan bərabərliyindən gedirsə, insanlar hansı bərabər xüsusiyyətlərinə görə bu bərabərliyə layiqdirlər? 

Bütün bu suallar az və ya çox siyasi, dolayısı ilə siyasi fəlsəfi suallardır. Siyasi fəlsəfə azadlıqədalətavtoritet və legitimlikkimi siyasətə dair fundamental anlayışları araşdıran, “dövlət olmalıdırmı?” və “dövlət olmalıdırsa, necə olmalıdır?” kimi vacib suallar soruşan fəlsəfi bir sahədir. Biz siyasətə qarışmasaq da, o bizə qarışır. Başımızı aşağı salıb öz işimizlə məşğul olaraq özümüzü aldada bilərik, fəqət siyasət hər gün həyatımıza müdaxilə edərək nələri edib, nələri edə bilməyəcəyimizi müəyyənləşdirir. Ona görə də yetkin insanlar olaraq bizə hər gün müdaxilə edən şey barədə ən azından bilik sahibi olmalı və siyasətin təbiətinə dair suallar verməliyik. 

Siyasi bilik nəyə gərəkdir? Biz siyasi cahil olsaq, onda dövlətdən konkret olaraq nə tələb etdiyimizi ardıcıl şəkildə müəyyən edə bilməyəcəyik. Bu gün bir şey istəyəcəyik, sabah başqa bir şey. Həmçinin, dövlətə yönəltdiyimiz tələblər bəzən bir-biri ilə uyğun gəlməyəcək, amma biz bunun fərqində belə olmayacağıq. Nə istədiyimizi dəqiqləşdirmək və tələblərimizin ardıcıllığını təmin etmək üçün bizə siyasi bilik lazımdır. Siyasi biliyi əldə etməyin yollarından biri siyasi fəlsəfədir.

Bərabərlik, ədalət, hüququn aliliyi, tolerantlıq kimi dəyərlər siyasi dəyərlərdir. Siyasi bilikli insan odur ki, onun müəyyən siyasi ideologiyası – iyerarxiyalaşmış siyasi dəyərlər sistemi var. İdeologiya nəyə lazımdır? Siyasi mövzuların müzakirəsində adətən çox insan siyasi cahil olduğundan qarşı tərəfinin ideologiyasının olduğunu öyrənəndə müzakirədən soyuyur, çünki qarşı tərəfin qərəzli olduğunu düşünür. Hesab edirlər ki, sən siyasi mövzuları müzakirə etdiyin zaman əvvəlcədən iyerarxiyalaşmış dəyərlər sistemin olmamalıdır, sənin başın bir növü “ağ kağız” olmalıdır və yalnız siyasi mövzunun müzakirəsi zamanı sən öz dəyərlərini iyerarxiyalaşdırmalısan.

Bu isə absurd və qeyri-real yanaşmadır. Belə ki, hər birimizin müəyyən dəyərlər sistemi var – daha dəqiq desək, biz öz dəyərlərimizi müəyyən bir iyerarxiya əsasında sistemləşdiririk. Siyasi mövzuların müzakirəsində “ağ kağız” ilə yox, dəyərlər sistemimiz əsasında mövzuya girir və fikrimizi formalaşdırırıq. Ona görə də kimdənsə siyasi məsələlərin müzakirəsi zamanı əvvəlcədən iyerarxiyalaşdırdığı dəyərlər sisteminə əsaslanmamasını gözləmək absurddur. Biz hamımız hansısa dəyərlər sisteminə əsaslanırıq – bunu etiraf etsək də, etməsək də.

Bəs bu dəyərlər sistemi hamımızda ardıcıl olurmu? Hər insan özünün dəyərlər sisteminin, onun üçün hansı dəyərin digərindən üstün olmasının fərqində olurmu? Əlbəttə yox. Bizim dəyərlərimiz qarışıqdır. Bu dəyərləri səliqəyə salmaq üçün əziyyət çəkməli – həmin dəyərlər barədə düşünməli, siyasi fəlsəfi mövzularla bağlı mütaliə etməliyik. Qarışıq olan dəyərlərimizin səliqəyə salınması uzun, çətin və davamlı gedən bir prosesdir. Yeni öyrəndiyimiz məlumatlar əsasında biz mütəmadi olaraq öz dəyərlərimizi yeniləməli ola bilərik. Dəyərlərimizin iyerarxiyasını müəyyən etmək üçün əziyyət çəkirik və sonda, riyazi dəqiqliklə olmasa belə, təxmini sərhədləri bəlli olan dəyərlər sisteminiözümüz üçün müəyyən edirik. Bu dəyərlər sisteminə də ideologiya deyirik. Beləliklə, ideologiya ona görə lazımdır ki, dəyərlərimizi səliqəyə salaq və müdafiə etdiyimiz siyasi mövqedə məntiqi ardıcıllığı qoruyaq. Yəni ideologiya bizə imkan verir ki, dəyərlərimizin nələr olduğunu və onların iyerarxiyasını müəyyən edə bilək.

İdeologiya bizi doqmatik etmirmi? Hə və yox. Belə ki, əgər biz ideologiyaya sadiqlik adı altında özümüz üçün bir neçə əsas müəllif müəyyən edib onların dediklərindən kənara çıxmasaq, bu, doqmatizmə gətirib çıxara bilər. Lakin əgər müəyyən özək dəyərlər əsasında ideologiyamızın olduğunu müəyyənləşdirsək və hansısa müəllifi həmin mövzuda yekun avtoritet hesab etməsək, bu zaman doqmatizmə yuvarlanmaq ehtimalımız azalar. Əlbəttə ideologiyaları kefimiz istəyən kimi təsnifatlandıra bilmərik və hər bir ideologiyanın müəyyən tərifi və özünəməxsus dəyərlər iyerarxiyası var. Lakin ideologiyalar kimlərinsə monopoliyasında deyil. Eyni özək dəyərləri qəbul edən insanlar bir qədər fərqli nəticələrə gələ bilər. Məsələn, liberalizm ənənəsində hazırda dörd qrupu müəyyən edə bilərik: klassik liberallar, libertarianlar, “yüksək” liberallar və neoklassik liberallar. Bu dörd qrupa məxsus olan insanlar eyni ənənənin davamçılarıdır və hamısının bəzi ortaq dəyərləri var. Lakin hansı dəyərin nə dərəcədə əhəmiyyətli olması və həmin dəyərin əhatə etdiyi sahənin sərhədləri mövzusunda fikir ayrılığındadırlar. Öz daxillərində fərqləndirmə aparmaq üçün fərqli adları şərti olaraq istifadə edirlər. Beləliklə, eyni dəyəri müxtəlif dərəcəli şiddətlə müdafiə edən insanlar bəzi məsələlərdə eyni, bəzi məsələlərdə isə fərqli nəticələrə gəlirlər. Amma hamısı “liberal” başlığı altında birləşir. Öz daxildəki fərqliliklərinə baxmayaraq, məsələn, onların hamısı istehsal vasitələri üzərindəki özəl mülkiyyəti və dövlətin zəruriliyini qəbul edirlər və bu da onları müvafiq olaraq sosialistlərdən və anarxistlərdən fərqləndirir.

Yəni ideologiyaların sərhədləri riyazi dəqiqliklə müəyyən edilə bilinməsə də və ideologiyaların tərifləri heç kimin monopoliyasında olmasa da, biz ideologiyalara kefimiz istəyən kimi tərif verə bilmərik. Bu da o deməkdir ki, bizim ideologiya daxilində müəyyən “hərəkət imkanımız” var. Biz doqmatik olmaq məcburiyyətində deyilik, öz tənqidi təfəkkürümüzü saxlayaraq özümüzü hansısa idelogiyaya mənsub hesab edə bilərik.

İdeologiya necə seçilir? Bir yol budur ki, sən öz dəyərlərin üzərində düşünür və həmin dəyərlərin hansısa X ideologiyasına oxşar olduğunu görüb X haqqında oxuyur və müəyyən “yontma” prosesindən sonra öz ideologiyanın X olduğunu deyirsən. Digər yol budur ki, müxtəlif ideologiyalar haqqında oxuyub onların əsaslandıqları dəyərləri və gəldikləri nəticələri müqayisə edib xoşuna gələni seçirsən. Hər iki yol da ağlabatandır. Doqmatist olmamaq üçün tənqidi düşüncəni qoruyaraq siyasi dəyərlərini iyerarxiyalaşdır – ideologiya seç.

Azərbaycanda siyasi fəlsəfə ənənəsi olmadığından bu sahəyə dair Azərbaycan dilində ədəbiyyat tapmaq müşkül məsələdir. Bu boşluğu aradan qaldırmağın yollarından biri Azərbaycan dilinə siyasi fəlsəfəyə dair əsərlər tərcümə etmək, bacarırıqsa, bu dildə siyasi fəlsəfəyə dair əsərlər yazmaqdır. Siyasi fəlsəfəyə dair Azərbaycan dilində bəzi məqalə və videoları rasional.org liberal məcmuəsində, eyni zamanda mənim şəxsi vebsəhifəmdə (ilkinhuseynli.com) tapa bilərsən. 

Azərbaycan dilindəki mövcud fəlsəfi ədəbiyyat boşluğunu cüzi də olsa aradan qaldırmaq məqsədilə bu kiçikhəcmli kitabın tərcüməsini sizə təqdim edirəm. Ceyson Brennan amerikalı siyasi filosofdur. Cavan olsa da, həm akademiyada, həm də akademiyadan kənarda olduqca məşhurdur. Məşhurluğunun səbəblərindən biri keyfiyyətli və çoxsaylı fəlsəfi kitab və məqalələr dərc etməsidir. Digəri isə filosof olmayan insanların da rahatlıqla başa düşə biləcəyi sadə dildə yazaraq geniş auditoriyaya çıxış əldə edə bilməsidir. Ümid edirəm, mən də tərcümə zamanı Brennanın sadə dilini qoruyub saxlaya bilmişəm. 

İlkin Hüseynli

Kitabın elektron versiyasını buradan oxuya və yaxud pulsuz yükləyə bilərsiniz:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.