Cəmiyyət

Cəmiyyət

Azərbaycanın akademik inflyasiya göstəriciləri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanın akademik inflyasiya göstəriciləri

Cəmiyyətdə təhsil sertifikatları və ya diplomların yüksək maaşlı və təhlükəsiz iş əldə etməyin açarı olması fikri üstünlük təşkil edir. Təhsil diplomları və iqtisadi fayda arasında pozitiv əlaqənin olması qənaəti mövcuddur. Lakin XX əsrin sonlarına doğru ortaya çıxan akademik inflyasiya iddiası artıq, daha yaxşı təhsil səviyyəsinin daha yaxşı iqtisadi statusla nəticələndiyi fikrinə şübhə ilə yanaşır (Araki və Kariya, 2022). İddia bundan ibarətdir ki, cəmiyyətdə təhsilli insanların payının artması təhsil sənədlərinin (diplom, sertifikat və s.) dəyər itirməsi ilə nəticələnir (Collins 1979). Ali təhsil diplomlarına sahib fərdlərin sayının ali təhsil diplomu tələb edən işlərin sayından artıq olması nəticəsində akademik inflyasiya formalaşır.

Bu məqalədə araşdıracağım əsas məqam Azərbaycanda akademik inflyasiyası ilə bağlı vəziyyətin öyrənilməsidir. Məqalədə akademik inflyasiya göstəricilərini ali təhsil (universitet) diplomlarının əmək bazarındakı yeri və dəyərinə əsasən araşdırmışam. Araşdırma metodu olaraq Azərbaycanda ali təhsilli fərdlərin əmək bazarındakı iş göstəricilərinin müqayisəsinin nəzərdən keçirilməsini seçmişəm. Nəticələr göstərib ki, ali təhsilli fərdlərin mühüm hissəsi öz ixtisası üzrə iş tapa bilmir. Onlar öz ixtisasları ilə bağlı və yüksək maaşlı işlər üçün əlavə kurslara və sertifikatlara ehtiyac duyurlar. Həmçinin, ali təhsil diplomu tələb etməyən sahələr üzrə çalışan ali təhsilli fərdlərin sayı da olduqca yüksəkdir. Bu, orta təhsilli fərdlər tərəfindən icra edilə biləcək işlərdə belə ali təhsil diplomunun şərtə çevrilməsinə səbəb olub. Aydın olur ki, ali təhsil diplomlarının əmək bazarındakı dəyəri böyük ölçüdə azalıb və akademik inflyasiya yaranıb.

Akademik inflyasiya nədir?

Azərbaycanda hər il ali təhsilli gənclərin sayı artır. Son 20 il ərzində ali məktəblərə qəbul olan tələbələrin sayı 3 dəfə artıb (Az.trend.az 2023). Yeni ali təhsil müəssisələrinin yaradılması, o cümlədən dövlət hesabına ödənişsiz əsaslarla təklif edilən yerlərin sayının artırılması bu prosesi sürətləndirir və ali təhsili daha çox insan üçün əlçatan edir (Azərbaycan qəzeti 2023; Report.az 2021). Ali təhsili bitirdikdən sonra məzun olmuş fərdlər əmək bazarına daxil olur və öz ixtisasları üzrə iş axtarışına başlayırlar. Bu proses təbii olaraq əmək bazarındakı diplomlu fərdlərin sayının artmasına səbəb olur.  Nəticədə, əmək bazarında iş axtaran və ya öz işini dəyişmək istəyən diplomlu fərdlərin sayı hər il davamlı olaraq yüksəlir.

İlk baxışda ali təhsilli fərdlərin sayının artması müsbət məqam kimi görünür. Lakin əmək bazarında ali təhsilli fərdlər üçün yetərli iş imkanlarının olmaması yeni problemlərə səbəb olur. Yeni iş imkanlarının artmadığı halda əmək bazarında diplomlu fərdlərin sayının artması eyni maaş və bacarıq tələb edən işlərə olan tələbi yüksəldir. Bir işə tələbin yüksəlməsi işəgötürənləri daha yüksək təhsilə və peşə bacarığına malik fərdləri seçməyə təşviq edir, nəticədə işə qəbul şərtləri də yüksəlir. Əvvəlki illərdə orta təhsilin yetərli olduğu işlər üçün artıq ali təhsil tələb edilməyə başlanır. Ali təhsilin yetərli olduğu işlər üçün isə daha yüksək təhsil dərəcələri tələb edilir. Ali təhsil diplomunun dəyəri getdikcə azalır və bu proses akademik inflyasiyanın ortaya çıxmasına səbəb olur.

Akademik inflyasiya dedikdə, yeni iş imkanlarının yaradılmadığı halda əmək bazarında diplomlu fərdlərin sayındakı artım başa düşülür. Bu cür artım işə qəbul şərtlərinin yüksəlməsinə səbəb olduğu kimi, yüksələn şərtləri qarşılaya bilməyən ali təhsilli fərdlərin daha az maaşlı və aşağı nüfuzlu işlərə yönəlməsinə səbəb olur. Eyni diploma sahib fərdlər digərlərinə nisbətən daha az maaşlı və aşağı nüfuzlu işləri seçməyə məcbur qalırlar (Yalçıntaş və Akkaya 2019).

Təbii olaraq, ali təhsilli fərdlərin az maaşlı və aşağı nüfuzlu işlərə (satıcı, kassir, ofisiant, kuryer) yönəlməsi bu işlərə olan tələbi də yüksəldir. Bu işlər çox rahat şəkildə orta məktəb məzunu fərdlər tərəfindən görülə bildiyi halda, artıq ali təhsilli fərdlərin seçiminə çevrilir. İşə qəbul standartları yüksəlməyə başlayır, orta və peşə təhsilli məzunlar öz bilik və bacarıqlarına uyğun işlərdə çalışmaq imkanlarını itirərək işsizlər ordusuna qatılır. Məsələn, satıcı, kassir, ofisiant və kuryer kimi işlər çox rahatlıqla orta təhsilli, ali təhsil diplomu olmayan şəxslər tərəfindən yerinə yetirilə bilər. Lakin ali təhsilli fərdlərin bu işlərə müraciət etmələri işəgötürənlər tərəfindən seçim kriteriyalarının yüksəldilməsinə, bir sıra hallarda diplom tələb edilməsinə gətirib çıxarır.

Bu məqamda ali təhsilli fərdlərin sayının artmasında dövlət təşviqləri ilə yanaşı cəmiyyətin daxili dinamikası ilə bağlı məqamları da qeyd etmək lazımdır. Bəzi hallarda gənclər üçün ali təhsil diplomu sadəcə hərbi xidmətdən möhlət hüququ təmin edən sənəd və ya cehizlik diplom kimi qiymətləndirilir. Ailələr düşünür ki, övladları ali təhsilli olarsa, evlilik yaşında onların seçim şansları daha yüksək olacaq.

Azərbaycanda akademik inflyasiyanın göstəriciləri

Azərbaycanda ali təhsil müəssisələrini bitirən fərdlərin sayı davamlı olaraq artır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, 2019-2023-cü illər arasında ali məktəb məzunlarının sayı təxminən 11 min nəfər artıb (Dövlət Statistika Komitəsi 2025a).

Cədvəl 1. Ali təhsil müəssisələrini bitirən şəxslərin say göstəriciləri

İllər20192020202120222023
Ali təhsil müəssisələrini bitirənlərin sayı (min nəfər)37.56240.82443.40946.03948.421

Lakin ali təhsili başa vuran və əmək bazarına daxil olan fərdlərin heç də hamısı iş tapmaqda uğurlu deyil. DSK-nın məlumatlarında Azərbaycanda işsizlik statusu almış ali təhsilli şəxslərin sayının da yüksək olduğu görünür (Dövlət Statistika Komitəsi 2025b). Ali təhsilli işsizlər ümumi işsiz əhalinin təxminən 12%-ni təşkil edir.

Cədvəl 2. Ali təhsilli işsiz əhalinin say göstəriciləri

İllər20192020202120222023
İşsizlərin sayı (min nəfər)252.1368.7310.5293.3286.4
Ali təhsilli işsizlərin sayı (min nəfər)34.44638.536.434.8
Ali təhsilli işsizlərin ümumi işsizlərə nisbəti13.6%12.47%12.39%12.41%12.15%

Qeyd edim ki, bu rəqəmlər DSK tərəfindən verilən rəsmi rəqəmlərdir. Onların real vəziyyəti əks etdirib-etdirmədiyi ilə bağlı fərqli mövqelər var. Bəzi iqtisadçılar – məsələn, Toğrul Maşallı və Hikmət Abduləzizov – Azərbaycandakı real işsizlik göstəricilərinin rəsmi rəqəmlərdən daha yüksək olduğu qənaətindədir (bax: Abduləzizov 2021; Mashalli 2021). Bu halda ali təhsilli işsizlərin statistikasında da real vəziyyətin fərqli olması ehtimalı yüksəkdir.

Son illərdə Azərbaycanda universitetlərlə Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində Məzunların məşğulluq reytinqi hazırlanır. Reytinq məzun olduqdan sonrakı 2 il ərzində işlə təmin olunan ali təhsilli fərdlərin əmək bazarındakı yeri əsasında müəyyən edilir (Modern.az 2024a). Ən son dərc olunan 2018-2022-ci illərin məlumatlarına əsasən, məzunların universitetlər üzrə iş tapma faizləri belədir.

Cədvəl 3. Universitetlər üzrə məzunların məşğulluq faizi (2018-2022)

UniversitetMəzunların məşğulluq faizi
ADNSU64%
UNEC61%
Azərbaycan Turizm və Menecment Universiteti60.6%
Bakı Dövlət Universiteti (BDU)55%-ə yaxın
Bakı Biznes Universiteti58.3%
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası56.1%
Lənkəran Dövlət Universiteti (LDU)54.7%
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)51.5%
Sumqayıt Dövlət Universiteti (SDU)50%-ə yaxın
Mingəçevir Dövlət Universiteti48.8%
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası47.6%

Cədvəldən göründüyü kimi, 2018-2022-ci illər ərzində 11 universitet üzrə sistemə daxil edilən 45 min məzundan cəmi 26 min nəfəri (57%) işlə təmin olunub. Qalan məzunlarla bağlı hər hansı rəsmi məlumat mövcud deyil. Bu göstəricilər ali təhsil diplomu alan hər yüz məzundan cəmi 57-nin iş tapa bildiyini göstərir.

Digər tərəfdən iş tapan məzunlar daxilində də fərqliliklər nəzərə çarpır və işlə təmin olunma göstəriciləri ixtisaslar üzrə dəyişir (E-social.gov.az 2025). Məzunların məşğulluq reytinqinə əsasən, 2018-2022-ci illər arasında öz ixtisası üzrə işə qəbul olunan fərdlərin statistikasını müəyyən etmək mümkündür. Qeyd edim ki, reytinqdə yalnız məzun sayına görə ilk onluqda yer alan ixtisasların məlumatlarına yer verilib.

Cədvəl 4. Öz ixtisasları üzrə işə qəbul olunmuş məzunların sayı (2018-2022)

İxtisaslar (ilk 10)Məzun sayıİxtisası üzrə işə qəbul olmuş məzun sayıFaiz
İqtisadiyyat4288255459%
Maliyyə2895180662%
Mühasibat uçotu2698174664%
Menecment2581157460%
Azərbaycan dili və ədəbiyyat müəllimliyi2528151460%
Sənayenin təşkili və idarə olunması2332133157%
Biznesin idarə edilməsi2242131558%
Dünya iqtisadiyyatı2230109649%
Bədən tərbiyyəsi2224104447%
Tarix müəllimliyi176886749%

Cədvəldən görünür ki, məzunların ortalama 50-60%-i öz bitirdiyi ixtisas üzrə iş tapa bilir. Yəni öyrəndikləri bilik və bacarıqları reallaşdırmaq imkanı əldə edirlər. Yuxarıdakı müqayisəni də nəzərə alsaq, ali təhsil diplomuna malik olan 100 məzundan cəmi 57-i iş tapa bilirsə, bu 57 nəfərin də təxminən yarısı 28-29 nəfər (50%) öz ixtisası üzrə iş tapa bilənlərdir.

Məzunların öz ixtisasları üzrə iş tapma göstəriciləri ilk növbədə həmin ixtisaslar üçün təklif edilən işlərin seçim şərtlərinin yüksəlməsi ilə bağlıdır. Diplomlu məzunların sayındakı artım təbii olaraq işəgötürənlərin də daha yüksək standartlar tətbiq etməsinə səbəb olur. Təhsil ekspertləri də ali məktəb məzunlarının təxminən 72%-nin iş tapmaq üçün əlavə kurs və sertifikatlara ehtiyac duyduğunu qeyd edir (Big.az 2025). Bu məqam ali təhsil diplomlarının əmək bazarı üçün təkbaşına yetərli olmadığının, öz dəyərini itirdiyini göstərir. Son illərdə qırmızı atestat, qırmızı diplom, qızıl medal kimi fərqləndirici təhsil sənədlərinin öz əhəmiyyətini itirməsi və dəyərsizləşməsi də bu prosesin nəticəsidir (Musavat.com 2024).

Yüksələn işə qəbul şərtləri məzunları təhsil pillələrini davam etdirməyə sövq edir. 2019-2023-cü illər arasında magistratura məzunlarının sayındakı sürətli artım da buna nümunə ola bilər. Xüsusilə, məzunlar iqtisadiyyat, idarəetmə və texnologiya ixtisasları üzrə magistraturaya daha çox müraciət edirlər. Bu amil əmək bazarında seçim şərtlərinin ciddi şəkildə yüksəldiyini və artıq ali təhsil diplomlarının yetərli olmadığını göstərir. Bu şərtləri ödəyə bilməyən məzunlar isə əmək bazarında daha aşağı sıralara geriləməyə başlayırlar.

Cədvəl 5. Magistratura pilləsini bitirmiş məzunların sayı (2019-2023)

İllər20192020202120222023
Magistratura pilləsini bitirən ümumi məzunlar60946108657777929174
İqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistratura məzunları19641968223427343432
Texniki və texnoloji ixtisaslar üzrə magistratura məzunları11531239131817712185

İşə qəbul şərtlərin yüksəldilməsi işəgötürənlərin nəzərindən olduqca müsbət addım kimi görünür. Çünki namizədlərin sayının artması ilə işəgötürənlər əmək bazarındakı ali təhsilli məzunlar arasından ən hazırlıqlı və yaxşı təhsilli fərdləri seçmək fürsəti qazanır. Bu, onların nəzərində daha peşəkar, təcrübəli və hazırlıqlı işçi deməkdir. Lakin bu işə qəbul şərtlərindəki yüksəliş paralel olaraq ali təhsil diplomlarının dəyərinin azalması hesabına baş verir.

Diplomların dəyərinin azalması, diplomlu məzunların öz ixtisasları üzrə rəqabətdə geri qalmalarına və iş imkanı üçün öz ixtisaslarına uyğun olmayan sahələrə yönəlmələrinə səbəb olur. Məzunların məşğulluq reytinqi bu fərqli sahələrin hansılar olduğu ilə bağlı da ətraflı məlumat təqdim edir. Reytinqdə 2018-2022-ci illər arası dövrdə işəgötürənlərin iqtisadi fəaliyyət növü üzrə işə qəbul olan məzunların sayı verilib. Cədvəldən aydın olur ki, ali təhsilli məzunların ən çox işlədikləri iqtisadi fəaliyyət sahələri ixtisaslaşdırılmamış mağazalarda topdan və pərakəndə satış, restoran və kuryer xidmətləridir.

Cədvəl 6. İşəgötürənlərin iqtisadi fəaliyyət növü üzrə işə qəbul olunmuş məzunların sayı (2018-2022)

İşəgötürənlərin iqtisadi fəaliyyət növüİşə qəbul olunmuş məzun sayı
İxtisaslaşdırılmamış mağazalarda pərakəndə, topdan satış, restoran və kuryer xidmətləri7136
Mərkəzi bankın fəaliyyəti3339
Ümumi xarakterli dövlət idarəetməsi1731
Ali təhsil1387
Ümumi orta təhsil1836

Nəzərə almaq lazımdır ki, pərakəndə və topdan satış mağazalarında da idarəedici, mühasib və digər ali təhsil tələb edən vakansiyalar mövcud ola bilər. Bu baxımdan daha real nəticələri görmək üçün müqayisəni və statistik məlumatları spesifikləşdirməkdə fayda var.

Məzunların məşğulluq reytinqinə əsasən, 2018-2022-ci illər arasında universitet məzunları arasında ofisiant işləyənlərin sayı 1515 nəfər olub, 2117 nəfər satıcı nəzarətçi, kassir, 2103 nəfər mağaza satıcısı, 452 nəfər mühafizəçi, 183 nəfər qeyri-ərzaq malları üzrə satıcı nəzarətçi, kassir, 144 nəfər fəhlə, 108 nəfər isə yardımçı fəhlə, 204 nəfər yanacaqdoldurma məntəqəsinə operator, 52 nəfər isə kuryer kimi işləyib. Bu müddət ərzində 1794 nəfər mütəxəssis kimi, 870 nəfər isə ümumi təhsil məktəblərində müəllim kimi işə qəbul olunub.

Xatırladım ki, bu rəqəmlər sadəcə Məzunların məşğulluq reytinqinə daxil edilən və işə qəbul olunduğu dəqiq bilinən məzunların sayını göstərir. Reytinqə daxil edilməyən məzunlar barədə məlumatımız yoxdur.

Məlumatların təhlili nəticəsində aydın görünür ki, ali təhsil pilləsini bitirən məzunların öz ixtisasları üzrə iş tapma ehtimalları getdikcə azalır. Çünki əmək bazarında onların ixtisasına uyğun yeni iş yerləri yaradılmır və ya tələbin artması ilə mövcud iş yerləri qəbul şərtlərini yüksəldir. Həmçinin yeni yaradılan iş yerləri bir çox məzunun tələbinə və ya ixtisasına uyğun gəlmir. DSK tərəfindən hər il yeni yaradılan iş yerləri ilə bağlı məlumatlar paylaşılır. Bu statistikaya əsasən, 2019 və 2023-cü illər arasında hər il ortalama 9-10 min yeni iş yeri yaradılıb. Lakin bu yeni iş yerlərinin heç də hamısı ali təhsilli fərdlər üçün nəzərdə tutulmayıb.

Cədvəl 7. Yeni açılan iş yerlərinin sayı

İllər20192020202120222023
Yeni iş yerlərinin sayı11976724689181188912303

DSK-ya əsasən, 2019-2020-ci illərdə yeni yaradılan iş yerlərinin 35%-i dövlət sektorunda, inzibati və yardımçı xidmətlər sahələrini əhatə edib. 2021-2023-cü illərdə isə yeni yaradılan iş yerlərinin 50%-dən çoxu qeyri-dövlət sektorunda yaradılıb, tikinti, ticarət və emal sənayesi sahələrini əhatə edib. Göründüyü kimi, ali təhsilli fərdlərin sayı artır, amma əmək bazarında onlara uyğun yeni işlərin sayı oxşar qaydada artmır. Əmək bazarında yeni iş yerlərinin xarakteri ilə bağlı bu dəyişiklik ali təhsilli, lakin ixtisas olaraq tikinti, ticarət və emal sənayesi sahələrinə aidiyyəti olmayan məzunların nə üçün xidmət sektoruna yönəlməsini izah edir (Dövlət Statistika Komitəsi 2019-2023).

DSK tərəfindən verilən 2021-2023-cü illərdə ali təhsil məzunlarının ixtisas üzrə bölgüləri də bu iddianı dəstəkləyir. 2021-2023-cü illər arasında yeni iş yerlərinin 50%-dən çoxu tikinti, ticarət və emal sənayesində yaradıldığı halda, məzunların təxminən 50%-i təhsil, humanitar və mədəniyyət ixtisasları üzrə ali məktəbləri bitirib. Bu, əmək bazarındakı təklif və tələb arasındakı uyğunsuzluğu açıq şəkildə göstərir (Dövlət Statistika Komitəsi 2025a).

Əmək bazarında yeni iş imkanlarının olmaması, paralel şəkildə ali təhsilin təşviqi nəticəsində ildən-ilə ali təhsil diplomuna sahib fərdlər öz ixtisaslarından fərqli sahələrə, xüsusilə ali təhsil diplomu tələb etməyən işlərə müraciət etməli olurlar. Onların böyük əksəriyyəti rahat şəkildə orta təhsilli fərdlər tərəfindən icra ediləcək ofisiant, kassir, satıcı, kuryer kimi peşələrə yönəlirlər. Bu məqam ali təhsil diplomlarının daha yaxşı iş imkanlarına çatmaq üçün yetərli olmadığını, öz dəyərini itirdiyini göstərir. Bir sözlə, mütəxəssis hazırlamalı olan Azərbaycan universitetləri mütəxəssisdən daha çox ofisiant, kassir və satıcı yetişdirir.

Bu yanaşmaya bəzi əks arqumentlər yönəldilə bilər. Məsələn, məzunların öz ixtisasları üzrə həqiqətən nə dərəcədə peşəkarlaşdığı, ali təhsil pilləsinin əmək bazarının tələblərinə nə qədər cavab verdiyi sorğulana bilər. Əgər ali təhsil pilləsi əmək bazarının tələblərinə cavab vermirsə və məzunların peşəkarlaşmasına şərait yaratmırsa, o zaman bu təhsil pilləsinə, dövlət büdcəsindən buraya xərclərin ayrılmasına olan ehtiyac da sorğulanmalıdır. (bax: Hüseynli və Mehralızadə, 2022)

Həmçinin əmək bazarının ali təhsilli fərdlər üçün bərabər imkanlar yaratdığı, bacarıqlı və peşəkar fərdlərin seçildiyi, bacarıqsız və peşəkar olmayanların ələndiyi deyilə bilər. Hər şey məzunların öz fərdi karyera planlamaları ilə izah edilə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu prosesin nəticəsində ali təhsil diplomu öz dəyərini itirir. Burada əsas maraqlı tərəf həmin bu sənədi verən və onun əldə olunması prosesini maliyyələşdirən dövlət olmalıdır. Bir ölkədə hər kəsin ali təhsil diplomuna sahib olması yaxşı arzudur. Lakin bu zaman çox sadə işlərin belə ali təhsilli şəxslər tərəfindən icra ediləcəyi və ali təhsil diplomunun dəyərsizləşəcəyi də nəzərə alınmalıdır.

Akademik inflyasiyanın nəticələri

Akademik inflyasiya, ilk növbədə, bir iş üçün ehtiyac duyulan təhsil sənədlərinin, sertifikat və diplomların sayının artması ilə bağlı formalaşır (Gillen 2020). Əvvəllər orta məktəb məzunları tərəfindən rahat bir şəkildə icra edilən işlər, artıq ali məktəb diplomunun tələb edildiyi işlərə (satıcı, kassir, kuryer, ofisiant) çevrilir. Bu proses özlüyündə bir sıra yeni problemlərə səbəb olur.

İlk olaraq, akademik inflyasiya cəmiyyətdə ixtisaslı işçilər üçün iş imkanlarını azaldır. Bir iş sahəsində həqiqətən universitet təhsilinə ehtiyac yoxdursa, lakin işçi üçün tələb kimi universitet təhsili qeyd edilirsə, o zaman bir çox bacarıqlı, amma ali təhsil diplomu olmayan işçi seçim prosesindən kənarda qalır. Məsələn, peşə təhsili sistemində operator, turist bələdçisi, konsiyerj, nəzarətçi-xəzinədar, dizayner, satış-marketinq, sığorta işçisi və bu qəbildən olan bir çox ixtisaslar mövcuddur. Lakin ali təhsilli fərdlərin bu ixtisaslara yönəlməsi əmək bazarında peşə təhsilli fərdlərin sıxışdırılmasına səbəb olur. Nəticədə peşə təhsilli fərdlərin iqtisadi hərəkətliliyinin qarşısı alınır.

Bu prosesin ilkin nəticələrini Azərbaycanın əmək bazarında görmək mümkündür. 2011-2016-cı illər arasında ümumi işsiz əhali içərisində peşə təhsilli fərdlərin sayı təxminən 10 min nəfər təşkil edib. 2016-cı ildən etibarən isə bu rəqəm ilk olaraq 18 minə, 2019-cu ildən etibarən isə 20-24 minə yüksəlib. Oxşar tendensiya tam orta təhsilli fərdlərin işsizlik səviyyəsində də görünür. 2013-cü ildə 124 min tam orta təhsilli işsiz olduğu halda, 2023-cü il üçün bu göstərici 146.8 min nəfər təşkil edir (Dövlət Statistika Komitəsi 2025b).

İkincisi, akademik inflyasiyaiş digər öyrənmə formalarını və təhsil pillələrini dəyərsizləşdirir. Universitetlər insanların öyrənə biləcəkləri tək yer deyil. Lakin ali təhsil diplomuna tələbin artması bu mexanizmi sıradan çıxarır. Hətta fərdlər satıcı, kassir, ofisiant, bələdçi, operator kimi işlərdə yetərli təcrübəyə malik olsalar belə, ali təhsil diplomu tələbini qarşılamamaq onlar üçün bir əngələ çevrilir. Bu konteks Azərbaycanda ali təhsil müəssisələrinə diqqətin artdığı bir zamanda, peşə təhsil müəssisələrinin sayındakı azalmanı izah edir. 2015-2016-cı illərdə ölkədə 113 peşə təhsili müəssisəsi fəaliyyət göstərdiyi halda, 2023-cü ildə bu rəqəm 92-yə düşüb (Dövlət Statistika Komitəsi 2025c).

Üçüncüsü, formal təhsil xərc tələb edir. Ehtiyacı olmayan bir iş üçün ali təhsil diplomu tələb etmək insanları lazımsız sənəd və sertifikatlar almağa təşviq edir ki, bu da həm fərdin özü, həm onun ailəsi, həm də dövlət üçün baha başa gəlir. Nazirlər Kabineti tərəfindən təsdiq edilən 2025-ci ilin məlumatlarına əsasən, dövlət sifarişi əsasında təhsil alan bir tələbə üçün çəkilən illik xərcin ortalama məbləği 2100-2500 manat arasında dəyişir (E-qanun 2025). Bu göstərici 4 illik bakalavr mərhələsini tamamlamış bir məzun üçün təxminən 10 min manat xərc deməkdir. Tələbələrin ailələri tərəfindən çəkilən digər sosial xərcləri də nəzərə aldıqda bu rəqəmin daha da yüksək olduğu aydındır. Bu qədər xərc çəkilərək əldə edilən ali təhsil diplomu əmək bazarında ofisiant, kuryer, satıcı və kassir kimi peşələrə yiyələnməyə imkan verməsi problemli məsələdir. Universitet diplomunun dəyərinin əsasən məzunun iş imkanlarını artırması ilə ölçüldüyünü nəzərə alsaq (bax: Hüseynli və Mehralızadə 2022), mövcud mənzərə ali təhsil diplomlarının böyük ölçüdə dəyər itirdiyini göstərir.

Nəticə

Azərbaycanda ali təhsil müəssisələrinin məzunları üçün əmək bazarında təklif olunan iş yerlərinin sayı əmək bazarında daxil olan ali təhsilli fərdlərin sayından geri qalır. Hər il daha çox ali təhsilli fərd əmək bazarına daxil olur. Əmək bazarında yetəri qədər olmayan iş təklifləri artan tələb qarşısında seçim kriteriyalarını yüksəldir. Məzunlar bu kriteriyaları qarşılamaq üçün əlavə təhsil almağa, kurslara getməyə və fərqli sertifikatlar almağa çalışır. Ali təhsil diplomlarının isə dəyəri düşür. Dəyərsiz diplomlara sahib və rəqabətdə uğursuz olan ali təhsilli məzunlar öz təhsillərinə uyğun olmayan, ümumiyyətlə ali təhsilə ehtiyac duyulmayan ofisiant, kuryer, satıcı, kassir kimi peşələrə yönəlir. Nəticədə bu peşələrin seçim kriteriyaları da yüksəlir və bu peşələri icra edə biləcək tam orta təhsilli və peşə təhsilli fərdlər əmək prosesindən kənarlaşdırılır. Bu, Azərbaycanda akademik inflyasiya göstəricilərinin tədricən yüksəlməsinə səbəb olur.

Mövcud təhsil siyasəti nəticəsində Azərbaycan ali təhsilli fərdlərin sayını artırmaq üçün davamlı addımlar atır. Xidmət sektorunda yeni iş yerlərinin davamlı olaraq yaranacağını və ali təhsilli məzunların artan tələbini kompensasiya edəcəyini demək də çətindir. Bu proses akademik inflyasiya göstəricilərinin daha da sürətlənməsinə yol açacaq, diplomlu işsizlər, həmçinin öz intellektindən aşağı peşələrdə işləyən ali təhsilli məzunlar ordusunun həcmini artıracaq.  

Bu gün Azərbaycanın əmək bazarında ali təhsil diplomlarının dəyəri daha da zəifləməkdədir. Ali təhsilin keyfiyyətində hər hansı dəyişikliyin baş vermədiyi, yeni iş imkanlarının yaradılmadığı, əksinə ali təhsilin sadəcə təşviq edildiyi şəraitdə bu dəyərin daha da zəifləyəcəyi aydındır.

İstinadlar:

Abduləzizov, H. “Azərbaycanda real işsizliyin ölçülməsi”, 27 sentyabr 2021, Bakı Araşdırmalar İnstitutu https://bakuresearchinstitute.org/real-unemployment-measurement-in-azerbaijan/

Araki, S., Kariya T. “Credential Inflation and Decredentialization: Re-examining the Mechanism of the Devaluation of Degrees”, European Sociological Review, Volume 38, Issue 6, December 2022, p. 904–919, https://academic.oup.com/esr/article/38/6/904/6523878 \

Azərbaycan qəzeti. “Qarabağda universitetlərin filialları açılacaq”, 3 dekabr 2023, https://azerbaijan-news.az/az/posts/detail/qarabagda-universitetlerin-filiallari-acilacaq-1701551871

Az.trend.az. “Son 20 ildə ali məktəbə qəbul olan tələbələrin sayı 3 dəfə artıb – NAZİR”, 21 oktyabr 2023. https://az.trend.az/azerbaijan/society/3815213.html

Big.az, “İşə yaramayan Qırmızı diplomların verilməsinə niyə son qoyulmur?”, 11 fevral 2025, https://big.az/550212-ise-yaramayan-qirmizi-diplomlarin-verilmesine-niye-son-qoyulmur.html

Collins, R. “The Credential Society: An Historical Sociology of Education and Stratification”, New York: Academic Press, 1979.

Dövlət Statistika Komitəsi. “Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrini bitirən mütəxəssislərin istiqamətlər üzrə bölgüsü”, 2025a.  https://www.stat.gov.az/source/education/az/001_8_13-15.xls

Dövlət Statistika Komitəsi. “İşsiz əhalinin təhsil səviyyəsi, yaş qrupları, yaşayış yeri üzrə cins bölgüsündə sayı”, 2025b.  https://www.stat.gov.az/source/labour/az/007_15-17.xls

Dövlət Statistika Komitəsi. “Peşə təhsili müəssisələri”, 2025c.  https://www.stat.gov.az/source/education/az/001_6_1-2.xls

Dövlət Statistika Komitəsi. “Yeni iş yerləri”, 2019.           https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/Yeni_ish_yerleri_oktyabr_2019.pdf

Dövlət Statistika Komitəsi. “Yeni iş yerləri”, 2020.         https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/Yeni_ish_yerleri_oktyabr_2020.pdf

Dövlət Statistika Komitəsi. “Yeni iş yerləri”, 2021          https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/Yeni_ish_yerleri_oktyabr_2021.pdf

Dövlət Statistika Komitəsi. “Yeni iş yerləri”, 2022.           https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/Yeni_ish_yerleri_oktyabr_2022.pdf

Dövlət Statistika Komitəsi. “Yeni iş yerləri”, 2023.           https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/Yeni_ish_yerleri_oktyabr_2023.pdf

E-qanun.az, “Ali təhsil müəssisələrində mexanizminin tətbiq edilməsi haqqında”, 2 may 2025, https://e-qanun.az/framework/20015#_edn6 

E-social.gov.az, “Məzunların məşğulluq reytinqi”, accessed 17 February 2025, https://e-social.gov.az/graduates-emp-rating

Gillen, A. “Credential Inflation: What’s Causing It and What Can We Do About It?”, The James G. Martin Center, 7 August 2020, https://jamesgmartin.center/2020/08/credential-inflation-whats-causing-it-and-what-can-we-do-about-it/

Hüseynli, İ., Mehralızadə, F. Universitet təhsili və bazar tələbləri, 28 fevral 2022, Bakı Araşdırmalar İnstitutu https://bakuresearchinstitute.org/university-studies-and-market-orientation/

Mashalli, T. “Unemployment in Azerbaijan: official statistics and reality”, 21 January 2021, https://jam-news.net/unemployment-in-azerbaijan-official-statistics-and-reality/

Modern.az. “Azərbaycanda hansı universitetlərin məzunları iş tapa bilir… – ARAŞDIRMA”, 25 yanvar 2024 (a), https://modern.az/tehsil/452812/azerbaycanda-hansi-universitetlerin-mezunlari-ish-tapa-bilir-arashdirma/

Modern.az. “Azərbaycanda ən çox bu ixtisasların məzunları iş tapa bilir – SİYAHI”, 24 yanvar 2024 (b), https://modern.az/tehsil/452638/azerbaycanda-en-chox-bu-ixtisaslarin-mezunlari-ish-tapa-bilir-siyahi/

Musavat.com, “Qırmızı attestat və diplomların imtiyazları niyə yoxdur? – ilginc açıqlamalar”, 1 avqust 2024, https://musavat.com/news/qirmizi-attestat-ve-diplomlarin-imtiyazlari-niye-yoxdur-ilginc-aciqlamalar_1089797.html?d=1

Report.az. “Məleykə Abbaszadə ali məktəblərdə ödənişsiz yerlərin artırılmasından danışıb”, 29 yanvar 2021, https://report.az/elm-ve-tehsil-xeberleri/ali-mekteblerde-odenissiz-plan-yerlerinin-sayi-artirilacaqmi/

Yalçıntaş, A., Akkaya B. “Türkiyede akademik enflasyon: “her ile bir üniversitet politkası” sonrasında türk yükseköğretim sistemi”, SBF dergisi, Cilt 74, No.3, 2019, s. 789-810, https://dergipark.org.tr/en/download/article-file/691300#

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.