Cəmiyyət

Cəmiyyət

Dövlətlərin ərazi hüquqlarının əsaslandırılması (1-ci hissə)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Dövlətlərin ərazi hüquqlarının əsaslandırılması (1-ci hissə)

Dövlətlərin ərazi hüquqlarının mənşəyi məsələsi siyasi fəlsəfədə ən çox müzakirə olunan mövzulardan biridir. Ərazi hüququ dedikdə, dövlətin müəyyən bir coğrafi məkan üzərində bir sıra iddiaları nəzərdə tutulur. Ənənəvi baxışa görə, dövlət müəyyən bir torpaq üzərində tam suveren hakimiyyətə malikdir. Lakin bu fərziyyə siyasi fəlsəfə ədəbiyyatında son dövrlərdə ciddi şəkildə sorğulanmağa başlayıb. Dövlətlərin ərazi hüquqlarının əsaslandırılması barədə filosoflar çoxlu məqalə və kitablar yazıb, nəzəriyyələr inkişaf etdiriblər. Bu məqalədə mən dövlətlərin ərazi hüquqlarını araşdıran məşhur filosoflardan Anna Stilzin genişhəcmli “Dövlətin ərazi hüquqları nəyə əsaslanır?” adlı məqaləsini xülasə edəcəyəm. Stilzin bu məqaləsi 2009-cu ildə dərc edilib və o vaxtdan bəri geniş akademik müzakirələrə səbəb olub. Eyni zamanda bu məqalə Qərb universitetlərində siyasi fəlsəfə dərslərində tədris edilən əsas məqalələrdən biridir. Buna görə də Stilzin sözügedən məqaləsinin birinci hissəsini sadə şəkildə xülasə etmək qərarına gəldim.

Stilz qeyd edir ki, dövlətin ərazi hüquqlarının mənşəyinə dair fəlsəfi mübahisələrdə səslənən əsas suallar bunlardır: dövlətlər insanların sərbəst hərəkətini məhdudlaşdırmaqda, yəni sərhədləri və miqrasiyanı nəzarətdə saxlamaqda nə dərəcədə haqlıdırlar? Onlar öz ərazi bütövlüklərini qorumaq, ayrılmaq (sessessiya) tələb edən qrupları zorla özlərinə tabe etmək hüququna malikdirlərmi? Dövlətlər öz ərazilərindəki təbii sərvətlər və torpaq üzərində tam mülkiyyət iddiası irəli sürə, öz vətəndaşları ilə əcnəbilər arasında bu sərvətləri fərqli şəkildə bölüşdürə bilərlərmi? Daha ümumi soruşsaq, dövlətin ərazi üzərindəki hüququnun əsası nədir və bu hüquq hansı hallarda legitim sayıla bilər?

Bu suala cavab axtarmazdan əvvəl gəlin qısaca Stilzin məqsədini aydınlaşdıraq. Stilzin məqsədi mövcud dövlətlərin bütün ərazi iddialarını avtomatik olaraq haqlı saymaq deyil. Həmçinin o qeyd edir ki, əgər hansısa nəzəriyyə belə bir nəticəyə gəlsə ki, ümumiyyətlə heç bir dövlət heç vaxt legitim ərazi hüququna sahib ola bilməz, onda Stilz bu nəticəni həmin nəzəriyyənin boşluğu kimi qiymətləndirəcək. Başqa sözlə desək, Stilzin məqsədi nə bütün mövcud dövlətlərin ərazi iddialarını legitim saymaq, nə də anarxizmi müdafiə etməkdir; onun məqsədi dövlətlərin ərazi iddialarını normativ meyarlarla qiymətləndirmək və tənqid etmək üçün fəlsəfi əsaslar tapmaqdır.

Bir dövlətin ərazi hüququnun olduğunu demək həmin dövlətin müəyyən bir coğrafiyada bir sıra iddialarının olduğunu deməkdir. Stilzə görə, bu iddialar aşağıdakılardır: Birincisi, dövlət öz ərazisində yaşayan bütün şəxslər (vətəndaşlar və ya əcnəbilər) üzərində yurisdiksiya səlahiyyətinə malikdir. Bu, o deməkdir ki, dövlət həmin ərazidə qanunlar qəbul edə, qaydaları tətbiq edə və insanların davranışını hüquqi cəhətdən icbari şəkildə tənzimləyə bilər. İkinci iddia dövlətin həmin ərazidə özəl (xüxusi) mülkiyyətə daxil olmayan torpaq və təbii resurslara nəzarət etmək hüququ ilə bağlıdır. Yəni dövlət meşələr, su hövzələri, dağlar, yollar, enerji resursları kimi özəl mülkiyyətə daxil olmayan resursların idarə edilməsinə cavabdehdir və onların istifadəsini müəyyən qaydalarla tənzimləyə bilər. Üçüncü iddia dövlətin öz sərhədləri daxilində özəl mülkiyyətin istifadəsini tənzimləmək və vergiyə cəlb etmək hüququna aiddir. Başqa sözlə, dövlət vətəndaşların mülklərindən necə istifadə etməsini müəyyənləşdirmək və həmin əmlakdan vergi tələb etmək səlahiyyətinə malikdir. Dördüncü iddia dövlətin sərhədlər üzərində nəzarət hüququdur. Bu, həm ölkəyə daxil olma, həm də ölkədən çıxma proseslərini tənzimləmə səlahiyyətini əhatə edir. Yəni dövlət kimin əraziyə daxil ola biləcəyinə, kimin daxil olmasının isə qadağan olunacağına qərar verir; bu da dövlətin immiqrasiya və sərhəd siyasətinin əsasını təşkil edir. Beşinci iddia dövlətin ərazi bütövlüyünü qorumaq, yəni öz ərazisinin parçalanmasının qarşısını almaq hüququ ilə bağlıdır. Başqa sözlə, bir dövlətin öz sərhədləri daxilində müəyyən qrupların ayrılaraq yeni dövlət yaratmaq və ya başqa dövlətə birləşmək cəhdlərini rədd etmək hüququ var.

Stilzin məqsədi bu hüquqların fəlsəfi əsaslarını anlamaq, yəni dövlətin ərazi hüquqlarını legitim edən prinsipi tapmaqdır. Bunun üçün Stilz iki sualı bir-birindən ayırır. Birincisi, dövlətin ərazi üzərində yurisdiksiya səlahiyyəti haradan qaynaqlanır? İkincisi, bu hüququn sərhədləri haradadır, yəni məsələn, dövlət torpaqdan istifadə və oraya giriş məsələlərində hansı dərəcəyə qədər səlahiyyətə sahibdir. Stilz öz məqaləsində məhz birinci suala fokuslanır və bu hüququn sərhədləri məsələsini müzakirə etmir.
Stilz vurğulayır ki, birinci suala cavab axtaran bir nəzəriyyə dövlətin nə üçün ümumiyyətlə torpağa sahib ola biləcəyini deyil, nə üçün məhz müəyyən bir dövlətin konkret bir əraziyə sahib olduğunu izah etməlidir. Əgər nəzəriyyə yalnız ümumi səviyyədə “dövlətlərin torpaq üzərində hüququ var” desə, bu, məsələn, ABŞ-ın Qvatemalanın ərazisinə sahib çıxmaq iddiasını da əsaslandıra bilərdi. ABŞ desə ki, o özü demokratik bir dövlətdir və Qvatemalanı ilhaq edərək oradakı insanlara da bərabər hüquq verəcək, biz intuitiv olaraq bu iddianı ədalətsiz hesab edərik, çünki ABŞ-ın Qvatemala ilə xüsusi tarixi və sosial əlaqəsi yoxdur. Deməli, dövlətin torpaq üzərində haqqı yalnız onun əhaliyə qarşı ədalətli olmasına deyil, həm də həmin torpaqla arasında müəyyən xüsusi əlaqənin mövcud olmasına əsaslanmalıdır.

Bu xüsusi əlaqə məsələsini izah etmək üçün bir çox filosoflar mülkiyyətin mənşəyi modelinə müraciət ediblər. Bu modelə görə, torpaq üzərində hüquq ilk əldə etmə yolu ilə yaranır. İnsan müəyyən bir torpaqda əmək sərf edir, onu becərir və nəticədə həmin torpaq üzərində mülkiyyət hüququ qazanır. Sonradan bu hüquq ədalətli ötürülmə və miras zənciri ilə nəsildən-nəslə ötürülür: kim torpağı ədalətli yolla əldə edib, o da onun legitim sahibidir. Gəlin bunu ilk əldə etmə modeli adlandıraq. Bəzi nəzəriyyəçilər bu modeli dövlətlərə də tətbiq etməyə çalışıblar: onlar deyirlər, gəlin təsəvvür edək ki, dövlətlər də fərdlər kimi torpaqlarını ilk əldə etmə yolu ilə qazanıblar. Lakin Stilz göstərir ki, bu model bir çox səbəbdən yetərli deyil. Əvvəla, tarixən demək olar ki, heç bir dövlət torpaqlarını təmiz yolla əldə etməyib. Əksər dövlətlər zorakılıq, işğal, müstəmləkəçilik və ya istismarçı müqavilələr vasitəsilə mövcud ərazilərinə sahib olublar. Əgər dövlətin ərazi hüququ tamamilə ədalətli tarixi keçmişə əsaslansaydı, çox güman bu gün mövcud olan heç bir dövlətin ərazisi legitim sayıla bilməzdi. İkinci bir məsələ ondan ibarətdir ki, 1945-ci ildən bəri formalaşmış müasir beynəlxalq hüquqa görə, dövlətin ərazisi dövlətin mülkiyyəti deyil, dövlətin ərazisi hansısa mənada insanlara (kollektiv agent kimi xalqa və ya fərdi agent kimi fərdlərə) mənsubdur. Məsələn, dövlət insanların (xalqın və ya vətəndaşların) razılığı olmadan öz ərazisinin bir hissəsini və ya tamamını (yəni özünü) başqa bir dövlətə sata bilməz.

Bəs dövlətin ərazisinin insanların mülkiyyəti olduğunu demək nə deməkdir? Bəlkə də, biz ilk əldə etmə modelini bir qədər dəyişdirərək dövlətin ərazi hüquqlarını əsaslandıra bilərik. Bu dəyişdirilmiş modelə görə, torpağın ilkin sahibi dövlət deyil, insanlardır. Dövlət isə insanların adından hərəkət edən bir vasitəçidir. Başqa sözlə, insanlar torpaq üzərindəki müəyyən hüquqlarını dövlətə ötürür və dövlət bu hüquqları onların adından həyata keçirir. Stilz bu münasibəti vəkil və müştəri arasındakı münasibət kimi təsvir edir. Məsələn, mən evimlə bağlı müəyyən qərarlar qəbul etməsi üçün bir vəkil təyin edə bilərəm, amma bu, o demək deyil ki, həmin vəkil mənim evimin sahibi olur. Eyni şəkildə də dövlət insanların adından ərazi ilə bağlı qərarlar versə də, o, ərazinin əsl sahibi deyil, insanların vəkilidir. Belə baxdıqda, dövlətin ərazi üzərində yurisdiksiya səlahiyyəti insanların əvvəlcədən malik olduğu mülkiyyət hüquqlarından törəyir və yalnız bu çərçivədə əsaslana bilər. İlk əldə etmə modelinin bu yeni versiyasına görə, dövlətin ərazi üzərində yurisdiksiya səlahiyyəti insanların əvvəlcədən malik olduğu hüquqlardan törəyir. Dövlət bu səlahiyyəti yalnız o halda legitim şəkildə icra edə bilər ki, həmin torpağın sahibi və ya sahibləri dövləti bu məqsədlə səlahiyyətləndirmiş olsun. Əgər insanların belə bir mülkiyyət iddiası yoxdursa, o zaman dövlətin də həmin torpaq üzərində hüququ ola bilməz.

Stilz bu mövqeyi Con Lokun klassik nəzəriyyəsi ilə əlaqələndirir. Lokun fikrincə, dövlətin torpaq üzərində legitim səlahiyyəti o halda yaranır ki, insanlar öz fərdi torpaqları üzərindəki təbii hüquqlarını qorumaq və birgə idarə etmək üçün razılığa gələrək siyasi birlik yaratsınlar. Hər bir fərd öz torpağını dövlətin yurisdiksiyasına könüllü şəkildə daxil etdikdə, dövlət həmin ərazi üzərində legitim hakimiyyət qazanır. Yəni dövlət yalnız o halda müəyyən bir ərazi üzərində səlahiyyət sahibi ola bilər ki, həmin ərazi əvvəlcə fərdlərin şəxsi mülkiyyəti olmuş, daha sonra onların razılığı ilə dövlətin yurisdiksiyasına daxil edilmiş olsun.

Stilz Lokun nəzəriyyəsinin dörd xüsusiyyətini aşağıdakı kimi izah edir. Birincisi, dövlətin ərazi hüququ fərdlərin artıq malik olduqları mülkiyyət hüquqlarının cəmi kimi formalaşır. Hər bir fərd öz torpağı üzərində əvvəlcədən təbii bir haqqa malikdir. Dövlət isə bu fərdlərin hər birinin torpaqla bağlı müəyyən səlahiyyətlərini birləşdirərək ümumi bir hakimiyyət yaradır. Beləliklə, dövlətin torpaq üzərindəki yurisdiksiyası bir növ toplu səlahiyyət kimi meydana gəlir. İkincisi, fərdi mülkiyyət hüquqları təbii və dövlətöncəsi xarakter daşıyır. Dövlətlərin mövcud olmadığı bir dünyada (Lok bu vəziyyəti “təbiət vəziyyəti” adlandırır) fərd torpaqdan istifadə və əmək vasitəsilə torpaq üzərində təbii mülkiyyət haqqı qazanır və bu haqqı dövlət sonradan tanıyır. Təbiət vəziyyətində fərdin mülkiyyət əldə etmək haqqı təbii haqqdır, bu haqqı dövlətlər insanlara bəxş etmirlər. Üçüncüsü, dövlətin səlahiyyəti yalnız o əraziyə şamil olunur ki, onun sakinləri öz torpaqlarını bu dövlətin yurisdiksiyasına daxil etməyə razı olublar. Məsələn, əgər müəyyən bir qrup insan bir ərazini işləyirsə, onlar həmin torpaq üzərində təbii hüquqa malikdirlər. Onlar bu hüquqlarını birgə şəkildə dövlətə ötürdükdə, dövlətin həmin konkret ərazi üzərində legitim hakimiyyəti yaranır. Bu xüsusiyyət Lok modelinin “xüsusilik” prinsipi ilə uyğunluğunu göstərir. Dördüncüsü, dövlətin hakimiyyəti yalnız fərdlərin üstüörtülü yox, açıq razılığı ilə legitim sayılır. Kim razı deyil, onun üzərində dövlətin səlahiyyəti yoxdur.

Stilz hesab edir ki, Lok modeli sadə və cəlbedici olsa da, bu model üç vacib problemlə üzləşir. Birincisi, əgər dövlətin hakimiyyəti yalnız fərdlərin razılığına əsaslanırsa, o zaman dövlətə razılıq verməyən şəxslərin torpaqları dövlətin yurisdiksiyasına daxil edilə bilməz. Bu halda ölkə ərazisi bir-birindən təcrid olunmuş torpaq sahələrinin toplusuna çevrilə bilər, yaxud da dövlətin sərhədləri dəlik-deşiklərlə dolu İsveçrə pendirinə bənzəyə bilər. Təsəvvür edin ki, bir ölkə bir-biri ilə quru əlaqəsi olmayan yüzlərlə hissəcikdən – binalardan, kənddən, şəhərdən ibarətdir. Yaxud da bir ölkənin içində onun öz yurisdiksiyasında olmayan çoxlu binalar, kəndlər və s. var. Belə bir vəziyyətdə dövlətin özünü qoruması, mərkəzləşdirilmiş idarəetmə qurması çətinləşdirir.

Şəkil 1: Mətdan adası

Stilzin iddiasını daha yaxşı başa düşmək üçün gəlin xəyali bir ada təsəvvür edək. Tutaq ki, Mətdan adasında 20 nəfər insan yaşayır və onların hər biri Lokkun nəzəriyyəsinə əsasən öz əməyini torpağa qataraq adadakı müəyyən bir ərazini şəxsi mülkiyyətinə çevirib (Şəkil 1). Nəzərə alsaq ki, hər kəsin bacarığı və torpağı işlətmə qabiliyyəti eyni deyil, ada 20 qeyri-bərabər hissəyə bölünür. Təbiət vəziyyətində dövlət yoxdur və bu 20 şəxsi mülkiyyət Loka görə bir növü 20 kiçik dövlətdir. Məsələn, hər bir mülkədar özü müəyyən edir ki, onun ərazisi üzərindəki hüquqlarının sərhədi haradadır. Yəni hər kəs öz hüququnu özü təfsir edir və hüquq pozuntusuna necə reaksiya veriləcəyini də özü müəyyənləşdirir. Bu isə çoxsaylı problemlərə – xaosa səbəb olur. Öz aralarındakı münasibətləri tənzimləmək üçün bu 20 mülkədar (yəni kiçik dövlət başçıları) birləşərək Mətdan Dövlətini yaradır və öz mülkləri üzərindəki bəzi hüquqları bu dövlətə verirlər.

İndi iki vəziyyət təsəvvür edin. Birinci vəziyyətdə 1, 5, 9, 13 və 18 nömrəli mülklərin sahibləri Mətdan Dövlətinə qoşulmaqdan imtina edirlər. Onlar ya ayrıca dövlət yaradır, ya da fərdi qaydada əvvəlki kimi həyatlarını davam etdirirlər. Beləliklə, Mətdan Dövləti İsveçrə pendirinə bənzəyir, çünki onun daxilində çoxlu dəliklər var. İkinci vəziyyətdə isə təsəvvür edin ki, Mətdan Dövlətinə yalnız 1, 4, 6, 8, 10, 13 və 18 nömrəli mülklərin sahibləri qoşulurlar. Yəni dövlətin ərazisi bir-birindən təcrid olunmuş torpaq sahələrinin toplusundan ibarətdir. Stilz hesab edir ki, hər iki vəziyyətdə də dövlətin fəaliyyəti olduqca çətinləşir, bəlkə də ümumiyyətlə mümkünsüz olur. Buna görə də Stilz Lokkun modelini cəlbedici hesab etmir.

Stizə görə ikinci problem nəsillərin razılığı ilə bağlıdır. Lokun əsas prinsipi ondan ibarətdir ki, insan yalnız öz razılığı ilə dövlətin hakimiyyətinə tabe olur; heç kim doğulduğu üçün avtomatik olaraq vətəndaş sayılmır. Lakin Lok eyni zamanda hesab edir ki, dövlətin ərazi hakimiyyəti daimi xarakter daşıyır. Bu isə, o deməkdir ki, gələcək nəsillər ilkin razılıq vermədən əvvəlki nəsillərin qərarlarına məcburi şəkildə tabe olurlar. Stilz iddia edir ki, bu fikir Lokun özünün bərabərlik və azadlıq prinsipi ilə ziddiyyət təşkil edir: əgər hər bir insan azad və bərabər doğulursa, onun razılığı olmadan heç bir siyasi hakimiyyətə tabe edilməməlidir. Lok hesab edir ki, sonradan doğulmuş insanlar dövlətin ərazisində yaşamağa davam etməklə, həmin ərazidə iş qurmaqla və ya ev almaqla – yəni dövlətin qanunlarına tabe olmaqla əslində dövlətin legitimliyini qəbul edirlər, öz əcdadlarının dövlətlə olan ilkin razılaşmasına qoşulurlar. Lakin Stilz bu yanaşmanı düzgün hesab etmir, çünki insanların bir çoxunun öz doğulduqları ölkəni tərk etmək imkanı yoxdur (məsələn, viza ala bilmirlər). İmkanı olan insanlar üçün isə başqa ölkəyə mühacirət etmək olduqca çətindir və ya məqbul deyil (insanların bir çoxu öz ailələrini, dostlarını geridə qoyub yad yerə köçmək, özlərinə sıfırdan həyat qurmaq istəmirlər). Əlavə olaraq, dünyada hər yer hansısa dövlətin yurisdiksiyası altındadır. Yəni insanların hansısa dövlətə tabe olmamaq kimi bir imkanı yoxdur. Bu səbəblərə görə də Stilz hesab edir ki, sonrakı nəsillərin ilkin razılaşmaya qoşulduqlarını, ona razılıq verdiklərini demək düzgün deyil.

Stizlin qeyd etdiyi üçüncü problem ayrılma hüququnun inkarı ilə bağlıdır. Əgər fərdlərin torpaq üzərindəki mülkiyyəti təbii və şəxsi hüquq kimi qəbul olunursa, onda onlar istədikləri zaman bu torpağı dövlətin yurisdiksiyasından çıxarmaq, yəni ayrılmaq haqqına da malik olmalıdırlar. Stilz hesab edir ki, Lok ayrılma hüququnu rədd edir. Bu rədd isə Lokun əsas arqumentini zəiflədir, çünki fərdlərin razılığına və mülkiyyət hüququna istinad edən bir nəzəriyyə eyni zamanda onların bu torpağı dövlətin hakimiyyətindən çıxarmaq azadlığını tanımalıdır. Stilzin fikrincə, bu ziddiyyət Lok modelinin ən dərin problemlərindən biridir. Lakin nəzərə almaq lazımdır ki, Lokun nəzəriyyəsini təfsir edən başqa bir filosof – Hillel Stayner hesab edir ki, Lok fərdlərin ayrılma hüququnu tanımamaqla öz nəzəriyyəsində ardıcıllığı pozur. Staynerə əsasən, Lok modelində istənilən bir fərd və ya icma dövlətin legitimliyini tanımaqdan imtina edərək dövlətin yurisdiksiyasından çıxa və özünə yeni dövlət qura bilər. Məsələn, Mətdan Dövləti qurulandan bir müddət sonra 5 nömrəli mülkün sahibi özünün müstəqilliyini elan edə bilər. Yaxud da 4, 6 və 7 nömrəli mülklərin sahibləri Mətdan Dövlətindən ayrılaraq özlərinə başqa bir dövlət qura bilərlər. Yəni Stizlin Lok modelinə aid etdiyi bu üçüncü problem Staynerin fikrincə, əslində mövcud deyil. Stayner hesab edir ki, bu üçüncü problem Lokun öz nəzəriyyəsini yanlış təfsir etməsindən qaynaqlanır. Əgər Lokun nəzəriyyəsində fərdlərin ayrılma hüququ tanınmalıdırsa, onda biz Stilzin qeyd etdiyi birinci problemə qayıdırıq. Fərdlər və dolayısı ilə icmalar dövlətdən ayrıla bilərsə, onda dövlətin ərazisi İsveçrə pendirinə bənzəyə bilər. Staynerə görə, bu bir problem deyil və Lok modelinin cəlbediciliyini göstərir. Stilzə görə isə, bu problemdir, çünki parçalı yurisdiksiya dövlətin funksionallığını çətinləşdirir.

Beləliklə, Stilz hesab edir ki, dövlətin ərazi hüququnu fərdi mülkiyyət və razılıq prinsiplərinə əsaslandıran Lok modeli praktik və daxili ardıcıl deyil. Lakin Stilz yazır ki, bəlkə də, biz dövlətin ərazi hüquqlarını fərqli şəkildə izah etsək, Lok modelinin qarşılaşdığı çətinliklərdən yayına bilərik. Bunun üçün Stilz ərazi üzərində olan müxtəlif növ hüquqları bir-birindən ayırmağı təklif edir. Onun fikrincə, ərazi üzərində hüquq dedikdə, biz əslində bir neçə fərqli səviyyədə olan səlahiyyətlərdən danışırıq. Bu səlahiyyətləri Stilz aşağıdakı kimi təsnif edir (2009, 195):

a) Müəyyən bir resursun istifadəsinə və ondan əldə olunan faydalara nəzarət etmək hüququ (Mülkiyyət hüququ);
b) (a) hüququna sahib olan şəxslərin resurs üzərində hansı növ və hansı xüsusiyyətlər üzrə nəzarətə sahib ola biləcəyini müəyyən etmək hüququ – məsələn, bu nəzarətə resursu başqasına ötürmək və ya miras qoymaq imkanı daxildirmi? Resurs üzərindəki nəzarət müəyyən şərtlərlə – məsələn, vergi, ictimai məqsədlər üçün müsadirə, icazə verilən istifadəyə dair məhdudiyyətlər və s. ilə məhdudlaşdırılıbmı? (Qanunvericilik səlahiyyəti);
c) (a)-da qeyd olunan nəzarət hüququnun sərhədlərini təfsir etmək və bu hüququn pozulmasına görə tətbiq ediləcək cəza və kompensasiya dərəcəsini müəyyənləşdirmək hüququ – məsələn, başqalarının hansı hərəkətləri (a)-dakı hüququn pozulması hesab olunur? Belə pozuntu faktiki olaraq nə vaxt baş verib? Bu pozuntuya görə ədalətli cəza nədir? Necə kompensasiya ödənilməlidir? (Məhkəmə səlahiyyəti);
d) (a)-da göstərilən hüququn sərhədlərini başqalarına qarşı icra etmək hüququ (İcra səlahiyyəti);
e) Müəyyən bir ərazi üzərində (b)–(d) hüquqlarına kimlərin sahib olacağını, yəni yurisdiksiya vahidlərini yaratmaq və ya dəyişdirməklə müəyyənləşdirmək hüququ (Metayurisdiksiya səlahiyyəti).

Bu siyahıda qeyd olunanlardan aydın olur ki, (a) hüququ, resurs üzərində birbaşa sahiblik və istifadə hüququnu ifadə edir. Bu, insanların və ya qrupların müəyyən bir ərazidən necə faydalanacağını müəyyən edən əsas hüquqdur. Stilzə görə, bu birinci-dərəcəli hüquqlar hər bir ərazi idarəetmə sisteminin təməlini təşkil edir. Başqa sözlə, mülkiyyət hüquqları dedikdə, kimin hansı resursa sahib olduğu və ondan necə istifadə edə biləcəyi müəyyən edilir. Birinci-dərəcəli mülkiyyət hüquqları bir neçə elementdən ibarətdir: resursdan istifadə etmək və ondan gəlir əldə etmək azadlığı, başqalarının ona müdaxiləsinə qarşı iddia haqqı, resursu satmaq, başqasına vermək və ya tərk etmək gücü, resursu məhv etmək azadlığı, eləcə də dövlət və ya digər şəxslər tərəfindən müsadirədən qorunma təminatı. Bir adam müəyyən bir resurs üzərində bu elementlərdən ən azından bəzilərinə sahib olduqda deyirik ki, onun bu resurs üzərində mülkiyyət hüququ var.

Sonrakı (b), (c) və (d) hüquqları, yəni qanunvericilik, məhkəmə və icra səlahiyyətləri ikinci-dərəcəli hüquqlardır. Stilz onları birlikdə yurisdiksiya səlahiyyətləri adlandırır. İkinci-dərəcəli hüquqlar birinci-dərəcəli hüquqların necə tənzimlənəcəyini müəyyən edir. Yurisdiksiya səlahiyyətləri dövlətə məxsusdur və ona müəyyən ərazini idarə etmək səlahiyyəti verir. Məsələn, dövlət hansı qanunlarla torpaqdan istifadəyə icazə verir, bu qaydalar pozularsa, hansı cəza tətbiq olunur və kim bu qaydaları icra edir? Bu məsələlər yurisdiksiya səlahiyyətlərinə aiddir. Başqa sözlə, birinci-dərəcəli hüquqlar “kim nəyə sahibdir?” sualına cavab verirsə, ikinci-dərəcəli hüquqlar “bu mülkiyyət necə idarə olunur?” sualını cavablandırır.

Sonuncu (e) bəndindəki metayurisdiksiya səlahiyyəti isə üçüncü-dərəcəli hüquqdur. Bu hüquq bir növ yurisdiksiyalar üzərində yurisdiksiyadır. Üçüncü-dərəcəli hüquq özündə dövlətlər arasında yurisdiksiyanın bölgüsünü müəyyən edən ikinci-dərəcəli hüquqları dəyişdirmək səlahiyyətini, o cümlədən hansı ərazinin bu dövlətlərin yurisdiksiyasına daxil olduğunu və hansı torpaqların onların mülkiyyət qaydalarına tabe olduğunu müəyyənləşdirmək hüququnu ehtiva edir. Məsələn, hansı dövlətin hansı torpaq parçası üzərində qanun çıxarmaq və onu icra etmək haqqına malik olduğunu müəyyənləşdirmək, yaxud bir bölgənin ayrılaraq yeni dövlət qurmaq imkanına sahib olub-olmadığını təyin etmək metayurisdiksiya səlahiyyətinin nümunələridir.

Stilz qeyd edir ki, Lok bu üç dərəcəli hüquqların hamısını – yəni mülkiyyət, yurisdiksiya və metayurisdiksiyanı fərdlərə aid edir. Loka görə, təbiət vəziyyətində fərdlər torpaq üzərində mülkiyyət hüququ əldə etdikdə həmin torpaq üzərində həm də yurisdiksiya səlahiyyətini əldə edirlər. Yəni fərdlər öz mülkləri üzərində nəzarətinin sərhədlərini təfsir etmək, həmçinin bu təfsiri icra etmək hüququnu da qazanır. Əlavə olaraq, fərdlər həmin yurisdiksiya səlahiyyətlərini başqalarına ötürmək – yəni metayurisdiksiya səlahiyyəti də əldə edirlər. Bu, o deməkdir ki, fərdlər istəsələr, özlərinin metayurisdiksiya səlahiyyətlərini icra edərək dövlət yarada bilərlər. Məsələn, Mətdan adasında mülkiyyət hüququna sahib olan 20 şəxs təbiət vəziyyətində öz mülkləri üzərində həm də yurisdiksiya səlahiyyətlərinə sahib olduqlarından mülkiyyət hüquqlarının sərhədlərini özləri təfsir edir və bu hüquqları özləri icra edirlər. Sonradan onların hər biri özlərinin mülkləri üzərindəki metayurisdiksiya səlahiyyətindən istifadə edərək dövlət yaradırlar – yəni yurisdiksiya səlahiyyətlərini dövlətə həvalə edirlər.

Stilzə görə, Lok modelinin problemi ondadır ki, dövlət yarandıqdan sonra fərdlər metayurisdiksiya səlahiyyətlərini itirirlər. Yuxarıda da qeyd etdiyim kimi, Stilz hesab edir ki, Loka görə, dövlət yaratdıqdan sonra fərdlərin ayrılma hüququ yoxdur. Yəni fərdlər mütayurisdiksiya səlahiyyətlərindən istifadə edərək dövlət yaratdıqdan sonra, təkcə yurisdiksiya səlahiyyətlərini yox, həm də metayurisdiksiya səlahiyyətlərini itirirlər və əllərində təkcə mülkiyyət hüquqları qalır. (Nəzərə alın ki, Hillel Stayner Lokun bu təfsiri ilə razılaşmır; bu təfsirin Con Lokun özünün qeyri-ardıcıllığı hesab edir). Əlavə olaraq, Stilz qeyd edir ki, gələcək nəsillər artıq əvvəlki nəsillərin malik olduğu hüquqlara sahib olmur. Başqa sözlə desək, Lok modelində təbiət vəziyyətindəki fərdlər metayurisdiksiya səlahiyyətlərinə sahib olsa da, dövlət yaratdıqdan sonra onların bu səlahiyyəti itir. Həmçinin, sonrakı nəsillər bu səlahiyyətə sahib olmur. Beləliklə, bərabərlik və razılıq prinsipləri pozulur, çünki yeni nəsillər dövləti seçmədən onun hakimiyyəti altına düşürlər.

Stilz qeyd edir ki, biz mülkiyyət, yurisdiksiya və metayurisdiksiya səlahiyyətlərini bir-birindən ayırdıqda, dövlətlərin ərazi hüquqlarını Lokun yanaşmasından fərqli şəkildə əsaslandıra bilərik. Onun fikrincə, bu üçqat fərqləndirmə çox vacibdir, çünki bu yanaşma bizə dövlətin resurs üzərində hansı növ hüquqa sahib olduğunu daha aydın şəkildə izah etməyə imkan verir. Bu üçqat fərqləndirmə əsasında Stilz öz alternativ nəzəriyyəsi üçün beş əsas şərt irəli sürür. Onun fikrincə, dövlətin ərazi iddialarını izah edən uğurlu nəzəriyyə aşağıdakı prinsipləri ödəməlidir. Birincisi, nəzəriyyə mülkiyyət hüquqları ilə yurisdiksiya səlahiyyətləri arasındakı fərqi nəzərə almalıdır. Yəni dövlətin torpağa öz mülkü kimi sahib olmasını iddia etməməlidir; dövlətin torpaq üzərində necə legitim səlahiyyət icra edə biləcəyini izah etməlidir. İkincisi, bu nəzəriyyə dövlətin yurisdiksiya səlahiyyətləri ilə insanların mülkiyyət hüquqları arasındakı əlaqəni izah etməlidir; yəni nəzəriyyə izah etməlidir ki, dövlət niyə və necə mülkiyyətə dair qaydaları tənzimləmək və onları icra etmək səlahiyyətinə malikdir. Üçüncüsü, nəzəriyyə beynəlxalq hüquqda qəbul olunduğu kimi, dövlət ərazisinin insanların ümumi mülkiyyəti sayılması fikrini təfsir etməli, bu prinsipin nə mənaya gəldiyini aydınlaşdırmalıdır. Dördüncüsü, nəzəriyyə göstərməlidir ki, dövlətin yurisdiksiyası hansısa əraziyə deyil, məhz konkret bir əraziyə bağlıdır; yəni nəzəriyyə dövlətin öz torpağı ilə xüsusi əlaqəsini əsaslandırmalıdır. Beşincisi, nəzəriyyə izah etməlidir ki, niyə məhz dövlət (məsələn, fərdlər yox) yurisdiksiya və metayurisdiksiya səlahiyyətlərinə malikdir və hansı hallarda bu səlahiyyətlər dəyişdirilə və ya bölüşdürülə bilər.

Stilz hesab edir ki, bu beş prinsipi rəhbər tutmaqla dövlətin ərazi hüquqlarını daha ardıcıl və normativ baxımdan əsaslı şəkildə izah etmək mümkündür. O, bu məqsədlə İmmanuel Kantın yanaşmasına müraciət edir və hesab edir ki, Kant modeli bu beş şərti Lokun modelindən daha uğurlu şəkildə təmin edə bilir. Beləliklə, Stilz öz məqaləsinin növbəti hissəsində dövlətin ərazi hüququnun daha ardıcıl izahını Kant fəlsəfəsi əsasında təklif etməyə çalışır. Stilzin məqaləsinin bu hissəsini sonrakı məqalədə müzakirə edəcəyəm.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.