fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Dövlət və Fərd

Read this article on other language
Download article
image_pdf
image_pdf

Əhməd bəy Ağaoğlu (1869-1939) Azərbaycan və Türkiyənin böyük dövlət xadimlərindən olub. Fəaliyyətində əsasən liberal fikirlərə üstünlük vermiş və bu mövzuda düşüncələrini yazmaqdan geri durmamışdır. Məhz buna görə 1930-cu ildə Mustafa Kamal Atatürkün çoxpartiyalı sistemə keçid təcrübəsində Sərbəst Fırkanın yaradılmasında iştirak etmişdir. Türkiyə Cümhuriyyətinin Konstitusiyasının hazırlanmasında da Ağaoğlunun rolu olmuş, Atatürkə həyata keçirdiyi inqilabi islahatlar mövzusunda məsləhətçilik etmişdir.

Lakin 1930-cu illərdə Türkiyə Cümhuriyyətində müəyyən avtoritar meyillər artmaqda idi. Bu meyilləri müdafiə edən nəşrlərdən biri 1932-35-ci illərdə 36 nömrəsi nəşr edilmiş Kadro adlı jurnal idi. Jurnalın yaradıcıları Yakub Kadri Karaosmanoğlu, Şevkət Sürəyya Aydəmir, Vedat Nedim Tör, Burhan Asaf Belge və d. idi. Əksəriyyəti marksist və ya keçmişdə marksist yönümlü olan bu şəxslər Kamalizmi dəyişdirməkdə günahlandırıldılar və Yakub Kadrinin Albaniyaya səfir təyin edilməsi ilə jurnalın nəşri dayandırıldı.

Jurnalın müəlliflərindən olan Aydəmirlə Ağaoğlu arasında bir sıra polemikalar yaşandığı zaman Aydəmir jurnalda dərc etdirdiyi yazılardan ibarət 1932-ci ildə İnqilab və Kadro adlı kitab nəşr etdirir. Bu kitaba cavab olaraq Ağaoğlu Cümhuriyyət qəzetində məqalələrlə çıxış edir. Həmin qəzetdə Ağaoğluna cavab olaraq Karaosmanoğlu və Aydəmirin yazıları və həmin yazılara da Ağaoğlunun cavabları yayımlanır. 1933-cü ildə Ağaoğlu bu yazıları Dövlət və Fərd adlı kitabında türk dilində nəşr etdirir. Kitabda Ağaoğlu jurnalın əməkdaşlarını kadrocular adlandırır.

Müasir dilimizə uyğunlaşdırdığımız bu kitabda kitabın 1933-cü ildəki nəşrindən istifadə olunub. Əhməd bəyin üslubunu qorumağa çalışmaqla, əlavə olaraq, yazıda adını çəkdiyi şəxslər haqqında kiçik məlumatlar da vermişik. Mətndə adi mötərizədə – məsələn, (xxx) kimi yazılan hissələr orijinaldır. Lakin kvadrat mötərizədə – məsələn, [xxx] kimi yazılan hissələr isə bizə aiddir. Dövlət və Fərd kitabında müəllif fərdi azadlığın əhəmiyyəti barədə düşüncələrini tarixi perspektivdə və sadə dillə izah edir. Günümüzdə ölkəmizdə də dövlətçilik düşüncəsinin ictimai fikirdə geniş yer tutduğunu nəzərə alaraq Ağaoğlunun bu kitabının yeni perspektiv açacağını gözləyirik.

Samir İsayev

2-ci hissə

Bəsitdən Mürəkkəbə, Sürüdən Millətə Doğru

Tarixdən və sosiologiyadan az-çox xəbəri olan hansı ağıl və zəka sahibi vardır ki, hər an hər kəsin gözünə çarpan dövlət kimi dünya miqyasında bir gerçəkliyi inkar edə bilsin? Dövlət təbiəti etibarilə dövlətçidir. Dövlətçilik dövlət məfhumunun ta içindədir.

Dünyada ən ibtidai, məsələn Zulu qəbiləsindən başlayaraq ən mükəmməl dövlətə, məsələn İngiltərə və Fransaya qədər hansı dövlət vardır ki, dövlətçi olmasın? Dövlətin mahiyyətində belə ictimai quruluşa müdaxilə etmək xüsusiyyəti qoyulmuşdur. Buna görə də dövlətin dövlətçilik xüsusiyyəti əsas etibarilə inkar edilməz bir gerçəklikdir.

Fəqət əsl məsələ dövlətin bu müdaxilə səlahiyyətinin sərhəddini təyin etməkdir.

Tarixən nə görürük?

Müşahidə etdiyimiz tarixi gedişat budur: Bəşəriyyət ilk ictimai addımını iştirakçı və müsavatçı [bərabərlik] əmək fəaliyyətində iştirakçı və müsavatçı olaraq atmışdır.

Bu ibtidai təşəkkül amorfdur. Yəni formasızdır. Tək rəngli, tək formalı, tək teksturalı, sanki, yalnız həzm cihazından ibarət olan protoplazmaya[i] bənzəyir. Bu tək formalı ictimai varlıq hələ tamamilə təbiətdən aciz və onun əsiridir. Onu təşkil edən fərdlər arasındakı qarşılıqlı yardımlaşmanı təmin edən amil özünü müdafiə instinktidir. Sürü halında yaşayan bu varlıq tapdığı ov və topladığı otla qidalanır və onları birlikdə istehsal etdiyi kimi birlikdə də istehlak edir. Və yenə birlikdə mağaralara və qaya oyuqlarına sığınır.

Fəqət insanı digər varlıqlardan ayıran şüur dayanmaz, irəliləyər. Təcrübə və müşahidə sayəsində inkişaf edər. Sintezlər edər. Yavaş-yavaş əkinçilik başlayır. İndiyə qədər köçəri olan həyat istiqrara doğru gedir. Qəbilə dövrü gəlir. Tək formalı varlıqda yeni üzvlər çıxır, ayrı-ayrı ailələr və ayrı-ayrı ocaqlar qurulur, ərazidə iştirakçılıq daha bir müddət davam etsə də istehsal və istehlakda fərdçilik başlayır. Əmək bölgüsü, mülkiyyətin əsasları qurulur. Eyni zamanda hökumət nüvəsi də özünü göstərir. Qəbilələr arasındakı toqquşma və müharibələr şeflərin, komandanların meydana çıxmasına yol açır. Bu yolla qəbilədə əvvəlki müsavatçılıq yerinə idarə edənlər və idarə olunanlar qaydası formalaşır. Və yenə müharibə və davaların nəticəsi olaraq yenilən qəbilə fərdləri qələbə çalan qəbilənin əmri altına girir və bu yolla  siniflər təşəkkül edir.

Bəşəriyyət davam etdikcə bu fəaliyyət davam edir və davam etdikcə böyüyür və mürəkkəbləşir. Qəbilənin yerinə federasiyalar, federasiyalardan sonra şəhərlər, şəhərlərdən sonra krallıqlar və nəhayət müasir dövlətlər gəlir.

Yəni inkişaf etdikcə ictimai həyatda əvvəlki müsavatçılıq və iştirakçılıq aradan qalxır və yerinə bir-biri üzərinə keçmiş müxtəlif iqtisadi və siyasi vəziyyətlərə sahib və müxtəlif əmək bölgüsü tərzlərilə bir-birinə bağlı və bir-birlərilə mücadilə edən təbəqələrdən və fərdlərdən ibarət cəmiyyətlər keçir. Bu aralıq həyatın digər cəbhələri də, məsələn: dini, fikri və bədii cəbhələri də inkişaf edir və davamlı olaraq sadədən mürəkkəbə, tək rəngdən çox rəngliliyə doğru irəliləyir. Bununla bərabər hökumət nüvəsi də güclənir. Mürəkkəbləşmiş olan ictimai həyatın mürəkkəbləşmiş və artmış olan ehtiyacları icma başçılarının vəzifələrini artırmasını və hökumət səlahiyyətinin getdikcə böyüməsini vacib edir.

Bəşəriyyət təkamülünün bu gedişatını seyr edərkən biz daima iki hadisənin yan-yana addımladığını görürük. Bir tərəfdən fərdin davamlı olaraq inkişafını, digər tərəfdən də bununla bərabər olaraq dövlət səlahiyyətlərinin genişləməsini.

İctimai quruluş öz ahəngini cəmiyyətlə fərd arasında bu tarazlığı tutmaqla təmin etməyə çalışır.

Real olaraq, yaşayan və təkamül edən cəmiyyətlərdə irəliyə doğru gedişin lokomotivi və aparıcı amili fərddir, cəmiyyətlər mahiyyətləri etibarilə statikdirlər. Dinamik olan fərddir; həqiqətən fərd hərəkət gücünü cəmiyyətdən alır. Fəqət belə bir fərd yetişincəyə qədər bu qüvvə gizli qalmaqdadır. Qüvvətin zühuruna vasitə olan fərddir. Fərdlə icma arasındakı bu daxili münasibət təbiətlə hər hansı bir motor arasındakı münasibətə bənzəyir. Sudan buxar almaq üçün bir dinamoya nə qədər ehtiyac varsa, eləcə də cəmiyyətləri inkişaf etdirmək üçün fərdlərə ehtiyac vardır. Tarixdə edilmiş olan bu qədər icadlar, ixtiralar, kəşflər, bu qədər ictimai və fikri inkişaflar arasında hansı vardır ki, bir cəmiyyətin ümumi heyəti tərəfindən meydana çıxarılmış olsun. Bütün bunları yaradan fərdlərdir. Həqiqətən fərd yaratdığının xammalını mühitdən alır, fəqət bu dağınıq xammalı toplayıb sintez edən fərd zühur edincəyə qədər onlar işlənməmiş qalmaqdadır. Əgər bir cəmiyyət durğun bir hala gəlmişsə, əgər onda irəliləmək həmlələri durmuşsa, əgər nəsillər bir-biri ardınca gələrək yaşayış tərzində bir dəyişiklik olmursa, o cəmiyyətin içində fərdin ölmüş olduğuna, yəni itici və dinamik gücün tükənmiş olduğuna hökm edilə bilər. Necə ki fərdin inkişafına meydan verməyən Şərqdə bu halın əsrlərlə davam etmiş olduğu müşahidə olunmaqdadır.

Bunu da əlavə edək ki: Fərd mühitdən almış olduğunu olduğu kimi geri qaytarmır, yəni sırf avtomatik bir sintez aləti deyildir. Eyni zamanda da almış olduğuna özündən bir şey də əlavə edir. Başqa sözlə fərddə yaradıcı bir güc də vardır. Filan fikir, filan hərəkət filandan törədiyi zaman bir forma alır. Filandan da törədiyi zaman  başqa bir forma alır. Bu formalar fərdlərin özlərinin,  öz şəxsiyyətlərinin məhsuludur.

Rikardo[ii] “əmək dəyər” qanununu, Nyuton[iii] “cazibə” qanununu kəşf edərkən bu kəşflərin əsas xammalını, yəni iqtisadiyyata və mexanikaya aid məlumatları mühitdən almışdılar. Fəqət aldıqlarını bu qanunları əlavə edərək geri vermişdilər. Bunu kimi Lüter[iv] çıxıb 17 tezislə Romaya qarşı gələrkən heç şübhə yoxdur ki, Roma haqqında ta Yan Hus[v] zamanından bəri mühitdə dolaşan fikirlərin təsiri altında idi. Fəqət o 17 tezis və İncilin almancaya ilk dəfə tərcüməsi Lüterindir.

Mustafa Kamal zühur edərkən Türk mühitinde bir qurtuluş hərəkatı vardı, fəqət bu hərəkata bildiyimiz istiqamət və mahiyyəti verən Mus­tafa Kamaldır. Mustafa Kamal zühur etməsə, hərəkat başqa əllərdə qalmış olsaydı, kim bilir hansı formanı alar və haraya gedərdi.

Demək ki cəmiyyətlərin və dövlətlərin irəliyə doğru getməsi və inkişafları üçün birinci şərt dinamik güc olan fərdlər üçün hərəkət və inki­şaf imkanıdır. Fərdlərini bu imkandan məhrum edən mühitlər öz-özlərini də durğunluğa məhkum edərlər.

İctimai Ziddiyyətlər

Kadrocular zənn edirlər ki, ictimai ziddiyyətlər və toqquşmalar yalnız kapitalist cəmiyyətlərə xas bir hadisədir.

Aldanırlar; bu ziddiyyətlər və toqquşmalar ta əzəldən bəşəriyyətin taleyidir. “Tarixi materializm” məktəbini təsis edən Marks[vi] və Engels[vii] məktəbin fəlsəfə materialını Hegeldən[viii] almışlar. Hegelin fəlsəfəsi isə bax bu ziddiyyətlərə və toqquşmalara söykənir. Bu mütəfəkkirə görə kainat və təbiət bir ahəng və tarazlıq arxasından gedər, lakin heç bir zaman onu tapmaz. Bir təzadı ortadan qaldıraraq ahəngə qovuşmaq üzərəykən yeni bir təzad onu hədəfdən uzaqlaşdırır, yeni toqquşmalara sövq edər. Zatən təkamül və inkişafın sirri də bu mütəmadi qaçışlardadır.

Sosiologiya sahəsində bu hadisə o dərəcə ümumi və barizdir ki, gözlə görməmək belə müm­kün deyildir. Yunan və Roma tarixində ilk dövrdə plebeylərlə patrisilərin mübarizələri əsrlərlə davam edir. İki sinif arasındakı təzad cəmiyyəti bir ahəng arxasından aparır və bu ahəng nəhayət iki sinifin birləşməsiylə tapılmış kimi zənn edilərkən bu dəfə kölələr ilə hürlər və kolonlar[ix] ilə patronlar [torpaq sahibləri, tərc.] arasında mübarizə başlayır.

İkinci bir dövr olan “Orta əsrlər” başdan-başa ziddiyyətlər, toqquşmalar və qaynaşmalar dövrüdür. Bu dövrdə hər kəsi hər kəsə qarşı çarpı­şan görürük.

Şəhərlər feodallara, feodallar krallığa, krallıqlar kilsəyə, təhkimli kəndlilər ərazi sahiblərinə qarşı mütəmadi mübarizə vəziyyətindədirlər.

İngiltərədə feodallar xalqla birləşərək krallığa qalib gəlirlər və parlamentarizm sistemi ilə ahəngi təmin etməyə cəhd edirlər.

Fransada krallıq xalqla birləşərək feodalları məğlub edir və mütləqiyyət üsulunda ahəng axtarılır.

Almaniyada feodallar imperator hakimiyyəti ilə birləşərək xalqı itaətə məcbur edərək və feodalizmin yeni bir şəkildə davam etdirilməsi ilə ahəng tapmağa çalışırlar. Bütün bu həmlələr, bu cəhdlər müəyyən bir zaman üçün səmərəli və faydalı olur, çünki o zaman üçün ahəngi təmin etdiklərindən inkişafa səbəb olurlar. Fəqət bu inkişafın özündən belə yeni təzadlar çıxır, ahəng pozulur, yeni mübarizələr başlayır. Məsələn, yuxarıda dedik ki, Fran­sızlar orta əsrlərdə ahəngi idarəçiliyin mütləqiyyətində axtardılar. Bu yeni quruluşu doğuran əhval feodallar ilə əhali arasındakı mənfəət üzərində ziddiyyət idi. Fəqət dövlət bu təzadı ortadan qaldırarkən özü yeni bir təzadın zühuruna səbəb oldu, xalqdan dəstək alaraq feodalları uzaqlaşdıran mütləqiyyət bu dəfə də hakimiyyətini xalq üzərinə genişləndirdi və bu yolla indi də xalqla krallıq arasında təzad başladı. Kral hakimiyyətinin azğınlığı və sui-istifadələri ilə bu təzad böyüyə-böyüyə nəhayət Fransız inqilabı ilə nəticələndi.

Fransız inqilabı ahəngi kral hakimiyyətinin ortadan qaldırılmasında, siniflərin ləğv edilməsində və fərdi azadlıqların təmin edilməsində axtardı.

“İnsan haqları” bəyannaməsi[x] bu yeni quruluşun anlaşması idi.

Eyni təzada məruz qalan bütün kontinental Avropa cəmiyyətləri Fransanı bu cəhətdən təqlid etdilər. 19-cu əsrin ilk yarısında Avropanın hər tərəfində baş verən bir sıra üsyanlar, qiyamlar və inqilablar bu yeni quruluşun hər tərəfdə qurulması üçün idi. “Demokratiya” adını daşıyan bu yeni quruluş möhtəşəm səmərələr verməkdə gecikmədi. 19-cu əsrin ruhu məqamında olan yeni quruluşun prinsipləri heç bir zamanın və heç bir əsrin müvəffəq olmadığı və göstərmədiyi inkişaflara səbəb oldu. Elm, dəqiq fənlər, sənaye, ədəbiyyat, kənd təsərrüfatı, ticarət, xülasə, bəşəri fəaliyyətin hər sahəsində sanki möcüzələr yaradıldı. Əsrlərdən bəri korporasiyaların[xi], istibdadın, feodalların hakimiyyəti altında əzilmiş olan fərdi qabiliyyətlər bu dəfə önlərində geniş və maneəsiz sahələr taparaq heyrətverici bir tərzdə partlayış etdi. O zamana qədər sanki təbiətin əsiri olan insan az bir zaman içində təbiət qüvvələrini kəşf edərək ona hakim ol­mağa başladı. Sərvət və rifah – hansı ki təbiət üzərinə qoyulmuş insan əməyinin məhsuludur – görünməmiş səviyyəyə çatdı.

Fəqət yeni quruluşu təmin edən bu ahəng belə öz içindən yeni bir təzad çıxarmaqda gecik­mədi. Bu təzad da kapital ilə əməyin toqquşmasından ibarətdir.

Sərbəst iş və fərdi fəaliyyətin məhsulu olan kapital sui-istifadəyə başladı. Getdikcə güclənən və texnologiyaya hakim olan kapital əməyi sıxışdırmağa, istismar etməyə başladı; ahəngi təmin etməli olan azadlıq artıq rolunu oynaya bilməz oldu. Faktiki həddən artıq güclənmiş olan kapitala qarşı əməyin azadlığı bir xəyala çevrildi və bir təzyiq və bir sui-istifadə mənbəyi oldu. Ahəng pozuldu, kapital və əmək arasında təzadlar hasil oldu və mücadilə başladı.

Diqqəti cəlb etməyə layiq bir haldır ki, bu mücadilənin hədəf və məqsədini ilk əvvəl təsbit edərək qurulması arzu olunan yeni quruluşun nəzəriyyəsini meydana çıxaranlar kapitalistlər arasın­dan çıxdılar. Ouen fabrik sahibi idi. S.Simon bir prens idi. Furye[xii] zəngin bir tacir oğlu idi. Hətta Karl Marks və Engels belə zəngin ailələrə mənsub idilər. Zahirən qəribə olan bu vəziyyət həqiqətdə çox təbiidir. Çünki cəmiyyət yalnız maddi cəhətdən yüksəlmiş deyildi. Eyni zamanda mənəviyyat və əxlaqi cəhətdən də inkişaf etmişdi. Artıq qəlblərdə və ruh­larda insafsızlığa və təkəbbürə qarşı əvvəlki laqeydlik və səbr qalmamışdı. Həqiqətən köhnə quruluşdan fəhlə də istifadə etməmiş deyildi: Həyat ucuzlaşmış, əməkhaqqı artmış, müstəsna davranışlar aradan qalxmışdı; fəqət buna rəğmən bu quruluşdan gözlənilən səadət tam olaraq reallaşmadı. Kapital ilə əmək arasındakı məsafə getdikcə artırdı: Bir tərəfə getdikcə müəyyən əllərdə toplanan kapital kifayət qədər geniş yaşamaq imkanı verərkən, digər tərəfdə adətən davamlı olaraq artan fəhlə əməyi buna nisbətən çox az şeylər təmin edirdi. Elə bu fərq kapitalistlər arasındakı yüksək ruhlu və həssas qəlbli insanları fəhlələrin tərəfini tutmağa və fəhlələrin ehtiyaclarına tərcüman olmağa sövq etdi. Bu insanlar köhnə quruluşun əksiklərini ilk əvvəl müəyyən edərək, yeni bir quruluşun qurulmasını tələb etməyə başladılar və bu yolla mədəni bəşəriyyət üçün yeni bir “Oluş” mərhələsi başladı.

Fəqət hər “Oluş” mərhələsindən sonra ortaya çıxan təzadlar və toqquşmalar daha qarışıq, daha çətin və daha dəyişmiş olur. Çünki zatən bu təzadlar və toqquşmalar ictimai təkämülün seyir və davamını təmin edir. Və buna görə hər mərhələdən sonra gələn quruluş tərzi daha kamil, daha dolğun və daha çarpaşıq olduğundan doğur­duğu təzadlar da daha dolğun və daha qarışıq olur.

Bax bu davamlı “Oluş”lar ictimai quruluşu mühafizə etməklə mükəlləf olan dövlətin səlahiyyətlərinin davamlı olaraq genişlənməsini öz-özünə doğurur.

Zira hər yeni mərhələnin başlaması dövlətin daha qarışıq, daha geniş ehtiyaclar ilə qarşı-qarşıya gəlməsini və vəzifələrinin də daha dolaşıq bir mahiyyət kəsb etməsini və bundan dolayı səlahiyyətlərinin də daha ziyadə genişlənməsini vacib edir.

Fəqət, gördüyümüz kimi, əsas amil daima fərdi fəaliyyətdir. Bütün bu təkamül mərhələlərini, bu “Oluş” zərurətlərini və onların vacib etdirdiyi dövlət səlahiyyətlərinin genişlənməsini hazırlayan fərddir; fərd kapitalı artırır, texnologiyanı qurur və bu fəaliyyəti ilə ictimai həyatın tərkibində dəyişikliklər meydana gətirərək, yeni ehtiyacların, yeni təzadların doğmasına səbəb olur və bu ehtiyacları təmin edəcək və təzadları ortadan qaldıracaq yeni ictimai orqanların və yeni dövlət funksiyalarının zühuru üçün yer açır.

Müasir Dövlət Səlahiyyətlərinin Genişləməsi

Bu “Oluş” prosesi bu şəkildə davam etdikcə və cəmiyyət yeni ehtiyaclar qarşısında qaldıqca bu ehtiyacları təmin etmək üçün yeni vəzifələrlə mükəlləf yeni orqanların doğması lazım gəldi.

Elə buna görə başlanğıcda vəzifələri xaricə qarşı millətin əmniyyət və istiqlalını müdafiə və daxildə inzibati təmindən, yəni milli müdafiə və xarici siyasət ilə daxildə polis vəzifələrini ifa etməkdən ibarət olan dövlət səlahiyyətlərinin öz-özünə və tədricən genişlədiyini görürük. Məsələn, yavaş-yavaş ədliyyə, maarif, transport və ictimai inşaat işlərini də dövlət öz üzərinə götürür.

Fəqət dövlətin bu “Genişləmə” sahəsində atdığı hər yeni addım ictimai həyatda meydana gəlmiş olan yeni bir ahəng ehtiyacının nəticəsidir.

Və bütün bu ziddiyyətləri və ahəng ehtiyacını meydana çıxaran amil heç şübhə yoxdur ki, fərdi fəaliyyətdir! Məsələn, başlanğıcda transport və poçt fəaliyyətləri fərdlər tərəfindən icra olunurdu; fəqət fərdi təşəbbüslərin təsiri ilə istər milli və istər beynəlxalq ticarət və münasibət o səviyyədə inkişaf etdi ki, nəhayət bunun üçün vacib olan transport və poçt ehtiyacları artıq ayrı-ayrı fərdlər tərəfindən icra olunmaz bir vəziyyətə gəldi. Buna görə poçt və transport vəzifələrini dövlət öz üzərinə götürmək məcburiyyətində qaldı. Eyni fərdi fəaliyyətdən doğan eyni ehtiyac şəhərsalma işlərinin də dövlət tərəfindən mənimsənilməsinə səbəb oldu.

Bunun kimi maarif ehtiyacı da başlanğıcda fərdlər tərəfindən təmin olunurdu; fəqət milli hakimiyyət prinsipini qəbul edərək fərdləri seçki vasitəsilə hakimiyyətdə iştirak etdirən, yəni fərdi rəylərin nəticələrinin hökmünə bağlı olaraq formalaşan cəmiyyətlər artıq bu mühüm vəzifəni irfandan məhrum cahil, oxuma-yazma bilməyən adamlara verə bilməzdi. Və buna görə ümumi, məcburi və pulsuz ibtidai təhsil vəzifəsini də dövlət üzərinə götürmək məcburiyyətində idi. İngiltərədə seçki hüququ genişlədilərkən bu üsulun müxalifi olan (Robert Lowe) parlamentdə ayağa qalxmış və “Educate Yours Masters” “əfəndilərimizi, yəni seçiciləri təlim və tərbiyə edin”[xiii]  deyə bağırmışdı; həqiqətən də hakimiyyətdə iştirak səlahiyyətinin təyin edicisi irfandır.

Yuxarıda əmək və kapital arasında meydana gələn təzad və mücadiləni qeyd etmişdik; həyatın hər cəbhəsini saran bu təzad və mücadiləyə dövlət artıq laqeyd qala bilməzdi. Fərdi təşəbbüslər sayəsində az bir müddət içində ictimai həyat həm formasını, həm də mahiyyətini dəyişməkdə idi; şəhərlər kəndləri ötməyə  başladılar. 1830-cu ildə Almaniyada kəndlə şəhər arasındakı fərq 75/25 nisbətində idi. 1911-ci ildə bu fərq tamamilə əksinə oldu. İngiltərədə isə eyni fərq 13/87 nisbətindədir. Fərdi fəaliyyətlərin təsiri ilə sənayeləşməyə başlamış olan bütün digər dövlətlər də eyni yoxuş üzərindən yuvarlanmaqdadırlar. Bu şəkildə sənaye mərkəzləri ətrafında toplanmış olan nəhəng fəhlə kütlələri ilə kapital arasındakı mübarizə ictimai bir təhlükə mahiyyətini almaqda idi. Tətillər, lokautlar, silahlı toqquşmalar bir-biri ardınca gələrək ictimai nizamı pozmaqda idi; İngiltərədə çartist hərəkatları, Fransada 1830-1848-ci illər inqilabları və fəhlə üsyanları, bu hərəkatların Almaniyaya sirayəti və eyni mahiyyətdə hadisələrin digər məmləkətlərdə təkrar etməsi dövləti kapital ilə fəhlə arasına girməyə və aralarındakı ziddiyyətləri aradan qaldırmağa çalışmaq məcburiyyətində qoydu; Bu ehtiyac səbəbilə bu gün Avropanın demək olar ki, hər tərəfində əmək nazirliklərinin yaradıldığını müşahidə edirik. Bu yolu ilk əvvəl və ən geniş miqyasda Prussiya hökuməti açdı. Bismarkın[xiv] bu sahədəki fəaliyyəti məlumdur. Lassaldan[xv], Vaqner[xvi], Şmoller[xvii] kimi iqtisad alimlərindən ilham alan bu dövlət adamının bu yolda aldığı tədbirlər daha sonra bütün digər Avropa dövlətləri üçün də nümunə oldu. Eyni təzada və eyni ehtiyaca məruz qalan digər Avropa dövlətləri Almaniyayı bu yolda izləməkdə gecikmədilər.

Bu şəkildə dövlətin müdaxiləsi ilə iş müddətinin müəyyən edilməsi, minimum əmək haqqı miqdarının təyin edilməsi, baş verən münaqişələri həll edib bitirmək üçün iş sahibləri ilə işçilərdən ibarət hakim heyətlərinin yaradılması, dövlətin iştirakı ilə ictimai sığortaların təsisi və s. dövlətin kapital ilə fəhlə arasına müdaxiləsinin ilk mərhələsi idi.

Fəqət dövlətin müdaxiləsi bununla da qurtarmadı. Fərdi fəaliyyətlər sayəsində cəmiyyət quruluşunda baş vermiş olan dəyişiklik yerinə yetirilməsi la­zım gələn bəzi mənəvi ehtiyaclar da doğurmuşdu; o cümlədən yeni vətəndaşlıq məfhumunun doğurduğu ehtiyac qeyd oluna bilər. Özü-özünü idarəedən və şərəf və ləyaqət sahibi ol­ması lazım gələn suveren bir millətin fərdlərinə heç olmasa minimal bir məişət səviyyəsi təmin etmək lazımdır; belə bir millət öz aralarında, küçələrdə dilənən, aclıqdan ölən, evsiz və qidasız, xəstəlik zamanlarında dərmansız və qayğısız öz başına tərk edilmiş vətəndaşların mövcudluğuna səbr edə bilməzdi. Hələ fransız inqilabı zamanında məşhur Baböf[xviii] “ac bir vətəndaş üçün seçki haqqı və hürriyyət nə ifadə edər” deyə fəryad edirdi. Daha sonra Utopiyaçılar, yəni xəyalpərvər ünva­nını almış olan və əksərən burjua sinfinə mənsub iqtisadçılar bu ruhi və mənəvi ehtiyacın çox canlı və təsirli ifadəçisi oldular. Dövlət bu fəryadlara və fəryadları qoparan mənəvi ehtiyaclara laqeyd qala bilməzdi. Buna görə yeni dövlət bir də üzərinə xalqın səhhətinə baxmaq, möhtacların yardımına yetmək, yəni tibb və sosial müdafiə vəzifəsini almaq məcburiyyətində qaldı.

Bununla bərabər, yenə fərdi fəaliyyətlərin məhsulu olaraq yüksək dərəcədə inkişaf etmiş olan milli və beynəlxalq münasibətlərdən doğan yeni xidmətlərin icrası lazım gəlirdi, məsələn uzaq koloniyalar və məmləkətlər ilə nəqliyyat əlaqəsi, beynəlxalq qərarların yerinə yetirilməsi və s. kimi ehtiyacların da xüsusi təşəbbüslər ilə təmin oluna bilməyəcəyi aşkar olduğundan bunları da dövlət üzərinə götürmək məcburiyyətində qaldı.

Bütün bu yeni vəzifələr dövlətin üzərinə ağır məsrəflər yükləyirdi. Dövlət bu xərcləri necə təmin edəcəkdi?

Dövlətin qarşısında iki hazır mənbə vardı. Birisi fərdi təşəbbüslər ilə artmış olan sərvətlər və gəlirlər üzərinə vergilər qoymaq, digəri də gəlir verən təşəbbüsləri öz əlinə almaq.

Bu təşəbbüslər o zamanlara qədər xüsusi şirkətlər tərəfindən işlənilən və fəqət əsas etibarilə dövlətə aid olan sərvət mənbələri idi; Məsələn: Almaniyadakı kömür, dəmir mədənləri, meşələr, bəzi dəmir yolları kimi; bütün bu mənbələr o zamana qədər xüsusi şirkətlər tərəfindən istismar edilməkdə idi və bu şirkətlər tərəfindən qurularaq, təchiz və inkişaf etdirilərək gəlir verəcək vəziyyətə gətirilmişdilər. Bu dəfə dövlət gəlir təmin etmək niyyəti ilə bu təşəbbüslərin müqavilə müddəti bitdikcə müqaviləni yeniləməyərək işlətmə fəaliyyətini üzərinə götürdü və yaxud müddət bitmədən təzminat müqabilində geri aldı.

Bu yolla xüsusi şirkətlərin yerinə keçmiş olan dövlətin əlinə təchizat və təşkilatı qurulmuş, məmurları hazırlanmış müəssisələr keçdi.

Dünya Müharibəsinin Təsirləri, Müxtəlif Dövlətçilik Tərzləri

Nəhayət Dünya Müharibəsi başladı. Müharibə əsnasında hərbin təzyiqilə dövlət o zamana qədər toxunmadığı bir çox təşəbbüsləri də əlinə almaq və yaxud kontrolu altında tutmaq məcburiyyətində qaldı. Reallıqda bu hadisə belə hərbdən doğan bir təzadın, bir ehtiyatın məhsulu idi. Bu müharibə bitər- bitməz dövlətlər bu təşəbbüsləri sahiblərinə geri verməyə başladılar.

Fəqət artıq zehinlərdə dövlətin geniş bir miqyasda müdaxilə etməsinə bir növ alışqanlıq hasil olmuşdu. Ta əvvəlcədən dövlətin bu yola girməsini istəyən müxtəlif sosialist propaqandaları da müharibənin yaratdığı xarabalar üzərində uyğun mövqe taparaq gücləndi.

Müharibədən sonra çıxan böhranlar isə köhnə quruluşun, yəni demokratiyanın artıq tarixi dövrünü bitirmiş olduğunu irəli sürənləri haqlı çıxarmış kimi oldu.

Bu iddianı səsləndirənlərə görə, ziddiyyət və ahəngsizlik köhnə quruluşun ta daxilindədir. Bundan dolayı təzadı ortadan qaldırmaq və ahəngi artıq qəti və daimi olaraq təmin edə bilmək üçün bu quruluşun özünün yıxılması lazımdır deyirlər.

Köhnə quruluşun bariz xüsusiyyətləri bunlardır: Mülkiyyət, şəxsi əmək və şəxsi istehlak, sərbəst rəqabət. Buna görə yeni quruluşu qurmaq üçün bütün bunları yıxmaq lazımdır.

Fəqət bu quruluş necə yıxılacaq və yeni quruluş nədən ibarət olacaq?

Bu suala cavab verərkən yeni quruluş tərəfdarları arasındakı birlik və ittifaq pozulur. Yeni quruluşun ifratçı tərəfdarları, yəni kommunistlər şəxsi mülkiyyət, şəxsi əmək və şəxsi istehlak üsulunun ortadan qaldırılmasının və yerinə bütün istehsal vasitələrinin dövlət əlinə keçməsini və kollektiv əmək ilə kollektiv istehsal və kollektiv istehlak qaydasının qoyulmasını istəyirlər.

Bu üsul bütün bəşəriyyət tərəfindən qəbul edilərsə, ortada nə zəngin qalar, nə kasıb, nə sərhəd qalar, nə millət, nə dövlət qalar, nə müharibə, nə istehsalda artıqlıq və nə də istehlakda nöqsan, buna görə nə böhran qalar, nə ziddiyyət.

Bu nəzəriyyəni ilk əvvəl sistem tərzində ifadə edən fransız sosialistlərindən Lui Blan[xix] olmuşdu, lakin nəzəriyyəyə fəlsəfi bir mahiyyət verərək elmi mülahizələrlə isbat etməyə çalışan iki böyük alman mütəfəkkir Engels və Karl Marks idi. Fəqət Engels və Karl Marks ilə dövrümüzdə onların nəzəriyyələrini tətbiq etməyə müvəffəq olanlar ara­sında hədəfə çatma barədə  ixtilaf vardır.

Karl Marks və Engels və onlarla bərabər çalışan Lassal bu hədəfin təkamül yolu ilə və burjuaziya sisteminin və parlamentarizm üsulunun özünün inkişafı ilə reallaşa biləcəyi qənaətində idilər; bunlara görə, dövlətin bütün istehsal vasitələrini əlinə ala bilməsi yalnız yüksək dərəcədə sənayeləşmiş mühitlərdə mümkündür. Zira bu kimi mühitlərdə iki hadisənin yan-yana yürüdüyü müşahidə olunmaqdadır.

Bir tərəfdən kapital getdikcə müəyyən və məhdud əllərdə toplanmış, digər tərəfdən də kəndlər davamlı olaraq şəhərləşmiş, əkinçi və kiçik sənətkarlarla orta ticarətçilər davamlı olaraq fəhlələşmişdir.

Məhdud əllərdə toplanan kapitalın qurduğu nəhəng sənaye müəssisələri ətrafında davamlı olaraq fəhlələşən kəndlilərdən və kiçik sənət və ticarət  ərbabından ibarət nəhəng kütlələr toplanmaqdadır.

İş ətrafında birləşən bu kütlələr arasındakı müştərək müqəddərat, müştərək mənfəət və müştərək həyat bir tərəfdən bunları əmək və istehsalda iştirakçılığa alışdırdığı kimi, digər tərəfdən də  bir-birinə dərin və qırılmaz bir həmrəylik ipi ilə bağlamaqla kommunizmə zəmin hazırlamaqdadır.

Buna görə son hədəfə çata bilmək üçün kommunist rəhbərlərinə demokratiyanın təmin etdiyi azadlıqlardan istifadə edərək yorulmaz bir propaqanda və fəaliyyət ilə bu kütlələri maarifləndirmək, təşkilatlandırmaq, birlikdə və müttəfiq fəaliyyətlərin icrasına alışdırmaq, seçkilər zamanında fəhlə mənfəətini müdafiə edəcək təmsilçilər seçiminə sürükləmək və dövləti davamlı olaraq xüsusi təşəbbüslərə müdaxilə edərək bu təşəbbüsləri üzərinə almağa sövq etmək kimi icraat qalır. Bu şəkildə bir gün parlamentdə əksəriyyət öz-özünə bunların əlinə keçər və bunlar inqilabsız və ixtilafsız və eyni zamanda əksəriyyəti təmsil edərək hakimiyyəti əllərinə alarlar və yeni quruluşu qurmaqda çətinlik çəkməzlər.  Budur  kommunizmin atası olmasında heç kimin tərəddüdü olmayan iki mütəfəkkirin tövsiyyə etdikləri metod.

Bunlara görə, əvvəla, nəhəng dövlətçilik ancaq yüksək səviyyədə sənayeləşmiş məmləkətlərdə ola bilər.

İkincisi, nəhəng dövlətçilik inqilabi yolla deyil, təkamül yolu ilə reallaşa bilər.

Lassal ümumun rəyi ilə qurulmuş parlamentarizm üsulu ilə hədəfə asanlıqla çata biləcəyinə dərindən inanırdı. Bismarkla anlaşaraq fəhlələrin lehinə qanunlar qəbul etdirməyə çalışırdı. Karl Marksın “Fransada sinfi mübarizə” adlı əsərinə yazdığı ön sözdə Engels deyir ki: “Hər nə qədər bizim əcnəbi dostlarımız inqilab haqlarından vaz keçirlərsə də, biz alman kommunistləri parlamentar üsul ilə və qanuni hərəkət edərək hədəfimizə doğru  daha əmin bir tərzdə yürüməkdəyik”.

Fəqət Lenin ilə Trotski belə düşünmədilər. Bunlar nəhəng dövlətçiliyin inqilabi yolla və sənayeləşməmiş məmləkətlərdə belə reallaşdırıla biləcəyi fikrini irəli sürdülər. Bunlara görə: inqilabçı azlığın diktaturası məqsədi təmin etmək üçün kifayət edər.

Budur, metod haqqındakı bu nəzəriyyə fərqi əsillərini eyni marksizmə bağlayan bolşevizm ilə sosial-demokratlar arasında ixtilaf çıxartdı. Rus inqilabının sonrasında belə Karl Marksın ən yaxın dostlarından hesab edilən, Karl Marksın vəfatından sonra onun ən böyük əsəri sayılan “Kapital”ı Engels ilə bərabər tərtib edərək nəşr etdirən Kautski[xx] Bolşeviklərə şiddətlə hücum və tənqid etdi və o günlərdən bəri bu iki qardaş firqə arasına dərin və aradan qaldırılması mümkün olmayan bir ədavət girdi.

Kommunist olmayan digər sosialist məktəblər isə yeni quruluşu yenə dövlətçilikdə, yəni istehsal vasitələrinin dövlətin əlində toplanmasında axtarmaqla bərabər, əmək və əmək məhsulunun istehlakı mövzusunda fərdiyyətçilik prinsipini qəbul edirlər.

Fəqət kommunist və sosialist dövlətçilik xaricində bir də bir növ ifrat burjua dövlətçiliyi vardır. Bu ifrat burjua dövlətçiliyi zamanımızda faşizm şəklini almışdır.

Faşizm reallıqda kommunist və sosialist dövlətçiliklərinə qarşı qoyulmuş bir növ burjua reaksiyasıdır. Bu dövlətçiliyin hədəfi nə mülkiyyəti, nə sərhədləri və nə də milli hökumətləri ortadan qaldırmaqdır.

Onun hədəfi milli həyatın iqtisadi, siyasi və mənəvi cəbhələri üzərində nizamlayıcı rolunu oynamaq, siniflər arasındakı münasibətləri tənzim və fərdi fəaliyyətləri sərt bir kontrol altına almaqdan ibarətdir.

Faşizm reallıqda liberal parlamentarizm üsulunun vücuda gətirmiş olduğu qurumların hamısını mühafizə etməkdədir. Parlamenti zahirən saxlamaqda, böyük sərmayəyə toxunmamaqda, şəxsi mülkiyyət üsulunu qorumaqda, hətta dini qurumlarla belə asanlıqla anlaşmaqdadır. Hakimiyyət formasına gəlincə: faşizm Polşada cümhuriyyətçi, İtaliyada monarxistdir, lakin hər iki məmləkətdə diktaturaçıdır.

İndi bu dörd növ dövlətçilik üsulundan Kadrocular hansını tərcih edirlər?

Kadrocular bu suala zahirən açıq cavab verirlər.

İlk öncə, bunlar demokratiya dövlətçiliyini qəbul etmirlər və demokratiyaya qarşı dərin bir nifrət duymaqdadırlar.

Sonra bunlar nə kommunist, nə sosialist, nə də faşistdirlər.

O zaman Kadrocular nədirlər və nə kimi bir dövlətçilik sistemini qəbul edirlər?

Bunların özünəməxsus və spesifik olan bir dövlətçilik sistemləri vardır. Bu xüsusi dövlətçilik nəzəriyyəsini guya “inqilabımızın gedişindən alaraq” formalaşdırmağa çalışırlar.

Belə ki, inqilabdan əvvəl dövlətimiz yarımmüstəmləkə halda idi; yüksək texnologiyaya malik olan əcnəbi sərmayəsi geriqalmış texnologiyalı Türk əməyini is­tismar etməkdə və Türk millətini kasıb vəziyyətə məhkum etməkdə idi.

Qurtuluş hərəkatının hədəfi məmləkəti və milləti bu üzücü vəziyyətdən qurtarmağa yönəlmişdir. Kadrocular eyni mahiyyətdə milli qurtuluş hərəkatlarının bütün digər yarımmüstəmləkə və ya müstəmləkə vəziyyətində olan məmləkətlərdə dəxi cərəyan etdiyinə əmindirlər. Fəqət bu xüsusda hər kəsdən əvvəl və hər kəsdən artıq yararlılıq və güc göstə­rən Türkiyədir. Buna görə Türkiyə bu cərəyanın başına keçməli, üzərinə dünya miqyaslı bir missiya al­malı və başqa məmləkətlərə dəxi qurtuluş yolunun nədən ibarət olması lazım gəldiyini göstərməlidir. Türkiyə elə bir quruluş arxasınca getməlidir ki, özünü və bəşəriyyəti iztiraba sövqedən təzadlardan əbədiyyən qurtarmış olsun.

Fəqət bu nəhəng iş necə görülə bilər?

Kadroculara görə, bu işin öhdəsindən yalnız geniş bir dövlətçilik sistemi ilə gəlmək olar.

Kadrocular eynən deyirlər ki: “Halbuki Türkiyə və Türkiyəyə bənzər məmləkətlər üçün dövlət müdaxiləsinin mövzusu yüksək texnologiyanın doğur­duğu bir sıra təzadları bir sıra mənfəətlər üçün kontrol altına almaq deyil, zatən mövcud olmayan bu yüksək texnologiyanı şəxsən dövlət təşkilatı altında və bir sıra mənfəət təzadlarına yol aç­madan meydana gətirməkdir.” (Səhifə 112)

Kitabın 159 – cu səhifəsində isə deyilir ki: “Bizdə dövlət millətin həm təmsilçisi, həm təşkilatçısı, yəni millətin içərisindən doğulan, lakin milli həyatı əməli olaraq sövq və idarə edəcək böyük istehsal məhsullarını millət adına yaradan və millət adına mənimsəyən bir təşkilat olacaqdır…”

Yenə kitabın 119-cu səhifəsində bu cümləni oxuyuruq: “Dövlətin iqtisadi fəaliyyətinin həddi haqqında indidən qəti bir şey söyləmək yersiz­dir. Yalnız biz bu həddin davamlı olaraq genişləyəcəyinə və dövlətin getdikcə mükəmməlləşən milli bir iş birliyi aləti olaraq böyük inkişaf qabiliyyətinə malik olduğuna inanırıq…”

Bütün bu yazılar bir az qarışıq, bir az qeyri-müəyyəndir. Fəqət buna rəğmən Kadrocuların əsas fikirləri kafi dərəcədə açıq ifadə edilmişdir.

Bunlara görə, dövlət milli həyatın hər səhifəsinə müdaxilə edəcək, onu tənzim və idarə edəcək. Və yalnız idarə və tənzim etməklə qalmayacaq. Eyni zamanda özü şəxsən təşəbbüskar olacaqdır. Böyük iqtisadi məhsulları yaradacaq və mənimsəyəcək və nəhayət milli bir işbirliyi vasitəsini reallaşdıracaqdır və bunu həyata keçirərkən təbii olaraq sinfi ziddiyyətlərin meydana gəlməsinə, yəni böyük sərmayələrin formalaşmasına yol verməyəcəkdir. Və bu şəkildə məmləkəti və milləti bu ziddiyyətlərdən çıxan potensial böhranlardan xilas etmiş olacaqdır.

Bəs Kadrocular nə kommunist və nə sosialist və nə də faşist idilər! Həqiqətən bunlar faşist deyillər. Çünki: dinlə dövlət arasındakı münasibətlərdən, millətlə hökmdar arasındakı əlaqələrdən bəhs etmirlər.

Fəqət eyni zamanda faşist üsulunu qəbul etməkdədirlər. Çünki: Dövlət adı verdikleri varlığa bütün milli fəaliyyətləri tənzim etmək və kontrol altında tutmaq səlahiyyətini verirlər.

Kadrocular kommunist və sosialist deyildirlər. Çünki mülkiyyət prinsipini inkar etmirlər, öz nəzəriyyələrini zatən Türkiyədə mövcud olmayan sinif mübarizələrindən və sərmayə hakimiyyətindən çıxarmırlar.

Lakin kommunist və sosialist metodlarının hərarətli tərəfdarıdırlar. Çünki: Kommunistlər kimi dövlətin ictimai ziddiyyətləri əbədiyyən ortadan qaldıracaq qabiliyyətdə olduğuna inanırlar. Çünki: Bunun üçün də tövsiyə etdikləri yol eyni kommunistlərin və sosialistlərin tövsiyə etdikləri kimi iqtisadi məhsulun dövlət tərəfindən yaradılması və dövlətin mənimsəməsi üsulundan ibarətdir.

Bu qədər ziddiyyətlər arasında yürüyən Kadrocuların həqiqi mahiyyətləri nədir?

Bu sual özlərindən soruşulan zaman bunlar özlərini bu üç kəlimə ilə ifadə edirlər: Kamalist, inqilabçı və dövlətçi.

Kamalist! Əla!

Lakin mən də heç olmasa eyni dərəcədə Kamalist olmaq iddiasındayam!

Fəqət yuxarıda göründüyü kimi, mən Kamalizmi başqa tərzdə düşünürəm və bu düşüncələrimi də beynimdən, şəxsi görüşlərimdən, kəlimə spekulyasiyalarından deyil, Kamalizmin meydana qoyduğu müsbət işlər və müsbət əsərlərdən çıxarıram.

İnqilabçı!

Fəqət mən də inqilabçıyam! İnqilabın ilk günlərindən onda iştirak etmiş, içində yuvarlanmış, çalxalanmış, müxtəlif dövrlərini yaşamış bir insa­nam! Fəqət mən bu inqilabı yenə yuxarıda görüldüyü şəkildə başqa formada anlayıram.

Dövlətçi!

Budur, tilsimin ən sirli açarı!

Bu sirr arasında dolaşmazdan əvvəl mühüm bir məqamı burada qeyd etmək istəyərdim.

Görürsünüz ki, mənim kimi bir çox Türk vətəndaşları da həm Kamalist, həm inqilabçı və həm də Dövlətçi olduqları halda bu məfhumları anlamaq mövzusunda Kadroculardan ayrılırıq.

Bu, bizim haqqımız deyilmi?

Halbuki Kadrocular Türk inqilabının təmsilçisi obrazına bürünərək, Türk inqilabının “iradə və mənfəətlərini” öz “iradələrində” təmsil edilmiş kimi göstərir və öz anlayış tərzlərinə hər kəsin uymasını tələb edirlər.

Demək ki biz əski “ilahi hüquq” nəzəriyyəsi yerinə bu dəfə də bir “reankarnasiya hüququ” nəzəriyyəsi qarşısındayıq. Hər iki nəzəriyyə də eyni dərəcədə mistikdir və eyni nisbətdə mütləqiyyət qaynağından qidalanır. Halbuki Kamalist inqilabın birinci hədəfi hər növ mistisizmi və mütləqiyyəti yıxmaq və vətəndaşlara fikir və söz azadlığı verərək başqasının haqqına təcavüz etməmək şərtilə hər kəsə istədiyi kimi düşünmək, anlamaq və söyləmək haqqını təmin etməkdən ibarətdir.

Kadrocular Kamalist olduqlarını iddia etdikləri halda Kamalizmin əsası olan bu haqqı tanımaq istəmirlər.

Buna nə deyək?

Kadro və inqilab kitabında mənim kimi hər kəsi də heyrətə düşürəcək bu kəskin hökmü gördüm: “Xülasə, zahirən aldadıcı hekayələrə rəğmən dövlətin iqtisadi həyata müdaxilə və təsiri 19-cu əsrin liberal dövlət sistemində olduğu qədər heç bir zaman inkişaf etməmişdir”.

Liberalizm haqqında mövcud ümumi qənaətə zidd olaraq səsləndirilən bu təəccübləndirici fikir bir doqma kimi vəz edildikdən sonra liberalizmə bağlanılan bu geniş dövlət müdaxiləsinin vermiş olduğu nəticələr də bu şəkildə ifadə olunur. “19-cu əsrin və müharibədən əvvəlki dünya quruluşunun bütün xarici və daxili ziddiyyətlərinin ifadəsi bu liberal dövlətin şəxsən özüdür..»

Liberal dövlətlərə bu qədər geniş bir müdaxilə obrazı və müdaxilədən doğan fəlakətlər aid edildikdən sonra ictimai ziddiyyətləri ortadan qaldırmaq qayğısı ilə təsirlənmiş Kadroculardan dövlətçilikdən oddan qaçan kimi qaçmalarını gözləmək lazım gəlməzdimi?

Xeyr! Baxın, dərhal nə əlavə edirlər: “Milli qurtuluş hərəkatının dövlətçiliyi həm yüksək texnologiyanı mənimsəyəcək, həm də bu texnologiyanın tərəqqisi ətrafında bir sıra ziddiyyətlərin baş qaldırmasına meydan verməyəcək..”

Bu şəkildə müharibədən əvvəlki bəşəriyyətin bütün ictimai iztirablarını dövlətin müdaxiləsində görən Kadrocular müharibədən sonrakı bəşəriyyətin ictimai iztirablarının aradan qaldırılmasını eyni dövlətin ən yüksək və geniş müdaxilələrində axtarırlar.

Budur, sizə həm tezis, həm də antitezis.

Dövlət məfhumu  altında Kadrocular nə anlayırlar?

Bu xüsusa aid bunların əsərlərində açıq-aşkar bir fikrə təsadüf etmədik. Fəqət dövlətin funksiyaları haqqında irəli sürdükləri fikirlərdən anlaşılır ki, bunlar dövlət məfhumu ilə hökumət məfhumunu qarışdırır və yaxud dövləti hökumətdən ibarət hesab edirlər. Məsələn, yuxarıda da qeyd edildiyi kimi, kitabın 159-cu səhifəsində bu sətirləri oxuyuruq: “Bizdə dövlət millətin həm təmsilçisi, həm təşkilatçısı, yəni millət içindən doğulan, lakin milli həyatı sövq və idarə edərək böyük iqtisadi kapitalı millət adına yaradan və millət adına mənimsəyən təşkilat olacaq.”

Bu fikri Kadroculara məxsus söz qələbəliyindən və qeyri-müəyyənlikdən ayırd edərək açıq bir dil ilə söyləyəsi olsaq, onlara görə, dövlət: “Bir icra qüvvətidir ki, milləti təmsil edir, millətin yerinə keçir,  milli təşkilatı formalaşdırır, milləti sövq və idarə edir; iqtisadi təşəbbüsləri üzərinə götürür, sərvətlər yaradır, texnologiyanı qurur və bütün bunları mənimsəyir, xülasə, milləti udur, ona heç bir funksiya saxlamır..”

Dövlət məfhumu bu şəkildə bəsitləşdirilərək tək bir orqan halına gətirildikdən sonra artıq cəmiyyətə aid bütün funksiyaların bu tək orqan üzərinə yüklənməsi çox təbiidir.

Fəqət dövlət bir tək orqandan, yalnız icra cihazındanmı ibarətdir? Budur, üzərində durulası məsələ…

Həqiqətən dövlət məfhumu içində hökumət və icra cihazı da vardır. Fəqət bu cihazın yanında və onun üstündə bir millət də yoxdurmu?

Kadrocular bu sualın qaçılmaz olduğunu hiss edərək millət kəliməsini çox istifadə edirlər. Fəqət reallıqda bu varlıq faktiki onların nəzərində kəlimədən ibarət qalır. Ona heç bir funksiya verilmir. O, icra strukturları altında heçliyə endirilir. Kadroculara görə, bu icra strukturu milləti təmsil edir, milləti təşkilatlandırır, onu sövq və idarə edir, sərvət yaradır, sərvətləri mənimsəyir, xülasə: Millətin yerinə keçərək bütün fəliyyətləri öz üzərinə götürür.

Bəşəriyyəti ta ilk günlərdən bəri bu qədər düşündürən bir məsələni bu qədər bəsitləşdirmək bu qədər cəsurca bir tərzdə həll etmək həqiqətən bir hünərdir. Fəqət Kadrocuların bu cəsarətlərinə rəğmən məsələ yerində qalır və millətlə hökumət arasındakı əlaqə və münasibətləri və dövləti təşkil edən bu iki ünsürün funksiya hüdudlarını təyin və açıq ifadə etmək məsələsi eynən sonsuzdur.

Aşkardır ki, dövlət məfhumunda millət ünsürü əsasdır. Çünki hökumət belə bu ünsürdən çıxır. Heçliyə enmiş, silinmiş, funksiyasız qalmış bir millət nə dövlət qura bilər, nə də içindən bir hökumət, bir icra mexanizmi çıxarar.

Lakin bir millət də hökumətsiz ola bilməz, dövlətdə hökumət ikinci ünsür olmaqla bərabər onun söykəndiyi ən mühüm sütundur.

Bax bütün məsələ bu iki ünsür arasındakı əlaqə və münasibətləri təyin etməkdən ibarətdir.

Aşkardır ki, sırf zehni və subyektiv təsəvvürlər üzərinə qurulan düsturlarla bu cəhət həll edilə bilməz. Ünsürlərin mahiyyətləri ictimai həyatın inkişaf səviyyəsi, dövlətin zaman və məkan etibarilə icrasına məcbur qaldığı vəzifələr nəzəri-diqqətə alınmadan irəli sürülən hər cür hökm subyektiv və buna görə də dəyərsizdir.

Biz yuxarıda dedik  ki: Dövlət təbiətən dövlətçidir. Yəni millətin qəbul etmiş olduğu quruluşu davam etdirməklə və bu quruluşda ortaya çıxan ziddiyyətləri ortadan qaldırmaqla mükəlləfdir. Buna görə də müdaxilənin hədd və mahiyyətini də bu prinsiplər təyin edər. Yenə yuxarıda gördüyümüz kimi hər yerdə və hər zaman dövlətin müdaxiləsi milli həyatda baş vermiş olan inkişaflardan yaranan ziddiyyətləri aradan qaldırmaq ehtiyacından irəli gəlmişdir.

Buna görə bu ehtiyac hələ meydana gəlməmişdir, yəni fərdi fəaliyyətlərin inkişafı ilə milli həyatda ziddiyyətlər zühur etmədən öncə dövlətin müdaxiləsi həm lüzumsuz və həm də zərərli olar.

Boş və faydasızdır, çünki müdaxilə üçün mövzu yoxdur.

Zərərlidir, çünki ziddiyyəti inkişaf vasitəsi ilə doğuracaq fərdi fəaliyyətlərə mane olur. Bu münasibətlə burada Engelsin bir sözünü xatırlayaq: Bu böyük mütəfəkkir deyir ki: “Siyasi gücün iqtisadi inkişafa müvafiq olmayan müdaxiləsi iqtisadiyyatı ta əsasından sarsıdar.”

Kadrocular özləri etiraf edirlər ki: Tükiyədə nə sinif var, nə sinfi mübarizə, nə böyük kapital var, nə də əmək ilə kapital arasında toqquşma; yəni müasir dövlətlərdə dövlətin geniş müdaxiləsini vacib edən institutlardan heç biri Türkiyədə yoxdur. Buna rəğmən eyni Kadrocular bu ziddiyətlərin doğmuş olduğu yerlərdə həyata keçirilən müdaxilə və tədbirlərin indidən Türkiyədə də alınmasını, yəni dövlətin geniş müdaxiləsini tələb etməkdədirlər. Bunlar bununla da dayanmırlar. Ziddiyyətləri doğuran amillərin meydana çıxmasına belə meydan verilməməsini, yəni xüsusi təşəbbüslərin və bu təşəbbüslərin yarada biləcəyi  sərmayənin formalaşmasına dəxi indidən mane olacaq tədbirlərin alınmasını istəyirlər.

Kadro kitabının 112-ci səhifəsində eynilə deyilir ki:

“Türkiyə və Türkiyəyə bənzər məmləkətlər üçün dövlət müdaxiləsinin mövzusu yüksək texnologiyanın do­ğurduğu bir sıra təzadları bir sıra mənfəətlər üçün kontrol və disiplin altına almaq üçün deyil, əsasən mövcud olmayan bu yüksək texnologiyanı şəxsən dövlət təşkilatçılığı altında və bir sıra mənfəət ziddiyyətlərinə yol açmadan meydana gətirməkdir.”

Bu yolla fərdi fəaliyyətlərlə cəmiyyət həyatı inkişaf etmədən və inkişafın nəticəsində ziddiyyətlər ortaya çıxmadan dövlət iqtisadi fəaliyyəti əlinə almalıdır- deyirlər.

Fəqət dövlət bunu necə edəcək?

Kadrocuların acı şikayətlərindən birisi də bizdə texnologiyanın geri qalmış olması və toplanmış sərmayənin olmamasıdır.

O halda tövsiyə etdikləri istehsal yığımları ilə yüksək texnologiyanı dövlət bizdə necə quracaq?

Yuxarıda gördük ki, dövlətin iqtisadi həyata müdaxiləsinin genişlənməsi cəmiyyətin inkişafı ilə bərabər addımlamışdır. Azadlıqlar sayəsində cəmiyyətdə elm, dəqiq fənlər, bilgi, təcrübə və texnologiya deyilən cihazı yaradan fərdi qabiliyyətlər açıldıqca ictimai təzadlar meydana gəlmiş və dövlət də müdaxilə edərək bu ziddiyyətləri bir-bir aradan qaldırmağa çalışmışdır. Bu kimi yerlərdə dövlət müdaxilə edərkən və yeni funksiyaları həyata keçirmək üçün yeni orqanlar yaradarkən istifadə edəcəyi amilləri cəmiyyətdə hazır tapır. Zatən hazır olan yüksək texnologiya ilə dəqiq elmlər və bilgi və təcrübə ilə silahlanmış fərdlər dövlətin əmrinə hazırdır. Fəqət bizim kimi hələ açılmamış məmləkətlərdə geniş dövlətçilik fəaliyyəti necə həyata keçirilə bilər? Dövlət lazım olan kapitalı, texnologiyanı, bil­giyi, dəqiq elmləri, tərbiyəni harada tapacaq?

Bütün bunlar üzərində uzun-uzadı durulacaq həyati məsələdir. Sırf bir nəzəriyyənin tətbiqi üçün necə gəldi kəsilib atılmaz. Bir gün elə qarışıq və bulaşıq çevrə içərisinə soxulmuş olarıq ki, qaçacaq yol belə tapmarıq.

Kadrocular qəbul etməlidirlər ki, bu qədər yayınmaq istədikləri demokratiya sisteminin bəşəriyyətə vermiş olduğu bir çox nemətlər arasında mövzumuzla əlaqədar olduğu üçün xüsusilə qeyd etməyə dəyər birisi var ki, iş fəzilətindən və iş əxlaqından ibarətdir.

Bu sistemin içindən bir gün baxırsınız ki, bir Ford çıxır. Fəhləliklə başlamış olan bu Fordlar mühitlərindən aldıqları təcrübə və uzmanlıqla və s. yaradıcı xüsusiyyətlər sayəsində elə sərvətlər yaradır və toplayırlar ki, yalnız başına məsələn, 10 İran kimi dövlətin dirilməsinə kifayət edər. Bu bir şeydir və həm də çox dəyərli bir şeydir.

Bütün köhnə və yeni düşünülən quruluşların əksinə olaraq ictimai siniflər arasında bağlı qapılar və divarlar qəbul etməyən, həmçinin hər kəs üçün bütün yolları açıq saxlayan və bu yollar üzərində yürümək azadlığını verən demokratiya sisteminin fərdlərdə inkişaf etdirdiyi xüsusiyyətlər arasında bilgi, təcrübə, çalışqanlıq, səbr, qənaət, özünəgüvən, özünə nəzarət, vəzifəyə bağlılıq, təşəbbüsdə cəsarət və s. kimi məhsuldar və yaradıcı qabiliyyətlər qeyd edilə bilər. Bu kimi fərdləri içində daşıyan bir cəmiyyət dövlətçilik sahəsinə atılarkən və iqtisadi fəaliyyətləri əllərinə alarkən əmrlərinə hazır həm texnologiya, həm kapital, həm də təcrübə və bilgiyə sahib və iş əxlaqı ilə silahlanmış fərdləri hazır tapırlar.

Rus bolşeviklərindən “Sosializmin tarixi” adlı əsərin müəllifi Goref[xxi] Marksdan bəhs edərkən Marksın demokratiyaya qarşı bəslədiyi fikirləri belə ifadə edir: “Marks demokratiyanın yaratmış olduğu kültürü inkar edən alman sosialistlərindən birisinə xitabən: ‘Cəhalət heç bir kimsə və heç bir zaman üçün faydalı olmamışdır’ deyə bağırdı. Marks və Engels sosialistlərə və fəhləyə bu yüksək mədəniyyətin mühafizəsinə diqqət olun­ması ehtiyacını izahdan yorulmazdılar.”

Digər tərəfdən elmi və əsərləri ilə özünü bütün Avropaya tanıtmış olan sabiq Sovet Maarif komissarı Lunaçarski:[xxii] “Aristokratik, burjua və proletar mədəniyyət” adlı əsərində demokratiya mədəniyyətini bəyənməyən yoldaşlarına qarşı bu sözləri yazır: “Unutmamalısınız ki, siz hələ heç bir şey yaratmadınız və unutmamalısınız ki, bu gün istifadə etdiyimiz alətlər, istifadə etdiyiniz cihazlar və elmlər hamısı burjua mədəniyyətinin məhsuludur.”

Bu sözlərə bir də bu cümlə əlavə olunarsa, həqiqət tam olaraq söylənmiş olar. “Daşıdığımız fikirlər, məzhəb kimi sitayiş etdiyimiz nəzəriyyələr dəxi bu mədəniyyətin məhsuludur.”

Bu səbəbdən demokratiya dövrünün açılmasını görmədən və bu açılmanın doğurduğu ziddiyyətlər ortaya çıxmadan görülmüş və çıxmış kimi davranmaq dövləti iflic etməkdən başqa nəticə verməz.

Karl Marks “Kapital” adlı əsərinin müqəddiməsində deyir ki: “istehsal vasitələri dövlətin formasını və siniflərin qarşılıqlı vəziyyətlərini təyin edər. Cəmiyyətin təkamülü istehsal vasitələrinin təkamülü ilə bərabər gedir. Fəqət bu təkamül seyrini nə durdurmaq və nə də üzərindən keçmək heç bir gücün edə biləcəyi iş deyildir”.

Marksın yoldaşı olan Engels isə eyni fikri “Anti-Durinq” adlı əsərində belə ifadə edir: “siyasi gücün iqtisadi inkişafa müvafiq olmayan fəaliyyəti iqtisadi inkişafı ta kökündən sarsar…”

Biz geniş dövlətçilik nəzəriyyəsini quranların və əməli olaraq nəzəriyyəni reallaşdıranların fikirlərini bir bəlgə olaraq qeyd etdik. Bu bəlgə belə göstərir ki, texnologiyanın inkişafı kapitalizmin inkişafına dərindən bağlıdır. Dövlətçiliyə yol və zəmin hazırlayan kapitalizmdir.

Mövcud sənayesi inkişaf etməmiş olan cəmiyyətlər belə bir çox fədakarlıqlarla xaricdən dəzgah ala bilərlər. Bu fədakarlıqlara tab gətirmək imkanını təsəvvür etsək belə yüksək texnologiya yalnız fabrikdən və dəzgahdan ibarət deyildir. Bunlar texnologiyanın yalnız maddi cəbhəsidir. Onun mənəvi cəbhəsi isə bilgi, təcrübə, ixtisaslaşma və xüsusilə iş əxlaqı, yəni iqtisadiyyat kimi dəyişkən və enişli-yoxuşlu bir sahədə çaşmadan yürüyə bilmək və itirmədən yaratmaq kimi xüsusiyyətlərdir.

Avropa və Amerikada fərdlərin və fərdi qabiliyyətlərin inkişafına səbəb olan demokratiya dövrü bu amillərin inkişafını və tərbiyəsini təmin etmişdir.

Fəqət demokratiya dövrünü yaşamamış olan cəmiyyətlərdə geniş dövlətçilik sistemi necə tətbiq oluna bilər?

Pulu, texnologiyanı və xüsusilə, pulu və texnologiyanı səmərəli və faydalı şəkildə işlədəcək olan canlı ünsürləri haradan tapacaq?

Zatən iş və texnologiya ilə heç bir əlaqəsi olmayan məmurların belə nəhəng və həyati bir təşəbbüsü müvəffəqiyyətlə apara biləcəklərinə Kadrocular həqiqətən inanırlarmı?

Qeydlər və istinadlar:

[i] Kitabda platoplazma yazılıb. Lakin ehtimal ki, bu qrammatik bir səhvdir və müəllif protoplazma nəzərdə tutub. Selik tipli kütlədən ibarət protoplazma hüceyrənin daxilində yerləşib, çox mürəkkəb tərkibə malikdir. Protoplazma hüceyrənin canlı orqanoidlərinin və həmin orqanoidlərin maddələr mübadiləsi zamanı topladığı maddələrin məcmusudur.

[ii] David Ricardo (18 aprel 1772 – 11 sentyabr 1823) — ingilis iqtisadçısı. Kitabda Ağaoğlu “fazlai kıymet” qanunu yazıb.

[iii] İsaac Newton (1642-1727) —  ingilis fiziki, riyaziyyatçısı, astronomu, filosofu və kimyaçı alimi

[iv] Martin Luther (1483-1546) —  alman teoloq, protestan reformasiya hərəkatının banisi. Ağaoğlu Lüterin 95 tezisini nəzərdə tutur.

[v] Jan Hus (1372-1415) —  bohemiyalı (İndi Çexiya) teoloq, dini reformist. 1415-ci ildə heretiklikdə təqsirli bilinərək tonqalda yandırılıb.

[vi] Karl Heinrich Marx (1818-1883), alman filosof, sosioloq, iqtisadçı, tarixçi və inqilabçı

[vii] Friedrich Engels (1820 – 1895), alman sosialist filosof

[viii] Georg Wilhelm Friedrich Hegel (1770 – 1831), alman filosof

[ix] Kolonlar Roma imperiyasında II əsrdə yaranmış ictimai zümrə. Kolonlar azad kəndli olaraq torpağı sahibindən icarəyə götürürdülər.

[x] 1789-cu il “İnsan və vətəndaş haqları” bəyannaməsi nəzərdə tutulur

[xi] Gildiyalar nəzərdə tutulub

[xii] Robert Owen, Saint-Simon, Fourier utopik sosialistlər hesab edilir

[xiii] Robert Lowe əslində 1867-ci ildə reform aktı qəbul edilərkən “we must educate our masters” deyib.

[xiv] Otto von Bismarck (1815-1898) 1862-1890-cı illər arasında Prussiya və Almaniya imperiyasının kansleri

[xv] Ferdinand Lassale (1825-1864-cü il) alman filosof, hüquqşünas, sosialist lider, Marksın davamçısı, alman fəhlə hərəkatının əsasını qoyanlardan biri

[xvi] Adolph Wagner (1835-1917) almaniyalı iqtisadçı

[xvii] Gustav von Schmoller (1838-1917) almaniyalı iqtisadçı

[xviii] Francois Noel Babeuf (1760-1797) fransız inqilabçısı, proto-sosialist, jurnalist

[xix] Louis Blanc (1811-1882-ci il) fransız sosialist siyasətçi və tarixçi

[xx] Karl Kautsky (1854-1938), çexiyalı marksist teorist və Alman Sosial Demokrat Partiyasının lideri

[xxi] Boris Isaakovich Gorev (1874 – 1937)  rusiyalı inqilabçı və yazar. O, Rusiya Sosial-Demokrat Partiyasının hər iki-  bolşevik və menşevik qanadında aktiv idi.

[xxii] Anatoli Lunaçarski 1917-29-cu illərdə Maarif Komissarı

1-ci hissəyə keçid:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.