Bundan əvvəlki məqalədə qeyd etmişdim ki, ənənəvi akademik epistemologiya araşdırma predmeti olaraq epistemik uğura fokuslanıb. Həmin məqalədə iddia edirdim ki, ənənəvi epistemologiya buna görə qeyri-ideal şəraitlərdə təzahür edən epistemik failliyi[1] öyrənmək üçün kifayət etmir. Qeyri-ideal epistemik şərait deyəndə epistemik failliyin mövcud olduğu, ancaq epistemik uğurdan daha çox epistemik uğursuzluğun qabarıq olduğu şərait nəzərdə tutulur. Epistemik uğursuzluq olaraq müşahidə olunan hadisələr elm müəssisəsinin inkişaf etməməsi, akademiyanın olmaması, ya da işlək olmaması, tənqidi düşüncə səviyyəsinin aşağı olması, irrasional məzmunlara marağın dominant olması, xurafat, epistemik çəmbərlər, insanların içində yaşadıqları sistem haqqında məlumatlarının olmaması və sairədir və adətən ¨cahillik¨,¨epistemik geridəqalmışlıq¨ və s. kimi ifadələrlə xülasə olunur. Epistemik uğursuzluğun birbaşa müşahidə olunmayan tərəfi isə iki fərqli epistemik failliyin – bilmə və biliyin – fərqlənməsi və güc münasibətləri kontekstində konstellasiyasıdır. Bu yazıda epistemik uğursuzluğu bu iki fərqli epistemik faillik çərçivəsində izah etməyə çalışıram və bilik uğursuzluğunun (da) bir epistemoloji hadisə olaraq epistemologiyanın araşdırma predmeti olmalı olduğunu iddia edirəm.
İki fərqli epistemik faillik: bilmə və bilik
Epistemologiyanın predmeti bilikdir. Bilik əldə olunursa, biz epistemik uğurdan danışırıq, bilik əldə edə bilmiriksə, bunu epistemik uğursuzluq hesab edirik. Bu epistemik uğurun ölçü əmsalı olaraq isə biliyin ənənəvi əsaslandırılmış doğru inam (bundan sonra ƏDİ) tərifindəki əsaslandırma hissəsi götürülür. Yəni, epistemik uğur ancaq o halda baş tutur ki, biz inamımızın doğruluğunu əsaslandıra bilək.
Bu ƏDİ-dan təşkil olunan və epistemik uğurun şərti hesab oluna biləcək bilik çoxmərhələli bir əqli proses kimi təsəvvür oluna bilər. Belə ki, inam və əsaslandırma iki fərqli mental fəaliyyətdir və əsaslandırma çox vaxt inamdan sonra gəlir. Burada həmişə deyil, çox vaxt ifadəsinin işlənməsinə diqqət yetirmək lazımdır. Belə ki, bəzi hallarda bilik, əsaslandırmanın inamdan sonra gəldiyi mərhələli əqli fəaliyyətlər ardıcıllığı yox, inamın və əsaslandırmanın eyni vaxtda təqdim olunduğu mental vəziyyət olur. Belə hallarda biz inam və əsaslandırmanı ümumiyyətlə bir-birindən fərqləndirmirik, çünki hamısı eyni aktın içində olur. Məsələn, dayanacaqda tramvay gözləyərkən eynəyimin şüşəsinə qonan dənəciklərin optik təcrübəsi, burnumun ucuna qonan dənəciklərin yaratdığı soyuq hissi, kənarda gözləyən uşağın dilini çıxardıb qar dənələrini udmaq üçün etdiyi hərəkətlər, anasının qar haqqında nəsə deməsi və s. kimi əsaslandırma elementlərinin hamısı həmin andakı ¨bilirəm ki, qar yağır¨ mental vəziyyətimində mənə eyni vaxtda və hamısı birdən verilir.[2] Və bu vəziyyət ¨inanıram ki, qar yağır¨ mental vəziyyəti ilə eyni deyil, ondan fərqli bir hal və aktdır. Bu mental vəziyyətə bilmə deyək.
Bilmədə biliyin (ƏDİ) inam və əsaslandırma elementlərinə indi, eyni vaxtda və aktiv olaraq məruz qalırsan. Əsaslandırmanın inamdan sonra gəldiyi mental vəziyyət isə bilikdir. Məsələn, inanıram ki, filan məqalə kitabxanada var. Amma kitabxananın sisteminə girib həmin məqaləni tapandan sonra bu inamım əsaslandırılmış olur və mən artıq bilirəm ki, filan məqalə kitabxanada var. Ya da, məsələn, metroda gedə-gedə inanıram ki, çöldə artıq qar yağır, belə ki, telefonumda hava proqnozu tətbiqi belə məlumat verir. Amma metrodan çıxıb qarı görəndən sonra artıq bilirəm ki, qar yağır.
Bilməni və biliyi ona görə fərqləndirirəm ki, adətən eyni sözlə – bilik – ifadə olunan iki fərqli epistemik vəziyyəti (və müvafiq məhsulu) bir-birindən ayıra bilək. Bilmə, bizim biliyə bilavasitə, bütöv halda, sinxron şəkildə məruz qaldığımız reaktiv epistemik vəziyyətdir. Bilik isə daha mürəkkəb, mərhələli, bilvasitə, diaxron və aktiv bir epistemik aktdır. Burada reaktiv və aktiv məqamlarına diqqət etmək lazımdır. Bilmədə şüurumuz reaktiv işləyir, bilik fenomeninə məruz qalır, ona ancaq reaksiya verir. Bilikdə isə şüurumuz inamın biliyə keçidini aktiv təşkil edir, yəni, inamın doğruluğu üçün əsaslandırmanı axtarır. Bu mənada bilmə passiv faillikdir (agency), bilik isə aktiv. Bilmə və biliyi fərqləndirməkdə məqsəd məhz bu faillik aspektində ikisinin arasındakı fərqi göstərə bilməkdir. Yoxsa elə biliyin müxtəlif növlərini (məhsul olaraq) fərqləndirməklə kifayətlənmək olardı. Bilmə və biliyi ayırmaqla vurğulamaq istədiyim fərq bilik növləri arasındakı fərq yox, iki fərqli epistemik faillik arasındakı fərqdir.
Epistemik failliyin ehtiyaclar və resurslarla əlaqəsi
Bilməyə sadəcə məruz qaldığımız halda, biliyə çatmaq üçün resurs xərcləməli oluruq. Bu resurs diqqət və vaxtdan tutmuş əqli zəhmətə, intizam vərdişlərinə, mürəkkəb eksperimentlərə və pula qədər uzanan geniş bir spektri əhatə edə bilər. Resurs xərcləmək üçün isə motivasiyamız olmalıdır və epistemik aktivlik üçün bu motivasiya əksərən ehtiyaclarla (və onların dərəcə və modifikasiyaları) şərtlənir. Aktiv epistemik failliyimiz ehtiyaclarımızın və resurslarımızın inikasıdır.
Bəs bu mülahizələrin qeyri-ideal şəraitlər üçün epistemologiya ilə əlaqəsi nədir?
Yuxarıda da qeyd etdiyim kimi, ənənəvi akademik epistemologiya epistemik uğur anlayışına fokusludur. Epistemik uğurun əmsalı olaraq isə əsasən elmi və akademik bilik götürülür. Elmi və akademik bilik epistemik failliyin peşələşmiş formasıdır. Bu, o deməkdir ki, epistemik faillik və buna səbəb olan ehtiyaclar arasındakı əlaqə təmsilçilik xarakterlidir. Məsələn, xərçəng xəstəliyinin müalicəsi üçün araşdırma edən alimlərin epistemik failliyi ilə bu araşdırmalara səbəb olan ehtiyaclar arasındakı əlaqə birbaşa deyil. O alimlər özləri xərçəng xəstəliyinə tutulduqları üçün bu peşədə işləmirlər, daha makro müstəvidə bir ehtiyacdan (məsələn, cəmiyyətdə xərçəng xəstəliyinin artması) yaranmış epistemik failliyə mütəxəssis (yəni işçi) kimi qoşulurlar. Onların özlərini bu failliyə cəlb edən fərdi ehtiyacları qoşulduqları fəaliyyətin səbəbi olan daha geniş müstəvidəki ehtiyac ilə üst-üstə düşməyə bilər.
Elmi və akademik sahədəki epistemik faillik üçün ehtiyacların bu cür təmsilçiliyi normaldır. Ənənəvi epistemologiyanın fokusunda olan epistemik davranışlar isə elm müəsissəsi və akademiyadan kənarda olan epistemik faillik və ehtiyaclar arasındakı əlaqəni öyrənmək üçün kifayət etmir. Elm və akademik bilik fokuslu epistemologiya ümumiyyətlə biliyi ehtiyac və resurs münasibətləri daxilində deyil, bunlardan ayrılıqda öyrənir. Belə olan halda isə araşdırma istiqaməti avtomatik olaraq epistemik uğura fokuslanır, belə ki, bu yanaşma üçün araşdırılacaq bir ¨məhsul¨un olması labüddür. Bu cür dar fokus, məsələn, epistemologiyaya qlobal istiləşmə və artan apokaliptik proqnozların fonunda elmi bilik ilə ehtiyacların mütənasiblik münasibətini izah etməyə imkan verməyəcək, onu daha çox etikanın, sosiologiyanın və s. öhdəliyinə itələyəcək. Halbuki ehtiyaclarla əlaqəlilik epistemik failliyin xaricində olan (sadəcə) etik bir məsələ deyil, epistemik failliyin özünü şərtləndirən təməl faktordur. Yeni nəsil tənqidi epistemoloji yanaşmalar bu qopuqluğu refleksiya etməyə çalışırlar, ancaq hələ az(lıqda)dırlar və buna müvafiq olaraq da nəzəri aspektdə hələ yaxşı işlənməyiblər, daha çox aktivist manifestlərini xatırladırlar.
Başqa bir problem ondan ibarətdir ki, epistemik uğur fokuslu ənənəvi akademik epistemologiya epistemik failliyin ehtiyaclarla əlaqəsindən başqa onun resurslarla əlaqəsini də araşdırma fokusundan kənarda saxlayır. Epistemik failliyi resurs şərtliliyi daxilində öyrənmək istəsək, araşdırma predmeti olaraq qarşımıza çıxan məhsul epistemik uğurdan daha çox epistemik uğursuzluq nümunələri olacaq – məsələn, elm institutunun/müəyyən intellektual sahələrin işləksizliyi, ya da ümumiyyətlə olmaması, (niyyətli) kollektiv biliksizlik, xurafat, epistemik nihilizm və s. Bunun nəticəsində yaranan epistemik davranış əlamətləri reaktivlik, situativlik, kollektiv yaddaşsızlıq (belə ki, kollektiv və nəsillərarası epistemik ünsiyyət sistemləşdirilmir və arxivləşdirilmir), mürəkkəb kollektiv intellektin təşəkkül tapa bilməməsi kimi hallar olur. Bu fenomenlər isə epistemik failliyin resurs faktoru ilə şərtlənmiş olmasına bağlı olan hadisələrdir. Burada təkcə irimiqyaslı maddi resursların çatışmazlığından söhbət getmir, məsələ epistemik failliyin fərdi şüur səviyyəsində belə güc münasibətlərinin şəbəkəsində müəyyən olunan bir hadisə olmasını refleksiya edə bilməkdədir. Güc münasibətləri həm mövcud epistemik resurslara çıxışımızı, həm də özümüzün epistemik resurslarımızı formalaşdırmaq qabiliyyətimizi müəyyən edir.
Fərqli resurs və güc münasibətləri kontekstində fərqli epistemik profillər, fərqli epistemik kodlar, fərqli epistemik mexanizmlər formalaşır. Qeyri-münasib resurs və güc münasibəti konstellasiyası – yəni, kasıblıq – təkcə fiziki cismimizə deyil, həm də epistemik failliyimizə müdaxilə və təsir edir. Kasıb insan necə ki, zahirən daha ¨pis¨ görünür, daha az sağlamdır, daha tez ölür və s., eləcə də daha az bilir (bilmə yox, bilik mənasında). Bu, xeyli banal səslənə bilər, amma epistemik failliyi və onun mexanizmlərini düşünərkən qətiyyən banal bir detal deyil. Belə ki, resurs və güc münasibətləri epistemik failliyin sadəcə arxa fonunu yox, mexanizmlərini, formasını, davamlılığını və s. birbaşa təşkil edən faktorlardır. Çox kobud qısaltsaq, kasıblıq beynimizi dəyişir.
Epistemologiyanın qeyri-ideal şəraitlərdə edəcəyi maraqlı işlərdən biri yuxarıda fərqləndirdiyimiz iki epistemik faillik – bilmə və bilik – arasındakı əlaqəni analiz edib nəzəriləşdirmək ola bilər. Bu əlaqənin daha fokuslu öyrənilməsi ən azından son dövrlərdə sosial və siyasi fəlsəfədə müzakirə olunan kütləvi anlaqsızlıq, Tramp seçicisi fenomeni, kollektiv qərarsızlıq, siyasi apatiya və s. kimi mövzuların kontekstində də üfüqaçıcı və ipucu ola bilərdi. Mənim üçün bu fərqləndirmə həm də mərhum Rəhman Bədəlovun ¨sözlü mədəniyyətlər¨ ilə ¨lal mədəniyyətlər¨ fərqləndirməsi kontekstində də maraqlıdır, amma bu, başqa bir yazının mövzusudur.
[1] Epistemik faillik – fərdlərin və qrupların epistemik fəaliyyət və hərəkətlərin (bilməyə məruz qalmaq, bilik axtarmaq, əldə etmək və s.) subyekti ola bilmək qabiliyyəti nəzərdə tutulur.
[2] Eynəyimin, burnumun, qar dənəciklərinin, uşağın, anasının səsinin və s. – o ankı bütün detalların simulyasiya ola biləcəyi Gettier situasiyalarını burda diqqətdən kənarda saxlayıram.
Birinci hissə:

