Neft gəlirlərinin azalması fonunda hökumətin kəmərləri sıxmağa başlaması simptomları özünü göstərməyə başlayıb. Büdcə xərclərinin optimallaşdırılması adı altında dövlət büdcəsində müxtəlif təşkilatlara ayrılan vəsaitlərin azaldılması, dövlət sektorunda ixtisarların aparılması müşahidə edilir. Əvvəlki dövrlərdə sanki arxa planda qalmış bu prosesə ötən il diqqət xeyli artdı. Bu diqqət özünü həm ictimai müzakirələrdə, həm rəsmi reaksiyalarda, həm də büdcə sənədlərində göstərdi.
Baş verənləri dövri mətbuat və ekspertlər kütləvi ixtisarlar adlandırsa da, hökumət təmsilçiləri bununla razılaşmayaraq prosesi sadəcə büdcə xərclərinin optimallaşdırılması adlandırır. 2025-ci ildə kommunal sektor və bir sıra dövlət qurumlarında (Azəriqaz QSC, Azərsu ASC, Azərişıq ASC, Təmiz Şəhər ASC, Dövlət Baytarlıq Xidməti və s.) çalışan minlərlə əməkdaşın ixtisara düşdüyünü iddia edən AzPolitika saytı 2026-cı ildə ixtisarların yeni dalğasının başlayacağını bildirib. Saytın məlumatına görə, Maliyyə Nazirliyi araşdırmalar nəticəsində büdcə təşkilatlarında xeyli sayda gərəksiz ştatın dairəsini müəyyənləşdirib və onların ləğvi istiqamətində hökumət qarşısında məsələ qaldırıb. Saytın ehtimalına görə, Nazirliyin büdcəyə qənaət, xərclərdə şəffaflığın və nəzarətin təmin olunması məqsədi ilə elan etdiyi “təmizlənmə” büdcə təşkilatlarında çalışanların 20 faizə qədərini əhatə edə bilər. FED.az saytı diqqəti şəhər və rayon icra hakimiyyətlərində aparılmış ixtisarlara çəkib. Məlumata görə, şəhər və rayon icra hakimiyyətlərində dəyişikliklər edilərək bir sıra şöbələr ləğv edilib və sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib.
İxtisarların olmasını rəsmi məlumatlar da təsdiq edir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1797,4 min nəfər olub. Onların 48,4%-i və ya 869 min nəfəri iqtisadiyyatın dövlət sektorunda işləyənlərin payına düşür. 2024-cü ildə dövlət sektorunda çalışanların sayı 882,8 min nəfər olub. Ötən ilin 11 ayı ərzində bu sektorda çalışanların sayı 1,6% və ya 13,8 min azalıb.
Ümumiyyətlə, 2019-cu ildən başlayaraq dövlət sektorunda çalışanların sayında azalma tendensiyası müşahidə edilir. 2019-2025-ci illərdə dövlət sektorunda çalışanların sayı 5,2% azalaraq, 916,7 min nəfərdən 869 min nəfərə düşüb. Bununla da, bu sektorda çalışanların ümumi muzdlu işçilərdə payı 55,7%-dən 48,4%-ə düşüb (Diaqram 1).

Mənbə: DSK
Dövlət sektorunda ümumilikdə azalma tendensiyasına rəğmən, iqtisadiyyatın ayrı-ayrı sektorlarında artım baş verib. Məsələn, 2019-2024-cü illərdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 52%, ticarət sektorunda 28%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 77,8%, maliyyə və sığorta fəaliyyəti sektorunda 37,7% artım olub. Bu dövrdə ən çox ixtisara kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (63,9%), mədənçıxarma sənayesi (17,6%), tikinti (22,9%), daşınmaz əmlakla əlaqədar əməliyyatlar (32.1%) sektorları məruz qalıblar.
İxtisarların yan keçmədiyi sektorlardan biri də təhsil sektorudur. Təhsil sektorunda 2018-ci ildən başlayaraq ştatların azaldılması prosesi gedir. Bu müddətdə təhsil sektorunu 16 min nəfər tərk edib və işçilərin sayı 327,6 min nəfərdən 311,7 min nəfərə qədər azalıb. Ötən il ixtisarlarla gündəmi daha çox zəbt edən sahə təhsil sektoru oldu. Bir tərəfdən struktur dəyişiklikləri, digər tərəfdən müəllimlərin sertifikasiyası təhsil sektorunda ixtisarlara rəvac verdi. Ölkə Prezidentinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 4 aprel 2025-ci il tarixli Sərəncamı əsasında Elm və Təhsil Nazirliyinin nəzdindəki 17 qurumun birləşdirilərək, say 8-ə endirilib. Təhsilə məsul şəxslər bu birləşmədə ixtisarların olmayacağını bildirsələr də, ixtisarı labüd hesab edənlər də var. Elm və Təhsil Naziri parlamentdə çıxışı zamanı məktəblərin ixtisarının davam edəcəyini bildirib. Nazir həmçinin mətbuata açıqlamasında bildirib ki, “2022-2025-ci illər aralığından sertifikasiya imtahanlarından uğur qazana bilməyən 8 minə yaxın müəllim vəzifəsindən azad olunub. Ötən ilin iyun ayında sertifikasiyadan keçə bilməyən 2340 müəllim peşəsindən ayrılmağa məcbur olub. Artıq bir sıra ekspertlər qarşıdakı illərdə orta məktəb müəllimlərinin, o cümlədən ibtidai sinif müəllimlərinin kütləvi ixtisarını proqnozlaşdırırlar.
2026-cı ildə 2025-ci illə müqayisədə 58 təşkilatın[1] 45-nə dövlət büdcəsindən ayrılan inzibati xərclərin həcminin azaldılması nəzərdə tutulub. Daha çox azalma Ekologiya və Təbii Sərvətlər, Maliyyə və Elm və Təhsil Nazirliklərinin tabeliyində olan qurumlara şamil ediləcək. İnzibati xərclərin azalması Meşələrin İnkişafı Xidmətində 19,3%, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətində 12,2%, Dövlət Xəzinədarlıq Agentliyində 14,7%, Peşə Təhsili üzrə Dövlət Agentliyində 11,4% olacaq. Bundan başqa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xərcləri 16,1%, Audiovizual Şuranın xərcləri 9,9%, Qida Təhlükəsizliyi Agentliyinin xərcləri 9,5% azaldılacaq (Cədvəl 1).
Cədvəl 1. 2025-2026-cı illərdə dövlət büdcəsində ayrılan vəsaiti azaldılmış qurumların siyahısı


Mənbə: Azərbaycan Respublikasının 2025-ci və 2026-cı illər üzrə dövlət büdcəsi zərfləri
Prezidentin Fərmanı ilə 2025-ci ilin fevral ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi publik hüquqi şəxs statusu alıb və ötən il ayrılmış 1,5 milyon manat məbləğindəki vəsaitdən 2026-cı ildə məhrum olub. Bu ixtisarlar nəticəsində 28 milyon manata yaxın vəsaitə qənaət etməyə imkan verib. Bu vəsait 12 dövlət qurumunda xərclərinin artmasına və yeni yaradılmış qurumun xərclərini qismən qarşılamağa imkan verib. Belə ki, 2025-ci ildə yeni yaradılmış quruma – Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinə 2026-cı ilin dövlət büdcəsində 75 milyon manat ayrılıb.
Hökumət təmsilçiləri xərclərin azaldılmasını optimallaşdırma ilə əlaqələndirirlər və bunun işçi ixtisarına gətirib çıxarmayacağını bildirirlər. Ancaq xərclərin iqtisadi təsnifat üzrə analizi göstərir ki, bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarında azalma eyni zamanda əməyin ödənişi bölməsində qeydə alınıb. 2026-cı ilin dövlət büdcəsində 32 dövlət qurumuna ayrılan vəsaitin tərkibində əməyin ödənişi xərcləri azaldılıb. 6 büdcə təşkilatının, o cümlədən Nazirlər Kabinetinin, Xarici və İqtisadiyyat Nazirliklərinin əmək haqqı xərclərində isə artım nəzərdə tutulub (Cədvəl 2).
Cədvəl 2. 2025-2026-cı illərdə əməyin ödənişi xərcləri azaldılmış qurumların siyahısı



Mənbə: Azərbaycan Respublikasının 2025-ci və 2026-cı illər üzrə dövlət büdcəsi zərfləri
Əməyin ödənişi xərclərinin tərkibinə diqqət yetirdikdə ştatda olan işçilərin əmək haqqı xərclərinin də azalmasını görmək olar. 2026-cı ildə 27 qurumda ştatda olan işçilərin əmək haqqı xərcləri azaldılıb, bu isə ştatların ləğvi və ya işçi sayının azaldılması üçün əsasdır. Daha çox azalma Ekologiya və Təbii Sərvətlər, Maliyyə, Elm və Təhsil Nazirlikləri və onların tabeliyində olan qurumlarda olub. Maliyyə Nazirliyində azalma 30%-ə qədər təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında olan Meşələrin İnkişafı Xidmətində 18,2%, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətində 12,4% azalma olub. Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində 10%-lik, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində 8,5%-lik azalma nəzərdə tutulub. Bundan başqa, Qida Təhlükəsizliyi Agentliyi əmək haqqı xərclərini 12,2%, Audiovizual Şura 11,5% azaltmalı olub (Cədvəl 2).
Yerli icra hakimiyyəti orqanlarında əməyin ödənişi xərcləri 3,1% azaldılıb. Buna səbəb 2025-ci ildə yerli icra hakimiyyəti orqanları strukturunda aparılmış dəyişikliklər nəticəsində işçi sayının azaldılmasıdır. “Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2025-ci il tarixli, 546 saylı FƏRMANI ilə şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçıları aparatlarının və nümayəndəliklərinin strukturunda və ştat vahidlərinin sayında dəyişiklik edilib. Dəyişikliyə əsasən, Bakı şəhəri üzrə Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının ştat vahidlərinin sayı 44-dən 40-a, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi rayonları üzrə 41-dən 40-a qədər azaldılıb.
Regionlara gəldikdə isə Mingəçevir və Şirvan şəhərləri üzrə ştat vahidlərinin sayı 44-dən 43-ə, Lənkəran şəhəri üzrə 52-dən 40-a, Yevlax və Şəki şəhərləri üzrə 47-dən 40-a endirilib. Bundan başqa, ölkənin digər rayonları üzrə icra hakimiyyəti başçısı aparatının ştat vahid sayı 38 nəfər müəyyənləşdirilib. Halbuki dəyişiklikdən öncə ştat vahidinin sayı əhalinin sayı əsasında tənzimlənirdi. Əhalisinin sayı 50 minədək olan rayonlarda 37, 50-100 min nəfər arasında olanlarda 41, 100 mindən çox olanlarda isə 42-yə bərabər olub.
Bu dəyişikliklər nəticəsində təkcə Bakı şəhərinin 12 rayonu üzrə icra hakimiyyəti strukturunda çalışan 30 nəfər ixtisara düşüb. Ümumən götürdükdə isə işğaldan azad olunmuş ərazilər istisna olmaqla, şəhər və rayonlar üzrə yerli icra hakimiyyəti strukturunda ixtisar olunan işçilərin sayı təxminən 220-yə çatır.
Eyni zamanda icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ştat vahidlərinin sayı da azaldılıb. Bundan öncə həm şəhər, həm də sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə işçi sayı əhalinin sayı əsasında müəyyənləşdirilirdi. Belə ki, əhali sayı 20 minədək olduqda işçi sayı 6 nəfər, 20 mindən çox olduqda isə 7 nəfər idi. Sahə inzibati ərazi dairəsi üzrə isə əhali sayı 30 minədək olduqda işçi sayı 6, 30 mindən çox olduqda 7 olub. Hazırda hər iki inzibati ərazi dairəsi üzrə işçi sayı 5 nəfər müəyyənləşdirilib.
İxtisarlar qəsəbə və kənd inzibati ərazi dairələri üzrə də aparılıb. İcra hakimiyyəti başçısının qəsəbə və ya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ştat vahidlərinin sayı 10 minədək əhali olan ərazidə 3, 10 mindən çox olan ərazidə 4 nəfər müəyyən edilib. Dəyişiklikdən əvvəl bu göstərici 10 minədək əhali üzrə 4, 10-20 min arası əhali üçün 7, 20 mindən çox əhali üçün 8 nəfər təşkil edirdi.
DSK əhalinin sayı kənd, qəsəbə səviyyəsində, o cümlədən şəhər və sahə inzibati ərazi dairəsi üzrə açıqlamadığından ixtisarların dəqiq sayını hesablamaq mümkün deyil. Ancaq təxminən hesablamalar göstərir ki, bu dəyişiklik nəticəsində ölkə üzrə yerli icra hakimiyyəti strukturunda ixtisarların sayının ən azı 2500 nəfər olduğu düşünmək olar.
Təhlil göstərir ki, hökumətin “büdcə xərclərinin optimallaşdırılması” adı altında həyata keçirdiyi tədbirlər faktiki olaraq dövlət sektorunda sistemli ixtisarlarla müşayiət olunur. Rəsmi mövqedə bu proses daha çox struktur islahatları və səmərəliliyin artırılması kimi təqdim edilsə də, həm statistik göstəricilər, həm də büdcə sənədləri dövlət sektorunda məşğulluğun azalmasının davamlı xarakter aldığını təsdiqləyir. 2019–2025-ci illər ərzində dövlət sektorunda çalışanların sayının 5,2% azalması və onların ümumi muzdlu işçilər içində payının əhəmiyyətli dərəcədə aşağı düşməsi bu tendensiyanın təsadüfi olmadığını göstərir.
Təhsil sektorunda aparılan islahatlar bu prosesin sosial təsirlərini daha da dərinləşdirir. Sertifikasiya mexanizmləri, qurumların birləşdirilməsi və ştat normativlərinin sərtləşdirilməsi minlərlə işçinin əmək bazarından kənarda qalmasına səbəb olub və qarşıdakı illərdə bu prosesin davam edəcəyi istisna edilmir.
Beləliklə, mövcud göstəricilər onu deməyə əsas verir ki, “optimallaşdırma” tədbirləri yalnız büdcə qənaəti ilə məhdudlaşmır, eyni zamanda dövlət sektorunda məşğulluğun daralması ilə nəticələnir. Bu isə bir tərəfdən fiskal dayanıqlığın qorunmasına xidmət etsə də, digər tərəfdən əmək bazarı və sosial müdafiə sistemi üzərində əlavə təzyiqlər yaradır. Qarşıdakı dövrdə bu siyasətin sosial nəticələrinin yumşaldılması və ixtisar olunan işçilər üçün alternativ məşğulluq mexanizmlərinin yaradılması hökumət üçün əsas çağırışlardan biri olacaq.
[1] Bu siyahıya hüquq-mühafizə orqanlarına aid nazirlik və dövlət xidmətləri daxil edilməyib.

