Dini institutların siyasi qərarlara uyğunlaşdırılması və İran siyasi sisteminin ideoloji transformasiyası
Qısa məğz
Seyid Müctəba Xameneinin İranın Ali Dini Rəhbəri (Vilayəti-Fəqih) seçilməsi ölkənin siyasi sistemində dini legitimliyin siyasi konyuktura uyğun şəkildə formalaşdırıldığını bir daha nümayiş etdirir. Bu proses müəyyən mənada 1989-cu ildə Əli Xameneinin hakimiyyətə gətirilməsi zamanı yaranmış presedentin davamı kimi qiymətləndirilə bilər. Hər iki halda dini rütbə, hüquqi tələblər və institusional mexanizmlər siyasi qərara uyğun şəkildə reinterpretasiya olunmuşdur.
Hakimiyyətin faktiki olaraq irsi xarakter alması İran inqilabının monarxiya əleyhinə ideoloji diskursu ilə ciddi ziddiyyət yaradır. İnqilabın legitimliyi uzun müddət şah rejiminin irsi hakimiyyət modelinə qarşı mübarizə üzərində qurulmuşdu. Buna görə də ali hakimiyyətin ata-oğul arasında ötürülməsi sistemi ideoloji baxımdan həssas vəziyyətə gətirə bilər.
Bu proses eyni zamanda Şiə dünyasında dini legitimlik məsələsini yenidən aktuallaşdırır. Qum mərkəzli siyasi ruhani modeli ilə Nəcəf mərkəzli ənənəvi ruhani modeli arasında mövcud olan fərqlər artıq uzun müddətdir davam edir və yeni lider seçimi bu fərqləri daha da dərinləşdirə bilər.
Daxili legitimlik problemlərinin artması fonunda İran siyasi sistemi ideoloji mobilizasiya üçün xarici təhlükə narrativlərinə müraciət yeganə vasitəyə çevrilir. Lakin inqilabdan qırx ildən artıq müddət keçdiyi və cəmiyyət daxilində dini rəhbərliyə qarşı narazılığın artdığı bir şəraitdə bu vasitənin effektivliyi əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib.
Giriş
İran İslam Respublikası kimi təqdim edilsə də, Ali Dini Rəhbərin seçilməsi prosesi göstərir ki, dini qayda və ənənələr siyasi konyukturanın tələblərinə uyğun şəkildə dəyişdirilə bilir. Bu xüsusilə həm Əli Xameneinin hakimiyyətə gəlişi, həm də onun oğlu Müctəba Xameneinin Ali Lider seçilməsi prosesində aydın görünür.
Nəzəri olaraq dini dövlət modelində siyasətin dini norma və ənənələrə tabe olduğu iddia edilir. Bu modeldə dövlət institutlarının dini hüquq və teologiya ilə uyğunlaşdırılması əsas prinsip hesab olunur. Lakin İran nümunəsində tez-tez bunun əksinə olan dinamika müşahidə edilir: dini institutlar siyasi qərarların legitimləşdirilməsi üçün uyğunlaşdırılır.
Tarixən dinin siyasətdə instrumental rol oynaması qeyri-adi hal deyil. Lakin İran nümunəsində maraqlı məqam ondan ibarətdir ki, sistem özünü dini dövlət kimi təqdim etdiyi halda belə dinin siyasi legitimləşdirmə alətinə çevrildiyi açıq şəkildə müşahidə olunur.
Şiə ruhani iyerarxiyası və dini legitimliyin formalaşması
Şiə ruhani iyerarxiyası formal dövlət strukturu deyil və onun daxilində rütbələrin verilməsi əsasən dini təhsil, elmi nüfuz və ruhani icmanın tanınması əsasında formalaşır. Bu sistem əsasən Qum və Nəcəf kimi dini mərkəzlərdə fəaliyyət göstərən hövzələrdə təşkil olunur.
Hövzə təhsilinin ilkin mərhələsi adətən altı ilə yaxın davam edir və tələbələr ərəb dili, məntiq və klassik dini mətnləri öyrənirlər. Sonrakı mərhələlərdə isə İslam hüququ və hüquqi mülahizə metodologiyası üzrə daha mürəkkəb tədris həyata keçirilir. Bu mərhələlərdə tələbələr çox vaxt Hüccətül-İslam kimi tanınırlar.
Hövzə təhsilinin ən yüksək mərhələsi Dərs-i Xaric hesab olunur. Bu mərhələdə müəllim hüquqi məsələni təqdim edir və tələbələr mövcud hüquqi fikirləri tənqid edərək müstəqil nəticə çıxarmalıdırlar. Bu proses nəticəsində ruhani ictihad (İslam hüququnda dini mənbələr — xüsusilə Qurani-Kərim, hədislər və fiqhi prinsiplər əsasında müstəqil hüquqi hökm çıxarma qabiliyyəti) əldə edir. Belə ruhanilərə müctəhid deyilir. Müctəhidin rəyləri ruhani icma tərəfindən tanındıqda həmin alim adətən Ayətullah kimi qəbul edilir və onun fiqhi mülahizələri daha geniş ruhani dairələrdə nəzərə alınmağa başlayır.
Daha yüksək mərhələ isə Böyük Ayətullah (Ayətullah-ul-Uzma) titulu ilə müşaiət olunan Mərcəyi-təqlid statusudur. Bu səviyyəyə çatmış ruhani fiqhi məsələlər üzrə hüquqi hökmlər toplusu — risalə nəşr edir və ona dini məsələlərdə təqlid edən geniş davamçı kütləsi (müqəllidlər) formalaşır.
Beləliklə, bu rütbələr formal dövlət təyinatı deyil, dini icma daxilində formalaşan nüfuz nəticəsində əldə olunur.
Vilayəti-Fəqih və siyasi hakimiyyət modeli
İran siyasi sisteminin ideoloji əsasını Vilayəti-Fəqih doktrinası təşkil edir. Bu modelə görə ali siyasi hakimiyyət dini hüquqşünasın rəhbərliyinə verilir.
1979-cu il Konstitusiyasının ilkin versiyasında Ali Lider vəzifəsinin yalnız Mərcəyi-təqlid statusuna malik Böyük Ayətullahlara aid olması nəzərdə tutulmuşdu. Bu tələb ali dini rəhbərin həm siyasi, həm də dini baxımdan ən yüksək nüfuza malik şəxs olmasını təmin etməli idi.
1989 presedenti: Əli Xameneinin seçilməsi
1989-cu ildə Ruhullah Xomeyninin ölümündən sonra Ali Liderin seçilməsi prosesi bu nəzəri modelin praktikada dəyişdirilə biləcəyini göstərdi. O zaman İran prezidenti olan Əli Xamenei ruhani iyerarxiyasında yüksək rütbəyə malik deyildi və geniş şəkildə tanınmış müctəhid hesab olunmurdu. Dövlət mediası onu əsasən Hüccətül-İslam kimi təqdim edirdi.
Buna baxmayaraq Məclisi-Xübrəqan (İranda ali dini lideri seçən 88 nəfərdən ibarət ruhani şura) onu Ali Lider seçdi. Bu qərar ruhani dairələrdə müəyyən narazılıqlara səbəb oldu və bəzi müşahidəçilər onun ilkin mərhələdə müvəqqəti lider kimi seçildiyini qeyd edirdilər. Qısa müddət sonra isə dövlət mediasında onun dini titulunun dəyişdirilməsi müşahidə olundu və o artıq Ayətullah kimi təqdim edilməyə başladı.
Eyni zamanda Konstitusiyaya dəyişiklik edilərək Ali Liderin mütləq şəkildə Mərcəyi-təqlid olması tələbi ləğv edildi. Beləliklə, hüquqi və dini çərçivə faktiki siyasi qərara uyğunlaşdırıldı.
Bu hadisə Vilayəti-Fəqih institutuna yönəlmiş tənqidləri də gücləndirdi. Şiə dünyasının bəzi aparıcı dini avtoritetləri bu doktrinanı qəbul etmədilər. Xüsusilə Livanlı Ayətullah Məhəmməd Hüseyn Fəzlullah və Nəcəfdəki Ayətullah-ul-Uzma Əli Sistani Vilayəti-Fəqih modelini tanımaqdan imtina etdilər. Bu isə Qum və Nəcəf dini mərkəzləri arasında münasibətlərin ciddi şəkildə korlanmasına gətirib çıxardı.
Müctəba Xameneinin seçilməsi və dini titul mübahisəsi
Seyid Müctəba Xameneinin Ali Lider seçilməsi ilə bağlı diqqət çəkən məsələlərdən biri onun dini titulunun təqdim edilməsi ilə bağlı yaranmış mübahisələrdir.
Uzun müddət ərzində Müctəba Xamenei geniş şəkildə Hüccətül-İslam kimi tanınırdı. Lakin lider seçilməsi ərəfəsində və sonrasında dövlət mediasında onun Ayətullah kimi təqdim olunması diqqət çəkdi. Bu dəyişiklik bir çox müşahidəçilər tərəfindən 1989-cu ildə Əli Xameneinin dini titulunun sürətlə dəyişdirilməsi ilə müqayisə olunur.
Müctəba Xameneinin dini təhsili əsasən Qum hövzəsində formalaşıb. Dövlətə yaxın mənbələrə görə o, Ayətullah Əhmədi Mianəci və Rza Ostadı kimi alimlərin yanında təhsil alıb, həmçinin atasının Dərs-i Xaric dərslərində iştirak edib. Bundan əlavə, o, Qum hövzəsinin aparıcı alimlərindən sayılan Ayətullah Vahid Xorasani, Şübeyri Zəncani və Müctəba Tehranidən də dərslər alıb.
Rəsmi mediada yayılan məlumatlara görə Müctəba Xamenei uzun illərdir dini dərs fəaliyyəti ilə məşğuldur. Onun ümumilikdə on yeddi ildən artıq müddət ərzində fiqh üzrə dərs dediyi, həmçinin təxminən on üç il ərzində Dərs-i Xaric səviyyəsində dərs tədris etdiyi iddia olunur. Qum hövzəsi ilə əlaqəli bəzi media qurumları bu faktları onun elmi nüfuzunun göstəricisi kimi təqdim etməyə çalışmışdır.
Lakin qeyd etmək lazımdır ki, uzun müddət ərzində Müctəba Xameneinin elmi və tədris fəaliyyəti barədə ictimaiyyətə açıq və sistemli məlumat verilmirdi. Onun dini tədris fəaliyyəti ilə bağlı geniş məlumatlar əsasən lider seçilməsi ilə bağlı müzakirələrin intensivləşdiyi dövrdə rəsmi media və rejimə yaxın mənbələr tərəfindən yayılmağa başladı.
Bu kontekstdə Məclisi-Xübrəqan üzvlərindən biri olan Məhəmməd-Əli Musəvi Cəzayirinin açıqlamaları da diqqət çəkir. O, əvvəllər bu qurumun üzvlərinin maaş almadığını və “Allah tərəfindən təmin olunduğunu” iddia etməsi ilə tanınmışdı. Dövlət televiziyasında çıxışı zamanı Cəzayiri Müctəba Xameneinin uzun illər böyük ayətullahların yanında təhsil aldığını və artıq ictihad mərhələsinə çatdığını bildirmişdi.
Bəzi media qurumları və dini institutlar onun artıq Dərs-i Xaric səviyyəsində dərs dediyini və uzun illər fiqh üzrə tədrislə məşğul olduğunu vurğulayaraq onun dini statusunu əsaslandırmağa çalışdılar. Dövlətə yaxın media isə onun fiqh sahəsində xüsusi istedada malik olduğunu və müstəqil hüquqi mülahizə qabiliyyətinə malik olduğunu iddia etməyə başladı.
Bu diskursun məqsədi mahiyyət etibarilə siyasi qərarın dini legitimliklə əsaslandırılması idi.
Nəticə
Müctəba Xameneinin seçilməsi Şiə dünyasında dini legitimlik və siyasi hakimiyyət münasibətlərinə dair debatları yenidən aktuallaşdıra bilər. Qum mərkəzli siyasi ruhani model ilə Nəcəf mərkəzli daha ənənəvi ruhani model arasındakı fərqlər daha aydın görünə bilər.
Islam Respublikasının irsi hakimiyyət məsləsində Şah rejimindən fərqlənməməsi isə ideoloji legitimliyin qorunması üçün xarici təhlükə narrativlərinin rolunu daha da arta bilər, daxili siyasi mobilizasiya üçün yeganə vasitəyə çevirə bilər.
Lakin bu ideoloji vasitə xüsusilə indiki mərhələdə — yəni inqilabdan qırx ildən artıq müddət keçdiyi və İran cəmiyyətində dini rəhbərliyə qarşı narazılığın artdığı bir dövrdə — getdikcə daha zəif və etibarsız mobilizasiya alətinə çevrilir. İran siyasi sisteminin ideoloji transformasiyası nəticəsində İslam dövləti modelinin tamamilə İran milli dövlətinə bənzəməsi ehtimalı artır. Belə bir şəraitdə hakimiyyətin dini elita əlində qalması da, ənənəvi xarici düşmən obrazları da sual altına düşür.
_______________________________________________________________________________
Terminoloji izah:
1. Hövzə
Hövzə (ərəb. hawza) Şiə dünyasında dini təhsil və fiqh araşdırmalarının aparıldığı akademik mühit və institutlar sistemidir. Ən mühüm hövzələr İranda Qum və İraqda Nəcəf şəhərlərində yerləşir. Bu mərkəzlərdə ruhanilər uzunmüddətli dini təhsil alır və fiqh, üsul, hədis və teologiya sahələrində ixtisaslaşırlar.
2. Dərs-i Xaric
Dərs-i Xaric hövzə təhsilinin ən yüksək mərhələsidir. Bu mərhələdə artıq standart dərsliklərdən istifadə olunmur. Müəllim konkret fiqhi məsələni təqdim edir və tələbələr mövcud hüquqi fikirləri təhlil edib tənqid etməli və öz müstəqil nəticələrini formalaşdırmalıdırlar. Bu mərhələnin əsas məqsədi tələbəni müstəqil hüquqi mülahizə səviyyəsinə çatdırmaqdır.
3. İctihad
İctihad İslam hüququnda dini mənbələr — xüsusilə Qurani-Kərim, hədislər və fiqhi prinsiplər əsasında müstəqil hüquqi hökm çıxarma qabiliyyətinə deyilir. Bu qabiliyyətə malik alimlərə müctəhid deyilir.
4. Müctəhid
Müctəhid fiqhi məsələlər üzrə müstəqil hüquqi nəticə çıxarma qabiliyyətinə malik ruhani alimdir. Hər müctəhid mütləq şəkildə yüksək dini titul almır, lakin onun elmi nüfuzu və ictihad qabiliyyəti tanındıqca o daha yüksək ruhani status əldə edə bilər.
5. Ayətullah
Ayətullah Şiə islamında ictihad qabiliyyəti geniş şəkildə tanınmış və fiqhi mülahizələri ruhani icma daxilində nüfuz qazanan yüksək səviyyəli dini alimlərə verilən titul hesab olunur. Lakin bütün müctəhidlər avtomatik olaraq Ayətullah adlandırılmır; bu titul adətən müəyyən elmi nüfuz və tanınma nəticəsində formalaşır.
6. Ayətullah-ul-Uzma
Ayətullah-ul-Uzma (böyük Ayətullah) Şiə ruhani iyerarxiyasının ən yüksək səviyyələrindən biridir. Bu status adətən geniş dini nüfuza malik və böyük sayda davamçısı olan alimlərə verilir.
7. Mərcəyi-təqlid
Mərcəyi-təqlid Şiə dünyasında dini məsələlərdə təqlid edilən ən yüksək dini avtoritetdir. Bu statusa malik alimlər fiqhi hökmlər toplusu — risalə nəşr edir və onlara dini məsələlərdə təqlid edən davamçılar (müqəllidlər) formalaşır.
8. Risalə
Risalə mərcəyi-təqlidin dini və hüquqi məsələlər üzrə verdiyi hökmlərin sistemləşdirilmiş toplusudur. Bu kitab və ya mətnlərdə gündəlik dini praktikaya aid fiqhi qaydalar təqdim olunur.
9. Müqəllid
Müqəllid dini məsələlərdə müəyyən mərcəyi-təqlidin hüquqi rəyinə əməl edən davamçıya deyilir. Şiə fiqhində bir çox möminlər dini praktikada bir mərcəyi-təqlidin fiqhi hökmlərinə istinad edir.
10. Vilayəti-Fəqih
Vilayəti-Fəqih İran siyasi sisteminin əsas doktrinasıdır və dini hüquqşünasın siyasi hakimiyyətə rəhbərlik etməsi prinsipinə əsaslanır. Bu modelə görə ali siyasi hakimiyyət dini legitimlik vasitəsilə əsaslandırılır və dövlət başçısı dini hüquqşünas olur.

