fbpx

DİN

DİN

Moskvada azərbaycanlı şiə dindarlar

Read this article on other language
Download article
image_pdf
image_pdf

Rusiya paytaxtında 500 mindən çox azərbaycanlı yaşayır. Bu əhalinin böyük bir hissəsi əmək miqrantları olsa da, hazırda çoxlu sayda həmvətənimiz Rusiya vətəndaşlığı alaraq bu ölkədə həyatlarını davam etdirir. Əlbəttə ki, bu rəsmi rəqəmlərdir, faktiki olaraq hazırda Rusiya ərazisində daha çox azərbaycanlı yaşadığı güman edilir. Rusiya paytaxtı hələ də azərbaycanlıların iş tapmaq üçün üz tutduqları əsas məkanlardan biri olaraq qalır.

Moskvada yaşayan azərbaycanlılar arasında dindarlıq son illərdə sürətlə artmaqdadır. Ümumilikdə Rusiya paytaxtında hazırda fəaliyyət göstərən bir neçə məscidlə yanaşı, ibadət otaqları və əsasən şiə azərbaycanlılların istifadə etdiyi hüseyniyyələr var.

Azərbaycanlılar əsasən dini mərasim və ibadətlərini 10-a yaxın məscid və hüseyniyyədə keçirirlər. Moskvada fəaliyyət göstərən Əhli-Beyt Cəmiyyətinin sədri Nizami Baloğlanov 2019-cu ildə Azərbaycan mediasına müsahibəsində bildirib ki, hər il Məhərrəm ayı münasibəti ilə keçirilən əzadarlıq məclislərində 20 minə yaxın insan iştirak edir.

Rusiya paytaxtında sünni məzhəbli dindar azərbaycanlıların da sayı az deyil. Ancaq şiələrdən fərqli olaraq sünni azərbaycanlılar Moskvada fəaliyyət göstərən məscidlərdə ibadət etdiyi üçün onların ilk illərdə xüsusi təşkilatlanmasına və şiələr kimi ayrıca ibadətxana yaratmalarına ehtiyac olmayıb. Yalnız son illərdə azərbaycanlılar bir neçə sünni müsəlman təşkilatları yaradıblar.

Moskvada azərbaycanlıların ilk dini fəaliyyətləri və təşkilatlanmaq istiqamətində addımlar

Moskvada azərbaycanlıların dini fəaliyyəti əsasən 1990-cı illərin ortalarından, yəni SSRİ-nin süqutundan bir neçə il sonra başlayıb. Ancaq ilk illərdə dinə yönəlmə pərakəndə olub. Sadəcə din azadlığının verilməsi müsəlmanların məscidlərə üz tutması ilə nəticələnib. Məsələn, 37 ildir Moskvada yaşayan Hacı Natiq deyir ki, din azadlığı verildiyi ilk illərdə müsəlman orta asiyalılarla bir yerdə məscidə namaza gedirmiş, ancaq sonradan məzhəb fərqlərini öyrəndikdən sonra o və onun kimi dostları bir araya gəlməyə və ayrıca ibadət etməyə başlayıblar. O zaman Moskvada azərbaycanlıların nə din xadimi, nə də dini təşkilatları olub.[i]

Moskvada azərbaycanlıların ilk dini təşkilatı olan Moskva Əhli-Beyt Cəmiyyəti 1996-cı ildə yaradılıb. Təşkilatın sədri Musa Qurbanovdur. Təxminən həmin dövrdə Bakıdan Moskvaya gedən din xadimi Nizami Baloğlanov da dini fəaliyyətə başlayıb və 2001-ci ildə o da Əhli Beyt adlı dini təşkilat yaradaraq ona rəhbərlik edib. Lakin hər iki şəxsin yüksək dini təhsili olmayıb.

1999-cu ildə tatarların İnam məscidi açıldıqdan sonra məscidin ibadət salonlarından biri azərbaycanlılar üçün ayrılıb. Yeri gəlmişkən, İnam məscidi ilə bağlı mübahisələr hələ də davam edir. Məscidi tatar əsilli Moskva sakini Rəşid Bəyazid inşa etsə də, yerli azərbaycanlılar ibadət evinin tikintisinə dəstək verdiklərini iddia edirlər. Hətta mərhum eks-prezident Ayaz Mütəllibov və Bakının keşmiş prokuroru Məmməd Quliyevin də məscidin inşasına maddi dəstək verdiyi haqqında iddialar vardı.[ii]

Bundan başqa həmin dövrdə azərbaycanlılar Moskva Müftiliyinin Prospekt Mira metro stansiyası yaxınlığında yerləşən əsas came məscidində qeyri-rəsmi fəaliyyət göstəriblər, daha dəqiq desək, bu məscidin zirzəmisindəki ibadət zalı Müftilik tərəfindən azərbaycanlılar üçün ayrılıb.

Sonrakı illərdə Moskvada dini fəaliyyət daha da canlanıb. 2000-ci illərin əvvəllərində Azərbaycanda, İran və Suriyada dini təhsil almış gənc azərbaycanlı ruhanilər Moskvaya gəlməyə başlayıb. Yeni ruhanilər Moskvada azərbaycanlılar arasında dini təbliğatı  gücləndiriblər.

2003-cü ildə Suriyada təhsil almış Hacı Mətləb Baqir, sonrakı illərdə isə ilahiyyatçı Rəşid Talıbov Moskvaya gələrək dini təbliğə başlayıblar. Tezliklə ciddi nüfuz qazanan Hacı Mətləb dindarların liderlərindən birinə çevrilib. O, Moskvada fəaliyyətini daha da genişləndirərək Salam adlı jurnal dərc etdirib və 2008-ci ildə isə İnteraz telekanalını satın alaraq media sahəsində fəaliyyət göstərməyə başlayıb.

2010-cu ildən sonra Moskva müsəlmanlarının fəaliyyəti daha çox nəzərə çarpmağa başlayır. Bu dövrdə İran və Rusiya arasında münasibətlərin istiləşməsi və Moskvada dindarların sayının artması nəticəsində bu şəhərdə İran ali dini liderinin nümayəndəliyi və Moskva İslam Mərkəzi yaradılır. Ərdəbil şəhərindən olan Sabir Əkbəri Ciddi İran dini liderinin Moskva nümayəndəsi təyin olunur.

Qeyd etmək lazımdır ki, hələ 2000-ci illərin əvvəllərində İraqın Nəcəf şəhərində yaşayan Ayətullah-Uzma Seyid Əli Sistaninin ofisinin Moskvada nümayəndəliyi fəaliyyətə başlayıb. Ayətullah Sistaninin Moskva təmsilçisi Şeyx Məhəmmədəli Mosuli daha əvvəl Bakıda fəaliyyət göstərmiş, ancaq burada yerli hakimiyyət dairələri və İranın Bakıdakı təmsilçisi ilə aralarında yaranmış münaqişə nəticəsində Azərbaycanı tərk edərək Moskvaya yerləşib .

Sonrakı illərdə Hacı Mətləb və Hacı Rəşid Moskvanı tərk edərək Azərbaycana qayıdıb. Bir qədər sonra azərbaycanlılar Prospekt Mira məscidi və İnam məscidindən çıxarılıb və azərbaycanlı şiələr əsasən Moskvanın müxtəlif rayonlarında olan üç hüseyniyyəyə toplanmağa başlayıb.

Həmçinin bunun ardınca Moskvada azərbaycanlıların bir neçə yeni dini qurumu da yaradılıb. Bunların arasında İranda fəaliyyət göstərən Camiətul Mustafanın (əl-Mustafa Universiteti) Moskva nümayəndəliyini, Ayətullah Sistaninin nümayəndəliyini, hazırda bu nümayəndəliyə Şeyx Məhəmmədəli Mosulinin oğlu Mehdi rəhbərlik edir və maddi imkansızlıq səbəbilə artıq fəaliyyətini dayandırmış Gürcüstan azərbaycanlılarının hüseyniyyəsini misal göstərmək olar.

Hazırda isə Moskvada azərbaycanlı şiələrə məxsus üç əsas hüseyniyyədən və rəsmi dövlət qeydiyyatına alınmış beş cəmiyyətdən əlavə, şəhərin ayrı-ayrı rayonlarında və ətrafında, əsasən  evlərdə və ya kiçik ofislərdə də dini təbliğat və ibadətlər həyata keçirilir.

Bunlar içində ən iri ibadət yeri Moskva İslam Mərkəzidir. Bu mərkəz İran hökuməti tərəfindən 2012-ci ildə Moskvada yaradılıb. 2014-cü ildən Altufyevskoe (Алтуфьевское)  rayonunda yerləşən bir binada fəaliyyət göstərir.

2013-cü ildən mərkəzə İran vətəndaşı, din xadimi Höccət əl-İslam Sabir Əkbəri Ciddi rəhbərlik edib. 2023-cü ildə onu Höccət əl-İslam Bəxtavər əvəzləyib. Bu şəxslər həm də İran dini liderinin Moskva təmsilçiləri hesab olunurlar.

Mərkəzə əsasən azərbaycanlılar gəlir. Ruslar arasında da İslamı qəbul edənlər və bu mərkəzə gələnlər var.  Bura cümə namzalarına 2-3 min nəfər insan gedir. Bayram namazları, xüsusi günlər və Məhərrəm məclislərində iştirakçıların sayı daha çox olur.  Mərkəzdə azərbaycanlılar arasında populyar ruhanilər, bəzən də İrandan dəvət olunmuş tanınmış xətiblər çıxışlar edir. Moskva İslam Mərkəzi bu şəhərdəki şiə ibadət yerləri arasında ən populyarıdır.

Digər rəsmi qeydiyyatı olan böyük və populyar məkan Fatimeyi Zəhra hüseyniyyəsi və ya Moskva Şiələrinin Dini Təşkilatıdır.  İki mərtəbəli binada fəaliyyət göstərən, ümumi ibadət yerindən və dərs otaqlarından ibarət bu hüseyniyyəyə ilahiyyatçı Famil Cəfərov rəhbərlik edir. Hüseyniyyədə Quran qiraəti, İslam tarixi, Əqaid, Əhkam dərsləri tədris olunur, cümə namazı qılınır, Məhərrəm, Ramazan ayında gündəlik məclislər təşkil olunur. Burada cümə namazlarında 200 nəfərə yaxın, bayram nazmalarında isə 500-600 nəfər arasında dindar iştirak edir.

Famil Cəfərov 1968-ci il fevralın 20-də Lənkəran rayon Digah kəndində anadan olub. 1993-ü ildə Politexnik İnstitutunu (indiki Texniki Universitet – K.R.) bitirib. Həmin il Moskvaya köçüb, 1995-ci ildə isə Rusiya vətəndaşı kimi İrana gedərək Qum şəhərində təhsil almağa başlayıb. 2004-cü ildə təhsilini bitirib Moskvaya qayıdıb. 2004-cü ildə İslam İlahiyyat Mərkəzi adlı təşkilat yaradıb.  2007-ci ilin noyabrında isə Moskva Şiələrinin Dini Təşkilatı adlı şiə dini qurumunu Ədliyyə Nazirliyində qeydiyyata aldırıb. 2005-ci ilin yanvarından üç il ərzində onun baş redaktorluğu ilə Azərbaycan və rus dillərində İman adlı qəzet çap olunub. Hal-hazırda əsasən internet və sosial şəbəkələrdə fəaliyyət göstərirlər.

F.Cəfərov deyir ki, zaman-zaman dini məsələlərə, ruhanilərin həbslərinə münasibət bildirib və bu sözləri Azərbaycanda şişirdilib, ona qarşı təbliğat materialı kimi istifadə olunub. Ona qarşı əsas hücumlar 2011-ci ildə Moskvada təşkil olunmuş tədbirdə Azərbaycanda ruhanilərin, Hacı Zülfüqarın həbsinə etiraz etməsi ilə bağlı başlayıb. Ancaq onun sözlərinə görə, bu çıxışı kontekstdən çıxarılaraq dövlət əleyhinə çıxış kimi təqdim olunub. Lakin o dövlət əleyhinə heç bir hərəkət etməyib, Fatimiyyə hüseyniyyəsində Azərbaycanın milli günləri, o cümlədən 20 yanvar, Xocalı günləri qeyd olunub, Qarabağ şəhidləri və işğal günləri yad edilib. Bununla belə, o, sonralar da Azərbaycanda dindarların həbsini tənqid etmişdir. O, bunu bir din xadimi kimi vəzifəsi hesab edir.[iii]

F.Cəfərov deyir ki, daha əvvəl icmanın üzvləri OtradnoeProspekt Mira ünvanlarında yerləşən məscidlərdə yığışıblar. Ancaq 2016-2018-ci illərdə azərbaycanlılar hər iki məsciddən çıxarıldıqdan sonra imkanlı icma üzvləri ilə toplanaraq indiki binanı satın alaraq ibadət və tədris mərkəzinə çeviriblər. [iv]

Moskvada azərbaycanlıların daha bir ibadət mərkəzi İmam Səccad (ə) Hüseyniyyəsi adı verilən ibadət evidir. Rəsmi olaraq 2016-cı ildə yaradılaraq qeydiyyata alınmış bu təşkilatın rəhbəri və hüseyniyyənin imamı ruhani Hacı Yasin Əliyevdir. Bu, Moskvada fəaliyyət göstərən ən yeni dini təşkilatdır.

Moskvada fəaliyyət göstərən digər bir şiə dini təşkilatı yuxarıda adı çəkilən Əhli Beyt Rusiya İslam Cəmiyyətidir. Təşkilatın rəhbəri Nizami Baloğlanovdur. Bu cəmiyyət 1996-cı ildə fəaliyyətə başlayıb, 2002-ci ildə rəsmi dövlət qeydiyyatına alınıb. N.Baloğlanov Moskvada azərbaycanlı din xadimlərinin ağsaqqalı olaraq qəbul edilir. Hazırda ibadət yeri olmadığı üçün daha çox Moskva İslam Mərkəzi, eləcə də digər hüseyniyyələrdə məclislərə gedir, çıxışlar edir. Daha əvvəl isə Prospekt MiraOtradnoe metrostansiyası yaxınlığındakı İnam məscidində fəaliyyət göstərmişdir. Ancaq 2016-cı ildə Prospekt Mira ünvanında yerləşən Cümə məscidində sələfi və şiələr arasında Məhərrəm mərasimlərinin qeyd olunması zamanı baş verən qarşıdurmadan sonra Müfti Ravil Qaynutdinin əmrinə əsasən azərbaycanlılar bu məsciddən, eləcə də yenə həmin illərdə İnam məscidindən çıxarılıblar. Nizami Baloğlanov deyir ki, bundan sonra ibadət yerləri olmayıb və bununla bağlı Rusiya prezidentinə, Azərbaycan QMİ-nin sədrinə məktubla müraciət etsələr də, cavab olmayıblar. Bu səbəbdən də hazırda fəaliyyət göstərdiyi sabit ünvan və ya ibadət evi yoxdur, buna görə də ev və ya kafe məclislərinə, əlamətdar günlərdə isə hüseyniyyələrə gedir.[v] Moskvada ən uzunömürlü din xadimi və təşkilat sədri Nizami Baloğlanov 2019-cu ildə Rusiyada müsəlmanlar arasında birliyə göstərdiyi xidmətlərinə görə Dini həmrəylik uğrunda medalına layiq görülmüşdür. Onun rəhbəri olduğu Əhli-Beyt təşkilatı Moskva müftiliyinin üzvü olan 35 dini icmanın içərisində yeganə Azərbaycan (şiə) təşkilatıdır.

Yuxarıda haqqında danışılan ibadət məkanlarında burada çoxdan yaşayan, həmçinin İrandan gələn din xadimləri ilə yanaşı, yaxınlarda Azərbaycandan köçmüş din xadimləri də fəaliyyət göstərir. Onlarda biri də Azərbaycanda bir neçə dəfə həbs olunmuş Hacı Zülfüqar Mikayılovdur. O, 2020-ci ildə sonuncu dəfə əfv sərəncamı ilə azadlığa çıxdıqdan bir qədər sonra Moskvaya köçməyə qərar verib. Bu qərarını da onunla əsaslandırır ki, həbsdən çıxdıqdan sonra Azərbaycand ruhani kimi fəaliyyət göstərməsi üçün heç bir imkan qalmayıb. Məscidlər onun üzünə bağlı olub, evdə keçirilən məclislərə icazə verilmir, bu səbəbdən də Moskvaya getməyə qərar verib. O həmçinin Bakıda əqidəsinə uyğun çıxışları üçün imkan olmadığından da şikayət edir. Xüsusilə də İran dini lideri barədə çıxışlarının Bakıda ona qarşı istifadə olunduğunu bildirir. Qeyd edir ki, Ayətullah Xameneyi müctəhid və dini rəhbərdir və ona münasibəti də bunlara əsaslanır, bu isə Bakıda fərqli şəkildə yozulur. Bununla belə, Hacı Zülfüqar deyir ki, Azərbaycan-İran münasibətlərindəki gərginlik sünidir, tezliklə əlaqələr qaydasına düşəcək, dini sahədəki gərginlik də sona çatacaq. Lakin özü vəziyyət dəyişsə belə, Bakıya qayıtmağı düşünmür. İmkan olduğu halda Moskvada qalıb həyatını burda davam etdirmək fikrindədir. Rusiyada azərbaycanlılar üçün şərtlərin normal olduğunu, burada yaşayıb dini fəaliyyət göstərmək üçün imkanların olduğunu deyir. Həmçinin insanların dinə marağının çox olduğunu iddia edir. Hazırda Moskvada azərbaycanlıların hüseyniyyələrində dərslər deyir, moizələr oxuyur. Moskvada hər hansı problemin olmadığını, ancaq vətəndaşlğı olmadığı üçün fəaliyyətində müəyyən məhdudiyyətlərlə qarşılaşdığını bildirir.[vi]

Qeyd etmək lazımdır ki, Rusiya paytaxtında yaşayan sünni məzhəbli azərbaycanlıların ayrıca təşkilatlanmağa, ibadət mərkəzləri yaratmağa çox ciddi ehtiyacları olmayıb. Çünki Moskva şəhərindəki məscidlərdə rahat şəkildə ibadət edə və yerli dini camaatlara qaynayıb-qarışa bilirdilər. Yalnız son illərdə Moskvada bir neçə sünni təşkilat yaranıb. Bunlara Mədinə, Kövsər kimi dini cəmiyyətləri misal göstərmək olar.  Lakin bu cəmiyyətlər tamamən azərbaycanlılardan ibarət deyil, digər millətlərdən olan sünni dindarlar da bu təşkilatlara qoşulur. Son illərdə Türkiyə şirkətləri və iş adamlarının sayının Moskvada artması böyük şirkətlərdə ibadət otaqlarının və ümumilikdə Türkiyə mərkəzli camaatların yaranması ilə müşayiət olunub. Bu camaatlara yaxın olan və ya bu şirkətlərdə çalışan azərbaycanlılarn bir qisminin onlara qoşulması müşahidə olunur.

NƏTİCƏ

Son illərdə din miqrant azərbaycanlılar arasında əsas birləşdirici elementlərdən biri kimi özünü xüsusilə qabarıq göstərməyə başlayıb. Moskva miqrantlarının maddi imkanlarının nisbətən daha yaxşı olması, həmçinin dini həyatın tənzimlənməsində Azərbaycanda olduğu qədər ciddi məhdudiyyətlərin olmaması həmyerlilərimizə dini fəaliyyətlər üçün öz ölkəmizlə müqayisədə daha əlverişli şərait yaradıb. Bu səbəbdən də 2000-ci illərin əvvəllərindən bu yana Rusiya paytaxtında yaşayan azərbaycanlılar arasında dindarlığın sürətlə artması müşahidə olunur.

Hazırda Rusiyada fəaliyyət göstərən azərbaycanlı şiələrin dini fəaliyyətlərinə ciddi dövlət təzyiqinin olmamasını müsahiblərim İran və Ruisya arasında münasibətlərin isti olması ilə izah edir. Bununla belə, azərbaycanlı dindarlar həmçinin Moskva ilə Bakı araındakı isti münasibətləri də nəzərə aldıqlarını bildirirlər. Moskvada yaşayan Azərbaycan hakimiyyətindən narazı dindarlar, o cümlədən din xadimləri yaxşı bilirlər ki, Bakı Azərbaycan hakimiyyətinə qarşı sərt çıxışlar edənləri ekstradisiya etmək gücünə malikdir. Buna baxmayaraq, yenə də Azərbaycandakı vəziyyətlə müqayisədə Moskvada dini fəaliyyət üçün daha çox sərbəstliyin olduğunu, buna görə də icmalaşmanın daha rahat baş verdiyini, həmçinin maddi imkanların daha üstün olduğunu iddia edirlər.

Bununla belə, Azərbaycanda olduğu kimi, Rusiya paytaxtında da böyük dini icma və ya vahid mərkəz yoxdur, dindarlar pərakəndədir, müxtəlif səbəblərə görə parçalanmalar mövcuddur. Birləşdirici nüfuza malik din xadimlərinin, həmçinin ümumi mərkəz rolunu oynayacaq nisbətən böyük məscidin olmaması da bu pərakəndəliyə təsir edir.

Qeydlər və istinadlar:

[i] Hacı Natiqlə müsahibə, may 2023

[ii] Yerli dindarlarla müsahibə, may 2023

[iii] Famil Cəfərovla müsahibə, may 2023

[iv] Yenə orada

[v] Nizami Baloğlanovla müsahibə, may 2023

[vi] Hacı Zülfüqar Mikayılovla müsahibə, may 2023

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.