Bəşəriyyət yaranandan bu günə kimi müxtəlif azadlıqlar, haqlar və hüquqlar uğrunda mübarizə meydanına çevrilib. Bu meydanda bəzi cəmiyyətlər və millətlər qibtə ediləcək əzmkarlıq, davamlı mübarizkarlıq nümayiş etdirmiş, bəziləri isə azadlıq və haqlarına etinasız yanaşmışlar. Azadlıq və haqlar uğrunda mübarizəni doğuran bu əzmkarlığın mənbəyi nədədir? Nə üçün bir insan azadlıq uğrunda canını qurban verməyə, digəri isə başqasının xeyrinə bütün hüquq və azadlığından imtina etməyə hazırdır? Alman sosioloq, psixoanalitik Erik Fromm sosial psixologiya və sosiologiya nəzəriyyələrinə əsaslanaraq “Azadlıqdan qaçış” (və yaxud “Azadlıq qorxusu”) adlı əsərində bu və bu kimi digər mühüm məsələlərə cavab verməyə çalışır. Almaniyada doğulan və təhsil alan Fromm yəhudi mənşəli olduğu üçün Hitler hakimiyyətə gəldikdən sonra vətənini tərk etməyə məcbur olmuş, ABŞ-a köçmüş və Kolumbiya Universitetində elmi fəaliyyətə başlamışdı. “Azadlıqdan qaçış” əsərində Fromm milyonlarla insanın asanlıqla azadlıq və hüquqlarından imtina edərək özlərini bir insanın iradəsinə, avtoritar hakimiyyətə tabe etməsini mümkün edən səbəbləri araşdırır. Oxuculara təqdim olunan bu tərcümə 1941-ci il Nyu-York nəşrindən edilib.
Professor Şəlalə Məmmədova
Fəsil II. Fərdin yaranması və qeyri-müəyyən azadlıq
(Əvvəlki fəsilə keçid bu mətnin sonundadır)
Biz əsas mövzumuza — müasir insan üçün azadlıq nə deməkdir və o, bu azadlıqdan nə üçün və necə qaçmağa çalışır sualına — keçməzdən əvvəl reallıqdan uzaq görünən bir məsələni müzakirə etməliyik. Bu müzakirə müasir cəmiyyətdə azadlığın təhlilini başa düşmək üçün zəruridir. Mən nəzərdə tuturam ki, azadlıq ümumən insanın mövcudluğunu xarakterizə edir, mən eyni zamanda nəzərdə tuturam ki, azadlığın mənası onun dərk edilməsi səviyyəsindən və insanın özünü müstəqil və fərqli bir varlıq kimi qəbul etməsindən asılı olaraq dəyişir.
İnsanın sosial tarixi onun özünü ətraf dünyadan və başqalarından ayıraraq müstəqil bir varlıq kimi dərk etməsi ilə başlayır. Tarixin uzun dövrü ərzində bu dərketmə zəif inkişaf etmişdi. Fərd uzun müddət mənsub olduğu təbiət və sosial dünyaya bağlı olaraq qalmışdı. O, özünü qismən ayrıca bir varlıq kimi hiss etsə də, özünü onu əhatə edən dünyanın bir parçası hesab etmişdi. Fərdin ətraf dünya ilə ilkin münasibətləri səviyyəsindən çıxaraq “fərdiləşmə” prosesinə qədəm qoyması yeni dövrdə, Reformasiya ilə müasir dövr arasındakı bir neçə əsrdə ən yüksək həddə çatmışdı.
İnsanın həyatında da biz eyni prosesi görə bilərik. İnsan dünyaya gələndə, anası ilə bir varlıq olmaq səviyyəsindən çıxır və ondan ayrı mövcud olan varlığa çevrilir. Bu ayrılma bioloji cəhətdən uşağın anadan ayrılaraq fərdi mövcudluğunun başlanğıcı olsa da, uşaq hələ uzun müddət praktik olaraq anası ilə bir vəhdət halında yaşayır.
Nə qədər ki, insan, obrazlı desək, ətraf dünya ilə göbək bağını qoparmayıb, o, azad deyil. Lakin bu bağlar ona təhlükəsizlik, nəyəsə aid olmaq və harayasa kök salmaq hissi verir. İnsanın tam formalaşdırılmasına qədər mövcud olan bu əlaqələri mən “ilkin əlaqələr” adlandırardım. Bu əlaqələr normal insan inkişafının bir hissəsi olduğu üçün təbiidir. Bu əlaqələrin mövcudluğu fərdiliyin mövcud olmadığını göstərir, lakin insana təhlükəsizlik və həyatda müəyyən istiqamət hissi verir. Bunlar uşağı ana ilə, ibtidai icmanı tayfa və təbiətlə və yaxud orta əsr insanını kilsə və aid olduğu sosial təbəqə ilə bağlayan əlaqələrdir. İnsan fərdiləşmə mərhələsini tamamladıqda və bu ibtidai bağlardan azad olduqda onun qarşısında yeni bir vəzifə peyda olur. Bu vəzifə dünyada yerini tapmaq, kök salmaq və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Lakin indi o, təhlükəsizliyini fərdiləşməmişdən əvvəlki üsullarla deyil, başqa üsullarla təmin etməlidir. İndiki mərhələdə olan azadlıq təkmilləşmədən əvvəl mövcud olan azadlıqdan fərqlənir. Burada dayanıb bu məfhumlara aydınlıq gətirmək, onları fərdi və sosial inkişafla bağlı daha ətraflı təhlil etmək lazımdır.
İnsanın dünyaya gəlməsi və onu anası ilə bağlayan göbək bağının kəsilməsi körpənin ana bətnindən azad olması deməkdir. Lakin bu azadlıq kobud mənada iki cismin ayrılmasıdır. Funksional olaraq, körpə ananın bir hissəsi olaraq qalır. Ana onu yedizdirir, qucağında gəzdirir və bütün həyati əhəmiyyətli məsələlərdə onun qayğısına qalır. Tədricən uşaq anası və digər obyektləri özündən fərqli varlıqlar kimi qəbul edir. Bu prosesin faktorlarından biri uşağın nevroloji və ümumi fiziki inkişafından, onun fiziki və əqli cəhətdən əşyaları götürmək və onları idarə etmək qabiliyyətindən ibarətdir. O, öz fəaliyyəti ilə özündən kənarda olan dünyanı öyrənir. Təhsil fərdiləşmə prosesini gücləndirir. Bu proses bir sıra məyusluqları və qadağaları ehtiva edir, ananın rolunu dəyişdirir, onu uşağın arzularından fərqli məqsədləri olan, bəzən hətta düşmən və təhlükəli olan bir insana çevirir.[i] Təhsil prosesinin bir hissəsi olan bu ziddiyyət “mən” və “sən” arasındakı fərqin güclənməsində mühüm rol oynayır.
Uşaq doğulduqdan yalnız bir neçə ay sonra başqalarını bir varlıq kimi tanıya bilir, onlara gülür. Uşağın özünü ətraf dünyadan ayırması üçün isə illər lazım olur.[ii] O vaxta qədər onda özünü bütün uşaqlara xas olan eqosentrizm büruzə verir. Bu eqosentrizm başqalarına qarşı incəlik və marağı inkar etmir, çünki hələlik “başqaları” onun üçün onun özündən tam ayrı varlıqlar deyil. Məhz bu səbəbdən uşağın həyatının ilk illərində hakimiyyətə arxalanması sonrakı illərdə hakimiyyətə arxalanmasından fərqlənir. Valideynlər və yaxud da hökmə sahib olanlar uşaq tərəfindən fərqli varlıqlar kimi qəbul edilmirlər, onlar uşağın dünyasının bir hissəsidirlər. Məhz buna görə, valideynlərə tabe olmaq fərdiləşdikdən sonra yaranan tabeçilikdən fərqlənir.
On yaşlı uşağın qəflətən şəxsi fərdiliyini dərk etməsi R. Hyuzun “Yamaykada güclü külək” kitabında dəqiq təsvir edilir:
“Və birdən Emili üçün mühüm əhəmiyyət kəsb edən hadisə baş verdi. O, qəflətən kim olduğunu anladı. Bunun nə üçün beş il əvvəl baş vermədiyini və ya beş il sonra baş verməyəcəyini söyləmək çətindir. Bunun məhz bu gün baş vermə səbəbi də məlum deyil. O, qapını döymək üçün şeytan caynaqlarını bərkitdiyi braşpilin arxasında, gəminin düz burnunda, gizli bir bucaqda evcik oynayırdı. Sonra oyundan bezərək gəmi sarğısına doğru getdi və nədənsə arılar və nağıllar şahzadəsi haqqında düşünməyə başladı. Və birdən onun ağlına özünün özü olduğu gəldi. O, qəflətən dayanıb öz ətrafında dolandı. O, əllərini qaldırdığı zaman paltarının və əlinin qabaq hissələrindən başqa bir şey görmürdü. Lakin bu, ona məxsus olan kiçik bədəni görmək üçün yetərli idi.
O, istehza ilə güldü. “Demək belə,” o, düşündü. “Bütün bu insanlar içərisində bu, elə sənin başına gəlməli idi.” İndi bunun altından qalxmaq olmayacaq. Ən azından, tezliklə qalxmaq olmayacaq, bunun üçün böyümək, bir ömür yaşamaq, qocalmaq lazımdır. Yalnız bundan sonra bu axmaq görünüşdən yaxa qurtarmaq olar. O, bu mühüm hadisəyə əngəl olacaq hər hansı maneəyə imkan verməmək üçün çarmıxların üzərinə dırmanaraq gəmi dirəyinə doğru getməyə başladı. Lakin o, hər dəfə əli və ayağı ilə sadə hərəkətlər etdikdə onların onun iradəsinə belə asanlıqla tabe olmasına təəccüblənirdi. O, xatırlayırdı ki, əlləri və ayaqları hər zaman ona tabe olub, lakin o, heç zaman bunun bu qədər təəccüblü olmasına diqqət yetirməyib. O, özünə yer düzəldərək oturdu və əllərinin dərisinə olduqca diqqətlə baxmağa başladı. Axı bu, onun dərisi idi. O, çiynini paltarın içərisindən çıxarıb ona baxmağa və dərisinin bütöv olmasını yoxlamağa başladı və yanağı ilə çiyninə toxundu. Üzünün yalın çiyin boşluğuna toxunuşu onda xoş hisslər yaratdı, sanki xeyirxah dostu onu əzizləyirdi. Lakin heç bir məntiq ona deyə bilmirdi ki, bu hiss haradan gəlir: yanaqdan, yoxsa çiyindən və kim kimi oxşayırdı: üz çiyni, yoxsa çiyin üzü.
İndi özünün Emili Bas-Tornton olduğunu dərk etdikdən sonra (o, “indi” sözünü nə üçün işlətdiyini bilmirdi, əlbəttə ki, onun ağlına əvvəllər başqa birisi olması kimi cəfəng bir fikir də gəlmirdi), o, bunun nə ilə nəticələnəcəyi haqqında ciddi düşünməyə başladı.”
Uşaq nə qədər çox böyüyürsə və onu bağlayan ilkin əlaqələri nə qədər tez qoparırsa, azadlıq və müstəqilliyə cəhdi bir o qədər güclü olur. Lakin biz bu cəhdin taleyini fərdiləşmə prosesinin inkişafının dialektik xüsusiyyətini dərk etdikdə anlaya bilirik. Bu inkişafın iki tərəfi mövcuddur. Birinci tərəf uşağın güclü fiziki, emosional və əqli inkişafıdır. Bu sahələrin hər biri intensiv və aktiv inkişaf edir. Digər tərəfdən, bu sahələrin hər biri bir-biri ilə əlaqəli olur. Fərdin iradəsi və ağlı ilə idarə olunan təşkilati strukturu inkişaf edir. Bu mütəşəkkil və inteqrasiya olunmuş şəxsiyyət bütünlüyünü “mən” adlandırsaq, deyə bilərik ki, fərdin inkişaf prosesinin bir tərəfi güclü “mən”in inkişaf etməsidir. Fərdiləşmənin və özünü dərketmənin inkişaf həddi adətən fərdi şərtlərlə, yəni sosial şəraitlə müəyyənləşir. Fərdlər arasında bu inkişafla bağlı fərqliliklər kifayət qədər nəzərəçarpacaq olsa da, hər bir cəmiyyətdə fərdiləşmənin müəyyən həddi mövcuddur və adi insanlar üçün bu həddi aşmaq mümkün deyil.
Fərdiləşmənin digər tərəfi tənhalıqdır. İlkin əlaqələr təhlükəsizliyi və xarici dünya ilə dərin birliyi təcəssüm etdirir. Tədricən bu əlaqələr çərçivəsindən çıxan uşaq özünü tənha, digər fərdlərdən təcrid olunmuş hiss edir. Onu əhatə edən dünya isə bir insanın mövcudluğu ilə müqayisədə həddən artıq güclü və qüdrətli, eyni zamanda təhdidedici və təhlükəli görünür və gücsüzlük, həyəcan hissi yaradır. Nə qədər ki, insan bu dünyanın bir hissəsidir, ona fərdi hərəkətləri üçün məsuliyyət daşımaq və bu məsuliyyətdən qorxmaq lazım deyil. İnsan şəxsiyyətə çevriləndə tənhalaşır və tənhalığın bütün təhlükəli tərəfləri və təzahürləri ilə üzbəüz qalır.
İnsanı öz fərdiliyindən imtina etməyə, tənhalıq və gücsüzlük hisslərini aşaraq xarici dünya ilə dərin təmas qurmağa təhrik edən impulslar yaranır. Lakin bu impulslar və onlardan yaranan əlaqələr inkişaf prosesində qırılmış ilkin əlaqələrlə eyni deyil. İnsan fiziki cəhətdən ana bətninə necə qayıda bilmirsə, fərdiləşmə prosesini də psixi cəhətdən geriyə qaytara bilmir. Belə cəhdlər etmək isə mütiliyə səbəb olur; uşaqla onun tabe olduğu hökmran arasında əsas ziddiyyət heç bir zaman aradan qalxmır. Şüurlu olaraq, uşaq özünü təhlükəsiz və təmin olunmuş hiss edir, şüuraltı olaraq bu təhlükəsizlik və məmnunluq üçün ödədiyi qiymətin öz gücü və bütövlüyündən imtina olduğunu dərk edir. Beləliklə, mütiliyin nəticəsinin onun gözlədiyinin tamamilə əksi olduğunu görür. Mütilik uşağın özünə inamını azaldır, eyni zamanda onda düşmənçilik və üsyankarlığı oyadır. Bu isə qorxu oyadır, çünki düşmənçilik və üsyankarlıq uşağın asılı olduğu və yaxud asılı qaldığı insanlara qarşı çevrilir.
Lakin tabe olmaq tənhalıq və təlaşdan qaçmağın yeganə yolu deyil. Başqa bir yol — yeganə məhsuldar və həlledilməz münaqişə yaratmayan yol — insanın başqa insan və təbiətlə kortəbii münasibəti, insanın dünya ilə onun fərdiliyinə xələl gətirməyən əlaqəsidir. Bu münasibətlərin ən yüksək təzahürü sevgi və yaradıcı əməkdir; bu münasibətlərin əsasında isə inteqrasiya və bütövlükdə fərdin gücü durur. Bu əlaqələr insan şəxsiyyətinin inkişafı üçün bütün mümkün imkanlara şərait yaradır.
İnkişaf edən fərdiləşmənin iki mümkün nəticəsi olan tabe olmaq və kortəbii aktivlik problemi daha sonra ətraflı müzakirə olunacaq. Burada isə mən diqqəti inkişaf edən fərdiləşmə və şəxsiyyət azadlığının nəticəsi olan ümumi prinsipə, dialektik prosesə çəkmək istəyirəm. Uşaq onu məhdudlaşdıran bağlardan qopanda öz inkişafında və fərdi “mən”ini ifadə etməkdə azad olur. Lakin uşaq ona təhlükəsizlik və inam verən dünyadan da azad ola bilir. Fərdiləşmə prosesi artan güc və fərdi şəxsiyyətin inteqrasiyası prosesidir. Bu proses həmçinin özünü başqaları ilə eyniləşdirmənin sonu, insanlardan uzaqlaşmaq deməkdir. Bu uzaqlaşma təcrid olunmaya səbəb ola, insanı halsızlaşdıra bilər, bu isə həyəcan və inamsızlıq yaradır. Əgər uşaq daxili gücünü və məhsuldarlığını inkişaf etdirə bilsə, dünya ilə yeni yaxınlıq və həmrəylik əlaqələri qura bilər.
Əgər ayrılma və fərdiləşmə istiqamətində atılan hər bir addım fərdin müvafiq inkişafı ilə müşayiət olunsa idi, uşağın inkişafı harmonik olardı. Lakin belə bir şey baş vermir. Fərdiləşmə prosesi avtomatik baş verir, şəxsiyyətin inkişafı isə bəzi sosial və fərdi səbəblər üzündən ləngiyir. Bu iki tendensiya arasında əlaqənin qırılması dəf edilməsi çətin olan təcrid olunma və gücsüzlüyə səbəb olur, bunlar isə öz növbəsində, sonradan qaçmaq mexanizmi kimi təsvir olunan psixi mexanizmləri oyadır. Filogenetik nöqteyi-nəzərdən insan tarixi fərdiləşmənin və azadlığın inkişaf etdiyi proses kimi səciyyələndirilir. İnsan insanaqədərki mərhələdən məcburi instinktlərindən azad olunmaq üçün ilk addımlarını ataraq çıxır. İnstinkt dedikdə, nevroloji strukturdan miras qalmış spesifik model nəzərdə tutulur, bu modeli yalnız heyvanlar aləmində görə bilirik.[iii] Heyvan inkişafının ən aşağı səviyyəsində olduqda, təbiətə daha çox uyğunlaşır, onun fəaliyyəti isə daha çox instinktiv və reflektor mexanizmlərin nəzarətində olur. Bəzi həşəratların məşhur sosial təşkilatı tamamilə instinktlər üzərində qurulub. Canlılar inkişaf səviyyəsinə görə nə qədər yüksəkdə durursa, onların davranışı bir o qədər çevik, adaptasiya dərəcəsi isə bir o qədər zəif olur. Bu tendensiya ən yüksək dərəcədə insanda müşahidə olunur. Yeni doğulan insan bütün canlıların ən acizidir. Onun təbiətə uyğunlaşması instinktə deyil, öyrənməyə söykənir. “İnstinkt… ali canlılarda, xüsusilə də insanlarda, tam yox olmasa da, özünü az büruzə verir.”[iv]
İnsanın mövcudluğu fəaliyyətinin inkişafı irsi mexanizmlərlə şərtlənməyən müəyyən həddə çatdıqda başlayır. Bu zaman təbiətə uyğunlaşma məcburi xarakterini itirir, hərəkət üsulları artıq irsiyyət və instinktlərlə müəyyənləşmir. Başqa sözlə desək, insanın mövcudluğu və azadlığı ən başdan bir-birindən ayrılmazdır. Burada nəzərdə tutulan pozitiv olan “nəyinsə azadlığı” deyil, neqativ olan “nədənsə azad olmaq”, yəni instinktlə müəyyən olunan fəaliyyətdən azad olmaqdır.
Bu cür azadlıq şübhəli üstünlükdür. İnsan heyvandan fərqli olaraq, dünyaya gələndə zəruri fəaliyyəti üçün lazım olan qabiliyyətlərə malik olmur;[v] o, heyvanlardan fərqli olaraq, valideynlərindən uzun müddət asılı olur. Onun ətraf mühitə reaksiyası avtomatik yerinə yetirilən instinktiv hərəkətlər kimi sürətli və effektiv olmur. Anadangəlmə instinktlərin yetərsiz olması üzündən o, bütün təhlükə və qorxulara məruz qalır. Lakin insanı inkişaf etdirən də məhz bu köməksizlikdir. İnsanın bioloji zəifliyi sivilizasiyanın əmələ gəlməsini şərtləndirib.
İnsan anadan olandan müxtəlif fəaliyyət üsullarının seçimi qarşısında qalır. Heyvanlarda stimuldan, məsələn, aclıqdan başlayan arasıkəsilməz reflektor reaksiyaların zənciri mövcuddur. Bu stimul heyvanları bu və ya digər dərəcədə müəyyən edilmiş davranışa və stimulun yaratdığı gərginliyi aradan qaldırmağa təhrik edir. İnsanlarda bu zəncirlər qırılmış vəziyyətdədir. Stimullar mövcuddur, lakin onların təmin edilməsi yolları açıqdır. İnsan əvvəlcədən instinktiv olaraq müəyyənləşdirilmiş hərəkət əvəzinə fəaliyyətin müxtəlif üsullarını süzgəcdən keçirməli olur, insan düşünməyə başlayır. Onun təbiətə münasibəti dəyişir, o, təbiətə passiv adaptasiyadan aktiv fəaliyyətə keçir, o, istehsal edir. O, əmək alətləri düzəldərək təbiəti özünə tabe edir və ondan daha da uzaqlaşır. O, özünü tam aydın olmasa da, dərk edir, özü kimilərin təbiətlə bir olmadığını anlayır. O, anlayır ki, taleyi faciəlidir, o, təbiətin bir hissəsidir, lakin ondan üstündür. O, çoxsaylı fantaziyalarında bunu inkar etsə də, ölümün onun sonu olduğunu anlayır.
İnsanla azadlıq arasında əlaqənin ən gözəl nümunəsi insanın cənnətdən qovulması ilə bağlı İncildəki rəvayətdir. Rəvayət insan tarixinin başlanğıcını seçim aktına bağlayır, lakin diqqəti azadlığın ilkin aktının və ondan doğan iztirabların günah olmasına yönəldir. Kişi və qadın Eden bağında bir-biri və təbiət ilə tam harmoniya halında yaşayır. Orada dinclikdir və işləməyə ehtiyac yoxdur, lakin seçim, azadlıq, düşünmək də yoxdur. İnsana xeyri və şəri dərk etmək imkanı verən ağacdan meyvə yemək qadağan edilib. İnsan Allahın qanununa qarşı çıxır, təbiətlə olan harmonik münasibətləri pozur. Nə qədər ki, bu harmoniya mövcud idi, o, təbiətin bir hissəsi idi. Hakimiyyəti təmsil edən Kilsənin nəzərində bu, bir günah idi. Lakin insan nöqteyi-nəzərindən bu, insan azadlığının başlanğıcı idi. Allahın əmrlərinə qarşı çıxmaq məcburiyyətdən azad olmaq, insanaqədərki şüursuz həyat mərhələsindən çıxaraq insan mərhələsinə qədəm qoymaq idi. Hakimiyyətin əmrinə qarşı getmək, günah işləmək pozitiv mənada ilk azadlıq aktıdır, yəni ilk insani aktdır. Rəvayətdə formal mənada günah ağıl ağacının meyvəsinin yeyilməsidir. Azadlıq aktı olan itaətsizlik zəkanın başlanması deməkdir. Rəvayət ilk azadlıq aktının sonrakı nəticələrindən də xəbər verir. İnsanla təbiət arasında olan ilkin harmoniya pozulub. Allah kişi ilə qadın arasında, insanla təbiət arasında müharibə elan edir. İnsan təbiətdən ayrılır, fərdə çevrilərək insan olmaq üçün ilk addımını atır. O, azadlığın ilk addımını atır. Rəvayətdə azadlığın ilkin aktının iztirabları qeyd olunur. Təbiətə üstün gələn, ondan və digər insandan ayrılan insan lüt olduğunu anlayır və utandırılır. O, tək və azaddır, lakin gücsüz və ürküdülmüşdür. Əldə edilmiş azadlıq lənətə çevrilir. O, cənnətin şirin köləliyindən azad olur, lakin özünü idarə etmək üçün, fərdiliyini reallaşdırmaq üçün azadlığa malik deyil.
Azad olmaq pozitiv azadlıq deyil. İnsanın təbiətdən doğması uzun bir prosesdir. O, doğduğu dünyadan əhəmiyyətli dərəcədə asılı qalır. O, yaşadığı torpağın, günəşin, ayın, ulduzların, ağacların və güllərin, heyvanlar və qan bağı ilə bağlı olduğu insan qruplarının bir hissəsidir. İbtidai icma dövrünün dini ayinləri insanın təbiətlə eyniliyini əks etdirir. Canlı və cansız təbiət insanın dünyasının bir hissəsi olaraq qalır, o, təbiət dünyasının bir parçası olaraq qalır.
İlkin əlaqələr onun mükəmməl şəxsiyyət kimi inkişafına əngəllər yaradır, onlar onun zəkasının, tənqidi təfəkkürünün inkişafına mane olur. Bu əlaqələr ona özünü və digərlərini müstəqil insan varlığı kimi deyil, tayfa, sosial və dini icmanın üzvü kimi görmək imkanı verir. Başqa sözlə desək, bu əlaqələr onun azad, özünü dərk edən, məhsuldar şəxsiyyət kimi inkişafına imkan vermir. Lakin bu, məsələnin bir tərəfidir, onun digər tərəfi də var. Təbiət, tayfa və din birliyi insana təhlükəsizlik hissi verir. O, özünü bütöv bir strukturda kök salmış, özünəməxsus yeri olan biri kimi görür. O, aclıqdan və ya depressiyadan əziyyət çəkə bilər, amma bütün ağrıların ən dəhşətlisi olan təklikdən və şübhələrdən əziyyət çəkmir.
Biz görürük ki, insan azadlığının inkişaf prosesi insanın fərdi inkişafında mövcud olan dialektik xarakterə malikdir. Bu, bir tərəfdən, gücün və bütövlüyün inkişafı, təbiət üzərində hökmranlıq, insan zəkasının gücü və digər insanlarla həmrəyliyin inkişafıdır. Digər tərəfdən, inkişaf etməkdə olan fərdiləşmə artmaqda olan təcrid olunmanın, inamsızlığın və beləliklə də, insanın dünyada roluna, həyatının mənasına şübhə ilə yanaşmasının səbəbidir. Bütün bunlar insanda onun bir şəxsiyyət kimi nə qədər gücsüz və əhəmiyyətsiz olması hissini artırır.
Əgər insanın inkişafı harmonik bir proses olsa idi, əgər o, müəyyən plan üzrə hərəkət etsə idi, hər iki tərəf — həm artan güc, həm də artan fərdiləşmə — balanslaşdırılmış olardı. Hazırkı vəziyyətdə insan tarixi münaqişə və mübarizə tarixindən ibarətdir. Fərdiləşməyə doğru hər bir addım insanları yeni inamsızlıqlarla qarşı-qarşıya qoyur. Qırılmış ilkin əlaqələri bir daha bərpa etmək mümkün deyil; cənnət bir dəfə itirilibsə, insanın ora geri qayıtması mümkün deyil. Fərdiləşmiş insanın dünya ilə əlaqəsinin yalnız bir məhsuldar həlli mövcuddur. Bu yol insanın digər insanlarla aktiv həmrəyliyi, onun kortəbii fəaliyyəti, onu yenidən təbiətə bağlayacaq sevgi və əməkdən ibarətdir. Bu yol onu yenidən dünya ilə bağlayır. Lakin bu əlaqə dünya ilə olan ilkin əlaqələrdən fərqlənir, bu əlaqə azad və müstəqil şəxsiyyətin dünya ilə əlaqəsidir.
Əgər insanın fərdiləşməsi prosesinin asılı olduğu iqtisadi, sosial və siyasi şərtlər indicə qeyd etdiyimiz mənada insanın fərdiləşməsini təmin etmirsə və insanlar onlara təhlükəsizlik hissi verən əlaqələri itirirlərsə, bu, azadlığı ağır yükə çevirir. Bu zaman azadlıq şübhə mənbəyinə çevrilir, həyatın məqsədi və mənası itir. Bu zaman insan azadlıqdan qaçmaq istəyir, azadlıqdan qaçaraq başqasına tabe olmaq və yaxud da insanlarla və dünya ilə onu qeyri-müəyyənlikdən qurtaracaq münasibətə girmək istəyir. O, bu münasibətləri azadlığını itirmək bahasına olsa da, istəyir.
Orta əsrlər dövrü bitdikdən sonra başlayan Avropa və Amerika tarixi şəxsiyyətin tam formalaşması tarixidir. Bu proses İtaliyada İntibah dövründə başlamış və deyəsən, yalnız indi özünün kulminasiya nöqtəsinə çatır. Orta əsr dünyasını məhv etmək və insanları ən bariz məhdudiyyətlərdən azad etmək üçün 400 il lazım oldu. İnsan bir çox münasibətdə şəxsən inkişaf etdikcə, əqli və emosional cəhətdən böyüdükcə, əvvəllər görünməmiş dərəcədə mədəni nailiyyətlərdə iştirak etdikcə “nədənsə azadlıq”la “nə üçünsə azadlıq” arasındakı fərq də artmış olur. İnsanların hansısa bağlardan özünü azad etməsi ilə azadlıq və fərdiləşmənin pozitiv reallaşdırılması üçün mövcud olan məhdud imkanlar arasındakı qeyri-mütənasiblik Avropada azadlıqdan qaçışa, yeni əlaqələr axtarışına və etinasızlığa səbəb oldu.
Azadlığın müasir insan üçün mənasını araşdırmaq məqsədilə biz Orta əsrlər və Yeni dövrün başlanğıcında Avropada mövcud olan şəraitin təhlilindən başlayacağıq. Bu dövrdə Qərb cəmiyyətinin iqtisadi əsasında radikal dəyişikliklər baş vermiş, eyni radikal dəyişikliklər insan şəxsiyyətinin inkişafında da baş vermişdi. O dövrdə azadlığın yeni mahiyyəti inkişaf etməyə başlamışdı. Bu mahiyyət yeni dini doktrinalarda, Reformasiya hərəkatında ideoloji əksini tapdı. Müasir mənada azadlığın mahiyyətinin dərk edilməsi müasir mədəniyyətin əsasının qoyulduğu bu dövrü öyrənmədən mümkün deyil. Məhz bu dövrdə, müasir insanın formalaşmağa başladığı dövrdə, azadlığın Yeni dövr üçün xarakterik olan xüsusiyyəti peyda oldu. Azadlığın bu xüsusiyyəti bir tərəfdən insanın xarici aləmdən müstəqilliyinin, digər tərəfdən isə ona əhəmiyyətsizliyini və gücsüzlüyünü hiss etdirən təklənməyinin artması ilə bağlı idi. Biz müasir insanın xarakterində yaranmış yeni xüsusiyyətləri anlamaq üçün onların necə yarandığını öyrənməliyik. Kapitalizm və individualizmin əsas xüsusiyyətlərini öyrənmək üçün biz onların necə yarandığını izləməliyik. Biz bu xüsusiyyətləri həmin dövrün iqtisadi quruluşu və insan tipi ilə müqayisə edə bilərik, çünki o dövrün insan tipi müasir insan tipindən köklü şəkildə fərqlənir. Bu müqayisə müasir sosial sistemin xüsusiyyətlərini anlamağa, onun insan xarakterini, bu dəyişikliklər nəticəsində yaranan yeni ruhu necə formalaşdırdığını öyrənməyə imkan verir.
Növbəti fəsildə biz göstərəcəyik ki, Reformasiya dövründə mövcud olan şərait müasir dövrə ilk baxışda göründüyündən daha yaxın olub. Bu iki dövr arasında ciddi fərqin olmasına baxmayaraq, 16-cı əsrdən başlayaraq, yəqin ki, heç bir dövr azadlığın ikili mahiyyəti baxımından müasir dövrə bu qədər oxşar olmayıb. Reformasiya dövrü insan azadlığı və muxtariyyəti ideyasının yarandığı dövr olub. Bu ideya müasir demokratiya anlayışına uyğundur. Reformasiya dövrünün bu xüsusiyyəti hər zaman, xüsusilə də qeyri-katolik dövlətlərdə qeyd olunur. Bununla yanaşı, Reformasiyanın başqa bir xüsusiyyəti, onun insan təbiətinin pozğunluğuna, fərdin əhəmiyyətsizliyinə və acizliyinə, fərdin xarici qüvvəyə tabe olmasının zəruriliyinə edilən vurğu unudulur. Şəxsiyyətin ləyaqətsizliyi, onun özünə güvənə bilməməsi, itaət etmək zərurəti haqqındakı fikirlər Hitler ideologiyasının mərkəzi mövzusudur. Bu ideologiyada protestantlığa xas olan azadlıq və əxlaqi prinsiplərə yer olmayıb.
Bu ideoloji oxşarlıq müasir vəziyyəti anlamaq üçün 15–16-cı əsrlərin tədqiqatını vacib edən yeganə göstərici deyil. Sosial şəraitdə də köklü oxşarlıq mövcuddur. Mən bu oxşarlığın ideoloji və psixoloji oxşarlığı necə şərtləndirdiyini göstərməyə çalışacağam. O dövrdə də, indiki dövrdə olduğu kimi, əhalinin əksər hissəsi iqtisadi və sosial təşkilatlarda baş vermiş inqilabi dəyişikliklər nəticəsində ənənəvi həyat tərzinə olan təhdidlərlə toqquşmuşdu. O dövrdə də orta sinif, indiki dövrdə olduğu kimi, monopoliya və kapitalın artan təhlükəsi altında qalmışdı. Bu təhlükə cəmiyyətin əziyyət çəkən hissəsinin ruhuna və ideologiyasına ciddi təsir göstərmiş, fərdin tənhalığı və əhəmiyyətsizliyi hissini gücləndirmişdi.
Müəllifin qeydləri:
[i] Qeyd etmək lazımdır ki, instinktiv məyusluq özlüyündə düşmənçilik yaratmır. Özünü ifadə etmək istəyinin boğulması, uşağın özünü təsdiq etmək cəhdinin qarşısının alınması, valideynlərdən qaynaqlanan düşmənçilik – bir sözlə, basqı ab-havası – uşaqda gücsüzlük hissi yaradır. Bu hiss isə düşmənçilik hissinə səbəb olur
[ii]Jean Piaget, The Moral Judgment of the Child, Harcourt, Brace & Co., New York, 1932, p. 407. Cf. H. S. Sullivan, op. cit., p. 10 ff.
[iii] Bu instinkt konsepsiyasını fizioloji cəhətdən şərtlənən ehtiyaclarla (aclıq, susuzluq və s.) eyniləşdirmək olmaz. Bu ehtiyacların təmin edilməsi irsi olaraq müəyyənləşməyib.
[iv] L. Bernard, Instinct, Holt & Co., New York, 1924, p. 509.
[v] Cf. Ralph Linton, The Study of Man, D. Appleton-Century Company, New York, 1936, Chapter IV.
Tərcümənin 1-ci hissəsi:

