TƏRCÜMƏ

TƏRCÜMƏ

Erik Fromm- Azadlıqdan qaçış

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bəşəriyyət yaranandan bu günə kimi müxtəlif azadlıqlar, haqlar və hüquqlar uğrunda mübarizə meydanına çevrilib. Bu meydanda bəzi cəmiyyətlər və millətlər qibtə ediləcək əzmkarlıq, davamlı mübarizkarlıq nümayiş etdirmiş, bəziləri isə azadlıq və haqlarına etinasız yanaşmışlar. Azadlıq və haqlar uğrunda mübarizəni doğuran bu əzmkarlığın mənbəyi nədədir? Nə üçün bir insan azadlıq uğrunda canını qurban verməyə, digəri isə başqasının xeyrinə bütün hüquq və azadlığından imtina etməyə hazırdır? Alman sosioloq, psixoanalitik Erik Fromm sosial psixologiya və sosiologiya nəzəriyyələrinə əsaslanaraq “Azadlıqdan qaçış” (və yaxud “Azadlıq qorxusu”) adlı əsərində bu və bu kimi digər mühüm məsələlərə cavab verməyə çalışır. Almaniyada doğulan və təhsil alan Fromm yəhudi mənşəli olduğu üçün Hitler hakimiyyətə gəldikdən sonra vətənini tərk etməyə məcbur olmuş, ABŞ-a köçmüş və Kolumbiya Universitetində elmi fəaliyyətə başlamışdı. “Azadlıqdan qaçış” əsərində Fromm milyonlarla insanın asanlıqla azadlıq və hüquqlarından imtina edərək özlərini bir insanın iradəsinə, avtoritar hakimiyyətə tabe etməsini mümkün edən səbəbləri araşdırır. Oxuculara təqdim olunan bu tərcümə 1941-ci il Nyu-York nəşrindən edilib.

Professor Şəlalə Məmmədova

Fəsil I. Azadlıq psixoloji problemdir?

Avropa və Amerikanın yeni tarixini insanı buxovlayan siyasi, iqtisadi və mənəvi zəncirlərdən azad olmaq uğrunda mübarizənin şərtləri müəyyənləşdirib. Yeni hüquqları xəyal edən əzilmişlər imtiyazlarını saxlamağa çalışanlara qarşı azadlıq uğrunda mübarizə aparırdılar. Lakin şəxsi azadlığı uğrunda mübarizə aparan müəyyən bir sinif ümumən azadlıq uğrunda mübarizə apardığını düşünürdü və bunun üçün də öz məqsədlərini ideallaşdıra bilərdi; hər biri azadlıq xəyalı ilə yaşayan bütün əzilənləri öz tərəfinə çəkə bilərdi. Lakin, əslində, əvvəldən zülmə qarşı azadlıq uğrunda uzun və aramsız mübarizə aparan bu siniflər, demək olar ki, qələbə əldə edilən kimi azadlığa düşmən olanlarla birləşdilər və yeni yaranan imtiyazların müdafiəsinə qalxdılar.

Çoxlu sayda məğlubiyyətlərə rəğmən, azadlıq ümumən qələbə çalırdı. Azadlığın qələbəsi uğrunda çoxlu mübarizlər həyatını itirdi. Onlar düşünürdülər ki, azadlıq uğrunda ölmək azadlıq olmadan yaşamaqdan daha yaxşıdır. Bu cür ölüm onların şəxsiyyətinin ən yüksək təsdiqi idi. Düşünmək olardı ki, tarix insanın özünü idarə etməyə, qərarlar qəbul etməyə, özünün düzgün hesab etdiyi kimi düşünməyə və hiss etməyə qadir olduğunu artıq sübut edib. Güman etmək olardı ki, insanın qabiliyyətlərinin tam inkişafı sosial tərəqqini yaxınlaşdıran məqsəd idi. Azadlığa can atmaq özünü iqtisadi liberalizm, siyasi demokratiya, dini muxtariyyət və şəxsi həyatdakı fərdiyyətçilik prinsiplərində büruzə verirdi. Güman edilirdi ki, bu prinsiplərin təmin edilməsi insanı arzularının reallaşdırılmasına yaxınlaşdırır. Buxovlar bir-birinin ardınca qırılırdı. İnsan üzərindən təbiətin hökmranlığını atmış və onun hökmdarına çevrilmişdi; insan kilsə və mütləq dövlətin hökmranlığını devirmişdi. Güman olunurdu ki, xarici hökmranlığın ləğv edilməsi təkcə zərurət deyildi, həm də arzu olunan məqsədə, fərdin azadlığa qovuşması üçün tələb olunan şərt idi.

Birinci Dünya müharibəsi çoxları tərəfindən sonuncu döyüş, onun bitməsi isə azadlığın qəti qələbəsi hesab edilirdi: elə görünürdü ki, mövcud olan demokratiyalar güclənib, köhnə monarxiyalar yeni yaradılmış demokratiyalarla əvəz olunub. Lakin heç bir neçə il keçmədi ki, insanın əsrlər boyu apardığı mübarizə nəticəsində əldə etdiyinə inandıqlarını inkar edən yeni sistemlər peyda oldu. İnsanın bütün sosial və şəxsi həyatı üzərində nəzarəti ələ keçirmiş bu sistemlər hamını bir ovuc insana tabe etdirdi. Bu sistemlərin mahiyyəti qeyri-məhdud hakimiyyətə malik bu bir ovuc insan üzərində heç kimin nəzarətinin olmamasında idi.

İlk vaxtlar çoxları özünü belə bir fikirlə sakitləşdirirdi ki, avtoritar sistemlərin qələbəsi bir neçə şəxsiyyətin dəliliyi ilə şərtlənir və bu dəliliyin özü zamanla onların yaratdığı rejimin məhvinə səbəb olacaq. Özündən müştəbeh digərləri isə düşünürdülər ki, italyan və alman xalqı uzun zaman demokratik şərtlər altında yaşamayıblar və buna görə də onların Qərb demokratiyasına uyğun siyasi kamilliyə çatmasını gözləmək lazımdır. Hamısından daha təhlükəli olan digər bir illüziya isə Hitler kimi insanların böyük dövlət aparatı üzərində nəzarəti yalnız hiylə və yalanla ələ keçirə bilməsi ilə bağlı idi. Onlar və müttəfiqləri yalnız kobud güc hesabına idarə edirlər və bütün əhali satqınlıq və terrorun köməksiz qurbanlarıdır.            

Faşist rejimlərin qələbəsindən sonra gələn illər bu arqumentlərin yanlış olduğunu sübut etdi. Biz etiraf etməyə məcbur olduq ki, Almaniyada milyonlarla insan vaxtilə atalarının mübarizə apardığı azadlıqdan asanlıqla imtina etməyə hazırdır. Onlar azadlığa can atmırdılar, azadlıqdan qaçmağa çalışırdılar, digər milyonlar isə azadlığa etinasız idilər və onun uğrunda mübarizə aparıb ölməyi lazım bilmirdilər. Bununla yanaşı, biz anladıq ki, demokratiyanın böhranı təkcə italyan və almanlara xas problem deyil, o, hər bir müasir dövlət üçün təhlükədir. Bununla yanaşı, insan azadlığı düşmənlərinin hansı simvolları seçməsi önəmli deyil, azadlıq üzərinə antifaşizm adı altında hücum ona faşizm adı altında edilən hücumdan az zərərli deyil.[i] Bu fikir Con Dyui tərəfindən o qədər güclü ifadə olunub ki, mən fikrimi onun sözləri ilə ifadə edəcəyəm. O deyir: “Bizim demokratiyamız üçün ciddi təhdid xarici totalitar dövlətin mövcudluğu deyil. Təhdid xarici dövlətlərdə xarici hakimiyyətin qələbəsinə, nizam-intizama, yeknəsəkliyə və Rəhbərdən asılılığa səbəb olan şəraitin bizim şəxsi düşüncələrimizdə, şəxsi institutlarımızda mövcudluğudur. Bizim daxilimiz, bizim institutlarımızın daxili də döyüş meydanıdır.”[ii]     

Biz faşizmə qarşı mübarizə aparmaq istəyiriksə, onu başa düşməliyik. Arzuladığımız şeyi həqiqət kimi qəbul etmək bizə yardım etməyəcək. Optimist fikirlərin səsləndirilməsi də ritual hind yağış rəqsi kimi qeyri-adekvat və mənasız olacaq.

Faşizmin meydana gəlməsinə imkan yaradan iqtisadi və sosial şəraitdən başqa, dərk edilməsi zəruri olan insan faktoru da mövcuddur. Bu kitabın məqsədi müasir insanın xarakterində mövcud olan və faşist dövlətlərdə insanları azadlıqdan imtina etməyə məcbur edən dinamik faktorları təhlil etməkdir. Bu faktorlar bizim içimizdə, milyonlarla insan arasında da geniş yayılıb.           

Biz azadlığın insani tərəfinə nəzər saldıqda, tabe olmaqdan və ya hakimiyyətə can atmaqdan danışanda belə suallarla qarşılaşırıq: İnsanın həyat təcrübəsində azadlıq nə deməkdir? Azadlığa can atma insan təbiətinə xas olan bir xüsusiyyətdirmi? Bu azadlıq insanın hansı mədəniyyətə aid olmasından asılı olmayaraq yaşadığı şəraitlə müəyyənləşir, yoxsa müəyyən bir cəmiyyətdə fərdiliyin səviyyəsindən asılı olan bir şeydir? Azadlıq yalnız xarici təzyiqin olmamasıdır, yoxsa nəyinsə mövcudluğudur və əgər belədirsə, o nədir? Cəmiyyətdə mövcud olan hansı sosial və iqtisadi faktorlar azadlıq uğrunda mübarizəni mümkün edir? Azadlıq insan üçün daşınması çətin olan, qaçmaq istədiyi bir yük ola bilərmi? Əgər belədirsə, nə üçün azadlıq biri üçün arzuolunan məqsəd, digəri üçün isə təhdiddir? İnsanın azadlığa anadangəlmə can atması kimi, tabe olmaq instinkti də mövcuddur? Əgər bu belə deyilsə, onda bu gün çoxlarının rəhbərə tabe olmaq meylini nə ilə izah etmək olar? Hər zaman görünən hakimiyyətə tabe olunur, yoxsa borc və vicdan kimi görünməyən daxili hakimiyyətə və ya ictimai fikir kimi anonim hakimiyyətə də tabe olunur? Tabe olmaq gizli məmnun olmaq mənbəyi deyil ki? Və əgər belədirsə, onun mahiyyəti nədən ibarətdir       

İnsanlarda hakimiyyət hərisliyini doğuran nədir? Bu, onların həyat enerjisinin gücündən irəli gəlir, yoxsa köklü zəiflikdən, həyatı pərakəndə və məhəbbətlə yaşamağı bacarmamaqdan irəli gəlir? Bu istəkləri gücləndirən psixoloji şərtlər nədən ibarətdir? Bu psixoloji şərtləri mümkün edən hansı sosial şəraitdir?          

Azadlıq və avtoritarizmin insani aspektlərinin təhlili bizi əsas problemi, sosial proseslərdə aktiv rol oynayan psixoloji faktorları nəzərə almağa məcbur edir və bu, bizi son nəticədə sosial proseslərdə psixoloji, iqtisadi və ideoloji faktorların qarşılıqlı əlaqəsi probleminə yönəldir. Faşizmin bütöv millətlər üçün nə dərəcədə cəlbedici olduğunu anlamaq üçün edilən istənilən cəhd psixoloji faktorların rolunu nəzərə almağı tələb edir. Biz burada insanın şəxsi maraqlarının rasional gücünə söykənməyən, lakin insanda şeytani gücü oyadan və hərəkətə gətirən siyasi sistemlə qarşılaşırıq. Biz bu gücün mövcud olmadığını və yaxud da çoxdan yox olduğunu düşünürdük. Son əsrlərdən bizə tanış olan insan fəaliyyəti şəxsi maraqları ilə müəyyənləşən və bacarıqlarına uyğun gələn dərrakəli varlıq idi. İnsanda hakimiyyət hərisliyi və insan davranışında təkanverici güclərin düşmənçiliyini qəbul edən Hobbs kimi müəlliflər də bu güclərin mövcudluğunu şəxsi marağın məntiqi nəticəsi ilə izah edirlər: insanlar bərabərdirlər və hər biri xoşbəxt olmağı arzulayır, hamını eyni dərəcədə məmnun etmək üçün kifayət qədər sərvət olmadığından onlar bir-birləri ilə döyüşmək və hazırda malik olduqlarından gələcəkdə də istifadə etmək imkanı əldə etmək üçün hakimiyyət istəyirlər. Lakin Hobbsun təsviri köhnəlib. Orta sinif nümayəndələri əvvəlki siyasi və dini hökmdarların hakimiyyətini devirdikcə, çoxlu sayda insanlar təbiəti özünə tabe etdikcə, milyonlarla insan iqtisadi cəhətdən müstəqillik əldə etmiş, daha çox insan rasional dünyaya və rasional varlıq olan insana inanmağa başlamışdı. İnsan təbiətindəki qaranlıq və şeytani güclər orta əsrlərə və yaxud tarixin daha erkən dövrünə aid edilirdi, belə bir təbiət elmin çatışmazlığı və ya yalançı kralların və ruhanilərin məkirli planları ilə izah edilirdi.

Dönüb geriyə baxanda o dövrlər bir daha təhlükə yaratmayacaq vulkanı xatırladırdı. İnam və sakitlik hiss olunurdu, adama elə gəlirdi ki, müasir demokratiyanın uğurları bütün qaranlıq qüvvələri məhv edib; dünya küçələri yaxşı işıqlandırılmış müasir şəhərlər kimi işıqlı və təhlükəsiz görünürdü. Müharibələr keçmiş dövrlərin qalıqları hesab edilirdi, onları başa çatdırmaq üçün yalnız daha bir müharibə lazım idi; iqtisadi böhranlar müəyyən dövrdən bir təkrarlansa da, təsadüf hesab edilirdi.

Faşizm hakimiyyətə gələndə insanların çoxu həm nəzəri, həm də praktik cəhətdən buna hazır deyildi. Onlar inana bilmirdilər ki, insan pisliyə bu cür meyilli ola bilər, hakimiyyətə bu cür həris ola bilər, zəiflərin hüququna bu cür etinasız yanaşa bilər və yaxud insanları tabe etməyə bu cür meyilli ola bilər. Yalnız az sayda insan vulkan püskürməsindən əvvəl gələn uğultudan xəbərdar idi. Nitsşe 19-cu əsrin özünə güvənən optimizmini sındırdı, Marks da eyni şeyi özünəməxsus tərzdə etdi. Bir qədər sonra eyni xəbərdarlıq Freyddən gəldi. Sözsüz ki, o və onun tələbələrinin əksəriyyəti cəmiyyətdə baş verənlər haqqında olduqca sadəlövh təsəvvürə malik idilər, onun sosial problemlərin həllinə psixologiyanı tətbiq etməsi yanlış idi. Buna baxmayaraq, marağını insanların fərdi emosional və psixoloji pozuntularına yönəldən Freyd bizi vulkanın zirvəsinə çıxardı və qaynayan kraterə baxmağa vadar etdi.

Freyd özündən əvvəlkiləri geridə qoyaraq diqqətini insan davranışının bəzi aspektlərini müəyyənləşdirən irrasional və şüursuz güclərin müşahidəsinə və təhlilinə yönəltdi. O və davamçıları müasir psixologiyada insan təbiətinin müasir rasionalizm tərəfindən inkar edilən irrasional və şüursuz bölməsini müəyyənləşdirdilər. O, eyni zamanda göstərdi ki, bu irrasional hadisələr müəyyən qanunlara tabedirlər və bu səbəbdən də dərk edilə biləndirlər. O, bizə yuxuların dilini və somatik simptomları, eyni zamanda insanın irrasional davranışını anlamağı öyrətdi. O, müəyyənləşdirdi ki, irrasionallıq və insan xarakterinin bütün strukturu xarici dünyanın təsirinə, xüsusilə də erkən uşaqlıq dövründə baş verənlərə reaksiyadır.

Lakin Freyd öz mədəniyyətinin ruhuna o qədər bağlı idi ki, onun tərəfindən müəyyən edilmiş sərhədləri aşa bilməmişdi. Bu sərhədlər ona hətta xəstə insanları anlamaq imkanı verməmişdi. Bu sərhədlər onu normal insanı və sosial həyatda baş verən irrasional hadisələri anlamaqdan məhrum etmişdi.

Bu kitab bütün sosial proseslərdə psixoloji faktorların rolunu qeyd etdiyi üçün, Freydin insan xarakterində şüursuz güclərin fəaliyyəti və onların xarici təsirlərdən asılılığı kimi bəzi fundamental kəşflərinin təhlilinə əsaslandığı üçün, oxucu bizim təhlilimizin ümumi prinsipləri ilə, həmçinin bizim yanaşmamızla Freydin klassik konsepsiyası arasında mövcud olan əsas fərqlərlə əvvəlcədən tanış olmalıdır.[iii]

Freyd insan və cəmiyyət arasında fundamental ikiliyə ənənəvi inamı, eləcə də insanın təbiətən əxlaqsız olması haqqında ənənəvi təlimi qəbul edirdi. Ona görə, insan mahiyyəti etibarilə antisosial idi. Cəmiyyət müəyyən dərəcədə ona bioloji və zəruri ehtiyaclarını ödəmək imkanı verməlidir, lakin bir çox halda cəmiyyət insanın əsas impulslarını zərifləşdirməli və məharətlə cilovlamalıdır. Cəmiyyət tərəfindən təbii impulsların boğulması nəticəsində gözəl bir şey baş verir: boğulmuş meyllər mədəni dəyərə malik cəhdlərə çevrilir və beləliklə də insan mədəniyyətin əsası olur. Freyd boğmadan mədəni davranışa qəribə transformasiyanı təsvir etmək üçün “sublimasiya” sözünü seçir. Əgər boğma səviyyəsi sublimasiya qabiliyyətini aşırsa, insanlar nevrotik olurlar və bu zaman boğmanın dərəcəsini azaltmaq lazım gəlir. Amma ümumiyyətlə, insanın istəklərinin yerinə yetirilməsi ilə mədəniyyət arasında tərs mütənasiblik mövcuddur. İnsanların istəkləri nə qədər çox boğulursa, mədəniyyət (və eyni zamanda nevrotik pozuntu təhlükəsi də) bir o qədər çox olur. Freydin nəzəriyyəsində insanın cəmiyyətə münasibəti mahiyyət etibarilə dəyişməzdir. İnsan olduğu kimi qalır və yalnız cəmiyyət onun təbii tələbatlarına güclü təsir göstərdikdə (və beləliklə də sublimasiyanı gücləndirdikdə) və ya ona daha çox istəklərini reallaşdırmaq imkanı verdikdə (və beləliklə də mədəniyyəti qurban verdikdə) dəyişir.

Erkən psixoloqların qəbul etdiyi kimi, Freydin insan təbiəti konsepsiyası insanın əsas instinktlərinə uyğun, müasir insana xas mühüm motivlərdən ibarətdir. Freydə görə, onun mədəniyyətinə aid olan fərd “insan”dan ibarətdir, müasir cəmiyyətdə insana xarakterik olan ehtiras və qorxular isə insanın bioloji konstitusiyasında mövcud olan əbədi gücdür.

Biz bu anın müxtəlif təsvirini təqdim edə bilsək də (məsələn, bu gün müasir insanlar arasında yayılmış düşmənçiliyin sosial əsası, Edip kompleksi, qadınlarda kastrasiya kompleksi), mən xüsusi əhəmiyyət kəsb edən və sosial varlıq olan insan konsepsiyasına aid bir təsvir üzərində dayanmaq istəyirəm. Freyd hər zaman fərdi digərlərinə münasibəti baxımından təhlil edir. Freyd bu münasibətləri kapitalist cəmiyyəti üçün xarakterik olan iqtisadi münasibətlərlə eyniləşdirir. Hər bir insan qorxu və riskləri nəzərə alaraq özü üçün, fərdi olaraq işləyir. Bu, başqaları ilə əməkdaşlıq etmək deyil. Lakin insan Robinzon Kruzo deyil. Başqaları ona müştəri, işçi və ya işəgötürən kimi lazımdır. O, almalı və satmalıdır, verməli və almalıdır. Bazar, əmtəə və ya əmək bazarı olmasından asılı olmayaraq, bu münasibətləri nizamlayır. Beləliklə, başlanğıcda yalnız özünü təmin edən fərd bir məqsədlə, satmaq və almaq məqsədilə digərləri ilə iqtisadi münasibət qurur. Freydin insan münasibətləri konsepsiyası bundan fərqlənmir. Fərd bioloji cəhətdən müəyyənləşmiş tələbatlara malikdir ki, onların da təmin olunması lazımdır. Tələbatını təmin etmək üçün fərd digər “obyektlərlə” münasibət qurur. Beləliklə, digər fərdlər hər zaman fərdin digərləri ilə münasibət qurmamışdan əvvəl yaranmış məqsədinə çatması üçün vasitə, cəhdlərin reallaşdırılmasıdır. Freydə görə, insan münasibətləri sferası bazara bənzəyir, bu, bioloji tələbatdan irəli gələn istəklərin ödənilməsini təmin edən məkandır. Burada insanlar arasında münasibət özlüyündə məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir.

Freydin nöqteyi-nəzərindən fərqli olaraq, bu kitabda təqdim olunan təhlildə ehtimal olunur ki, psixologiyanın mühüm problemi fərdin dünya ilə özünəməxsus münasibətidir. Bu problem fərdin instinktiv tələbatının təmin edilməsi və ya təmin edilməsinə əngəl törədilməsindən ibarət deyil. Bu kitab eyni zamanda ehtimal edir ki, fərdin cəmiyyətlə münasibətləri sabit deyil. Biz deyə bilmərik ki, bir tərəfdə müəyyən istəklərə malik fərd, digər tərəfdə isə fərdə tamamilə yad olan, onun təbiətinə xas istəklərini ya təmin edən, ya da boğan bir cəmiyyət var. İnsana məxsus olan aclıq, susuzluq, seks kimi müəyyən tələbatlar var ki, bunlar bütün insanlara xas olan tələbatlardır. Lakin insanı xarakter olaraq fərqləndirən sevgi və nifrət, hakimiyyət hərisliyi və tabe etmək cəhdi, həzz gətirən hisslərdən zövq almaq və onlar qarşısında qorxu hiss etmək kimi istəklər də var ki, onlar sosial proseslərin məhsuludur. İnsanın ən gözəl tərəfləri və ən çirkin meyilləri insan təbiətinə məxsus bioloji xüsusiyyətindən irəli gəlmir, onlar insanın yaratdığı sosial proseslərin nəticəsidir. Başqa sözlə desək, cəmiyyət təkcə istək və meyilləri boğmur, eyni zamanda onları həm də yaradır. İnsanın təbiəti, onun ehtiras və qorxuları mədəni məhsuldur, mahiyyət etibarilə insanın özü davamlı səylərinin və nailiyyətlərinin nəticəsidir. Bu səylərin salnaməsini biz tarix adlandırırıq.

Sosial psixologiyanın vəzifəsi tarixdə insanın yaradılması prosesini anlamaqdır. Nə üçün bir tarixi mərhələdən digərinə keçən zaman, insan xarakterində müəyyən dəyişikliklər baş verir? Nə üçün İntibah dövrünün ruhu Orta əsrlər dövrünün ruhundan fərqlənir? Nə üçün monopolist kapitalizm dövründə insan xarakterinin strukturu 19-cu əsrdəki insan xarakterinin strukturundan fərqlənir? Sosial psixologiya pis və ya yaxşı olan yeni qabiliyyətlərin və yeni ehtirasların yaranmasının səbəblərini izah etməlidir. Məsələn, biz bilirik ki, İntibah dövründən günümüzə qədər insanlar şöhrət üçün özlərini qurban edirdilər. Bizim dövrümüzdə hamıya adi görünən bu istək orta əsr cəmiyyətindəki insanlar arasında az yayılmışdı. Həmin dövrdə təbiətin gözəlliyi ilə bağlı insan hissləri yaranmışdı. Əvvəllər insanlarda bu hisslər olmamışdı. 16-cı əsrdən başlayaraq Şimali Avropa dövlətlərində insanlarda əməyə görünməmiş meyil yaranmışdı, bu vaxta qədər azad insanda belə bir istək olmamışdı.

Lakin tarix təkcə insanı yaratmır, insan da tarix yaradır. Bu ziddiyyətin həlli sosial psixologiyanın sahəsinə aiddir. Onun vəzifəsi sosial proseslər nəticəsində ehtiras, istək və narahatlığın necə dəyişməsi və inkişaf etməsini göstərməklə yanaşı, həm də müəyyən formalarda əldə edilmiş insan enerjisinin sosial prosesi formalaşdıran istehsal gücünə çevrilməsini göstərməkdir. Məsələn, şöhrət, uğur və əməyə olan istək olmasaydı, müasir kapitalizm inkişaf edə bilməzdi, insanın bu və ya digər gücü və istəyi olmasaydı, insanın müasir kommersiya və sənaye sistemlərinin sosial və iqtisadi tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi üçün stimulu olmazdı.

Bütün bu deyilənlərdən məlum olur ki, bu kitabda təqdim olunan fikirlər Freydin təqdim etdiyi fikirlərdən fərqlənir, çünki bu kitabda təqdim olunan fikirlər Freydin özlüyündə sosioloji faktorlarla müəyyənləşməyən tarixi-psixoloji güclərin nəticəsi kimi şərh etməsinə ziddir. Bu kitab eyni zamanda sosial prosesin dinamik elementi olan insan faktorunu inkar edən nəzəriyyələrlə qətiyyən razı deyil. Bu tənqid təkcə psixoloji problemləri sosiologiyadan kənarlaşdırmağa cəhd edən nəzəriyyələrə (məsələn, Dürkheym və məktəbi) qarşı yönəlməyib, eyni zamanda bu və ya digər dərəcədə biheviorist (davranış) psixologiya ilə bəzədilmiş nəzəriyyələrə də qarşıdır. Bütün bu nəzəriyyələri birləşdirən bir ehtimal var ki, o da insan təbiətinin şəxsi dinamikasının olmamasıdır. Psixoloji dəyişikliklər isə yeni mədəni modellərə uyğunlaşmaq üçün yeni vərdişlərin inkişafı kimi təqdim olunur. Bu nəzəriyyələr psixoloji faktordan danışsa da, onu mədəni modellərin kölgəsinə salır. Yalnız əsası Freyd tərəfindən qoyulmuş dinamik psixologiya insan faktorunu formal qəbul edən çərçivədən çıxa bilər. Sabit insan təbiəti mövcud olmasa da, biz insan təbiətini sonsuz çevikliyə malik və istənilən şəraitə uyğunlaşmağı bacaran hesab edə bilmərik. Tarixi inkişafın məhsulu olan insan təbiəti müəyyən daxili mexanizmlərə və qanunlara sahibdir. Bu mexanizmləri və qanunları açmaq isə psixologiyanın vəzifəsidir.

Bu mərhələdə indiyə qədər deyilənləri və bundan sonra deyiləcəkləri tam anlamaq üçün adaptasiya məfhumunu müzakirə etmək lazımdır. Bu müzakirə eyni zamanda bizim psixoloji mexanizmlər və qanunlar dedikdə nəyi nəzərdə tutduğumuzu aydınlaşdıracaq.

Güman edirik ki, “sabit” və “dinamik” adaptasiyanı bir-birindən ayırmalıyıq. Sabit adaptasiya dedikdə, biz elə bir davranış modeli nəzərdə tuturuq ki, insanın bütövlükdə xarakteri dəyişməz qalır və o, yalnız yeni vərdişlər əldə edir. Belə bir adaptasiyaya nümunə olaraq Çin yemək tərzindən çəngəl və bıçağın istifadə olunduğu Qərb yemək növünə keçməni göstərmək olar. Amerikaya gələn çinli bu yeni vərdişə adaptasiya olunur, lakin belə bir adaptasiya ümumilikdə onun şəxsiyyətinə az təsir göstərir. Belə bir adaptasiya yeni istəklər və yaxud xüsusiyyətlər doğurmur.

Dinamik adaptasiya dedikdə biz, məsələn, ciddi və təhdid edən atanın əmrlərinə tabe olan oğlan uşağını nəzərdə tuturuq. Atasından qorxduğu üçün o, başqa cür hərəkət edə bilmir və “sözəbaxan oğlan” olur. Bu uşaq yaranmış şəraitə uyğunlaşana qədər onun daxilində dəyişikliklər baş verir. Onun atasına qarşı düşmənçiliyi arta bilər, lakin o, bu düşmənçiliyi içərisində gizlədir, çünki bu qorxunu dilə gətirmək və ya onu anlamaq kifayət qədər təhlükəlidir. Lakin uşağın içində boğduğu bu düşmənçilik özünü aydın büruzə verməsə də, onun xarakterində dinamik faktordur. Bu faktor yeni qorxular və daha dərin tabeçilik yarada bilər. Bu faktor həmçinin hər hansı konkret bir şeyə deyil, bütövlükdə həyatın özünə izahı mümkün olmayan üsyan hissi yarada bilər. Burada, birinci nümunədə olduğu kimi, insan müəyyən xarici şəraitə uyğunlaşır və bu uyğunlaşma onun içərisində yeni bir şey yaradır, yeni istəkləri və qorxuları oyadır. Hər bir nevroz bu dinamik adaptasiyanın nümunəsidir. Mahiyyət etibarilə bu adaptasiya sağlam olmayan (xüsusilə də erkən uşaqlıq dövrü üçün) xarici şəraitə uyğunlaşmadır və uşağın böyüməsi və inkişafı üçün əlverişli deyil. Nevrotik proseslərlə (nə üçün onları nevrotik adlandırmadığımızı sonra müzakirə edəcəyik) müqayisə edilməli olan bu cür sosial-psixoloji hadisələr, məsələn, sosial qruplarda ciddi destruktiv və sadistik impulslar insanın inkişafı üçün irrasional və zərərli olan sosial şəraitə dinamik adaptasiyasının nümunəsidir.

Hansı növ adaptasiyanın baş verdiyi ilə yanaşı, digər sualları da cavablandırmaq lazımdır. İnsanı istənilən həyat şəraitinə uyğunlaşmağa vadar edən nədir və bu uyğunlaşmanın bir sərhədi mövcuddurmu?

Bu suallara cavab verərkən ilk müzakirə edəcəyimiz məsələ insan təbiətində daha çevik və uyumlu olan müəyyən xüsusiyyətlərin mövcudluğu faktıdır. İnsanları bir-birindən fərqləndirən istək və xarakterik xüsusiyyətlər: sevgi, destruktivlik, sadizm, tabe olmağa meyillilik, hakimiyyət hərisliyi, yadlaşma, özünü ucaltma istəyi, qənaətçilik, şəhvətli hisslərdən həzz almaq və həssaslıq qorxusu daha çevik və uyumludur. İnsana xas olan bu və ya digər istək və qorxular müəyyən həyat şəraitinə cavab olaraq yaranır. Onlar xüsusi çevikliyi ilə fərqlənmirlər, çünki bir dəfə insanın xarakterinə oturdularsa, asanlıqla yox olmurlar, başqa bir istəyə çevrilə bilirlər. Bu istəkləri ona görə çevik adlandırırıq ki, fərdlər yaşadıqları həyat şəraitinə uyğun olaraq bu və ya digər istəklərini formalaşdıra bilirlər. Bu istəklərin heç biri insanın doğuşdan malik olduğu, inkişaf edən və istənilən şəraitdə təmin ediləcək tələbatları kimi sabit və mütləq deyil.

Bu tələbatlardan başqa, insan təbiətinin ayrılmaz hissəsi olan və ilk növbədə təmin edilməli olan tələbatlar da var ki, bunlar insanın fizioloji quruluşundan irəli gəlir. Bunlara aclıq, susuzluq, yuxuya olan tələbat və s. aiddir. Bu tələbatların hər birinin ödənilməməsi ilə bağlı müəyyən bir sərhəd var, bu sərhədlər aşıldıqda onların ödənilməməsi dözülməz hala gəlir və insan bu tələbatları ödəməkdən başqa heç bir şey düşünə bilmir. Fizioloji ehtiyacdan doğan bu tələbatları ümumi olaraq insanın özünü qoruması üçün lazım olan tələbatlar kimi müəyyənləşdirə bilərik. İnsanın özünü qoruması üçün vacib olan tələbatların istənilən şəraitdə təmin olunması zərurəti onları insan davranışının əsas motivinə çevirir.

Qısası, insan yeməlidir, içməlidir, yatmalıdır, düşməndən qorunmalıdır və s. Bütün bunlar üçün isə o, işləməli və istehsal etməlidir. Lakin iş hər hansı ümumi və ya abstrakt məfhum deyil. İş konkret iqtisadi sistemdə konkret iş deməkdir. İnsan feodal sistemində qul kimi, hindu məskənində kəndli kimi, kapitalist cəmiyyətində müstəqil sahibkar kimi, müasir univermaqda satıcı kimi, böyük zavodun aramsız konveyerində fəhlə kimi işləyir. Bu müxtəlif işlər müxtəlif şəxsi xüsusiyyətlər tələb edir və başqaları ilə müxtəlif münasibətlərin qurulmasına səbəb olur. İnsan dünyaya gələndə onun üçün bütün şərait yaradılır. O, yeməlidir, içməlidir və demək ki, həm də işləməlidir. Bu o deməkdir ki, o, doğulduğu cəmiyyət tərəfindən müəyyən edilmiş şəraitdə və üsullarla işləməlidir. Hər iki faktor, həyati ehtiyaclar və sosial sistem, bir şəxsiyyət kimi onun üçün dəyişməzdir. Məhz bu iki faktor onun böyük çevikliyə malik digər xüsusiyyətlərinin inkişafını müəyyən edir.

Beləliklə, fərd üçün iqtisadi sistemin xüsusiyyətləri ilə müəyyən edilmiş həyat tərzi onun şəxsiyyətinin formalaşmasında başlıca faktora çevrilir, çünki özünü qorumaq ehtiyacı onu doğulduğu şəraiti qəbul etməyə vadar edir. Bu, o demək deyil ki, fərd digərləri ilə birlikdə müəyyən iqtisadi və siyasi dəyişikliklər edə bilməz. Lakin onun şəxsiyyəti ilk növbədə onun uşaqlıqda ailəsi vasitəsilə tanış olduğu konkret həyat tərzinin təsiri altında formalaşır. Bu həyat tərzi konkret cəmiyyət və ya sinif üçün xarakterik olan xüsusiyyətlərdən ibarətdir.[iv] 

Fizioloji cəhətdən şərtlənmiş tələbatlar insan təbiətinə xas olan yeganə mühüm xüsusiyyət deyil. İnsanın cismani ehtiyacları ilə bağlı olmayan, lakin onun həyat tərzinin mahiyyəti və mövcudluğu üçün bir o qədər vacib olan digər tələbatları da var ki, bu, xarici aləmlə əlaqə qurmaq, tənhalıqdan qaçmaq tələbatıdır. Aclıq insanı fiziki cəhətdən məhv etdiyi kimi, tənhalıq da insanı psixoloji cəhətdən öldürür. Başqaları ilə bu cür əlaqə fiziki əlaqə deyil.

İnsan fiziki cəhətdən uzun illər tənha ola bilər, lakin ona ümumilik, harasa aid olmaq hissi verən ideyalara, dəyərlərə, ən azından hansısa sosial modellərə bağlı ola bilər. Digər tərəfdən, o, insanlar arasında yaşaya bilər, lakin özünü tənha hiss edər. Bu cür vəziyyət müəyyən sərhədi aşdıqdan sonra şizofrenik pozuntularla müşayiət olunan dəliliyə səbəb ola bilər. Dəyərlərlə, simvollarla, davranış modelləri ilə əlaqəsi olmayan bu cür vəziyyəti biz mənəvi tənhalıq adlandıra bilərik. Mənəvi tənhalıq fiziki yalnızlıq kimi dözülməzdir və yaxud fiziki yalnızlıq mənəvi tənhalığa çevriləndə dözülməz olur. Dünya ilə mənəvi əlaqə müxtəlif formada mümkündür. Öz hücrəsində olan və Allaha inanan keşiş, təcrid olunmuş və özünü məsləkdaşları ilə bir hiss edən siyasi məhbus mənəvi cəhətdən tənha deyil. Ən ekzotik mühitdə belə smokinq geyinən ingilis centlmeni, öz yaxınlarından təcrid olunmuş xırda burjua özünü millətindən və onun simvollarından təcrid olunmuş hesab etmir. Dünya ilə əlaqə xeyirxah və ya bayağı ola bilər, lakin ən aşağı davranış modeli ilə assosiasiya olunmaq belə tənhalıqdan yaxşıdır. Din və millətçilik və yaxud istənilən adət və inanc nə qədər absurd və alçaldıcı olsa da, insanı başqaları ilə bağladığı üçün onu ən çox qorxduğu təcridolunmadan qurtaran sığınacağa çevriləcək.

İnsanın mənəvi tənhalıqdan qaçmaq zərurəti Balzakın “İxtiraçının iztirabları” adlı əsərindəki bu hissədə aydın təsvir olunub:

Bir şeyi öyrən, hələ dərin olmayan ağlında saxla: tənhalıq insanı dəhşətə gətirir. Tənhalığın bütün növləri içərisində mənəvi tənhalıq ən dəhşətlisidir. İlk zahidlər Allah ilə yaşayırdılar, onlar ən çox məskunlaşmış dünyada, ruhların dünyasında yaşayırdılar. İstər cüzamlı, istər məhbus, istər günahkar, istər əlil olsun, insanın ağlına gələn ilk fikir taleyinə yoldaş tapmaqdır. Həyatın özündən ibarət olan bu istəyi reallaşdırmaq üçün insan bütün gücünü, qüvvəsini, həyatının enerjisini sərf edir. Belə bir qarşısıalınmaz istək olmasaydı, Şeytan özünə yoldaş tapardımı? Bu mövzuda “İtirilmiş cənnət”in girişi ola biləcək bütöv bir dastan yazmaq olardı, çünki “İtirilmiş cənnət” qiyamın apologiyasından başqa bir şey deyildir.

İnsanın təcrid olunma qarşısında nə üçün bu qədər qorxduğuna cavab vermək üçün istənilən cəhd bizi bu kitabda getmək istədiyimiz əsas yoldan uzaqlaşdıracaq. Lakin oxucuda insanın özünü başqaları ilə birgə hiss etməsinin hansısa möcüzəvi gücə malik olması fikrini yaratmamaq üçün mən bu suala cavabın harada yerləşdiyini göstərməliyəm.

Burada önəmli olan fakt insanın digərləri ilə əməkdaşlıq etmədən yaşaya bilməməsidir. İnsan sağ qalmaq istəyirsə, istənilən mədəniyyətdə əməkdaşlığa ehtiyac duyur. Onun düşməndən və ya təbiətin fəlakətindən qorunmaq, işləmək və ya istehsal etmək üçün əməkdaşlığa ehtiyacı var. Hətta Robinzon Kruzonun Cüməsi var idi. Cüməsiz o nəinki dəli olar, hətta ölə bilərdi. İnsan uşaq olanda başqalarının yardımına çox böyük ehtiyac duyur. Uşaq faktiki olaraq başqalarının yardımı olmadan mühüm funksiyaları yerinə yetirə bilmədiyi üçün başqa insanlarla ünsiyyət ölüm-dirim məsələsinə çevrilir. Tək qalmaq uşağın mövcudluğu üçün ən böyük təhlükə yaradır.

Lakin hər hansı bir icmaya aid olmanı zəruri edən başqa bir səbəb də var. Bu, subyektiv özünüdərketmədir. Düşünmək insana özünü təbiətdən və başqa insanlardan fərqli olan ayrı bir varlıq kimi görməyə imkan verir. Biz digər fəsildə göstərəcəyik ki, bu dərketmə fərqli olur, lakin bu dərketmə insanı insani bir problem qarşısında qoyur. Özünün təbiətdən və digər insanlardan fərqli olduğunu, qeyri-müəyyən olsa da, ölümü, xəstəliyi, qocalığı dərk edən insan həm də bəşəriyyət və bütün digərləri ilə müqayisədə nə qədər əhəmiyyətsiz və gərəksiz olduğunu dərk edir. O, özünü hər hansı bir bütövün bir hissəsi hesab etməsəydi, onun həyatının məqsədi və istiqaməti olmasaydı, o, özünü bir toz hesab edərdi, özünün fərdi gərəksizliyi onu məhv edərdi. O, özünü həyatına məna və istiqamət verən hər hansı bir sistemə aid hesab edə bilməzdi. Onu şübhələr bürüyərdi və bu şübhələr sonunda onu iflic halına salar, yəni həyatına son qoyardı.

Mövzunu davam etdirməzdən əvvəl yaxşı olardı ki, bizim sosial psixologiyanın problemlərinə münasibətimizlə bağlı bir ümumiləşmə edək. İnsan təbiəti nə bioloji cəhətdən sabit və anadangəlmə istəklərin cəmindən, nə də tədricən uyğunlaşdığı mədəni modellərin cansız kölgəsindən ibarətdir. İnsan təbiəti insan təkamülünün məhsuludur, həmçinin müəyyən daxili mexanizm və qanunlara malikdir. İnsan təbiətində dəyişməz qalan və sabit olan müəyyən faktorlar mövcuddur, bunlara fizioloji cəhətdən müəyyənləşmiş tələbatlar, təcridolunma və mənəvi tənhalıqdan qaçma zərurəti daxildir. Biz gördük ki, fərd istənilən cəmiyyət üçün xarakterik olan, istehsal və bölüşdürmə sistemində əks olunan həyat tərzini qəbul etməyə məcburdur. Mədəniyyətə dinamik uyğunlaşma prosesində fərdin fəaliyyətinə və hisslərinə mahiyyət verən güclü istəklər formalaşır. Fərd bu istəkləri dərk edə də bilər, etməyə də bilər, lakin onlar inkişaf edibsə, güclü olduqları üçün onların reallaşdırılması lazımdır. Onlar güclü olduqları üçün sosial prosesin formalaşmasında effektiv vasitəyə çevrilirlər. İqtisadi, psixoloji və ideoloji faktorların əlaqəsi və bu əlaqələrlə bağlı mümkün ümumi nəticələr İntibah dövrü və faşizmin təhlili zamanı müzakirə olunacaq.[v] Bu müzakirə hər zaman kitabın əsas mövzusu ətrafında olacaq: insan özünü təbiət və digər insanlarla eyniləşdirməkdən çıxararaq fərdə çevrilir, insan fərdiləşdikcə onun iki seçimi qalır: ya o, ətraf mühit və digərləri ilə kortəbii sevgi və məhsuldar işlə əməkdaşlıq etməli, ya da təhlükəsizliyi naminə dünya ilə əlaqə qurmalıdır. Lakin qurduğu bu əlaqə onun azadlığını və fərdi kimliyini məhv edir.[vi]

Müəllifin qeydləri:

[i] Mən “faşizm” terminini işlətdikdə italyan və alman tipli diktaturaları nəzərdə tuturam. Sırf alman sistemi təhlil edilərkən “nasizm” termini işlədirəm.

[ii] John Dewey, Freedom and Culture, G. P Putnam’s Sons, New York, 1939.

[iii] Freydin nəzəriyyəsinin fundamental nailiyyətlərinə əsaslansa da, bir çox mühüm cəhətləri ilə onun konsepsiyasından fərqlənən psixoloji yanaşma haqqında bax: Karen Horney’s New Ways in Psychoanalysis, W. W. Norton & Company, New York, 1939, and in Harry Stack Sullivan’s Conceptions of Modern Psychiatry—The First William Alanson White Memorial Lectures, in: Psychiatry, 1940, Vol. 3, No. 1. Bəzi məsələlərdə bu müəlliflərin fikirləri fərqli olsa da bizim mövqeyimiz bir çox məsələlərdə oxşardır.

[iv]Mən bu məsələ ilə əlaqədar tez-tez yaranan ümumi çaşqınlıqla bağlı bir xəbərdarlıq etmək istəyirəm. Fərdin həyat tərzini müəyyənləşdirən iqtisadi sistem şəxsiyyətin inkişafının şərtidir. Bu iqtisadi şərait subyektiv iqtisadi motivlərdən, məsələn maddi sərvət ehtirasından fərqlənir. İntibah dövründən başlayaraq Makrsın əsas konsepsiyasını anlamayan bir sıra marksist müəlliflər də daxil olmaqla  bir çox yazıçılar maddi sərvət ehtirasını insanın davranışında əsas motiv hesab edirdilər. Əslində insan həyatının əsas məqsədinə çevrilən maddi sərvət ehtirası müəyyən mədəniyyətlərə xasdır, fərqli şərtlər altında maddi sərvət ehtirası ikrah hissi və ya etinasızlıq doğura bilər. Mən bu problemi hərtərəfli  “Uber Methode und Aufgabe einer Analytischen Sozialpsychologie,” Zeitschrift für Sozialforschung, Hirschfeld, Leipzig, 1932, Vol. I, p. 28 ff. əsərimdə müzakirə etmişəm.

[v] Əlavədə mən psixoloji və sosial-iqtisadi faktorlar arasındakı ümumi əlaqəni daha ətraflı təhlil edəcəyəm.

[vi] Bu əlyazma üzərində iş bitdikdən sonra azadlığın müxtəlif aspektləri ilə bağlı tədqiqat Azadlıq, onun mahiyyəti (Freedom, Its Meaning, planned and edited by R. N. Anschen, Harcourt, Brace & Co., New York, 1940) kitabında təqdim olunmuşdu. Mən burada xüsusilə H. Bergson, J. Dewey, R. M. MacIver, K. Riezler, E Tillich tərəfindən yazılan məqalələri qeyd etmək istəyirəm.Həmçinin müqayisə et: Carl Steuermann, Der Mensch auf der Flucht, S. Fischer, Berlin, 1932.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.