Azərbaycanda fəaliyyət göstərən sahibkarlar arasında aparılmış sorğuların nəticələrinə nəzər salsaq, onların bank kreditlərinə çıxış problemini ən ciddi maneələrdən biri kimi qeyd etdiklərini görərik. Oxşar fikirləri əhali arasında da eşitmək mümkündür. İnsanlar kreditlərin baha olması, şərtlərin sərtliyi və maliyyələşməyə çıxışın məhdudluğu ilə bağlı tez-tez şikayət edirlər.
Digər tərəfdən isə tamamilə fərqli mənzərə ilə qarşılaşırıq. Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və açıq reklam platformalarında bankların kredit kampaniyaları fasiləsiz davam edir. Mobil telefonlarımıza mütəmadi olaraq kredit təklifləri ilə bağlı SMS-lər göndərilir, zənglər edilir, mobil tətbiqlərdə isə əvvəlcədən təsdiqlənmiş kredit limitləri təklif olunur. İlk baxışda ölkədə kredit bolluğunun mövcud olduğu təəssüratı yaranır.
İlk baxışdan ziddiyyətli görünən bu mənzərə mühüm bir sual doğurur: əgər kreditə bu qədər ehtiyac varsa və banklar da öz növbəsində kredit verməyə bu qədər həvəslidirlərsə, bəs nə üçün sahibkarlar və vətəndaşlar hələ də maliyyə resurslarına çıxışın məhdud olmasından şikayət edirlər? Daha vacib sual isə budur: Azərbaycan banklarının sərəncamında kifayət qədər vəsait olduğu halda, nə üçün bu resursları real sektorun maliyyələşdirilməsinə yönəltmirlər? Axı bankların sərəncamındakı vəsaitlər onlara ödənişsiz daxil olmayıb və həmin vəsaitlərə görə faiz ödənilməlidir.
Bu suala cavab vermək üçün ilk növbədə ölkə iqtisadiyyatının bank kreditləri ilə nə dərəcədə təmin olunduğuna nəzər salmaq lazımdır. Bunun üçün beynəlxalq praktikada ən çox istifadə olunan göstəricilərdən biri olan bank kreditlərinin ÜDM-də payını hesablayaq. Bu göstərici maliyyə sektorunun iqtisadiyyata nə dərəcədə vasitəçilik etdiyini qiymətləndirməyə imkan verir.

Diaqram 1. Ölkə üzrə bankların kredit qoyuluşunun ÜDM-də payı, faizlə
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Birinci diaqramdan göründüyü kimi, bank sektorunun kredit qoyuluşunun ÜDM-də payı xeyli aşağıdır və ÜDM-in 1/3-nə çatmır. Son on ildə bu göstərici qeyri-sabit dinamika nümayiş etdirib və hətta 2016-cı ildəki maksimum səviyyədən (27,2%) əvvəlcə 2018-ci ildəki 16,3%-ə, sonra isə 2022-ci ildəki minimum səviyyəyə (15,1%) düşüb. Bu dinamika 2015-ci ildə baş vermiş devalvasiya və 2020-ci ildə başlayan pandemiya ilə bağlıdır. Sonrakı illərdə iqtisadiyyatda müşahidə edilən sabitlik nəticəsində kreditləşmənin payı 2025-ci ildə 24,7%-ə qədər yüksəlib. Bu yüksəlişə rəğmən, kreditləşmənin ÜDM-də payı arzuolunandan xeyli aşağı səviyyədədir.
Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə kredit qoyuluşunun ÜDM-ə nisbəti, adətən, 100%-dən yüksək olur. Azərbaycanın qonşu ölkələrində də bu göstərici daha yüksək səviyyədədir. Məsələn, son beş ildə sözügedən göstərici Gürcüstanda 60–70%, Türkiyədə 40–70%, Ermənistanda isə 50–70% civarında dəyişib.
Rəsmi məlumatlar göstərir ki, son illərdə bank kreditlərinin nominal həcmi artsa da, iqtisadiyyatın kreditlə təmin olunma səviyyəsində keyfiyyətcə yeni mərhələ yaranmayıb. Kredit qoyuluşunun artmasına baxmayaraq, bank kreditlərinin iqtisadiyyatda rolu əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə genişlənməyib. Real sektorun kredit resurslarına tələbatı tam ödənilmir və ehtiyac yüksək olaraq qalır.
Deməli, iqtisadiyyatın kredit tələbi bankların kredit təklifindən dəfələrlə çoxdur. Bu halda ikinci sual ortaya çıxır: bankların iqtisadiyyatın kredit tələbini qarşılamaq üçün kredit təklifini artırmağa gücü varmı və ya real sektoru maliyyələşdirmək üçün resursları kifayət edirmi? Bunun üçün bir neçə göstəricini nəzərdən keçirək.
Bir qayda olaraq, bank kreditlərinin əsas mənbələrindən biri əhalinin və şirkətlərin yerləşdirdikləri depozitlərdir. Azərbaycanın bank sistemində depozitlər bankların əsas maliyyə mənbəyidir. 2021-ci ildən 2026-cı ilin may ayınadək depozitlərin bankların öhdəliklərində payı 80–85% arasında dəyişib. Bankların cəlb etdikləri depozitlərin nə qədərini kreditə çevirdiyini göstərən əsas göstəricilərdən biri kreditlərin depozitlərə nisbətidir (Loan-to-Deposit Ratio). Bu göstərici bankların topladıqları vəsaitdən kreditləşmə məqsədilə nə dərəcədə istifadə etdiyini əks etdirir.

Diaqram 2. Ölkə üzrə kredit qoyuluşunun depozitlərə nisbəti
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı
İkinci diaqram göstərir ki, 2016-cı ildə banklar cəlb etdikləri depozitlərin, demək olar ki, hamısını kreditləşməyə yönəldiblər. Bu, bankların resurs cəlbetmə mənbələrinin çox, depozitlərdən asılılığının isə aşağı olduğu dövr idi. 2015-ci ildə baş vermiş devalvasiya nəticəsində banklar əsas mənbələrindən biri olan xarici maliyyə institutlarından xarici valyutada vəsait cəlbini minimuma endirdilər. Sonrakı illərdə kredit təşkilatları Mərkəzi Bankdan aldıqları resursları da əhəmiyyətli dərəcədə azaltdılar. Göründüyü kimi, hazırda onlar əsasən depozitlərdən asılı vəziyyətdədirlər.
2019–2022-ci illərdə bank sektorunda kreditlərin depozitlərə nisbəti, əsasən, 70%-dən 58%-ə düşsə də, növbəti illərdə artaraq 2025-ci ildə 79%-ə, 2026-cı ilin ilk beş ayında isə 80%-ə çatıb. İkinci diaqram göstərir ki, banklar depozitlərin ən çoxu 4/5-ni kredit şəklində real sektora yönəldiblər. Müəyyən dövrdə bu göstərici hətta 3/5 səviyyəsinə enib. Halbuki 2014-cü ildə kreditlərin depozitlərə nisbəti 161%, 2015-ci ildə isə 123% olub.
Mərkəzi Bankın qiymətləndirməsi bank sektorunun yüksək likvidlik ehtiyatına malik olduğunu göstərir və kreditləşməyə yönəldilməyən resursların əhəmiyyətli hissəsinin likvid formada saxlanıldığını təsdiqləyir. Buna baxmayaraq, son beş ildə likvid aktivlərin həcmində və ümumi aktivlərdə payında azalma müşahidə edilir. Likvid aktivlərin həcmi 2021–2025-ci illər ərzində 13,9 milyard manatdan 12,9 milyard manata, onların ümumi aktivlərdə payı isə 36%-dən 22,6%-ə düşüb.

Diaqram 3. Bank sektorunun likvid aktivləri (2021–2025)
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı
İkinci və üçüncü diaqramların məlumatları bankların kredit vermək üçün kifayət qədər resursa malik olduqlarını göstərir, lakin kredit təşkilatları bu resursları başqa istiqamətlərə yönəldirlər. Sual olunur: hansı istiqamətlərə?
Bank sektorunun aktivlərinin strukturunun təhlili göstərir ki, son illərdə bankların resurslarının yerləşdirilməsində mühüm dəyişikliklər baş versə də, aktivlərin bölüşdürülməsində kreditlər və digər aktivlər arasında nisbətən balanslı struktur qorunub saxlanılıb. Belə ki, verilmiş xalis kreditlərin bank aktivlərində payı 2021-ci ildəki 41,1%-dən 2025-ci ildə 50,5%-ə yüksəlib, 2026-cı ilin may ayında isə 50% təşkil edib. Bu dinamika əvvəlki bölmələrdə təhlil edilən kreditlərin ÜDM-də payının və kreditlərin depozitlərə nisbətinin artması ilə üst-üstə düşür və bank sektorunda kreditləşmənin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini göstərir. Buna baxmayaraq, bank aktivlərinin təxminən yarısı hələ də kreditlərdən kənar aktivlərdə cəmlənib. Bu isə bank sektorunun resurslarının əhəmiyyətli hissəsinin digər maliyyə alətlərinə, likvid vəsaitlərə və qeyri-kredit aktivlərinə yönəldiyini göstərir.

Diaqram 4. Bank sektorunun aktivlərinin strukturu (2021–2026-cı ilin may ayı), %
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Banklar uzun müddət kreditləşməyə yönəltmədikləri vəsaitlərin bir hissəsini qiymətli kağızlara yatırmaqla alternativ gəlir mənbəyi əldə etməyə müvəffəq olublar və hətta son beş ildə qiymətli kağızlara investisiyaların payını 18%-ə qədər artırıblar. Ancaq 2026-cı ilin may ayında bu göstərici 12,9%-ə enib. Digər tərəfdən, Mərkəzi Bankdakı müxbir hesabların bank aktivlərində payı 2021-ci ildəki 18,8%-dən 2026-cı ilin may ayında 9,3%-ə enib. Bu, son illərdə bankların yüksək likvid vəsaitlərinin bir hissəsini digər aktivlərə, ilk növbədə, kredit portfelinə yönəltdiyini göstərən mühüm tendensiyadır. Buna baxmayaraq, maliyyə institutlarında, o cümlədən digər banklardakı depozitlərin payı 4,9%-dən 9%-ə yüksəlib.
Bankların depozit bazasının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, həmin resursları kreditlərə ehtiyatla yönəltmələrinin səbəblərindən biri də depozitlərin müddət strukturudur. 2026-cı ilin may ayına olan məlumata görə, ümumi depozitlərin 53,7%-i tələb olunanadək depozitlərdir. Yəni bu vəsaitlər sahibləri tərəfindən istənilən vaxt bankdan geri çəkilə bilər. Belə depozitlərin yüksək payı bankların aktiv və passivlərinin müddət uyğunluğunu qorumaq zərurətini artırır və xüsusilə uzunmüddətli kreditlərin maliyyələşdirilməsi imkanlarını məhdudlaşdıra bilər. Depozit resurslarından yüksək dərəcədə asılı olan banklar belə şəraitdə, bir qayda olaraq, daha qısamüddətli və vəsaitlərin daha sürətlə geri qayıtdığı kredit məhsullarına üstünlük verirlər.
Bununla yanaşı, son illərdə depozit bazasının keyfiyyətində müsbət dəyişikliklər də müşahidə olunur. 2021-ci ildən 2026-cı ilin may ayınadək ümumi depozitlərdə müddətli depozitlərin payı 32,0%-dən 46,3%-ə yüksəlib. Əhalinin əmanətlərində isə bu göstərici 58,0%-dən 63,0%-ə çatıb. Müddətli depozitlərin payının artması banklar üçün daha sabit maliyyə bazası formalaşdırır və kreditləşmənin genişləndirilməsi baxımından daha əlverişli şərait yaradır.
Maraqlıdır ki, məhz bu dövrdə bank sektorunda kreditləşmə də genişlənib. Kreditlərin bank aktivlərində xüsusi çəkisi artıb, likvid aktivlərin cəmi aktivlərdə payı isə azalıb. Bu dinamika depozit bazasının strukturunda baş verən müsbət dəyişikliklərin bankların kreditvermə imkanlarını dəstəkləyən amillərdən biri ola biləcəyini göstərir. Bununla belə, ümumi depozitlərin yarıdan çoxunun hələ də tələb olunanadək depozitlərdən ibarət olması bankların kreditləşmə siyasətində ehtiyatlı davranmasını izah edən mühüm amillərdən biri olaraq qalır.

