Cəmiyyət

Cəmiyyət

Rusiya mətbuatında Türkiyə, Türkiyə mətbuatında isə Rusiya obrazı 2026-cı ilin yanvar–avqust aylarında iki ölkə mediasında qarşılıqlı təqdimatın təhlili

Read this article on other language
Download article
image_pdf
image_pdf

Xülasə

Məqalədə 2026-cı ilin yanvar–avqust aylarında Rusiya mediasında Türkiyənin, Türkiyə mediasında isə Rusiyanın necə təqdim edildiyi müqayisəli təhlil əsasında araşdırılır. Tədqiqatın əsas məqsədi qarşı tərəfin media obrazının konkret hadisələrin siyasi kontekstindən və media qurumlarının redaksiya-siyasi mövqeyindən asılı olaraq necə dəyişdiyini müəyyənləşdirməkdir. Təhlilə Rusiya və Türkiyənin dövlət, hakimiyyətə yaxın/mainstream və tənqidi media nümunələrində yayımlanan materiallar daxil edilmişdir. S-400 məsələsi, V Antalya Diplomatiya Forumu, xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri, Ankara NATO sammiti, Türkiyədən Ukraynaya mümkün silah transferi, Qara dəniz təhlükəsizliyi və Ərdoğan–Putin görüşü əsas hadisə qrupları kimi seçilmişdir. Materiallar problem təqdimatı, səbəb və məsuliyyətin müəyyənləşdirilməsi, siyasi qiymətləndirmə, qarşı tərəfin obrazı, mənbə seçimi, emosional dil və təklif edilən və ya nəzərdə tutulan həll çərçivələri üzrə müqayisə edilmişdir.

Tədqiqatın əsas media korpusu 61 materialdan ibarətdir. Məqalədə “media materialı” dedikdə xəbər, analitik yazı, müəllif/köşə yazısı və müsahibə tipli mətnlər nəzərdə tutulur.

Təhlil göstərir ki, qarşı tərəfin obrazı hər iki media məkanında vahid və dəyişməz xarakter daşımır. Rusiya mediasında Türkiyə bir tərəfdən mühüm və strateji tərəfdaş, digər tərəfdən NATO üzvü, Qərblə yaxınlaşan və müəyyən situasiyalarda etibarlılığı sual altında olan aktor kimi təqdim edilir. Türkiyə mediasında isə Rusiya həm strateji və iqtisadi tərəfdaş, həm də təhlükəsizlik riski və Türkiyənin xarici siyasətinin qiymətləndirilməsi üçün istifadə olunan siyasi aktor kimi çərçivələnir. Eyni zamanda, media qurumlarının siyasi və ideoloji mövqeyi hadisələrin seçilməsinə, mənbələrin istifadəsinə, emosional tonuna və qarşı tərəfə verilən siyasi mənaya təsir göstərir.

Açar sözlər: Rusiya–Türkiyə münasibətləri, media çərçivələmə, qarşılıqlı obraz, siyasi kommunikasiya, Rusiya mediası, Türkiyə mediası, xarici siyasət, S-400, NATO, Ukrayna.

Giriş

Son dövrlərdə Rusiya–Türkiyə münasibətlərində növbəti dalğalanmalar müşahidə edilir.

Sovet İttifaqı dağıldıqdan sonra hər zaman geosiyasi tarazlıq və təhlükəsizlik baxımından həssas olan münasibətləri bəzən ciddi böhranlarla, bəzən isə strateji əməkdaşlıqlarla xarakterizə etmək olar.

2015-ci ilin noyabrında Türkiyənin Suriya sərhədində Rusiyaya məxsus Su-24 hərbi təyyarəsini vurmasından sonra iki ölkə arasında yaranan ciddi gərginlik 2016-cı ildən etibarən tədricən aradan qalxmağa başladı. Avqust ayında Ərdoğanın Rusiya ziyarəti, oktyabrda Putinin Türkiyə səfəri, “Türk axını” sazişi münasibətlərdəki yaxınlaşmanın göstəricisi idi.[1]

 Yaxınlaşmanın hərbi-strateji mərhələyə keçidi isə 2017-ci ilin sonunda Türkiyə ilə Rusiya arasında dəyəri 2,5 milyard dollar olan S-400 zenit-raket komplekslərinin alqı-satqısının razılaşdırılması ilə baş verdi. [2]

Münasibətlərdəki bu vəziyyət Liviya qarşıdurması, İdlib böhranı ilə yenidən aşınmağa başladı. Ardınca Qarabağda, dolayısı ilə Qafqazda fərqli maraqlar və Ukrayna müharibəsində Türkiyənin mövqeyi birbaşa böhrana səbəb olmasa da, rəqabət yenidən daha qabarıq xarakter aldı.

Qarabağ müharibəsinin nəticəsi, Ukraynadakı hədəfə çatılmaması, Əsəd rejiminin çöküşü Rusiyanı bu rəqabətdə xeyli zəiflətdi. Türkiyə isə Rusiyanın tarixi hegemoniyasında olan Cənubi Qafqaz və Mərkəzi Asiyada nüfuzunu artıra bildi.[3]

Nəhayət, Türkiyənin 2024-cü ildən etibarən Qərblə yenidən yaxınlaşması ilə yeni mərhələyə keçilmiş oldu.

2026-cı il bu sonuncu mərhələnin ən dinamik və gərgin dövrlərindən birini təşkil etmişdir. Bu dinamiklik və gərginlik, təbii olaraq, Rusiya və Türkiyə mediasında qarşı tərəfin təqdim edilməsinə də təsir göstərir.

Media yalnız hadisənin bütün aspektlərini eyni dərəcədə təqdim edən informasiya vasitəsi deyil. O, eyni zamanda müəyyən aspektləri seçərək onları daha nəzərəçarpan edir, hadisələrin necə qəbul olunmasına təsir edən diskurs yaradır. Xəbərin başlığı, istifadə olunan sözlər, ekspert seçimi, hadisənin hansı kontekstdə təqdim olunması və hansı faktların ön plana çıxarılması oxucunun qarşı tərəf haqqında təsəvvürünü formalaşdırır. İker Erdoğan çərçivələməni istehsal, məzmun və media istifadəsini əhatə edən bütöv proses kimi izah edir və xəbər çərçivələrinin müxtəlif mövzuların, o cümlədən ölkələrarası hadisələrin təqdimatındakı fərqləri izah etməyə imkan verdiyini göstərir.[4]

Emosional çərçivələmə də bu prosesin mühüm elementlərindən biridir. Tədqiqatlar göstərir ki, xəbərin emosional çərçivəsi auditoriyanın emosional reaksiyasına, informasiyanı emal etməsinə və hadisə ilə bağlı mövqeyinə təsir göstərə bilər. [5]

Rusiya mətbuatında Türkiyə, Türkiyə mətbuatında isə Rusiya obrazı sabit və dəyişməz deyil. Siyasi münasibətlərdəki gərginlik və yaxınlaşmalar media dilinə də təsir edir. Münasibətlərin əməkdaşlıq mərhələsində qarşı tərəf daha çox praqmatik və faydalı tərəfdaş kimi təqdim oluna bilər. Siyasi böhranlar zamanı isə təhlükə, qarşıdurma, etimadsızlıq və tarixi rəqabət elementləri daha görünən olur. Rusiya və Türkiyənin media məkanında qarşılıqlı obrazlarının formalaşmasını araşdıran tədqiqatlar bu prosesin məhz tarixi, mədəni, geosiyasi və iqtisadi kontekstlərlə əlaqəli olduğunu göstərir.[6]

Rusiya media məkanında Türkiyə haqqında təsəvvürlərin formalaşmasında tarixi yaddaş da nəzərə alınmalıdır. Rusiya cəmiyyətində Türkiyə və türklərin obrazının formalaşmasını araşdıran tədqiqatlar Rusiya–Osmanlı qarşıdurmalarının bu tarixi təsəvvürlərin yaranmasında rol oynadığını göstərir.[7]

Bu səbəbdən Türkiyə ilə bağlı xəbərlərdə tarixi stereotiplərin və hazır obrazların yenidən aktivləşdirilməsi mümkündür. Media müəyyən hadisəni yalnız mövcud siyasi vəziyyət çərçivəsində deyil, həm də keçmişdən gələn təsəvvürlər vasitəsilə izah edə bilər. Bu zaman Türkiyə təkcə konkret siyasi qərar qəbul edən dövlət kimi deyil, “tarixi rəqib”, “regional güc”, “çətin tərəfdaş” və ya “qeyri-sabit aktor” kimi daha geniş emosional və simvolik çərçivədə təqdim edilə bilər.

Rusiya mətbuatında Türkiyə ilə bağlı emosionallıq yalnız mənfi məzmun daşımır. Türkiyənin regional siyasətdə fəallığı, diplomatik manevr imkanları və müstəqil qərarlar qəbul etməsi bəzən güc və siyasi çeviklik kimi təqdim edilə bilir.

Türkiyə media məkanında Rusiya obrazı da oxşar şəkildə ikili xarakter daşıyır. Rusiya bir tərəfdən böyük hərbi və siyasi gücə malik dövlət, digər tərəfdən isə Türkiyənin regional maraqları ilə zaman-zaman toqquşan aktor kimi təqdim edilir. Burada əsas məsələ hansı təsvirin “doğru” olmasından çox, konkret media mətnində hansı aspektin seçildiyi və hansı aspektlərin arxa plana keçirildiyidir. Bu isə çərçivələmənin mahiyyətinə uyğun gəlir. [8]

Rusiya ilə bağlı xəbərlərin emosional tonu yalnız xarici siyasət hadisələrinin nəticəsi deyil. Xüsusilə siyasi cəhətdən qütbləşmiş media sistemlərində xarici siyasət mövzusu daxili siyasi mübarizənin bir hissəsinə çevrilə bilir.

Bu zaman Rusiya haqqında xəbər əslində yalnız Rusiya haqqında olmur. Həmin xəbər Türkiyə hakimiyyətinin xarici siyasətinin qiymətləndirilməsi, hökumətin diplomatik qərarlarının tənqidi və ya dəstəklənməsi üçün istifadə edilir.

Eyni hadisə müxtəlif media qurumlarında tamamilə fərqli emosional tonla təqdim edilə bilər. Bir media qurumu diplomatik əlaqələri uğurlu xarici siyasət nümunəsi kimi, digəri həmin hadisəni risk, güzəşt və ya yanlış siyasi qərar kimi təqdim edə bilir.

Xarici siyasətlə bağlı hadisələrin mediada təqdimatı dövlətin xarici siyasət mövqeyindən, diplomatik mövqelənməsindən və qəzetlərin siyasi mövqelərindən təsirlənə bilər; bu təsir xəbər mənbələrinin seçimindən hadisələrin təqdimatına qədər özünü göstərə bilər.[9]

Bu tədqiqatın əsas problemi məhz bu məqamdan irəli gəlir: eyni Rusiya–Türkiyə hadisəsi iki ölkənin mediasında hansı siyasi mənanı qazanır və həmin məna media qurumunun siyasi-redaksiya mövqeyinə görə necə dəyişir?

Mövzunun aktuallığı 2026-cı ildə Rusiya–Türkiyə münasibətlərinin eyni vaxtda əməkdaşlıq və rəqabət elementlərini daşıması və münasibətlərin ictimaiyyətə necə təqdim edilməsinin də əhəmiyyəti ilə bağlıdır.

Eyni hadisənin müxtəlif siyasi mövqedə olan media qurumlarında fərqli məna və qiymətləndirmə çərçivəsində təqdim edilməsi Rusiya–Türkiyə münasibətlərinin media diskursunda necə konstruksiya edildiyini araşdırmağı aktual edir.

Tədqiqatın məqsədi və elmi tezisi

Tədqiqatın məqsədi 2026-cı ilin yanvar–avqust aylarında Rusiya və Türkiyə mediasında qarşı tərəfin necə çərçivələndirildiyini müəyyənləşdirmək, müxtəlif media qrupları arasındakı fərqləri müqayisə etmək və qarşı tərəfin obrazının formalaşmasında xarici siyasət diskursunun rolunu araşdırmaqdır.

Məqalənin əsas tezisi ondan ibarətdir ki, 2026-cı ildə Rusiya və Türkiyə mediasında qarşı tərəfin obrazı vahid və sabit xarakter daşımamış, konkret hadisənin siyasi kontekstindən və media qurumunun redaksiya-siyasi mövqeyindən asılı olaraq dəyişmişdir. Rusiya mediasında Türkiyə əsasən strateji tərəfdaşlıqla geosiyasi etibarsızlıq arasında, Türkiyə mediasında isə Rusiya strateji əməkdaşlıq, təhlükəsizlik və daxili siyasi qiymətləndirmə çərçivələri arasında təqdim edilmişdir. Eyni zamanda, rəsmi dövlət açıqlamaları xüsusilə həssas xarici siyasət məsələlərində media çərçivələməsinin istiqamətinə əhəmiyyətli təsir göstərmişdir.

Əsas tədqiqat sualı:

2026-cı ilin ilk səkkiz ayında Rusiya–Türkiyə münasibətləri ilə bağlı əsas hadisələr Rusiya və Türkiyə mediasında hansı çərçivələrdə təqdim edilmiş və bu çərçivələr media qurumlarının siyasi mövqeyinə görə necə fərqlənmişdir?

Alt suallar:

  1. Eyni hadisə Rusiya və Türkiyə mediasında hansı fərqli məna və qiymətləndirmə çərçivələrində təqdim olunur?
  2. Media qurumunun siyasi mövqeyi qarşı tərəfin və öz hökumətinin xarici siyasətinin təqdimatına necə təsir edir?

Əsas müşahidə dövrü

Tədqiqatın əsas müşahidə dövrü 2026-cı ilin yanvar–avqust aylarını əhatə etsə də, 1 sentyabr 2026-cı ildə baş tutan Ərdoğan–Putin görüşü əvvəlki hadisələrin məntiqi davamı olduğundan və onunla bağlı materiallar sentyabrın ilk günlərində yayımlandığından, görüşə dair həmin materiallar müqayisəli təhlilə daxil edilmişdir.

Əsas müşahidə obyektləri:

Rusiya

Dövlət mediası:

РИА Новости, ТАСС, RT на русском

Hakimiyyətyönümlü / hakimiyyətə yaxın media:

Известия, Коммерсантъ, РБК, Ведомости, Интерфакс, Российская газета, Ритм Евразии, Pravda.ru, Regnum, Discred

Tənqidi / müstəqil media:

Meduza, Новая газета Европа, The Moscow Times

Türkiyə

Dövlət mediası:

Anadolu Ajansı

Hakimiyyətyönümlü / hakimiyyətə yaxın media:

Yeni Şafak, Sabah, Haber7, A Haber, Milliyet, Hürriyet

Tənqidi / müstəqil media:

Sözcü, Cumhuriyet, T24, Odatv, Aydınlık

S-400 “Triumf”

2026-cı ildə Türkiyənin Rusiyadan aldığı S-400 hava və raketdən müdafiə sistemləri hər iki ölkə mətbuatında yenidən müzakirəyə səbəb oldu və bu müzakirə iki mərhələdə davam etdi. Birinci mərhələ mart ayında İranın Türkiyə istiqamətinə ballistik raketlər göndərməsi ilə başladı. Bu müzakirə əvvəlki diskursdan fərqlənirdi. Ona qədər Qərblə soyuqluq və Rusiya–Türkiyə strateji əməkdaşlığı müzakirə edilsə də, real situasiya istiqaməti dəyişdi. Raketlər NATO hava və raketdən müdafiə sistemləri tərəfindən havada məhv edilmişdi. [10] Türkiyədə raketlərin qarşısının alınması zamanı S-400-lərdən istifadə edilməməsi müzakirə mövzusu oldu. Türkiyənin hökumətyönlü mediası bu barədə Müdafiə Nazirliyinin rəsmi məlumatını yaymaqla kifayətləndi.[11] Müstəqil mediada isə bu sistemin Rusiyadan alınmasının əvvəldən yanlış olduğunu, NATO üzvü ölkənin bu sistemə ehtiyacı olmadığı yazıldı. S-400-ləri “vitrin bəzəyi” adlandıranlar da oldu.[12] Sözcü qəzeti sistemin alınmasını “Yeni Türkiyə”nin yanlış qərarvermə modelinin nümunəsi kimi təqdim etdi.[13]

Rusiya mediası bu xəbəri məlumat xarakterli işıqlandırdı. Məsələn, РИА Новости martın 12-də xəbəri “Türkiyədə raketlərin qarşısının alınması zamanı S-400-lərdən niyə istifadə edilmədiyini izah etdilər” başlığı ilə yayımladı və Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi Zeki Aktürkün S-400-lərin həmin hadisədə istifadə olunmadığını açıqladığını yazdı.[14]

S-400 müzakirələrində ikinci mərhələ iyul ayında başladı. 10 iyulda Abdülkadir Selvi Türkiyənin S-400-ləri bir Körfəz ölkəsinə satdığını və bunun həmin gün açıqlanacağını iddia etdi.[15] Xəbər rəsmi açıqlamalarla təsdiqlənməsə də, bu istiqamətdə danışıqların getdiyi bildirildi.

Rusiya mətbuatında eyni gün “Peskov Türkiyənin S-400-ləri yenidən satması məsələsini ‘son dərəcə həssas’ adlandırdı” başlıqlı yazılar çıxdı.[16]

Meduza hadisə barədə verdiyi xəbərdə son illər ərzində Türkiyənin S-400 komplekslərini geri qaytarmağa çalışdığını — xüsusilə bu məsələnin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putinin 2025-ci ilin dekabrında Türkmənistanda keçirilən görüşündə müzakirə olunduğunu vurğulayırdı.[17]

Eyni zamanda kəskin tənqidi mövqelərə də rast gəlinir. Məsələn, hadisəni Türkiyənin Rusiyaya növbəti xəyanəti kimi xarakterizə edən bir müəllif fikirlərini “S-400-lərin satışı – kürəkdən vurulan növbəti yatağan zərbəsi, yoxsa Türkiyənin öz müqəddəratını qəti şəkildə təyin etməsi?” başlığı altında ifadə edir.[18]

Pravda.ru-nun başlığı “Ankaradan rüsvayçı alver: Türkiyə Amerika qırıcıları naminə ‘S-400’ləri gizlicə satır” şəklində idi. [19]

Türkiyənin müxalif mediasının tənqidi başqa məna daşıyırdı. Məsələn, Sözcü “S-400-ləri niyə aldıq? Niyə satırıq?” başlıqlı materialında yazırdı: “S-400-lər 7 ildir anqarlarda saxlanılır. Bunun müqabilində isə hərbi hava qüvvələrimizin onurğa sütununu təşkil edəcək yeni nəsil “F-35” qırıcı təyyarə layihəsindən çıxarıldıq, pulunu ödədiyimiz təyyarələri ala bilmədik və müdafiə sənayemizə qarşı ağır sanksiyalarla üzləşdik. Bu vəziyyət türk xalqında və siyasətində “Milyardlarla dolları heç vaxt istifadə edə bilməyəcəyimiz bir sistem üçünmü qurban verdik?” sualını doğurdu.”[20]

Türkiyənin hökumətyönlü mediasında isə S-400-lərin Rusiyadan alınmasını taktiki uğur, satış qərarını da növbəti böhran həlli kimi təqdim edən yazılar dərc olundu.

Yeni Şafak “Yaranmış yeni təhlükəsizlik mühitinin Türkiyə üçün strateji diplomatik gedişlərə və müdafiə sənayesi sahəsində mühüm addımlara geniş imkanlar açdığı vurğulanır” yazırdı.[21]

Sabah qəzetində gedən materialda “Bu müddət ərzində taktiki gedişlərlə vaxt qazanan Türkiyə yerli hava hücumundan müdafiə sistemi qurmaq strategiyasını böyük ölçüdə reallaşdırdı” deyilirdi.[22]

Rusiya və Türkiyə mediasında S-400 mübahisəsinə fərqli siyasi nəticələr bağlanır: Rusiya mediası bu məsələni əsasən Türkiyənin etibarlılığını və geosiyasi istiqamətini qiymətləndirmək üçün, Türkiyə mediası isə Ankaranın müdafiə siyasəti qərarlarının xərclərini və effektivliyini dəyərləndirmək üçün istifadə edir. Rusiya mediasında hadisə rəsmi seqmentdə faktoloji, digər seqmentlərdə isə etibarsız tərəfdaşlıq və Qərblə sövdələşmə çərçivəsində təqdim olunur. Pravda.ru-nun “rüsvayçı alver” ifadəsi “növbəti yatağan zərbəsi”ndən fərqli çərçivə yaradır. Burada Türkiyənin davranışı xəyanətdən çox siyasi sövdələşmə və mənfəət prizmasından təqdim edilir. “Rüsvayçı” epiteti isə bu davranışa mənəvi qiymət verir. Beləliklə, Rusiya hökumətyönlü mediasının sərt diskursunda iki xətt görünür: Türkiyə emosional baxımdan yalnız etibarsız deyil, öz xarici siyasət qərarlarını maddi və geosiyasi qazanc naminə dəyişən aktor kimi konstruksiya edilir. Türkiyə mediası isə, əksinə, S-400 qərarını əsasən Türkiyənin müdafiə siyasəti və hökumətin qərarvermə modeli baxımından qiymətləndirir. Beləliklə, eyni hadisə Rusiya mediasında Türkiyənin etibarlılığı, Türkiyə mediasında isə hökumətin strateji qərarlarının nəticələri məsələsinə çevrilir.

V Antalya Diplomatiya Forumu

2026-cı il aprelin 17–19-da keçirilən V Antalya Diplomatiya Forumu və Rusiya xarici işlər naziri Sergey Lavrovun forumda iştirakı Rusiya–Türkiyə münasibətlərinin media müstəvisində müzakirə olunan digər mühüm hadisələrdən biri oldu.

Türk mediası forumun nüfuzundan və Rusiya–Ukrayna danışıqlarındakı rolundan bəhs edirdi. Yeni Şafak qəzeti “Xüsusilə Rusiya-Ukrayna müharibəsi dövründə tərəfləri bir araya gətirə bilməsi və Qəzzada yaşanan insani faciə zamanı məzlumların səsini dünyaya çatdıran bir platformaya çevrilməsi forumun beynəlxalq rolunu daha da gücləndirdi.

Antalya Diplomatiya Forumu Türkiyə xarici siyasətinin ‘lider diplomatiyası’ və çoxşaxəli fəaliyyət prinsiplərinin kamil bir təzahürü kimi ön plana çıxır.” yazırdı.[23]

РИА Новости Lavrovun foruma dəvət edilməsini ayrıca xəbər kimi təqdim edərək Türkiyənin Rusiya xarici işlər nazirini nüfuzlu beynəlxalq diplomatik tədbirə dəvət etməsini ön plana çıxarmışdı.[24] Bu vurğu Rusiya mediasında Antalya Forumunda iştirakın Moskvanın Qərblə gərginliyə baxmayaraq fəal diplomatik kanalları qoruduğunu göstərən daha geniş çərçivə ilə uyğunlaşırdı. Xəbərdə həmçinin Lavrovun Hakan Fidan tərəfindən daha əvvəl “forumun ulduzu” adlandırıldığı qeyd edilirdi. Mariya Zaxarova 8 aprel 2026-cı ildə Sergey Lavrovun Hakan Fidanın dəvəti ilə Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqladı. Onun verdiyi rəsmi çərçivədə səfərin gündəliyinə Yaxın Şərq, Cənubi Qafqaz, Qara dəniz və ikitərəfli münasibətlər daxil idi.[25]

Forumun Rusiya–Türkiyə münasibətləri baxımından ən mühüm mövzusu Rusiya–Ukrayna danışıqlarının İstanbulda yenidən başlama ehtimalı oldu.

Rusiya mətbuatı Lavrovun bu məsələyə münasibətindəki “Ukrayna üzrə danışıqların bərpa edilməsi məsələsi bir nömrəli prioritet deyil” fikrini başlığa çıxarmışdı.[26]

Türk mətbuatında isə İstanbul görüşünə müsbət münasibət vurğusu önə çıxarıldı.

Anadolu Ajansı Lavrovun “Danışıqların İstanbulda yenidən başlanması ehtimalını müsbət qarşılayırıq” fikrini başlığa çıxardı.[27] Hürriyet xəbəri “Lavrov Antalyadan İstanbula işarə etdi” başlığı ilə paylaşdı.[28]

Rusiya və Türkiyə mediası Antalya Forumunda diplomatik aktorluğun fərqli formalarını önə çıxardı: Rusiya mediası tədbiri Moskvanın fəal beynəlxalq kanalları qoruduğunun göstəricisi kimi təqdim etdiyi halda, Türkiyə mediası Ankaranın müxtəlif tərəfləri bir araya gətirmək və diplomatik prosesə vasitəçilik etmək qabiliyyətini vurğuladı. Buna görə Rusiya mediasında forum Rusiyanın beynəlxalq təcridi barədə təsəvvürləri zəiflədən, Türkiyə mediasında isə Ankaranın fəal diplomatik vasitəçi obrazını gücləndirən hadisə kimi çərçivələndi.

Rusiya müxalif mediasında forumun Rusiya–Türkiyə münasibətləri baxımından ayrıca, diqqətəlayiq analitik təqdimatına rast gəlinməmişdir.

Türkiyə müxalif mediasında da forumun Rusiya–Türkiyə münasibətləri baxımından ayrıca, diqqətəlayiq analitik təqdimatına rast gəlinməmişdir.

Hakan Fidanın Rusiyaya səfəri

Rusiya və Türkiyə mətbuatında müzakirə olunan digər mühüm hadisə Türkiyənin xarici işlər naziri Hakan Fidanın 2026-cı il iyunun 16–17-də Rusiyaya səfəri oldu.

Səfərdən əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fidanın 15–17 iyunda Moskvaya işgüzar səfər edəcəyini açıqladı.

Коммерсантъ Zaxarovanın açıqlamasını yayımlayarkən səfərin əsasını Lavrovla danışıqların təşkil etdiyini və başqa ikitərəfli təmasların da nəzərdə tutulduğunu qeyd etdi.[29] Интерфакс da eyni məlumatı verdi və gündəlikdə ikitərəfli əməkdaşlıqla yanaşı beynəlxalq və regional məsələlərin olacağını yazdı.[30]

Sözcü səfərin Lavrovun dəvəti ilə baş tutduğunu, gündəlikdə ticarət, enerji, təhlükəsizlik və konsulluq məsələlərinin olduğunu qeyd etdi.[31] Cumhuriyet Qara dəniz, Cənubi Qafqaz, ticarət və turizm, o cümlədən Rusiyadan Türkiyəyə gələn turistlərin təhlükəsizliyini önə çıxardı.[32] Odatv isə səfərlə bağlı verilən mesajlardakı fərqliliklərə diqqət çəkdi.[33]

Anadolu Ajansı Fidanın səfərini “çoxölçülü diplomatiya” və “çoxşaxəli, müstəqil və regional maraqlara əsaslanan xarici siyasətin” nümunəsi kimi təqdim edən analitik yazıda səfərin əsas mənası Türkiyənin müxtəlif güc mərkəzləri ilə eyni vaxtda işləyə bilməsi kimi izah olunur. Müəllif səfərin ən böyük nəticəsinin – böhranların dərinləşdiyi bir beynəlxalq sistemdə Türkiyənin problem yaradan deyil, problem həll edən və böhranları geosiyasi fürsətlərə çevirən bir aktor olduğunun ən yüksək səviyyədə təsdiqlənməsi olduğunu yazır.[34]

Rusiya xarici işlər naziri Rusiya ilə Türkiyə arasında prezidentlər, parlament rəhbərləri və xarici işlər nazirlikləri səviyyəsində intensiv dialoqun olduğunu bildirdi. РИА Новости, Интерфакс bu ifadəni birbaşa başlığa çıxardılar. [35] [36]

Hakan Fidanla Sergey Lavrovun görüşündə Rusiya–Ukrayna danışıqları üçün Türkiyənin öz vasitəçiliyini təklif etməsi mövzusunun təqdimatı əsas ziddiyyətli məqamlardan idi.

Fidan Moskvada Türkiyənin Rusiya–Ukrayna danışıqlarının yenidən keçirilməsi üçün həm vasitəçi ola biləcəyini, həm də danışıqlar üçün məkan təqdim edə biləcəyini söylədi. Rusiya mediası bu bəyanatı Ankara tərəfindən verilən diplomatik təklif kimi təqdim etdi.[37]

Türkiyə mediasında isə eyni hadisənin başqa mənası önə çıxdı. Habertürk Fidanın “Rusya ve Ukrayna masaya dönməlidir” sözlərini başlığa çıxardı.[38] Burada Türkiyə danışıqlara təsir edə bilən güc kimi təqdim edilir.

Sözcü “Türkiyədən Rusiyaya qəti xəbərdarlıq” başlıqlı yazısında yenə danışıqlarla bağlı açıqlamalara yer verdi.[39]

Fidan yalnız Lavrovla deyil, Putin administrasiyasının müşavirləri Vladimir Medinski və İqor Levitin, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Rosneft rəhbəri İqor Seçin və başqa yüksək vəzifəli şəxslərlə görüşdü.

17 iyunda Fidanın Putin tərəfindən Kazanda qəbul edilməsi səfərin simvolik baxımdan ən mühüm hadisəsi oldu. Putin Fidan vasitəsilə Ərdoğana salam göndərdi və Rusiya–Türkiyə münasibətlərinin artıq formal çərçivəni aşaraq “dostluq xarakteri” qazandığını bildirdi.[40]

Haber7 “Nazir Fidanla görüşən Putindən Prezident Ərdoğana tərif dolu sözlər” deyə başlıq yazdı.[41]

Fidanın Moskva səfərinin işıqlandırılmasında iki fərqli çərçivə formalaşdı: Rusiya mediası ikitərəfli dialoqun davamlılığını və institusional dərinliyini vurğuladığı halda, Türkiyə mediası səfəri Ankaranın çoxölçülü diplomatiyasının və müxtəlif güc mərkəzləri ilə eyni vaxtda işləmək qabiliyyətinin göstəricisi kimi təqdim etdi. Rusiya mediasında prezidentlər, parlament rəhbərləri və xarici işlər nazirlikləri səviyyəsində dialoqun vurğulanması münasibətləri davamlı institusional kanal kimi təqdim edir. Türkiyə mediasında isə səfər “çoxölçülü diplomatiya” çərçivəsində Ankaranın müxtəlif güc mərkəzləri ilə paralel işləmək qabiliyyətinin göstəricisi kimi mənalandırılır.

Ankara NATO sammiti

2026-cı il iyulun 7–8-də Ankarada keçirilən NATO sammiti yalnız Şimali Atlantika Alyansının növbəti siyasi toplantısı deyildi. Sammit Rusiya–Türkiyə münasibətlərində mövcud olan əsas paradoksları yenidən gözlər önünə sərdi. Türkiyə NATO-nun ev sahibi və ikinci böyük ordusuna malik üzvü kimi Alyansın kollektiv müdafiə siyasətinin mərkəzində dayanırdı. Eyni zamanda Ankara Moskva ilə enerji, ticarət, təhlükəsizlik və Ukrayna müharibəsi üzrə vasitəçilik kanallarını açıq saxlayırdı. Bu ikili mövqe sammitin həm Rusiya, həm də Türkiyə mediasında fərqli diskurslarla təqdim edilməsinə səbəb oldu.

Rusiya mətbuatında sammitin Ankaranın Moskvaya yönəlik kursuna necə təsir edəcəyi ilə bağlı narahatlıq daha əvvəldən ifadə olunmağa başlanmışdı.

30 iyunda Коммерсантъ qəzetində nəşr olunan “Türk sayağı NATO” başlıqlı yazıda müəllif “Ankaradakı əsas geosiyasi intriqanı Ərdoğanın avropalı qonaqlarının ona Moskva ilə dialoqdan imtina və Kiyevə hərbi yardımların artırılmasını nəzərdə tutan alternativ gündəliyi qəbul etdirib-etdirə bilməyəcəyi sualı təşkil edəcək” deyə qeyd edirdi.[42]

Sammitin yekun siyasi mətnində Rusiyanın NATO üçün uzunmüddətli təhlükə kimi qiymətləndirilməsi də Rusiya media diskursunun əsas başlanğıc nöqtəsinə çevrildi.[43]

RT на русском “XİN: Rusiya ilə qarşıdurma NATO üçün sistemli xarakter daşıyır” başlığı ilə paylaşdığı materialda Zaxarovaya istinad edirdi.[44]

Yenə Коммерсантъ qəzeti 10 iyulda “NATO-nun Ankara sammitində Ukrayna mövzusundakı müzakirələrin əsas yekunu ABŞ və onun avro-atlantik müttəfiqlərinin Moskvanı sülhə məcbur etmək məqsədilə Kiyevin Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək imkanlarının artırılması zərurəti üzrə konsensus əldə etmələri oldu” yazırdı.[45]

Новая газета Европа “Atanı sevindirmək” başlıqlı yazıda NATO-nun Trampı razı salmağa həddindən artıq fokuslanmasını və bunun Alyansın zəifləməsi riskini artırmasını tənqid edirdi.[46]

İyul ayının sonunda Ведомости “Lavrov Türkiyənin Ukrayna məsələsindəki ikili mövqeyinə işarə etdi” başlıqlı məqalə dərc etdi. Rusiya xarici işlər naziri Sergey Lavrovun müsahibəsindən Türkiyə ilə bağlı hissəsini önə çıxardı. “Türkiyəli qonşularımız Ukrayna məsələsində yenidən kömək etməyə hazır olduqlarını bildirirlər, lakin eyni zamanda, NATO-nun Kiyev rejiminin ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi vurğulanan sənədlərinə imza atırlar”.[47]

Türkiyə hakimiyyətinə yaxın media və Anadolu Ajansının diskursu sammiti açıq şəkildə Türkiyənin diplomatik və siyasi uğuru kimi təqdim etdi. Prezident Rəcəb Tayyib Ərdoğan sammitdən sonra Ankara görüşünün Türkiyənin NATO-nun təhlükəsizlik gündəmini formalaşdıran aktor olduğu barədə ifadələri başlığa çıxarıldı.[48]

Sabahdakı məqalədə NATO-nun nüfuzunun qorunmasında Türkiyənin rolu iddia edildi.[49]

Türkiyənin müxalif və tənqidi mediası isə sammiti diplomatik qələbə kimi təqdim etmədi. Cumhuriyet qəzetində nəşr olunan yazıda sammitdə ABŞ və Böyük Britaniyanın Türkiyəni Rusiya ilə İrana qarşı mövqeləndirmək marağının olduğu iddia edildi.[50]

Ankara sammiti Türkiyənin NATO daxilindəki mövqeyinin kəskin fərqlənən şərhlərini ortaya çıxardı. Rusiya mediası Ankaranın NATO-nun təhlükəsizlik gündəliyinə artan inteqrasiyasını Moskva üçün potensial strateji gərginlik mənbəyi kimi təqdim etdiyi halda, Türkiyənin hakimiyyətə yaxın mediası sammiti ölkənin Alyans daxilində siyasi çəkisinin və qərarlara təsir imkanlarının göstəricisi kimi təqdim etdi. Türkiyənin müxalif mediası isə sammiti Qərbin Türkiyəyə təsir imkanlarının artması ehtimalı çərçivəsində qiymətləndirdi.

Türkiyədən Ukraynaya silah transferi

Avqustun ilk yarısında ABŞ Konqresi sənədlərində Türkiyənin ehtiyatında olan Amerika istehsalı silahların Ukraynaya transferi ilə bağlı məlumat ortaya çıxdı. Ведомости bunu Türkiyənin Ukraynaya M270 MLRS sistemləri və ATACMS raketləri ötürmək niyyəti kimi təqdim etdi.[51]

Medianın dili ilkin mərhələdə nisbətən neytral və texniki idi: silahların siyahısı, maliyyə dəyəri və mümkün vasitəçilər göstərilir, hadisəyə “xəyanət” və ya “düşmənçilik” kimi emosional kateqoriyalar tətbiq olunmurdu.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamaları ilə bu dil sürətlə dəyişdi.

Регнум açıqlamanı “Kiyevə silah tədarükü Rusiyanın Türkiyəyə olan etibarını sarsıdacaq – XİN” başlığı ilə nəşr etdi.[52]

RT на русском “Zaxarova: ABŞ və Türkiyə Kiyevə dəstək naminə ‘Pandora qutusu’nu açmaq qərarına gəldilər” başlığını seçdi.[53]

Materiallarda mümkün transferin Rusiya ilə Türkiyə arasındakı münasibətlərə zərbə vuracağı vurğulanırdı.

The Moscow Times bu xəbəri şərh vermədən paylaşdı.[54]

A Haber müəllifi Salih Tuna 18 avqust tarixli “Tələyə diqqət” adlı yazısında məsələni təkcə silah transferi kimi deyil, Türkiyə–Rusiya münasibətlərini böhrana sürükləmək məqsədi daşıyan xarici siyasi mexanizm kimi təqdim etdi.

Tuna yazırdı ki, ABŞ mənşəli silahların Ukraynaya ötürülməsi Türkiyənin köhnə silah ehtiyatlarını yeniləməsinə imkan verə bilər. Lakin o, bunun arxasında Türkiyəni Rusiya ilə daha sərt qarşıdurmaya sürükləmək istəyən qüvvələrin olduğunu irəli sürdü. Müəllifin ən diqqətəlayiq ritorikası Rusiya ilə ABŞ arasında yaratdığı müqayisədə görünür. O, Rusiyanı Türkiyənin son illərdə, o cümlədən 15 iyuldan sonra, yanında olan aktor kimi təqdim edir, ABŞ-ı isə S-400 məsələsinə görə Türkiyəni sanksiyalarla təzyiq altında saxlayan “müttəfiq” kimi istehzalı şəkildə xarakterizə edir.[55]

Sözcü “Pandora qutusunu” başlığa çıxardı. “Türkiyənin Ukraynaya silah vermək qərarına Rusiyadan açıq xəbərdarlıq! Nə demək istədi? ‘Pandora qutusu’ açılar” başlığı altında Zaxarovanın açıqlamasına yer verdi.[56]

T24 başlığı da oxşar idi. “Moskvadan Türkiyəyə raket satışı xəbərdarlığı: Ukraynaya satış ‘Pandora qutusu’nu açar, ikitərəfli münasibətlərə ağır zərbə vurar”.[57]

Ukraynaya mümkün silah transferi məsələsində ən mühüm xüsusiyyət çərçivənin mərhələli dəyişməsidir. İlkin Rusiya materiallarında hadisə texniki-hərbi məlumat kimi təqdim edildiyi halda, XİN-in reaksiyasından sonra əsas çərçivə “etimadın sarsılması” və ikitərəfli münasibətlərə mümkün zərər müstəvisinə keçir.

Türkiyə iqtidaryönlü mediasında məsələ xarici təzyiq və Türkiyəni Rusiya ilə qarşıdurmaya sürükləmək cəhdi kimi, müxalif mediada isə hökumətin xarici siyasət seçimlərinin nəticəsi kimi təqdim olunur. Beləliklə, eyni hadisə Rusiya mediasında etimad problemi, Türkiyə mediasında isə xarici təzyiq və siyasi məsuliyyət məsələsinə çevrilir.

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti: Ərdoğan–Putin görüşü

2026-cı il avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubiley zirvəsi Rusiya, Çin və Mərkəzi Asiya ölkələri üçün çoxtərəfli diplomatik hadisə idi. Türkiyə təşkilatın üzvü olmasa da, Prezident Rəcəb Tayyib Ərdoğanın ŞƏT+ formatında iştirakı, Vladimir Putinlə ikitərəfli görüşü və Türkiyənin gələcəkdə tam üzvlük perspektivi barədə verdiyi mesajlar zirvəni Rusiya–Türkiyə münasibətlərinin diskursiv baxımdan mühüm hadisəsinə çevirdi.[58]

Rusiya mediasında isə ŞƏT daha açıq geosiyasi məna daşıyırdı. Коммерсантъ zirvənin başladığını “Böyük Plyuslu ŞƏT” (“ШОС с большим плюсом”) başlığı ilə təqdim edərək, Bişkek görüşünü Rusiya, Çin, Hindistan və Türkiyənin iştirak etdiyi “böyük Avrasiya” məkanının siyasi hadisəsi kimi təsvir etdi.[59] Bu, eyni zamanda, Türkiyənin geosiyasi çəkisinə diqqət yetirən yanaşma idi.

Zirvənin Rusiya–Türkiyə münasibətləri baxımından əsas hadisəsi sentyabrın 1-də Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təxminən bir saat yarımlıq görüş idi. Kremlin rəsmi məlumatına əsaslanan Rusiya mətbuatı Putinin Türkiyəni Rusiyanın siyasət və iqtisadiyyat sahəsində əsas tərəfdaşlarından biri kimi qiymətləndirdiyini bildirdi. ТАСС görüşü “Putin Türkiyəni Rusiyanın imtiyazlı tərəfdaşlarından biri adlandırdı” başlığı ilə təqdim etdi.[60]

Коммерсантъ qəzetində dərc olunan müəllif yazısında görüşdən sonrakı mətbuat konfransı təsvir edilirdi. Müəllif Ərdoğan haqqında “O, Vladimir Putinin tərəfinə heç baxmadan, sözlərini ölçüb-biçərək təmkinlə danışırdı. Bu mənzərə kənardan qəribə görünsə də, hər iki lider üçün normal bir vəziyyət idi. Çünki Rəcəb Tayyib Ərdoğan üçün nüvə enerjisindən bəhs etdiyi anlarda birbaşa kameraya — yəni bu mesajların əsl ünvanı olan və reallığı çox yaxşı dərk edən türk auditoriyasına baxmaq daha böyük əhəmiyyət kəsb edirdi” yazdı.[61]

Türkiyə iqtidaryönlü mediası Bişkek zirvəsini daha müsbət və nəticə yönümlü çərçivədə təqdim etdi. Yeni Şafak zirvədən əvvəl Kremlin Ərdoğan–Putin görüşünü elan etməsini əsas siyasi hadisələrdən biri kimi göstərdi və görüşün gündəliyində Qara dəniz və Ukrayna məsələlərinin olacağını yazdı.[62]

Zirvə günü isə qəzet Ərdoğan–Putin görüşündə Akkuyu, enerji əməkdaşlığı və gələcək nüvə layihələri kimi məsələləri ön plana çıxardı.[63]

Anadolu Ajansı Ərdoğanın “Türkiyə ilə Rusiya arasındakı münasibətlər bu gün həqiqətən də bütün dövrlərlə müqayisədə daha yüksək səviyyədədir.” ifadəsinə diqqət çəkdi.[64]

Sabah görüşlə bağlı xəbəri “Bütün dünyanın gözü Türkiyə və Ərdoğandadır” başlığı ilə verdi.[65]

Ərdoğanın ŞƏT haqqında istifadə etdiyi “yüksələn bir ulduz” ifadəsi isə Türkiyə mediasında zirvənin ən pozitiv simvolik ifadələrindən birinə çevrildi. Türkiyə–Rusiya yaxınlaşmasını, əməkdaşlığını təşviq edən nəşr Aydınlık bu ifadəni başlığa çıxardı.[66]

Görüşün əsas mövzularından olan Qara dənizdə təhlükəsizliklə bağlı tərəflər arasında daha əvvəl də təmaslar olmuşdu. İyul ayında Hakan Fidan müharibənin Qara dənizə keçməsinə qarşı olduqlarını, Qara dənizdə təhlükəsizliklə bağlı bəzi çalışmaları olduğunu bildirmişdi.[67]

РБК Fidanın açıqlamasını “Türkiyə Kiyevə dənizdə təhlükəsizlik zəmanəti vəd etdi” kontekstində təqdim etmişdi.[68]

Rusiya tərəfdən qeyri-rəsmi təbliğat ruporları, hərbi blogerlər daha kəskin mövqe sərgilədilər.

Yuri Kotenok “Qara dəniz donanması: düşmən Rusiyanı Pyotrdan əvvəlki dövrlərə qaytarmaq qərarına gəlib” başlıqlı yazısında bu açıqlamanı Türkiyənin Qara dənizdə hərbi-siyasi təsirini genişləndirmək cəhdi kimi şərh etdi.[69]

8 avqustda Hakan Fidan Qara dənizdəki təhlükəsizlik vəziyyətinin artıq Qara dənizin tamamına yayıldığını bildirdi. Onun sözlərinə görə, əvvəlcə hərbi hədəflər və limanlar vurulduğu halda, sonrakı mərhələdə tərəflər kommersiya gəmilərinə də hücum etməyə başlamışdılar. Fidan hər iki tərəfə Qara dənizdə hərbi fəaliyyətlər üzrə moratorium mexanizmi təklif olunduğunu açıqladı.[70]

Rusiya mətbuatında Qara dənizdə hərbi fəaliyyətlərə moratorium qoyulması ilə bağlı Türkiyədən rəsmi kanallar vasitəsilə heç bir formalaşdırılmış müraciətin olmadığı bildirildi.[71]

Qara dəniz təhlükəsizliyi məsələsində Türkiyə mediası Ankaranın regional təşəbbüskar və sabitləşdirici rolunu önə çıxardığı halda, Rusiya mediasının daha sərt seqmentlərində bu fəallıq Türkiyənin Qara dənizdə hərbi-siyasi təsirini genişləndirmək cəhdi kimi qiymətləndirilir. Beləliklə, eyni təşəbbüs bir tərəfdə təhlükəsizlik və vasitəçilik, digər tərəfdə isə geosiyasi rəqabət çərçivəsində mənalandırılır.

Rusiya və Türkiyə mediasında Bişkek görüşü Ərdoğan–Putin dialoquna fərqli geosiyasi funksiyalar yüklədi. Rusiya mediası görüşü ilk növbədə Moskvanın Qərbdən kənarda mühüm diplomatik tərəfdaşlıqları qoruduğunun və beynəlxalq təcriddə olmadığının göstəricisi kimi təqdim etdi. Eyni zamanda, Rusiya mediasında Ərdoğanın Moskva ilə dialoqdan Türkiyənin daxili auditoriyasına siyasi mesajlar vermək üçün istifadə etməsi də vurğulandı. Türkiyə iqtidaryönlü mediası isə görüşü enerji və nüvə əməkdaşlığının davam etdiyinin, həmçinin Ankaranın Qərb və Şərq arasında manevr imkanlarını qoruyan çoxvektorlu xarici siyasətinin təsdiqi kimi təqdim etdi.

Rusiya və Türkiyə mediasında qarşı tərəfin çərçivələnməsi: ölkələr və media kateqoriyaları üzrə təhlil

Rusiya media məkanında Türkiyə obrazı vahid xarakter daşımır, lakin təhlil edilən hadisələr üzrə üç əsas məna xətti müəyyənləşir. Türkiyə bir tərəfdən Moskvanın mühüm strateji və iqtisadi tərəfdaşı, digər tərəfdən NATO üzvlüyü və Qərblə əlaqələri səbəbindən potensial geosiyasi ziddiyyət mənbəyi kimi təqdim edilir. Xüsusilə S-400, NATO və Ukraynaya mümkün silah transferi ilə bağlı materiallarda Türkiyənin etibarlılığı və siyasi istiqaməti daha çox sorğulanır. Bununla yanaşı, Antalya və Bişkek kimi diplomatik hadisələrdə Ankara Rusiya üçün mühüm dialoq kanalı və müstəqil regional aktor kimi təqdim olunur. Beləliklə, Rusiya mediasında Türkiyə obrazının əsas xüsusiyyəti tərəfdaşlıq və rəqabətin, etimad və ehtiyatlılığın eyni vaxtda mövcud olmasıdır.

Türkiyə mediasında Rusiya obrazı daha çox üç paralel çərçivədə formalaşır: strateji və iqtisadi tərəfdaş, təhlükəsizlik baxımından risk yaradan aktor və Türkiyənin çoxvektorlu xarici siyasətinin əsas istinad nöqtələrindən biri. İqtidaryönlü mediada Rusiya ilə münasibətlər əsasən dialoq, vasitəçilik, enerji əməkdaşlığı və Türkiyənin regional manevr imkanları kontekstində təqdim olunur. Müxalif mediada isə Rusiya amili daha çox hökumətin xarici siyasət qərarlarının nəticələrini və risklərini qiymətləndirmək üçün istifadə edilir. Beləliklə, Türkiyə mediasında Rusiya obrazı daxili siyasi mübarizənin təsiri altında formalaşır: Moskva ilə münasibətlər yalnız xarici siyasət məsələsi deyil, həm də Türkiyə hökumətinin diplomatik seçimlərini və onların nəticələrini qiymətləndirmək vasitəsi kimi çıxış edir.

Rusiya dövlət mediasında Türkiyənin təqdimatı əsasən rəsmi diplomatik mövqelər və institusional mənbələr üzərində qurulur. Bu seqmentdə emosional qiymətləndirmədən daha çox rəsmi açıqlamaların və dövlət qurumlarının mövqeyinin önə çıxarılması müşahidə olunur. Türkiyə münasibətlərin əməkdaşlıq imkanları qorunduğu müddətdə mühüm tərəfdaş kimi təqdim edilir, lakin NATO və Ukrayna məsələlərində Moskvanın maraqları ilə ziddiyyət yarandıqda ehtiyatlı və tənqidi çərçivə güclənir.

Rusiya hakimiyyətə yaxın mediasında Türkiyə obrazı dövlət mediasına nisbətən daha interpretativ və emosional xarakter daşıyır. Xüsusilə S-400, NATO və Ukraynaya silah transferi kimi mövzularda Türkiyənin Qərblə yaxınlaşması etibarlılıq problemi və geosiyasi seçim kimi təqdim edilir. Bununla yanaşı, enerji, diplomatiya və yüksək səviyyəli siyasi təmaslar Türkiyənin Moskva üçün əhəmiyyətli tərəfdaş olaraq qaldığını göstərən qarşı çərçivə yaradır. Beləliklə, bu seqmentdə Türkiyə həm əməkdaşlığın zəruri tərəfi, həm də siyasi davranışı daim izlənilən və qiymətləndirilən aktor kimi görünür.

Rusiya tənqidi mediasında Türkiyə ilə bağlı materialların həm sayı, həm də analitik dərinliyi digər seqmentlərlə müqayisədə daha məhduddur. Mövcud materiallarda Türkiyə əsasən konkret hadisənin kontekstində təqdim olunur və onun ayrıca, sistemli “strateji tərəfdaş” və ya “təhlükə” obrazına çevrilməsi daha az müşahidə edilir. Bu səbəbdən tənqidi media seqmentində Türkiyə obrazının əsas xüsusiyyəti sabit narrativdən çox, hadisə mərkəzli təqdimatdır.

Türkiyə dövlət mediasında Rusiya əsasən Türkiyənin diplomatik əlaqələri qoruduğu, müxtəlif tərəflərlə danışa bildiyi və regional vasitəçilik imkanlarını saxladığı xarici aktor kimi təqdim olunur. Rusiya ilə münasibətlər müstəqil xarici siyasətin və “çoxşaxəli diplomatiya”nın tərkib hissəsi kimi çərçivələnir. Bu təqdimatda qarşıdurmadan çox dialoq və vasitəçilik funksiyası ön plana çıxır.

Türkiyə hakimiyyətə yaxın mediasında Rusiya ilə münasibətlər daha çox hökumətin xarici siyasətinin çevikliyi və Türkiyənin geosiyasi manevr imkanları baxımından mənalandırılır. Rusiya ilə əməkdaşlıq Qərbdən uzaqlaşma kimi deyil, Türkiyənin milli maraqlar əsasında müxtəlif güc mərkəzləri ilə paralel işləməsinin göstəricisi kimi təqdim edilir. Gərginlik yaradan hadisələrdə isə məsuliyyət daha çox xarici təzyiq və Türkiyəni müəyyən geosiyasi istiqamətə sürükləmək cəhdi çərçivəsində izah olunur.

Türkiyə tənqidi və müxalif mediasında Rusiya obrazı əsasən Türkiyənin xarici siyasət qərarlarının daxili siyasi qiymətləndirilməsi üçün istifadə olunur. Rusiya ilə əməkdaşlığın özü deyil, bu əməkdaşlığın Türkiyəyə siyasi, təhlükəsizlik və iqtisadi baxımdan gətirdiyi nəticələr ön plana çıxarılır. Buna görə eyni hadisə iqtidaryönlü mediada diplomatik manevr və uğur kimi təqdim edilərkən, müxalif mediada hökumətin qərarvermə modelinin və xarici siyasətinin nəticəsi kimi qiymətləndirilə bilir.

Nəticə

2026-cı ilin yanvar ayından sentyabrın əvvəlinədək Rusiya və Türkiyə mediasının müqayisəli təhlili göstərir ki, Rusiya və Türkiyə mediasında qarşı tərəfin təqdimatı bütün hadisələr üzrə eyni xarakter daşımır və konkret hadisənin siyasi kontekstindən, eləcə də media qurumunun redaksiya-siyasi mövqeyindən asılı olaraq dəyişir. Rusiya mediasında Türkiyə əsasən mühüm tərəfdaş olmaqla yanaşı, NATO üzvlüyü, Qərblə yaxınlaşması və Ukrayna məsələsində fərqli mövqeləri səbəbindən etibarlılığı zaman-zaman şübhə altına alınan regional aktor kimi təqdim edilir. Türkiyə mediasında isə Rusiya həm strateji və iqtisadi tərəfdaş, həm də təhlükəsizlik riski və hökumətin xarici siyasətinin qiymətləndirilməsi üçün mühüm siyasi istinad nöqtəsi kimi çərçivələnir.

Təhlil edilən hadisələr üzrə Rusiya və Türkiyə mediası ikitərəfli münasibətlərin fərqli ölçülərini ardıcıl şəkildə önə çıxarmışdır: Rusiya mediası Türkiyəni daha çox etimad, geosiyasi istiqamət və Moskva ilə münasibətlərin davamlılığı baxımından qiymətləndirdiyi halda, Türkiyə mediası Rusiya ilə münasibətləri daha çox Ankaranın diplomatik manevr imkanları, milli maraqları və xarici siyasət qərarlarının daxili siyasi nəticələri prizmasından şərh etmişdir.

Media kateqoriyaları üzrə fərqlər də bu obrazların formalaşmasında mühüm rol oynayır. Dövlət mediası əsasən rəsmi mövqeləri ötürür, hakimiyyətə yaxın media hadisələrə siyasi və geosiyasi izahlar verir, tənqidi media isə xarici siyasət hadisələrini daha çox hökumətin qərarları və onların nəticələri kontekstində qiymətləndirir. Media materiallarının müqayisəsi göstərir ki, Rusiya və Türkiyədə qarşı tərəfin necə təqdim olunması yalnız ikitərəfli münasibətlərin xarakterindən asılı deyil. Bu təqdimat həm də medianın ölkənin xarici siyasətinə və hökumətin qərarlarına münasibəti ilə bağlıdır.

Qeydlər və istinadlar:

[1] Mehmet, F. H. (2016, December 4). Türkiye-Rusya ilişkilerinin son 16 yılı. Anadolu Ajansı. https://www.aa.com.tr/tr/turkiye/turkiye-rusya-iliskilerinin-son-16-yili/698807

[2] РИА Новости. (2017, December 29). Россия и Турция подписали кредитное соглашение по С-400, сообщили СМИ. https://ria.ru/20171229/1511959994.html

[3] Sabanadze, N., & Dalay, G. (2025, July 28). Understanding Russia’s Black Sea strategy: 05 Russia–Turkey competition, cooperation and counterbalancing. Chatham House. https://www.chathamhouse.org/2025/07/understanding-russias-black-sea-strategy/05-russia-turkey-competition-cooperation-and

[4] Erdoğan, İ. (2014, April 7). Haber çerçeveleme: Kuram ve tipoloji. Marmara İletişim Dergisi, 13(13), 35–52. https://dergipark.org.tr/tr/pub/maruid/article/3517 DergiPark

[5] Kühne, R., & Schemer, C. (2015). The emotional effects of news frames on information processing and opinion formation. Communication Research, 42(3), 387–407. https://www.researchgate.net/publication/259740830_The_Emotional_Effects_of_News_Frames_on_Information_Processing_and_Opinion_Formation  ResearchGate

[6] Aidogan, K., & Barabash, V. V. (2015). Prerequisites of forming the cross image of Russia and Turkey in media space. Historical, Philosophical, Political and Law Sciences, Culturology and Study of Art. Theory & Practice, 11-1. https://www.gramota.net/en/article/hss20152451/fulltext Грамота

[7] Rostovtsev, E. A., & Sidorchuk, I. V. (2014). The image of Turkey and the Turks in the texts of Russian literature of the XIX–XX centuries in the context of the formation of the modern historical memory of Russians. Terra Linguistica, 2014(1). https://human.spbstu.ru/en/article/2014.15.27  Человеческий факультет СПбГТУ

[8] Erdoğan, İ. (2014, April 7). Haber çerçeveleme: Kuram ve tipoloji. Marmara İletişim Dergisi, 13(13), 35–52. https://dergipark.org.tr/tr/pub/maruid/article/3517  DergiPark

[9] Yağcı Aksel, S. C. (2014, December 30). Türk basınında 1956 Macar İhtilali: Hürriyet, Cumhuriyet, Ulus ve Zafer’de haber sunumuna ilişkin uzlaşma ve ayrışmalar. İletişim Kuram ve Araştırma Dergisi, 2014(39), 90–112. https://dergipark.org.tr/tr/pub/ikad/article/995719  DergiPark

[10] Şimşek, U., Beyaz, Z. F., & Ekiz, A. (2026, March 4). İran’dan ateşlenerek Türk hava sahasına yönelen balistik mühimmat etkisiz hale getirildi. Anadolu Ajansı. https://www.aa.com.tr/tr/gundem/irandan-ateslenerek-turk-hava-sahasina-yonelen-balistik-muhimmat-etkisiz-hale-getirildi/3849710

[11] Milliyet. (2026, March 12). Son dakika… S-400 neden kullanılmadı? Milli Savunma Bakanlığı’ndan açıklama. https://www.milliyet.com.tr/gundem/son-dakika-s-400-neden-kullanilmadi-milli-savunma-bakanligindan-aciklama-7553183

[12] Yılmaz, M. Y. (2026). S-400’ler vitrin süsü olacak! T24. https://t24.com.tr/yazarlar/mehmet-y-yilmaz/s-400ler-vitrin-susu-olacak,54224?_t=1787613823408

[13] Babüroğlu, N. (2026, March 14). Şu S-400 meselesi. Sözcü. https://www.sozcu.com.tr/su-s-400-meselesi-p301497

[14] РИА Новости. (2026, March 12). В Турции объяснили, почему при перехвате ракет не использовали С-400. https://ria.ru/20260312/pvo-2080225876.html

[15] Selvi, A. (2026, July 10). S400’ler üçüncü ülkeye gidiyor, satış bugün netleşecek. Hürriyet. https://www.hurriyet.com.tr/yazarlar/abdulkadir-selvi/s400ler-ucuncu-ulkeye-gidiyor-satis-bugun-netlesecek-43234729

[16] РБК. (2026, July 10). Песков назвал «сверхчувствительной» тему перепродажи Турцией С-400. РБК. https://www.rbc.ru/politics/10/07/2026/6a50c1969a7947210f7d556b

[17] Meduza. (2026, July 10). Hürriyet: Турция продаст российские С-400 одной из стран Персидского залива. https://meduza.io/news/2026/07/10/hurriyet-turtsiya-prodast-rossiyskie-c-400-odnoy-iz-stran-persidskogo-zaliva

[18] Ритм Евразии. (2026, July 21). Продажа С-400: очередной «ятаган в спину» или окончательное самоопределение Турции. https://www.ritmeurasia.ru/news–2026-07-21–prodazha-s-400-ocherednoj-jatagan-v-spinu-ili-okonchatelnoe-samoopredelenie-turcii-89115

[19] Правда.Ру. (2026, July 10). Позорный торг Анкары: Турция тайно продает С-400 ради покупки американских истребителей. https://www.pravda.ru/news/world/2369454-turkey-s400-sales-f35-trump/

[20] Sözcü. (2026). S-400’leri neden aldık? Neden satıyoruz? https://www.sozcu.com.tr/s-400-leri-neden-aldik-neden-satiyoruz-p335419

[21] Şahan, F. (2026, July 26). S-400’de pürüzler aşılıyor. Yeni Şafak. https://www.yenisafak.com/gundem/s-400de-puruzler-asiliyor-4843071

[22] Altınok, M. (2026, July 11). S-400 Türkiye’ye zaman kazandırdı. Sabah. https://www.sabah.com.tr/yazarlar/melihaltinok/2026/07/11/s-400-turkiyeye-zaman-kazandirdi

[23] Aktaş, İ. (2026, April 19). Antalya Diplomasi Forumu vicdan temelli bir küresel sistem arayışının mekânı oldu. Yeni Şafak. https://www.yenisafak.com/yazarlar/ihsan-aktas/antalya-diplomasi-forumu-vicdan-temelli-bir-kuresel-sistem-arayisinin-mekani-oldu-4817057

[24] РИА Новости. (2026, March 23). Лавров посетит Турцию по приглашению Фидана. РИА Новости. https://ria.ru/20260323/lavrov-2082354223.html

[25] Интерфакс. (2026, April 17). Лавров 17-18 апреля посетит Турцию. Интерфакс. https://www.interfax.ru/russia/1082776

[26] ТАСС. (2026). [Материал о позиции Лаврова по возобновлению переговоров по Украине]. ТАСС. https://tass.ru/politika/27150101

[27] Anadolu Ajansı. (2026). Rusya Dışişleri Bakanı Lavrov: Müzakerelerin İstanbul’da yeniden başlatılması olasılığını olumlu karşılıyoruz. https://www.aa.com.tr/tr/gundem/-rusya-disisleri-bakani-lavrov-muzakerelerin-istanbul-da-yeniden-baslatilmasi-olumlu-karsiliyoruz/3910678

[28] Hürriyet. (2026). Lavrov Antalya’dan İstanbul’a işaret etti. https://www.hurriyet.com.tr/dunya/lavrov-antalyadan-istanbula-isaret-etti-43153980

[29] Коммерсантъ. (2026, June 11). Глава МИД Турции Фидан посетит Москву на следующей неделе. Коммерсантъ. https://www.kommersant.ru/doc/8729061

[30] Интерфакс. (2026, June 11). Глава МИД Турции посетит Москву 15-17 июня и проведет переговоры с Лавровым. Интерфакс. https://www.interfax.ru/russia/1095119

[31] Sözcü. (2026, June 15). Dışişleri Bakanı Fidan Rusya’ya gidiyor. https://www.sozcu.com.tr/disisleri-bakani-fidan-rusya-ya-gidiyor-p328115

[32] Cumhuriyet. (2026, June 15). Hakan Fidan Rusya’ya gidiyor: Gündem Karadeniz ve Rus turistlerin güvenliği. https://www.cumhuriyet.com.tr/dunya/hakan-fidan-rusya-ya-gidiyor-gundem-karadeniz-ve-rus-turistlerin-guvenligi-2512150

[33] Odatv. (2026, June 15). Fidan Rusya’ya gidiyor… İki başkent iki farklı metin… Odatv kıyasladı… Putin bilmecesi. https://www.odatv.com/guncel/fidan-rusyaya-gidiyor-iki-baskent-iki-farkli-metin-odatv-kiyasladi-putin-bilmecesi-120150927

[34] Anadolu Ajansı. (2026, June 16). Hakan Fidan’ın Moskova ziyareti: Krizlerin gölgesinde çok boyutlu diplomasi. https://www.aa.com.tr/tr/analiz/hakan-fidanin-moskova-ziyareti-krizlerin-golgesinde-cok-boyutlu-diplomasi/3970509

[35] РИА Новости. (2026, June 16). Лавров заявил о важности контактов России и Турции. https://ria.ru/20260616/lavrov-2099268363.html

[36] Интерфакс. (2026, June 16). Лавров отметил интенсивность диалога между Россией и Турцией. https://www.interfax.ru/russia/1096239

[37] Черненко, Е. (2026, June 17). Стамбульские приглашения: Турция готова вновь предоставить площадку для переговоров по Украине. Коммерсантъ. https://www.kommersant.ru/doc/8740338

[38] Habertürk. (2026, June 16). Son dakika: Bakan Fidan Moskova’da: Rusya ve Ukrayna masaya dönmeli. https://www.haberturk.com/dunya/son-dakika-bakan-fidan-moskova-da-rusya-ve-ukrayna-masaya-donmeli-3892025

[39] Sözcü. (2026, June 16). Ankara’dan Rusya’ya Karadeniz uyarısı. https://www.sozcu.com.tr/ankara-dan-rusya-ya-karadeniz-uyarisi-p328469?utm_source

[40] Интерфакс. (2026, June 17). Путин отметил, что отношения РФ и Турции развиваются и наполняются новым содержанием. https://www.interfax.ru/world/1096598

[41] Tan, A. Ç. (2026, June 17). Bakan Fidan ile görüşen Putin’den Cumhurbaşkanı Erdoğan’a övgü dolu sözler. Haber7. https://www.haber7.com/siyaset/haber/3636402-bakan-fidan-ile-gorusen-putinden-cumhurbaskani-erdogana-ovgu-dolu-sozler

[42] Коммерсантъ. (2026, June 30). НАТО по-турецки. Коммерсантъ. https://www.kommersant.ru/doc/8780301

[43] NATO. (2026, July 8). The Ankara Summit Declaration. NATO. https://www.nato.int/en/about-us/official-texts-and-resources/official-texts/2026/07/08/the-ankara-summit-declaration

[44] RT на русском. (2026). Противостояние Россия — НАТО. RT на русском. https://russian.rt.com/world/news/1654473-protivostoyanie-rossiya-nato

[45] Коммерсантъ. (2026, July 10). НАТО утвердило стратегию нанесения ударов вглубь России для принуждения к миру. Коммерсантъ. https://www.kommersant.ru/doc/8809658

[46] Новая газета Европа. (2026, July 8). Порадовать папочку. Весь саммит НАТО в Анкаре крутился вокруг Трампа. Как прошла и чем завершилась встреча союзников. Новая газета Европа. https://novayagazeta.eu/articles/2026/07/08/poradovat-papochku

[47] Ведомости. (2026, July 29). Лавров указал на двойственность позиции Турции по украинскому вопросу. Ведомости. https://www.vedomosti.ru/politics/news/2026/07/29/1217315-lavrov-ukazal-dvoistvennost

[48] Anadolu Ajansı. (2026, July 9). Cumhurbaşkanı Erdoğan: Ankara Zirvesi, Türkiye’nin NATO’nun güvenlik gündemine yön veren bir aktör olduğunu göstermiştir. Anadolu Ajansı. https://www.aa.com.tr/tr/gundem/cumhurbaskani-erdogan-ankara-zirvesi-turkiyenin-natonun-guvenlik-gundemine-yon-veren-bir-aktor-oldugunu-gostermistir/3993535

[49] Sabah. (2026, July 11). NATO Türkiye etkisiyle devam dedi. Sabah. https://www.sabah.com.tr/gundem/2026/07/11/nato-turkiye-etkisiyle-devam-dedi

[50] Güller, M. A. (2026). Hazar’da ortak cephe olasılığı. Cumhuriyet. https://www.cumhuriyet.com.tr/yazarlar/mehmet-ali-guller/hazar-da-ortak-cephe-olasiligi-2524891

[51] Ведомости. (2026, August 10). Турция планирует передать Украине пусковые установки MLRS и ракеты ATACMS. Ведомости. https://www.vedomosti.ru/politics/news/2026/08/10/1220131-turtsiya-planiruet-peredat

[52] Регнум. (2026, August 15). Поставки оружия Киеву подорвут доверие России к Турции — МИД. ИА Регнум. https://regnum.ru/news/4055701

[53] RT на русском. (2026, August 15). Захарова: США и Турция решили открыть «ящик Пандоры» ради поддержки Киева. RT на русском. https://russian.rt.com/world/news/1670171-zaharova-ssha-turtsiya-kiev

[54] The Moscow Times. (2026, August 15). В МИД обвинили США и Турцию в «подтачивании взаимного доверия» после одобрения поставок Киеву тысяч ракет и снарядов. The Moscow Times. https://ru.themoscowtimes.com/2026/08/15/v-mid-obvinili-ssha-i-turtsiyu-v-podtachivanii-vzaimnogo-doveriya-posle-odobreniya-postavok-kievu-tisyach-raket-i-snaryadov-a203572

[55] Tuna, S. (2026, August 18). Tezgâha dikkat. A Haber. https://www.ahaber.com.tr/yazarlar/salih-tuna/2026/08/18/tezgaha-dikkat

[56] Sözcü. (2026, August 15). Türkiye: Pandora’nın kutusu. Sözcü. https://www.sozcu.com.tr/turkiye-pandora-nin-kutusu-p350037

[57] T24 Dış Haberler. (2026, August 15). Moskova’dan Türkiye’ye füze satışı uyarısı: Ukrayna’ya satış Pandora’nın kutusunu açar, ikili ilişkilere ağır darbe olur. https://t24.com.tr/dunya/moskova-dan-turkiye-ye-ukrayna-ya-fuze-satisi-uyarisi-pandora-nin-kutusunu-acar-ikili-iliskilere-agir-darbe-olur,1342225?_t=1788828569518

[58] Ведомости. (2026, August 28). Ушаков назвал повестку переговоров Путина и Эрдогана. Ведомости. https://www.vedomosti.ru/politics/articles/2026/08/28/1224609-ushakov-nazval-povestku

[59] Коммерсантъ. (2026, August 31). ШОС с большим плюсом. Коммерсантъ. https://www.kommersant.ru/doc/8921761

[60] ТАСС. (2026, September 1). Путин назвал Турцию одним из привилегированных партнеров России. ТАСС. https://tass.ru/politika/28066315

[61] Колесников, А. (2026, September 1). Двустороннее восхваление легких. Коммерсантъ. https://www.kommersant.ru/doc/8923580

[62] Yeni Şafak. (2026, August). Kremlin duyurdu: Cumhurbaşkanı Erdoğan ve Putin Bişkek’te bir araya gelecek. https://www.yenisafak.com/gundem/kremlin-duyurdu-cumhurbaskani-erdogan-ve-putin-biskekte-bir-araya-gelecek-4851567

[63] Yeni Şafak. (2026, September 1). Bişkek’te Cumhurbaşkanı Erdoğan-Putin zirvesi: Akkuyu açılınca yeni santraller için de adım atacağız. https://www.yenisafak.com/dunya/biskekte-cumhurbaskani-erdogan-putin-zirvesi-akkuyu-acilinca-yeni-santraller-icin-de-adim-atacagiz-4852414

[64] Anadolu Ajansı. (2026, September 1). Cumhurbaşkanı Erdoğan Rusya Devlet Başkanı Putin ile görüştü. https://www.aa.com.tr/tr/gundem/cumhurbaskani-erdogan-rusya-devlet-baskani-putin-ile-gorustu/4044022

[65] Sabah. (2026, September 1). Tüm dünyanın gözü Türkiye ve Başkan Erdoğan’da. https://www.sabah.com.tr/trend/galeri/gundem/tum-dunyanin-gozu-turkiye-ve-baskan-erdoganda/7

[66] Aydınlık. (2026). Yükselen yıldız: ŞİÖ. https://www.aydinlik.com.tr/haber/yukselen-yildiz-sio-588542

[67] Anadolu Ajansı. (2026, July 16). Dışişleri Bakanı Fidan: Rusya-Ukrayna savaşının Karadeniz’e taşınmasını istemiyoruz. https://www.aa.com.tr/tr/gundem/disisleri-bakani-fidan-rusya-ukrayna-savasinin-karadenize-tasinmasini-istemiyoruz/3999885

[68] РБК. (2026, August 8). Турция предложила Киеву гарантии безопасности на море. https://www.rbc.ru/politics/08/08/2026/6a7770179a7947a87f934d3c

[69] Котенок, Ю. (2026, July 16). Черноморский флот: враг решил отбросить Россию в допетровские времена. Discred. https://www.discred.net/2026/07/16/chernomorskij-flot-vrag-reshil-otbrosit-rossiyu-v-dopetrovskie-vremena/

[70] РБК. (2026, August 8). Турция предложила Киеву гарантии безопасности на море. https://www.rbc.ru/politics/08/08/2026/6a7770179a7947a87f934d3c?utm_referrer

[71] Интерфакс. (2026, August 14). РФ не получала от Турции официального обращения о моратории на военные действия в Чёрном море. https://www.interfax.ru/russia/1109317

 

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.