fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanın hərbiləşdirilməsində BP ilə NATO-nun rolu

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda neft və qaz sektoru sürətlə inkişaf edərək son 30 ildə ölkəyə iqtisadi inkişaf və ÜDM-in sürətli artımını gətirdi. Bu inkişafın iki mühüm yan təsiri təbii ehtiyatlar sənayesindən həddən artıq asılılıq və dövlətlə beynəlxalq özəl sektorun maraqları arasında gərginlik idi. Enerji ölkədə gəlirin başlıca mənbəyi kimi kleptokratik şəbəkələrin əsas qurucusuna çevrildikcə bu şəbəkələri bir-birinə bağlayan dövlət “enerji mənbələrinə əlverişli qiymətlərə kəsintisiz çatımlılığı” milli təhlükəsizlik məsələsi elan etdi (IEA 2022). Enerji resurslarına və infrastruktura hər hansı təhlükə status-kvonun və kleptokratik şəbəkənin mövcudluğunun davamına təhlükəyə bərabər tutulur. Enerji təhlükəsizliyinin bu cür başa düşülməsi son illərdə Azərbaycanın daha çox hərbiləşdirilməsinə yol açmışdır.

Lakin enerji təhlükəsizliyinin qeyri-dövlət istiqaməti, yəni özəl beynəlxalq oyunçuların enerji təhlükəsizliyi ilə əlaqədar narahatlıqları tez-tez gözardı edilir. Azərbaycan misalında NATO və BP, müvafiq olaraq, enerji təhlükəsizliyinin zəmanətçisi və təminatçısı olmaq üçün ciddi səy göstərir.  Azərbaycanın hərbiləşdirilməsi dövlətin olduğu kimi, bu beynəlxalq qüvvələrin də maraqlarının məhsuludur. Həm BP, həm NATO enerji təminatının təhlükəsizliyinin təmin olunmasında iştirak ediblər: onlar təbii resursların ticarətini təmin edən infrastrukturun qorunmasını maliyyələşdiriblər və Azərbaycanda infrastruktur təhlükəsizliyinə daha aqressiv yanaşmanı effektiv şəkildə inkişaf etdirib normallaşdırıblar. Azərbaycanda enerji məsələsinin təhlükəsizlik problemi kimi dəyərləndirilməsinin tənqidi araşdırılması son iki onillikdə ölkənin hərbiləşdirilməsi məsələsinə daha hərtərəfli yanaşmanı tələb edir.

Bu yazı enerji təhlükəsizliyi təminatı strukturunu tənqidi şəkildə nəzərdən keçirir və beynəlxalq oyunçuların 2020-ci ildə Dağlıq Qarabağ konfliktinin həllinə necə təsir etdiyinə diqqət çəkir. Birinci hissədə enerji təhlükəsizliyinə ümumi qəbul olunmuş yanaşma təqdim olunur və bu zaman xüsusi diqqət dövlət oyunçularına, həmçinin ölkədə enerji təhlükəsizliyinin hökumət təminatçılarının təqdim etdiyi xidmətlərdə və paylanma şəbəkələrində müxtəlif üst-üstə düşmələrə çəkilir. İkinci və üçüncü hissələr Avrora Qanzın Təhlükənin alovlandırılması (Fueling Insecurity (2021)) əsərinə əsasən, onun fikirlərini təqdim edir və onun Azərbaycanda enerjinin təhlükəsizlik məsələsinə çevrilməsində, həmçinin ölkənin hərbiləşdirilməsində NATO və BP-nin rolu barədə təhlilləri nəzərdən keçirilir.

1. Enerji təhlükəsizliyi məsələsinə ümumi qəbul olunmuş yanaşmanın tənqidi

Beynəlxalq Enerji Agentliyinin müəyyən etdiyi kimi, enerji təhlükəsizliyi dörd amillə: enerji təchizatının mövcudluğu, əlçatanlığı, əlverişliliyi və məqbulluğu ilə ölçülə bilər. Özlərinin Qərbdəki müştərilərinin ehtiyaclarını təmin etmək istəyən təbii enerji ehtiyatları bol olan ölkələr üçün enerji təhlükəsizliyi, beləliklə bilavasitə neoliberal prinsiplərlə, yəni bazarın liberallaşdırılması və gəlirin maksimallaşdırılması ilə bağlıdır (IEA 2022). Öz bazarını beynəlxalq müştərilərə yalnız 1990-cı illərin ortasında açmış Azərbaycanda enerji təhlükəsizliyinə neoliberal bazarın davamlılığının ekvivalenti kimi yanaşılır və bu cür yanaşma dövləti enerji təminatının təhlükəsizlik praktikalarının standartlaşdırılması, yaxud ictimai resursların yerləşdirilməsi kimi daha səmərəli yollar üzərində fokuslanmağa stimullaşdırmır (Ganz 2021).

Amerikada 2001-ci ilin 11 sentyabrında baş verən terror hadisəsindən sonra dünyada enerji infrastrukturlarına qarşı terror və sabotajla bağlı narahatlıqlar son iyirmi ildə artdığı üçün tədqiqatlar və siyasət də enerji təhlükəsizliyinin müdafiə əsaslı tərifinə doğru meyillənib. Tədqiqatların bu istiqaməti enerjini zorakı münaqişələrə, sosial qeyri-stabilliyə və siyasi mübahisələrə meyilli geosiyasi strukturların yaradıcısı və bunlara yol açan amil kimi konseptuallaşdırır (Mansson 2014). Bu cür konseptuallaşdırmada enerji eyni zamanda həm konfliktin məqsədi (enerji mənbələrinə kəsintisiz çıxışın təmin edilməsi üçün), həm də vasitəsi (enerji asılılığından təzyiq kimi istifadə edərək) və yaxud səbəbi (enerji məsələlərinə görə mövcud gərginliyi daha da kəskinləşdirmək) kimi çıxış edir (Mansson 2014). Enerji mənbələrinin olması konflikt üçün şərait yaradır, çünki güman olunur ki, enerji stabilliyinə təhlükələr qaçılmazdır.

Öz növbəsində enerji təhlükəsizliyinə mahiyyətinə görə konfliktə meyilli bir şey kimi baxılması enerji infrastrukturlarında və ətrafında hərbi, yarımhərbi qüvvələrin yerləşdirilməsinə normal yanaşmaya gətirib çıxarır (Ganz 2021). Məsələn, Yəməndəki Husi üsyançılar tərəfindən Səudiyyə Ərəbistanının neft emalı  təsisatlarına 2019-cu ildə olan terror hücumları onunla nəticələndi ki, Səudiyyə Ərəbistanının enerji mənbələrinin təhlükəsizliyini təmin etmək üçün ABŞ hərbçiləri göndərildi (Jones et al. 2021).

Digər tədqiqatlar enerjinin siyasi, ictimai və mədəni sahədəki dinamikalarını araşdırır. Enerji təminatının təhlükəsizləşdirilməsi təhlükəni müəyyən edən, bu təhlükənin qarşısını alacaq tədbirləri yaradan və adi siyasi gücün təhlükəsizliyi və kəsilməsini prioritetləşdirən siyasi proses kimi tərif edilir (Buzan et al. 1998). Beləliklə, hadisənin təhlükəyə çevrilməsi elə bir siyasi prosesdir ki, bununla oyunçu hər hansı obyekti elə bir təhlükə kimi təqdim edir ki, bu təhlükəyə qarşı onu yaradan diskursla tədbir görülsün (Waever 1996). Təhlükəsizləşdirmə nəzəriyyəsi (securitization theory) təhlükəsizliyi quraşdırılmış və “təhlükəsizlik məsələsinə çevrilmiş”, özgələşdirmə, nəzarət, məcbur etməyə əsaslanan təhlükəyə qarşı müdafiəyə bərabər kimi qiymətləndirməklə yaradılmış təhlükəni tanıyır. Lakin təhlükəsizləşdirmə nəzəriyyəsi yenə də enerji təhlükəsizliyinin hərtərəfli tərifini verə bilmir.

Erkən 2000-ci illərdən başlayaraq enerji mənbələri bol olan ölkələrin hərbiləşdirilməsi barədə son akademik tədqiqatlar dövləti təhlükənin müəyyənləşdirilməsində və bu təhlükəyə qarşı təhlükəsizlik siyasətinin və tədbirlərinin tətbiqində əsas və yeganə qərarverici kimi təhlil edir. Öz növbəsində Azərbaycanın təhlükəsizlik siyasəti barədə tədqiqatlar yalnız dövləti hərbiləşdirmənin əsas mənbəyi kimi görməyə meyillidir. Belə tədqiqatlar enerji təhlükəsizliyinin beynəlmiləlləşdirilmiş və özəlləşdirilmiş istiqamətlərini gözardı edir, çünki onlar ölkənin hərbiləşdirilməsinə aparan dövlət və qeyri-dövlət təmaslarının daha qəliz şəbəkəsini qeydə ala bilmir.

Avrora Qanz yuxarıda adı çəkilən kitabında enerji təhlükəsizliyini milli və beynəlxalq, dövlət və qeyri-dövlət elementlərinin məcmusu kimi qiymətləndirir ki, bu elementlərin hər birinin enerji təhlükəsizliyində, daha sonra enerji təhlükəsizliyindən tutmuş, daxili və beynəlxalq siyasi məsələlərdə güc tətbiqinin normal qəbul etdirilməsində, ondan ilkin istifadəyə həvəslə əl atılmasında  öz rolu vardır. Həm dövlət, həm qeyri-dövlət mənşəli oyunçular enerji təhlükəsizliyini təmin edir, hər birinin öz fərqli enerji təhlükəsizliyi anlayışı və məqsədləri vardır. Azərbaycanda bu qrupların məqsədləri və təhlükəsizlik praktikaları bir-birinə çəp gələndə təsir gücünə malik oyunçuların çoxalması müzakirə və danışıqlar üçün meydan yaradır. Eyni zamanda bazar məntiqi bütün oyunçular arasında hərbiləşdirilmiş enerji təhlükəsizliyinin lazımlılığını diqtə edir. Şərikli iqtisadi maraqlar bütün oyunçular arasında koordinasiyanın katalizatoru rolunu oynayır və beləliklə, təhlükəsizlik tədbirlərinin bir-birilə ahəngli şəkildə həyata keçirilməsini  təmin edir.

Qanzın tərifində enerji təhlükəsizliyi milli, beynəlxalq, qlobal, yerli, özəl, ictimai maraqların, diskursların və siyasətlərin mürəkkəb konfiqurasiyası kimi müəyyən edilir. Nəticədə ayrı-ayrı qurumların enerji təhlükəsizliyi tədbirləri üst-üstə düşür, hərbi məntiq mülki məsələlərdə tətbiq olunur, müharibə dövründən kənar və hətta birbaşa enerji təhlükəsizliyinin özünə aid olmayan hallarda hərbi vasitələrlə həll yollarına əl atılması legitimləşdirilir. Öz növbəsində enerji təhlükəsizliyinin maksimal dərəcədə hərbiləşdirilməsi nəzarət və basqıdan istifadəni şiddətləndirərək təhlükəli vəziyyət yaradır (Balzacq et al. 2010).

2. Azərbaycanda enerji təhlükəsizliyi sahəsində dövlət oyunçularının nəzərdən keçirilməsi

Azərbaycanda enerjinin təhlükəsizlik məsələsinə çevrilməsində özəl və beynəlxalq oyunçuların rolunun təhlilindən öncə enerji və dövlət təhlükəsizliyinin çulğaşdırılmasında siyasi və iqtisadi maraqları olan dövlət aktorlarını nəzərdən keçirmək faydalı olar. Burada milli təhlükəsizlik diskursunun təhlili Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası (2007), Hərbi Doktrina (2010) və Dəniz Təhlükəsizliyi Strategiyası (2013) adlı sənədlər əsasında aparılır.

Dövlətin enerji təhlükəsizliyində rolu mahiyyəti etibarilə rejimin özünü qoruması ilə əlaqəlidir, çünki həm Heydər, həm də İlham Əliyevlər özlərinin siyasi legitimliyinə enerji sənayesinin liberallaşdırılması və bizneslə siyasətin qarışdırılması vasitəsilə nail olublar (Ganz, 2021). Enerji sahəsində təhlükəsizlik yalnız enerjiyə olan təhlükələri aradan qaldırmaq deyil, həm də ölkədə hakimiyyətə kimin sahib olacağının müəyyən edilməsi məsələsidir.

Yuxarıda adı çəkilən hər üç rəsmi sənəddə milli təhlükəsizliklə enerji təhlükəsizliyi birləşdirilib, belə ki, enerji resursları Azərbaycanın milli təhlükəsizliyinin “həlledici” “tərkib hissəsi” kimi təsvir olunub.  İkisi arasında əlaqə onu nəzərdə tutur ki, enerjiyə olan təhlükə dövlətə olan təhlükədir və əksinə. Bu diskurs dövlət təmsilçilərinə imkan verir ki, əhali və yaxud beynəlxalq təşkilatlar arasında dövlətin legitimliyini möhkəmləndirmək üçün eyni məntiqdən istifadə etsin. Fərqli auditoriyalar üçün eyni diskursun enerji resurslarını “müdafiə”, “nəzarət”, “patrulluq” etmək kimi üsullar daxil təhlükəsizlik siyasətinə çağırış edən müxtəlif versiyaları qəbul olunub.

Neft və qaz sənayesi infrastrukturunun fiziki təhlükəsizliyinin təmini milli təhlükəsizliyin əsas məqsədlərindən biri kimi sadalanır. Hərbi Doktrinanın 13-cü maddəsində deyilir ki, hərbi-siyasi xarakterli həll olunmamış konfliktlər, o cümlədən aqressiv separatizm səbəbilə olanlar (yəni Dağlıq-Qarabağ konflikti) enerji və nəqliyyat infrastrukturlarını təhlükə altına salır. Daha sonra, həmin sənədin 18-ci maddəsində qaz və neft resursları ilə zəngin ölkələr üçün hərbi gücün əhəmiyyəti vurğulanaraq izah edilir ki, bu resurslar dövlətlərarası konfliktlərin kəskinləşməsinə və beləliklə, milli təhlükəsizliyə hərbi təhlükənin yaranmasına səbəb ola bilər. 44-cü maddə Azərbaycanın milli təhlükəsizliyinə qarşı mümkün hərbi əməliyyatları dəqiqləşdirir ki, bunlara daxili və xarici qüvvələrin enerji, nəqliyyat infrastrukturuna, həmçinin ölkədən keçən kommunikasiya avadanlığına qarşı  terror-sabotaj fəaliyyətləri daxil edilir. Oxşar şəkildə Dəniz Təhlükəsizlik Strategiyası dənizdəki enerji resurslarına qarşı beynəlxalq terror və sabotaj təhlükələrinə hazırlıqlılığın vacibliyini vurğulayır.

Bu sənədlər enerjinin ölkənin hərbi-siyasi təhlükəsizliyi üçün vacibliyini qeyd etməklə yanaşı, həmçinin onu ölkənin iqtisadi təhlükəsizliyinin mənbəyi kimi də qeyd edirlər. Milli Təhlükəsizlik Strategiyasının 4-cü maddəsində enerji asılılığının ölkənin mərkəzi problemi kimi etiraf edilməsinə, iqtisadi diversifikasiyanın lüzumluluğunun vurğulanmasına baxmayaraq, sənəd iqtisadi sıxıntıların qarşısını almaq üçün neft və qaz infrastrukturunun təhlükəsizliyinə investisiyaların davam etdirilməsini məsləhət görür.

Hər üç sənəd milli təhlükəsizliyə əsas təhlükələri enerji sənayesi, neft və qaz resursları ilə əlaqədə qurur. Lakin bu, Qanzın göstərdiyi kimi, böyük ölçüdə quraşdırılmış bir hekayədir. Azərbaycanın enerji infrastrukturuna və bu mənada milli təhlükəsizliyinə qarşı Erməni terrorizmi və sabotajı hərfən mövcud deyil (2021). Bununla belə, dövlət mütəmadi olaraq, Dağlıq-Qarabağ konfliktini enerji sektorunun daxilində və ondan kənarda hərbi praktikalardan həddən artıq istifadəni dəstəkləmək üçün emosional təzyiq vasitəsinə çevirir; məsələn, patrul qüvvələrini daimi olaraq təhlükə zonası daxilində və xaricində yerləşdirir.

Enerji infrastrukturunun əksəriyyətinin Ermənistanla sərhəddən xeyli uzaqda yerləşməsinə baxmayaraq, milli təhlükəsizlik sənədlərində qeyd olunur ki, hərbi strategiyanın diqqəti enerji təhlükəsizliyini təmin etmək üçün Ermənistanla ərazi konfliktinin həlli məsələsi ətrafında cəmləşməlidir. Nəzərə alsaq ki, İran və Türkmənistanla Xəzərin bölüşdürülməsi kimi dövlətlərarası məsələ, yəni dənizaltı enerji resursları problemi haqqında danışılan təhlükəsizlik sənədlərində, ümumiyyətlə, yada salınmır, bu cür yanaşmanın məntiqsizliyi daha aydın nəzərə çarpır.

Enerji ilə milli təhlükəsizliyin calaq edilməsi Azərbaycanın milli kimliyi məsələsində də istifadə olunur ki, bu da Azərbaycanın postsovet müstəqilliyinin ilk illərində enerjinin taleyüklü rol oynadığı dövrdən başlayır. Enerjinin təhlükəsizlik məsələsinə çevrilməsi simvolik olduğu qədər də reallıqdır, çünki enerji resursları ölkə iqtisadiyyatı ilə yanaşı, postsovet dövründəki milli quruculuq prosesinin  bel sütunu kimi təqdim olunur. Bu, keçmiş xarici işlər nazirinin müavini və ABŞ-dakı səfir Hafiz Paşayevin xatirələrində (2006) aydın şəkildə nəzərə çarpır. Burada o, 1994-cü ildəki “Əsrin müqaviləsi” adlanan neft sənayesi sazişini “bizim yenicə əsası qoyulmuş müstəqilliyimizin sığortası” adlandırır. Enerjini təhlükəsizlik məsələsinə çevirməklə hakim rejim eyni zamanda həm qorxu, həm qürura əsaslanan milli diskurs yaratmışdır ki, bu diskurs da stabillik və müstəqilliyin mənbəyi kimi enerji təhlükəsizliyi naminə hərbi üsulların istifadəsinə bəraət verir (Ganz 2021).

Nəhayət, yuxarıda haqqında danışılan sənədlərdə təqdim olunan milli təhlükəsizlik diskursu Heydər Əliyevin “strateji inkişafı müəyyən edib, onu davamlı şəkildə həyata keçirtməkdə”, Azərbaycanı “Xəzər-Qafqaz regionunun əməkdaşlıq üçün həlledici ölkəsinə çevirməkdə” rolunu vurğulamaqla daha geniş şəkildə Əliyev rejimini iqtisadi uğurlara və ölkənin geosiyasi gücünə bağlayır. Azərbaycan siyasətinin həddən artıq şəxsiləşdirilməsi enerjinin təhlükəsizlik məsələsinə çevrilməsinə təsir göstərir, belə ki, hazırkı hakim rejimin mövcudluğu bütövlükdə milli təhlükəsizliyin şərti kimi təqdim olunaraq, nəticədə enerji resurslarının hakim elitanın əlində cəmləşməsinə legitimlik donu geyindirir (Baghdasaryan 2013).

Enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti illər ərzində hərbi xərclərini çoxaltmağa yönəlmiş səylərini artırmışdır. Təhlükəsizliyə hərbi yanaşma üzərində qurulan diskursları ilə təhlükəsizlik məsələsinə cavabdeh olan əksər dövlət qurumları enerji sənayesinə kvazi-hərbi modellərlə müdaxilə etmək imkanı qazanmışlar (Ganz 2021). Müvafiq olaraq 1991, 2002, 2003, 2015-ci illərdə yaradılmış Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və onun Sahil Mühafizəsi, Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hamısı enerji sahəsinin təhlükəsizliyinin təminatında iştirak etmiş və öz qüvvələrini enerji infrastrukturlarının mühafizəsinə yönləndirmişlər. Məsələn, XDMX-nin əsas vəzifəsi Prezidentin və yüksək vəzifəli məmurların təhlükəsizliyini təmin etmək, həmçinin əks-kəşfiyyat aparmaqdır. 2003-cü ildə onun mandatına enerji infrastrukturunun mühafizəsi də daxil edildi. Oxşar şəkildə, DTX-nin əsas vəzifəsi kəşfiyyat və əks-kəşfiyyat əməliyyatları aparmaqdır. Lakin DTX əməkdaşları enerji sektoru ilə daha çox məşğul olmağa başladılar, çünki enerji işçiləri potensial təhlükə kimi görünür. Vəzifə və tapşırıqların qaçılmaz olaraq üst-üstə düşməsi və qarışıqlıq strukturlararası yarışa səbəb olmuşdur ki, bu da müəyyən dövrdən sonra ölkədə hərbi və yarımhərbi qüvvələrin istifadəsini şiddətləndirmişdir.

3. NATO, BP və qloballaşmış təhlükəsizlik (təhlükə)

Neft və qaz yüksək hədlərdə qloballaşmış sənaye sahəsi olduğu üçün NATO və BP kimi beynəlxalq oyunçuların istər bu resurslara yetişməkdə, istərsə də ölkə daxilində qərarvermə prosesinə təsir etməkdə böyük maraqları var. Bu hissədə biz bu iki xarici oyunçunun Azərbaycanda enerjinin təhlükəsizlik məsələsinə çevrilməsində iştirakını nəzərdən keçirəcəyik.

3.1. NATO

NATO enerji sahəsində təhlükəsizliyin olmamasının yarada biləcəyi qlobal təhlükəni və enerji təhlükəsizliyinə olan yeni növ təhlükələrə cavab verilməsinin vacibliyini vurğulayan beynəlxalq təşkilatdır. Bu təşkilatın əsas məqsədi “öz üzvlərinin azadlıq və təhlükəsizliyini həm siyasi, həm hərbi vasitələrlə” təmin etməkdir (NATO 2022). Enerji təhlükəsizliyi təşkilatın məqsədlərinin vacib tərkib hissəsidir, enerji təchizatında hər hansı kəsilmələrin olması NATO üzvlərinə və onunla əməkdaşlıq edən ölkələrə mənfi təsir göstərə bilər (NATO 2021). Bu resursların beynəlmiləlləşdirilməsi təşkilatın üzvü olmayan enerji istehsalçısı ölkələrə beynəlxalq müdaxiləni legitimləşdirən amildir.

Varşava Sammiti Kommünikesində qeyd edildiyi kimi (NATO 2016), NATO-nun əsas məqsədi milli hökumətlərə enerji infrastrukturunun qorunmasında yardım etmək və təchizat kəsintilərinin qarşısını almaq bacarıqlarını yaxşılaşdırmaqdır. Təşkilat Azərbaycanla enerji təhlükəsizliyi sahəsində hərbi işbirliyinə 1994-cü ildə “Sülh naminə Tərəfdaşlıq” (PfP) proqramı ilə başlayıb ki, onun son məqsədi birgə hazırlıq, planlaşdırma və hərbi təlimlər vasitəsilə Azərbaycanın operativ hərbi bacarıqlarını NATO üzvü ölkələr səviyyəsinə çatdırmaq olub (2020). Bu proqram NATO-nun enerji təhlükəsizliyi sahəsində texnoloji yeniliklərinin  Azərbaycan silahlı qüvvələrinə ötürməsinin başlanğıcı olub. 2005-ci ildən başlayaraq Azərbaycan bir neçə “Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Planı” (IPAP) hazırlayıb ki, bunlar enerji təhlükəsizliyinin yalnız fiziki mənada konseptuallaşdırılmasını daha da genişləndirib.

Ölkənin 2017-ci ildə imzaladığı sonuncu IPAP-da enerjiyə olan təhlükələr “yeni meydana çıxan” “yaxınlaşan” və “qeyri-ənənəvi” kimi xarakterizə edilib. Bu diskurs təhlükələri gözlənilməz, sabit daimi kimi konseptuallaşdırdığı üçün sırf müdafiənin tələb etdiyindən daha çox preventiv, qabaqlayıcı tədbirlər tələb edir (Ganz 2021). Bunun nəticəsi olaraq, NATO enerji sektorunda hərbi və paramilitar qüvvələrin istifadəsinin normallaşdırılmasında və öz praktikasının təhlükəsizliyin təmini üçün faktiki təhdidlərdən daha çox potensial risklərin idarə olunduğu qonşu məsələlərə yayılmasında iştirak etmişdir. Bundan əlavə, Azərbaycanın təhlükəsizlik təcrübələrində NATO vizionu Milli Təhlükəsizlik Konsepsiyasında daha qabarıq şəkildə nəzərə çarpır, çünki o, NATO-nun iştirakı ilə yazılıb (Ganz 2021).

Alyans Azərbaycanda müxtəlif, məsələn, enerji təhlükəsizliyi sahəsində kibercinayətkarlığa qarşı müdafiə (Elm və Sülh Proqramı), terrorçuluğa qarşı birgə fəaliyyətlər (Terrorizmə Qarşı Əməkdaşlıq Fəaliyyət Planı) kimi proqramlar çərçivəsində çoxlu sayda konfranslar keçirib. NATO mandatı altında alyans üzvləri arasında digər bilik mübadilələri də keçirilib. 2019-cu ildə Azərbaycanın hərbi qulluqçuları enerji infrastrukturunun təhlükəsizliyinin təminində qarşılıqlı fəaliyyətin yaxşılaşdırılması üçün taktiki və kompüter dəstəkli tapşırıqlardan dərslər alıb.

Təşkilatın Azərbaycanda hərbi qarşılıqlı fəaliyyətə nail olmaq məqsədi dövləti, həmçinin NATO standartlarına uyğun gəlmək üçün daha qabaqcıl texnologiyalar (məsələn, Dəniz Domen Məlumatlılığı, hərbi İT və izləmə sistemləri) almağa vadar edib. NATO Dağlıq-Qarabağ konfliktində Azərbaycana dəstək nümayiş etdirməsə də, hər halda ölkənin hərbi gücünün möhkəmləndirilməsində, xüsusən texnologiya, bilik mübadiləsi və hərbi hazırlıq məsələlərində iştirakı olub

3.2. BP

Azərbaycanın enerji təhlükəsizliyi sahəsinin hərbiləşdirilməsinə təsir göstərmiş ikinci beynəlxalq təşkilat BP olmuşdur ki,  bu özəl şirkət enerji təhlükəsizliyinə ölkədə enerji təhlükəsizliyini dövlət və NATO-dan fərqli şəkildə müəyyən edir və bu təhlükəsizliyin təmin olunmasında iştirakını da fərqli şəkildə legitimləşdirir. BP-yə görə, enerji təhlükəsizliyi neoliberal bazar təfəkkürü ilə sıx surətdə əlaqədardır ki, bu təfəkkürə görə, enerjinin təhlükəsizlik məsələsinə çevrilməsi son məqsəd olaraq gəlirlərin maksimallaşdırılması üçün edilir (Ganz 2021).

Ölkənin Azəri-Çıraq-Günəşli və Şahdəniz kimi əsas enerji istehsal edən yataqlarının operatoru və tranzit ölkələrində bütün regional boru xətlərinin meneceri olaraq BP-nin enerji təhlükəsizliyinin təmin edilməsində böyük marağı vardır. Şirkət Azərbaycan hökuməti ilə “Təhlükəsizliyin və təhlükəsizliyin həyata keçirilməsi zamanı insan haqları prinsiplərinin təmin edilməsi haqqında BP-Azərbaycan Protokolu”nu imzalamışdır ki, bu protokolun məqsədi enerji sektorunda müdafiə və mühafizənin qanuni sərhədlərinin müəyyən edilməsi olmuşdur (BP 2007).

Dövlət orqanları və NATO-dan fərqli olaraq BP enerji təhlükəsizliyinə hansı təhlükələrin olmasının müəyyən edilməsi məsələsi üzərinə fokuslanmır. Onun diqqəti enerji təhlükəsizliyini təmin etmək üçün təhlükələrin hansı yollarla cavablandırılması və hansı hərbi, yarımhərbi təhlükəsizlik vasitələrinin və tədbirlərinin istifadə edilə biləcəyi məsələləri üzərində cəmlənir. Lakin təhlükələrin dəyərləndirilib təsnifləndirilməsi məsələsinə gəldikdə BP enerji təhlükəsizliyinə, infrastrukturun əsas sahibi olduğuna görə, avadanlıqlar və fiziki aktivlər prizmasından baxır. Enerji təhlükəsizliyinə olan təhlükələr birbaşa şirkətin mövcudiyyətinə təhlükə kimi dəyərləndirilir (Ganz 2021).

Bu şirkət silahlı personal, müşahidə texnologiyası və patrul qayıqları ilə xüsusi təhlükəsizlik şöbəsi də daxil olmaqla çoxsaylı təhlükəsizlik xidmətlərilə enerji təhlükəsizliyini təmin edir və silah daşımağa icazə verilən hərbi təlim keçmiş özəl podratçıları (məsələn, Titan D, Group 1 Security; AZCAN Defence Solutions) işə götürdü. Həmin müqavilə ilə işə cəlb edilmiş özəl mühafizə xidmətləri Qərb ölkələrindən avadanlıq alınmasında da iştirak edirlər. Məsələn, AZCAN 2017-ci ildə Kanadanın INKAS Armored Vehicle Manufacturing şirkətindən zirehli piyada daşıyıcıları almışdır ki, həmin dövrdə şirkətin rəhbəri Şimonovun qeyd etdiyi kimi bunun məqsədi “müdafiə məqsədilə daha çox imkana malik olmaq olmuşdur”, çünki Azərbaycan “sərhədlərini qorumaq istəyir” (INKAS 2016). Eyni zamanda, BP dövlət orqanları ilə bilik mübadiləsi məşqləri və birgə təlim fəaliyyətlərində əməkdaşlıq edir. BP-nin niyyəti və məqsədi öz aktivlərinin fiziki təhlükəsizliyinin təmini vasitəsilə korporativ maraqlarını qorumaq olsa da, o, istər-istəməz hərbi üsulların standartlaşdırılmasında və gücün istifadəsinin normal hal kimi qəbul etdirilməsində iştirak etmişdir.

3.3. Qeyri-təhlükəsizlikdən istifadə və sui-istifadə

Beləliklə, enerjinin təhlükəsizlik məsələsinə çevrilməsi mürəkkəb bir prosesdir ki, burada milli hökumətlərin və beynəlxalq təşkilatların maraqları həm birləşir, həm də bir-birilə yarışır. Yazıda müzakirə olunan hər üç oyunçunun müxtəlif özünə aid maraqları vardır, lakin onlar ölkədə enerji təhlükəsizliyi məsələsində hərbi nöqteyi-nəzərdən birgə çıxış edir. Nəticədə hər üç oyunçunun təhlükəsizlik mütəxəssisləri səlahiyyət və güclərinin daimi genişlənməsindən xeyir götürüblər  (Ganz 2021). Azərbaycan və digərləri enerjini var olmalarının davamına bərabər tutduqlarından təhlükəsizlik məqsədləri qısa zaman ərzində terrorçulardan, separatçılardan və sabotajçılardan gələn təhlükənin idarə olunmasından fermerlərdən, enerji işçilərindən və lokal icmalardan gələ biləcək təhlükələrin önlənməsinə köklənmişdir.

Azərbaycan milli kimliyi, onun regional tərəfdaşları və iqtisadi uğuru üçün enerjinin mühümlüyü ona gətirib çıxartmışdır ki, adi adamlara qarşı repressiyalara və güc tətbiqinə haqq qazandırılmışdır. Təhlükəsizliyə bu cür münasibətin yerli icmalarda yaratdığı güvənsizlik gözardı edilmişdir. Son iyirmi ildə polis və təhlükəsizlik əməkdaşları tərəfindən təhlükəsizlik infrastrukturlarının daxilində və ətrafında qorxudulma və təcavüz halları barədə məlumatlar geniş yayılmışdır (Crude Accountability 2012). Bundan əlavə, enerji layihələrinə, həmçinin pis idarəetmə nəticəsində enerji kəsintilərinə qarşı etirazlar da polis şiddəti ilə müşayiət olunan basqıya məruz qalmışlar.

Nəticə

Dövlət təhlükəsizliyi aktorlarının arasında enerji təhlükəsizliyi üsullarının homogenliyilə NATO və BP ölkə daxilində gücdən istifadənin və zorakılığın legitimləşdirilməsində iştirak etmişlər. Eyni zamanda, müxtəlif təhlükəsizlik aktorları arasında koordinasiyanın olmaması təhlükəsizlik praktikalarının təkrarlanmasına və bir çox sahələrdə üst-üstə düşməsinə səbəb olmuşdur. Azərbaycanın enerji təhlükəsizliyi sektorundakı hər üç oyunçu enerji təhlükəsizliyi ideyasını öz mənafelərinə uyğun olaraq təhrif etmiş, təhlükəsizliyin hərbi və önləyici yollarla həyata keçirilməsi məsələsini kəskin hədlərə çatdırmış, bununla da artıq ölkə daxilində mövcud olan güvənsizliyi və zülmü daha da şiddətləndirmişlər (Ganz 2021).

Həm NATO, həm də BP ölkə daxilində hərbi və yarımhərbi qüvvələri təlimləndirmək, texniki biliklər və müasir silahlarla təchiz etmək, ölkənin hərbi və texnoloji imkanlarını gücləndirməklə Azərbaycanın hərbiləşdirilməsini şiddətləndirib. Şübhəsiz ki, xarici oyunçuların istifadə etdiyi enerji təhlükəsizliyi təminatı üsulları dolayı yolla Azərbaycanın İkinci Qarabağ Müharibəsində imkanlarına da təsir göstərib.

 

Ədəbiyyat siyahısı:

Baghdasaryan, G. (2013) ‘Working the Enemy’s Mill’ – putting the brake on internal development in Nagorny Karabakh: A media study of the image of the ‘enemy’. In Myths and conflicts in the South Caucasus. Instrumentalisation of conflict in political discourse, Vol. 2, pp. 99-108. International Alert.

Balzacq, T., Basaran, T., Bigo, D., Guittet, E. P., Olsson, C. (2010) Security practices. Oxford research encyclopedia of international studies, pp. 1-30. Blackwell.

2007. (2007) BP-Azerbaijan Protocol on the implementation of security and human rights principle in the provision of security. BP in Azerbaijan: Sustainability Report. Available online: https://www.bp.com/content/dam/bp/country-sites/en_az/azerbaijan/home/pdfs/sustainability-reports/bp-sr-2007.pdf

Buzan, B., Waver, O., De Wilde, J. (1998) Security: A new framework for analysis. Lynne Rienner Publishers.

Crude Accountability. (2012) After the BTC Pipeline and EITI Validation: Where are Prosperity and Transparency in Azerbaijan? Available online: https://www.osce.org/files/f/documents/9/e/94979.pdf

IEA. (2022) Energy security. International Energy Agency. Available online: https://www.iea.org/topics/energy-security

INKAS. (2016) INKAS® Armored presents its products together with AZCAN at ADEX-2016. Available online: https://inkasarmored.com/inkas-armored-presents-products-together-azcan-adex-2016/

Ganz, A. (2021) Fueling Insecurity. Policy Press.

Jones, S. G., Thompson, J., Ngo, D., McSorley, B., Bermudez, J. S. (2021) The Iranian and Houthi War against Saudi Arabia.  Center for Strategic and International Studies (CSIS).

Månsson, A. (2014) Energy, conflict and war: Towards a conceptual framework. Energy Research & Social Science, Vol. 4, pp. 106-116.

NATO. (2016) Warsaw Summit Communiqué Available online: https://www.nato.int/cps/en/natohq/official_texts_133169.htm

NATO. (2020) Partnership for Peace programme. Available online: https://www.nato.int/cps/en/natohq/topics_50349.htm

NATO. (2021) NATO’s role in energy security. Available online: https://www.nato.int/cps/en/natohq/topics_49208.htm

NATO. (2022) What is NATO? Available online: https://www.nato.int/nato-welcome/index.html

Pashayev, H. M.  (2006) Racing uphill: Selected papers of Azerbaijan’s first ambassador to the United States of America. Journal of Communication, Vol. 62, Iss. 2, pp. 283-298.

Waever, O. (1993) European security identities. Journal of Common Market Studies, Vol. 34, Iss. 1, pp. 103-132.

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.