Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Prezidentin müvafiq sərəncamında Milli Fəaliyyət Planının “azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkişafını və qlobal çağırışlara hazır olmasını təmin etmək məqsədilə” təsdiqlənməsi vurğulanır. Fəaliyyət Planının özündə isə əsas məqsəd “əmtəə və xidmət bazarlarında rəqabət mühitini yaxşılaşdırmaqla özəl investisiyanı stimullaşdırmaq və dayanıqlı, rəqabətqabiliyyətli iqtisadi artıma nail olmaq” kimi müəyyən edilib. Amma sənəddə olan fəaliyyətlərlə tanışlıqdan aydın şəkildə görmək olar ki, nəzərdə tutulan fəaliyyətlər nə dövlət başçısının sərəncamında, nə də sənədin özündə qeyd olunan məqsədlərə nail olmaq üçün yetərli deyil. Plana əsasən, üç illik fəaliyyət prioritetlərinə məhsul bazarlarının diaqnostikası, tənzimləmə alətlərinin təkmilləşdirilməsi, rəqabətli neytrallıq, rəqabət xəritəsi, elmi-analitik potensial və qurumlararası əməkdaşlıq daxildir.
Sənədin formal olaraq elan etdiyi əsas hədəf “rəqabət mühitinin yaxşılaşdırılması” olsa da, tədbirlərin böyük hissəsinin faktiki hədəfi “rəqabət siyasətinin institusional və analitik imkanlarının yaradılması”dır. Bunu tədbirlərdən görmək mümkündür. Məsələn:
· metodologiyanın hazırlanması;
· indikatorlar sisteminin hazırlanması;
· rəqabət xəritəsinin hazırlanması;
· tədqiqat mərkəzinin yaradılması;
· təhsil proqramlarının yenilənməsi;
· koordinasiya mexanizminin yaradılması;
· məsləhətləşmə mexanizminin yaradılması;
· kommunikasiya planının hazırlanması.
Hətta bir sıra əsas tədbirlərin icrasının yekun nəticəsi “təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi” kimi müəyyən edilib.
Bunların hamısı institusional potensial (yəni “capacity building”) yaratmaq tədbirləridir. Əlbəttə ki, yeni rəqabət sistemi üçün bunlar çox vacibdir. Amma bu tədbirlərin icrası nəticəsindən rəqabət mühitinin yaxşılaşacağını gözləmək olmaz: “tədbir icra edildi” hesabatı verilə bilər, amma “rəqabət yaxşılaşdı” demək mümkün olmaya bilər.
Əslində, bu sənədi “Rəqabət siyasətinin institusional, analitik və metodoloji bazasının gücləndirilməsi üzrə fəaliyyət planı” adlandırmaq daha doğru olardı.
“Rəqabət mühitini yaxşılaşdırmaq” məqsədi daşıyan bir proqram sənədi ölkədəki rəqabət mühitinin mövcud durumunun diaqnostikası ilə başlamalı idi. Lakin Fəaliyyət Planının “Mövcud vəziyyətin təhlili” bölməsi faktiki olaraq rəqabət mühitinin diaqnostikası deyil. Orada hüquqi bazanın tarixi, strateji sənədlər, makroiqtisadi nəticələr, Rəqabət Məcəlləsinin qəbulu və institusional inkişaf təsvir edilir. Orada bazarların təmərküzləşməsi, giriş-çıxış, qiymət və marja, dövlət müdaxiləsinin iqtisadi dəyəri, dövlət müəssisələrinin bazar payları və sektorlararası rəqabət fərqləri üzrə mövcud vəziyyətin sistemli qiymətləndirilməsi (baseline) yoxdur. Bu boşluq proqramın nəticəliliyinə birbaşa təsir edir: hədəf “rəqabət səviyyəsinin yüksəldilməsi” kimi qoyulduqda rəqabətin başlanğıc səviyyəsi və dəyişməli olan konkret bazar mexanizmləri bilinməli idi.
Dünya Bankının B-READY 2025 məlumatında “Bazar rəqabəti” (Market Competition) bölməsi üç sütun üzrə ölçülür. Azərbaycan üçün tənzimləyici çərçivə 52/100, ictimai xidmətlər 45/100, əməliyyat səmərəliliyi 39/100 baldır. Bu bölmə üzrə yekun göstərici 45/100-dür. Bu rəqəm “Azərbaycan iqtisadiyyatında rəqabətin səviyyəsi” deyil; rəqabəti dəstəkləyən qaydaları, dövlət xidmətlərini və onların tətbiqini ölçən xarici benchmarkdır. (World Bank, 2025)
Rəqabət mühitini yalnız antiinhisar pozuntularının sayı ilə ölçmək olmaz. Müasir yanaşmada ən azı beş səviyyə birlikdə araşdırılır:
· bazar strukturu və təmərküzləşmə;
· bazara giriş və çıxışın asanlığı;
· firmaların davranışı;
· dövlətin tənzimləmə, resurs bölgüsü, satınalma və mülkiyyət vasitəsilə müdaxiləsi;
· nəticələr: qiymət, keyfiyyət, məhsuldarlıq, innovasiya, investisiya və istehlakçı seçimi.
Dünya Bankının Markets and Competition Policy Assessment Toolkit-i bazar strukturu, dinamika və məhsuldarlığı hökumət müdaxilələri ilə birlikdə diaqnostika etməyi təklif edir. (World Bank, 2021) OECD Competition Assessment Toolkit dövlət siyasətinin bazar iştirakçılarının sayını və çeşidini, onların rəqabət aparmaq imkanlarını, rəqabətli davranış stimullarını və istehlakçı seçimlərini məhdudlaşdıra biləcəyini göstərir. Buna görə həm mövcud, həm də yeni tənzimləmələr üçün rəqabət təsirinin qiymətləndirilməsi institusional mexanizmə çevrilməlidir. (OECD, 2019)
Beynəlxalq təcrübə göstərir ki, sektor üzrə aparılan rəqabət durumunun diaqnostikası əsasında qurulan proqramlar daha konkret nəticələr verir. Məsələn:
· OECD Rumıniyada tikinti, nəqliyyat və ərzaq emalında 227 problemli tənzimləmə və 152 tövsiyə müəyyən etmişdir. (OECD, 2016)
· Meksikada 228 hüquqi mətn araşdırılaraq 107 rəqabət məhdudiyyəti müəyyən edilmişdir. (OECD, 2018)
· Tunisdə turizm sektorunda 163 hüquqi mətn üzrə 447 potensial məhdudiyyət və 351 tövsiyə aşkarlanmış, əsas tövsiyələrin tətbiqindən mümkün fayda 2018-ci il ÜDM-inin təxminən 1,2%-i səviyyəsində qiymətləndirilmişdir. (OECD, 2023)
Bu nümunələr belə deməyə əsas verir ki, proqramı hazırlamazdan əvvəl problemlərin diaqnostikasını ortaya qoymaq son dərəcə vacibdir.
Azərbaycanda nədən başlamaq olar?
Məhdud iqtisadi və inzibati resursları bütün bazarlara eyni vaxtda yaymaq əvəzinə, rəqabət təhriflərinin ən böyük iqtisadi yayılma (spillover) yaratdığı sahələrdən başlamaq daha məqsədəuyğundur. Başlanğıc nöqtəsi “bütün bazarlarda rəqabəti artırmaq” deyil, dövlətin iqtisadi izi, prioritet bazarlar və rəqabətə maneələrin xəritəsini yaratmaq olmalıdır.
· Dövlətin iqtisadiyyatda iştirakının tam xəritəsi: hansı qurum hansı kommersiya bazarında iştirak edir və hansı xüsusi hüquqlara və dəstək imkanlarına malikdir?
· Prioritet məhsul bazarlarının obyektiv meyarlarla seçilməsi: iqtisadi əhəmiyyət, konsentrasiya, dövlət izi, giriş maneələri, istehlakçı təsiri və yayılma effekti;
· Dövlət müdaxilələrinin tam siyahısının müəyyənləşdirilməsi: subsidiyalar, vergi güzəştləri, zəmanətlər, xüsusi hüquqlar, tariflər, kvotalar, satınalmalar, torpaq və infrastruktur çıxışı.
· Giriş və çıxış dinamikası: yeni firmaların yaranması, bazardan çıxış, müflisləşmə və gənc firmaların bazar payı.
· Real nəticələr: qiymət, marja, keyfiyyət, məhsuldarlıq, investisiya, innovasiya və istehlakçı seçimi.
· Antiinhisar icrasının diaqnostikası: kartel, hökmran mövqe, təmərküzləşmə və dövlət dəstəyi üzrə məlumat və icra imkanları.
İstinad və qeydlər:
World Bank — Markets and Competition Policy Assessment Toolkit — https://www.worldbank.org/en/topic/competition-policy/publication/the-markets-and-competition-policy-assessment-toolkit
World Bank — B-READY 2025 Azerbaijan — https://www.worldbank.org/content/dam/sites/b-ready/documents/pdf/economy/2025/azerbaijan-2025.pdf
OECD — Competition Assessment Toolkit — https://www.oecd.org/en/publications/competition-assessment-toolkit-principles-version-4-0-volume-i_5f9fa6ca-en.html
OECD — Competition Assessment Reviews: Romania — https://www.oecd.org/en/publications/oecd-competition-assessment-reviews-romania_9789264257450-en.html
OECD — Competition Assessment Reviews: Mexico — https://www.oecd.org/en/publications/oecd-competition-assessment-reviews-mexico_9789264288218-en.html
OECD — Competition Assessment Reviews: Tunisia 2023 — https://www.oecd.org/en/publications/oecd-competition-assessment-reviews-tunisia-2023_a80cda01-en.html

