(Məqalənin birinci hissəsinə keçid bu mətnin sonundadır)
Mütəllibov 1990-cı ilin yanvarında baş verən hadisədən sonra məntiqi olaraq hakimiyyətin AXC-yə verilməli olduğunu düşünür. Belə bir proses Ermənistan və Gürcüstanda artıq baş vermişdi, lakin Moskva Azərbaycanda kommunistləri hakimiyyətdə saxlamaq qərarına gəldi. Mütəllibov bunu AXC-nin Türkiyəyə meyilli olması ilə izah edir və yazır ki, Türkiyə faktoru Moskvanın AXC-yə soyuq münasibət bəsləməsinin əsas səbəbi idi. Digər tərəfdən, Türkiyə də Mütəllibovu istəmirdi, onu Rusiyaya bağlı siyasətçi hesab edirdi və pantürkist Əbülfəz Elçibəyin prezident kürsüsünə oturmasını istəyirdi.
Mütəllibov Rusiyaya meyilli siyasətçi kimi qəbul edilsə də, Rusiya rəhbərliyi ilə münasibətlərinin heç də yaxşı olmadığını etiraf edir. Prezident seçildikdən sonra Rusiyaya rəsmi səfərə dəvət olunması üçün dəfələrlə Rusiya rəhbərliyindən xahiş etsə də, müsbət cavab ala bilməyib. Müstəqil Dövlətlər Birliyi (MDB) yaradılarkən onun qapılarını Azərbaycanın üzünə bağlamaq qərara alınıb. Mütəllibov müsahibələrinin birində bildirir ki, əvvəl MDB-yə münasibəti yaxşı olmayıb və bu təşkilata qoşulmaqdan imtina edib, lakin sonra fikrini dəyişib. Buna səbəb Dağlıq Qarabağ münaqişəsi olub. Mütəllibov rus ordusunun köməyi olmadan cəbhədə uğur qazanmağın mümkünsüzlüyünü anlayıb. Bu zaman isə Rusiya rəhbərliyi Azərbaycanın MDB-yə qoşulmasını istəməyib. Mütəllibov MDB-yə qoşulmaq üçün iki dəfə cəhd edib. Birinci cəhdi uğursuzluğa düçar olduqda o, Ukrayna prezidenti Leonid Kravçukdan yardım istəyib və Kravçuk Mütəllibovu MDB-nin 1991-ci ilin dekabrında Almatıda keçiriləcək müşavirəsində iştirak üçün dəvət edib. Mütəllibov iddia edir ki, “Rusiya prezidentinin yaxın dairəsində Azərbaycan müxalifəti ilə müəyyən razılığa gəlmiş məmurlar var idi və mənim bu razılaşmaları ictimailəşdirmək imkanım Rusiya prezidentini Azərbaycanın MDB-yə qəbul edilməsinə razı salmaq üçün əsas oldu.”[i] O qeyd edir ki, Rusiya Federasiyasının prezidenti Boris Yeltsin Mütəllibovu Moskvada qəbul etmək istəmədi, lakin dövlət çevrilişi ilə hakimiyyətə gələn Əbülfəz Elçibəyi asanlıqla qəbul etdi.
Mütəllibov Dağlıq Qarabağ probleminin sosial-iqtisadi, milli deyil, siyasi xarakter daşıdığını düşünür. Bu münaqişənin uzanmasını və dərinləşməsini isə mərkəzin ermənipərəst mövqeyi ilə izah edir. 1990-cı ildə partiya qurultayında çıxışı zamanı Mütəllibov yenidənqurmanın arxitektoru hesab edilən Siyasi Büro üzvü Aleksandr Yakovlevi Dağlıq Qarabağ separatçılarını dəstəkləməkdə günahlandırır.[ii]
Mütəllibov dəfələrlə Dağlıq Qarabağ probleminin yalnız mərkəz tərəfindən həll oluna biləcəyini vurğulayıb və bunu belə izah edib: respublika hakimiyyəti muxtar vilayətin rəhbərlərinin konstitusiyaya zidd hərəkətlərinin qarşısını almaq üçün səlahiyyətə malik deyildi. SSRİ Konstitusiyasını pozan insanları həbs etmək lazım idi, Dağlıq Qarabağ Muxtar Vilayətinin hüquq və təminatlarını Azərbaycan SSR tərkibində tənzimləyən konstitusiya müddəası mövcud idi. Bu səbəbdən də vilayət rəhbərlərini cəzalandırmaq üçün mərkəzin qərarı lazım idi. Digər tərəfdən vilayətdə mitinqlərdə iştirak edən və konstitusiyaya zidd çağırışlar edən insanları prokurorluğun tələbi ilə kütləvi həbs etmək mümkün deyildi. Konstitusiyaya zidd əməllərə görə cəza tədbirlərini mərkəzin hüquq-mühafizə orqanları ali hakimiyyətin qərarı ilə yerinə yetirə bilərdi. Bu məsələlərin həlli Mütəllibovun səlahiyyətində olmadığından qəti qərarlar qəbul edə bilmirdi. Ümumən, Mütəllibov bütün çıxışlarında siyasi fəaliyyətini qanun çərçivəsində reallaşdırmağa çalışdığını vurğulayır.
Mütəllibovun hakimiyyətə gəlməsində və hakimiyyətdən uzaqlaşdırılmasında Dağlıq Qarabağ münaqişəsi, xüsusilə də Xocalı faciəsinin mühüm əhəmiyyəti olub. Hakimiyyətə gəldikdən sonra həm respublikadan kənarda, həm də respublika daxilində ona qarşı olan qüvvələrlə mübarizə aparmağa məcbur olduğunu deyir. Mütəllibov xarici qüvvələr dedikdə erməni lobbiçiliyini, Ermənistan və Rusiya rəhbərliyini nəzərdə tutur. Ermənilərin ona qarşı mübarizəsini 1991-ci ilin aprelində Dağlıq Qarabağda pasport rejiminin tətbiq edilməsi ilə izah edir. Pasport rejiminin tətbiq edilməsi Dağlıq Qarabağda qeydiyyatda olmayan ermənilərin həmin ərazilərdən çıxarılmasını nəzərdə tuturdu. Bununla bağlı fərman Vəzirovun hakimiyyəti dövründə Qorbaçov tərəfindən imzalanmışdı, lakin icra olunmurdu, çünki buna mane olan Amerikanın erməni lobbisi idi. Mütəllibov deyir ki, bu haqda ona məlumatı 1991-ci ildə Bakıda olmuş Amerika kəşfiyyat xidmətinin keçmiş əməkdaşları verib. Onların təqdim etdiyi sənəddə 40 amerikalı konqresmenin ABŞ prezidenti ata Corc Buşa müraciət edərək fərmanın icrasının dayandırılması üçün Qorbaçova təzyiq göstərilməsini istədiyi bildirilirdi. Mütəllibov bu fərmanın icra olunması üçün təkid etdikdən sonra 1991-ci ilin aprelində Daxili İşlər Nazirliyinin qoşunları və Xüsusi Məqsədli Mobil Bölmələr (rus abreviaturu ilə OMON kimi tanınır) Dağlıq Qarabağda 24 kəndi vilayət sakini olmayan erməni silahlılarından təmizlədi.[iii] Bu silahlı qüvvələr erməni kəndləri ilə Azərbaycan kəndləri arasında yerləşmişdilər və erməni əhalisini inandırırdılar ki, onlar gedərsə, azərbaycanlılar bütün erməniləri öldürəcək. Mütəllibov əlavə olaraq qeyd edir ki, əsasən ermənilərin məskunlaşdığı Şaumyan rayonunun dağ kəndlərində, yüksəkliklərdə erməni silahlı dəstələrinin güclü bazaları mövcud idi, bu bazalar peşəkar orduya cavab vermək iqtidarında idilər, onları dağıtmaq üçün hərbi vertolyotlar lazım idi, Azərbaycanın isə belə imkanı yox idi. Lakin bizim ordu hissələri həmin bazaları dağıtdı. Oradan əldə edilən silah-sursatların siyahısı 1991-ci il mayın 3-də Qorbaçova təqdim olundu.
Müsahibələrində Mütəllibov Xocalı ilə bağlı hadisələri belə şərh edir:[iv]
1992-ci il fevralın 27-də Daxili İşlər naziri ilə Dövlət Təhlükəsizlik komitəsinin sədri yanıma gələrək Xocalıda böyük bir hadisənin baş verdiyini dedilər, lakin detalları anlatmadılar, çünki özləri də çox şey bilmirdilər. Mart ayında Xocalı faciəsi ilə bağlı istefa verdikdən sonra parlamentin təhqiqat komissiyası yaradıldı. Komissiya mayın əvvəlində işini bitirdikdən sonra parlamentin iclası keçirildi və məni də həmin iclasa çağırmışdılar. İclasda komissiyanın qərarı oxundu və qərarda deyilirdi ki, Ayaz Mütəllibovun şəxsən bu faciədə heç bir günahı yoxdur.
Mütəllibov Xocalı faciəsinin törədilməsində özünü günahkar bilməsə də, dövlətin başçısı kimi məsuliyyətin onun üzərində olduğunu anladığını söyləyir.
Mütəllibov onu milli ordunu yaratmaq üçün vaxtında tədbir görməməkdə, Dağlıq Qarabağ problemini sovet ordusu hesabına həll etməyə cəhd göstərməkdə günahlandıranlara cavab olaraq deyir ki, 1991-ci il dekabrın 28-də MDB-nin yaradılması ilə bağlı Minskdə keçirilən müşavirədə Azərbaycanın milli ordusunun yaradılması ilə bağlı respublikanın payına düşəcək silah-sursatın bölgüsünün aparılmasını tələb edib. 1992-ci ilin fevralında SSRİ Müdafiə nazirinin müavini Vladimir Çernavin və general-leytenant Boris Qromov Bakıya səfər edərək bu bölüşdürməni reallaşdırmış, anbarlardakı arsenallar, döyüş sursatları, silahlar Azərbaycan hərbçiləri tərəfindən təhvil alınmışdı. Mütəllibov qeyd edir ki, Azərbaycanı tərk edəndə ordunun təchizat məsələsi həll olunmuşdu.[v] Bununla belə, Mütəllibov cəbhədə vəziyyətin tamamilə rus ordusundan asılı olduğunu qeyd edir: Rusiya kimi dəstəkləyirdisə, qələbə də onun idi.[vi]
Mütəllibov respublikada hakimiyyətə gəldiyi dövrdə vəziyyətin kəskin xarakter aldığını xatırlayır. Dağlıq Qarabağda separatçılıq fonunda davam edən nümayişlərdən başqa respublikada 400 minə yaxın qaçqının olması dözülməz şərait yaradırdı. Bu insanları ərzaqla, evlə təmin etmək mümkün deyildi. Mütəllibov bununla bağlı SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkova müraciət etdiyini, lakin Rıjkovun iqtisadi böhranla bağlı heç bir yardım edə bilməyəcəyini dediyini xatırlayır. İqtisadi böhrandan çıxmaq, respublikada köməksiz vəziyyətdə qalmış insanlara yardım etmək üçün yollar axtaran Mütəllibov birinci katib təyin olunan kimi Mixail Qorbaçova müraciət edərək Abşerondakı istismar olunmayan neft yataqlarının respublikaya verilməsini təklif edir. Mütəllibov bunun üçün Amerika və Kanada mütəxəssislərindən, müasir texnologiyalardan istifadə etməyi düşünürdü. Mütəllibov çıxarılacaq qalıq neftdən əldə edilən gəlirin bir hissəsinin vergi şəklində SSRİ xəzinəsinə ödənilməsini, qalan hissənin isə respublikanın ehtiyaclarına xərclənməsini planlaşdırırdı. Mütəllibov deyir ki, onun təklifi Qorbaçov və Rıjkov tərəfindən qəbul edilir və onlar müştərək şirkət yaratmaqla məsələni həll edəcəklərini bildirirlər.[vii]
Mütəllibov müsahibələrində Azərbaycanda hakimiyyət uğrunda mübarizədə neft faktorunun əhəmiyyətinə toxunur. Mütəllibov qeyd edir ki, SSRİ-də ilk dəfə olaraq onun təşəbbüsü ilə neft yataqlarının istismarı ilə bağlı beynəlxalq tender keçirilib. Bu tenderi ABŞ-ın AMOKO şirkəti qazanıb.[viii] Mütəllibov vurğulayır ki, tender keçirilən zaman əsas problem neft yataqlarının istismarı ilə bağlı idi, onun nəqli müzakirə edilmirdi, yəni bu tender geosiyasi mahiyyət daşımırdı. Lakin Əbülfəz Elçibəyin hakimiyyəti dövründə istehsal olunacaq neftin daşınması məsələsi aktuallaşdı, Bakı-Ceyhan neft kəmərinin inşası məsələsi qaldırıldı, bu məsələ geosiyasi gərginliyin artmasına səbəb oldu. Mütəllibov eyni zamanda Azərbaycanın neft ehtiyatları ilə bağlı rəqəmləri dəqiqləşdirir. SSRİ dövründə ildə cəmi 9 milyon ton neft istehsal edən Azərbaycanın ildə 50 milyon ton neftin ötürülməsi nəzərdə tutulan Bakı-Ceyhan kəmərini necə dolduracağına aydınlıq gətirir. Mütəllibov xatırlayır ki, 1990-cı ildə dəqiqləşdirilmiş məlumata görə, Azərbaycanın 500 milyon ton neft ehtiyatı mövcud idi. “Sonradan rəqəmlər şişirdildi, milyardlardan danışmağa başladılar. Bundan sonra bir-birinin ardınca müqavilələr boşa çıxdı. Harada qazdılarsa, neft tapa bilmədilər.” Mütəllibov eyni zamanda qeyd edir ki, hazırda istehsal olunan neft sovet dövründə mövcud olan yataqlardan əldə edilir.[ix] Bakı-Ceyhan kəmərini Qazaxıstan nefti olmadan doldurmağı mümkünsüz hesab edən Mütəllibov vurğulayır ki, geosiyasi məsələ neft resurslarını daşıyan kəmərin Rusiyadan yan keçməsi ilə bağlı idi. Neft kəməri məsələsi Azərbaycandan ehtiyatlı olmağı tələb edirdi, çünki Azərbaycan hakimiyyəti Moskva ilə Vaşinqton arasında bir balans yaratmağa məcbur idi. Rusiya Azərbaycana təsir imkanlarına malik idi. Belə imkanlardan ən mühümü Rusiyanın azərbaycanlı diasporası idi. Diasporanın Azərbaycana göndərdiyi pullar Azərbaycanın dövlət büdcəsini nəzərəçarpacaq dərəcədə üstələyirdi.
Mütəllibov hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqının istəklərinə, Rusiyadakı azərbaycanlı diasporanın taleyinə xüsusi diqqət ayırdığını xatırlayır. 1990-cı ilin payızında onun rəhbərliyi altında Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Mütəllibov vurğulayır ki, belə bir sənəd SSRİ məkanında ilk dəfə olaraq məhz Azərbaycanda qəbul edilmişdi.[x] Mütəllibov bu sənədin qəbul edilməsini hakimiyyətlə cəmiyyətin dialoqunun nəticəsi kimi təqdim edir və əlavə edir ki, bu dialoqun baş tutmasında Dağlıq Qarabağ problemi mühüm rol oynamışdı: “1988-ci ildə Dağlıq Qarabağ separatçılarının Azərbaycan SSR tərkibindən çıxaraq Ermənistan SSR tərkibinə birləşməsi haqqında qərarından sonra respublika əhalisi arasında mərkəzdən narazılıq yüksək həddə çatmışdı.”[xi]
SSRİ-də 19-21 avqustda Fövqəladə Vəziyyətlə bağlı Dövlət Komitəsinin dövlət çevrilişi cəhdi respublikalarda müstəqil dövlətçiliyin bərpası ilə bağlı ciddi addımların atılmasını tələb edirdi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edildi. Bütün bunların Qorbaçovun elan etdiyi yenidənqurma siyasəti çərçivəsində baş verdiyini vurğulayan Mütəllibov bu proseslərdə Rusiyanın öndə getdiyini qeyd edir.
Ölkədə fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı Siyasi Büroda bir neçə dəfə müzakirə aparılmışdı, çünki iqtisadi vəziyyət olduqca ağır idi, mağazalar boş idi, insanlar ərzaq məhsulları tapmaqda çətinlik çəkirdilər. Mərkəzdə Qorbaçovun rəhbərlik etdiyi ittifaq hakimiyyəti ilə Yeltsinin rəhbərlik etdiyi Rusiya hakimiyyəti arasında mübarizə gedirdi. Bu dövrdə respublikada iqtisadi, sosial problemlərin həlli istiqamətində müəyyən işlərin aparılmasına başlanılmışdı. Mütəllibov qeyd edir ki, mərkəzdən hər hansı yardımın olacağına artıq inanmırdı və bu səbəbdən də hələ 1990-cı ildə Fransaya yeni pul vahidinin hazırlanması ilə bağlı sifariş verilmişdi. SSRİ-nin dağılması elan ediləndə Azərbaycanın artıq özünün pul vahidi var idi. Mütəllibov özünün sərəncamı ilə Qızıl Valyuta Fondunun, dövlət xəzinəsinin yaradıldığını qeyd edir. Sonrakı addımlar isə Azərbaycan Demokratik Respublikasının dövlət simvollarının, himn, gerb və bayrağın, bərpa edilməsi ilə bağlı olub.
Bununla yanaşı, Mütəllibov SSRİ-nin dağılması və müttəfiq respublikalar ilə iqtisadi əlaqələrin pozulmasını ciddi narahatlıqla qarşıladığını bildirir. Mütəllibov iqtisadçı, təsərrüfatçı və idarəçi olaraq anlayırdı ki, dövlət müstəqilliyinin elan edilməsi avtomatik olaraq iqtisadi müstəqillik qazandırmır, bu səbəbdən də dövlət müstəqilliyi müttəfiq respublikalarla iqtisadi əlaqələrin qorunmasına mane olmamalıdır. Mütəllibov başa düşürdü ki, bu cür əlaqələr olmadan uğur qazanmaq mümkün olmayacaq. Mütəllibov xatırlayır ki, 1990-cı ildə Aqrosənayedən ona zəng edib taxılla bağlı ciddi problemin olduğunu deyəndə o, Nursultan Nazarbayevlə (Qazaxıstan SSR-in birinci katibi) əlaqə saxlayıb və ondan əvvəlki qaydada taxılla bağlı öhdəliyini yerinə yetirməyi xahiş edib. Mütəllibov deyir ki, müstəqillik elan edilsə də, dövlət iqtisadi cəhətdən müstəqil yaşamağa hazır deyildi.
Mütəllibov Azərbaycanı tərk etdikdən sonra yenidən hakimiyyətə qayıtmaq üçün heç bir cəhd göstərmədiyini, Gəncədə qarşıdurma yaranan zaman və sonra Azərbaycan müxalifəti ilə hər hansı əlaqə yaratmadığını qeyd edir. Mütəllibov Sürət Hüseynov, Əlikram Hümbətov, Rövşən Cavadovla bağlı proseslərdə dəfələrlə adının hallanmasına baxmayaraq, bu qarşıdurmalarla heç bir əlaqəsinin olmadığını bildirir.[xii] Mütəllibov prezidentlik dövründə Rövşən Cavadovla olan bir dialoqunu xatırlayır və bildirir ki, onu qətiyyətsizlikdə günahlandıran Cavadov güclü olan tərəfi (Cavadov əvvəl AXC-nin tərəfində olub, sonra isə Heydər Əliyevin tərəfinə keçib) seçəcəyini bildirib. Adının Surət Hüseynov və Əlikram Hümbətovla əlaqələndirilməsini isə təsadüfən, həmin dövrdə Azərbaycana səfər edən və yerli mətbuatı oxumaq imkanı əldə edən xanımından öyrənib. Mütəllibov adının müxalifətçilərlə hallanmasını Heydər Əliyevin onun imicinə xələl gətirməsi və dövlət çevrilişlərinə cəhddə günahlandırılaraq həbs edilməsi üçün imkan hesab edib. Çünki Heydər Əliyev Mütəllibovu öz hakimiyyətinə ən ciddi təhlükə, əsas siyasi rəqibi kimi görürdü. Bununla bağlı Mütəllibov Heydər Əliyevə olan münasibətinə də aydınlıq gətirir.
Heydər Əliyev Moskvada vəzifədə olduğu müddətdə Mütəllibovla münasibətləri normal olub. Hər dəfə hesabat üçün Moskvaya gedəndə Heydər Əliyevlə görüşüb məsləhətləşir, hər hansı istəyinin olub-olmadığını öyrənirdi. Mütəllibov əlavə edir ki, 1990-cı ildə Partiya Nəzarəti Komitəsinin sədri Boris Puqo Mixail Qorbaçovun göstərişi ilə Heydər Əliyevə qarşı cinayət işi açmağa çalışanda buna qarşı olub və fikrini belə əsaslandırıb: Şevardnadzenin idarəetmə metodu Heydər Əliyevin idarəetmə metodundan heç nə ilə fərqlənmirdi, nə üçün birini həbs etmək, digərini isə daha yüksək vəzifəyə təyin etmək qərara alınır?[xiii]
Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra 1990-cı il fevralın sonunda Mütəllibov Əliyevin Moskvadakı mənzilində onunla görüşüb. Görüş zamanı Əliyev Mütəllibovu Azərbaycanın demokratik yolla seçilmiş ilk rəhbəri adlandırıb və əlavə edib ki, Azərbaycanda müxalifətdəkilərin içərisində yaxşı insanlar var və onlarla işləmək olar.[xiv] Bundan sonra iki siyasətçi arasında bir neçə dəfə telefon danışıqları olub. Bu danışıqlar zamanı Heydər Əliyev Bakıya qayıtması, mənzillə təmin olunması və Ali Sovetə keçiriləcək seçkilərdə iştirakı ilə bağlı Mütəllibovun razılığını almağa çalışıb. Danışıqlar zamanı Heydər Əliyev həmçinin Sov.İKP-nin 28-ci qurultayına nümayəndə seçilmək fikrində olduğunu təsdiqləyib. Bu, Əliyevin 1990-cı ilin yanvar hadisəsindən sonra Azərbaycan səfirliyində partiya biletindən imtina etməsinin yalan olduğunu söyləməyə əsas verir.[xv]
Münasibətlər Heydər Əliyev Azərbaycana qayıtmağa cəhd göstərdikdə korlanır. Mütəllibov əvvəl Heydər Əliyevin Azərbaycana gəlməsinə mane olmağa çalışır, buna nail ola bilmir, lakin Əliyevi Bakıya da buraxmır, Naxçıvana getməyə məcbur edir. Mütəllibov düşünürdü ki, Əliyevin Bakıdan uzaq olması ən düzgün qərardır. Heydər Əliyevin siyasətə qayıtmasına ikinci əngəl 1990-cı ilin mayında prezident postu təsis edilərkən yaş həddi ilə bağlı qərarın qəbul edilməsi oldu.[xvi] Qərara görə, prezidentliyə namizədlər üçün 35-65 arası yaş həddi tətbiq olundu, Heydər Əliyevin seçki ilində 68 yaşı tamam olurdu. Əliyevin siyasətə qayıtmasına mane olmaq üçün üçüncü cəhd 1991-ci ilin yayında edildi. Heydər Əliyev müsahibələrinin birində iddia edib ki, Naxçıvan Muxtar Respublikası Ali Soveti Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul etdikdən sonra Bakı Əliyevi həbs etmək üçün (Əliyev bunu öldürməyə cəhd adlandırır) Naxçıvana hərbi qüvvə göndərdi, lakin Heydər Əliyevi Bakıya gətirmək mümkün olmadı.[xvii]
Mütəllibov hakimiyyəti itirdikdən, Əliyev isə hakimiyyətə gəlmək üçün AXC rəhbərliyi ilə danışıqlara başladıqdan sonra Mütəllibov Əliyevlə görüşməyə və Bakıya qayıtmaq üçün təminat almağa çalışıb. Lakin bütün cəhdləri uğursuz olub. Heydər Əliyev əvvəl ona yardım edəcəyinə söz versə də, sonradan bütün imkanlarından istifadə edərək onun Bakıya ekstradisiyasına və həbs edilməsinə can atıb, lakin o da istəyinə nail ola bilməyib. Heydər Əliyevin hakimiyyətə qayıtmasında Rusiyanın dəstəyi olmuşdu, Mütəllibovun Azərbaycana təhvil verilməməsi də zərurət yaranarsa, ondan istifadə etmək kimi başa düşülürdü və bu, Heydər Əliyevi ciddi narahat edirdi.[xviii]
Nəticə
Ayaz Mütəllibov hakimiyyət dövrünü Azərbaycanın müasir tarixinin demokratik mərhələlərindən biri kimi görür. Respublikada ilk dəfə çoxpartiyalı parlament seçkiləri keçirilmiş, müxalifət nümayəndələri deputat mandatı əldə etmiş, hakimiyyətlə müxalifətin dialoqu baş tutmuşdu. Lakin Mütəllibovun demokratiya anlayışı sovet bürokratının siyasi dünyagörüşü çərçivəsindən kənara çıxmır. Mütəllibov vahid siyasi partiya sistemini dövlətin idarəsi üçün məqbul hesab edir və siyasi qərarların azad seçkilər, ictimai müzakirələr əsasında deyil, hakimiyyətin iradəsi ilə qəbul edilməsinin effektivliyinə inanır. Yaranmış tarixi şəraitdə imkanları düzgün qiymətləndirməyi və dəyərləndirməyi bacarmayan Mütəllibov siyasi səhnədə təşəbbüskarlığını sovet qanunvericiliyi çərçivəsində reallaşdırmağa çalışmış və bu səbəbdən də müasirləri tərəfindən “təsadüfi prezident” hesab edilmişdi. Lakin Mütəllibov təqdim edildiyi kimi sadəlövh və təcrübəsiz siyasətçi deyildi. Qəbul etdiyi qərarlar, keçirilən seçkilər və medianı idarə etmək imkanları ona yaranmış şəraiti nəzarətdə saxlamaq imkanı verməmişdi. Bununla yanaşı, Mütəllibov bir neçə cəbhədə döyüşmək və siyasi prosesləri geniş spektrdə təhlil etmək imkanına malik olmadığı üçün uzunmüddətli deyil, qısamüddətli təsirə malik qərarlar qəbul etmişdi. Heydər Əliyevi haqlı olaraq hakimiyyət uğrunda mübarizədə ən ciddi rəqibi hesab edən Mütəllibov onu daha az nüfuza və təsir imkanlarına malik olduğu Bakıda saxlamaq əvəzinə, daha çox təsir imkanlarına və nüfuza malik olduğu Naxçıvana göndərməyi uğurlu qərar hesab etmişdi. Hakimiyyət uğrunda mübarizəni prezident kreslosu ilə məhdudlaşdıran Mütəllibov demokrat olmadığı üçün parlamentin imkanlarını nəzərə almamış və Heydər Əliyevin bu parlamentdə mandat əldə etməsinə imkan yaratmışdı.
İstinadlar
[i] Yenə orada.
[ii] XXVIII съезд Коммунистической Партии, 403.
[iii] Keçmiş prezident Ayaz Mütəllibov maraqlı detallar haqda danışır (2015). Azadlıq Radiosu. https://www.youtube.com/watch?v=1-yGZgPtj5A, Əldə edilib 16 may 2026.
[iv] Yenə orada.
[v]Ayaz Mütəllibovun Xurala müsahibəsi (III hissə), 13 noyabr 2018, https://www.xural.org/qaynar-qazanda-az%c9%99rbaycanin-ilk-prezidenti-ayaz-mut%c9%99llibov-iii-sonuncu-hiss%c9%99-onu-az%c9%99rbaycan-secib-video/. Əldə edilib 15 may 2026.
[vi]Mütəllibov, 2000, 71.
[vii] Муталлибов А. 70 мгновений 7 лет. Современник, 2000, 114.
[viii] Нет оснований для моей экстрадиции из России. Время, 20 апрель 2004, http://www.vremya.ru/2004/68/5/96686.html. Əldə edilib 11 may 2026.
[ix] Yenə orada.
[x]Аяз Муталибов: «Если бы задумка ГКЧП сработала, то пошли бы процессы совершенно другие». Vesti.az, 31 avqust 2010, https://web.archive.org/web/20100831071039/http://vesti.az/news.php?id=51610. Əldə edilib 11 may 2026.
[xi] Yenə orada.
[xii] Муталлибов, 2000, 43–44,47
[xiii] Yenə orada, 97.
[xiv] Yenə orada, 96-99.
[xv] Heydər Əliyev 1991-ci ilin mayında KP sıralarını tərk edib.
[xvi] Доклад председателя Президиума Верховного Совета Азербайджанской ССР Кафаровой Э. М. Бакинский Рабочий, 19 мая 1990 г., с.2.
[xvii] Коновалов В., Иванов-Смоленский Г. Алиев против Алиева Известия. 4 августа, 1993.
[xviii] Муталлибов, 2000, 123.
Birinci hissə

