fbpx

Cəmiyyət

Cəmiyyət

‘Xalq hazır deyil’ iddiası barədə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Radikal (yeni), ələlxüsus da proqressiv fikirlər səsləndirənlər tez-tez xalq hazır deyil iradı ilə qarşılaşırlar. Başqa bir yazımda iddia edirdim ki, təhqir və tənqid arasındakı fərq subyektivdir, istənilən ifadə forması təhqir kimi təfsir edilə bilər; bu səbəbdən də təhqir ifadə azadlığı hesab edilməlidir və təhqirə görə heç kəs dövlət və ya başqaları tərəfindən cəzalandırılmamalıdır. Burada sadəlik xatirinə bütün mətn boyu təhqir ifadə azadlığıdır (bunu təhqir ifadə azadlığı olmalıdır kimi də oxuya bilərsiniz) iddiasına gələn reaksiyalar üzərindən fikrimi ifadə edəcəyəm.  Yazının məqsədi xalq hazır deyil fikrinin səfsətə olduğunu, yəni onu bir irad kimi səsləndirməyin fikrin özünə qarşı yönəlmiş tənqid olmadığını göstərməkdir.[1]

Xalq hazır deyil iradını səsləndirənlər nə demək istəyir? Onlar hesab edirlər ki, eşitdikləri, məsələn, təhqir ifadə azadlığıdır fikri o qədər radikaldır ki, azərbaycanlıların böyük əksəriyyəti bu fikri qəbul etməyəcək və buna görə də bu fikri müdafiə edən adamlar öz vaxtlarını israf edirlər – onlar heç kimi inandıra bilməyəcək. Yəni ilk baxışdan elə görünür ki, xalq hazır deyil iradını səsləndirənlər həmin fikri müdafiə edənlərə məsləhət verir və deyir ki, dost, özünü boş yerə yorma, sənin fikrini bu camaat qəbul etməyəcək.

Bəs xalq hazır deyili kimlər deyir? Müşahidələrim əsasında bu iradı bildirənləri üç qrupa bölürəm. Məndə belə təəssürat yaranıb ki, onlar bu iradı səsləndirirlər, çünki:

a. özləri hazır deyil və hansısa səbəbə görə mən hazır deyiləm demək istəmirlər (bəlkə də utanırlar), buna görə də məsələni xalqın boynuna atırlar;
b. özləri hazır deyil və bu fikri müdafiə edənləri gözdən salmaq üçün xalq hazır deyil iradını bir hücum vasitəsi kimi istifadə edirlər, çünki fikrin özünü tənqid etmək çətindir, amma fikri müdafiə edənləri ölkədən və xalqdan bixəbər adamlar kimi təqdim etmək asandır.
c. özləri bu fikrə hazırdır və onu bəyənirlər, səmimi olaraq inanırlar ki, xalq bu fikri qəbul etməyə hazır deyil və bu fikri müdafiə edənlər öz vaxtlarını israf edirlər.

Mən (c) variantında təsvir edilən tipli az adam görmüşəm, gördüklərim əsasən ya (a) olub, ya da (b).

Bunları yazmaqda məqsədim nədir? İlk məqsədim (c)-də təsvir edilən kimi adama etdiyinin niyə səhv olduğunu izah etməkdir. İkinci məqsədim isə (a)-da təsvir edilən adamın bəhanədən əl çəkib mən hazır deyiləm deməyinə nail olmaqdır. Üçüncü məqsədim isə xalq hazır deyil iradının bəhanə olduğunu, hansısa radikal fikri müdafiə edənləri gözdən salmaq niyyəti ilə deyildiyini – bir sözlə, səfsətə olduğunu göstərmək və oxucunu həmin iradın rədd edilməli olduğuna inandırmaq, beləliklə də (b) tipli adamların əlindən bir hücum silahını almaqdır.

Azərbaycanda təhqir ifadə azadlığıdır kimi radikal fikri müdafiə edən şəxs onsuz da vəziyyətdən xəbərdardır və insanların çoxunun bunu qəbul etmədiyini bilir (bir aktivist niyə əksəriyyətin qəbul etdiyi fikri müdafiə etsin axı?). Bu fikri müdafiə edənlər məhz bu fikrin qəbul edilmədiyini bildiyi üçün təbliğatla məşğul olub əllərindən gəldiyi qədər çox adamı təhqir ifadə azadlığıdır fikrinə inandırmaq istəyir. Sən bu fikirlə razısansa, onda onu dəstəklə; razı deyilsənsə, dəstəkləmə (ya da fikrin özünü tənqid elə).

Təhqir ifadə azadlığıdır kimi fikri qəbul etmək insan təbiətinə, yaxud da təbiət qanunlarına zidd deyil. Məsələn, insanlar heç bir alətdən istifadə etmədən Bakıdan Londona uçmalıdır fikri təbiət qanunlarına ziddir. Bunu reallaşdırmaq mümkün deyil. Lakin əhalinin yetərli hissəsi (bu, əksəriyyət ola da bilər, olmaya da bilər – kontekstdən asılıdır) təhqir ifadə azadlığıdır fikrinə inansa, onda həmin fikir tətbiq edilə bilər. Ağ adamlarla qara adamlar əxlaqi olaraq bərabərdir və hüquqi olaraq da bərabər olmalıdır fikri, yaxud da qadınla kişi əxlaqi olaraq bərabərdir və hüquqi olaraq da bərabər olmalıdır fikri heç də uzaq olmayan keçmişdə, demək olar, dünyanın hər yanında radikal fikirlər kimi qəbul edilirdi. Abolisionist (quldarlığın ləğvini tələb edən) və feminist hərəkatların, həmçinin ABŞ-da ötən əsrdəki vətəndaş haqları hərəkatının tarixini oxuyan hər kəsə məlumdur ki, bütün bu hərəkatların aktivistləri xalq hazır deyil tipli iradlarla qarşılaşıblar. Lakin bu gün yuxarıdakı ideyalar mükəmməl şəkildə tətbiq edilməsə də, mütləq əksəriyyət tərəfindən qəbul edilib. Bunu yazmaqla demək istəmirəm ki, əksəriyyəti inandırsan hər şeyə nail ola bilərsən; yaxud da əksəriyyət abolisionistlərə inandı deyə quldarlıq ləğv olundu da demək istəmirəm. Demək istəyirəm ki, bir vaxtlar radikal qəbul edilən fikirlərə bu gün mütləq əksəriyyət inanır və (kontekstdən asılı olaraq digər şərtlər də daxil olmaqla) insanların bir fikrə inanması həmin fikrin reallaşmasını asanlaşdırır.

Əgər bir X fikri səsləndiriləndə (c)-də təsvir edilən adamlar mən də bunu dəstəkləyirəm, amma xalq hazır deyil demək əvəzinə, təkcə mən bu fikri dəstəkləyirəm deyib kifayətlənsə və dəstəklədiyi fikrin reallaşacağına dair inamsızlığını qeyd etməsə, həmin fikrin qəbul edilməsi üçün daha faydalı iş görmüş olarlar. Özünüzü bu müzakirələrə kənardan baxan, hələ həmin X məsələsində qəti mövqeyi olmayan adamın yerinə qoyun. Aşağıda iki vəziyyət təsvir edəcəm:

1. Bir-iki nəfər deyir təhqir ifadə azadlığıdır, amma onlar əlavə edirlər ki, xalq hazır deyil. Böyük əksəriyyət isə təhqirin ifadə azadlığı olması fikrini qəbul etmir.
2. Bir-iki nəfər deyir təhqir ifadə azadlığıdır, amma onlar xalq hazır deyil fikrini əlavə etmirlər.  Böyük əksəriyyət isə təhqirin ifadə azadlığı olması fikrini qəbul etmir.

Yəqin hamıya məlumdur ki, ikinci vəziyyətdə qərarsız bir adamın təhqir ifadə azadlığıdır fikrini dəstəkləməsi, yaxud da bu məsələdə daha ciddi düşünüb öz mövcud inamlarını sorğulaması ehtimalı daha çoxdur. Amma birinci vəziyyətdə həmin qərarsız adam görür ki, bir-iki nəfəri çıxmaq şərti ilə bu fikri qəbul edənlər belə onun reallaşacağına inanmır. Nəzərə alsaq ki, həmin bir-iki nəfər də ölkədən və xalqdan bixəbər adamlar kimi təqdim olunur, onda qərarsız birinin həmin adamları ciddiyə almaq ehtimalı da azalır. Beləliklə, ümid edirəm (c)-dəki adamları inandıra bildim ki, onlar xalq hazır deyil demək əvəzinə, razılaşdıqları fikir görəndə mən bunu dəstəkləyirəm desələr, fayda verəcəklər. Sən öz fikirlərini dilə gətir və səninlə eyni mövqedə olanların gözlədiyindən daha çox olduğunu görəcəksən.

Gələk (a)-dakı adamlara. Özünüzün hazır olmadığınız bir fikri xalq hazır deyil bəhanəsi ilə rədd etməyin. Bir fikri dəstəkləmirsinizsə, deyin dəstəkləmirəm; ya da bir fikir sizə qəbuledilməz kimi görünürsə, öz mövcud inamlarınızı sorğulayın, görün hansı daha doğrudur – sizin mövcud inamlarınız, yoxsa eşitdiyiniz bu yeni fikir. Mövcud inamlarınızı aydın şəkildə dilə gətirməyə, onları dəyişdirməyə (sorğulamağa) cəhd edin. Radikal fikirlər eşitmək faydalıdır, sizi mövcud inamlarınızı sorğulamağa, onları əsaslandırmağa məcbur edir.

Digər tərəfdən, xalq hazır deyil fikrini nəyə əsasən səsləndirirsiniz? Əlinizdə bir sorğu varmı? Xalq deyəndə əhalinin neçə faizini nəzərdə tutursunuz? Və ən əsas məsələ – çoxluğun hazırda bir fikri qəbul etməməsi gələcəkdə də onu qəbul etməyəcəyini göstərmir, tarix saysız nümunə ilə doludur. Niyə hesab edirsiniz ki, hazırda çoxluq bir fikri qəbul etmirsə, onu gələcəkdə də qəbul etməyəcək? Niyə hesab edirsiniz ki, çoxluğun qəbul etmədiyi fikri səsləndirmək, onu müdafiə etmək lazımsızdır və ya vaxt israfıdır? Çoxluğun bir fikri qəbul etməməsi həmin fikrin yanlış və ya pis olduğunu göstərmir.

Son olaraq gələk (b)-yə. Mən (b)-dəki adamların xalq hazır deyil iradından sui-istifadə etdiyini, bu iradı hücum taktikası kimi gördüklərini dedim, buna görə də onları nəyəsə inandıra biləcəyimi düşünmürəm. Onların məqsədi fikri səsləndirənləri gözdən salmaq yolu ilə fikrə müxaliflik etməkdir, bu taktika işlədiyi müddətcə də ondan əl çəkməyəcəklər. Ümid edirəm, həm (a), həm (c)-də təsvir etdiyim, həm də qərarsızlar deyə adlandırdığım insanlar yuxarıda yazdıqlarım əsasında (b)-dəkilərin istifadə etdiyi taktikanın səfsətə olduğunu qəbul edəcəklər. Beləliklə də, xalq hazır deyil bəhanəsindən / hücumundan istifadə qeyri-legitim kimi görünəcək. Bir fikirlə razılaşmırsınızsa, həmin fikrin nəyə görə səhv olduğunu göstərin – heç kim buna etiraz etmir, amma xalq hazır deyil deməyin, çünki bu, arqument deyil.

 

Qeyd və istinadlar:

[1] Bu məqalənin ilk versiyası rasional.org libertarian məcmuəsində dərc edilib: https://rasional.org/columns/xalq-hazir-deyil-iddiasi-barede/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.