fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Demokratiyanın əngəllənməsi: Hökumətin yeni müxalifəti ələ alması

Read this article on other language
Download article
image_pdf
image_pdf

Hökumətin tənqidçilərinə qarşı görünməmiş repressiyaları 2013-cü il prezident seçkiləri ərəfəsində başladı və bu, demokratikləşmə prosesini faktiki olaraq dayandırıb cəmiyyətdə ümumi bədbinliyə səbəb oldu.[1] Gənclərin yüksək fəallığına baxmayaraq, İlham Əliyev 2013-cü ildə üçüncü dəfə prezident seçildi. Müxalifətin o vaxtkı məğlubiyyətindən bəri Azərbaycan hökuməti daha da avtoritarlaşdı və hökumət müxalifətin siyasi sferasını sosial mediaya qədər məhdudlaşdırdı. Lakin hakim partiyanın məğlubiyyətindən savayı, istənilən hadisənin hakimiyyət müxalifləri üçün uğursuzluq kimi qiymətləndirilməsi ilə bağlı yanlış fikir ucbatından 2005-2013-cü illərdə Azərbaycanda gənc fəalların əldə etdiyi nailiyyətlər nəzərdən qaçırılmış, onların Azərbaycan xalqına verdiyi töhfələr diqqətdən kənarda qalmışdır. Bu məqalə 2005-ci il parlament seçkilərində müxalifətdə olan siyasi partiyaların ciddi geriləməsindən sonra ölkədə yaranmış müstəqil gənclər təşkilatlarının fəaliyyətini təhlil edir.

İki hadisə müxaliflər arasında özlərinin uğursuzluqlarının səbəbləri ilə bağlı qızğın siyasi müzakirələrə səbəb oldu. Birincisi, 2003-cü ildə o vaxtkı prezident Heydər Əliyevin vəfatından sonra müxalifət hakimiyyəti ələ keçirmək üçün yaxşı fürsət yaxalasa da, seçkilərin nəticələrinin saxtalaşdırılması və etirazların boğulması nəticəsində İlham Əliyev atasının yerinə keçə bildi. İkincisi, iki ildən sonra, o vaxt Gürcüstanda və Ukraynada baş verən inqilabların təsiri altına düşən Azərbaycan birləşmiş müxalifəti kütlələri öz arxasınca apara bilmədi və parlament seçkilərində hakim partiyaya uduzdu. Bu uğursuz hakimiyyət dəyişikliyi cəhdlərindən sonra bəzi yazıçılar, jurnalistlər, hüquqşünaslar və ictimai xadimlər də daxil olmaqla, müxalif düşüncəli insanlar ənənəvi müxalifət partiyaları olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) strategiyasını şübhə altına aldılar. Demokratikləşmənin uğursuzluğuna hakimiyyətin repressiv siyasətindən başqa digər amillər də təsir etdi.

Müxalif düşüncəli ictimai şəxslərin bir çoxu iddia edirdi ki, azərbaycanlıların patriarxal dəyərlər kimi adət-ənənələri və vərdişləri hökumətə seçkiləri manipulyasiya etməyə və avtoritarizmi legitimləşdirməyə imkan verir. Bəziləri isə ənənəvi müxalifəti ideyalarının və dəyişikliklə bağlı missiyalarının aydın olmamasında günahlandırdı və ənənəvi müxalifətin liberal demokratiyanın əsas prinsiplərinə sadiqliyinə şübhə ilə yanaşdılar. Onlar həmçinin ənənəvi müxalifətin aparıcı fiqurlarını öz şəxsi ləyaqətləri ilə nümunəvi olmadıqlarına və beləliklə də, cəmiyyəti hökumətdəki rəqiblərindən müəyyən mənada fərqli olduqlarına inandıra bilmədiklərinə görə tənqid etdilər. Belə ki, yaranan bu yeni tendensiyaya görə köhnə ənənələrlə yanaşı, köhnə müxalifət də populist və modernləşməyə mane olan ideya və vərdişlərin bir dayağı kimi qiymətləndirildi. Ənənəvi müxalifət isə öz növbəsində israr etməkdə davam edirdi ki, demokratikləşməyə yeganə maneə Azərbaycan xalqının adət-ənənələri deyil, hakimiyyətin despotik xarakteridir.

Başqa sözlə, yeni müxalifət adlandırdığımız birinci qrup demokratikləşmənin uğursuzluğunun mühüm səbəblərindən biri kimi Azərbaycan cəmiyyətinin bəzi köhnəlmiş ənənələrinin, eləcə də ənənəvi müxalifət partiyalarının bacarıqsızlığının olduğunu, ikinci qrup yəni ənənəvi müxalifət isə xalqın demokratiyanı dəstəklədiyi və avtoritar hakimiyyətin qurbanı olduğunu iddia edirdi.

Ənənəvi müxalifət dedikdə, 1993-cü ilə qədər bir il hakimiyyətdə olmuş Müsavat Partiyası və AXCP nəzərdə tuturuq. Yeni müxalifət dedikdə isə cəmiyyəti maarifləndirmək və ictimai müzakirələr üçün yeni sfera yaratmaq məqsədilə yazıçılar, tələbələr və ictimai fəallar tərəfindən yaradılmış müstəqil təşkilatları nəzərdə tuturuq. Bu məqalədə biz Azad Yazarlar Ocağı (AYO), AN şəbəkəsi və onun Kapellhaus Leksiyaları layihəsi, OL! Azərbaycan Gənclər Hərəkatı və onun layihəsi olan Azad Fikir Universiteti (AFU), eyni zamanda Dalğa HərəkatıNida Vətəndaş Hərəkatının fəaliyyətinə nəzər salırıq. Biz bu gənclər təşkilatlarının müxtəlif strategiyalarını müzakirə edir və onların bu günə qədər olan təsirlərini təsvir edirik. Yuxarıda adıçəkilən müstəqil gənclər təşkilatlarından başqa, biz həmçinin hökumətin adı İlham Əliyevin kampaniya şüarından (İlhamla irəli) götürülmüş mühafizəkar və iqtidaryönlü gənclər təşkilatı olan İrəli İctimai Birliyini yaradaraq bu ideyanı necə ələ keçirməyə (yəni yeni müxalifətə necə alternativ formalaşdırmağa) çalışdığını da müzakirə edirik. Yeni müxalifət demokratik təsisatlar, söz azadlığı, sosial ədalət, gənclərə qarşı ictimai təzyiqlər, din, seksuallıq, gender və müəyyən qədər siyasi nəzəriyyələr kimi mövzulara diqqət yetirdiyi halda, iqtidaryönlü təşkilatlar Azərbaycanın mühafizəkarlıq hüdudları daxilində qalmağa üstünlük verdilər və tabuları müzakirə etmək əvəzinə vətənpərvərlik, militarizm, həmrəylik, Heydər Əliyev və İlham Əliyevin nailiyyətləri, gənclər üçün biznes imkanları, rəsm qalereyalarının təşkili, ən yaxşı halda Azərbaycan cəmiyyətinin bəzi nadir hallarda isə hökumətin siyasətinin mülayim şəkildə tənqid olunmasına fokuslandılar.

Bu məqalədə biz iddia edirik ki, 2005-2013-cü illər arasında yeni müxalifət qarşıya qoyulan bütün məqsədləri həyata keçirməsə də, Azərbaycanda demokratik və dünyəvi dəyərlərin ən səs-küylü tərəfdarlarına çevrilmiş yeni gənc fəallar nəslinə təsir edib. Gənclərin kütləvi şəkildə fəallaşması ənənəvi dəyərlərin təsir gücünü şübhə altına almaqla Azərbaycan cəmiyyətinin bəzi hissələrində nəzərəçarpacaq dəyişikliklərə səbəb oldu. Bir çox gənclər, xüsusən də tələbələr intim münasibətlər kimi gündəlik əsas məsələlərlə bağlı problemlərini, eləcə də liberal demokratik dəyərlərin əhəmiyyətini, fərdi azadlıqlar və qanunun aliliyi kimi nəzəri məsələlər işığında ailənin müdaxiləsi olmadan şəxsi seçim və istəklərinə uyğun yaşamaq azadlığını müzakirə etmək üçün platforma tapdılar. Maddi problemlər və transsendental ideallar arasında uğurla qurulan əlaqələr bəzi gəncləri yeni müxalifətin təşkil etdiyi açıq müzakirələrdə və seminarlarda iştirak etməyə sövq etdi. Bu yeni fəal gənc nəslin meydana çıxması səbəbindən hökumət ən azı öz strukturunda bəzi kosmetik dəyişikliklər etməklə bu yeni diskursun bəzi elementlərini əxz etmək məcburiyyətində qaldı. Hakimiyyət yeni müxalifətin ideyalarını oğurlayaraq oxşar, lakin hökumətyönlü təşkilatlar yaratmaqla; yazıçı və jurnalistlər kimi bəzi tanınmış müxalifət xadimlərini neytrallaşdırmaq və ya satın almaqla; və nəhayət, gənclər təşkilatlarının aparıcı üzvlərini təqib etməklə yeni müxalifəti zəiflətmək cəhdlərində uğurlu oldu.

Aşağıdakı bölmələrdə biz, ilk olaraq, birləşmiş ənənəvi müxalifətin parlament seçkilərində hakimiyyətə meydan oxumağa çalışdığı 2005-ci ildən bəri Azərbaycanda baş verən siyasi proseslərin inkişaf tarixini təqdim edirik. İkincisi, biz gənclər təşkilatlarının yaranması və o vaxtkı yeni nəslin 2005-2013-cü illər arasında fəallığının başlıca səbəblərini, əsasən, qabaqcıl ictimai xadimlərlə müsahibələrimizə əsaslanaraq təsvir edirik.[2] Daha sonra hökumətin bu yeni təşkilatlara reaksiyasını və hakim elitanın müxtəlif üsullarla yeni müxalifətin diskurslarını ələ keçirmək və dəyişdirmək cəhdini müzakirə edirik. Nəhayət, ən sonda, biz yeni müxalifətin Azərbaycan cəmiyyətinə müsbət təsirləri ilə yanaşı, çatışmazlıqlarını da analiz edirik.

Siyasi proseslər:

2005-ci ildə iki əsas müxalifət partiyası – Müsavat və AXCP uzun müddət davam edən rəqabəti bir kənara qoyub, demək olar ki, bütün müxalifət qüvvələrini öz ətraflarında birləşdirərək əsas rəqibi hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə yanaşı parlament seçkilərinə qatıldı. Lakin hakim rejim tərəfindən seçkilərin saxtalaşdırılmasına qarşı kifayət qədər ictimai dəstəyin səfərbər edilməməsi səbəbindən onların səyi bu dəfə də uğursuzluqla nəticələndi (Kassa 2012). Ümumiyyətlə, bu məğlubiyyət Azərbaycanda avtoritarizmin daha da güclənməsinə qarşı çıxan əsas qüvvələr olan ənənəvi müxalifət partiyalarına ciddi zərbə oldu.  Bunun nəticəsi olaraq, 2008-ci ildə zəifləmiş və faktiki olaraq kənarda qalan ənənəvi müxalifət partiyaları uzun müddətdir mövcud olan maneələri, eləcə də azad və ədalətli seçkilər üçün lazımi şəraitin olmadığını əsas gətirərək prezident seçkilərini boykot etdilər (Isler Beguin 2008). Əliyev hakimiyyətinin amansız idarəçiliyindən və maddi imkansızlıqdan əziyyət çəkən ənənəvi müxalifət uzunmüddətli ideoloji iflas mərhələsinə qədəm qoydu. Tomas de Valın da qeyd etdiyi kimi, “köhnə, əsas müxalifət partiyaları olan və 1992-1993-cü illərdə ölkəni qısa müddətə idarə etmiş Müsavat ilə Xalq Cəbhəsinin cəmiyyətə təklif edəcək çox az şeyi var idi və şöhrətləri keçmişdə qalmışdı. Həqiqətən də, bu partiyalar Prezident Əliyev üçün onun rejimi ilə sərfəli təzad yaratmışdı; belə ki, cəmiyyətə təlqin edilirdi ki, Əliyevin rejimi demokratiyadan yayınmış olsa da, ölkəyə rifah və sabitlik gətirib” (De Waal 2018).

1980-ci illərin sonlarında yaranan və 1992-ci ildə hakimiyyəti ələ keçirərək ölkəni bir illik idarə edən AXCP və Müsavat, şübhəsiz ki, köhnə sovet elitasının yaradıb idarə etdiyi əsas rəqibi olan hakim YAP-la müqayisədə daha demokratik idi. Lakin milli demokratlar adlandırılan və əsasən etno-millətçi qüvvələrin dominantlıq etdiyi bu iki müxalifət partiyası durğunluğa düçar oldu və nəticədə özünü yeni üslubda millətçi təşkilata çevirən hakim YAP-a nisbətdə həm ideoloji, həm də intellektual üstünlüklərini itirdi. Köhnə sovet qvardiyasının üstünlük təşkil etdiyi YAP getdikcə öz rəqiblərinin, yəni həmin iki müxalifət partiyasının millətçi çalarlarına yiyələnib onları bu diskursda faktiki olaraq arxa plana atmağa nail oldu. Hakim partiya müxalifətin şovinist etno-millətçiliyi əvəzinə, dövlət-vətəndaş millətçiliyini seçərək ideoloji nöqteyi-nəzərdən müxalifətdən daha mütərəqqi oldu. Bu baxımdan, bu müxalifət qüvvələrinin hələ də yüksək mənəvi söz sahibi olduqları yeganə məqam demokratikləşməyə çağırışları idi. Lakin onlar təşkilati və ideoloji baxımdan heç də demokratik deyildilər. Nəticədə, onlar öz məqsədləri uğrunda ictimai dəstək qazanmaqda çətinlik çəkirdilər.

Öz növbəsində, ölkəyə milyardlarla neft pullarının daxil olması ilə daha da güclənib cəsarətlənən hakim partiya, 2008-ci ildə keçirilən prezident seçkilərindəki qalibiyyətlə kifayətlənmədi və növbəti il o vaxtkı prezident Əliyevin üçüncü dəfə də prezidentliyə namizəd ola bilməsi üçün iki müddət məhdudiyyətini aradan qaldırmaq məqsədilə referendum təyin etdi. Hökumət referenduma hazırlıq zamanı ölkə daxilindəki sonuncu müstəqil informasiya mənbələri olan Amerikanın Səsi, Azadlıq Radiosu və BBC Azərbaycancanın radio dalğalarında yayımını dayandırdı (BBG 2018). O vaxta qədər televiziyalar artıq hakim rejimin tam monopoliyasında idi. Müstəqil və müxalif çap mediası hökumətin uzun müddət davam edən təzyiqi nəticəsində iflic vəziyyətinə düşmüşdü və çox kiçik tirajlı bir neçə nəşrlə güclə ayaqda qala bilirdi (Democracy Monitor 2007). Nəticə etibarı ilə hökumət informasiya axını üzərində haradasa tamamilə inhisarçı nəzarət qura bildi. Müxalifət partiyalarının referendumla bağlı müzakirə və fikirlərini bildirməsinə, demək olar, yer qalmamışdı. Beləliklə, iqtidar cəmiyyətin və müxalifətin ciddi müqaviməti ilə qarşılaşmadan ölkənin konsolidasiya edilmiş (oturuşmuş) avtoritarizmə çevrilməsində növbəti addımı atdı. 2009-cu il referendumu İlham Əliyevin ardıcıl üçüncü dəfə dövlət başçısı seçilməsinə yol açdı.

Lakin o zaman, 2009-cu ilin sonu və 2010-cu ilin əvvəlində, həm qlobal, həm də yerli səhnədə baş verən üç əsas hadisə ilə bağlı dramatik dönüş hökumətin öz planlarını həyata keçirməsində ciddi problemlər yaratdı və elitanı misli görünməmiş addımlar ataraq beynəlxalq səviyyədə sübut edilmiş repressiyalara məcbur etdi (Amnesty International 2015; IMS 2015; HRW 2016). Avtoritar idarəçiliyə meydan oxuyan bu hadisələr sosial şəbəkələrin populyarlaşması, ölkənin ictimai-siyasi həyatına daxil olan müxtəlif gənclər təşkilatlarının fəaliyyəti və hökuməti ciddi şəkildə qorxuya salan ərəb baharı idi. Hökumət sərt reaksiyası ilə sonda öz planlarını uğurla həyata keçirməyə və demokratikləşmə prosesini dayandırmağa (ən azı hələlik) nail olsa da, ciddi uğursuzluqlar da yaşadı. Repressiyalar dünya mətbuatının və insan haqları təşkilatlarının diqqətini rejimin getdikcə daha zülmkar xarakterinə və onun korrupsiya əməllərinə yönəltdi. Xaricdəki imicinə görə həssas olan Azərbaycanın hakim elitası repressiya və korrupsiyanın bu qədər geniş işıqlandırılmasından ciddi narahat oldu.

2009-cu ilin sonu 2010-cu ilin əvvəlindən etibarən ölkənin ən güclü sosial platformasına çevrilən Feysbuk (Facebook) ictimai müzakirələr üçün pulsuz məkan açdı. Ənənəvi mətbuat qurumları hakimiyyətin nəzarətində olduğundan müxalif düşüncəli şəxslərə öz fikirlərini bildirməyə yalnız sosial media imkan verir. Bu baxımdan sosial media, xüsusən də Feysbuk hökuməti tənqid edənlər üçün görünürlük və populyarlıq cəhətdən həlledicidir, lakin bu üstünlüklər “həmçinin əks təsir ehtimalını artırır” (Pearce and Guliyev 2015, 239). Artan görünürlük hakimiyyətə müxalif fiqurları asanlıqla müəyyən etməyə imkan verir. Məsələn, həmsöhbətlərimizin əksəriyyəti bildirdi ki, onlarla sadə vətəndaş Feysbukdakı öz yazılarına və ya bəyəndikləri yazılara görə bir neçə gün həbsdə saxlanılıb. Həmin şəxslər hökumətin gələcək təqibləri səbəbindən bu məlumatı ictimailəşdirməkdən qorxurlar. Bütün mənfi cəhətlərinə baxmayaraq, sosial media müxaliflər üçün yeganə alternativ informasiya mənbəyi olaraq qalır. Sosial media sayəsində hökumət informasiya axını və müzakirələr üzərində monopoliyasını itirdi və asanlıqla geniş ictimai qınaq hədəfinə çevrildi. Bu sosial şəbəkə hakimiyyətin təbliğatına ciddi şəkildə zərbə vurdu və onun geniş ictimaiyyət tərəfindən qəbulunu daha da pisləşdirdi. Yerli məmurlar və deputatların ictimai bəyanatları tez-tez bu yeni fəal səslərin hədəfinə çevrilir və ələ salınırdı. Adətən hakimiyyəti saxlamaq üçün əsas alət kimi qorxuya və yüksək nüfuza arxalanan Azərbaycan avtoritar rejimi hər ikisini də sürətlə itirməyə başladı.

Sonra cəmiyyətin yeni təbəqəsinin, yəni gənclər təşkilatlarının ictimai-siyasi həyata daxil olması hökuməti hazırlıqsız yaxaladı. Hakimiyyətin köhnə rəqibləri, yəni ənənəvi müxalifətlə mübarizədə uzun təcrübəsi var idi. Lakin yeni formalaşan gənclərin tənqidi səsləri hökumətə yeni diskurslar, fərqli dəyərlər və üsullar toplusu ilə meydan oxudu. Bu, yaranan sosial orta təbəqənin səsi idi. Uzun müddət hökumətin dövlət qulluqçularına və özəl biznesə siyasi müxalifətlə hər hansı əlaqədən imtina etməsi üçün təzyiqləri səbəbindən Azərbaycanda müxalifət yoxsulluqla əlaqələndirilirdi. İqtisadi orta təbəqə, daha dəqiq desək, orta səviyyəli biznes hələ də dövlətdən qorxaraq hər cür narazılıq bildirməkdən uzaq durmağa çalışsa da, yeni orta səviyyəli, yaxşı təhsil almış (çox vaxt xaricdə oxuyan) karyera mütəxəssisləri əksinə, yeni yaranan müxalif fikir və narazılığın simasına çevrildilər. Hökumət bu yeni proseslər qarşısında tamamilə hazırlıqsız yaxalandı. Bu yaxınlarda partiyaya çevrilən Respublikaçı Alternativ Vətəndaş Hərəkatı (REAl) bu yeni üslublu müxalifəti təmsil edən ilk yaranmış siyasi qrup kimi meydana çıxdı.

Nəhayət, 2010-cu ilin Ərəb Baharı yeni tənqidi səslərin yaranmasına daha da təkan verdi. Ərəb ölkələrində baş verən hadisələrdən qorxan hökumət korrupsiyaya qarşı mübarizə üçün kosmetik planlar tətbiq etdi. Müxtəlif sahələrdə orta səviyyəli korrupsiyanı əhəmiyyətli dərəcədə azaldan ASAN Xidmət kimi ideyalar hökumətin mübahisəsiz hakimiyyət inhisarına qarşı yeni yaranmış ekzistensial təhdidlərə ilk həqiqi cavabı oldu. Buna baxmayaraq, 2010-cu ildə hökumət hələ də idarə olunan demokratiya qurmaq planını davam etdirirdi. Həmin ildə keçirilən parlament seçkilərində yerli qanunverici orqana 1990-cı ildən bəri ilk dəfə olaraq bir nəfər də olsun real müxalifət üzvü seçilmədi (Heinrich 2011, 5). Bununla belə, gənclərin fəallığı hələ də artır və daha çox gənci ictimai həyata səfərbər etməkdə davam edirdi.

2013-cü ilin əvvəlində cəmiyyətin bu yeni dinamikası hökumət siyasətinə qarşı özünü ifadə etmək şansı tapdı. Gənc çağırışçı əsgərin qeyri-döyüş şəraitində həlak olması və onun sosial şəbəkədə paylaşılmış şəkilləri ictimaiyyətin qəzəbinə səbəb oldu və gənc fəallar tərəfindən Bakının mərkəzində kütləvi icazəsiz etiraz aksiyası keçirildi. Hökumətin bu fəaliyyətə cavabı siyasi opponentlər, vətəndaş cəmiyyəti liderləri, yerli QHT rəhbərləri və tanınmış hüquq müdafiəçilərinə qarşı genişmiqyaslı, görünməmiş böyük repressiya oldu. Bundan əlavə, tanınmış beynəlxalq donorlar ölkədən çıxarıldı, donorların fəaliyyəti ilə bağlı qanunvericilik sərtləşdirildi və onlara qarşı cinayət işi başlandı. Yüzlərlə insan həbs edilərək zindana salındı, bir çoxu ölkəni tərk etdi. Elə həmin il prezident Əliyev beynəlxalq miqyasda tənqid edilən seçkilərdə üçüncü müddətə yenidən seçildi (ATƏT 2013).

Repressiyalar əslində mümkün demokratikləşmə prosesini dayandırdı. Lakin repressiyalar hakimiyyətin yeganə cavab tədbiri deyildi. Gənclərin fəallığı ilə qarşı-qarşıya qalan hökumət birinciləri cəlb etmək və onları siyasi fəaliyyətdən yayındırmaq üçün müxtəlif taktikalardan istifadə etdi. Məzmununu dəyişdirməklə gənclərin fəallığının ifadə olunduğu model və diskursların təkrarlanması hakimiyyətin qəbul etdiyi ən diqqətçəkici təcrübələrdən biri idi. Azərbaycanda demokratikləşmənin bütövlükdə uğursuzluğa düçar olmasına baxmayaraq, gənclərin fəallığı Azərbaycan cəmiyyətində bəzi mühüm və nəzərəçarpan dəyişikliklərə səbəb oldu. Üstəlik, bəzi hallarda hökuməti öz əvvəlki mövqelərindən geri çəkilməyə və ictimai narahatlıqları nəzərə almağa məcbur etdi. Odur ki, gəncliyin bu fəallığının cəmiyyətin transformasiyasına təsiri məqalənin əsas məqamı kimi daha ətraflı nəzərdən keçiriləcək. 

Yeni müxalifətin yüksəlişi

Müxalifət qüvvələrinin əvvəlcə 2003-cü il prezident, daha sonra isə 2005-ci il parlament seçkilərində məğlubiyyəti bəzi, xüsusən də xaricdə təhsil almış azərbaycanlı gəncləri və yeni nəsil ictimai xadimləri belə qənaətə gəlməyə vadar etdi ki, kütlələr arasında demokratiyanın təbliği üçün birinci və ən başlıca məsələ əhalinin ənənəvi dəyərlərinə diqqət yetirməkdir. Çünki aydın idi ki, azərbaycanlıların böyük əksəriyyəti həyat tərzində və inanclarında kifayət qədər mühafizəkardır. Bu qənaətə görə, belə bir şəraitdə ağlı başında olan insan ölkə hakimiyyətində hansısa demokratik dəyişiklikləri necə gözləyə bilərdi? Bir sözlə, azərbaycanlılar gündəlik həyatlarında və münasibətlərində demokratik deyildilər; onda niyə ilk növbədə insanları dəyişdirməyək? Bu qənaəti bölüşənlər tərəfindən Azərbaycan vətəndaşlarının maarifləndirilməsi və cəmiyyətdə liberal-demokratik dəyərlərin təbliği məqsədi ilə bir neçə təşkilat yaradıldı.

Ən mühüm hadisələrdən biri Rasim Qaraca, Azad Yaşar, Həmid Herisçi və Murad Köhnəqalanın rəhbərlik etdiyi Azad Yazarlar Ocağının (AYO) yaradılması oldu (Qaraca 2018, 152). AYO 2001-ci ildə yaradılsa da, 2006-cı ildən sonra Alma qəzeti ilə məşhurlaşdı. AYO-nun məqsədi Sovet Azərbaycanında yaradılmış və ayoçuların “Ədəbiyyat Nazirliyi” adlandırdıqları Azərbaycan Yazıçılar Birliyinin (AYB) təsisçi yazarlarına qarşı üsyan edən Alatoran qrupu kimi tanınan gənc yazarların səsinə səs vermək idi (Qaraca 2018, 162). AYO Seymur Baycan, Əli Əkbər, Günel Mövlud və Akşin Yenisey kimi gənc yazarları özünə cəlb edib onları məşhurlaşdırdı. Streotipləri və cəmiyyətin mühafizəkar geriliyini qorxmadan tənqid edən bu gənc yazarlar Azərbaycan ədəbiyyatına da yeni cəsarətli dil gətirdilər. Onlar cəmiyyətin mühafizəkar yanaşmaları ilə gənclər və ən əsası, qadınlar arasında seksuallığın sıxışdırılması kimi son dərəcə həssas problemləri gündəmə gətiriblər. Həmsöhbətlərimizin çoxu AYO yazarlarının, xüsusən də Seymur Baycan və Əli Əkbərin özlərinin ənənəvi dəyərlərə yanaşmalarına böyük təsir göstərdiyini və onların daha açıq fikirli olmasına yardımçı olduğunu bildirdi. Həmsöhbətlərimizin demək olar ki, hamısı iyirmi yaşlarında mühafizəkar və millətçi olduqlarını, eyni zamanda Baycan, Əkbər kimi yazarları oxumaqla bir çox məsələlərdə mövqelərini yumşaltdıqlarını və bir çox liberal dəyərləri mənimsədiklərini vurğuladılar. Bu baxımdan AYO üzvləri gənclərin liberal maarifçilərinə çevrildilər; onlar tənqidi yanaşma ilə real transformasiya prosesinə start verdilər.

Onların yazılarından nə qədər insanın təsirləndiyini söyləmək son dərəcə çətin olsa da, Qaraca, Baycan, Əkbər və bir çox başqa ictimai fəallarla müsahibələrimizə əsaslanan ağlabatan təxmin on-on beş min aralığında ola bilər. Qeyd edək ki, bu yazarlar məhdud dairədə məşhur olublar və əsasən Bakıda gənclərin bir hissəsinə təsir ediblər. Alatoran jurnalı 2004-2012-ci illər ərzində 18 cilddə nəşr olundu və hər cildin təqribi tirajı 500-1000 ədəd təşkil edirdi. AYO-nun ən populyar və qalmaqallı üzvlərindən biri olan Rafiq Tağı kəskin dili və dini tənqidi fikirləri ilə məşhur idi. O, 2006-cı ildə dini ədavətin qızışdırılması ittihamı ilə üç illik həbs cəzası aldı, amma bir neçə aydan sonra prezidentin əfv fərmanı ilə azad edildi. Lakin 21 noyabr 2011-ci ildə ona sui-qəsd edildi və bir neçə gün sonra xəstəxanada dünyasını dəyişdi (RWB 2011). Rasim Qaraca öz tərcümeyi-halında iddia edir ki, onun qətlə yetirilməsi ilə bir çox ayoçular Tağı və AYO ilə adlarının hallanmağını istəməyiblər. Nəticədə, AYO özünün onuncu ilində ləğv edildi (Qaraca 2018, 182).

2005-ci ildə təhsilli azərbaycanlı gənclərin bəzi qrupları vətəndaş fəallığının ilkin əlamətlərini göstərməyə başladılar. Bu qruplardan biri Emin Milli, Xədicə İsmayıl, Rəşad Şirin, Erkin Qədirli və s. kimi bir neçə ictimai xadimdən ibarət Alumni Network (AN və ya Məzunlar Şəbəkəsi) idi. Əsasən xaricdə təhsil almış fərdlərdən ibarət bu qrupun ideyası ondan ibarət idi ki, şəbəkələşmə iyerarxik təşkilatdan daha yaxşıdır, çünki hökumət liderləri təqib edərsə, ikincisini asanlıqla məhv edə bilər, birincinin isə heç bir iyerarxik strukturu olmadığından onu bir neçə nəfərin həbsi ilə dağıtmaq mümkün deyil. Fridrix Naumann Ştiftunq (Friedrich Naumann Stiftung) özünün Azərbaycan üzrə nümayəndəsi Ərəstun Oruclunun rəhbərliyi altında azadlıq, liberalizm və libertarianzm mövzusunda silsilə seminarlar təşkil edirdi, burada azərbaycanlı gənc liderlərdən ibarət qrupları seçmək üçün Tom G. Palmer və Hans-Hermann Hoppe kimi görkəmli libertarianlar və Avstriya məktəbinin tərəfdarları mühazirələrlə çıxış edirdilər. Həmsöhbətlərimizdən biri hazırda fəaliyyətini dayandırmış OL! Hərəkatının üzvü Əli Novruzovun sözlərinə görə, “bu seminarlardan əldə edilən anarxo-kapitalist ideyalar bəlkə də Kapellhaus liderlərinin təfəkkürünə və onların təşkilatlanma əvəzinə şəbəkələşmə konsepsiyasına təsir göstərmişdi.” AN Şəbəkəsi Bakı şəhərinin mərkəzində Almaniyanın Azərbaycandakı səfirliyinin himayəsi altında olan Alman Lüteran kilsəsində Kapellhaus Mühazirələri kimi tanınan mühazirələr təşkil etmişdir.

Hər bazar günü tanınmış ictimai xadimlər, o cümlədən hüquqşünas Erkin Qədirli, kulturoloq Rəhman Bədəlov, kinorejissor Ayaz Salayev, yazıçı Çingiz Abdullayev, politoloq Eldar Namazov, bəstəkar Elmir Mirzəyev və bir neçə əcnəbi alim əksəriyyəti tələbələrdən ibarət olan yüzə yaxın insan qarşısında mühazirələr oxuyublar. Mühazirə və müzakirələr dinamik olub tez-tez dövlət qurumlarında və universitetlərdə müzakirəsi mümkün olmayan aktual məsələlərə toxunurdu. Ən görkəmli mühazirəçi isə Bakı Dövlət Universitetinin o vaxtkı hörmətli hüquq müəllimi, hal-hazırda REAl Partiyasının xarici əlaqələr üzrə katibi olan,  üç yüzdən çox insanı özünə cəlb edən və mühazirələrində demokratiya, liberalizm, dövlətin hakimiyyəti, hüquq, məsuliyyətli hökumət və fərdi azadlıqlar, tənqidi düşüncə və hətta Derridanın dekonstruksiyası kimi mövzulardan bəhs edən Erkin Qədirli idi. Həmsöhbətimiz Novruzovun dediyinə görə, mühazirələrdə iştirak edən bir çox insanlar, o cümlədən onun özü bu anlayışlar haqqında ya həyatlarında ilk dəfə eşidirdilər, ya da bəziləri ilə tanış olsalar da, onların mənaları, nəzəri və praktiki təsirləri barədə bilgiyə sahib deyildilər. Məsələn, demokratiya, ən yaxşı halda, nəzarət və tarazlıq, azlıqların hüquqları və fərdi azadlıqların nəzərə alınmadığı majoritar sistem kimi başa düşülürdü. Novruzov qeyd edir ki, universitetlərdə tələbələrə ictimai məsələlər, dövlət siyasəti, eləcə də siyasi nəzəriyyələr tədris edilmədiyinə və ya onların müzakirəsi üçün imkan yaradılmadığına görə tələbələr Kapellhaus Mühazirələrində iştiraka həvəs göstərirdilər.

Buna baxmayaraq, 2007-ci ildə Almaniya Səfirliyi AN Şəbəkəsinə bu məkandan ictimai mühazirələr üçün istifadə etməyə icazə vermədi. Erkin Qədirli ilə müsahibəmizdə o, bu qərarın yeganə məntiqi səbəbinin Azərbaycan hökumətinin Almaniya səfirliyinə təzyiqləri olduğunu bildirdi. Belə ki, Kapellhaus Mühazirələrində iştirak edən bir çox tələbə universitetlərdə müəllimlərinin biliklərini şübhə altına almağa başladı və ictimaiyyəti narahat edən məsələlərin müzakirə olunmasını tələb etdi. Üstəlik, mühazirəçilər məşhurlaşırdı və bu, hökuməti narahat edirdi. Qədirli və digər həmsöhbətlərimiz bildirirlər ki, Kapellhaus Mühazirələri gənclərin müxtəlif şəbəkələr yaratması üçün münasib mühit idi. Onlar qeyd edirlər ki, Dalğa və OL! hərəkatlarının qurucu üzvləri da bu mühazirələrdə müntəzəm iştirak edənlər arasından çıxmışdı.

Daha sonra 2005-ci ilin əvvəlində səhnəyə Dalğa adlı ilk fəal gənclər hərəkatı çıxdı. Bu təşəbbüs demokratik dəyərləri, sivilizasiyanı, tolerantlığı və qanunun aliliyini təbliğ etmək məqsədi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) bir qrup tələbəsi tərəfindən irəli sürülüb. Hərəkatın Bəyannaməsində qeyd edilir ki, Dalğa hər cür “ayrı-seçkiliyi qətiyyətlə rədd edir [və] azadlığa qarşı olan və ya onu məhdudlaşdıran dəyərlərə yenidən baxmağın vacib olduğuna inanır” (Dalğa 2005). Həmsöhbətlərimizin sözlərinə görə, Dalğanın ilk üzvləri ADİU-nun nüfuzlu anarxist müəllimi Xəqani Hassın tələbələri olub. Hərəkat Bakının mərkəzində ayaqyalın gəzmək kimi ekstravaqant ictimai tədbirlərlə diqqəti cəlb edib. Bundan əlavə, hərəkat özünü sorğulamağı və ənənələrin nüfuzunu şübhə altına almağın zəruriliyini vurğuladığı üçün onun üzvləri cəmiyyətin tabularına radikal şəkildə etiraz etməklə məşhurlaşdılar. Onlar mühafizəkar Azərbaycan cəmiyyəti üçün qəbuledilməz olan azad sevgini müdafiə edirdilər. Bu baxımdan Dalğa bəzi şəxslərə səs versə də, onlar bu libertarian (azadlıqsevər) dəyərləri yalnız gənclərdən ibarət dar çevrədə təbliğ etməyi bacarıblar. Yaradılmasından bir neçə il sonra hərəkatı iqtidaryönlü partiya sədri və millət vəkili Asim Mollazadənin ələ keçirməsi ilə bağlı iddialar mövcuddur. Həmsöhbətlərimizin fikrincə, Dalğanın 2008-ci ildən sonrakı mötədil fəaliyyəti bu iddiaların etibarlılığını gücləndirib.

2005-ci il seçkilərindən iki həftə keçməmiş, noyabrın 17-də on bir gənc dost cəmiyyətə töhfə verməyi özlərinə borc bildikləri üçün yeni bir təşkilat yaratmaq imkanlarını müzakirə etdilər. Bir həftədən sonra onlar bu hipotetik təşkilatın qarşısına təhsil yolu ilə cəmiyyəti dəyişdirmək, gənclərin demokratik prinsiplərə yiyələnməsinə və yeni ideyaları öyrənmələrinə kömək etmək, həmçinin gənclərin şəxsi inkişaflarına dəstək olmaq kimi məqsədlər qoydular (Salamlı 2009). Bir neçə aydan sonra 2006-cı il fevralın 11-də iyirmi iki dost tərəfindən yeni müstəqil gənclər hərəkatı OL! təsis edildi. Maraqlıdır ki, təsisçilərin təxminən yarısı qadınlardan ibarət idi ki, bu da Azərbaycan təşkilatlarında nadir rastlanan bir xüsusiyyətdir. Təsisçilərin bir qismi xaricdə təhsil almış, ziyalı və müxalif ailələrdə böyümüşdü. Məsələn, Turqut və İlkin qardaşları həmin dövrdə Müsavat Partiyasının başqanı, əvvəllər isə Azərbaycan Ali Sovetinin sədri və Prezident səlahiyyətlərini icra edən şəxs olan İsa Qəmbərin oğulları, Vüqar Salamlı isə onların yaxın qohumu idi; Adnan Hacızadənin atası Hikmət Hacızadə (fizika üzrə fəlsəfə doktoru) Müsavat partiyasının üzvü və 1992-1993-cü illərdə Azərbaycanın Rusiyadakı ilk səfiri olub; Ruslan Əsədov, Rəşadət Axundov və İlkin Əlisoy da müxalif fikirli şəxslərin oğulları idilər.

OL!-un üç əsas prinsipi qeyri-zorakılıq, tolerantlıq və müasirlik idi. Hökumət tərəfindən təqiblərə məruz qalmamaq üçün hərəkat ən başından məqsədinin maarifləndirmə xarakteri daşıdığını və heç bir siyasi partiyanı dəstəkləmədiyini açıq şəkildə bildirmişdi (OL! FAQ 2006). Müxaliflərin tez-tez hökumət tərəfindən təqiblərə məruz qaldığını, həmçinin  2005-ci ilin martında Monitor jurnalının baş redaktoru və hökuməti sərt tənqid etməklə məşhur olan Elmar Hüseynovun üstü açılmamış qətlini nəzərə alsaq, OL! Hərəkatının bu mövqeyi başa düşüləndir. Halbuki hərəkatın məqsədi siyasi, yəni Azərbaycanda demokratiyanın qurulması idi. Məsələn, hərəkatın Manifestində deyilirdi: “Gənclərin ictimai proseslərdə fəal iştirakı həm də vətəndaş cəmiyyətinin formalaşması üçün əsas şərtlərdən biridir” (OL! Manifest 2006). Digər prinsiplərlə yanaşı azad düşüncəni, demokratik dəyərləri, ədaləti, tolerantlığı və müasirliyi təbliğ edən hərəkatın Manifestindən də göründüyü kimi, məqsəd Azərbaycan cəmiyyətinin ənənəvi dəyərlərini dəyişdirərək onu liberal demokratik dəyərlərə yönəltmək olub. Hərəkatın qurucu üzvlərindən biri olan Ruslan Əsədov bloqunda OL!-un fundamental məqsədini ümumiləşdirərək, sadəcə olaraq vurğulayıb ki, “demokratik institutların yaranması üçün xalqın demokratik dəyərlərinin olması vacibdir” (Əsədov 2009).

Sonralar siyasi Nida Vətəndaş Hərəkatını yaratmaq üçün hərəkatı tərk edəcək OL!-un digər təsisçisi Rəşadət Axundovla müsahibəmiz zamanı o, OL!-un siyasətlə məşğul olmamaq yanaşmasının arxasında duran üç səbəbi vurğuladı. Birincisi, o bildirdi ki, müxalifət nümayəndələrinin repressiyalarından sonra yeni yaradılmış qurum üçün ən yaxşı variant siyasətdə bitərəf qalmaq idi, çünki 2005-ci il seçkilərindən sonra da hakimiyyəti tənqid edənlər üçün ciddi təhlükə yaranmışdı. İkincisi, OL!-un üzvlər hesab edirdilər ki, sıfırdan başladıqları üçün siyasi partiyalar arasında tərəf seçmək məcburiyyətində deyillər. Üçüncüsü, müxalifətin yaxın keçmişdəki uğursuzluq təcrübələri sayəsində OL!-un üzvləri əmin olmuşdular ki, keyfiyyət kəmiyyətdən daha vacibdir və möhkəm demokratik dəyərlərə malik güclü vətəndaş cəmiyyəti yaratmaq üçün istənilən ciddi təşkilat gəncləri maarifləndirməlidir. Keyfiyyətə verilən bu əhəmiyyət hərəkatın üzvlük prosedurunda da özünü biruzə verirdi. Digər ictimai təşkilatlardan fərqli olaraq, hər kəs OL!-a üzv ola bilməzdi, çünki üzvlər hesab edirdilər ki, namizədi müəyyən qədər tanımaq və həmin şəxsin hərəkatın dəyərlərini təbliğ etməsindən əmin olmaq çox vacibdir. Hər hansı bir şəxs yalnız bir neçə fəal üzvün tövsiyəsi ilə hərəkata qəbul edilə bilərdi. Buna görə də Axundov əlavə etdi ki, “OL! gənclər hərəkatından ziyadə daha çox dar bir çevrənin klubu idi” və bu ciddi üzvlük proseduruna görə “OL!-u ölkənin ən yaxşı və ən faydalı gənclər təşkilatı hesab edirəm.”

2007-2009-cu illərdə OL! Amerika Məzunları Assosiasiyasının (American Alumni Association) ofisində Azərbaycanda təhsilin çatışmazlıqları, demokratik dəyərlər və keçid dövrü demokratiyalarında Avropa təsisatlarının rolu kimi müxtəlif mövzularda həftəlik mühazirələr təşkil edirdi. Mühazirələr azərbaycanlı gənclər arasında populyar idi və onların hər birində yüzə yaxın insan iştirak edirdi. İlk illərdə Yahoo qrupları Azərbaycanda ictimai fəallar arasında onlayn ünsiyyət üçün əsas mənbə idi və bu qruplarla yanaşı, OL! üzvləri fikirlərini yaymaq üçün öz bloqlarından, Feysbuk və Yutubdan (YouTube) istifadə edirdilər.

2008-ci ilə qədər gənc ictimai fəallar dövlət orqanları ilə dialoq qurmağa çalışırdılar. Məsələn, AN Şəbəkəsi hökumətin azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün dövlət təqaüd proqramı yaratmasına müyəssər oldu. Belə ki, AN maliyyə çətinliklərinə baxmayaraq, yüz tələbəni xaricə oxumağa göndərən Azərbaycan Demokratik Respublikasına (1918-1920) istinad edirdi. AN Şəbəkəsinin fəaliyyətinin nəticəsidir ki, 2007-ci ildə dövlət təqaüd proqramı təsdiqləndi və 2015-ci ilə qədər yüzlərlə gənc ondan faydalanmağa davam etdi. Lakin Novruzovun müsahibəmizdə vurğuladığı kimi, 2009-ci ilin birinci yarısında baş vermiş iki hadisə “gənc fəallar və hökumət arasındakı bütün körpüləri yandırdı.”

Bu hadisələrdən birincisi 2009-ci il aprelin 30-da Azərbaycan əsilli Gürcüstan vətəndaşının Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törətdiyi terror aktıdır. 13 nəfərin ölümü, 10 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumdan sonra hökumət nə ümummilli matəm günü elan etdi, nə də mayın 10-da hazırkı prezidentin atası mərhum prezident Heydər Əliyevin doğum günü tarixinə salınmış Gül bayramını ləğv etdi. (Mehtiyeva 2009). Bakının mərkəzində baş verən terror aktından iki həftə keçməmiş hökumət Gül bayramını qeyd edərkən bəzi ictimai fəallar və bloqqerlər ADNA-nın qarşısına Azərbaycanda matəm simvolu olan qırmızı qərənfillər qoymaq istəsələr də, heç bir izahat verilmədən onların qarşısı alındı və onlar saxlanıldılar (OL! Media 2009; OL! Blog 2009). Hökumətin bu cür yanaşması terror aktı qurbanlarına hörmətsizlik kimi qəbul edildi və vətəndaş cəmiyyəti, xüsusən də gənclər təşkilatları və hakimiyyət orqanları arasında gələcək əməkdaşlıq imkanlarına ciddi zərbə vurdu.

İkinci və ən mühüm hadisə iki videobloqer Emin Milli və Adnan Hacızadənin həbsi olub. Azərbaycanda ilk onlayn televiziyanı (AN TV) Emin Milli yaratmışdı. Onun Feysbukda üç minə yaxın abunəçisi var idi və Yutubdakı hər bir videosu minə qədər izləyici toplayırdı. Milli, Azərbaycanda konstitusiya dəyişikliklərinə qarşı BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında təxminən iki yüz nəfərin iştirakı ilə nümayiş təşkil etmişdi. Bundan əlavə, o, almaniyalı deputatlarla görüşüb və Azərbaycan hökumətini antidemokratik hərəkətlərinə görə tənqid etmişdi. Digər tərəfdən, Yutubda hökumətin Avropadan təxminən 180 min ABŞ dollarına 34 eşşək almasını ələ salan satirik videoların birində Hacızadə azərbaycanlılara səmimi qəbula görə minnətdar olan alman eşşəyi obrazını canlandırmışdı. Mətbuat konfransında eşşək geyimli Hacızadə jurnalistlərə izah edirdi ki, Avropadan fərqli olaraq, Azərbaycanda eşşəklərə daha çox imkan yaradılır, çünki Azərbaycanda ancaq eşşək olmaqla hər şeyə nail olmaq olar (OL! Media 2008). Bir həftə sonra Hacızadə və Milli restoranda hücuma məruz qaldılar. Onlar hücum barədə polisə xəbər versələr də, əvəzində özləri xuliqanlıq ittihamı ilə həbs olunub sonradan müvafiq olaraq, iki il və iki il yarım müddətinə həbsə məhkum edildilər (RATİ 2009; ESI 2011, 16-24).

Müsahibəmizdə araşdırmaçı jurnalist Xədicə İsmayıl Millinin xaricdəki fəallığına görə həbs olunduğunu bildirdi. Onun fikrincə, Hacızadənin isə o qədər də populyar olmamasına baxmayaraq, həbsinin yeganə məntiqi izahı odur ki, hakimiyyət videodakı eşşək obrazının prezident İlham Əliyevi satirikləşdirdiyinə inanırdı. Bu video hakimiyyəti yumşaq şəkildə tənqid edən satirik material olsa da, Rəşadət Axundov bizə müsahibəsində qeyd etdi ki, hakimiyyət bu satiranı təhlükə kimi qəbul edib. O əlavə etdi ki, Adnan və Emin həmin dövrdə müxalifət lideri deyildi, lakin gələcəkdə ola bilərdilər; onlar Azərbaycan hakimiyyətinin öz hərəkətlərinə haqq qazandırmaq üçün tez-tez istifadə etdikləri ənənəvi dəyərləri tənqid etməklə hakimiyyətin simvolik legitimliyinə xələl gətirirdilər (həmçinin bax, Milli 2009).

İki ictimai fəalın həbsi OL! və AN Şəbəkəsindən kənardakı digər gənclərə də təsir etdi. Üzvlərinin gözlənilən təqiblərinə görə siyasi fəaliyyətini səngidən qruplardan biri də 2010-cu il parlament seçkilərində Bəxtiyar Hacıyevin siyasi təşviqat komandası olan Müsbət Dəyişiklik idi. Hacıyev bizimlə elektron yazışmada onun təşviqat komandasının könüllülərinin ya hökumətyönlü İrəli Gənclər Hərəkatına qoşulmağa məcbur edildiklərini, yoxsa Hacızadə və Milli kimi təqiblərə məruz qala biləcəklərini qeyd etdi. Bu aqibətdən qaçmaq və gənc fəalların qorxularını sovuşdurmaq üçün o, gəncləri maarifləndirməyi və onlar arasında tənqidi düşüncəni təbliğ etməyi seçib. Bununla belə,  Hacıyev 2011-ci ilin martında iki il müddətinə həbs edildi və bir ildən sonra şərti olaraq azadlığa buraxıldı.

Mühüm simalarından birinin həbsinə baxmayaraq, OL! Hərəkatı normal fəaliyyətini davam etdirdi. Tələbələr və bütün gənc vətəndaşlar üçün ictimai maraq doğuran məsələlərin müzakirəsi üçün alternativ məkanın yaradılmasına yönəlmiş tədbirlərin nəticəsi olaraq, OL! Hərəkatı 2009-cu ilin oktyabr ayında Azad Fikir Universitetini (AFU) təsis etdi. AFU müəyyən dərəcədə cəmiyyətin oyun dəyişdiricisinə çevrilərək çox qısa müddət ərzində gənclər arasında böyük uğur və populyarlıq qazandı. Həqiqətən də, bu, gəncləri demokratik dəyərlər, vətəndaş və azlıqların hüquqları, ifadə azadlığı, gender problemləri və digər mövzularda məlumatlandırmaq üçün maarifləndirici bir missiya idi. Bundan başqa, gənclər siyasi səbəblərdən hökumətin nəzarətində olan KİV-lərə çıxışı qadağan edilmiş yeni nəsil ictimai xadimlərlə, o cümlədən Hikmət Hacızadə, Ağalar Məmmədov, Qubad İbadoğlu, Eldar Namazov, Erkin Qədirli, İlqar Məmmədov və Xədicə İsmayılla, habelə Prinston Universitetinin professoru Maykl A. Reynolds, jurnalist Tomas de Vall, ABŞ-ın Smithsonian Muzeyinin əməkdaşları və ABŞ-ın Azərbaycandakı səfiri Metyu Ceyms Brayza kimi beynəlxalq arenada tanınmış simalarla tanış oldular (AFU 2013). AFU həftədə iki dəfə demokratiya, azadlıq, qanunun aliliyi, siyasi ideologiyalar, jurnalistika, Ərəb Baharı və digər mövzularda interaktiv müzakirələr, mühazirələr və ya seminarlar təşkil edirdi. 2013-cü ilin aprelində hökumət tərəfindən bağlanana qədər AFU dörd mindən çox insanın iştirakı ilə üç yüzdən çox tədbir keçirmişdi (Muradova 2013).

Vüqar Salamlı ilə müsahibəmiz zamanı o vurğuladı ki, OL! Hərəkatı və onun layihəsi olan AFU heç bir siyasi təşkilata bağlı olmasa da, Azərbaycan hakimiyyəti onları təhlükə kimi görürdü. “Məlum məlum oldu ki, hətta azad universitet də hökumət üçün təhlükə təşkil edir”, deyə o vurğuladı. Salamlı və Axundovun qeyd etdiyi kimi, AFU-nun bağlanmasının səbəbi bir çox gəncin Dalğa, Nida, ReAl kimi bəzi ictimai, eləcə də siyasi təşkilatlarda fəallaşması ehtimalı ola bilər. Hökumət AFU-nu bir növ müxalifət qruplarına kadr yetişdirən qurum kimi qəbul edirdi.

Gənclər hərəkatları bir çox səbəblərə görə populyarlaşdı. Birincisi, ənənəvi müxalifət partiyalarının davam edən uğursuzluğu və ideoloji iflasa uğraması gənclər hərəkatlarının populyarlığını artırdı. Ənənəvi müxalifət partiyaları nə rəhbərliklərində, nə də ideologiyalarında heç bir dəyişiklik etməmişdilər. Məsələn, AXCP sədrinin müavini olmuş Əli Kərimli 2000-ci ildə mərhum Elçibəyin yerinə keçib və indi də partiyaya rəhbərlik edir. Eynilə, İsa Qəmbər 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olub və onu da başqan müavini Arif Hacılı əvəzləyib. Bu partiyalar hələ də etnik millətçiliyi, turançılığı və mühafizəkarlığı təbliğ edirdilər. Başqa sözlə, Azərbaycanın müxalif siyasi partiyaları hələ 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindəki millətçi dildən istifadə edirdilər. Lakin bu köhnə ritorika onlayn mətbuat, ali təhsil və gənclər hərəkatlarının ictimai fəallığı vasitəsilə müxtəlif yeni ideologiyalarla tanış olan gənclər üçün cəlbedici deyildi.

İkinci səbəb gənclər hərəkatlarının ənənəvi olaraq hakimiyyətə sadiq olan yeni sosial təbəqəyə müraciət etməsi idi. Bu xüsusiyyət gənclər hərəkatlarını ənənəvi müxalifətdən fərqləndirir və hakimiyyətin qorxusunun artmasına səbəb olurdu. Fransis Fukuyamanın qeyd etdiyi kimi, sosial orta təbəqənin (mülkiyyət və peşə statusu olan təhsilli insanların) sayı az, yəni ümumi əhalinin 30%-dən aşağı olduqda həmin təbəqə avtoritarizmi dəstəkləyir. Çünki bu təbəqə kütlələrə hakimiyyəti ələ keçirdikləri təqdirdə iqtisadi bölgü tələb edəcək bir təhlükə kimi baxır (Fukuyama 2014, 419-420). Eynilə, Azərbaycanda bu sosial orta təbəqə köhnə müxalifəti yenidən iqtisadi bölgüyə can atan imkansız təbəqələrin nümayəndəsi kimi qəbul edirdi. Bu münasibət və qorxu nəticəsində orta sosial təbəqənin nümayəndələri ya siyasətdən kənar durur, ya da hakim partiyanın tərəfdarları olurdular. Gənclər hərəkatları isə bunun əksinə, sosial orta təbəqənin təmsilçisi kimi qəbul edilirdi və hökumət başa düşürdü ki, bu hərəkatlar orta təbəqəni hakimiyyətə qarşı səfərbər etmək potensialına malikdir. Buna görə də hökumət gənclərin sosial orta təbəqə vətəndaşları arasında azad düşüncəni təbliğ etməsinin qarşısını almaq məqsədilə onların bu həqiqi yüksəlişini dayandırmaq üçün əlindən gələni etdi.

Təsir

Gənclərin təsiri çoxşaxəli idi. Onlar siyasətdə ideologiyalarla bağlı müzakirələri geri qaytardı və etnik kimlik ətrafında monoton müzakirələri müəyyən dərəcədə dəyişdi. Azsaylı olsa da, liberal düşüncəli gənclər yaratdı və Sovet İttifaqının süqutundan sonra çökmüş kimi görünən solu da canlandırdı. Gənc intellektuallar avrosentrik solçu və Amerikan liberalizminə marağı artıra bildilər. Gənclər klassik liberal ideyalar haqqında daha çox məlumat əldə etdilər. Həmçinin, Devid Smit, Karl Popper, Milton Fridman, Slavoy Jijek kimi müəlliflər dar çevrədə tanındılar. Qərb və ya Türkiyə təhsilli gənclərin təbliğ etdiyi fəlsəfəyə maraq bu sahənin sıxıcı sovet təlimlərinin yaratdığı fəlsəfəyə yönəlik irrelevant münasibətə ciddi şəkildə meydan oxuyurdu.

Əsas təzahürlərdən biri də Sovet İttifaqının dağılması ilə dünyəvilik ənənələrinin itməməsi idi. Həqiqətən də, dünyəvilik gənc nəsillər arasında belə öz ardıcıllarını cəlb edirdi. 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində ənənəvi dünyəvi müxalifət öz məqsədlərinə çata bilməzkən və hökumət müstəqil səslər üçün ictimai sferanı sıxışdırmağa, o cümlədən azad mətbuat və müstəqil məhkəmə sistemi kimi demokratik təsisatları məhv etməyə davam edərkən İslamın yüksəlişi qorxusu var idi. Sovet İttifaqının süqutundan sonra bəzi insanlar avtoritar rejimə əsas alternativ kimi dindarlığın və siyasi İslamın dünyəviliyi əvəz edəcəyini gözləyirdilər. Lakin Rafiq Tağı hadisəsi bunun şübhəli nəticə olduğunu deməyə kifayət qədər əsas verdi. AYO üzvü Rafiq Tağının hələ də üstü açılmamış qətli sekulyarlarla dini fəallar arasında ciddi qarşıdurmaya səbəb olub. Tağı İslamın ən şiddətli tənqidçisi idi və bu da İran ayətullahlarının qınağına səbəb olmuşdu. Azərbaycanın dini liderlərinin Tağının xatirəsini bir dəqiqəlik sükutla yad etməkdən imtina etməsi dünyəvi yazıçılar və jurnalistlər, eləcə də sekulyar ictimaiyyət arasında hiddətə səbəb oldu. Dünyəvi yazıçılar və jurnalistlər tərəfindən alovlandırılan ictimai qəzəblə nüfuzlu dini fəallar faktiki olaraq susdurulmuşdu.

Gəncliyin bu oyanışı ümumi mədəniyyət və davranışda da bəzi görünən dəyişikliklərə səbəb oldu. Mühafizəkar Azərbaycan cəmiyyətində kafe və ya çayxana kimi ictimai yerlərdə gənc kişi və qadınların bir yerdə ünsiyyət qurmasına nadir hallarda rast gəlinirdi. Lakin özlərini İctimai Sektor (müxalifət düşüncəli şəxslərdən ibarət) adlandıran gənc fəalların oyanması bu ənənəni dəyişdi və bu praktika ən azı Bakının mərkəzində kütləviləşdi. Fəal qadınlar tabuları pozaraq, tək və ya kişilərlə birlikdə çayxanalara getməyə başladılar. Qadınların azad edilməsinə yönəlmiş bu cəhd Qərb tipli şənlikləri (partilər) gənclərin dar çevrəsi arasında belə populyarlaşdırdı. O vaxta qədər Azərbaycanda restoranlara gedənlər əksərən özəl kabinələrə girirdi. Hazırda ictimai yerlərə getmək Bakının mərkəz ərazilərində bir tendensiyaya çevrilib və yuxarıda qeyd edilən gənclərin fəallığı nisbətən yeni olan bu tendensiyaya əhəmiyyətli dərəcədə kömək etdi. Yerli camaat və məmurlar tərəfindən kifayət qədər qeyri-adi qəbul edilən və bəyənilməyən kişi şortu ətrafında fikir ayrılıqları da uzun müzakirələrə səbəb olub. Hələ də Azərbaycan kişilərinin böyük əksəriyyəti isti yay günlərində şalvara üstünlük versə də, ən azından illər keçdikcə şort geyinənlərə qarşı ayrı-seçkilik azalıb. İnsanların bu dəyişən münasibətinin səbəblərini izah etmək çətin olsa da, bu transformasiyada fəal gənclərin təşəbbüsü ilə keçirilən ictimai müzakirələrin mühüm rol oynadığı aydındır.

Gənclərin yaratdıqları Oda Əsa (burada aktyor arasında əlilliyi olan şəxslər də vardı) kimi özəl teatrlar ən uğurlu təşəbbüslər arasında idi. Sovet İttifaqının dağılmasından sonra unudulmuş kino və teatrlar gənclərin fəallığı ilə bir daha populyarlaşdı. Hüquq müdafiəçisi Rəsul Cəfərovun təşəbbüsü ilə həyata keçirilən Demokratiya naminə oxuDemokratiya naminə incəsənət kampaniyaları musiqi və incəsənətdən istifadə edərək Azərbaycanda insan hüquqlarının pozulmasına diqqəti yönəltdi (ESI 2015). İlk kampaniyaya hətta 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi, Cəfərovla görüşən və onun işinə dəstək verən isveçli müğənni Loreni də cəlb edə bildi (HRW 2012).

Gənclər hərəkatlarının əsas təsirlərindən biri cəmiyyətin xaricdə təhsil almağı seçən qadınlara münasibətinin dəyişməsi oldu. 2000-ci illərin əvvəllərinə qədər ailələr adətən bu variantı heç düşünmürdülər, çünki xaricdə tək yaşayan qızlara cəmiyyətdəki mənfi münasibəti səbəbindən gələcəkdə bu qızlar ailə qurmaqda problem yaşaya bilərdi. Lakin gənc fəalların şəxsi inkişafa və təhsilə əhəmiyyət verməsi, xüsusən də gənclərin fəallığı nəticəsində qəbul edilən dövlət təqaüd proqramı qızların da xaricdə təhsil ala biləcəyinə dair fikirləri normallaşdırdı.

Ənənəvi Azərbaycan cəmiyyətində tarixən gənclər məktəb və ya universiteti bitirdikdən sonra maddi cəhətdən ailələrindən asılı vəziyyətdə qalırdılar. Bu aktivləşmə zamanı isə ailələri tərk etmək fikri yeni bir fenomenə çevrildi. Fəallıq müəyyən mənada gənclərin müstəqilliyinə də kömək edirdi. Üstəlik, internet və mobil telefonlar dövrü Azərbaycan gənclərinin ənənəvi və mühafizəkar ailələrində onların nüfuzunun artmasına səbəb oldu. Ümumiyyətlə, azərbaycanlıların yaşlı və orta yaşlı nəsli elektronikanın yeni dövrünə çox ləng uyğunlaşdığından onlar gənclərin biliyindən asılı vəziyyətə düşdülər. Bundan əlavə, ictimai sahənin, televiziya və radioların repressiv hökumətin ciddi nəzarəti altında olduğu bir ölkədə gənclər internet və texnologiyalar vasitəsilə alternativ informasiyaya daha yaxşı çıxış əldə etdikləri üçün ailələrinə təsir imkanlarını artırdılar. Gənclər ənənəvi cəmiyyətdə başlıca informasiya mənbəyi və bilgi daşıyıcıları oldular. Gənclər həm də siyasi və ictimai fəallıq baxımından cəmiyyətin ən fəal təbəqəsinə çevrildilər.

Gənclərin fəallığının ən mühüm nailiyyəti, fikrimizcə, hökumətin, nəhayət, Bakı şəhərinin mərkəzi rayonlarından birində gənclərin müstəqil fəaliyyətinə imkan yaratması oldu. Canlı caz ifa edilən kafe və barlar, teatrlar və kitab mağazaları şəhərin mərkəzində həyatı canlandırdı. Hökümət tərəfindən təşviq edilib-edilməməsindən asılı olmayaraq, həmin kiçik müəssələlərin əksəriyyətini bu və ya digər şəkildə yuxarıda adıçəkilən müstəqil və ya müxalif düşüncəli təşkilatların iştirakçısı olan fəal gənclər açırdılar. 

Hökumətin reaksiyası

Gənclərin bu fəaliyyətlərinə hökumətin reaksiyası çoxşaxəli olub. Şübhə yoxdur ki, həbs və müxtəlif hədə-qorxular despotik avtoritar rejimin istifadə etdiyi əsas alətlər idi. Bununla belə, görünür, hökumət yalnız zorakılıqla bütün prosesi uzun müddət saxlamağın çox çətin olacağını başa düşdü. Bu baxımdan ən maraqlı fakt o idi ki, digər repressiv tədbirlərlə yanaşı, hökumət gənclərin fəallığını nəzərə alaraq onların yaratdığı trendi oğurlamağa başladı: hökumət də seminarlar və ictimai çıxışlar kimi təşəbbüsləri həyata keçirməyə başladı, lakin bu təşəbbüslərin xarici təzahürlərini qəbul edib onların məzmununu inkar etdi və ya neytrallaşdırdı.

Yuxarıdakı iddianı sübut edə biləcək bir çox hallar mövcuddur. Məsələn, gəncləri cəlb etmək və onların yeni müxalifətə qoşulmasının və müstəqil fəallığının qarşısını almaq üçün hökumət İrəli Gənclər Hərəkatını yaratdı. Bu təşkilat 1990-cı illərin ortalarından fəaliyyət göstərən və gəncləri hakim partiyanı dəstəkləmək üçün uğurla səfərbər edən hökumətyönümlü Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) davamı idi. Hətta İrəli ideyası da ARGTMŞ tərəfindən irəli sürülüb. ARGTMŞ-nin təşəbbüsü ilə Milli Gənclər Günü təsis edildi və hər il hökumət tərəfindən qeyd olundu. Bu təşkilatın bəzi fəalları yüksək dövlət vəzifələrində yer tutublar: məsələn, İntiqam Əliyev Gənclər və İdman nazirinin müavini; Elnur Aslanov Prezident Administrasiyasının şöbələrindən birinin rəhbəri; Elşad İgəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri; Fərhad Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri; Azay Quliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri vəzifələrinə təyin ediliblər.

Elnur Aslanovun himayəsi altında İrəli bir sıra cəlbedici layihələr sayəsində böyüməyə başladı. İrəli ilə bağlı daha bir maraqlı fakt isə təşkilatın rəhbəri Ceyhun Osmanlı da daxil olmaqla, təşkilatın bəzi fəallarının Gülən məktəblərinin məzunları olması idi. Ancaq görünən odur ki, İrəli öz layihə və təşəbbüslərinə külli miqdarda vəsait xərcləsə də, müstəqil gənclərin təşəbbüsləri ilə rəqabət apara bilmirdi. 2014-cü ildə isə hələ də mübahisəli səbəblərdən hökumətin İrəliyə olan rəğbəti birdən-birə və kəskin şəkildə dəyişdi. Elnur Aslanov və Elşad İgəndərov işlərindən çıxarıldı. İrəli qəfildən qaranlıq bir təşkilata çevrildi. Üstəlik, 2012-2014-cü illərdə İrəlinin sədri olmuş Rauf Mərdiyev Amerika Birləşmiş Ştatlarına köçdü. Ehtimal olunur ki, bütün müstəqil gənclər hərəkatları məhv edildikdən sonra hökumətin İrəliyə daha ehtiyacı qalmamışdı. O vaxtdan hökumət universitetlərdə iqtidar partiyasının qeyri-rəsmi şöbələri kimi fəaliyyət göstərən hakim partiyanın gənclər qolu və Tələbə Həmkarlar İttifaqı adlanan qurumları gücləndirməyə başladı.

Bununla belə, hökumətin gəncləri cəlb etmək üçün ən mühüm təşəbbüsü hakim ailə ilə birbaşa bağlı olan Yarat layihəsi oldu. Şübhəsiz ki, hökumətin maliyyə vəsaitlərinə daha çox çıxış imkanı olduğundan İrəli ilə müqayisədə Yarat daha uğurlu və cəlbedici idi. Onun başlıca üstünlüyü hakim ailə ilə əlaqəsi idi. Ona görə də onun yaratdığı karyera imkanları, maddi stimullar və cazibə gücü Azərbaycan gənclərinin elitist istəklərini təmin edirdi. Mənfi təzahürlərinə baxmayaraq, elitizm Azərbaycan cəmiyyətində həmişə bir çox dəyişikliklərin arxasında duran aparıcı qüvvə olmuşdur. Yarat layihəsinin fəaliyyətində ən maraqlı epizodlardan biri onun bəzi hallarda gəncləri cəlb etmək üçün rəqib olduğu müstəqil və müxalifət təşkilatlarının həm çıxışlarından, həm də ideoloji konsepsiyalarından istifadə etməsi olub. Məsələn, AFU üslubunda təşkil etdiyi ictimai mühazirələrdən birində Yarat öz mühazirələri üçün reklam çarxlarının tərtibatında AFU-nun loqolarından istifadə edib.

Daha maraqlısı isə o idi ki, hökumətin bəzi siyasətlərinə qarşı Yarat bəzən ictimai müxalifətə qoşulurdu. Məsələn, 2014-cü ildə hökumət Bakı şəhərinin mərkəzində Sovetski adlanan (XX əsrin əvvəllərində sovet dövründən əvvəl ilk neft bumu zamanı tikilib) tarixi məhəllələrdən birini öz tikinti layihələrinə yer açmaq üçün dağıtdı. Yarat isə Avropa paytaxtlarında Sovetski haqqında bir neçə ekspozisiya keçirtmişdi (Azərtac 2014). Bundan əlavə, Yarat-ın himayədarı, birinci xanımın bacısı Nərgiz Paşayeva Bakıda tarixi binaların dağıdılmasını qınayan petisiya imzalamışdı (Miq 2016). Axırda isə Sovetski məhəlləsinin tamamilə dağıdılmasına baxmayaraq, hökumət hazırda Bakının gənclik həyatı ilə qaynayan və yuxarıda bəhs edilən müəssisələrin yerləşdiyi başqa bir tarixi bölgəsində bərpa işlərinin aparılmasına qərar verdi. Yarat oxşar məzmunlu bir sıra digər tədbirlər də həyata keçirmişdi: məsələn, Heydər Əliyev Mərkəzində keçirilən Müqavimət haqqında 300 söz adlı sərgidə dünyada həbsdə olan şairlərdən bəhs olunurdu, halbuki Azərbaycan hökuməti özü də uzun illər bir çox şairi həbs edib (Trend 2016; Tripathi 2018).

Bəzi hallarda isə gənclərin etirazları hökuməti yüksək vəzifəli məmurları işdən çıxarmağa məcbur edib. Məsələn, 2013-cü ildə hərbi xidmətə çağrılanlar əsgərlərin qeyri-döyüş şəraitində ölməsi hallarına qarşı gənclərin bir neçə aylıq etirazlarından sonra həmin ilin oktyabrında müdafiə naziri Səfər Əbiyev vəzifəsindən uzaqlaşdırıldı (Sumerinli 2013). Bundan başqa, İsmayıllı rayon icra hakimiyyətinin başçısı rayonda baş verən iğtişaşlardan sonra vəzifəsindən çıxarıldı (Geybullayeva 2013).

Yuxarıda qeyd etdiyimiz kimi, iqtidarın tətbiq etdiyi üsullardan biri də müxalif düşüncəli fəalları maddi stimullarla şirnikləndirmək olub. Çox populyar olan qısa satirik videolarında bəzi yerli adət-ənənələri və məmurları ələ salan tanınmış viner Hüseyn Əzizioğlu tərəfini dəyişib. Bu kəskin dönüşdən sonra o, müxalif düşüncəli şəxslər arasında nüfuzdan düşsə də, ümumilikdə, gənclər arasında populyarlığını qoruyub saxlayır. AYO-nun 4 təsisçisindən biri olan Murad Köhnəqala sonralar müxalifətin və Qərb ölkələrinin qatı tənqidçisinə çevrilib. O, AYB-nin sədri Anar Rzayevlə görüşüb, onunla bağlı əvvəllər yanıldığını deyib. O, həmçinin hökumətdən pulsuz mənzil almaq üçün prezident İlham Əliyevə məktub yazıb (Böyükçöl 2016; Telmanqızı 2017). AYO-nun digər üzvü, hakimiyyətin və AYB-nin tənqidçisi kimi tanınan Aqşin Yenisey iqtidaryönlü 1937.az saytının və APA TV onlayn kanalının redaktoru olub (Qafqazinfo 2013; Modern 2015). AYO-nun aparıcı simalarından olan Qan Turalı isə iqtidaryönlü sayt olan Kulis.az ilə işləməyə başlayandan sonra zərərsizləşdirilib və bu keçidə görə həmkarları Seymur Baycan və Elnur Astanbəyli tərəfindən tənqid edilib (Danyeri 2011; Elitar.info 2013). Bu baxımdan ən maraqlı hallardan biri inklüziv Əsa teatrı idi. SSRİ-nin süqutundan sonra teatrların populyarlığını tamamilə itirdiyi bir dövrdə özəl teatrların yaradılması fəal gənclərin ən maraqlı məşğuliyyətlərindən birinə çevrilmişdi. Gənclərin bu təşəbbüsü hökuməti dövlət teatrlarının gənclərin yeni maraqlarına rəqib kimi populyarlaşmasına diqqəti artırmağa vadar etdi. Bütövlükdə hökumət öz məqsədlərinə çatmaqda kifayət qədər uğurlu oldu. Teatr tamaşaçılarının sayı kəskin artdı. Üstəlik, avtoritar idarəçiliyi və cəmiyyətin mühafizəkar geriliyini tənqid etməsi ilə tanınan və ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməyi bacaran Əsa teatrı sonda tərəfini dəyişərək hakimiyyətin himayəsinə keçdi; bununla da dövlət teatrlarının səhnələrinə yolu açıldı.

Hökumətin başqa bir təşəbbüsü isə belə bir təəssürat yaratmaq idi ki, guya o, açıq fikirli gəncləri rəhbərliyə gətirir. Bir neçə gənc nazir və ya Prezident Administrasiyasında digər yüksək vəzifələrə, əsasən vitse-prezident və birinci xanım Mehriban Əliyevanın köməkçisi və müşaviri vəzifələrinə təyin edilmişdi.

Bununla belə, təəssüflə qeyd etməliyik ki, ümumi siyasi mühit, yəni açıq ictimai-siyasi müzakirələr üçün ictimai məkanın olmaması və tüğyan edən korrupsiya bir çox gəncləri Azərbaycanı tərk etməyə və başqa ölkələrdə daha yaxşı şərait axtarmağa məcbur etdi. Beyin axını orta müddətli perspektivdə hiss olunacaq çox ciddi bir problemə çevrildi. Bu məqalədə bəhs olunan illərlə müqayisədə son bir neçə ildə yeni müxalifətin fəallığı kəskin şəkildə azalıb. Əsas fiqurların bir çoxu ölkəni tərk edib və hökumətin repressiyaları ümumi bir ümidsizlik yaradıb. Yeni müxalifət müəyyən mənada sıfırdan başlamaq məcburiyyətində qalıb. Hazırda gənclər arasında ictimai-siyasi fəallıq baxımından durğunluq hökm sürdüyü üçün yeni müxalifət daxilində gələcək prosesləri proqnozlaşdırmaq çətindir.

2014-cü ilin sonlarında yanacağın qiymətinin kəskin ucuzlaşması neft ixracından çox asılı olan Azərbaycan iqtisadiyyatında dərin böhrana səbəb olmuşdu. Milli valyuta 2015-ci ildə iki dəfə devalvasiyaya uğradı, onlarla bank iflas etdi (U.S. State Department 2018). Bu böhran həm də fəallığı müəyyən dərəcədə artırdı və hökuməti çoxsaylı inkişaf proqramlarına qoşulmaq və diqqəti iqtisadiyyatın şaxələndirilməsinə (diversifikasiya) yönəltmək niyyətini bəyan etməyə məcbur etdi. Buna baxmayaraq, bu bəyannamələrdən sonra yalnız kiçik dəyişikliklər edildi və hələlik heç bir əsaslı iqtisadi liberallaşma baş verməyib. Bəzi real müsbət dəyişikliklərin həyata keçirildiyi yeganə sahə turizm sənayesi oldu. Nəticədə, ölkəyə ötən illərlə müqayisədə böyük turist axını müşahidə olunur. Üstəlik, görünür, hazırda neftin qiymətinin qalxması hökumətə olan etimadı artırıb.

2018-ci ildə növbəti prezident seçkiləri keçirildi və hazırkı prezident Əliyev dördüncü müddətə seçildi və Konstitusiyaya edilən son dəyişikliklərə əsasən, prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilədək uzadıldı. Lakin Ermənistanda baş verən məxməri inqilab Azərbaycanda getdikcə avtoritarlaşan rejim üçün ciddi narahatlıq yaratdı. Çünki iki ölkə arasındakı düşmənçiliyə baxmayaraq, azərbaycanlı sosial media istifadəçiləri Ermənistanın antidemokratik hökumətini devirmək cəhdində erməni xalqına öz hörmətlərini bildirirdilər və Azərbaycan hakimiyyəti qonşu ölkədəki demokratik inkişafın azərbaycanlılar üçün ilham mənbəyi ola biləcəyindən ehtiyat edirdi. Bundan əlavə, ölkədə siyasi şiə islamının güclənməsi cəmiyyətdə davam edən narazılıqlarla yanaşı, gələcək inkişafın qeyri-müəyyənliyini də artırırdı.

Müzakirə

2009-cu ildə keçirilən referendumda prezidentin iki dəfədən artıq seçilmə məhdudiyyətinin ləğvi Azərbaycanın konsolidasiya edilmiş (oturuşmuş) avtoritarizmə keçməsində növbəti mərhələ oldu. Lakin sonrakı bir neçə ildə hökumət orta təbəqənin rəğbətini qazanan və beləliklə də hökumətin qazanclarını əlindən almaq potensialına malik olan gənclər hərəkatı ilə üzləşdi. Bununla belə, hakimiyyət potensial transformasiyanın qabağını alan görünməmiş genişmiqyaslı repressiyalara əl atdı. Daha sonra, 2016-cı ildə hökumət prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması ilə bağlı növbəti referendum keçirdi. Üstəlik, bu referendumda dövlət idarəçiliyinin iyerarxiyasında yeni vitse-prezident vəzifələri yaradıldı və prezident öz həyat yoldaşını birinci vitse-prezident təyin etdi. Görünür, hökumət respublikanı qeyri-rəsmi monarxiyaya çevirməyə müvəffəq oldu.

Rejimin sərtləşdirilməsinə cavab olaraq gənclərin bu və ya digər şəkildə immiqrasiya variantları axtarışı yeni tendensiya yaratdı. Sekulyar intellektual gəncliyin yüksəlişi kütləvi mühacirətlə əvəz olundu. Əfsuslar olsun ki, gəncliyin bu müəyyən dərəcədə həqiqi oyanışının repressiyalarla məhv edilməsi Azərbaycan avtoritarizminə əsas alternativ kimi dünyəvi-demokratik qüvvələrin yerinə siyasi islam üçün təkrar qorxulu imkanlar açdı.

Bütün bunlara baxmayaraq, gənclər hərəkatları bəzi kiçik müsbət dəyişikliklərə təkan verdi. Bu, hökuməti öz siyasətini tənzimləməyə, həm kosmetik, həm də real dəyişikliklər etməklə və gənclərin fəaliyyətinə imkan yaradaraq onların şikayətlərini qarşılamağa məcbur etdi. Gənclər hərəkatlarının ən mühüm nailiyyətlərindən biri o idi ki, oyanan gənclərin təzyiqi altında hökumət nəhayət ictimai narahatlıqlara reaksiya verdi və universitetlərdə onilliklər boyu sürən geniş yayılmış rüşvətxorluq praktikasını əhəmiyyətli dərəcədə azaltdı. Həmçinin belə nəticəyə gəlirik ki, gənclər hərəkatları cəmiyyətin bəzi mühafizəkar xüsusiyyətlərini və tabularını şübhə altına almaqla mədəni modernləşməyə həqiqətən töhfə verib. Onlar bəzi müsbət tendensiyaların yaranmasına, o cümlədən mütaliəyə marağın artmasına təkan verərək nəşriyyat, tərcümə və kitab satışı biznesinin yenidən canlanmasına kömək etdilər. Bundan əlavə, belə görünür ki, beynəlxalq mediada geniş şəkildə işıqlandırılan və Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdə imicinə ciddi xələl gətirən repressiyalar da hakimiyyəti öz sərt daxili siyasətinin mümkün nəticələrini yumşaltmaq məqsədilə Qərb dövlətləri ilə qarşılıqlı əlaqənin bərpası üçün alternativ yollar axtarmağa vadar edib.

Lakin etiraf etmək lazımdır ki, oyanışdan repressiyaya qədər olan qısa müddətdə gənclər hərəkatlarının təsir dairəsi məhdud idi və o, ümumi əhalinin nisbətən kiçik hissəsini səfərbər etmişdi. Hətta ictimai müzakirələrin ən populyar məkanı olan AFU dörd il ərzində cəmi dörd min yeni insan cəlb etdi və həmin iştirakçıların cüzi hissəsi ictimai və ya siyasi aktivistə çevrildi. Bununla belə, həqiqətən də, İctimai Sektor daxilindəki gənc fəallar müqavimətin hərəkətverici qüvvəsi və yeni simalarına çevrildilər.

Sonda onu da qeyd edək ki, yeni müxalifət öz ciddi nöqsanlarından da xali deyildi. Gənc fəallar demokratik dəyərlərin təbliğində uğur qazanmaq üçün çox hazırlıqsız və təcrübəsiz idilər. Yeni müxalifətin ən ciddi çatışmazlıqlarından biri ideoloji birliyin olmaması idi. Yeni yaranan gənclər hərəkatları nə bir ideologiyanı qəbul etdilər, nə də gəncləri siyasi ideologiyalar yönündə dərindən təlimləndirə bildilər. Bəzi hallarda təəssüf ki, İctimai Sektorun mötəbər nümayəndələri ideoloji olaraq qeyri-ardıcıl və ziddiyyətli məqamlar nümayiş etdirdilər. Yeni müxaliflərin başqaları ilə münasibətdə hörmət və dözümlülük göstərməməsi, təbliğ etdikləri məsələlərdə biliklərini artırmaqdan imtina etmələri yeni müxalifətin gördüyü bir çox müsbət işlərə də mənfi təsir göstərdi.

 

İstinadlar:

AFU: Azad Fikir Universiteti – Posts. (2013). Web, Facebook. https://www.facebook.com/ azadfikir/posts/10151571731579393?__xts__[0] 68.ARB65wiBLM3I8DAZZypp- JEEc9kbMzJFcIZHgImrTUTbQOVHyMpnvjxM7YFPkGRg_jbiRHrLQNafYy-0d4yC- c3K646ELNH8-iXb7_hXoih2V0Et8V_g2mM8qI5UhbTIbx46u9ggSSObl9w51dG- 0PonqWVehic9ypBwEo7lBWWofBjiDkS2-PM_PU& tn -R. Accessed   19   Dec 2018.

Amnesty International. (2015). Azerbaijan: The repression games. The voices you won’t hear at the first European Games. Amnesty International. http://www.amnesty.eu/con- tent/assets/Reports_and_Briefings_2015/Azerbaijan-The_Repression_Games.pdf. Accessed 19 Dec 2018.

Asadov, R. (2009) „Xalq Dövlət Üçün Yox, Dövlət Xalq Üçündür.“ OL! Bloqu (blog). http://ol-az.blogspot.com/2009/10/xalq-dovlt-ucun-yox-dovlt-xalq-ucundur.html.

Azertac. (2014). YARAT to participate in VIENNAFAIR the new contemporary. Azertag. https://azertag.az/en/xeber/YARAT_to_participate_in_VIENNAFAIR_The_New_Con- temporary-799326. Accessed 19 Dec 2018.

BBG. (2018). BBG deplores decision by Azerbaijan authorities to take VOA, RFE/RL and BBC Off FM and television. BBG. https://www.bbg.gov/2008/12/30/bbg-deplores- decision-by-azerbaijan-authorities-to-take-voa-rferl-and-bbc-off-fm-and-television/. Accessed 19 Dec 2018.

Böyükçöl, K. (2016). Murad Köhnəqala: ‘Prezidentə müraciət eləmişəm’ – MÜSAHİBƏ. Teleqraf.com. https://teleqraf.com/news/art/114670.html. Accessed 19 Dec 2018.

Dalğa. (2005) “Bəyannamə.” Dalğa Gənclər Hərəkatı (blog). http://dalga-gh.blogspot. com/2005/12/byannam.html.

Danyeri, R. (2011). Vicdansizlığın dərəcəsinə bax ki, Qan Turalı satıldı! Xural. https:// www.xural.com/vicdansizligin-d%c9%99r%c9%99c%c9%99sin%c9%99-bax-ki-qan- turali-satildi/. Accessed 19 Dec 2018.

Democracy Monitor. (2007). Statement on the ‘deteriorating situation with the freedom of expression in Azerbaijan’ OSCE. Organization for Security and Co-operation in Europe. https://www.osce.org/odihr/27699. Accessed 19 Dec 2018.

De Waal, T. Azerbaijan’s inconvenient prisoner. Carnegie Europe. http://carnegieeurope.eu/ strategiceurope/75406. Accessed 19 Dec 2018.

Elitar.info. (2013). Seymur Baycan: ‘Qan Turalı şantaj olunub.’ Mia.az. http://www.mia.az/ w39693/Seymur_Baycan:_Qan_Tural%C4%B1_%C5%9Fantaj_olunub/. Accessed 19 Dec 2018.

ESI – European Stability Initiative. (2011). Generation Facebook in Baku. Adnan, Emin and the future of dissent in Azerbaijan – Azerbaijan – Reports – ESI. https://www.esi- web.org/index.php?lang en&id 156&document_ID 128. Accessed 19 Dec 2018.

Fukuyama, F. (2014). Political order and political decay: From the industrial revolution to the globalization of democracy (Unabridged edition). New York: Brilliance Audio.

Geybullayeva, A. (2013). Riots and protests in Azerbaijan. Osservatorio Balcani e Caucaso. https://www.balcanicaucaso.org/eng/Areas/Azerbaijan/Riots-and-protests-in-Azerbai- jan-130268. Accessed 19 Dec 2018.

Heinrich, A. (2011). The formal political system in Azerbaijan. Caucasus Analytical Digest, 24, 2–5.

Human Rights House Foundation (2012). Eurovision Winner Loreen Met with Human Rights Defenders. https://humanrightshouse.org/articles/eurovision-winner-loreen-met- with-human-rights-defenders/. Accessed 19 Dec 2018.

HRW. (2016). Azerbaijan: Unprecedented government crackdown. Human Rights Watch. https://www.hrw.org/news/2016/01/27/azerbaijan-unprecedented-government-crack- down. Accessed 19 Dec 2018.

IMS. (2015). A year of unprecedented repression in Azerbaijan. International Media Sup- port (blog). https://www.mediasupport.org/anniversary-human-rights-defenders-arrest- marks-one-year-unprecedented-repression-azerbaijan/. Accessed 19 Dec 2018.

IRFS. (2009). IRFS | Emin Milli receives 2,5 years imprisonment and Adnan Hajizade receives 2 years imprisonment. https://www.irfs.org/news-feed/emin-milli-receives- 25-years-imprisonment-and-adnan-hajizade-receives-2-years-imprisonment/. Accessed 19 Dec 2018.

Isler Beguin, M. A. (2008). Presidential elections in Azerbaijan: Election observation del- egation 13–16 October 2008. European Parliament.

Jafarov, Rasul (2015). Azerbaijan – ESI. https://www.esiweb.org/index.php?lang en&id

  1. 577. Accessed 19 Dec 2018.

Kassa, G. (2012). How To plan a revolution? (Azerbaijan). Web, YouTube. https://www. youtube.com/watch?v LYQ_PvooIFY. Accessed 19 Dec 2018.

Mehtiyeva, A. (2009). Loner shoots 13 dead at Azerbaijan college. Reuters. https://www. reuters.com/article/us-azerbaijan-shooting/at-least-10-dead-in-azeri-college-shooting- report-idUSTRE53T1NF20090430. Accessed 19 Dec 2018.

Milli, E. (2009). Hakim Dairələrdə Başa Düşürlər Ki, Hansısa Gənclər Qrupu Gələcəkdə Böyük Bir Hərəkata Çevrilə Bilər. OL! Bloqu (blog). http://ol-az.blogspot. com/2009/05/hakim-dairlrd-basa-dusurlr-ki-hanssa.html. Accessed 19 Dec 2018.

Miq. (2016). Nərgiz Paşayeva Da Bakıda Tarixi Binaların Sökülməsinə Qarşı Çıxdı. Miq. AZ Azərbaycanda Özəl Xəbərlər, Araşdırmalar, Təhlillər və Müsahibələrin Tək Ünvanı. http://miq.az/az/nergiz-pasayeva-da-bakida-tarixi-binalarin-skulmesine-qarsi-cixdi/. Accessed 19 Dec 2018.

Modern. (2015). Aqşin Yenisey APA TV-yə redaktor aparıldı. Modern.az. http://modern.az/ az/news/72320. Accessed 19 Dec 2018.

Muradova, M. (2013). Azerbaijani authorities close opposition university. http://www.caci- analyst.org/publications/field-reports/item/12707-azerbaijani-authorities-close-opposi- tion-university.html. Accessed 19 Dec 2018.

OL! Blog. Gül Bayramı Günü Gənclərin Etirazının Xronologiyası. OL! Bloqu (blog). http://ol-az.blogspot.com/2009/05/10-may-gul-bayram-gunu-gnclrin-etiraznn.html. Accessed 4 Sept 2018.

OL! FAQ. (2006). Frequently Asked Questions. OL! Bloqu (blog). http://ol-az.blogspot.com/2009/01/faq.html. Accessed 19 Dec 2018.

OL! Manifesto. “OL!” Azerbaijan Youth movement manifesto. OL! Bloqu (blog). http://ol-az.blogspot.com/2006/06/ol-azrbaycan-gnclr-hrkatinin-manifesti.html. Accessed 19 Dec 2018.

OL! Media. (2008). Eşşəklə (Esel Heinz) Müsahibe – QHT Qanunu Haqqında Şok Açıqlamalar. Web, YouTube. https://www.youtube.com/watch?v Aaecvg7xCIk. Accessed 19 Dec 2018.

OL! Media. (2009). „Gül Bayramı: Müsahibə N4 – YouTube.“ https://www.youtube.com/ watch?v RsLxR4T1ErY.

OSCE. (2013). OSCE/ODIHR final report on Azerbaijan presidential election recommends measures to bring elections in line with OSCE commitments, international standards. OSCE. Organization for Security and Co-operation in Europe https://www.osce.org/ odihr/elections/110030. Accessed 19 Dec 2018.

Pearce, K., & Guliyev, F. (2015). Digital knives are still knives: The Affordances of social media for a repressed opposition against an entrenched authoritarian regime in Azerbai- jan. SSRN Scholarly Paper. Rochester, NY: Social Science Research Network. https:// papers.ssrn.com/abstract 2886692.

Qafazzinfo. (2013). Aqşin Yenisey baş redaktor oldu. Qafqazinfo. http://qafqazinfo.az/ news/detail/aqsin-yenisey-bas-redaktor-oldu-65879. Accessed 19 Dec 2018.

Qaraca, R. (2018). Zülmətdə Bir Alatoran. Baku: Alatoran.

RWB. (2011). Journalist critical of Islam dies four days after being stabbed by attacker. Reporters without Borders. RSF. https://rsf.org/en/news/journalist-critical-islam-dies- four-days-after-being-stabbed-attacker. Accessed 19 Dec 2018.

Salamlı, V. (2006). OL’un Yaranma ‘Mif’I. OL! Bloqu (blog). http://ol-az.blogspot. com/2009/02/ol-yaranmas-mifi.html. Accessed 19 Dec 2018.

Sumerinli, J. (2013). Shake-up at Azerbaijan’s defence ministry. Institute for War and Peace Reporting. https://iwpr.net/global-voices/shake-azerbaijans-defence-ministry. Accessed 19 Dec 2018.

Telmanqızı, S. (2017). ‘Onların heç biri Anarın tayı deyil’ – Köhnəqala ilə skandal müsahibə (Fotolar, video). http://musavat.com/news/onlarin-hec-biri-anarin-tayi-deyil- kohneqala-ile-skandal-musahibe-fotolar-video_453646.html. Accessed 19 Dec 2018.

Trend. (2016). Müqavimət Haqqında 300 Söz. Trend.Az. https://az.trend.az/tags/37105/.

Accessed 19 Dec 2018.

Tripathi, S. (2018). A different kind of poets’ society. livemint.com. https://www.livemint. com/Leisure/Kf8qM6y3RSNDld4WFFfhZO/A-different-kind-of-poets-society.html. Accessed 19 Dec 2018.

U.S. Department of State. (2018). Azerbaijan: 2018 investment climate statements. Bureau of Economic and Business Affairs. http://www.state.gov/e/eb/rls/othr/ics/2018/ eur/281559.htm. Accessed 19 Dec 2018.

 

[1] Bu məqalə ilk dəfə 2019-cu ildə Springer nəşriyyatı tərəfindən ingilis dilində tərc edilib və məqalə naşirin razılığı ilə Azərbaycan dilinə tərcümə edilib. Orijinal mənbə: Altay Goyushov and Ilkin Huseynli, “Halted Democracy: Government Hijacking of the New Opposition in Azerbaijan,” in Politik und Gesellschaft im Kaukasus: Eine unruhige Region zwischen Tradition und Transformation, ed. Olaf Leiße (Wiesbaden: Springer Fachmedien, 2019), 27–51, https://doi.org/10.1007/978-3-658-26374-4_2.

[2] Bu məqalənin hazırlanmasındakı köməklərinə görə Əli S.Novruzov və Rəşadət Axundova təşəkkür edirik.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.