fbpx

Cəmiyyət

Cəmiyyət

Akademik Azadlıq və Universitet

Read this article on other language
Download article
image_pdf
image_pdf

Akademik azadlıq istənilən universitet üçün ilk növbədə universitet kimi qəbul edilməkdən ötrü qorumalı olduğu ən vacib dəyərdir. Universitet alimlərin rəhbərlikdən və ya fakültə üzvlərindən heç bir maneəyə rast gəlmədən azad tədqiqat aparacağı bir yerdir. Akademik azadlıq demokratik vətəndaşların mülki və siyasi hüquqlarından fərqli və daha geniş anlayışdır. Azərbaycanda akademik azadlıq elm adamları tərəfindən mövcud sosial və siyasi strukturun, universitet rəhbərliyinin və işlədikləri universitetin tənqid edilməməli olduğuna inanan rektorlar, dekanlar, kafedra müdirləri tərəfindən mütəmadi olaraq müdaxilələrə məruz qalır. Bu rəhbər işçilər yanlış olaraq hesab edirlər ki, universitetlərin prioriteti həqiqəti axtarmaqdan və ötürməkdən (öyrətməkdən) başqa bir şeydir və ya nəsə başqa bir şey olmalıdır. Çünki onlar dərk edə bilmirlər ki, ən azından elmi tədqiqat və kəşflər naminə başqa qurumlar tərəfindən əziz hesab edilə bilən nəzakətlilik, sadiqlik, dostluq, yaşlıya hörmət və s. kimi bütün dəyərlər universitet üçün ən ali dəyərə – elm adamlarının universitet daxilində və xaricində ifadə və heç bir məhdudiyyətə məruz qalmamaq azadlığına tabe edilməlidir.

Bugünkü mənada başa düşdüyümüz universitet anlayışı 1810-cu ildə Vilhelm von Humboldt tərəfindən əsası qoyulan Berlin Universiteti tərəfindən inkişaf etdirilib. Alman modelində universitetin əsas məqsədi tədqiqatçıları təşviq etməkdir. Əlavə olaraq, bu modelə görə, tələbələr ən yaxşı halda adları və illəri əzbərləyən məntiqsiz uşaqlar, ya da sadəlövh gənclər kimi görülməməlidir, tam tərsinə, tələbələrə tənqidi təfəkkür bacarığı aşılanmalıdır. Nəhayət, universitetlərin məqsədi həqiqəti axtarmaq olduğundan onlar dövlət, din və ya istənilən başqa bir qurum üçün vasitə kimi istifadə edilməməlidir (Zimmer 2015, 240). Qısası, bu model həm akademik azadlığın, həm də universitetin azadlığının zəruriliyini xüsusi olaraq vurğulayırdı.

Universiteti tədqiqat mərkəzi kimi görən bu alman modeli XIX əsrin sonunda Amerikan institutları tərəfindən də mənimsənildi və bu modelin qəbul edilməsində Çikaqo Universiteti qabaqcıl oldu. Sonralar Amerika Universitet Professorları Assosiasiyasının (AAUP) “1915-ci il Prinsiplər Deklarasiyası” akademik azadlığı rəsmiləşdirib açıq şəkildə qeyd etdi ki, “professorların işlərini uyğun şəkildə icra etməsi üçün bizim universitetlərimiz o qədər azad olmalıdır ki, heç bir ədalətli şəxs universitet müəllimlərinin səsləndirdikləri fikirlərin peşəkar alimlərin yox, öz cərgələrindən kənardakı qeyri-peşəkar və bəlkə də mövzu ilə əlaqəsiz insanların hökmləri tərəfindən qurulduğu və ya məhdudlaşdırıldığına dair heç şübhə üçün belə bəhanə tapa bilməsin” (AAUP 1915 vurğu əlavə edilib). Amerikan modeli həm də alimlərin siyasətdən uzaq durmalı olduğu haqqında ictimaiyyətdə olan fikri də rədd edirdi (Stone 2015, 5). Amerikanlar iddia edirdilər ki, ilk olaraq alimlər tam hüquqlara sahib vətəndaşdırlar və istədikləri siyasi mövqeyi dəstəkləyə bilərlər. Eyni zamanda alimlər ictimai funksiya daşımaqda da azaddırlar – onlar sosial, həmçinin siyasi hərəkatlarda iştirak edə və ya onlar haqqında mütəmadi olaraq yaza bilərlər; bundan başqa, cəmiyyətin də istənilən ictimai məsələdə alimlərin tövhələrindən və dəyərli fikirlərindən birbaşa yararlanmaq hüququ var.

Bu məqalədəki məqsədim universitetlər üçün akademik azadlığın həyati əhəmiyyətini göstərməkdir. Əslində bu fikir Azərbaycan universitetləri üçün bir qədər radikal səslənsə də, buradakı arqumentim ənənəvi və sadədir – akademik azadlığın olmadığı universitet universitet deyil. Bütün mətn boyu arqumentlərimi biliyin dəyərli olması prezumpziyası əsasında qururam, çünki bilik müzakirə edilə bilər; o, “doğru fikirdən daha stabil və daha etibarlıdır” (klassik arqumentlər) və ya “çünki bilik fəzilətli formalaşıb və o, intellektual faydadır” (Olsson 2011). Burada biliyin xüsusi əlavə dəyərinin olub-olmaması məni maraqlandırmır, çünki istənilən halda iddia edirəm ki, tədqiqatları nəticəsində gəldikləri məntiqi sonluğun iqtisadi, siyasi, ya da əxlaqi nəticələrindən qorxmadan bilik və ya doğru fikir və ya informasiya əldə etmək üçün alimlərin akademik azadlığa ehtiyacı var. Özlüyündə akademiyaya qarşı deyilsinizsə, onda sizin akademik azadlığı müdafiə etməkdən başqa seçiminiz yoxdur.

Bu fikri aydın ifadə etmək üçün birinci bölmədə akademik azadlığa üç əsas şərt ilə tərif verib, onların hər birini izah edirəm. Növbəti bölmədə akademik azadlığı əsaslandırmaq üçün altı arqument irəli sürürəm. Bunlardan biri ardıcıllıq arqumenti olmaqla, digərləri rasionallıq, açıqfikirlilik, libertarian, utilitarian, kreativlik və müxtəliflik arqumentləridir ki, onların da hər biri fərqli bir dəyərə əsaslanır. Sonrakı bölmədə Azərbaycan universitetlərindən akademik qeyri-azadlığın bütün ölkə üçün mənfi effektlərindən bir neçə misal gətirilir. Azərbaycanda alimlərin qeyri-azad vəziyyətini prima facie sübut[i] olaraq qəbul etdiyim və heç bir məntiqli insanın bu prezumpsiyanı inkar etməyəcəyinə inandığım üçün ölkədəki akademik qeyri-azadlıq üçün bir neçə keysdən çox misal verməyə ehtiyac duymuram. Sonuncu, müzakirə bölməsi isə Azərbaycan universitetlərində akademik azadlığın əhəmiyyətinin dərk edilməsinin mümkün nəticələrinə həsr edilib. Akademik azadlığın olmadığı universitet qeyri-mümkündür, gəlin özümüzü aldatmayaq.

Akademik azadlıq nədir?

Akademik azadlıq[ii] ifadə azadlığının alt qrupu və ya uzantısı kimi başa düşülməməlidir. Mülkiyyət hüququ kimi akademik azadlıq da daha çox hüquqlar bağlaması kimidir. Sizin bir nəsnə üzərində tam mülkiyyət hüququnuzun olması o deməkdir ki, sizin həmin nəsnəni istifadə etmək, transfer etmək, dəyişdirmək, məhv etmək, ya da başqalarının ondan istifadəsinin qarşısını almaq hüququnuz var. Bu baxımdan xüsusi olaraq lisenziyalı alimlər üçün hazırlanmış olan akademik azadlığa alimlərin öz (1) tədqiqat və (2) dərs materiallarının məzmununu sərbəst şəkildə müəyyən etmək hüququ, həmçinin (3) dövlət, istənilən təşkilat və ya alimin özünün də işlədiyi istənilən universitet tərəfindən “institusional senzura və ya nizam-intizam”dan azad olmaq hüququ daxildir (Moody-Adams 101-102). Çünki universitet bir ailə (tənqid qarşısında özlərini müdafiə etmək üçün azərbaycanlı rektor və dekanların istifadə etməyi sevdiyi analogiya) deyil ki, alimdən də universiteti ailədən kənar şəxslərin arasında tənqid etmək qadağan edilsin. Bir çox şeylə yanaşı, universitet tədqiqatçı alim üçün bir iş yeridir və onların tənqid etmək və tədqiqat aparmaq kimi akademik azadlıqları alimlərin azadlığına hörmət etməklə mükəlləf olan universitet rəhbərləri tərəfindən məhdudlaşdırıla bilməz. Qısası, akademik azadlıq o deməkdir ki, “elm adamları (…) həm dərslərində, həm də tədqiqatlarında həqiqəti axtararkən və ifadə edərkən kənar qeyri-peşəkar şəxslər tərəfindən müdaxiləyə məruz qalmamalıdırlar” (Moodie 1996, 129). Yəni akademik azadlıq nə “siyasi avtokratiya, [nə də] ictimai fikrin tiranlığı” tərəfindən məhdudlaşdırıla bilməz, çünki “intellektual təcrübə yeri” olan universitet belə məhdudiyyətlər qarşısında “toxunulmaz sığınacaqdır” (AAUP 1915).

Digər tərəfdən, ifadə azadlığı isə peşəkar fəaliyyətindən asılı olmayaraq hər bir vətəndaşın fikirlərini sərbəst şəkildə ifadə etmək, ictimai müzakirələrdə və ya kollektiv qərarvermə prosesində iştirak etmək hüquqları ilə bərabər, onun təmin edilməsi haqqındadır. Bu baxımdan da məsələn, tələbələrin öyrənə bildikləri və müəllimləri ilə razılaşmamaq imkanlarının olduğu mühit yaratmaq vacib olsa da, elm adamlarının mövzunu “balanslı” müzakirə etmək, təqdim etmək, ya da mühazirə vaxtının yarısını tələbələrin öz fikirlərini ifadə etməsi üçün ayırmaq kimi bir əxlaqi və ya hüquqi öhdəliyi yoxdur. Çünki onlar mövzu üzrə mütəxəssis olduqlarına görə müəyyən fikirləri mühazirə materialına daxil etmək və ya çıxartmaqda azaddırlar. Öz sahəsinin peşəkarı kimi dərs üçün nəyin uyğun olub-olmadığına da alim özü qərar verir. Elmi maraqlarının və nəşrlərinin məzmununu müəyyən etmək hüququ həm də o deməkdir ki, sən doğru olduğuna inandığın mövqeni müdafiə etməkdə də azadsan: balanslılıq yalnız “bizim inanclarımızın əsaslandığı dəlillərin təhlili” zamanı uyğun bir prinsipdir (Bilgrami 2015, 23). Bu o deməkdir ki, məsələn, siyasi elmlər üzrə professorun müxtəlif, hətta rəqib görüşlərə və ya nəzəriyyələrə bərabər vaxt ayırmaq kimi bir öhdəliyi yoxdur və buna məcbur edilə bilməz. Elmi fəaliyyətinin məzmununu müəyyən etmək azadlığı müəyyən görüşləri (1) “xaric etmək, (2) müdafiə etmək və (3) başqasının xətrinə dəyməyə[iii] risk etmək azadlıqlarını” özündə ehtiva etdiyindən, alimlərin tədqiqatlarında və dərslərində qeyri-neytral olmaq hüquqları var (Moody-Adams 2015, 109).

Alimlər akademik debatlardakı mövzularla bağlı heç bir tərəf saxlamadan istənilən məsələnin tərifini verib onun haqqında ətraflı məlumat verən ensiklopediya deyillər. Məsələn, biologiya professorundan təkamül nəzəriyyəsi və kreasionizmlə bağlı “balanslı” arqument verməsini gözləyə bilmərik. Eyni zamanda, İkinci Dünya Müharibəsi tarixçisindən Holokostun baş verdiyini inkar edən arqumentləri eyni ciddiyyətlə nəzərə almasını gözləmək məntiqli olmazdı. Mişel Mudi-Adams peşəkarlığın oynadığı əhəmiyyətli rolu vurğulamaq üçün elm adamları arasında maraqlı bir analogiya təklif edir: “pasiyentlərin özlərinə resept yazıb müalicələrini özlərinin müəyyən etməli olduğunu tələb etmək nə qədər məntiqsizdirsə, kurrikulumun məzmununun da tələbələrin nəyi müzakirə etmək istəmələri əsasında qurulmasını tələb etmək bir o qədər məntiqsizdir” (Moody-Adams 2015, 105). Başqa sözlə desək, akademik azadlıq və demokratik dəyərlər arasındakı konflikt bizi təəccübləndirməməlidir, çünki akademik azadlıq bərabər imkanlar kimi demokratik dəyərlərlə yox, peşəkarlığın gətirdiyi avtoritet ilə əsaslandırılır. Lakin bir liberal şəxs deyə bilər ki, akademik azadlıq vacib olsa da, o, sadəcə olaraq fərdi hüquqlara verilmiş başqa bir addır. Amma bunu vurğulamağı özümə borc bilirəm ki, ənənəvi liberal hüquqlar və ya istənilən demokratik ölkənin vətəndaşı kimi vətəndaş və siyasi hüquqlara əlavə olaraq, alimlər uyğunsuz və ya əsaslandırılmamış hesab etdikləri müəyyən görüşləri dərs materialından çıxartmaq hüququna sahibdirlər və onların bu hüququ müvafiq akademik sahədəki peşəkarlıqlarından qaynaqlanır.

Lakin elm adamları həm də ictimaiyyətin inamını qazanmaq istəyə bilərlər. İnsanların gözündə etibarlılıq qazanmaq üçün alimlər gərək dürüst insanlar olsunlar və buna görə də onlarda gərək ciddilik, səmimilikdəqiqlik kimi bəzi akademik fəzilətlər mövcud olsun (Williams 2004, pp. 11, 96-100, 125). Ciddilik deyəndə elmi və tərəfsiz tədqiqatları nəzərdə tuturam ki, onların da nəticəsində əldə edilmiş məlumat və ya biliyi alim öz nəşrlərində və dərslərində istifadə edir. Səmimilik dedikdə alimin iqtisadi, siyasi və ya başqa səbəblərə görə yox, həqiqətən də inandığı fikirləri tədris, müzakirə və ya müdafiə etməsi nəzərdə tutulur. Son olaraq, dəqiqlik isə alimin tədqiqatlarında etibarlı mənbələrdən istifadə etməsi, həmçinin istənilən bir səbəbə görə özünü aldatmaqdan və əsassız xoş düşüncədən uzaq durması nəzərdə tutulur. Amma onu da vurğulayım ki, alimlərin akademik azadlığını onların qeyri-ciddi, qeyri-səmimi və qeyri-dəqiq olması əsasında məhdudlaşdırmaq olmaz. Çünki birincisi bu üç fəzilətin tərifləri alimlərin akademik azadlığını məhdudlaşdırmaq üçün istənilən kəs, xüsusən də universitet administratorları və dövlət rəsmiləri tərəfindən manipulyasiya edilə bilər. İkincisi, alimlərin ictimaiyyətin inamını qazanmaq kimi bir öhdəliyi yoxdur. Buna görə də onların bu üç fəzilətə sahib olması və ictimaiyyətin inamını qazanması arzuedilən olsa da, onların akademik azadlığı bu fəzilətlərin heç bir əsasında məhdudlaşdırıla bilməz.

Qərbi Avropa və Şimali Amerikada bir çox universitet əsasən ona görə tənqid edilir ki, o universitetlərdə mühafizəkar və dindar fikirlər az təmsil edilir, tələbələrin müəllimdən gələ biləcək sərt reaksiyadan çəkinmədən öz qeyri-ənənəvi fikirlərini sərbəst şəkildə ifadə edə biləcəyi bir şəraiti professorlar yaratmırlar, sillabuslarda tələbələrin müxtəlif əxlaqi və siyasi inamları və ailə keçmişləri nəzərə alınmır. Əlavə olaraq, bir çox universitet professorları da (qeyri-müəyyən bir termin olan) sosial ədalətin alimlərin həqiqət axtarışından vacib olduğunu və müəllimlərin (tarixi olaraq əzilmiş) qrupların (xalqların) hisslərinə toxuna biləcək ideyaları rədd etməli olduğunu iddia edən qruplara qarşı akademik azadlığın müdafiə edilməsinin vacibliyini qeyd edirlər. Bunlar həm maraqlı, həm də Qərbdə qızğın müzakirəsinin getdiyi mövzular olsalar da, onlardan yalnız bir neçəsi Azərbaycan misalı üçün uyğundur və məqalənin geri qalan hissəsində də məhz həmin misallar müzakirə ediləcək.

Akademik azadlığın əsaslandırılması

Məqsədim akademik azadlığın universitet üçün ən vacib dəyər olduğunu göstərmək olduğundan, mənim ifadə azadlığını müdafiə etməyim də bu kontekstdə nəzərə alınmalıdır. Daha dəqiq desək, mən universitet daxilində və xaricində hər bir alimin azadlığını müdafiə edirəm. Akademik azadlığın dəyərdən azad əsaslandırılmasına çalışmıram, çünki akademik azadlığı müdafiə etmək üçün başqa dəyərlərə istinad edəcəyəm. Filosof başqalarının müəyyən bir dəyəri qəbul etməsi üçün onları buna inandırmağa çalışarkən başqa bir dəyərə istinad edirsə, onun arqumenti öz gücünü itirir, çünki biz istinad edilən əxlaqi və ya siyasi dəyərləri qəbul etmiriksə, onda filosofun arqumenti də bizi onun istədiyi dəyəri qəbul etməyə inandıra bilməyəcək. Məsələn, əgər filosof ifadə azadlığının bir dəyər olması arqumentini utilitarian nöqteyi nəzərindən əsaslandırıb, ifadə azadlığının ən azından cəmiyyət üçün ictimai faydanı və xoşbəxtliyini artırmağa meyilli olduğunu desə, biz deyirik ki, filosof utilitarianizmi rədd edənlər üçün petitio principii səfsətəsindən istifadə edir. Yəni istinad etdiyi dəyərin artıq doğru dəyər olduğunu güman edərək arqumentini qurur. Onun arqumenti doğru və ya yanlış ola bilər və çox güman ki, tarixi nöqteyi nəzərdən bu utilitarian arqumenti dəstəkləyən güclü dəlillər də tapa bilər. Lakin biz utilitarian premisini qəbul edərək doğru əxlaqi addımın ümumi faydanı artıran seçim olduğunu qəbul etmədiyimiz halda, biz nə ifadə azadlığının, nə də akademik azadlığın əhəmiyyəti ilə bağlı gəlinən nəticəni qəbul etməyəcəyik.

Lakin mən başqa bir dəyərə istinad edərək bir dəyəri müdafiə etmək çətinliyindən müəyyən dərəcədə yayınıram, çünki akademik azadlığın müdafiəsini altı fərqli dəyər əsasında qururam. Akademik azadlığı tənqidçilərinin arqumentlərindəki bir ziddiyyəti təsvir edirəm. Qeyri-ardıcıllığın əleyhinə olan bu arqument ilə göstərirəm ki, bir universitetin öz alimlərinin akademik azadlığını məhdudlaşdırması məntiqsizlikdir. Beləliklə, güman edirəm siz qəbul edirsiz ki, insan gərək öz arqumentlərində ardıcıl olsun. Məsələn, əgər siz restoran açsanız mən məntiqli olaraq güman edərəm ki, siz müştərilərə qida və içki satmaqla pul qazanmaq istəyirsiz. Amma əgər siz öz restoranınızda kərpic və sement satsanız, məntiqli bir insan sizə təklif edər ki, öz yerinizin adını “restoran”dan dəyişib “tikinti/inşaat materialları mağazası” qoyasınız. Əgər bu təklifi rədd etsəniz, insanlar sizi ciddiyə almayacaq və çox güman ki, sizi lağa qoyacaqlar. Çünki restoranın funksiyası inşaat malları mağazasının funksiyasından fərqlidir. Oxşar olaraq, ardıcıllıq arqumenti ilə məqsədim onu göstərməkdir ki, əgər öz yerinizin adını universitet və ya akademiya və ya istənilən ali təhsil müəssisəsi qoyursunuzsa, onda siz akademik azadlığı müdafiə etməlisiniz.

Ardıcıllıq dəyərinə istinad etdiyim ardıcıllıq arqumentinə əlavə olaraq, akademik azadlığın müdafiəsində rasionallıq, açıq fikirlilik, libertarian, utilitarian, kreativlik və müxtəliflik arqumentlərini də irəli sürürəm. Əgər siz ardıcıllığın dəyərini qəbul edirsinizsə, artıq çoxdan mənim arqumentimə inanmış olacaqsız. Lakin əgər ardıcıllığın əhəmiyyətsiz olduğuna inanırsızsa, onda digər dəyərlərə istinad edərək sizi inandıracağımı ümid edirəm. Birincisi, inanclarımızda doqmatik və ya irrasional olmamalı olduğumuzu qəbul edənlər həm də mənim doqmatizm və irrasionallıqdan yayınmaq məqsədi daşıyan açıq fikirlilik və rasionallıq lehinə olan arqumentlərimi qəbul edəcəklər. İkincisi, azadlığın əhəmiyyətli olduğunu qəbul edənlər və qərarlarımızda birinci növbədə bu qərarın azadlığımızın sərhədlərini artırıb-azaltdığını nəzərə almalı olduğumuzu düşünənlər həm də mənim akademik azadlığı libertarian nöqteyi-nəzərdən müdafiəmi qəbul edəcəklər; belə ki, alimlərin azadlıqları məhdudlaşdırıla bilməz, çünki əks təqdirdə biz onların fundamental əxlaqi hüquqlarını pozmuş olarıq. Üçüncüsü, cəmiyyətimiz üçün ictimai faydanı və xoşbəxtliyi artırmağa əxlaqi öhdəliyimizin olduğunu düşünənlər mənim akademik azadlığı utilitarian mövqedən əsaslandırmağım ilə də razı qalacaqlar, çünki alimlərin azad tədqiqat aparmağına imkan vermək bütün cəmiyyət üçün daha yaxşı nəticələr hasil edir. Amma hələ də ardıcıllığın, açıq fikirliliyin, rasionallığın, azadlığın və faydalılığın dəyərini inkar edirsinizsə, onda bir az da gözləyin, çünki ümid edirəm ki, ən azından kreativlik və müxtəlifliyi dəyərli hesab edirsiz. Əgər onların dəyərini qəbul edirsinizsə, sonuncu arqumentim sizə dəqiq olaraq akademik azadlığın müdafiəsinin əhəmiyyətini göstərəcək, çünki müxtəlif tədqiqat metodlarının istifadəsinə imkan vermək akademiyada kreativlik və müxtəlifliliyə töhfə verəcək.

Ardıcıllıq arqumenti budur ki, universitetin məqsədinin öz alimlərinin intellektindən faydalanmaq olduğunu deyən universitet ideyası üçün akademik azadlığın məhdudlaşdırması qeyri-ardıcıldır. Universitetlər alimləri müəyyən bir sahədə mütəxəssis olduqları üçün işə götürür və alimlərə onların fikirlərinə qulaq asmaq üçün maaş verir, çünki alimlərin fikirləri adətən daha dəyərli, əsaslandırılmış və doğru olur. Bu baxımdan, öz alimlərinin akademik azadlığını məhdudlaşdırmaq məntiqsizlikdir, çünki bunu edərək sən həm də öz akademik sahələrinə töhfə verməsi və özlərinin və ya başqalarının tədqiqatlarını tələbələrə tədris etməsi ümidi ilə işə götürdüyün adamın elmi məhsuldarlığını məhdudlaşdırmış olursan. Başqa sözlə, siz də məni bağışlayın, akademik azadlığı məhdudlaşdıran universitet administratorları sanki həm it saxlayırlar, həm də özləri hürürlər (Moodie 1996, 141).

Akademik azadlıq elm adamlarının üstünlüyü kimi başa düşülməməlidir, çünki akademik azadlıq “universitetin yerinə yetirməli olduğu iş üçün” zəruri şərtdir (sitat götürülüb Moodie 1994, 141). Həqiqəti axtarmaq və yeni baxışlar gətirməsi üçün insanları işə götürürsünüzsə, onlara öz işlərini görməyə imkan verilməlidir.

Əlavə olaraq, qeyd edildiyi kimi, akademik azadlığın ən geniş yayılmış əsaslandırılmalarından biri budur ki, akademik azadlıq məhdudlaşdırılsa, alimlər effektiv şəkildə tədqiqat apara bilməzlər. Əgər qəbul edilmiş ortodoks fikirlərə qarşı nəsə yazsalar, həmin alimlər ciddi problemlərlə üzləşərlər. Nəticədə akademik azadlığın məqsədi alimlərə sərbəst şəkildə tədqiqat aparıb əldə edəcəkləri fikrin heç bir sosial, siyasi və ya əxlaqi nəticələri barədə tədqiqat prosesi zamanı düşünmədən tədqiqatın məntiqi sonluğuna çatmaqdır. Azad tədqiqat sənin öz arqumentlərini məntiqi sonluğa qədər inkişaf etdirə bildiyin tədqiqatdır. Əgər tədqiqat prosesi zamanı görsən ki, araşdırmanın siyasi nəticələrinə görə təqiblərə məruz qalacaqsan, o zaman aydın məsələdir ki, bu, azad tədqiqat deyil. Akademik azadlığın tənqidçisi deyə bilər ki, alimlərin işi ancaq qəbul edilmiş ortodoks fikirləri onlara heç bir şey əlavə etmədən tələbəyə ötürməkdir. Lakin bu fikrə asanlıqla cavab vermək olar. Belə ki, alimin işi “təkcə keçmişdən əldə edilmiş həqiqəti [tələbəyə] ötürməkdən” ibarət deyil, həm də biliyin istehsalında iştirak etməkdir (Moodie 1996, 137). Alim təkcə universitet müəllimi deyil, o ilk növbədə tədqiqatçıdır. Buna görə də universitetlər alimlərin tədqiqat aparmağa marağının və vaxtının olması üçün uyğun şərait yaratmalıdır.

Açıqfikirlilik arqumenti budur ki, əgər öz fikrinin doğru olduğuna və bu fikrə qarşı çıxan hər bir fikrin qadağan edilməli, basdırılmalı olduğuna inanırsansa, onda öz fikrinin doğru olması inancının ziddinə gedirsən, çünki öz fikrini sorğulamayana qədər heç vaxt onun doğru olub-olmamasından əmin ola bilməzsən. Doğru olduğuna inandığın istənilən fikrin tənqidini yanlış hesab etdiyinə görə akademik azadlıq və ya ifadə azadlığına qarşı çıxmaq o deməkdir ki, sən öz fikirlərinin qüsursuz, yanılmaz olduğunu güman edirsən. Lakin sənin fikirlərin yanılmaz deyil və heç kimin “bütün insanlar üçün [istənilən bir] məsələni müəyyən etmək və hər bir kəsi də mühakimə vasitələrindən məhrum etmək səlahiyyəti” yoxdur (Mill 2009, 30). Mövzumuzun hər bir detalını bilmək üçün bizim həmin mövzu ilə bağlı bütün müxtəlif fikirlərlə tanış olmağa ehtiyacımız var. Bu fikir mübadilələri nəticəsində biz (1) mövzu ilə bağlı biliyimizi testdən keçirdib fikrimizin doğru olduğundan əmin ola bilərik, (2) fikrimizə qarşı yönləndirilmiş tənqidlərin əsaslılığını qəbul edərək fikrimizin bəzi aspektlərini dəyişdirə (3) və ya ümumiyyətlə fikrimizin doğruluğundan imtina edə bilərik. Bu üç halın hər birində biz mövzu ilə bağlı biliyimizi zənginləşdirəcəyik və ən azından həqiqətə daha da yaxınlaşacağıq. Buna görə də başqalarının sənin doğru olduğuna inandığın fikirləri tənqid etmək imkanını inkar etsən, doqmatik yanaşmış olarsan.

Əvvəlki arqument belə bir güman üzərinə qurulub ki, sizinki də daxil olmaqla heç kimin fikirləri yanılmaz deyil. Lakin bəzi insanlar iddia edə bilər ki, məsələn, onlar tək doğru Allaha ibadət edirlər və onlar tamamilə əmindirlər ki, onların Allahı nə deyirsə düzdür. Oxşar olaraq, bəzi insanlar deyə bilərlər ki, hansısa bir səbəbə görə onlar xüsusidirlər və intellekt ilə digər müvafiq xüsusiyyət baxımından bütün insanlardan daha üstündürlər. İndi sizə rasionallıq arqumentini[iv] təklif edəcəyəm. Arqument xatirinə hesab edək ki, həqiqətən də siz doğru Allahı tapmısınız, ya da siz həqiqətən də super-insansınız, başqa sözlə desək, siz və ya sizin inanclarınız/fikirləriniz yanılmazdır. Burada sizin doğru Allahı tapmaq və ya super-insan olmaq ehtimalınız məsələsi ilə maraqlanmıram – sadəcə güman edirəm ki, düz deyirsiniz. Əgər sizin fikirləriniz yanılmazdırsa, onların yanılmazlığını başqa insanlara sübut etmək istəməzdiniz? Beləcə sizi tənqid edənləri də inandırarsınız və onlar da sizin dininizə keçərlər, ya da sizin onlardan üstün olduğunuzu qəbul edərlər.

Ağlı başında olan, məntiqli insanlar müxtəlif məsələlərdə bir-birləri ilə razılaşmaya  bilər və əgər sizin fikirləriniz yanılmazdırsa, daha yaxşı olardı ki, fikrinizin doğru olduğunu sübut etmək üçün digər insanlara harada səhv etdiklərini izah edəsiniz. Beləliklə, onlara özlərinin yanlış fikirlərindən imtina edib, sizin doğru fikrinizi qəbul etməkdə kömək etmiş olarsınız. Əks halda insanlar sizin fikrinizin həqiqiliyinə inanmayıb onu “dəqiqliklə başa düşmədikləri və ya rasional əsasının olmadığını hiss etdikləri üçün [sizin fikrinizə] qərəzli yanaşacaqlar” (Mill 2009, 89). Amma israr etsəniz ki, heç kimə özünüzü sübut etməyə ehtiyacınız yoxdur, o zaman bütün insanların öz fikirlərinin doğru olduğuna inandığı və heç kimin bir-birinə tolerant yanaşmadığı cəmiyyətdə yaşamaq istəyərdiniz? Heç kimin heç bir məsələdə bir-biri ilə razılaşmadığı belə bir cəmiyyət arzuediləndirmi? Yoxsa siz özlərini sübut edə biləcəklərinə və başqalarının fikrini dəyişdirə biləcəklərinə əmin olduqları üçün hətta yanılmaz fikirləri olan bütün insanların belə tənqidə açıq olduğu bir cəmiyyətdə yaşamaq istərdiniz? Amma siz yenə də ikinci cəmiyyəti seçib hələ də israr etsəniz ki, sizin fikirlərinizin yanılmaz olması iddiası istisna hal kimi qəbul edilməli və sizə qarşı yönəldilmiş istənilən tənqid qadağan edilməlidir, bu zaman sizin arqumentiniz sadəcə olaraq əsassız olacaq, çünki heç kimin həqiqət və ya əxlaq üzərində inhisarı yoxdur.

Akademik azadlığın lehinə olan dördüncü arqument isə bütün insanların istənilən məsələ barədə fikrini ifadə etmək azadlığının olduğunu və onların ifadə azadlığının məhdudlaşdırılmamalı olduğunu iddia edən libertarian arqumentdir. Bu arqumentə görə siz başqalarına zərər vurmadığınız halda istədiyinizi etməkdə azadsınız. Və burada “zərər” deyilərkən başqasının hisslərinə toxunmaq yox, başqasına fiziki zərər vermək və ya onu təhdid etmək nəzərdə tutulur. Libertarianların çoxu neqativ azadlığı (nədənsə azadlıq; məhdudiyyətlərin olmadığı hal) qəbul etsələr də, bəzi müasir libertarianlar həm də positiv azadlığı (nəyəsə azadlıq; nəsə etmək üçün gücə sahib olmaq) qəbul edirlər. Ceyson Brennan tərəfindən verilmiş taksonomiyaya əsasən, geniş mənada götürsək libertarianizm daxilində üç məktəb var: klassik liberalizm, radikal libertarianizm və neoklassik və ya ürəyi qanayan libertarianizm (Brennan 2012, ss. 8, 29). Hər üçü azadlığı dəyərli hesab etsə də, radikal libertarianlar adətən azadlığı deontoloji əsaslarla müdafiə etdiyi halda, digər iki qrup azadlığın teleoloji dəyərini vurğulayırlar, yəni iddia edirlər ki, azadlıq daha yaxşı nəticə hasil etməyə meyilli olduğu üçün dəyərlidir. Burada mən yalnız azadlığın deontoloji müdafiəsinin xülasəsini verəcəyəm. Bu arqumentə görə, hər bir fərdin toxunulmaz hüquqları var və buna görə də siz fikirlərinizə qarşı yönəldilmiş istənilən tənqidi özünüzü sübut etmək üçün sizə fürsət verdiyinə görə yox, sizi tənqid edənləri qadağan etmək, cəzalandırmaq, ya da öz fikirlərinizi başqalarının iradəsinin ziddinə gedərək onlara məcbur qəbul etdirmək hüququnuz olmadığı üçün xoş qarşılamalı və onlara dözməlisiniz.

Libertarian arqumentə görə sizin insanları təhdid etmək və ya fiziki olaraq onları dayandıraraq fikirlərini ifadə etməsinin qarşısını almağa hüququnuz yoxdur. Bir fərdin başqalarının fikirlərini qadağan etmək hüququ olmadığı kimi, icmanın da bir fərdin fikirlərini qadağan etmək hüququ yoxdur. Con Stüart Millin qeyd etdiyi kimi, “əgər bir nəfəri çıxmaqla bütün bəşəriyyət eyni fikirdədirsə və təkcə bir nəfər əks fikirdədirsə, necə ki həmin fərdin gücü olsaydı bəşəriyyəti susdurmağı əsaslandırıla bilməzdi, eləcə də bəşəriyyətin həmin fərdi susdurması əsaslandırıla bilməz” (Mill 2009, 29). Bundan başqa hətta sizin elə imkanınız olsa ki, məsələn, əgər bircə nəfərin hüququnu pozsanız Y cəmiyyəti əmin-amanlıq içində qalacaq, yenə də cəmiyyət üçün ictimai faydanı (bu misalda sülhü) artırmaq və ya qoruyub saxlamaq məqsədilə həmin fərdin hüquqlarını poza bilməzsiniz. Çünki fərdlər böyük amallar üçün vasitə kimi istifadə edilə bilməz, siz əxlaqi məhdudiyyətləri poza bilməzsiniz (Nozick 1999, 29).

Akademik azadlığın lehinə olan beşinci arqument isə əxlaqi olaraq doğru olan seçimin fərdin özü, həmçinin cəmiyyət üçün faydanı və xoşbəxtliyi artıran seçim olduğunu iddia edən utilitarian arqumentdir. Alimlərinin tədqiqatlarına görə universitetlər nəticədə bütün cəmiyyətə fayda verəcək bilik istehsalında və kəşflərdə ən qabaqcıl təsisatlardır. Və akademik azadlıq olmadan alimlər öz potensiallarını tam olaraq həyata keçirə bilməzlər. Buna görə də ümumi faydanı artırmaq naminə – xüsusi sahələrdə həqiqəti kəşf etmək və yeni baxışlar gətirmək üçün  universitetlər akademik azadlığı qorumalıdır. Bu arqumentə belə xülasə vermək olar ki, “əks fikirləri müdafiə edə bilməmək (…) dünyanın hələ bilmədiyi yeni ideyaları və elmi yenilikləri yaradan mühərriki riskə atır” (Cole 2015, 41). Ardıcıllıq arqumentində deyildiyi kimi alimlər tədqiqatlarının məntiqi sonluqlarının siyasi, iqtisadi və ya əxlaqi nəticələri ilə bağlı narahatlıq keçirirlərsə, bu, azad tədqiqat deyil. Və akademik azadlıq müdafiə edilməyənə qədər alimlər tədqiqat aparmaqda daha az maraqlı olacaqlar və hətta tədqiqat aparsalar da təqiblərdən və hədələrdən qorxduqları üçün onun nəticələrini dərc etməyə həvəssiz yanaşacaqlar.

Sonuncu arqumentim akademiyadakı fikirlərin və metodların kreativliyi və müxtəlifliyi dəyəri üzərinə qurulub. Akademik azadlıq alimləri özlərini sərbəst şəkildə ifadə etməyə və tədqiqatlarında müxtəlif metodlardan istifadə etməyə təşviq edir. Bilqrami qeyd edir ki, əks sübut və əks arqument gətirənlərin fikirlərini qadağan etmək, onlara təzyiq göstərməkdən başqa da akademik qeyri-azadlığın daha az aydın görünən forması var; bu sonuncu akademik qeyri-azadlıq formasında “həqiqəti axtarmaq üçün istifadə edilən alternativ metodlar bizim tədqiqatlarımızın üfüqündə görünə bilmirlər” (Bilgrami 2015, 19). Bu başlıca olaraq ona görə baş verir ki, akademik konsensus alimləri “alternativ metodların inkişaf etdirilməsinin” əleyhinə təşviq edir və bu konsensusun üzvləri özlərinin üstün mövqelərini görməyə ya həvəssiz olurlar, ya da onu görməyi bacarmırlar; bu da öz növbəsində onların aşağıdakı mövqeləri, metodları görmələrini daha da çətinləşdirir (Bilgrami 2015, 19).

Azərbaycandakı akademik azadlığın vəziyyətinin “təqib”, “hədə-qorxu”, “siyasi təzyiq”, “susdurmaq”, “beyin yumaq” və s. kimi sözlərlə dəqiqliklə təsvir etməyin mümkün olduğunu başa düşsək də, akademik qeyri-azadlığın başqa formalarının mövcud ola biləcəyini də nəzərə almağımız vacibdir. Belə ki, “qeyri-ənənəvi tədqiqat metodları ilə işləyən bir alim digər professorlar tərəfindən lağa qoyulmaq və narahat edilməkdənsə tam səmimiyyətlə bəxtsiz, yadlaşmış və yazıq adam kimi yuxarıdan baxılırsa” burada da akademik qeyri-azadlıqdan danışa bilərik (Bilgrami 2015, 22). Başqa sözlə desək, Azərbaycandakı akademik qeyri-azadlıq dəhşətli dərəcədə aydın və primitivdir. Lakin həm “primitiv,” həm də “mürəkkəb” versiyalarında akademik qeyri-azadlıq kreativlik və müxtəliflik üçün zərərlidir. Əgər akademik azadlıq basqılardan, həmçinin yuxarıda qeyd edilmiş doqmatizmdən müdafiə edilsə, onda bizim kreativ və müxtəlif fikirləri ilə tədqiqat metodları olan alimlərimiz olar.

Azərbaycan universitetlərində akademik qeyri-azadlığın təsirləri

Azərbaycandakı dövlət universitetləri öz alimlərinin akademik azadlığını qorumadığı halda, bu universitetlər heç bir bilik istehsalında iştirak etmədən sadəcə olaraq vergi ödəyicilərinin və ya ictimaiyyətin pulunu israf etməyə davam edəcəklər. Eynilə, əgər ölkədəki özəl universitetlər ancaq pul müqabilində dəyərsiz diplom paylayan “diplom maşınları” olmaq əvəzinə universitet olmaq istəyirlərsə, texnologiya və innovasiyaya pul ayırmaqla yanaşı birinci növbədə akademik azadlığı qorumalıdırlar. Universitet gəlir əldə etmək məqsədilə qurulmuş iqtisadi müəssisə deyil və özəl universitetlərin sahibləri “obyekt”lərini restoran kimi işlədirsə, onda o, ümumiyyətlə, universitetin məqsədini anlamır. Əlavə olaraq, həm dövlət, həm də özəl universitetlər akademik azadlığı qorumasa, onlar həm də tələbələrinin vaxt və pulunu israf etmiş olacaqlar və daha da vacib məsələ odur ki, bu universitetlər bazar üçün diplomlu səriştəsiz məzunlar hazırlamağa davam edəcəklər və bu səriştəsiz “ekspertlər” öz müştərilərinə çox güman ki, keyfiyyətli xidmət göstərməyi də bacarmayacaqlar.

Azərbaycanlı alimlərin fəaliyyəti adətən siyasi səbəblərlə məhdudlaşdırılır. Məsələn, 2013-cü ilin dekabrında Bakı Dövlət Universiteti (BDU) “müxalifətin prezidentliyə vahid namizədi Cəmil Həsənliyə yeni dərs verməkdən imtina edərək onu müəllim mövqeyindən məhrum etdi” (USDS 2014). Yaxud da iddiaya görə 2016-cı ildə tarixçi Yadigar Türkel kitablarının birində Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişini dövlət çevrilişi olaraq xarakterizə etdiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) işdən çıxarılıb. AMEA-nın göstərdiyi hüquqi səbəblər fərqli olsa da və Türkel özü bu iddiaları rədd etsə də, onun işdən çıxarılmasının əvvəl AMEA-dan həmkarı olan Xalid Bəşir açıq şəkildə dedi ki, AMEA Fəlsəfə İnstitutunun alimləri Türkelin mərhum prezident Əliyev haqqındakı “əsassız” iddialarını pisləyib və İnstitut vurğulayıb ki, “Türkel kimi əxlaq sahibi bizim sıralarımızda işləyə bilməz” (Moderator 2016). AMEA asan, tənbəl və qorxaq olan yolu seçdi: alimlə debata girmək əvəzinə onu susdurdu. Kimisə susdurmaq qaba güc, onunla debata girmək isə intellekt tələb edir.

Digər bir hadisə isə tarixçi Altay Göyüşovun siyasi ideyaları, hökumətə qarşı yönəltdiyi sərt tənqidləri və son olaraq da Azərbaycan hökumətini ölkədəki müxalifəti və azad medianı təqib etdiyi halda demokratiyaya olan bağlılığı iddiasının riyakarlıq olduğunu iddia etdiyi Foreign Policy jurnalında çıxan məqaləsinə görə ölkənin ilk və ən böyük universiteti olan BDU-dan işdən çıxarılması idi (USDS 2014; Göyüşov 2014). BDU əslində Göyüşovun iddialarını haqlı çıxardı. Sonuncu məqalənin nəşrindən əvvəl də universitet bir neçə dəfə onu işdən çıxarmağa cəhd etmişdi. Bu cəhdlərin birində BDU-nun həmin dövrdəki rektoru Abel Məhərrəmov iddia etdi ki, Göyüşov dərslərə gəlmir və onun işdən çıxarılmasında heç bir siyasi motiv yoxdur. Lakin Məhərrəmovun bəyanatı onun hərəkətinin arxasında dayanan həqiqi səbəbi açıq şəkildə göstərirdi. Müsahibələrinin birində Məhərrəmov onun nəzərində alim üçün prioritetin nə olduğunu belə izah edirdi: “mənə elə gəlir ki, milli təəssübkeşlik öndə olmalıdır, sonra savad, intellekt” çünki, o, davam edirdi, “Azərbaycan gəncinin problemləri daha çoxdur (…) məsələn, Amerika gəncinin vətəni qorumaq haqqında düşüncəsi yoxdur, Amerikada millət yoxdur, vətəndaşlıq mövqeyi var (…) ancaq bizim gənc vətəni qorumalıdır (Məhərrəmov 2015). Məhərrəmov və Bəşərin alimin prioritetinin milli təəssübkeşlik olduğu və alimlərin əxlaqının onların keçmiş prezidentə sadiqliyi ilə ölçüldüyü iddiaları barədə fikir söyləmək istəyərdim, amma əminəm ki, onların bəyanatlarının heç bir izaha ehtiyacı yoxdur.

Akademik azadlıq həmçinin alimlərin maraqlarını nəzərə almadan istədikləri hər şeyi etməyə hüquqlarının olduğuna inanan universitet rektorları və dekanları tərəfindən də məhdudlaşdırılır. Akademik sahənin nə olmasından asılı olmayaraq – tarix, siyasi elmlər, biologiya, fizika, kimya, coğrafiya, ədəbiyyat və s.  bir alim kimi öz işlədiyin universiteti tənqid etməyə cürət etsən ya təqiblərə məruz qalacaqsan, ya sənə hədə-qorxu gələcəklər, ya da rektor və ya dekanın otağına çağırıb sənə “məsləhət” verəcəklər. İyerarxik struktur o qədər aydın nəzərə çarpır ki, rektor və ya dekanın tənqid edilməsinin qadağan olduğunu alimə deməyə ehtiyac belə yoxdur – bu, onsuz da aşkardır. Məsələn, rektorlar və ya dekanlar müəllimdən icazə almadan istədikləri vaxt auditoriyaya daxil olub müəllim və ya tələbələrə sual verə bilərlər. Onların bəziləri inanırlar ki, hətta onların müəllimi danlamağa da haqları çatır. Rektorların qəbul otağı adətən Azərbaycan universitetlərindəki sərt nizam-intizamı və rektorların öz “rəiyyət”i ilə rəftarını görmək üçün ən yaxşı yerdir (həmçinin bax Göyüşov 2011).

Akademik qeyri-azadlığın mənfi tərəflərindən biri də budur ki, universitetlər tələbələrə keyfiyyətli təhsil verə bilmirlər və nəticədə onlar öz ixtisasının əsaslarını belə çətinliklə başa düşən səriştəsiz məzunlar yetişdirirlər. Mənim sahəm siyasi elmlər (nəzəriyyə) olduğundan və ictimaiyyətdə politoloqlar daha məşhur olduğundan, hesab edirəm ki, bəzi ekspertlərin səriştəsizliyini göstərmək üçün bir neçə misal vermək uyğun olardı. Məsələn, gəlin bakalavr təhsilini BDU-dan “Şərqşünaslıq” ixtisası üzrə, magistr təhsilini isə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsindən alan və hazırda Bakıdakı özəl universitetlərin birinin Siyasi Elmlər Məktəbindən dərs keçən keçmiş diplomat Fikrət Sadıxova nəzər salaq. Müsahibələrinin birində “politoloq olmaq üçün müvafiq ixtisas üzrə təhsil almaq şərt deyilmi?” sualına Sadıxov “politoloq cəmiyyət tərəfindən qəbul olunmalıdır. Politoloqun müəyyən oxucu auditoriyası olmalıdır [və] politoloq üçün əsas göstərici onun şərhlərinin cəmiyyət tərəfindən qəbul edilməsidir” deyərək cavab verib (Əhmədli 2016 vurğu əlavə edilib). BDU-nun “Mexanika-Riyaziyyat” fakültəsindən məzun olmuş və Sadıxov ilə eyni universitetdə dərs deyən digər tanınmış azərbaycanlı politoloq/siyasi ekspert Elxan Şahinoğlu isə eyni sualı siyasi elmlərdən “başqa ixtisası oxuyub daha sonra politologiyaya keçid edənlərlə bağlı oxucu qərar verməlidir” deyə cavablandırıb (Əhmədli 2016). Özünü politoloqdan ziyadə “siyasi analitik” adlandıran Arzu Nağıyev isə sadəcə olaraq deyib ki, “bu [siyasi analitika/politologiya] əslində Allah tərəfindən insana verilən bir vergidir” (Əhmədli 2016). AMEA-nın İnsan Haqları İnstitutunun əməkdaşı Elşad Mirbəşiroğlu deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan “saxta liderdir [və] xarici qüvvələrin bir aləti idi.” O eyni zamanda əlavə edir ki, “Post-sovet ölkələrində [Gürcüstan və Ukrayna] baş vermiş rəngli inqilabların heç biri nəticəsində xalq heç nə əldə etmədi” (İkisahil 2018; politoloq və ekspertlərin istifadə etdiyi dil üçün bax, Novruzov 2018).

Siyasi ekspertlərin bu şərhləri təkcə bir sahədəki hazırkı vəziyyəti göstərir və Azərbaycandakı digər sahələr, xüsusən də humanitar elmlər də öz keyfiyyətinə görə heç də siyasi elmlərdən fərqlənmirlər. Əgər bir Azərbaycan universitetində oxumusunuzsa, inanıram ki, sizin də bütün qrupun xəbərdar olduğu və yəqin ki, məsxərəyə qoyduğu bir çox səriştəsiz müəllimləriniz olub. Bu ekspertlərin bir çoxu universitetlərdə dərs deyirlər, çünki ya universitet rəhbərlikləri peşəkar politoloqlar tapa bilmirlər, ya onlar da işə götürdükləri insanların səriştəsiz olduqlarını dərk etmirlər, ya da elə hesab edirlər ki, universitet müəllimi üçün ən vacib şey peşəkar olmaq yox, sadiqlik və “yaxşı insan olmaq” kimi başqa şeylərdir. Bu ekspertlər həmçinin televiziya proqramlarına siyasi şərhlər vermələri üçün dəvət edilirlər, jurnalistlər onlardan müsahibə alıb onları ekspert kimi təqdim edirlər, ya da ən azından onlar cəmiyyət tərəfindən politoloq qismində sözükeçən fiqurlar olaraq qəbul edilirlər.

Onların suala verdikləri cavablar o qədər gülüncdür ki, cavablara şərh verməyəcəyəm. Demək istədiyim fikir budur ki, digər bir çox şeylərlə yanaşı akademik azadlıq peşəkar mütəxəssis yetişdirmək üçün zəruri şərtdir. Bu şərt təmin edilməyənə qədər, məsələn, Azərbaycan ictimaiyyəti elə hesab edəcək ki, ekspertin siyasi hadisələri şərh etmək qabiliyyəti Allah vergisidir, ya da ekspertin şərhlərinin keyfiyyətinə qeyri-mütəxəssislər, yəni cəmiyyət qərar verməlidir, ya da siyasi ekspert olmaq müvafiq təhsil tələb etmir. Bu səriştəsiz ekspertlər cəmiyyətə və ya universitetlərdəki tələbələrə nə öyrədə bilərlər axı?

Müzakirə

Universitetlərin məqsədi intellektual ənənəni qorumaq, həqiqəti kəşf etmək və yeni baxış gətirməkdir. Bunun üçün onlar siyasi, iqtisadi, ideoloji, dini və ya başqa növ məhdudiyyətlərdən azad olmalıdırlar. Universitetlər siyasi propaqanda, iqtisadi mənfəət, ideoloji və ya dini indoktrinasiya yeri deyillər. Universitet üçün ən vacib dəyər akademik azadlıqdır, çünki o, bilik istehsalı və azad müzakirələr üçün uyğun şərait yaradır. Vurğulamaq istəyirəm ki, məni ardıcıllığın, rasionallığın, həqiqət axtarışının, azadlığın, faydalılığın, kreativlik və müxtəlifliyin dəyər olmamasına əsaslanaraq tənqid etmək istəyirsizsə, bu, mənim akademik azadlığı müdafiəmi təkzib etməyə kifayət olmayacaq. Bunun üçün siz gərək göstərəsiniz ki, (1) universitet bu sadalanan dəyərlərin arzuedilməz olduğu bir yerdir və ya elə bir yer olmalıdır və (2) universitetin funksiyası bilik istesalı yox, başqa bir şey olmalıdır.

Azərbaycan universitetlərinin sərt nizam-imtizamı və universitet rəhbərliyi ilə alimlər arasındakı birincinin sonuncu üzərində qurduğu dominantlığa əsaslanan qeyri-azad münasibətlər sistemi təkcə akademik müzakirələrin və inkişafın qarşısını almaqla qalmayıb, eyni zamanda alimlərin azadlığını və kreativliyini də məhdudlaşdırır. Ölkədəki akademik azadlığın ağır vəziyyəti açıq-aydın göstərir ki, vəziyyətin belə olmasında məsul olan kəslər ali təhsil müəssələrinə qarşı yuxarıda qeyd edilmiş qeyri-ardıcıl, məntiqsiz yanaşmalarını veclərinə də almırlar. Ardıcıllığın dəyərindən başqa biz həm də bilirik ki, onlar nə rasionallığı, nə açıqfikirliliyi, nə azadlığı, nə faydalılığı, nə də kreativlik və müxtəlifliyi dəyər kimi görmürlər. Bütün bunlar məntiqli bir insan üçün Azərbaycan universitetlərinin universitetin fasadından başqa bir şey olmadığı fikrinə inanmaqdan başqa seçim imkanı qoymur; bu universitetlər mövcud güc strukturunu legitimləşdirmək kimi başqa məqsədlər üçün istifadə edilə bilərlər, lakin aydın məsələdir ki, onlar azad fikir mübadiləsi və tədqiqatlar üçün istifadə edilmirlər.

Bəziləri ilə tanış olmaq şərəfinə də nail olduğum bəzi peşəkar azərbaycanlı alimlər var ki, ideyalarının və ya tədqiqatlarının mümkün siyasi nəticələrinə görə ehtiyat edirlər. Bəziləri hətta universitetlərdəki akademik qeyri-azadlıq və təhsil müəssisəsini şəxsi restoranları kimi işlədən səriştəsiz rektor və dekanların dözülməz davranışlarına görə heç universitetlərdə də işləyə bilmirlər. Azərbaycan universitetlərində hazırkı akademik qeyri-azadlıq başlıca olaraq ölkədəki siyasi qeyri-azadlıqdan qaynaqlansa da, rektor və dekanların səriştəsizliyi və uyğunsuz hərəkətləri də mövcud vəziyyəti pisləşdirir.

1892-ci ildə Çikaqo Universitetinin ilk prezidenti Uilliam Reini Harper vurğulayırdı ki, “istənilən bir səbəbə görə (…) universitet administrasiyası bir professoru siyasi və ya dini görüşlərinə görə işdən çıxarmağa cəhd etsə, həmin anda həmin təsisat universitet olmaqdan çıxır” (sitat götürülüb Stone 2015, 5). O zaman, həqiqətən Azərbaycanda bir dənə də olsun universitet varmı? Bu suala mənfi cavab vermək üçün çox səbəbimiz olduğundan, deyə bilərik ki, universitet administratorlarının ilk olaraq akademik azadlığın əhəmiyyətini başa düşməyə və adsız binalarını universitetə çevirmək üçün müvafiq dəyişiklikləri etməyə ehtiyacları var.

 

[i] Prima facie (lat. ilk baxışda) sübut – kifayət qədər dəlil olduğu üçün əlavə dəlilə ehtiyac olmayan vəziyyət.

[ii] Bu yazıda universitetin azadlığını, yəni ali təhsil müəssələrinin öz qərarlarını azad verməsini və akademik idarəetməni, yəni dərs materiallarının hazırlanması, tələbələrin qəbul və ixrac edilməsi, müəllimlərin universitet daxilindəki təyinatı, tələbələrin işlərinin qiymətləndirilməsindəki standartlar, “fakültə və ya kafedralar arasında mövcud resursların bölüşdürülməsi” və s. kimi məsələləri müzakirə etmirəm (Moodie 1996, 131).

[iii] Məsələn, bir biologiya müəllimi təkamül nəzəriyyəsini müdafiə edərək dindar bir tələbənin, yaxud da siyasi fəlsəfə müəllimi dövlətin avtoritetinin olmadığını müdafiə edərək dövlətçi bir tələbənin “xətrinə dəyə” bilər. Burada müəllimin məqsədi kiminsə hisslərinə toxunmaq deyil, lakin biz yeni bir məlumat öyrənəndə, yeni dəyərlərlə tanış olanda bəzən yeni öyrəndiklərimiz və ya yeni eşitdiyimiz fikirlər əvvəlki inanclarımızla ziddiyyət təşkil edir. Bu zaman isə ola bilər ki, yeni məlumat bizim dini, milli, mənəvi inanclarımızla ziddiyyət təşkil etdiyi üçün bizim xətrimizə dəysin. Müəllimlər tələbələr üçün həssas ola biləcək mövzulardan danışdıqda dərs naminə, tələbələrə yeni nəsə öyrətmək naminə avtomatik olaraq onların xətrinə dəymək riskini də gözə almış olurlar.

[iv] Kimsə deyə bilər ki, “Mən başa düşürəm ki, rasionallıq akademiya üçün vacibdir, amma bu mənim vecimə də deyil. Mənim üçün rasional olub-olmamağın fərqi yoxdur.” Məsələn, mən deyə bilərəm ki, “dünya tezliklə məhv olacaq.” Amma mənim heç bir dəlilim yoxdursa və heç kimin də mənim fikrimi tənqid etməsinə, ya da nəsə sual verməsinə imkan vermirəmsə, öz fikrimin doğru olduğundan necə əmin ola bilərəm axı? Mən deyə bilərəm ki, “sadəcə olaraq belə hiss edirəm” amma bu, artıq arqument deyil, sadəcə bir hissdir, yəni irrasionaldır. Onda mən deyə bilərəm ki, “deyirəm dünya tezliklə məhv olacaq və fikrimi müdafiə etmək üçün əlimdə heç bir dəlil yoxdur. Həmçinin istənilən tənqidi fikir söyləyəni cəzalandıracam. Heç kəs mənim fikrimə qarşı çıxmağa cürət edə bilməz. İnanclarımda, ya da arqumentlərimdə rasional olmaq mənim vecimə də deyil. Ona görə də kəs səsini! Və mənim fikrimi sorğulamadan qəbul et.” Bu halda biz haqlı olaraq deyə bilərik ki, mənim üçün rasionallıq dəyər deyil. Burada da mən rasionallığın “dəyəri” ifadəsini bu konteksdə işlədirəm.

 

Ədəbiyyat siyahısı

AAUP. “AAUP’s 1915 Declaration of Principles.” The American Association of University Professors, 1915.

Əhmədli, Ceyhun. “Həkim, Riyaziyyatçı, Tarixçi… – Politoloqlarımız,” 2016. http://femida.az/az/news/35548/H%C9%99kim,-riyaziyyat%C3%A7%C4%B1,-tarix%C3%A7i…-%E2%80%93-Politoloqlar%C4%B1m%C4%B1z#.W57Avb6unQw.twitter.

Bilgrami, Akeel. “Truth, Balance, and Freedom.” In Who’s Afraid of Academic Freedom?, edited by Akeel Bilgrami and Jonathan R. Cole, 1st ed., 10–26. Columbia University Press, 2015.

Brennan, Jason. Libertarianism: What Everyone Needs to Know. 1st edition. Oxford: Oxford University Press, 2012.

Cole, Jonathan R. “Academic Freedom Under Fire.” In Who’s Afraid of Academic Freedom?, edited by Akeel Bilgrami and Jonathan R. Cole, 1st ed., 40–56. Columbia University Press, 2015.

Göyüşov, Altay. “BDU-Da Modernləşmə Haradan Başlamalıdır…,” 2011. https://www.facebook.com/notes/altay-g%C3%B6y%C3%BC%C5%9Fov/bdu-da-modernl%C9%99%C5%9Fm%C9%99-haradan-ba%C5%9Flamal%C4%B1d%C4%B1r/200718433287355/.

———. “The Two Faces of Azerbaijan’s Government.” Foreign Policy, 2014. https://foreignpolicy.com/2014/12/06/the-two-faces-of-azerbaijans-government/.

İkisahil. Elşad Mirbəşiroğlu: “Paşinyan Hakimiyyətinin Sonu Yaxındır,” 2018. https://www.youtube.com/watch?v=YF__OwhB614.

Məhərrəmov, Abel. Altay Goyushov’s Facebook Profile, 2015. https://www.facebook.com/altaygr/videos/10203342461122329/?permPage=1.

Mill, John Stuart. On Liberty. The Floating Press, 2009.

Moderator. “Hüquqşünas Alim Hacı Xaliq Bəşərin Şok Cavabı,” 2016. http://www.moderator.az/news/125082.html.

Moodie, Graeme C. “On Justifying the Different Claims to Academic Freedom.” Minerva 34, no. 2 (1996): 129–50.

Moody-Adams, Michele. “What’s So Special About Academic Freedom.” In Who’s Afraid of Academic Freedom?, edited by Akeel Bilgrami and Jonathan R. Cole, 1st ed., 40–56. Columbia University Press, 2015.

Novruzov, Əli. “Düşmənin fotorobotu.” Baku Research Institute, August 10, 2018. https://bakuresearchinstitute.org/az/an-identikit-of-enemy/.

Nozick, Robert. Anarchy, State and Utopia. Oxford: Wiley-Blackwell, 1999.

Olsson, Erik J. “The Value of Knowledge: The Value of Knowledge.” Philosophy Compass 6, no. 12 (December 2011): 874–83. https://doi.org/10.1111/j.1747-9991.2011.00425.x.

Stone, Geoffrey R. “A Brief History of Academic Freedom.” In Who’s Afraid of Academic Freedom?, edited by Akeel Bilgrami and Jonathan R. Cole, 1st ed., 1–9. Columbia University Press, 2015.

USDS. “Azerbaijan.” U.S. Department of State, 2014. http://www.state.gov/j/drl/rls/hrrpt/2013/eur/220255.htm.

Williams, Bernard. Truth and Truthfulness: An Essay in Genealogy. 2004 edition. Princeton, NJ: Princeton University Press, 2004.

Zimmer, Robert J. “What Is Academic Freedom For?” In Who’s Afraid of Academic Freedom?, edited by Akeel Bilgrami and Jonathan R. Cole, 1st ed., 239–46. Columbia University Press, 2015.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.