fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanda avtokratik orta sinif: dövlətdən asılılıq avtoritar dayanıqlılığa səbəb olurmu?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Orta sinfin – işçi sinfi ilə iqtisadi elitanın arasında olan vətəndaş kütləsinin meydana gəlməsi iqtisadi inkişafla yanaşı öyrənilir çünki orta sinif ilə yüksək və davamlı iqtisadi artım arasında əlaqə olduğuna inanılır. Gəlirləri ortadan yuxarı olan bir sosial təbəqənin yüksəlməsi daxili tələbatın və istehlakın artmasına, bu da öz növbəsində biznesin inkişafına səbəb olur. Orta sinfin iqtisadi artım mənbəyi olduğunu empirik olaraq sübut etsə də, bəzi nəzəriyyələr rejimin sabitliyini də orta sinif ilə əlaqələndirir. Son onilliyin siyasi iqtisadiyyat araşdırmalarının çoxu, demokratikləşmə dalğaları və avtoritar dövlətlərin süqutu ilə bağlı nəzəriyyələr adətən güman edir ki, orta sinfin yüksəlməsi demokratiyaya keçidlə nəticələnəcək. XX əsr boyu bir çox demokratik keçidlər orta siniflərin kütləvi səfərbərliyi ilə baş tutdu. 1900-2013-cü illər arasındakı məlumatlara əsasən, orta sinif hərəkatları və sənaye işçiləri arasında demokratiyaya dəstək və səfərbərlik səviyyəsi daha yüksək olub (NAVCO 2014). Avtokratik orta sinif: dövlətdən asılılıq demokratiya tələbini necə azaldır (2020) kitabında Brin Rozenfeld bu əlaqəni postsovet məkanında araşdırır. Bu məqalədə müzakirə edilən əksər mövzular Rozenfeldin tədqiqatına əsaslanır.

Postsovet ölkələri tam dövlət məşğulluğundan dövlətin məşğulluq və iqtisadiyyatda rolunu azaltmağı planlaşdıran bazar islahatlarına keçdilər. On illik yüksək bərabərsizlik və aşağı artımdan sonra bölgə inkişaf etməkdə olan ölkələr səviyyəsinə çata bildi. Postsovet orta sinfi yarandı, lakin bu sinfin siyasi seçimləri Qərbi Avropa orta sinfinin maraqlarından fərqlənirdi. İqtisadi artımın özəl sektorun yaranması ilə əlaqədar olduğu güman edilsə də, məsələn, Azərbaycanda vəziyyət belə deyildi. Əksinə, artıma səbəb olan və nəticədə əhaliyə iqtisadi imkanlar verən dövlət sektoru idi. Rozenfeld Keçid dövründə Həyat sorğusunun (LiTS) 2006-cı il versiyasından istifadə edərək, postsovet ölkələrində dövlət sektorunda məşğulluq məsələlərini müzakirə edir. Həmin tarixdə demokratik ölkələrdə özəl sektordakı məşğulluq ümumi məşğulluğun 75% -ni təşkil edirdi, qeyri-demokratik ölkələrdə isə bütün məşğulluğun yarısından çoxu dövlət sektorunun payına düşürdü və demokratiyayönümlü hisslər zəifləyirdi.

Orta sinif göründüyü qədər homogen qrup deyil və onun mövcudluğu ilə demokratiyaya keçid arasında hansısa birbaşa əlaqə qurmadan əvvəl orta sinfin yaranmasına hansı amillərin səbəb olduğunu qiymətləndirmək vacibdir. Orta sinif həm dövlət, həm də özəl sektor əsaslı iqtisadi inkişaf nəticəsində yarana bilər. İqtisadi artım dövlətdən asılı olan zaman orta sinif, avtoritar olsa da, siyasi status-kvonu daha çox dəstəkləməyə meyilli olur. Rozenfeld Azərbaycanda da orta sinfin avtokratik rejimə üstünlük verdiyini desə də, bu məsələni ətraflı araşdırmır. Buna görə də bu məqalənin əsas məqsədi, daha yeni olan 2016-cı ilin LiTS nəticələri və Azərbaycan Dövlət Statistika Komitəsi (2021) də daxil olmaqla, müxtəlif məlumat mənbələrindən istifadə edərək, Rozenfeldin gəldiyi nəticələri müzakirə etmək və onların Azərbaycanla bağlı dəqiqliyini qiymətləndirməkdir. Məqalədə Rozenfeldin nəzəriyyəsi təqdim edildikdən sonra, ölkədəki avtokratik dayanıqlılığı daha yaxşı başa düşmək üçün Azərbaycan nümunəsi daha dərindən müzakirə ediləcək.

Rejim dəyişikliyinə laqeydlik həm dövlət, həm də özəl sektorun orta siniflərində mövcuddur və buna görə də demokratikləşməyə dəstək formalaşdırmaq çətindir. Bütün (dövlət və özəl) orta siniflərin laqeydliyi əsasında ilk baxışda Rozenfeldin nəzəriyyəsinin Azərbaycana tam aid olmadığını düşüksək də, mən iddia edirəm ki, Azərbaycanda müstəqil özəl sektorun olmaması bütün orta siniflərin avtokratik rejimi dəstəkləməsinə səbəb olur.

Dövlətdən asılılıq və avtoritar dayanıqlılıq

Demokratikləşmənin ən geniş yayılmış versiyasına görə, sosial dəyişikliklər (transformasiya) avtoritar rejimdə iqtidarın zəifləməsinə gətirib çıxarır və iqtidarı yeni ictimai qüvvələrlə uyğunlaşmağa və ya çökməyə məcbur edir. Sosial transformasiyanın necə əldə edildiyi, orta sinfin necə yarandığı və hansı aktorların bu proseslərdə iştirak etdiyi çox vaxt nəzərə alınmır. Rozenfeld iddia edir ki, dövlət əsaslı iqtisadi artımın yaratdığı orta siniflərin siyasi rejimlə bağlı seçimləri özəl sektor əsaslı iqtisadi artımın yaratdığı orta siniflərdən fərqlənir.

Postsovet ölkələrinin əksəriyyətində dövlət hələ də iqtisadiyyatda həlledici rol oynayır. Avtokratik rejimlər altında inkişaf edən təhsilli orta sinif ağ yaxalı işçilərdən və dövlət məşğulluğundan olduqca asılı olan mütəxəssislərdən ibarətdir. Bu asılılıq dövlətin təbii sərvətlər kimi sahələrdə güclü iştirakının olduğu, əmək haqlarının rəsmi statistikada aşağı göründüyü ölkələrdə özünü açıq şəkildə göstərir. Daha aşağı səviyyədə isə dövlət üçün işləmək sənaye sahəsindən və ya vəzifədən asılı olmayaraq rüşvət və nepotizm imkanları yaradır. Belə hallarda orta sinif aşağı əmək haqlarını qismən də olsa kompensasiya etdiyindən korrupsiyanı qəbul edir. Beləliklə, status-kvo orta sinif üçün faydalıdır, çünki orta sinif iqtisadi muxtariyyət əldə etməyib və rejim dəyişikliyinə geniş dəstək yoxdur.

Dövlətin təkan verdiyi inkişaf və böyümə orta sinfin maddi cəhətdən müstəqil olmasına maneə törədir və mövcud vəziyyət yox olarsa, onu statusunu itirmək riski ilə üz-üzə qoyur. Bu maliyyə qeyri-sabitliyi statusu təmin edən avtoritar dövlət təhlükə altında olmasa da mövcuddur. Sosial mobilliyə girişi dayandırmaq və ya zəiflətmək gücü bu cür hökumətlərə orta sinfin dəstəyini qazanmağa imkan verir. Sonuncunun gələcəyi və sağ qalması rejimin davamlılığına sıx bağlıdır. Məsələn, Rusiyada Putin rejiminin dayanıqlılığı iqtisadiyyatın əhəmiyyətli bir hissəsinin dövlət nəzarəti altında olması ilə birbaşa əlaqəlidir. Mülkiyyət formasının qarışıq (dövlət və özəl) olduğu şirkətləri də nəzərə alsaq, dövlət sektorunun məşğulluq faizi daha da yüksək görünər. Əlavə olaraq, bütün imkanlar dövlət məşğulluğunda cəmləşdiyindən Putin demokratikləşmə və rejim dəyişikliyi ilə maraqlanmayan sadiq orta sinif yaratdı. Rejim dəyişikliyi orta sinfin gəlir mənbələri üçün birbaşa təhlükə kimi çıxış edir. Bu təhlükə orta sinfin mövcud status-kvonu dəstəkləməsinə səbəb olur.

Bu cür avtoritar keçidlərin əks spektrində bəzi postsovet ölkələri bazar iqtisadiyyatına uğurla keçə bildilər. Məsələn, Estoniya hökumətin inhisara almadığı bazar iqtisadiyyatına keçə bildi. Postsovet bölgəsindəki digər ölkələrdən fərqli olaraq, Estoniya hökuməti iqtisadiyyatı inhisara almadı və hətta özəl sektoru inkişaf etdirmək üçün siyasətlər həyata keçirdi. Nəticədə, 2019 -cu ildən etibarən dövlət sektorundakı məşğulluq ümumi məşğulluğun 25%-dən aşağı oldu və bu il ölkə Freedom House (2021) tərəfindən oturuşmuş demokratiya kimi təsnif edildi. Dövlətdən asılı olan orta sinif təkcə iqtisadi imkanlar baxımından məhdudlaşdırılmır. Rozenfeldin 2006-cı il LiTS məlumatlarını təhlili göstərir ki, dövlətə bağlı orta siniflərin özəl sektordakılara nisbətən rejim dəyişikliyinə səfərbər olma ehtimalları 25% daha azdır. Fərq qeyri-orta siniflərdən daha da gözə çarpır, çünki həmin siniflər dövlətdən asılı olduqda onların rejim dəyişikliyi üçün səbərbər olmaq ehtimalları 50% daha aşağıdır. Belə ki, rejim dəyişikliyinə səfərbər olma meyli işdən çıxarılma təhlükəsi və mövcud iqtisadi vəziyyəti saxlamaq təşviqləri ilə sıx bağlıdır.

Avtoritar ölkələrdə müxaliflər adətən hökumətə qarşı narazılıq nümayiş etdirdikləri üçün təqib olunurlar. Postsovet ölkələrində xüsusi mülkiyyətin olmasına baxmayaraq, məşğulluğa dövlət nəzarət etdiyindən müxalif olmaq sərfəli deyil (Rosenfeld 2020, 52). Bir müdafiə mexanizmi olaraq, mövcud iqtisadi vəziyyətini qorumaq istəyənlər siyasi müxalifətlə əlaqəli fəaliyyətlərə qatılmamağa meyillidir. Bu meyil o qədər güclüdür ki, mövcud rejimdə narazılıqlar olsa belə, demokratikləşməyə ictimai dəstək aşağı olaraq qala bilər. Avtokratik rejim işçilərin, xüsusən də orta sinif işçilərinin yaşamaq instinktindən istifadə edib narazılıqların etiraz şəklində özünü büruzə verməsinin qarşısını alır.

Bir sözlə, Rozenfeldin araşdırması orta sinfin bütün hallarda demokratiya tərəfdarı olması fikrini rədd edir. Əlavə olaraq, orta siniflərin demokratikləşməni dəstəkləyəcəyini gözləyən nəzəriyyələr, Azərbaycan da daxil olmaqla, avtokratik postsovet ölkələrində empirik olaraq öz təsdiqini tapmır (Rosenfeld 2020, ss. 15, 19).

Bu nəzəriyyəni Azərbaycana şamil etmək olarmı?

Azərbaycandakı vəziyyət postsovet bölgəsinin əksər ölkələrindən fərqlənmir. Sovet İttifaqının süqutundan və həyat keyfiyyətinin aşağı düşməsindən sonra bir çox postsovet ölkəsində yeni orta sinfin yaradılması prioritetə çevrildi. Lakin iqtisadi artım dövlətdən asılı olduğu üçün yüksələn orta sinif dəyişiklik tələb etməyə yox, mühafizəkarlığa təşviq edildi (Rosenfeld 2020, 208). Eynilə, müstəqillikdən sonra Azərbaycanda orta sinif bir çox cəhətdən iqtisadi sabitləşdirici rolunu oynayır. Dövlət sektorunun böyüklüyünə dair rəsmi statistikanın olmamasına baxmayaraq, sektorlara görə məşğulluq statistikası təxmini bir faiz verir. Mehralızadənin (2020) hesablamalarına görə, Azərbaycanda işləyənlərin 55%-dən çoxu dövlət sektorundadır. İqtisadiyyatın neft-qaz sektorlarından olduqca asılı olması və dövlətdən asılı şirkətlərin (məsələn, ARDNŞ) bu sahələr üzərində inhisarı orta sinfin avtokratik dövləti daha da gücləndirməsinə səbəb olur.

Azərbaycanda demokratiyaya dəstək 2010-2016-cı illər arasında 60%-dən 28%-ə düşdü (LiTS). Lakin orta sinifdən olan (orta əmək haqqından yuxarı qazanan) respondentlərin əksəriyyəti (61%) siyasi sistemə biganə yanaşırdı. Həm özəl, həm də dövlət sektorunda işçilər mövcud siyasi rejimə eyni dərəcədə biganə yanaşırlar. Siyasi laqeydlik hər iki sektorun ortaq xüsusiyyətidir. Siyasi laqeydliyə səbəb ola biləcək səbəblər çoxdur və ölkənin gələcəyi ilə bağlı vətəndaşların ümidsizliyinin əlaməti ola bilər.

Bundan əlavə, bu cür sorğu nəticələrinin etibarlılığını qiymətləndirmək çətindir. Bəzi araşdırmalar əhalinin böyük bir hissəsinin hələ də hökumətə inandığını göstərir. Məsələn, bəzi sorğulara əsasən, respondentlərin 85%-i hökumətə, 65%-i isə regional və yerli dövlət orqanlarına inanır (EU Neighbors East 2018). Halbuki beynəlxalq demokratiya və idarəetmə göstəricilərinə əsasən, Azərbaycanın demokratiya, ifadə azadlığı və korrupsiya səviyyələri son iyirmi ildə daima pisləşib (BTI 2020; Freedom House 2021; Corruption Perceptions Index 2020). Bu göstəricilərə görə, hökumətdən məmnunluq səviyyəsi azalmalı idi. Digər bir uyğunsuzluq isə hökumətə inam ilə başqa insanlara inam arasındakı kəskin fərqdir. Azərbaycanlıların yalnız 7%-i düşünür ki, başqa insanlara etibar etmək olar (Caucasus Barometer 2012).

Buna baxmayaraq, əgər biz siyasi laqeydliyin mövcud olduğunu hesab etsək, Rozenfeldin müşahidələri siyasi laqeydliyin həm də dövlət sektoru xaricində iqtisadi imkanların olmaması ilə əlaqəli olduğunu göstərə bilər. Məşğulluq üzərində dövlət monopoliyası hökumətə orta sinfin müxalif fikir səsləndirməsini çətinləşdirir. Özəl sektor dövlət sektoru, xüsusən də enerji sektoru ilə sıx bağlıdır. Yeni yaranan özəl sektor mövcud hökumətin və onun vəzifəli şəxslərinin nəzarətindəki neft və qaz sektorundan asılıdır. Əlavə olaraq, enerji sənayesindən kənarda olan özəl müəssisələr dəyişkənlik (manatın devalvasiyası), korrupsiya və dövlətdən asılı şirkətlərin inhisarları (SOCAR) qarşısında çətinliklərlə üzləşirlər (Kintsurashvili and Kresic 2019). Xarici ticarət məlumatlarını təhlil edərkən də eyni şeyi empirik şəkildə görmək olar (Comtrade 2021). İxracatın çoxu ya neft və qaz, ya da neft və qaz sahələrlə əlaqəlidir (məsələn, plastik). Mineral yanacaq və neft ixracatında cüzi bir azalmaya baxmayaraq (2014-cü ildəki 92%-dən 2020-ci ildə 87%-ə qədər), onlarla əlaqəli digər ixrac məhsullarının ümumi ixrac dəyərindəki nisbətləri artdı. Gömrük keçid məntəqələrində xırda korrupsiyanı azaltmaq cəhdlərinə baxmayaraq, Azərbaycandan kiçik və ya orta sahibkarlıq mallarının ixracı gözlənilməz xərclərə görə olduqca çətindir (World Bank 2021).

Əsas məsələ budur ki, özəl sektor olmayanda dövlət məşğulluğundan asılılıq dövləti daha da gücləndirir. Dövlət sektorunda maaşlarının aşağı olmasına baxmayaraq, əksər işçilər hazırkı iqtisadi imkanlarını itirmək riski ilə üzləşdikləri üçün müxaliflik edə bilmirlər. Öz növbəsində, hökumət öz səlahiyyətlərindən sui-istifadə etməyə və ölkənin insan kapitalına investisiya qoymamağa davam edə bilər.

Növbədə nə var?

İndiki vəziyyətdə avtokratik rejim özünün yaratdığı siyasi baxımdan laqeyd, dövlətə bağlı cəmiyyət üzərində hegemon gücə malikdir. Bu müşahidələr çox güman ki, aşağı və ya orta sinfi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycandakı bütün işçilərə aiddir. Nəticədə, illər ərzində ölkədə seçki şəffaflığı və ədalətliliyi ilə bağlı vəziyyət daha da pisləşir və hazırda Azərbaycan Freedom House (2021) tərəfindən oturuşmuş avtoritar rejim kimi təsnif edilir.

Gələcəkdə siyasi dəyişikliyin necə baş verə biləcəyi ilə bağlı sual yaranır. Dəyişkən enerji sektoru və onun siyasi elitaya sabit renta gətirə bilməməsi səbəbi ilə hökumət iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişafı üçün həqiqi səylər göstərməyə məcbur ola bilər. Yenə də Azərbaycan hökumətinin digər iqtisadi alternativləri olduğu üçün bu cür fərziyyələr irəli sürmək çətindir. Məsələn, təbii ehtiyatlar sektorunun özəlləşdirilməsi alternativlərdən biri ola bilər. Bu sənayenin özəlləşdirilməsi ətrafında müzakirələr Prezident İlham Əliyevin 2020-ci ilin avqustunda SOCAR-ı tənqid etməsindən sonra başladı (President.az 2020). Bu sektorun özəlləşdirilməsi iqtisadi cəhətdən özlüyündə pis bir qərar olmasa da, belə bir təklifin arxasında duran səbəb çox güman ki, böhran idarəetmə strategiyası idi. Bu dövlət müəssisələri müflis olsaydı, hökumət büdcə hesabına onları xilas etməli olacaqdı.

Maraqlıdır ki, araşdırmalar göstərir ki, vergiyə cəlb olunan sənaye sahələri dövlət inhisarındakı şirkətlərlə müqayisədə dövlət büdcəsinə daha çox gəlir gətirir. Dövlət inhisarçıları və oliqopollarının nəzarət etdiyi bazar ilə yalnız bir neçə müstəqil şirkətin nəzarət etdiyi bazarı müqayisə edəndə belə nəticə olduğu kimi qalır: vergiləndirilən özəl sektor dövlət büdcəsinə daha çox gəlir gətirir (Keutiben and Tatouchoup 2019). Belə ki, nəzəriyyə və müqayisəli tədqiqatlar göstərir ki, Azərbaycan dövlət büdcəsi dövlət inhisarları ilə müqayisədə inkişaf etmiş özəl sektorun vergisindən daha çox faydalana bilər. İctimai və özəl arasında mövcud olan uçurumdan aydın olur ki, iqtisadi siyasətlər siyasi maraqların nəticəsidir. Rəqabətin büdcəyə gəlir gətirəcəyinə baxmayaraq, müstəqil özəl sektorun inkişafında hökumətin marağı yoxdur. Əslində, dövlətin təşəbbüsü ilə avtokratiya və rejim sabitliyinə üstünlük verilməsinin aradan qaldırılması üçün mövcud iqtisadi quruluş kəskin şəkildə dəyişdirilməlidir. Lakin yuxarıda da müzakirə edildiyi kimi, indiki avtoritar rejim nə iqtisadiyyatı şaxələndirməkdə, nə də müstəqil özəl sektoru inkişaf etdirməkdə maraqlıdır və tamamilə dövlətin nəzarətində olan əhalinin də belə bir tələbi yoxdur.

Hökumət uzun müddətdə əhali üçün iqtisadi imkanları qoruya bilməsə, dəyişiklik üçün dəstək yaratmaq mümkün ola bilərdi. Bu illər ərzində dövlət müəssisələrində işçilərin əmək haqlarının ödənilməməsinə dair bir çox xəbər mətbuatda yazılıb. Məsələn, dövlətə məxsus Azərxalça ASC-də çalışan işçilər 2020-ci ilin iyul ayında beş aydan çox maaş almadıqlarını deyirdi, ya da bu yaxınlarda ayrılan büdcəyə baxmayaraq, xəstəxana həkimlərinin əlavə ödənişlərini almaması halları müşahidə olundu (BBC 2020). Ancaq bunlar ümumi və uzunmüddətli ictimai etiraza səbəb olmayıb.

Nəticə

Yuxarıda da qeyd etdiyim kimi, ilk baxışdan elə görünür ki, Rozenfeldin nəzəriyyəsini Azərbaycana tam olaraq şamil etmək mümkün deyil, çünki dövlət və özəl sektor əsaslı orta sinif arasında demokratik seçimlər baxımından elə də fərq yoxdur. Lakin bunun səbəbi enerji sektorundan kənarda inkişaf edə biləcək özəl sektorun olmamasıdır. Özəl sektorun dövlət sektorundan asılı olması səbəbindən Azərbaycanda özəl və dövlət əsaslı orta siniflər arasında həqiqi bir fərq yoxdur. İkisi də istənilən demokratik keçid mövzusunda eyni fikirdədir. Rejim dəyişikliyi onların dolanışıqlarını təhlükə altına atır.

Ədəbiyyat siyahısı:

Azərbaycan Dövlət Statistika Komitəsi. (2021) Wages and salaries, expenditures spent for labour force. Available online: https://www.stat.gov.az/source/labour/?lang=en

BBC. (2020) Azərxalça əməkdaşları 3 aydır əməkhaqqı ala bilmirlər. Available online: https://www.bbc.com/azeri/azerbaijan-52678271

BTI. (2020) Azerbaijan Country Report 2020. Transformation Index. Available online: https://www.bti-project.org/en/reports/country-report-AZE-2020.html#pos6

Caucasus Barometer. (2013) Available at: http://www.crrccenters.org/caucasusbarometer/

Comtrade. (2021) UN Comtrade Database. Available at : https://comtrade.un.org/data/

Corruption Perceptions Index. (2021) Azerbaijan. Transparency International. Available online: https://www.transparency.org/en/cpi/2020/index/aze

EU Neighbors East. (2018) Annual Survey Report: Azerbaijan. OPEN Neighbourhood — Communicating for a stronger partnership: connecting with citizens across the Eastern Neighbourhood. Available online: https://www.euneighbours.eu/sites/default/files/publications/2018-07/EU%20NEIGBOURS%20east_AnnualSurvey2018report_AZERBAIJAN.pdf

Freedom House. (2021) Azerbaijan: Freedom in the World Report. Available online: https://freedomhouse.org/country/azerbaijan/freedom-world/2021

Keutiben, O., Tatouchoup, D. (2019) Dismantling a State Monopoly: Insight from Theory. Economics Bulletin, Volume 39, Issue 4, pp. 2732-2745.

Kintsurashvili, K., Kresic, A. (2019) Azerbaijan Diagnostic. European Bank for Reconstruction and Development.

Mehralizadeh, F. (2020) The Next Wave of Privatization in Azerbaijan: What Kind of Environment Is Favorable for Privatization? Baku Research Institute. Available online: https://bakuresearchinstitute.org/en/the-next-wave-of-privatization-in-azerbaijan-what-kind-of-environment-is-favorable-for-privatization/

NAVCO. (2014) Data Project. Non-violent and Violent Campaigns and Outcomes (NAVCO). Available online: https://www.du.edu/korbel/sie/research/chenow_navco_data.html

Rosenfeld, B. (2020). The Autocratic Middle Class: How State Dependency Reduces the Demand for Democracy, Princeton University Press.

World Bank. (2021). Ease of Doing Business in Azerbaijan. Available online : https://www.doingbusiness.org/en/data/exploreeconomies/azerbaijan

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.