fbpx

DİN

DİN

Azərbaycanlıların Ərbəin ziyarəti

Read this article on other language
Download article
image_pdf
image_pdf

Məlumdur ki, İslam dinində hazırda Səudiyyə Ərəbistanının ərazisində yerləşən Məkkə şəhərindəki Kəbənin ziyarəti hər bir müsəlmanın əsas vəzifələrindən sayılır. Şiə inancında isə müqəddəs şəxsiyyətlərin dəfn olunduğu məkanların ziyarətinin də xüsusi yeri var. Bu cür müqəddəs qəbirlər-ziyarətgahlar içərisində ən məşhurları Məhəmməd peyğəmbərin və onun qızı Fatimənin, həmçinin bir sıra şiə imamlarının dəfn olunduğu Səudiyyə Ərəbistanının Mədinə, İraqın Bağdad (Kazimeyn qəsəbəsi),  Nəcəf və  Səmərra, nəhayət İranın Məşhəd şəhərlərində yerləşir. Lakin bu məkanlar içərisində ən çox ziyarət olunan 3-cü şiə imamı Hüseynin dəfn edildiyi İraqdakı Kərbəla şəhəri əlahiddə olaraq seçilir. Hər il çoxlu sayda şiə müsəlman buranı ziyarət edir ki, onların içərisində minlərlə azərbaycanlı ziyarətçi də var. Çünki bu günkü Azərbaycan ənənəvi şiə əhalisinin çoxluq təşkil etdiyi ölkədir. Müxtəlif mənbələrə əsasən, hazırda ölkə əhalisinin 93-96 faizi ənənəvi müsəlman irsinə mənsubdur, bunların da 65-75 faizi şiə əsilli hesab olunur.[1] Ənənəvi şiə əhalisi əsasən Qarabağ, Mərkəzi Aran, Gəncə, İranla sərhəd olan cənub bölgəsində və Bakı ətrafında yaşayır. Tarixən Azərbaycanda Həcc ziyarəti edənlərin adının önünə “Hacı”, Məşhəd və Kərbəla ziyarətinə gedənlərin adının önünə isə müvafiq olaraq “Məşədi” və “Kərbəlayi” prefiksləri əlavə olunub. Sovet dövründə bu ənənə dayansa da, post-sovet dövründə qismən qeyri-rəsmi olaraq bərpa edilib.

Ümumiyyətlə, 1920-ci ildən etibarən 71 illik bir müddətdə Azərbaycanın Sovet dövlətinin bir hissəsinə çevrilməsi və bu ölkənin sərt ateizm siyasəti əhalinin dini biliklərini, namaz, oruc kimi dini ayinləri yerinə yetirmə ənənəsini dərindən zəiflətmişdi. Sovetləşmədən sonra tədricən xarici ölkələrə dini ziyarətlərə də müxtəlif əngəllər yaradılmış və 1930-cu illərdə sərhədlərin bağlanması ilə belə ziyarətlər tamamən dayanmışdı.[2]

Lakin sovet dövründə əksər əhali əsas dini ibadətlərini tədricən buraxsa da, İslama milli-mədəni kimliyinin bir hissəsi kimi baxmaqda davam edirdi və bu şəratidə orta statistik azərbaycanlının dini hisslərinin əsas ifadə forması ölkə içində yerləşən müqəddəs yerlərə ziyarət idi. Bu müqəddəs yerlər xalq arasında “pir” adlandırılırdı və əsasən müsəlman peyğəmbərinin nəslindən hesab edilən seyidlərin, yaxud digər dini avtoritetlərin məzarları idi. Paytaxt Bakıda Bibiheybət, Nardaran, Mir Mövsüm Ağa pirləri, Gəncədə ətrafında Şahzadə İbrahim, Bərdədə İmamzadə İsmayıl, Lənkəranda Se Xəlifə, Şeyx Zahid və digər məqbərələr Azərbaycan şiələrinin daha kütləvi ziyarət etdiyi yerli müqəddəs məkanlar sayılırdı.

SSRİ-nin dağılması nətcəsində Azərbaycanda baş verən dini dirçəliş həm ümumi əhali arasında dini məlumatlılıq səviyyəsinin, hən də dini ayinləri mütəmadi yerinə yetirən dindarların sayının sürətli artımına səbəb oldu. Həmçinin təbiidir ki, yerli müsəlmanların xaricdəki müqəddəs məkanlara da ziyarətləri bərpa olundu.

Son illərdə isə dinin dirçəliş tendensiyası özünü xüsusilə yerli şiə əhalisi arasında büruzə verir və ən əsas da şiə müsəlmanlarının hər il keçirilən ən məşhur dini mərasimi olan Aşurada iştirakın say artımında qabarıq şəkildə təzahür edir. Bu artıma həm daxili, həm də xarici müşahidəçilər diqqət çəkir. 2017-ci ildə Azərbaycandakı Aşura izdihamının miqyasını hətta İranın ali dini lideri ayətullah Xamnei də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşündə ayrıca vurğulamışdı.[3]

İran liderinin bu söhbətə xüsusi müraciətini qeyd etməyimizin mühüm səbəbi vardır. Şiə teologiyasına görə, hər bir müsəlmanın təqlid etdiyi, ibadətlərində fikirlərini əsas götürdüyü mənəvi lideri olmalıdır. Azərbaycanda sovet dövründə ənənə qırıldığı üçün mərcai-təqlid adlandırılan belə statusa malik yerli dini liderlər post-sovet dövründə hələ ki yetişməmişdir. Ona görə post-sovet Azərbaycanın şiə dindarları qonşu İran və İraqın böyük ayətullahlarını özlərinə mənəvi rəhbər seçmək məcburiyyətindədirlər və hazırda Azərbaycan şiələrinin ən çox təqlid etdiyi dini avtoritetlər arasında İranın indiki dini lideri Ayətullah əl-Uzma Seyyid Əli Xameneyi də vardır. Ondan başqa İraqın Nəcəf şəhərində  yaşayan Ayətullah əl-Uzma Seyid Əli Sistani də Azərbaycan şiə müsəlmanları arasında ən çox təqlidçiləri olan ruhanilərdəndir. Bunlardan əlavə, İranda və İraqda yaşayan böyük ayətullahlar Nasir Məkraim Şirazi, Vəhid Xorasani, Cəfər Sübhani, Seyyid Həkim və digərləri də Azərbaycan şiələri tərəfindən təqlid olunan mərcalardır.

Haqqında danışacağımız Ərbəin ziyarəti də Aşura təziyəsinin davamı və şiə müsəlmanların ən kütləvi ziyarət mərasimidir.

Ərbəin keçmişdə və bu gün

Dini mənbələrə əsasən, ilk Ərbəin mərasimi Aşura hadisəsi baş verdiyi 680-ci ildə, İmam Hüseyn və tərəfdarları Kərbəlada şəhid olduqdan 40 gün sonra elə həmin yerdə keçirilib.[4] Həmin gün Kərbəla şəhidlərinin məzarını ziyarət edərək Ərbəin ritualıının əsasını qoymuş ilk şəxs isə peyğəmbərin silahdaşlarından olan Cabir ibn Abdullah Ənsari sayılır, eyni zamanda həmin vaxt ətraf qəbilələrin də bu matəmə qoşulduğu qeyd edilir. Beləliklə, hər il müsəlmanların Ərbəin günü Kərbəlaya gedib Cabir ibn Abdullahın etdiyi hərəkətləri təkrarlaması İmam Hüseynə ehtiram sayılır.

Sözsüz ki, tarix boyu İraqdakı siyasi vəziyyət də sonrakı illərdə Ərbəin ziyarətində iştiraka öz təsirini göstərmişdir. Amma istənilən halda bu ənənə əsrlərdən keçərək günümüzə qədər davam etmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi, sovet dövründə ara verilsə də, sovetlərin dağılmasından sonra azərbaycanlıların digər müqəddəs müsəlman ziyarətgahlara olduğu kimi İraqın Kərbəla və Nəcəf şəhərlərinə də ibadət məqsədli səfərləri tədricən bərpa olunub.

Düzdür, Azərbaycanın müstəqillik qazandığı 1991-ci il İraqda müharibə dövrünə təsadüf etdiyindən hələ ora kütləvi ziyarətlər baş tutmamışdı, amma sonrakı illərdə vəziyyət nisbətən sabitləşdikdən sonra İraqa gedənlərin sayı tədricən artmağa başladı. 1990-cı illərin ortalarından etibarən Qafqaz Müsəlmanları İdarəsinin[5] təşkil etdiyi Həcc səfərləri həmçinin avtobuslarla İraq ərazisindən Səudiyyə Ərəbistanına keçmək marşrutu ilə həyata keçirildiyindən, bu zaman azərbaycanlı şiə zəvvarların yolüstü Kərbəla və Nəcəfi də ziyarət etmək imkanı yarandı, nəticədə Həcc ziyarətinə gedən zəvvarların bri qismi Kərbəlaya da baş çəkə bildi.

Ancaq 2003-cü ildə İraqda başlayan genişmiqyaslı müharibə, həmçinin şiələrə qarşı müqəddəs məkanlarda baş verən terror hadisələri  azərbaycanlıların Həcc marşrutunu İraqdan Suriyaya dəyişməsinə səbəb oldu. Bununla da kütləvi Kərbəla ziyarəti bir neçə illiyə yenidən dayandı. Yalnız 2005-ci ildə ilk dəfə iranlılara qoşulan az sayda azərbaycanlıların İraqa nisbətən kütləvi ziyarətləri bərpa olundu. 2006-cı ildən isə Azərbaycandan müstəqil qruplar da İraqın müqəddəs şiə məkanlarına zəvvarlar aparmağa başladı. Bütün dünyada olduğu kimi Azərbaycanda da Ərbəin ziyarətinə gedənlərin sayı son bir neçə ildə sürətlə artıb.

Kütləvilikdə sıçrayış 2014-cü ildən – İraqın bir çox şəhəri İŞİD tərəfindən işğal olunduğu dönəmdə böyük şiə din alimi, Azərbaycanda da çoxlu davamçısı olan Seyid Əli Sistaninin cihad fətvasından sonra baş verdi.[6] Keçən 2017-ci ildə isə İraqda İŞİD üzərində qələbə çalınması Ərbəinə gələn zəvvarların da seziləcək dərəcədə artmasına səbəb oldu. Amma iştirakçıların sayı barədə fərqli fikirlər səsləndirilir, rəqəmlər 6-20 milyon arasında dəyişir[7]. Hər halda məlumdur ki, burada iştirak edənlərin sayı müsəlmanların əsas ziyarəti olan Həccə gedənlərin sayından çoxdur[8] və Ərbəin dünyanın ən izdihamlı dini ziyarətinə çevrilmişdir[9].

Hökumətə yaxın bir xəbər saytının məlumatına inansaq,  Azərbaycandan 2017-ci ildə Ərbəində 30 min zəvvar iştirak etmişdir ki, iddiaya görə, bu da əvvəlki 2016-cı ildən 33 faiz çoxdur.[10] Bu rəqəmin dəqiqliyini yoxlamaq mümkün olmasa da, ziyarətə on minlərlə insanın getdiyi şübhəsizdir. İran[11] və İraq[12] rəsmiləri də 2017-ci ildə əvvəlki illə müqayisədə Azərbaycandan Ərbəinə gedənlərin sayında seziləcək artım olduğu barədə məlumat vermişdi. Bu fikri İraqa zəvvar aparan Azərbaycan turizm şirkətlərinin rəhbərləri də təsdiq edirlər.[13]

Həcc və Ərbəin

Həcclə müqayisədə Azərbaycandan Ərbəinə daha çox zəvvarın getməsinin müxtəlif səbəbləri var. İlk növbədə deyək ki, Səudiyyə Ərəbistanına səfərlə müqayisədə İran və İraqa ziyarət daha sərbəstdir, o qədər məhdudiyyətlər və kvota yoxdur. Azərbaycanlılardan İrana getmək üçün viza tələb olunmur, İraqa viza almaq da Səudiyyə Ərəbistanına viza almaqla müqayisədə çətin deyil.

Digər tərəfdən, Həcc ziyarətindən fərqli olaraq burada hələlik hansısa qurumun monopoliyası yoxdur, səfərlərin təşkili ilə məşğul olanlar çoxdur. Həmçinin Həcc ziyarətindən fərqli olaraq Azərbaycan hökuməti də hələlik burada sərt tənzimləmələr tətbiq etməyib. Həcc ziyarətinin təşkili ilə yalnız Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məşğuldur.[14] İran və İraqın müqəddəs məkanlarına isə hətta fərdi təşəbbüs qrupları da yaşadıqları məntəqədə toplanıb, avtobus kirayələyib, gedə bilirlər. Bu işi də adətən yerli din xadimləri həyata keçirir. Qafqaz Müsəlmanları İdarəsi isə Kərbəla – İraq ziyarətlərini yalnız ötən ildən təklif etməyə başlayıb.

İraqa Ərbəin səfərini nisbətən rahat edən digər səbəb qiymətlərin Həcclə müqayisədə çox ucuz olmasıdır. 2017-ci ildə Ərbəin ziyarəti viza qarışıq zəvvarlara maksimum 250-350 ABŞ dollarına başa gəlib. Hətta təkliflərinin bahalığı ilə seçilən QMİ də keçən ildən avtobusla Bakı-Nəcəf-Məşhəd-Bakı səfərini 350-400, təyyarə ilə Səmərra, Nəcəf və Kərbəla səfərini isə 1200-1300 dollara təklif edir.[15] Halbuki Həcc ziyarətinə getməyin qiyməti 2017-ci ildə 3850 ABŞ dolları həcmində müəyyən olunmuşdu.[16]

Görünür, əvvəlki illərdə Həcc ziyarətinə gedənlərin sayında baş verən sürətli artımın qarşısını almaq üçün hökumətin atdığı addımlar da əhalisinin çoxu şiə olan Azərbaycanın potensial zəvvarlarının İranın, İraqın müqəddəs yerlərinə yönlənməsinə təsirsiz ötüşməyib. Xatırladaq ki, ölkədə Həcc ziyarətinə getmək istəyənlərin sayı 2003-ci ildən sonra sürətlə artırdı və 2008-ci ildə 6 min nəfər Kəbəni ziyarət etmişdi.[17] Lakin 2009-cu ildə hökumət bu artım trendinin qarşısını almaq üçün tənzimləmələrə əl atdı və həmin il Həccə əvvəlki ildən 3 dəfə az – cəmi 2000 adam getdi. 2016-cı ildə isə zəvvarların sayı daha da azalaraq 1040 nəfərə və nəhayət, keçən ildə 900 nəfərə düşdü.[18]

Ərbəin ziyarətinin təşkili və bəzi xüsusiyyətləri

İlk növbədə onu qeyd etmək lazımdır ki, İraqdakı müqqədəs şiə məkanlarına əsas ziyarət Ərbəin dönəminə düşsə də, ilin digər vaxtlarında da oraya mütəmadi ziyarətlər olur. İnsanlar istər Ərbəin vaxtı, istər ilin digər vaxtlarında Kərbəla və Nəcəfə həm individual şəkildə, həm də qruplar şəklində gedirlər.

Azərbaycan hakimiyyətinə yaxın media orqanlarının məlumatına görə, Məşhəd, Qum, Kərbəla, Nəcəf, Səmərra, Kazimeyn kimi ziyarətgahların olduğu şəhərlərə zəvvar aparılmasını rəsmi şəkildə 40-a yaxın Azərbaycan turizm şirkəti və 250-dən çox qrup rəhbəri həyata keçirir[19].  Azərbaycandan olan şirkətlərin əsas işi burada zəvvarları toplamaq və onları Bakıdan (ya da rayonlardan) İraq sərhədinə qədər aparmaqdır. İraq qanunlarına əsasən, əcnəbi ziyarət şirkətlərinin mütləq İraqdakı yerli turizm şirkətlərindən tərəfdaşı olmalıdır və bu şirkətlər İraq daxilində səfərlərin təşkilini öz üzərinə götürür.

2006-cı ildən İraqa və İranın Məşhəd şəhərinə zəvvar aparılması ilə məşğul olan turizm şirkətinin sahibi Nurlan Dadaşov deyir ki, rəsmi şirkət qurmamışdan əvvəl əsasən kiçik qrupların ziyarətlərini təşkil edirmiş. Dadaşov iddia edir ki, o vaxt Azərbaycandan Kərbəlaya hər ay 10 zəvvar avtobusu gedirmiş. Onun şirkəti insanları bilavasitə Ərbəin ziyarətinə 2010-cu ildən aparmağa başlayıb. Dadaşovun dediyinə görə, Azərbaycandan Ərbəin ziyarətinə ilk zəvvar qrupunu Nardarandan Hacı Əlibala adlı şəxs aparıb və ilk iki ili bu işlə yalnız onlar məşğul olub, sonra prosesə qoşulanların sayı artıb.[20]

Azərbaycandan İraqa zəvvar aparan digər qrup rəhbəri, dini təhsilli ruhani, yerli məscidlərdə imam-camaat kimi çalışmış Hacı Kamran Şamilovun bu sətirlərin müəllifinə dediyinə görə, o da 2006-cı ildən İraqa zəvvar aparmaqla məşğuldur və həmin il ilk dəfə 23 nəfərlik qrupla İraqa yola düşüb. Bu məqsədlə “Zair tur” adlı turizm şirkəti yaradıb. [21] Lakin Hacı Kamranın dediyinə görə, Ərbəin ziyarətinə gedənlər arasında şirkətlərdən kənar fərdi qruplar daha çox olur. O özü də Kərbəlaya ilin müxtəlif vaxtlarında zəvvar aparsa da, bilavasitə Ərbəinə individual getməyə üstünlük verir və ilk dəfə 2014-cü ildə Ərbəində məhz bu şəkildə iştirak edib.

Ümumiyyətlə, bir çox səbəblər var ki, Ərbəin ziyarətində fərdi şəkildə iştirakı daha rahat edir, nəinki şirkətlər vasitəsilə. Əgər şirkətlər üçün həmin dönəmdə insan çoxluğu səbəbindən otel sifarişi baha başa gəlirsə, individual gedənlərin ziyarət zamanı hökumətin, ruhanilərin, adi iraqlıların zəvvarlara bir çox hallarda pulsuz təqdim etdikləri xidmətlərdən istifadə etmək imkanı yaranır. Tək-tək iraqlı olar ki, Ərbəin dövründə evinə zəvvar dəvət etməsin. İraqlıların dediyinə görə, hər bir ailə illik qazancının müəyyən hissəsini ayırır ki, Ərbəində zəvvarlara xidmət üçün xərcləsin. Bu ənənə əvvəllər də olub, amma hazırda daha da kütləviləşib. Bir məsələni də qeyd edək ki, 2017-ci ildə Kərbəlada İmam Hüseyn hərəminin rəhbəri Əbdül Mehdi Kərbəlayi ilə azərbaycanlı ilahiyyatçı Hacı Şahin Həsənli arasında görüş zamanı Ərbəinə gedən Azərbaycan zəvvarlarına müqəddəs hərəmin rəhbərliyi tərəfindən 4000 nəfərlik pulsuz qalmaq yeri və qidalanma xidməti göstərilməsi haqqında razılıq əldə edilib[22].

Ərbəin vaxtı İran və İraq hökumətləri səfərbər olunur. Rəsmi qurumlar ziyarətçilərin rahatlığı, problemlərinin tez bir zamanda həll olunması üçün cidd-cəhdlə çalışırlar. İldən-ilə gömrük-keçid məntəqəsində işləri rahatlaşdırırlar. Nəzarət-buraxılış məntəqəsində pasport yoxlama kabinələrinin sayı artırılır. 2017-ci ildə İran-İraq sərhədində 100-ə yaxın kabinə fəaliyyət göstərirdi. Azərbaycanlı zəvvarlar əsasən Sələmçə sərhəd-keçid məntəqəsindən keçirlər. Son illər Sələmçəni sadəcə İran ərazilərindən tranzit kimi istifadə edən zəvvar qrupları üçün ayırıblar. Bir az məsafə uzansa da, ən yaxşı və rahat keçid ordan olur. İranın yerli vətəndaşları isə Mehran sərhəd-keçid məntəqəsindən istifadə edirlər. [23]

Ərbəində sərhədi keçdikdən sonra qayğı ilə əhatə olunursan. Burada, demək olar, hər cür pulsuz xidmət tapmaq mümkündür: yemək, çay, su verilir, dincəlmək üçün şərait yaradılır, tibb xidmətləri göstərilir və sair. Kərbəlaya çatana qədər belədir. Ərbəin zamanı bütün zəvvarlar ilk olaraq Nəcəfə gedir, burada İmam Əli məqbərəsini ziyarət etdikdən sonra Kərbəlaya yola düşürlər. Ehsan çadırlarına, süfrələrinə sərhəd məntəqələrindən başlayaraq İraqın bütün nöqtələrində rast gəlinsə də, bunlar ən çox Nəcəf-Kərbəla yolunda olur.

Bakıdan başlanan Ərbəin ziyarəti digər vaxtlardakı Kərbəla ziyarətindən bir neçə gün artıq çəkir. Çünki Nəcəfdən Kərbəlaya təxminən 75 kilometr məsafəni dindarlar piyada gedirlər. Ümumi ziyarət müddəti, yəni Bakıdan çıxıb geri dönmək təxminən 14-15 gün çəkir. Bunun 4-5 günü İraq sərhədinə və oradan geriyə olan məsafəyə, yerdə qalan 10-11 günü isə İraq ərazisində səfərə sərf olunur. Azərbaycanlı kino mütəxəssisləri Ərbəin ziyarətinin gedişinə keçən il ayrıca sənədli film də həsr etmişdilər.[24] Azərbaycan şiələri Kərbəla ziyarətinə aid xüsusi vebsəhifə də yaratmışlar.[25]

İranın Ərbəin ziyarətini təşviq etməsi 

İŞİD hücumlarından sonra İranın regionda rolu artdı və faktiki olaraq bu ölkə Şərqdə özünü əzilən şiələrin himayədarı kimi təqdim etməyə başladı. İŞİD İraq ərazilərini ələ keçirəndə İran ruhanilərinin və hakimiyyətinin təşviqi ilə xalq arasında “biz kufəli deyilik, imamı yalnız qoymarıq” şüarı yayılmağa başladı. Şiə tarixinin populyar narrativlərindən biri 14 əsr əvvəl İmam Hüseyni Kufə şəhərinə dəvət etmiş yerli əhalinin onu xəlifə Yezidin hücumu qarşısında yalnız buraxıb köməyinə gəlməməsidir. İndi isə İran və İraqın şiə alimləri Ərbəini İŞİD təcavüzü təhlükəsi qarşısında olan Kərbəladakı İmam Hüseyn məzarının yalnız qoyulmaması və onun müdafiəsi üçün həmrəylik kimi təqdim etməyə müvəffəq oldular. Nəticədə bu gün Ərbəin yürüşü dünyanın müxtəlif nöqtələrindən gələn şiələrin bir növ siyasi həmrəylik yürüşünə çevrilməkdədir. İran dini liderləri Ərbəinin populyarlaşdırılması üçün mütəmadi çıxışlar edirlər.

Üstəlik, 2015-ci ildə Məkkədə baş vermiş insan faciəsindən sonra[26] İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər pozulduğu üçün növbəti il İrana həcc vizasının verilməməsi və bu səbəbdən iranlıların 2016-cı ildə Həcc ziyarətinə gedə bilməməsi[27] İran ruhanilərini alternativ kimi Ərbəin ziyarətinin xüsusi təşviqinə təhrik etdi.

Ərbəin və Azərbaycan hökumətinin siyasi İslam narahatlığı

Azərbaycan hökuməti son iki ildə Ərbəin yürüşünə qatılan ölkə vətəndaşlarının sürətlə artmasından və ümumiyyətlə, bu ziyarətin populyarlaşmasından narahatlığını ifadə etməyə başlayıb. Əvvəllər prosesə ciddi nəzarət yox idi. Hətta bəzi hüquq-mühafizə orqanlarının yerli səviyyələrdə Ərbəin ziyarəti təşkilindən illeqal gəlir mənbəyi kimi istifadə etməsi barədə şikayətlər də vardı.[28] Ziyarət zamanı ara-sıra azərbaycanlı zəvvarların faciəvi surətdə həlak olması[29] barədə xəbərlər mediaya sızsa da, mətbuat Kərbəla ziyarətinin təşkili ilə əlaqədar suallar qaldırsa da, bunlar ciddi reaksiyaya səbəb olmurdu.

Ancaq 2016-cı ildə Ərbəindən geri qayıdan 500-dək azərbaycanlı zəvvarın sərhəddə ləngidilməsi[30] yerli mətbuata çıxdıqdan sonra hökumətin ölkədəki dini fəaliyyətə nəzarət edən qurumunun, yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) sədri Mübariz Qurbanlı jurnalistlərə İran və İraqa ziyarətlərin nəzarətə götürüləcəyini, bu barədə araşdırma aparılacağını və bu məsələnin dövlət tərəfindən tənzimlənəcəyini bəyan etdi.[31]

Mübariz Qurbanlı iddia edirdi ki, “yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır, müəyyən qruplar tərəfindən təsir altına alınır. Bəziləri hətta xarici ölkələrə gedərkən Azərbaycanın maraqları əleyhinə hərəkətlərə yol verirlər”.[32] 2017-ci ildə hökumətin narahatlığı özünü daha aydın büruzə verməyə başladı. Həmin ilin Aşura mərasimlərindən sonra DQDK sədrinin müavini qeyd etdi ki, bu dini tədbirləri siyasiləşdirmək cəhdləri hiss olunur.[33] Ötən ilki Ərbəin mərasimindən sonra yerli hökumətə yaxın media orqanlarında bu ziyarətlə bağlı tənqidi məqalələr dərc olunmağa başladı. Bu məqalələrdə kəmiyyətcə böyüyən ziyarətin nəzarətdən kənar qalmasından narahatlıq ifadə olunurdu.[34]

Kərbəla və Nəcəf ziyarətlərində Azərbaycan hökuməti opponentlərinin, yəni son illər həbs olunmuş şiə din xadimlərinin təbliğ edilməsi, onların şəkilləri olan plakatların qaldırılması da hökuməti ciddi narahat edirdi. Deyilənə görə, son iki ildə Ərbəin ziyarətləri zamanı yollarda Azərbaycanın dindar məhbuslarının fotoları vurulan plakatlar nümayiş olunub.[35] Hökumətyönlü medianın yazdığına inansaq, Ərbəin yürüşləri zamanı hazırda Rusiyada yaşayan, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan bir neçə şəxs də yolboyu dindarlara məhbus ruhanilərdən danışaraq təbliğat aparırmış.[36]

Bu yazılarda xüsusu vurğulanan məsələlərdən biri də İranın Ərbəin ziyarətindən öz təsirini gücləndirmək vasitəsi kimi yararlanma ehtimalı idi. Mətbuat Azərbaycanda Ərbəin ziyarətinin populyarlaşmasının İranın səyləri ilə baş verdiyini iddia edirdi.[37] Azərbaycanlı zəvvarların səfər zamanı İran din xadimləri ilə, o cümlədən İranın Ərdəbil şəhərinin imam-cüməsi Seyid Həsən Amuli ilə görüşləri və həmin görüşlərdə Azərbaycan hakimiyyəti əleyhinə sərt ifadələr işlənməsi faktı Bakını xüsusilə qıcıqlandırırdı.[38]

Görünən odur ki, bu faktorlar Azərbaycan hakimiyyətini ciddi narahat edir və hökumət hansısa vasitələr düşünür ki, gələcəkdə Ərbəin ziyarətinin mümkün mənfi təsirlərini önləyə bilsin.

Nəticə

Şübhəsiz, nə Ərbəin, nə Aşura özlüyündə siyasi İslamın təzahürü deyil, ölkədə dini bilgilərin və dindarlığın artdığı bir dönəmdə dini təəssübün ifadə formalarıdır.

Lakin təbii ki, dindarlığın artması birbaşa olmasa da, qonşu İranın beynəlxalq aləmdə öz nüfuzunu yaymaq səyləri fonunda Azərbaycanda siyasi İslamın da potensialını və bazasını gücləndirir. Son illərdə geosiyasi və regional rəqabət də dini moizələrin aparıcı mövzularından birinə çevrilir.[39] Yerli siyasi İslamın sekulyar quruluşa müxalifliyi əqidə məsələsi olsa da, bu əqidənin daşıyıcıları tərəfindən o qədər də açıq şəkildə dilə gətirilmir. Tam əksinə siyasi İslamın hal-hazırda həbsdə olan Taleh Bağırzadə kimi nümayəndələri Azərbaycan cəmiyyətinin dünyəvi reallıqlarını qəbul etdiklərini dilə gətiriblər.[40]  Hərçənd siyasi İslamın hazırkı iqtidara müxalifliyi onun liderləri tərəfindən dəfələrlə açıq ifadə olunan və tərəfdar toplamaq üçün istifadə edilən mövqedir.

Bu şəraitdə iqtidarın bir tərəfdən siyasi islamın güclənməsinin qarşısını almaq üçün istifadə etdiyi güc metodlarının və müxtəlif səpgili qadağaların, digər tərəfdən isə sayı artan dindarların loyallığını təmin etmək üçün atdığı çeşidli addımların nə dərəcədə effektiv olacağını indidən demək çətindir. Şübhəsiz, bu siyasətin effektivliyi ölkədəki ümumi ictimai-siyasi, sosial-iqtisadi mühitin, əhalinin rifahının yaxşılaşdırılmasından da ciddi surətdə asılıdır.

Istinadlar:

[1] http://www.mfa.gov.az/?options=content&id=545

[2] Altay Göyüşov. Die Beziehungen zwischen Sowjetstaat und Islam im Aserbaidschan der 1920er- und 1930er-Jahre. səh. 17-63, “Repression, Anpassung, Neuorientierung: Islamische Bildung im sowjetischen und postsowjetischen Raum, (ed.:Raoul Motika, Michael Kemper, Anke von Kügelgen) Reichert: Wiesbaden 2013

[3] http://m.islaminsesi.info/prezident-ilham-eliyev-iran-islam-respublikasinin-ali-rehberi-ayetulahXamnei-ile-gorusub–74040.html

[4] Seyid ibn Tavus, “LUHUF” (İmam Hüseynin həyatı), tərc. Mahir İbişov, Bakı: 2012

[5] Çar Rusiyası zamanı yaradılmış yerli dini mərkəz – ruhanilər idarəsi. Rəhbəri Şeyxülislam Allahşükür Paşazadə. http://qafqazislam.com/

[6] http://qaynarinfo.az/az/sielerin-lideri-cihad-elan-etdi/

[7] http://www.newsweek.com/iraq-after-isis-defeat-millions-shiite-muslims-make-worlds-largest-pilgrimage-721470 ; http://ru.euronews.com/2016/11/21/millions-gather-for-arbaeen

[8] http://www.independent.co.uk/news/world/middle-east/arbaeen-pilgrimage-kerbala-shia-isis-defeat-muslims-thousands-killed-middle-east-iraq-najaf-a8046621.html

[9] http://www.newsweek.com/iraq-after-isis-defeat-millions-shiite-muslims-make-worlds-largest-pilgrimage-721470

[10] https://haqqin.az/news/117537

[11] http://www.maide.az/mobil/haber.php?id=491275

[12] https://a24.az/erbein-ziyaretine-80-olkeden-ziyaretci-gedir-azerbaycan-en-cox-gedenlerin-siyahisinda/

[13] “Zair tur” adlı turizm şirkətinin rəhbəri Hacı Kamran Şamilov və “Salam Tour” şirkətinin rəhbəri Nurlan Dadaşovla müsahibələrdən.

[14] http://simsar.az/news/a-48685.html

[15] https://apa.az/xeber-az/dini-xeberler/azerbaycandan-meshed-ve-kerbela-ziyaretlerinin-teskilinde-ve-qiymetinde-deyisiklik-edilib-7553.html

[16] https://apa.az/xeber-az/dini-xeberler/azerbaycandan-bu-il-hecce-kvotadan-300-nefer-artiq-zevvar-gedir-1119.html

[17] http://wap.islam.az/news/a-4275.html

[18] https://apa.az/xeber-az/dini-xeberler/azerbaycandan-bu-il-hecce-kvotadan-300-nefer-artiq-zevvar-gedir-1119.html

[19] http://virtualaz.org/last/108290

[20] “Salam Tour” şirkətinin rəhbəri Nurlan Dadaşovla müsahibədən

[21] “Zair tur” adlı turizm şirkətinin rəhbəri Hacı Kamran Şamilovla müsahibədən

[22]   http://ahlibeyt.az/news/a-7481.html

[23] Salam Tour şirkətinin rəhbəri Nurlan Dadaşovla müsahibədən

[24] https://www.youtube.com/watch?v=fppcT39R1BI

[25] http://kerbela.info/

[26] Iki mindən çox adam həlak olmuşdu

[27] https://www.islamidavet.com/iranlilar-neden-hac-ziyaretine-gidemiyor/

[28]http://www.mia.az/w124701/%22MTN_K%C9%99rb%C9%99la_v%C9%99_M%C9%99%C5%9Fh%C9%99d%C9%99_ged%C9%99nl%C9%99rd%C9%99n_%C9%99lav%C9%99_haqq_al%C4%B1r…%22%3Cfont_color=red%3E__-_Sensasion_iddia/

[29] https://apa.az/xeber-az/hadise/kerbelada-azerbaycanli-zevvarlara-silahli-basqin-eden-el-qaide-yaraqlilari-tutulub.html

[30] https://news.day.az/azerinews/843227.html

[31] http://modern.az/az/news/118111#gsc.tab=0

[32] http://news.lent.az/news/260450

[33]http://en.apa.az/azerbaijan_religion_news/state-committee-some-forces-in-azerbaijan-seek-to-add-political-elements-into-ashura-commemorations.html

[34] https://haqqin.az/news/117537

[35] http://m.islaminsesi.info/hebsde-olan-ruhaniler-kerbelada-yad-edildi-foto-video–74456.html

[36] https://haqqin.az/news/117537

[37] http://strateq.az/manshet/216284/k%C9%99rb%C9%99la-ziyar%C9%99tind%C9%99n-sui-istifad%C9%99.html

[38] http://strateq.az/manshet/216284/k%C9%99rb%C9%99la-ziyar%C9%99tind%C9%99n-sui-istifad%C9%99.html , http://virtualaz.org/last/108290

[39] https://m.facebook.com/story.php?story_fbid=1067939123340049&id=442320939235207&_rdr

[40] https://www.youtube.com/watch?v=ETb6BLvvNs8

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.