iqtisadiyyat

iqtisadiyyat

Azərbaycan vergi orqanları biznesin aktivliyini hansı meyarla müəyyən edir?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Tez-tez Dövlət Vergi Xidmətinin aktiv biznes subyektlərinin sayı barədə xəbərləri yayılır. Məsələn, Xidmətin 2024-cü ilin sonuna olan məlumatına görə, ölkədə 807 min aktiv vergi ödəyici olub. Dövlət Statistika qurumunun açıqladığı hesabata əsasən isə həmin dövrə qeydiyyatda olan bütün biznes subyektlərinin (fərdi sahibkar da daxil) sayı 1,6 milyondan bir qədər çox olub. Göründüyü kimi vergi orqanının məlumat bazasında rəsmi uçota alınmış hər 2 biznes vahidindən 1-i aktiv sayılır. Məsələnin ən maraqlı tərəfi odur ki, Dövlət Vergi Xidməti tərəfindən biznes subyektlərinin aktiv sayılması üçün hansı meyarlardan istifadə edilməsi ictimaiyyətə bəlli olan hər hansı hüquqi əsas tapmaq mümkün deyil. Xidmət heç bir halda açıqladığı müvafiq məlumatlarda bu məsələyə aydınlıq gətirmir. Yalnız ehtimal etmək olur ki, real fəaliyyəti olmasa belə müntəzəm olaraq hətta boş vergi hesabatlarını təqdim edən biznes vahidləri aktiv hesab edilir. 

Məsələnin başqa maraqlı tərəfi odur ki, Hesablama Palatası və Dövlət Statistika Komitəsinin də başqa terminologiya ilə real fəaliyyətdə olan, əslində aktiv hesab ediləcək biznes subyektlərinin sayı barədə ayrıca məlumat açıqlayır və hər 2 qurumun rəqəmləri də Dövlət Vergi Xidmətinin məlumatından kəskin fərqlənir.

Məsələn, Hesablama Palatasının son hesabatlarından birində 2025-ci ilin əvvəllərində fəaliyyət göstərən vergi ödəyicilərinin sayı 192 min vahidə yaxın olub. Dövlət Statistika Komitəsinin (DSK) hesabatında 2025-ci ilin əvvəlinə fəaliyyətdə olan biznes subyektlərinin sayı 424 min vahid təşkil edib. Doğrudur, DSK bu məlumatı iri sahibkarlıq subyektlərini nəzərə almadan hesablayır. Amma bu məqam da var ki, Azərbaycanda iri sahibkarlıq subyektlərinin ümumi sayı bütün biznes subyektlərinin hətta 0,1 faizini təşkil etmədiyi üçün son nəticəyə təsiri də istisna edilir. 2025-ci ilin əvvəlinə qeydiyyata alınmış biznes subyektlərinin cəmi sayının 1,6 milyon vahidə yaxın olduğu şəraitdə iri sahibkarlıq subyektlərinin sayı hətta 900 vahiddən də bir qədər az olub. Həmin dövrdə hər 1850 sahibkarlıq subyektindən yalnız biri iri biznes kimi reyestrdə qeydiyyatda olub.

Hesablama Palatası da biznesi hansı meyarla aktiv və qeyri-aktiv subyektlərə böldüyünü açıqlamasa da, DSK-nın yuxarıda təqdim olunan hesabatında bu məsələyə aydınlıq gətirilir. Qeyd edilir ki, dövlət reyestrində olan və hesabat dövründə dövriyyəsi yaxud işçisi olan vahidlər fəaliyyətdə olan biznes subyektləri hesab edilir. Təqdim olunan məlumatlardan göründüyü kimi, Vergi Xidmətinin göstəricisi ilə müqayisədə Hesablama Palatasının açıqladığı rəqəmi 4 dəfəyə, DSK-nın göstəricisi isə 2 dəfəyə yaxın azdır.

Dövlət Vergi Xidməti aktiv vergi ödəyicilərinin sayını regionlar üzrə açıqlamasa da, DSK-nın fərqli hesabatlarına əsasən bu fərqi görmək olur. Məsələn, qurumun yuxarıda təqdim olunan iki fərqli hesabatından birində qeydiyyata alınmış, o birində isə fəaliyyətdə olan biznes subyektlərinin sayını görmək olur. Hesabatları analiz edəndə aydın olur ki, bu iki göstərici arasında fərq regionlar üzrə də xeyli dəyişir və bu aşağıdakı cədvəldə göstərilib:

Ölkənin regionları üzrə biznes subyektlərinin fəallıq səviyyəsi, 2024-cü ilin sonuna olan məlumat

Qeydiyyatda olan biznes subyektlərinin sayıFəaliyyətdə olan biznes subyektlərinin sayıFəallıq əmsalı,%
Ölkə üzrə cəmi158489742452726,8
Bakı50258820622541,0
Naxçıvan496511233924,9
Abşeron-Xızı858973633342,3
Dağlıq Şirvan42795824519,3
Gəncə-Daşkəsən916402078022,7
Qarabağ927841746518,8
Qazax-Tovuz1128721515713,4
Quba-Xaçmaz893781417415,9
Lənkəran-Astara1488052575017,3
Mərkəzi Aran1031651933118,7
Mil-Muğan775541321517,0
Şəki-Zaqatala1000311899419,0
Şərqi Zəngəzur7255224530,9
Şirvan-Salyan804821427417,7

Rəsmi statistikadan göründüyü kimi, 2025-ci ilin əvvəlinə rəsmi uçotda olan biznes subyektlərinin Abşeron-Xızı regionunda və Bakı şəhərində 41-42 faizi (ən yüksək), Qazax-Tovuz regionunda 13,4 faizi (ən aşağı) real fəaliyyət göstərib. Yerdə qalan regionlar üzrə həmin göstərici 16-31 faiz təşkil edib.

Bu statistik problemə beynəlxalq təcrübədə necə yanaşıldığına da diqqət yetirmək faydalıdır. Məsələn, BMT-nin “Biznes və ticarət statistikası üzrə əsas göstəricilər haqqında təlimat” adlı sənədinə görə, əgər hesabat dövründə biznes subyektinin faktiki işləyən və əmək haqqı alan işçi heyəti varsa, yaxud təqdim etdiyi hesabatda dövriyyəsinin olduğu və ya investisiya qoyuluşu etdiyi barədə məlumatlar əksini tapırsa, bu 3 indikatordan biri həmin biznes vahidini aktiv hesab etmək üçün kifayətdir. Avropa Statistika Orqanının və OECD-nin birgə hazırladığı “Biznes demoqrafiyasına dair statistika təlimatı” sənədi də oxşar yanaşma təqdim etməklə yanaşı əlavə olaraq biznes subyektinin aktiv və öhdəliklərə malik olmasının davam etməsini aktivlik üçün meyarlardan biri sayır. Sənəddən aydın olur ki, Avropa Birliyində bir sıra vergilər üzrə (ƏDV, mənfəət və gəlir vergiləri) ödəmələr biznes subyektlərinin aktivliyini müəyyən etmək üçün əsas göstəricilərdən biridir. Lakin bu təlimatda müəssisələrin aktivliyinə dair daha geniş statistik məlumatların toplanması və açıqlanması vacib sayılır. Təklif edilir ki, bu statistikada işçisi olan (hüquqi şəxs statusunda) və olmayan (fərdi sahibkar kimi uçota alınan), ən azı 1 işçisi olan, 2 və daha çox işçisi olan aktiv biznes subyektləri barədə məlumatlar ayrıca əksini tapsın. Eləcə də bu göstəricilər əsasında hazırlanmış biznes aktivliyinə dair statistika regionları da əhatə etməlidir.

Bu təlimat aktiv sahibkarlıqla bağlı statistikaya biznes demoqrafiyası (yeni yaranan və bağlanan biznes vahidlərinə dair məlumat sistemi) statistikasının tərkib hissəsi kimi baxır və təklif edir ki, hesabatlar geniş məlumat bazasına malik olmalıdır. Məsələn, yeni yaranan müəssisələrin və ləğv olunan biznesin, aktiv subyektlərin sayı ilə yanaşı hesabat dövründə yeni yaranan müəssisələr tərəfindən yaradılan iş yerlərinin sayı barədə də informasiya yer almalıdır.

Yeri gəlmişkən, biznes demoqrafiyası üzrə statistik hesabatlılığı təkmilləşdirmək üçün DSK çox uzağa getmədən elə qonşu ölkələrdən Gürcüstan nümunəsinə də baxa bilər. Bu ölkənin rəsmi statistika qurumu hər bir region üzrə qeydiyyata alınmış və aktiv olan biznes vahidlərinin sayı barədə eyni hesabatda məlumat verir. Halbuki Azərbaycanda bu məlumatı birbaşa əldə etmək mümkün deyil və yalnız fərqli hesabatlara daxil edilmiş göstəricilər əsasında dolayı hesablamalar vasitəsilə əldə etmək mümkündür. 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.