fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda minimum əmək haqqı və muzdlu əmək

Read this article on other language
Download article
image_pdf
image_pdf

Əmək Məcəlləsinə görə, minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. İqtisadi nəzəriyyədə minimum əmək haqqının vacibliyi onunla izah edilir ki, bu tələb əməyin istismarının qarşısının alınması, əmək haqlarının qorunması, haqsız rəqabətin qarşısının alınması, gəlir bölgüsündə ədalətin təmin edilməsi və yoxsulluğun azaldılması istiqamətlərində müsbət təsir imkanlarına  malikdir.

Bir çox beynəlxalq sənədlərdə də əmək haqqı mövzusuna toxunulur. BMT-nin 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsində deyilir ki, “Hər bir işçi özünün və ailəsinin insana layiq yaşamasını təmin edən və lazım gəldikdə digər sosial təminat vasitələri ilə tamamlanan ədalətli və qənaətbəxş haqq almaq hüququna malikdir”. BMT-nin hazırladığı İqtisadisosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda da hər kəsin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ müəyyən edilib.

Minimum əmək haqqındakı dəyişiklik sadəcə minimum əmək haqqı alanların deyil, cəmiyyətin böyük bir hissəsinin maraq dairəsindədir. Dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsi Vahid Tarif Cədvəli əsasında aparılır ki, bu cədvəldəki müxtəlif əməyin ödənilməsi dərəcələrinə uyğun təyin edilən aylıq maaş miqdarının formalaşması da minimum əmək haqqının miqdarından asılıdır. Azərbaycanda 2019-cu ildə həyata keçirilən minimum əmək haqqı artımı zamanı rəsmi açıqlamada minimum əmək haqqındakı dəyişikliyin dövlət sektorunda çalışan 450 min, özəl sektorda çalışan 150 min, ümumilikdə, 600 min insanın gəlir səviyyəsinə birbaşa təsir etdiyi bildirilmişdi. Həmin dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayının 1 milyon 534 min nəfər olduğunu nəzərə alsaq, ölkədə minimum əmək haqqındakı dəyişikliyin bütün muzdla çalışan işçilərin təxmini 40 faizinin gəlirinə birbaşa təsir etdiyini deyə bilərik.

Minimum əmək haqqı 1992-ci ildə qəbul edilən və nədənsə işləkliyi təmin edilməyən Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında qanunun tələbləri baxımından da əhəmiyyətlidir. Belə ki, qanunda qeyd olunur ki, il ərzində istehlak bazarında qiymətlərin artımı 5 faizi keçdiyi halda aylıq pul gəlirləri minimum əmək haqqının 4 mislindən (indiki halda 1000 manatdan) aşağı olanlar üçün dövlət büdcəsindən və ya özəl müəssisələrdən ödənən əmək haqqı, birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər, bank əmanətləri, dövlət qiymətli kağızları, dövlət sığorta orqanlarına verilən haqlar və aliment qiymətlərdəki artıma və aylıq gəlirin minimum əmək haqqının neçə mislinə bərabər olmasına əsasən indeksləşdirilməlidir. (İndeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir.)

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, minimum əmək haqqının müəyyən edilməsində müxtəlif maraq qruplarının iştirakçılığının təmin edilməsi, prosesin ədalətli və effektiv şəkildə təşkil edilməsi ölkədə yüz minlərlə insanın sosial-iqtisadi vəziyyətinin formalaşmasına mühüm təsir edir. Bu baxımdan, yazının məqsədi ölkədə minimum əmək haqqı sisteminin əhalinin minimum tələblərinə cavab verib-vermədiyini araşdırmaq və ümumilikdə muzdlu əməkdən əldə edilən gəlirlərin əhalinin ümumi gəlirlərindəki payını müəyyən etməkdən ibarətdir. Məsələyə bu baxımdan yanaşdıqda məlum olur ki, Azərbaycanda minimum əmək haqqı və onunla bağlı olan yaşayış minimumu, minimum istehlak səbəti kimi normaların formalaşmasında əhalinin tələbləri məhdud çərçivədə nəzərə alınır, bu normaların hesablanması və bir-biri ilə əlaqəsi ilə bağlı konkret mexanizm və metodologiya mövcud deyil. Eləcə də, muzdlu işçilərin sayının ümumi məşğul əhali arasında, muzdlu əməkdən əldə edilən gəlirlərin isə əhalinin ümumi gəlirlərində xüsusi çəkisi kifayət qədər aşağıdır.

Azərbaycanda minimum əmək haqqı sistemi

Əmək Məcəlləsində qeyd edilir ki, ölkədə minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Prezidentin minimum əmək haqqı ilə bağlı sərəncamlarında konstitusiyanın 109-cu maddəsinin (AR Prezidentinin səlahiyyətləri) 32-ci bəndinə istinad edilir. Həmin bənddə isə qeyd edilir ki, bu bənd Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. Yəni, Azərbaycanda minimum əmək haqqının müəyyən edilməsi prosesində işə götürənlərin və işçilərin nümayəndələri və ya parlament müzakirələri rol oynamır, bu barədə icra hakimiyyəti orqanları müstəqil şəkildə qərar qəbul edir.

Minimum əmək haqqının müəyyən edilməsi baxımından Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu da əhəmiyyət  kəsb edir. Çünki qanunun beşinci maddəsində deyilir ki, “Ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir”.

Yaşayış minimumu haqqında qanuna görə, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə təsdiqlənir. Yaşayış minimumu isə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Bu baxımdan, həm sosial yardımların, həm ehtiyac meyarının, həm də dolayısı ilə minimum əmək haqqının formalaşmasına təsir edən əsas amillərdən biri istehlak səbətidir. Bu qanunda istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən olunmuş toplusu kimi ifadə edilib. İstehlak səbəti ərzaq məhsullarının minimum toplusundan, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusundan (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.) və xidmətlərin minimum toplusundan (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.) ibarətdir.

İstehlak səbəti ilə bağlı əsas tənqidi məqam səbətin tərkibi ilə bağlıdır.  Məsələn, Nazirlər Kabinetinin təsdiq etdiyi qərarda internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə hesablanır və ya əmək qabiliyyətli əhali üçün palto tipli üst geyimlərinin aşınma müddəti 8 il, ayaqqabıların aşınma müddəti 3.5 il müəyyən edilib ki, bu rəqəmlərin reallığı əks etdirməsi ciddi müzakirə mövzusudur. İstehlak səbəti ilə bağlı daha bir diqqət çəkən məqam da odur ki, yaşayış minimumuna parlamentdə hər il büdcə zərfi çərçivəsində baxılsa da, qanunvericilikdə istehlak səbətinə hər üç ildən bir baxılması nəzərdə tutulub. Müddətin bu qədər çox olması istehlakçıların davranışlarının və tələblərinin operativ şəkildə nəzərə alınmasına  mane olur.

Azərbaycanda minimum istehlak səbətinin əhatə dairəsi ilə bağlı da problemlər mövcuddur. Beynəlxalq Əmək Təşkilatı ehtiyac meyarının müəyyən olunmasında qida və mənzil ehtiyaclarından əlavə səhiyyə, uşaqların təhsil məsrəfləri və ictimai həyatda iştirak üçün lazım olan digər xərclərin də nəzərə alınmasını zəruri sayır. Halbuki, Azərbaycanda istehlak səbəti bu tip xidmətləri əhatə etmir.

Beynəlxalq təcrübə

Müxtəlif ölkələrdə minimum əmək haqqının təyin edilməsi ilə bağlı fərqli təcrübələr mövcuddur. Ölkələrin bir hissəsində minimum əmək haqqı icra hakimiyyəti orqanı tərəfindən, bəzilərində qanunverici orqan tərəfindən, bir qrupunda isə işçiləri təmsil edən təşkilatlar tərəfindən müəyyən edilir. Minimum əmək haqqının median əmək haqqı, inflyasiya və digər iqtisadi göstəricilərə əsasən müəyyən edildiyi ölkələrlə yanaşı, işsizlik dərəcəsinin çox aşağı olduğu bəzi ölkələrdə isə ümumiyyətlə minimum əmək haqqı tətbiq edilmir.

Türkiyədə minimum əmək haqqının miqdarı eyni adlı komitə tərəfindən müəyyən edilir. Komitə hər birindən beş nəfər olmaqla hökuməti, sahibkarları və işçiləri təmsil edən ümumilikdə 15 nəfərdən ibarətdir. Sahibkarların (işəgötürənlərin) və işçilərin təmsilçiləri müvafiq olaraq sahibkarların və işçilərin ən böyük həmkarlar ittifaqı təşkilatlarının üzvlərindən ibarət olur. Minimum əmək haqqı ilə bağlı qanunvericilik ölkədə minimum əmək haqqının miqdarına ən geci iki ildə bir dəfə baxılmasını zəruri edir. Komitə minimum əmək haqqını müəyyən etmək üçün dörd raunddan ibarət görüşlər keçirir, sonda isə komitənin qərar qəbul etməsi üçün komitə üzvləri arasında səsvermə keçirilir. ABŞ-da federal səviyyədə minimum əmək haqqı konqres tərəfindən və aylıq olaraq yox, hər iş saatı üçün müəyyən edilir. Minimum əmək haqqı ştatlar səviyyəsində də müəyyən edilə bilər, ancaq, ştatların müəyyən etdiyi minimum əmək haqqı səviyyəsi federal səviyyədə müəyyən edilən minimum əmək haqqından aşağı ola bilməz. Ştat səviyyəsindəki idarəetmə orqanları minimum əmək haqqının səviyyəsini müxtəlif sənaye sahələri üzrə də fərqli miqdarda müəyyən etmək səlahiyyətinə malikdir.

Fransada minimum əmək haqqı miqdarındakı artımın yarısı istehlak qiymətləri indeksi, digər yarısı isə işçilərin əldə etdikləri vəsaitin satınalma gücü paritetindəki dəyişikliklər əsas alınaraq müəyyən edilir. Buna əlavə olaraq, hər il hökumət iqtisadi göstəriciləri nəzərə alaraq, minimum əmək haqqı səviyyəsinin artırılması məsələsinə baxır. Ölkədə inflyasiya səviyyəsi 2 faizdən yüksək olduğu halda, minimum əmək haqqı səviyyəsinə il ərzində yenidən baxıla bilər.  İsveçdə isə minimum əmək haqqının səviyyəsi müxtəlif sənaye sahələrindən asılı olaraq dəyişir. Belə ki, hər bir sənaye sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatları həmin istiqamətdə fəaliyyət göstərən işçilərin minimum əmək haqqı səviyyəsini və digər sosial şərtləri müəyyən edir və işçilərlə işəgötürənlər arasında kollektiv sazişlər imzalanır. Rusiyada 2020-ci ilədək minimum əmək haqqı yaşayış minimumu əsasında hesablansa da, 2021-ci ildən etibarən ölkədə minimum əmək haqqı median əmək haqqının 42 faizi həcmində müəyyən edilib.

Azərbaycanda muzdlu əmək

Azərbaycanda muzdla (əmək haqqı ilə) çalışan şəxslərlə bağlı xarakterik cəhətlərdən biri də, ümumi məşğul əhali arasında muzdla çalışanların xüsusi çəkisinin həm region ölkələrindən, həm də dünya ortalamasından bir neçə dəfə geri qalması ilə bağlıdır.

Cədvəl: Azərbaycanda və digər ölkələrdə muzdla çalışanların ümumi məşğul əhali içərisində xüsusi çəkisi  

Ölkə

Muzdla işləyənlərin ümumi məşğul əhalinin tərkibində xüsusi çəkisi 

Belarus 96%
Rusiya 93%
Avropa Birliyi 85%
Ukrayna 84%
Mərkəzi Avropa və Baltik ölkələri 82%
Qazaxıstan 75%
Türkiyə 69%
Moldova 63%
Ermənistan 60%
Gürcüstan 49%
Azərbaycan 32%

 

Əmək haqqı ilə çalışanların ümumi məşğul əhali içərisində xüsusi çəkisinin aşağı olması ilə yanaşı, Azərbaycanda əmək haqqı gəlirlərinin əhalinin ümumi gəlirləri içərisində payı da yüksək deyil. Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının büdcəsi ilə bağlı məlumatlarından aydın olur ki, ölkədə ümumi ailə gəlirlərinin cəmi 30 faizə yaxın hissəsi əmək haqqı gəlirlərindən ibarətdir.

Azərbaycanda əmək haqqı gəlirlərinin ÜDM-ə nisbəti də, kifayət qədər aşağı göstəriciyə malikdir. Statistika Komitəsinin bununla bağlı sonuncu rəqəmlərindən məlum olur ki, ölkədə əmək haqqı gəlirlərinin ÜDM-də payı təxminən cəmi 19 faizə yaxındır.   

Cədvəl: Müxtəlif ölkələrdə əmək haqqı gəlirlərinin ÜDM-də payı 

Ölkə Əmək gəlirlərinin ÜDM-də payı (%)
İsveçrə 59.4
Fransa 52.8
ABŞ 52.7
Yaponiya 51.6
Almaniya 51
Kanada 50.6
Niderland 49.6
Finlandiya 49.4
Belarus 49.2
Avstriya 48.2
Rusiya 47.2
Azərbaycan 18.4

 

Maraqlıdır ki, muzdla işləyənlər ölkədə məşğul əhalinin cəmi üçdə birini təşkil etməsinə və ölkədə ev təsərrüfatlarının gəlirlərinin 70 faizə yaxınının qeyri-əmək haqqı gəlirləri hesabına formalaşmasına baxmayaraq, Tarif Şurasının qiymət artımları ilə bağlı açıqlamalarında artımları əsaslandırmaq üçün muzdla işləyənlərin orta aylıq əmək haqqındakı artımdan arqument kimi istifadə edilir.

Minimum və orta aylıq əmək haqqı miqdarı ilə bağlı daha bir maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əmək haqqının orta aylıq əmək haqqının 60 faizinə çatdırılması ilə bağlı öhdəlik götürməsinə və 2012-ci ildə qəbul edilmiş Azərbaycan 2020: Gələcəyə baxış inkişaf sənədində 2020-ci ilə qədər minimum əmək haqqının orta aylıq əmək haqqının 60 faizinə çatdırılması ilə bağlı hədəf qoyulmasına baxmayaraq, Azərbaycan hələ də bu göstəricidən çox geri qalır. Sonuncu rəsmi açıqlamaya görə, hazırda ölkədə orta aylıq əmək haqqı 707 manata, minimum əmək haqqı isə 250 manata bərabərdir. Bu baxımdan, hazırda Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının cəmi 35 faizinə bərabərdir.

Əmək haqqı sistemi ilə bağlı təsəvvür yaratmaq baxımından orta aylıq əmək haqqı ilə yanaşı, median əmək haqqı da mühüm rol oynayır. Azərbaycanda indiyədək median əmək haqqının miqdarı ictimaiyyətə açıqlanmasa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu yaxınlarda ilk dəfə median əmək haqqının məbləğini açıqladı və məlum oldu ki, Azərbaycanda bu göstərici cəmi 343 manata bərabərdir. Bu isə o deməkdir ki, Azərbaycanda muzdla çalışan təxminən 1.7 milyon şəxsdən 850 mininin aylıq maaşı 343 manatdan aşağıdır. Digər tərəfdən, bu göstəricidən məlum olur ki, ölkədə median əmək haqqı orta aylıq əmək haqqının cəmi 48 faizinə bərabərdir, yəni, orta aylıq əmək haqqı median əmək haqqından iki dəfə çoxdur. Bu isə, ölkədə gəlir bərabərsizliyinin yüksək olmasının göstəricisi kimi qəbul edilə bilər.

Nəyi dəyişməli

Yuxarıda qeyd etdiyimiz – istehlak səbətinin əhatə dairəsinin məhdud olması və Avropa Sosial Xartiyasında minimum əmək haqqının orta aylıq əmək haqqına nisbətinin 60 faiz həddində olması tələbinə baxmayaraq, Azərbaycanda bu göstəricinin cəmi 35 faizə bərabər olması kimi amillər ölkədə minimum əmək haqqı və yaşayış minimumu kimi normativlərin əhalinin real minimum tələblərini əks etdirmədiyini və təyin edilən məbləğlərin az olduğunun göstəricisidir. Bunu aradan qaldırmaq üçün atıla biləcək addımlardan biri ölkə üzrə vahid formada deyil, iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı fərqli minimum əmək haqqı səviyyəsinin müəyyən edilməsi ola bilər. Rəsmi rəqəmlərdən də görünür ki, Azərbaycanda müxtəlif iqtisadi fəaliyyət növləri üzrə orta aylıq əmək haqqı miqdarında bir neçə dəfəyədək fərqlər mövcuddur. Ölkədə median əmək haqqının orta aylıq əmək haqqından 2 dəfəyə yaxın kiçik olması da yüksək əmək haqqı alan işçilərlə minimum əmək haqqı alanlar arasında ciddi fərqin olduğunun göstəricisidir.  İqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, ölkənin regionları arasındakı sosial-iqtisadi fərqlər də minimum əmək haqqının müəyyən edilməsində nəzərə alına bilər. Hazırda Bakı şəhərində orta aylıq əmək haqqı 1000 manata yaxın olsa da, ölkənin əksər şəhər və rayonlarında bu göstərici Bakıdakı müvafiq göstəricidən təxminən 2 dəfə aşağıdır. Bunu nəzərə alaraq böyük şəhərlərdə və digər inzibati rayonlarda fərqli minimum əmək haqqı səviyyəsi müəyyən edilə bilər.

Eyni zamanda, Azərbaycanda minimum əmək haqqının yaşayış minimumuna bağlılığına dair hər hansı hüquqi müddəa yoxdur. Yaşayış minimumu haqqında Qanunda yaşayış minimumunun əmək haqqının minimum məbləğinin və pensiyaların baza hissəsinin müəyyən edilməsinin əsasını təşkil etdiyi vurğulansa da, bu hüquqi baxımdan icbari bağlılığı nəzərdə tutmur. Ancaq, məsələn Rusiya Əmək Məcəlləsində göstərilir ki, əmək haqqının minimum səviyyəsi yaşayış minimumundan aşağı müəyyən edilə bilməz. Azərbaycanda hazırda minimum əmək haqqı (250 manat) ölkə üzrə yaşayış minimumunu (196 manat) qabaqlasa da, qeyd etmək lazımdır ki, bunu sadəcə 2019-cu ildə reallaşdırmaq mümkün olub, minimun əmək haqqının 2019-cu ilin iyunundakı artımınadək ölkədə uzun illər boyu əmək haqqının minimum səviyyəsi yaşayış minimumundan daha az idi.

Azərbaycanda vergi qanunvericiliyinə əsasən, vergidən azad olunan məbləğin minimum əmək haqqı səviyyəsi ilə deyil, yaşayış minimumuna əsasən müəyyən edilməsi də, minimum əmək haqqı alan şəxslərin gəlirlərinin  bir qədər də azalmasına səbəb olur. Xüsusilə qeyri-neft və qeyri-dövlət sektorunda çalışmayan işçilər minimum əmək haqqı səviyyəsində gəlir əldə edirsə, bu zaman onlar qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin əmək haqqından gəlir vergisi, sosial ayırmalar və sığorta məbləğləri də tutulur ki, bu da son nəticədə işçinin minimum əmək haqqı səviyyəsindən də aşağı gəlir əldə etməsinə səbəb olur. Bunu nəzərə alaraq, vergi məcəlləsində vergidən azad olunan məbləğin minimum əmək haqqı ilə əlaqələndirilməsi həm minimum əmək haqqı səviyyəsində maaş alanların gəlirlərinin qorunması baxımından, həm də minimum əmək haqqının ölkədə iqtisadi və sosial göstərici kimi rolunun artırılması baxımından mühüm rol oynaya bilər.

Nəticə

Azərbaycanda minimum əmək haqqının, sosial yardımların və yaşayış minimumunun formalaşması baxımından əsas göstəricilərdən biri minimum istehlak səbətidir. Ancaq Azərbaycanda minimum istehlak səbətinin tərkibi əhalinin tələblərinin və ehtiyaclarının minimum həddini real əks etdirmir. Bu baxımdan istehlak səbətinin daha ədalətli şəkildə hazırlanması və minimum əmək haqqının müəyyənləşdirilməsində həm işçilərin, həm də işəgötürənlərin təmsilçilərinin cəlb edilməsi, üstəgəl, işçilərin hüquqlarını qoruyan təşkilatların fəaliyyətinə şərait yaradılması ölkədə daha ədalətli minimum əmək haqqı sisteminin formalaşması üçün vacibdir. Bu, dolayısı ilə yüz minlərlə insanın əməyinin istismarının qarşısının alınması və insanların sosial müdafiəsinin yaxşılaşdırılması baxımından mühüm təsir gücünə malik ola bilər.

Ölkədə muzdla işləyən əhalinin məşğul hesab edilən əhali içərisində xüsusi çəkisinin az olması həm də ölkədə qeyri-leqal məşğulluğun səviyyəsinin yüksək olduğunun göstəricisi kimi qəbul edilə bilər. Bu baxımdan, kölgə iqtisadiyyatının qarşısının alınması büdcə gəlirlərinin artması və haqsız rəqabətlə mübarizə  ilə yanaşı, sosial haqları təmin edilməyən qeyri-leqal işçilərin də sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.