fbpx

iqtisadiyyat

iqtisadiyyat

İstehlak kreditləri niyə artır?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Son dövrlərdə iqtisadi müşavirələrdə hökumət rəsmilərinin ən çox narahatlıq ifadə etdiyi mövzulardan biri istehlak kreditlərinin payının ümumi kredit portfelində artması ilə bağlıdır. Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir ki, 2019-cu ildə kredit qoyuluşları 16.1% artıb ki, bu da əsasən ev təsərrüfatlarına verilən kreditlərin artmasından irəli gəlib. 2019-cu il ərzində kredit portfelində ev təsərrüfatlarına verilən kreditlərin payı 50.4%-ə çatıb.

Bankların kreditləşməyə yönəltdiyi vəsaitin həcmində də artım müşahidə edilir. Əgər devalvasiyadan öncə, 2013-cü ildə banklar aktivlərinin 73.5%-ini kreditləşməyə ayırırdısa, devalvasiyadan sonra, 2017-ci ildə bu göstərici 41.5%-dək geriləmişdi. 2019-cu ildə isə bu göstərici 44.2%-ə yüksəlib. 2015-ci ildəki devalvasiyadan sonra Azərbaycanda fəaliyyət göstərən təxminən hər üç bankdan və hər beş bank olmayan kredit təşkilatından birinin bağlanaraq fəaliyyətini dayandırması və ölkədə 3.5 milyondan çox vətəndaşın (18 yaşdan yuxarı əhalinin 70 faizi) borcalan və ya zamin qismində banklara borclu vəziyyətə düşməsi kimi hallar xatırlandıqda, hökümətin narahatlığı başadüşüləndir.

Qrafik: Ev təsərrüfatına verilən kreditlərin ümumi kredit portfelində payı:

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı

Bu tip hallarda bir qayda olaraq “günah keçisi” rolunu banklar oynasa da, nəzərə almaq lazımdır ki, banklar da  öz növbəsində, kommersiya fəaliyyəti ilə məşğul olurlar və əgər müştərilərin istehlak kreditlərinə tələbi yaranırsa, bu tələbin banklar tərəfindən qarşılanması normaldır. Bu baxımdan daha çox diqqət edilməli məqam vətəndaşların kredit məhsuluna tələbini formalaşdıran amillərdir. Digər tərəfdən, istehlak kreditlərinin biznes kreditlərinə nəzərən daha yüksək faiz dərəcələri ilə verilməsi, gəlirin daha qısa zaman müddətində əldə edilməsi kimi məqamlar bankların istehlak kreditinə olan marağını təmin edir. Bunları göz önünə alaraq, istehlak kreditlərinin artmasının iki əsas səbəbinin olduğunu qeyd edə bilərik. Birincisi, əhalinin gəlirlərinin onların istehlak xərclərini tam qarşılamağa yetməməsi; ikincisi, real sektorda olan problemlər ucbatından bankların biznes kreditlərindən daha az riskli olan istehlak seqmentinə yönəlməsidir.

Əhalinin istehlak kreditinə olan tələbinin artmasına müxtəlif amillər təsir edir. Bunlardan ən vacibi  gəlir səviyyəsinin xərcləri tam qarşılamağa yetməməsidirsə, digər tərəfdən, əvvəllər kredit satışı tələblərinə cavab verməyən şəxslərin bir qisminin iş yerlərinin və əmək haqqının rəsmiləşdirilməsi səbəbindən satış bazasının genişlənməsi və  bank sektorunda digər sahələrə nəzərən nisbətən rəqabət mühitinin olması da müəyyən qədər rol oynayır.

Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev  mətbuata açıqlamasında bildirib ki, istehlak kreditlərinə olan tələbin artması əsasən əhalinin gəlir səviyyəsinin yüksəlməsiylə bağlıdır: “Burada sual yaranır ki, bir şəxsin gəliri artıbsa, o niyə kredit götürür? İnsanlar pul yığıb ev almaq əvəzinə, daha tez olduğu üçün ipoteka krediti əldə etməyə üstünlük verirlər və ya evlərini daha tez təmir etdirmək istəyirlər, yeni mebellərinə daha tez qovuşmaq niyyətindədirlər, daha uzun istirahəti üstün tuturlar və s. İstehlak krediti deyə bir məhsulun yaranmasının səbəbi də elə budur: gələcəkdəki mümkün istehlakı cari dövrdə reallaşdırmaq istəyi”.  

Ancaq digər tərəfdən onu da qeyd etmək lazımdır ki, insanların gəlirlərinin onların xərclərini tam ödəyə bilməməsi kredit məhsullarına tələb yaradan ən vacib amildir. Bu arqumenti dəstəkləyən ən əhəmiyyətli göstərici ev təsərrüfatlarının kapital qoyuluşlarının azalması fonunda ev təsərrüfatlarına verilən kreditlərin artmasıdır. Belə ki, ötən il ev təsərrüfatlarının əsaslı kapital qoyuluşlarının həcmində bir əvvəlki ilə nəzərən 35%-ə, yəni 500 milyon manata yaxın azalma qeydə alınıb. Ev təsərrüfatlarının kapital qoyuluşunun tərkibinə daşınar və daşınmaz əmlakın alınmasına, həmçinin təmirinə, ev heyvanlarının alınmasına və fərdi sahibkarlığın inkişafına yönəldilən vəsaitlər daxil edilir.

Azərbaycanda insanların maliyyələşmə alternativləri çox deyil. Məsələn, qiymətli kağızlar bazarı o səviyyədə inkişaf etməyib ki, sahibkarlar səhmlərin emissiyası vasitəsilə bizneslərinə maliyyə  cəlb edə bilsinlər və ya sosial müdafiə sistemi o qədər əhatəli deyil ki, insanlar müəyyən ehtiyaclarını həmin sosial fondlar hesabına qarşılasınlar. Bank kreditlərinin Azərbaycan iqtisadiyyatının vəziyyətinə və insanların rifahının qorunmasına ciddi təsiri mövcuddur. Ona görə də, insanların qazancları onların cari xərclərini qarşılamağa yetmədiyi hallarda, ilk ağla gələn çıxış yollarından biri bank kreditləridir. Bu səbəbdən bəzi banklar təhsil haqlarının ödənilməsi, səyahət və bu kimi normalda yığım hesabına maliyyələşdirilən xərclərlə bağlı da kredit məhsulları təklif edirlər. Əhalinin yığımlarıyla bağlı isə onu qeyd etmək lazımdır ki, Statistika Komitəsinin “Azərbaycanın Milli Hesabları” statistik məcmuəsinə baxdıqda görünür ki,  devalvasiyadan sonrakı illərdə əhalinin gəlirləri onların son istehlak xərclərini qarşılamağa kifayət etmir. Son iki illə bağlı göstəricilər açıqlanmasa da, 2015-2017-ci illərdə əhalinin son istehlak xərcləri onların əldə etdiyi gəlirlərini ortalama 1 milyard manata yaxın üstələyir. Bu baxımdan istehlak kreditlərinin artmasına təsir edən amillərin ən vaciblərindən biri olaraq ev təsərrüfatlarının maddi imkanlarının pisləşməsini xüsusi qeyd etməliyik.

Məsələ ilə bağlı digər bir statistika da depozit və kreditlərin artım tempi ilə əlaqədardır. Belə ki, 2019-cu ildə ev təsərrüfatlarının depozitlərinin həcmində artım 3.1 %-ə bərabər olub. Həmin zaman müddətində ev təsərrüfatlarına verilən kreditlərin həcmi isə 20 %-dən çox artıb. Beləliklə, il ərzində ev təsərrüfatlarına verilən kreditlərin artım tempi onlardan cəlb edilən depozitlərin artım tempini 7 dəfəyədək üstələyib. Ev təsərrüfatlarının depozitlərinin artımının zəifləməsi onların qənaətlərinin, yəni əldə etdikləri gəlirin onların istehlak tələbini ödədikdən sonra yerdə qalan vəsaitin həcminin azaldığının göstəricisidir. Əldə edilən kredit məbləğinin yüksəlməsinə müəyyən qədər təsir edən bir amil də minimum əmək haqqı məbləğinin və orta əmək haqqı miqdarının artmasıdır. Minimum əmək haqqının il ərzində 130 manatdan 250 manata yüksəldilməsi və minimum əmək haqqı ilə yanaşı, orta aylıq əmək haqqı miqdarının da artması banklara DTİ tələbinə cavab vermək şərti ilə daha böyük miqdarda kredit satmaq imkanı yaradır. DTİ əmsalı bank sektorunda devalvasiyadan sonra ortaya çıxan ehtiyat alətlərdən biridir. Bu əmsal borcalanın borc yükünün onun gəlirlərinə nisbətini ifadə edir və əmsalın tələbinin qarşılanması üçün müştərinin aylıq ödədiyi kredit məbləği aylıq gəlirin 45 faizindən çox olmamalıdır. Məsələn, əgər minimum əmək haqqı 130 manatdırsa, o, aylıq maksimum 58.5 manat miqdarında kredit ödənişi edə bilər, ancaq gəliri 250 manata yüksəldikdə, bu rəqəm də öz növbəsində 112.5 manata  yüksəlmiş oldu, bu isə müştəriyə daha böyük miqdarda məbləğ əldə etməyə imkan yaradır. Onu da qeyd edək ki, bankların DTİ əmsalını pozmaq hüququ da var, bir şərtlə ki, bu şərt pozulduğu hallarda bank müştəriyə verdiyi məbləğin 25%-i həcmində ehtiyat yaratmalıdır.

İstehlak kreditlərinin həcminin artmasına təsir imkanı olan digər bir amil də ölkədə kredit kartlarından istifadənin genişlənməsidir. Nağdsız ödənişlərin stimullaşdırılması, bankların partnyorlarının sayının artması, müştəriyə əlavə faiz ödəmədən bir neçə ayadək taksitlə (bərabər hissələrlə) ödəniş etmək imkanının verilməsi, istifadə edilən məbləğ üçün faizin hesablanmadığı güzəşt müddətinin tətbiq edilməsi kimi xüsusiyyətlər kredit kartlarından istifadəni artırır. Mərkəzi Bankın müvafiq statistikasından da görünür ki, Azərbaycanda kredit kartları ilə əməliyyatlar 2018-ci ildə 13.7 milyondan, 2019-cu ildə 18.8 milyona yüksəlib. Digər diqqət çəkən göstərici isə il ərzində ölkədə əmək haqqı kartlarının artması ilə bağlıdır. Belə ki, ötən il ərzində ölkə üzrə əmək haqqı kartlarının sayı 276 min artıb. Başqa sözlə, il ərzində rəsmi gəlir tələbinə cavab verməyən on minlərlə insan bu tələbi qarşılayaraq bankların satış bazasına daxil olub. Kartların sayındakı bu artıma təsir edən əsas amillərdən biri öncədən mövcud olan iş yerlərinin rəsmiləşdirilməsidir.

Azərbaycanda bankların yenidən maliyyələşmə xətti ilə Mərkəzi Bankdan cəlb etdiyi vəsaitin həcmi öncəki dövrlərdə olduğu qədər çox olmasa da (2013-cü ildə 20%-dən 2019-cu ildə 4.7%-ə enib), son 2 ildə Mərkəzi Bankın uçot dərəcəsini 15%-dən 7.75%-dək azaltması və bankların cəlb etdiyi vəsaitlərin əsas hissəsini təşkil edən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 15%-dən 10%-ə endirilməsi kimi amillər də bankların nisbətən daha ucuz maliyyə resurslarına çıxışına şərait yaratdı ki, bunu da müştərilərin tələbinə təsir edən amillər siyahısına əlavə edə bilərik. Son aylarda bir neçə bankda daimi olmasa da müəyyən kampaniyalar çərçivəsində Azərbaycan bazarı üçün ucuz hesab edilən illik 15-16 faiz dərəcəsi ilə istehlak kreditlərinin təklif edilməsi də müştəri tələbinə təsir edən amillərdən biridir. Faiz dərəcələri ilə bağlı diqqət çəkən daha bir statistika Dünya Bankının spred (depozit faizi ilə kredit faizi arasındakı fərq) göstəricisidir. Qeyd edilən göstərici Azərbaycan üçün əgər 2016-cı ildə 8.6%, 2017-ci ildə 8.1% olmuşdusa, 2018-ci ildə həmin rəqəm 7.2% qeydə alınıb. Bu göstərici Gürcüstanda 2.3, Ermənistanda 4.1, Rusiyada isə 3.5 faizə bərabər olub.

İstehlak kreditlərinin artımına təsir edən səbəblərə toxunmağa çalışsaq da, istehlak kreditlərinin payının artmasından narahatlıq ifadə edən tərəflərin məsələyə daha obyektiv yanaşmaq üçün “istehlak kreditləri niyə artır?” qədər, “biznes kreditləri niyə artmır?” sualı ətrafında düşünməsi də faydalıdır. Azərbaycanda kapital bazarlarının inkişaf etmədiyini və dövlət institutları tərəfindən ayrılan kredit vəsaitlərinin kənd təsərrüfatı istisna olmaqla digər sahələrin kredit ehtiyacının cüzi hissəsini qarşılamağa yetdiyini nəzərə alsaq, özəl sektorun maliyyə ehtiyaclarının təmin edilməsi baxımından bank kreditlərinin əhəmiyyəti daha da artır. 2015-2019-cu illərdə Azərbaycanda ticarət və xidmət sektoruna ayrılan kreditin həcmində 21%, inşaat və əmlak sektoru üzrə 84%, sənaye və istehsal sektoru üzrə 55%, nəqliyyat və rabitə sektoru üzrə 17% azalma qeydə alınıb. Bu sektorlardan sadəcə, kənd təsərrüfatı üzrə olan kreditlərin miqdarında  artım qeydə alınıb ki, bu da həmin sahəyə dövlət fondları vasitəsilə güzəştli maliyyələşmə tətbiq edilməsi səbəbindən baş verib.

Biznes kreditlərinə təsir edən amillər arasında şirkətlərin kredit tarixçələrinin korlanması, bankların vəsaitlərini daha az riskli sahələrə yönəltməsi qədər, mülkiyyət haqlarının qorunması, məhkəmə sisteminin ədalətliliyi, biznes mühitinin sərbəstliyi kimi  institusional amillərin də təsiri var. Məhz real sektordakı həmin institusional problemlər ucbatından istehlak seqmenti banklar üçün daha cəlbedicidir. Bu baxımdan, daha əlverişli biznes və investisiya mühitinin yaradılması, real sektordakı problemlərin aradan qaldırılması bu sektorda canlanmaya səbəb olar ki, bunun nəticəsində istehlak kreditlərinin həddindən artıq artmasının ortaya çıxaracağı risklərin də qarşısını almaq olar. Digər tərəfdən, biznes kreditlərinin artmasının iş yerlərinin açılması və ölkədən xaricə axan valyutanın azalmasına da müəyyən təsiri var. Əksər istehlak məhsulları idxal hesabına təmin edildiyi üçün istehlak kreditləri vasitəsilə dövriyyəyə daxil olan vəsaitin əksər hissəsi xaricə getmiş olur. Ancaq biznes kreditləri daxili istehsalı artırması baxımından ölkə iqtisadiyyatına daha müsbət təsir etmə potensialına sahibdir.

Dünya Bankı analitiklərinin  hazırladığı “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatında da Azərbaycanla bağlı bildirilir ki, “qaz hasilatının genişlənməsi və qeyri-enerji sektorunda artım dinamikası 2019-cu ildə Azərbaycana kömək etsə də, qlobal bazarlarda resurs əmtəələrinin qiymətinin ucuzlaşması və qeyri-neft sektorunda sərt struktur məhdudiyyətlərin qalması ölkədə fəallığın zəifləməsi riski yaradır. Uzunmüddətli perspektivin necə olacağı isə 3 amildən asılıdır: özəl sektoru dəstəkləyən islahatların nə dərəcədə effektiv olacağından, insan kapitalına investisiyaların artırılması və təhsilin inkişafından və maliyyə sektorundakı problemlərin həllindən”. İxracın diversifikasiya edilməməsi, beynəlxalq rəqabət qabiliyyətliliyinin zəif olması və dövlətin iqtisadiyyatda böyük rol alması məsələləri də Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı riskli hesab etdiyi amillər sırasındadır. Bu baxımdan, biznes sektoru üçün institusional risklərin azaldılması və maliyyə vəsaitlərinin daha əlçatan olması, əhalinin borclanmasının və riskli kreditlərin həcminin aşağı düşməsi baxımından da vacib rol oynaya bilər.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.