fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Azadlıq və mülkiyyət

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azadlığın təbiəti və dəyəri

ABŞ özünü “azad insanlar yurdu” kimi göstərmək istəyir. Bu yarlığa layiq olub-olmadığını və ya bu yarlığın vacibliyini müzakirə etməzdən əvvəl azadlığın nə olduğunu bilməliyik.

İki azadlıq anlayışı adlı məşhur essesində XX əsr siyasi filosofu Ayzaya Berlin iddia edirdi ki, tarixçilər ana dili ingiliscə olan insanların azadlıq (liberty və ya freedom) terminini yüzdən çox fərqli mənalarda istifadə etdiklərini müəyyən ediblər.[1] Təbii dillərdə terminlərin tək mənası olmur. Beləcə, Berlin filosofların və başqalarının azadlıq terminini əsasən iki mənada işlətməyə meyilli olduqlarını müəyyənləşdirdi, onları isə neqativ və pozitiv azadlıq adlandırdı.

Neqativ azadlıq nəyinsə yoxluğunu bildirir: maneələr, məhdudiyyətlər, müdaxilə və ya başqalarının hökmranlığı. Məsələn, ABŞ konstitusiyasının Konqresin insanların nitqinə müdaxilə edən qanunlar qəbul etməsini qadağan etməklə ifadə azadlığını qoruduğu güman edilir. Yaxud biz “azad ticarət”dən danışanda sənin əcnəbilərlə ticarət əlaqəsi qurmağına heç kəsin mane olmadığı iqtisadi sistemi nəzərdə tuturuq. Hər iki halda azadlıq başqaları tərəfindən müdaxiləsizliyi bildirir.

Pozitiv azadlıq nəyinsə mövcudluğunu bildirir: adətən müəyyən qədər güc, bacarıq və ya qabiliyyət. “Pozitiv azadlıq” dedikdə Berlin özünənəzarət qabiliyyətini – yəni insanın öz məqsəd və hərəkətlərini rasional, muxtar şəkildə seçmək bacarığını nəzərdə tuturdu.[2] Lakin müasir fəlsəfi mətnlərdə “pozitiv azadlıq” daha çox insanın məqsədlərinə çatmaq qabiliyyəti mənasında istifadə edilir. Məsələn, quşun məndən fərqli şəkildə uçmaq azadlığının olduğunu deyəndə adətən kiminsə quşun uçmasına mane olmadığını nəzərdə tutmuruq. Quşun uçmağa gücünün olduğunu, məndə isə o gücün olmadığını nəzərdə tuturuq.

Bu cür tərifləndirilmiş pozitiv azadlıq sərvət ilə sıx əlaqəlidir. Müasir marksist filosof Gerald Koenin də dediyi kimi, “pulun olması azadlığın olması deməkdir.”[3] O, iddia edirdi ki, pul, ya da daha dəqiq desək, pulun təmsil etdiyi real sərvət insanlara dünyaya çıxış imkanı verən bilet kimidir. Nə qədər çox sərvətin varsa, bir o qədər çox şey edə bilərsən və bu mənada da azadlığın bir o qədər çox olar.

Berlin və ondan sonra bir çox digər siyasi filosoflar bu iki azadlıq anlayışının müxtəlif siyasi ideallara gətirib çıxardığına inanırdılar. Nəticədə, azadlığın mənası ilə bağlı debat əksərən ideoloji döyüş olaraq görülürdü. Bir çox klassik liberal və libertarianlar iddia edirdilər ki, “pozitiv azadlıq” həqiqətən azadlığın bir forması olsa, bu, təbii olaraq sosializmə və gücündən istifadə edərək bizi azad olmağa məcbur edəcək böyük dövlətə şərait yarada bilər. Bir çox marksist və sosialist bu fikirlə məmnuniyyətlə razılaşırdı. İddia edirdilər ki, insanların pozitiv azadlıqdan faydalana biləcəklərinə dair hüquqi zəmanət olmadığı halda “neqativ azadlıq” dəyərsizdir. Onlar deyirdilər ki, sosialist cəmiyyət hər kəsə ləyaqətli yaşamaq üçün zəruri sərvət zəmanəti verəcək və buna görə də sosializm bazar iqtisadiyyatından üstün olacaq.

“Azadlıq” termininin mənasına dair bu köhnə və yorucu debatlar, güman ki, bir neçə səhvə əsaslanır. Problem bu idi ki, həm klassik liberallar, həm də sosialistlər təxmini güman edirdilər ki, azadlıq tərif etibarilə qorunmalı, təbliğ edilməli və ya hökumətin zəmanət verməli olduğu şeydir. Bu güman ilə yola çıxsan, onda, təbii ki, terminə hansı tərifin verilməsi məsələsi ideoloji döyüş olacaq.

Amma bu gümanı qəbul etmək üçün bir səbəb yoxdur. Əksinə, düzgün fəlsəfi metod əvvəlcə terminlərin mənasını dəqiqləşdirmək olardı. Azadlığın mənasını müəyyənləşdirdikdən sonra bu növ azadlığın, əgər varsa, dəyərinin nə olması sualını soruşmaq olar. “Azadlığa” tərif verməyin əhəmiyyəti onun dəyəri ilə bağlı debatı yekunlaşdırmaq yox, müzakirə edilən şeyin mənasını dəqiqləşdirməklə həmin debatı zənginləşdirməkdir.

İstənilən azadlıq anlayışının sahib ola biləcəyi ən azı iki təməl dəyər növü var. Azadlıq həm özlüyündə, həm də instrumental olaraq və ya hər iki formada dəyərli ola bilər.

Azadlığın özlüyündə dəyərli olduğunu demək o mənaya gəlir ki, o, özü üçün, daxilən dəyərlidir. Məsələn, kimsə fikirləşə bilər ki, müdaxiləsizlik hansısa əlavə müsbət nəticə hasil etmədiyi hallarda belə insanların bir-birinə haqsız yerə müdaxilə etməməsi yaxşı şeydir. Bir çox liberal və libertarian deyir ki, başqalarına əxlaqi icmanın üzvləri və özlüyündə dəyərli insanlar kimi hörmət etmək üçün onlara geniş fərdi muxtariyyət sahəsi verməyə borcluyuq. Hətta heç bir fayda əldə edilməsə belə, sənin ifadə azadlığına hörmət etməliyəm.

Hörmət əlaməti olaraq bir-birimizə azadlıq borcumuzun olduğunu düşünmək üçün hansısa böyük əxlaq nəzəriyyəsinə ehtiyac yoxdur. Gündəlik əxlaqi düşüncədə öncədən güman edirik ki, bir-birimizə müdaxilə, hücum edə, yaxud da başqasından nəsə oğurlaya bilmərik. Sənin yaxşılığın üçün olsa belə, ağzından siqaret götürə, yaxud səni yaxşı bədii ədəbiyyat oxumağa məcbur edə bilmərəm. İnsanları oğurlayıb düşmənlərimizlə döyüşməyə məcbur edə bilmərik. Onların iş yerinə gedib işi necə görməli olduqlarını deyə bilmərik. Onları yaxşı əmələ xidmət etmək üçün məcbur edə, yaxud da yanlış tanrıya ibadət etməklərinə mane ola bilmərik. Libertarianlar (və az da olsa, sol liberallarla amerikalı mühafizəkarlar) hesab edirlər ki, bu gündəlik əxlaqi prinsiplər müəyyən dərəcədə hökumətlərə də şamil edilir, lakin kommunitarianlar və digərləri bu fikirlə razılaşmırlar.

Azadlığın instrumental olaraq dəyərli olduğunu demək o mənaya gəlir ki, azadlığı qorumaq və ya təbliğ etmək adətən başqa dəyərli nəticələr hasil edir. Məsələn, on doqquzuncu əsr iqtisadçısı və filosofu Con Stüart Mil vicdan, düşüncə və həyat tərzi azadlığının elmi və ictimai tərəqqiyə gətirib çıxaracağını iddia edirdi.[4] (Aşağıda bu arqumentə daha ətraflı baxacağıq.) İqtisadçılar standart olaraq hesab edir ki, iqtisadi azadlıqları qorumaq insanları daha da zənginləşdirir.

Azadlığın hansı növ dəyərinin olmasını müəyyənləşdirmək onun dəyərinin nə qədər olması məsələsini açıq saxlayır. Konkret misal versək, mütləq deyil ki, azadlığın yalnız özlüyündə dəyərli olduğunu düşünən biri azadlığı yalnız instrumental olaraq dəyərli görən biri ilə müqayisədə azadlığa daha çox dəyər versin. Birinci şəxs azadlığı özlüyündə dəyərli, amma çox da vacib olmayan bir dəyər hesab edə bilər; ikinci şəxs isə azadlığı yalnız hansısa başqa məqsədlərə nail olmaq üçün alət olaraq dəyərli görsə də, onu olduqca vacib hesab edə bilər. (Məsələn, oksigen özlüyündə dəyərli deyil, amma bizim üçün oksigenden daha dəyərli çox az şey var.)

Hesab et ki, sosialistlər düz deyir: məqsədlərinə çatmağa gücünün olması əhəmiyyətli azadlıq növüdür və sərvət insanlara bu növ azadlığı əldə etməkdə adətən kömək edir. Güman et, həm də razılaşırıq ki, ədalət məsələsi olaraq, bu növ azadlığın geniş yayılması, hər kəsin ondan faydalana bilməsi vacibdir. Bir adam bütün bunları qəbul edib yenə də kapitalizmi sosializmdən üstün tuta bilər. Əslində bu, kapitalizmi sosializmdən üstün tutmaq üçün prinsipial səbəblərdən biri ola bilər. Axı belə tərifləndirilmiş azadlığı ən yaxşı hansı iqtisadi sistemin (və ya ikisinin qarışığının) qoruması və təbliğ etməsi empirik, sosial-elmi sualdır. Standart iqtisadiyyat dərsliyi əslində hesab edir ki, azad ticarət, özəl mülkiyyət və bazar iqtisadiyyatı vacibdir, çünki onlar pozitiv azadlığı təbliğ etməyə meyillidirlər, sosializm isə pisdir, çünki o, pozitiv azadlığı adətən qoruya bilmir. Bəzi sosialistlər pozitiv azadlığın ideal olduğunu iddia edirlər, amma bu, sosializmin daha çox pozitiv azadlıq verməsi demək deyil.

Kapitalist və sosialistin dəyərləri, azadlıq anlayışı və azadlığın dəyəri barədə fikirləri eyni ola bilər. Bu halda onların mübahisəsi əxlaqi və ya fəlsəfi deyil; dünyanın necə işləməsi ilə bağlı empirik iddialar və həmin dəyərlərə real dünyada nail olmaq üçün atılası addımlar barədədir.

Mülkiyyət haqları

Mülkiyyət haqqı özündə tək bir haqqı ehtiva etmir. Daha doğrusu o, haqlar bağlamasıdır. Məsələn, kantri musiqiçisi Bred Peislinin Fender Telecaster gitarası üzərində mülkiyyət haqqının olduğunu demək aşağıdakı mənalara gəlir:

  1. Peisli kefi istəyən vaxt gitaradan istifadə edə bilər. Yəni normal vəziyyətlərdə o, başqalarının haqlarına hörmət etmək şərti ilə istədiyi vaxt gitaradan istifadə edə bilər.
  2. Peisli gitarada dəyişiklik edə, hətta onu məhv edə bilər.
  3. Peisli gitaranı sata, hədiyyə və ya kirayə verə, yaxud da necəsə özgəninkiləşdirə bilər.
  4. Peisli qazanc əldə etmək məqsədi ilə gitaradan istifadə edə bilər.
  5. Peisli başqalarının gitaranı istifadə etməsinə, dəyişdirməsinə, məhv etməsinə və ya ona toxunmasına qadağa qoya bilər. Başqaları onun icazəsi olmadan gitaradan istifadə edə bilməz.
  6. Başqaları gitaraya zərər vursa və ya onu məhv etsə, Peisliyə kompensasiya ödəməyə borcludurlar.
  7. Başqa insanlar üçün yuxarıdakı maddələrə (1-6) hörmət etmək icra edilə bilən əxlaqi öhdəlikdir; Peisli gitaradan istifadə edəndə, ona dəyişiklik edəndə, onu özgəninkiləşdirəndə, başqalarının ondan istifadəsinə və ya onu məhv etməsinə qadağa qoyanda, digər insanlar Peisliyə müdaxilə etməməyə əxlaqi olaraq borcludurlar.[5]

Bu haqlar bir yerdə Peisliyə bir şey üzərində geniş nəzarət və mülahizə imkanı verir, eyni zamanda digər insanların bu şey üzərində nəzarət həyata keçirmələrinə mane olur.

Mülkiyyət haqlar bağlaması olduğundan müxtəlif şeylər üzərində fərqli şəkildə mülkiyyət haqqımız ola bilər. Bəzən nəyəsə sahib oluruq, amma həmin şey üzərindəki haqlarımız yuxarıda sadalanan haqların hamısını əhatə etmir. Məsələn, Peisli iti Hollerin də sahibidir. Amma Peislinin Holler üzərindəki sahibliyi ilə gitara üzərindəki sahibliyi eyni cür deyil. O istəsə, səhnədə gitaranı vurub dağıda bilər, amma Hollerin sahibi olsa da, iti səhnəyə çırpıb öldürə bilməz. Bu, sahib olduğumuz digər şeylərə də şamil edilə bilər. Mən tenis və üzgüçülük klubuna üzvəm və üzvlüyümü başqasına kirayə verə bilərəm, amma klub ilə müqaviləmə əsasən, üzvlüyümü müəyyən məbləğdən artıq qiymətə kirayə verə bilmərəm. Dayımın bir evi var, amma onun [dövlət və ya qonşularla] razılaşmasına əsasən, o, evini çəhrayı rəngə boyaya bilməz.

Mülkiyyət haqlarının nə olduğunu izah etdik, indi isə özümüzə bir neçə normativ sual verə bilərik: insanların mülkiyyət haqlarının olmasına icazə verilməlidirmi? Hökumətlərin və ya kollektivlərin mülkiyyət sahibi olmasına icazə verilməlidirmi? Nəyə sahib olmaq olar, nəyə olmaz? (Məsələn, insanlar zavod və ya mağazaya sahib ola bilərmi?) Bu haqlar nə dərəcədə güclüdür?

Bilindiyi kimi, XVIII əsr filosofu Jan Jak Russo şikayətlənirdi ki, özəl mülkiyyət təsisatının yaradılması səhv idi:

Bir torpaq sahəsini çəpərləyərək bu mənimdir deyən və insanların ona inanacaq qədər sadəlövh olduğunu görən birinci adam vətəndaş cəmiyyətinin həqiqi banisidir. Şələ-şüləsini yığıb gedən və ya xəndəkləri doldurub digər insanlara: ‘bu saxtakara qulaq asmayın. Meyvələrin hamının olduğunu, dünyanın isə heç kimin olmadığını unutsanız, deməli, uduzmusunuz’ deyən kəs insanlığı hansı cinayətlərdən, müharibələrdən, qətllərdən, səfalət və dəhşətlərdən xilas edərdi![6]

Russoya görə, özəl mülkiyyət olmasaydı, insanlığın vəziyyəti daha yaxşı olardı. Təsisatları çəkicə bənzədərək dəyərləndirməklə bağlı yuxarıda verdiyim təklif əsasında Russo deyərdi ki, özəl mülkiyyət təsisatının məqsədi bəzi insanların digərlərinin başına çəkic vura bilməsidir.

Russonun dediklərində doğruluq payı var idi. Mülkiyyət haqları, o cümlədən kollektiv və ya dövlət mülkiyyət haqları, əsaslandırılmalıdır. Soruşmalıyıq ki, mülkiyyət haqları mövcud olmasaydı, onları icad etmək lazım olardımı?

Heç kimin mülkiyyətinin olmadığı seyrək məşkunlaşmış dünya təsəvvür et. Bu dünyada bütün insanlar istədikləri yerə getməkdə, rast gəldikləri istənilən meyvəni yeməkdə və keflərinə düşən yerdə yatmaqda sərbəstdirlər. Amma indi təsəvvür et ki, kimsə bir torpaq sahəsini çəpərləyib oranı özünün mülkü elan edir. İlk baxışdan belə görünür ki, bu mülk sahibi digər hər kəsin azadlığını məhdudlaşdırır. İnsanlar əvvəllər istədikləri yerə getməkdə azad idilər, lakin indi bu qudurğan əclaf insanların bura gedə bilməyəcəklərini iddia edir. Niyə kimsə ona qulaq asmalıdır ki?

XVIII əsr filosofu Con Lokun bu suala verdiyi məşhur cavab belə idi ki, “ən azından başqalarına kifayət edəcək miqdarda və indiki keyfiyyətdə” resurs saxlamaq şərti ilə torpaqda kifayət qədər məhsuldar şəkildə (məsələn, onu becərməklə) çalışan adamlar həmin torpağı əldə edə bilərlər.[7] Lakin kimsə etiraz edə bilər ki, bu standartı – başqalarına kifayət edəcək miqdarda və indiki keyfiyyətdə saxlamaq – ödəmək qeyri-mümkündür. Axı yeni torpaqlar, demək olar, yaradılmır. Mən iki akr torpaq sahəsini çəpərləsəm, digər hər kəs üçün iki akr torpaq sahəsi azalmış olacaq. Yerdən bir barrel neft çıxartsam, digər hamı üçün bir barrel neft azalmış olacaq.

Müasir filosof və iqtisadçı Deyvid Şmitzin bu narahatlığa iki hissəli cavabı var. Birincisi, o qeyd edir ki, görünür, bu etiraz faktların tərs başa düşülməsinə əsaslanır. Bu etiraz bizdən tələb edir ki, erkən məskunlaşan insanların sahibsiz torpaqları öz aralarında böldüklərini təsəvvür edək. Sonradan məskunlaşmaq istəyənlər görürlər ki, bütün torpaqlar artıq bölüşdürülüb və sahiblənmək üçün heç nə qalmayıb. Lakin bu təsvir doğru deyil. Əksinə, sonradan məskunlaşanların vəziyyəti erkən məskunlaşanlarınkından daha yaxşıdır. Bu gün orta statistik amerikalının yaşayış səviyyəsi 1600-cü ildəki avropalı kolonistinkindən 60 dəfə (bəli, 60) yüksəkdir.[8] Hətta yoxsulluq həddində əməkhaqqı alan amerikalının yaşayış səviyyəsi də 1600-cü ildəki avropalı kolonistinkindən ən azı 10 dəfə yüksəkdir.[9] (Bu rəqəm isə əslində daha yüksəkdir, çünki bu hesablamada sosial ödəmələr və ya köçürmələr nəzərə alınmayıb.) Və bu gün ABŞ hökumətinin hesabladığı yoxsulluq həddində yaşayan bir amerikalının – sosial ödəmələr və ya köçürmələri əlavə etməzdən əvvəl – yaşayış səviyyəsi 1900-cü ildəki orta statistik amerikalınınkından ən azı 4 dəfə yüksəkdir.[10]

Bütün bunları bazarlara və iqtisadi böyüməyə borcluyuq. Bugünkü sərvət nəinki 2000 il əvvəl, heç 50 il əvvəl belə mövcud deyildi. Bu gün dünyada adambaşına düşən gəlir 2000 il əvvəllə müqayisədə ən az 15 dəfə çoxdur.[11] Sərvət təkcə bir yerdən başqa yerə ötürülməyib, həm də yaradılıb.

Məsələn, təsəvvür et ki, eramızın 1000-ci ilində dünyada istehsal edilmiş hər şey həmin dövrün insanları arasında bərabər bölüşdürülüb. Belə olsaydı, hazırda dünyada orta yaşayış səviyyəsi Haiti və ya Malavidəkindən daha pis olardı. Əslində bu gün orta statistik bir insanın yaşayış səviyyəsi həminkindən təxmini 10 dəfə daha yaxşıdır.

İqtisadi böyümənin baş vermə səbəblərindən biri də insanların torpağı özəlləşdirməsi idi. Sahibsiz torpaq adətən məhsuldar olmayan torpaqdır. Lokun da qeyd etdiyi kimi, bir torpaq sahəsini çəpərləyib əkinçiliklə məşğul olmaq həmin sahəni icma mülkiyyətində saxlamaqla müqayisədə 10000 dəfə daha məhsuldar edə bilər. Düzgün bazar şəraitində insanlar bir-biri ilə ticarət etməyə meyilli olacaqlar və hər kəs bundan faydalanacaq. Beləliklə, Lok iddia edirdi (və iqtisadçılar da bununla razılaşır) ki, sahibsiz resursların özəlləşdirilməsinin sistemli təsiri hər kəsin rifah halının yaxşılaşdırılmasıdır. Özəlləşdirmə bizə təkcə “başqalarına kifayət edəcək miqdarda və indiki keyfiyyətdə” yox, daha çox və daha yaxşı resurs saxlayır.

Şmitzin də dediyi kimi, Russo səhv edirdi. Russo sahibsiz resursların mənimsənilməsi nəticəsində mənimsənilə biləcək sahibsiz resurs fondunun azaldığının fərqində idi, amma Russonun düşündüyünün əksinə olaraq bu, sahiblənilə biləcək resurslar fondunu azaltmır.[12] Şübhəsiz ki, Russonun da şikayətləndiyi kimi, özəlləşdirmə insanların hərəkət azadlığını məhdudlaşdırır. Lakin özəlləşdirmə insanları artıqlaması ilə kompensasiya edir, çünki özəlləşdirmənin sistemli təsiri insanların məqsədlərinə çatması üçün onların pozitiv azadlıqlarını artırmaqdır.

İkincisi, Şmitz iddia edir ki, başqalarına kifayət edəcək miqdarda və indiki keyfiyyətdə resurs saxlamaq imperativi (qəti əmri) bizim təkcə sahibsiz resursları özəlləşdirməyimizə icazə vermir, o, bunu bizdən tələb də edə bilər. Sahibsiz qalan resurslar adətən, XX əsr ekoloqu Qerret Hardinin dediyi kimi, ortaq mülkiyyət faciəsi ilə üzləşirlər.[13] Hardin narahat olurdu ki, bir resursu heç kim sahiblənməyəndə insanların onu qorumaqda çox az marağı olur. Daha pisi isə odur ki, insanların belə resurslardan hamıdan əvvəl bacardıqları qədər çox dəyər götürməyə maraqları olacaq. Hətta bir resursdan uzun müddət istifadə etmək istəsələr də, bunu bacara bilməzlər, çünki başqalarının bu resursdan səmərəli istifadə edəcəyinə dair heç bir zəmanətləri yoxdur.

Məsələn, təsəvvür et ki, 10 çobanın hər birinin 10 qoyundan ibarət bir sürüsü var və onlar sürülərini ümumi otlaqda otarırlar. Sahənin örüş tutumu 100 qoyundur. Örüş tutumu səviyyəsində bütün qoyunlar tam doyurlar və hər qoyunun 100 dollar bazar qiyməti var. Hər çobanın hərəsi 100 dollar dəyərində olan 10 qoyunu var və beləliklə, hər çobanın sürüsünün qiyməti 1.000 dollardır. Bu, o deməkdir ki, otlağın ümumi iqtisadi hasilatı 10.000 dollardır. Amma təsəvvür et ki, bir çoban öz sürüsünə 11-ci qoyunu əlavə etməyə qərar verir. Bu, qoyunların ümumi sayını 101-ə çıxardır. Qoyunların sayı otlağın örüş tutumundan çox olduğundan örüş sahəsi azalmağa başlayır. Bəzi yerlərdə ot yenidən çıxmır və o ərazi tozla örtülür. Qoyunları tam yedirmək üçün kifayət qədər ot yoxdur. Buna görə də qoyunların yunu əvvəlki qədər qalın və parlaq, budu isə əvvəlki qədər ətli deyil. Beləliklə, güman et ki, indi hər bir qoyunun bazar qiyməti 95 dollardır. Lakin sürüsünə bir qoyun əlavə edən çoban mənfəət əldə edir. İndi onun 11 qoyunluq sürüsünün qiyməti 1.045 dollardır. Amma 11-ci qoyunu sürüyə əlavə etmək təkcə onun sürüsünə təsir etmir. Otlağın ümumi iqtisadi hasilatı indi 9.595 dollardır (hər biri 95 dollardan 101 qoyun). İtkilərini bərpa etmək üçün çox güman digər çobanlar da sürülərindəki qoyunların sayını artıracaqlar. Amma hər əlavə qoyun bu nümunəni təkrarlayır – bu, qoyun əlavə edən çobana sərf edir, amma digərlərinə zərər vurur. Nəticədə örüş sahəsi məhv olmamış daha çox qoyun otarmaq uğrunda çobanlar arasında qaçaqaç başlayır.

Mücərrəd olaraq müxtəlif qaydaları əsaslandırmağa nəyin lazım olduğu barədə düşünmək üçün burada dayanmağa dəyər. Beyzbol oyununa nəzər salaq. Həm iştirakçılar, həm də tamaşaçılar üçün oyunun əsas məqsədi əylənməkdir. Oyun qaydalarının sistemli faydası var. Amma meydandakı hakimlərin işi fərdi hərəkətləri və ya oyunları əyləncəni artırmaq məqsədi ilə qiymətləndirmək deyil. Elə etsələr, oyunun zayı çıxar: oyun sonda heç də əyləncəli olmaz. Əyləncənin yaranma səbəblərindən biri də qaydaların mövcudluğunun yaratdığı gərginlik və rəqabətdir. Qaydalar müxtəlif səbəblərə görə (məsələn, oyunu daha əyləncəli, təhlükəsiz və ya sürətli etmək üçün) dəyişdirilə bilər, amma fərdi hakimlər qaydaları meydanda dəyişə bilməzlər və fərdi oyunlarda da hakimlərin məqsədi əyləncəni artırmaq ola bilməz.

Oxşar şəkildə, Lokun “başqalarına kifayət edəcək miqdarda və indiki keyfiyyətdə” resurs saxlamaq imperativi o zaman məqbuldur ki, onu özəl mülkiyyətin sistemli əsaslandırılmasının tərkib hissəsi olaraq görək. Hər bir fərdi əməliyyata istiqamət vermək baxımından bu imperativ məqbul deyil. Başqalarının homsted [pay torpaq sahəsi] əldə etməyimdən faydalanması şərti ilə mənim Montanada homsted almağıma icazə verilməsi məqbul görünmür. Bu, yəqin ki, qeyri-mümkün dərəcədə ciddi standartdır. Daha doğrusu, torpağı mənimsəməyim o şərtlə əsaslandırılır ki, “özəl mülkiyyət” oyununun müvafiq mənimsəmə qaydalarına riayət edirəm, “özəl mülkiyyət” oyunu isə qismən sistemli şəkildə müəyyən nəticələr hasil etdiyi üçün əsaslandırılır.

Bu bölmədə, şəxsi mülkiyyət haqları rejimlərinin sistemli nəticələrinə toxundum. Amma onu da qeyd etməliyik ki, mülkiyyət haqlarının (və ya müəyyən sistemli mülkiyyət haqlarının) lehinə və əleyhinə çoxsaylı arqumentlər var, onların bir neçəsini növbəti bölmələrdə müzakirə edəcəyik.

Qeyd: Bu kitab (Brennan, Jason. Political Philosophy: An Introduction. Washington, D.C: Cato Institute, 2016) Kato İnstitutunun və müəllif Ceyson Brennanı razılığı ilə Bakı Araşdırmalar İnstitutu tərəfindən tərcümə və dərc edilmişdir.


[1] Isaiah Berlin, “Two Concepts of Liberty,” in Isaiah Berlin, The Proper Study of Mankind, ed. Henry Hardy, Roger Hausheer, and Noel Annan (New York: Farrar, Straus, and Giroux, 1997), 168. [Ətraflı məlumat üçün bax, İlkin Hüseynli, “Neqativ və Pozitiv Azadlıq Anlayışları,” Bakı Araşdırmalar İnstitutu, 3 dekabr, 2019, https://bakuresearchinstitute.org/az/neqativ-v%c9%99-pozitiv-azadliq-anlayislari/ (tərc.).]

[2] Yenə orada, 169.

[3] G. A. Cohen, Self-Ownership, Freedom, and Equality (New York: Cambridge University Press, 1995), 58.

[4] John Stuart Mill, On Liberty (Indianapolis, IN: Hackett Publishing, 1978).

[5] Gerald Gaus, “Property,” in The Oxford Handbook of Political Philosophy, ed. David Estlund (New York: Oxford University Press, 2012), 96.

[6] Jean-Jacques Rousseau, The Major Political Writings of Jean-Jacques Rousseau, trans. John T. Scott (Chicago: University of Chicago Press, 2012), 91.

[7] John Locke, Second Treatise of Government (Indianapolis, IN: Hackett Publishing, 1980), 21.

[8] Bax, Angus Maddison’s historical GDP/capita data: http://www.ggdc.net/maddison/Maddison.htm. Həmçinin bax, Angus Maddison, Contours of the World Economy, 1–2030 AD: Essays in Macroeconomic History (New York: Oxford University Press, 2003).

[9] http://aspe.hhs.gov/poverty/15poverty.cfm. Müəllifin hesablamaları.

[10] Maddison, Contours of the World Economy, 1–2030 AD.

[11] David Schmidtz and Jason Brennan, A Brief History of Liberty (Oxford: Wiley-Blackwell, 2010), 122; və http://www.ggdc.net/maddison/Maddison.htm.

[12] David Schmidtz, “The Institution of Property,” Social Philosophy and Policy 11 (1994): 42–62.

[13] Garrett Hardin, “The Tragedy of the Commons,” Science 162 (1968): 1243–48.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.