Cəmiyyət

Cəmiyyət

Azərbaycan akademik mühitində yırtıcı jurnallar (Hissə 2)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Təxminən bir il əvvəl azərbaycanlı müəlliflərin xarici yırtıcı jurnallarda dərc etdikləri məqalələrlə bağlı monitorinq aparmışdım. Monitorinq üçün elmi ictimaiyyət tərəfindən yırtıcı jurnallar siyahısına daxil edilmiş və fəaliyyət göstərdiyi ölkənin nüfuzlu elmi qurumları tərəfindən yırtıcı olduğu elan edilmiş üç jurnal seçmişdim: Danish Scientific Journal, Slovakian International Scientific Journal Norwegian Journal of Development of the International Science. Bu jurnallar ictimai mənbələrdə yırtıcı olduğu qeyd olunan və qısa axtarışla yırtıcı olması müəyyən edilməsi mümkün olan jurnallardır. Bu jurnallarda 2023-cü il və 2024-cü ilin 3 ayı – yəni 15 ay ərzində məqalə dərc etmiş azərbaycanlı müəlliflərin sayı, onların elmi dərəcələri və işlədikləri təhsil müəssisələrini qeyd etmişdim. Məqalədə Azərbaycanda yırtıcı jurnallara qarşı mübarizə sahəsində görülən işlər, universitet sistemində azərbaycanlı müəlliflərin yırtıcı jurnallarla əməkdaşlığına şərait yaradan boşluqlar və görülməli işlər barədə məlumatlar da yer alırdı.

Monitorinq nəticələrinin dərc edilməsindən sonrakı dövrdə azərbaycanlı müəlliflərin xarici yırtıcı jurnallarla əməkdaşlıq səviyyəsini müəyyən etmək və bu sahədə baş verən dəyişiklikləri öyrənmək məqsədilə monitorinqi davam etdirmək qərarına gəldim. Yuxarıda adlarını qeyd etdiyim hər üç jurnalda 2024-cü ilin aprelindən 2025-ci ilin oktyabrına qədərki 19 aylıq dövr ərzində azərbaycanlı müəlliflər tərəfindən dərc edilmiş məqalələrlə bağlı növbəti monitorinq apardım.

Monitorinq nəticəsində məlum oldu ki, azərbaycanlı müəlliflərin hər üç yırtıcı jurnalla əməkdaşlığı böyük ölçüdə davam edir. Həmçinin, bu yırtıcı jurnallar öz müəllif areallarını daha da genişləndiriblər, təhsil müəssisələri ilə yanaşı xüsusi ixtisaslaşmış araşdırma institutlarının akademik heyətlərindən belə müəllif cəlb edə bilirlər. Yırtıcı jurnallardan müdafiə sahəsində görülən işlər və verilmiş tövsiyələr isə problemin qarşısının alınmasında yetərli deyil. Daha ətraflı məlumat üçün gəlin hər jurnal üzrə monitorinq nəticələrinə nəzər salaq.

Yırtıcı jurnallar üzrə monitorinq nəticələri

19 aylıq monitorinq dövründə (2024-cü il aprel – 2025-ci il oktyabr) Danish Scientific Journalda ümumilikdə 118 azərbaycanlı müəllifin 60 məqaləsi yayımlanıb. Bu məqalələrin 22-i təkmüəllifli, 38-i isə iki və daha artıq tədqiqatçı tərəfindən hazırlanmış həmmüəllifli məqalələrdir. Bu müəlliflər içərisində 9 professor, 23 dosent, 21 fəlsəfə doktoru, 13 tələbə, 52 müəllim-tədqiqatçı yer alır. 18 müəllif isə adı çəkilən jurnalda iki və daha artıq məqalə dərc edib.

Monitorinq dövründə Slovakian International Scientific Journalda 157 azərbaycanlı müəllifin 104 məqaləsi yayımlanıb. Bu məqalələrdən 63-i təkmüəllifli, 41-i isə iki və daha artıq tədqiqatçı tərəfindən hazırlanmış həmmüəllifli məqalələrdir. Bu müəlliflər içərisində 6 professor, 19 dosent, 19 fəlsəfə doktoru, 34 tələbə və 79 müəllim-tədqiqatçı yer alır. 19 müəllif isə adı çəkilən jurnalda iki və daha artıq məqalə dərc edib.

Monitorinq dövründə Norwegian Journal of Development of the International Scienceda isə 410 azərbaycanlı müəllifin ümumilikdə 239 məqaləsi yayımlanıb. Bu məqalələrin 109-u təkmüəllifli, 130-u isə iki və daha artıq tədqiqatçı tərəfindən hazırlanmış həmmüəllifli məqalələrdir. Jurnalda məqalə dərc etmiş azərbaycanlı müəlliflər arasında 17 professor, 72 dosent, 75 fəlsəfə doktoru, 62 tələbə və 184 müəllim-tədqiqatçı yer alır. 46 müəllif isə adı çəkilən jurnalda 2 və daha artıq məqalə dərc edib.

Cədvəl 1: Monitorinq dövründə 3 yırtıcı jurnalda məqalə dərc edən azərbaycanlı müəlliflərin təhsil müəssisələri üzrə bölgüsü.

    Universitet və İnstitutlar  Danish Scientific JournalSlovakia International Scientific JournalNorwegian Journal of Development of the International Science    Cəmi*
Aerokosmik Tədqiqatlar Agentliyi (Müdafiə Sənayesi Nazirliyi)1001
AMEA və tabeliyindəki institutlar231113
Azərbaycan Dillər Universiteti0167
Azərbaycan Dövlət Aqrar Universiteti562232
Azərbaycan Dövlət Pedaqoji Universiteti8273463
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti1373753
Azərbaycan İlahiyyat İnstitutu1113
Azərbaycan Memarlıq və İnşaat Universiteti3269
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası0022
Azərbaycan Texniki Universiteti261116
Azərbaycan Texnologiya Universiteti4127
Azərbaycan Tibb Universiteti14107481
Azərbaycan Turizm və Menecment Universiteti0022
Azərbaycan Universiteti0156
Bakı Avrasiya Universiteti0134
Bakı Biznes Universiteti0325
Bakı Dövlət Universiteti883751
Bakı Mühəndislik Universiteti0336
Bakı Slavyan Universiteti1134
ETN tabeliyindəki institutlar (Genetik resurslar, Fizika, Kataliz, Mikrobiologiya, Dendrologiya, Neft-Qaz, Geologiya, Fiziologiya)  15  13  35  61
Gəncə Dövlət Universiteti441018
Dövlət Həkim Təkmilləşdirmə İnstitutu0022
Heydər Əliyev adına Hərbi İnstitut1089
Hərbi Elmi Tədqiqat İnstitutu (Müdafiə Nazirliyi)0101
Xəzər Universiteti0213
Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki institutlar031720
Qərbi Kaspi Universiteti0022
Milli Aviasiya Akademiyası1034
Milli Müdafiə Universiteti0213
Milli Nüvə Tədqiqatları Mərkəzi (Rəqəmsal İnkişaf Nazirliyi)0101
Naxçıvan Dövlət Universiteti8302558
Naxçıvan Müəllimlər İnstitutu0101
Odlar Yurdu Universiteti0022
SOCAR və tabeliyindəki Neft-Qaz Araşdırmaları İnstitutu0123
Sumqayıt Dövlət Universiteti50510
UNEC361014
V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu (Səhiyyə Nazirliyi)117927
Müstəqil851730

Qeyd*: Cədvəldəki rəqəmlər jurnallar üzrə məqalə dərc etmiş müəlliflərin sayını göstərir. Hər jurnal üzrə iki və daha artıq məqalə dərc etmiş şəxslər 1 müəllif kimi qeyd olunub. O cümlədən hər üç jurnalda məqalə dərc etmiş şəxslər də ümumi hesablamada 1 müəllif kimi götürülüb.

Monitorinqin ümumi nəticələri

Apardığım monitorinq nəticəsində məlum oldu ki, 19 aylıq dövr ərzində yırtıcı jurnallarda ümumilikdə 634 azərbaycanlı müəllif tərəfindən 403 məqalə dərc edilib. Müəlliflər içərisində 28 professor, 102 dosent, 99 fəlsəfə doktoru, 104 tələbə (bakalavr, magistr və doktorant birlikdə), 301 müəllim-tədqiqatçı yer alır. Professorlardan 8-i, dosentlərdən 18-i, fəlsəfə doktorlarından 17-i, tələbələrdən 12-i, müəllim və tədqiqatçılardan isə 40-ı bu jurnallarda birdən çox məqalə dərc edib. 51 müəllif isə birdən çox jurnalda məqalə dərc edib.

Hətta 19 ay ərzində yırtıcı jurnallarda bir professorun 8, bir dosentin 10, Bakı Dövlət Universitetinin bir tələbəsinin 12, Azərbaycan Tibb Universitetinin fəlsəfə doktorunun adı isə 16 məqalədə müəllif və ya həmmüəllif kimi qeyd olunub.

Hər 3 yırtıcı jurnalda məqalə dərc etmiş müəlliflərin sayı baxımından ilk sırada Azərbaycan Tibb Universiteti yer alıb. Universitetdən ümumilikdə 81 nəfər 19 aylıq müddət ərzində hər 3 jurnalda məqalə ilə çıxış edib. İkinci yerdə 63 nəfərlik heyətlə Azərbaycan Dövlət Pedaqoji Universiteti, üçüncü sırada isə 61 nəfərlə ETN tabeliyindəki institutlar yer alır.

Yırtıcı jurnalda məqalə dərc etmiş professorların sayı baxımından ilk sırada Bakı Dövlət Universiteti (4) qərarlaşır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (3), Azərbaycan Dövlət Pedaqoji Universiteti (3), Naxçıvan Dövlət Universiteti, Təhsil Nazirliyi yanındakı institutlar və Azərbaycan Tibb Universiteti isə hər biri 3 professorla təmsil olunur.  

Yırtıcı jurnallarda məqalə dərc etmiş dosentlərin sayı üzrə də Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilk sırada qərarlaşırlar. Hər iki universitetdən ümumilikdə 12 dosent yırtıcı jurnallarda məqalə dərc edib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (9) və Azərbaycan Tibb Universiteti (8) isə növbəti sıralarda qərarlaşır.

Fəlsəfə doktoru müəlliflərin sayı baxımından isə Azərbaycan Tibb Universiteti böyük fərqlə digər universitetləri qabaqlayır. Universitetin 31 fəlsəfə doktoru yırtıcı jurnallarda məqalə dərc edib. Digər yerlərdə isə müvafiq olaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (8), Azərbaycan Dövlət Pedaqoji Universiteti (7) və digər universitetlər qərarlaşır.

Müəllim-tədqiqatçıların sayı baxımından isə Azərbaycan Tibb Universiteti ilk sıradadır. Universitetin 39 müəllim-tədqiqatçısı yırtıcı jurnallarda məqalə dərc edib. Sıralamada ilk üçlükdə ardıcıl olaraq Naxçıvan Dövlət Universiteti (38) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (34) yer alır.

Yırtıcı jurnallarda məqaləsi dərc edilmiş 104 tələbədən 15-i bakalavr, 54-ü magistratura, 35-i isə doktorantura pilləsində təhsil alır. Tələbələrin təhsil aldıqları universitetlər üzrə bölgüsündə ilk üçlükdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (20), Bakı Dövlət Universiteti (13) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (8) yer alır. Azərbaycan Tibb Universitetindən isə hər hansı tələbənin bu jurnallarda məqalə dərc etmədiyi aydın olur. 

Monitoriq nəticələrinin qarşılıqlı müqayisəsi

Hər iki monitorinq nəticələrinin müqayisəsi göstərir ki, 19 aylıq müddət ərzində yırtıcı jurnallarda məqalə dərc edən müəlliflərin universitetlər üzrə bölgüsündə bir sıra dəyişikliklər var.

Cədvəl 2. Hər iki monitorinq nəticələrinin müqayisəsinə əsasən, ilk onluqdakı universitetlər üzrə müşahidə olunan dəyişikliklər.

  Universitet və İnstitutlarI monitorinqdə (2023 yanvar – 2024 mart) müəlliflərin sayıII monitorinqdə (2024 aprel – 2025 oktyabr) müəlliflərin sayı
Azərbaycan Tibb Universiteti9981
Azərbaycan Dövlət Pedaqoji Universiteti2363
Naxçıvan Dövlət Universiteti9658
ETN tabeliyindəki institutlar5261
Azərbaycan Dövlət Neft Sənaye Universiteti4153
Bakı Dövlət Universiteti3051
Azərbaycan Dövlət Aqrar Universiteti2432
V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu (Səhiyyə Nazirliyi)1427
Gəncə Dövlət Universiteti518
UNEC414

Həmçinin ilk monitorinq dövrü ilə müqayisədə professorların sayı, demək olar ki, eyni qalıb (29 və 28). Dosentlərin sayı isə təxminən 2 dəfə artaraq 59-dan 102-ə yüksəlib. Uyğun olaraq fəlsəfə doktorlarının sayı 76-dan 99-a, müəllim-tədqiqatçıların sayı isə 285-dən 301-ə yüksəlib.

İlk monitorinq dövründə yırtıcı jurnallarda məqalə dərc etmiş tələbələrin sayı 35 (13 doktorant, 15 magistrant və 7 bakalavr) idi. Lakin son monitorinq nəticəsində tələbələrin sayının təxminən 3 dəfə artaraq 104-ə (35 doktorant, 54 magistrant və 15 bakalavr) yüksəldiyi müşahidə edilir. Tələbələr arasında ən ciddi artımı magistratura pilləsində təhsil alanlar təşkil edir. Tələbələrin önəmli bir hissəsi, 61 nəfəri, yırtıcı jurnallarda akademik dərəcəyə malik şəxslərlə (fəlsəfə doktoru, dosent, professor) həmmüəllifli formada məqalə dərc edib. Bu isə onların birbaşa yox, dolayı formada, elmi rəhbərin və ya daha təcrübəli tədqiqatçının tövsiyəsi ilə yırtıcı jurnalların müəllif heyətinə düşdüyünü deməyə əsas verir.

Yırtıcı jurnallar əsasən email dəvətləri ilə müəllif cəlb edilməsi işini təşkil edirlər. Yırtıcı jurnallar emaillərini əldə etdikləri tədqiqatçılara müntəzəm olaraq kütləvi dəvətlər göndərir və əksər hallarda onlarla əlaqə yaratmağa müvəffəq olurlar. Daha sonra isə yırtıcı jurnallarda məqalə dərc etmiş həmin müəlliflər öz şəxsi dəvətləri və tövsiyələri ilə müəllif şəbəkəsinin genişlənməsinə şərait yaradırlar. Çox vaxt təhsil müəssisələrinin akademik tələblərindəki boşluqlar, məqalə kriteriyalarına ciddi yanaşmamaları və müəlliflərin yırtıcı jurnallar barədə məlumatsızlığı kimi məqamlar bu prosesin sürətlənərək davam etməsinə səbəb olur.

Nəticə

Azərbaycanlı müəlliflərin yırtıcı jurnallardakı fəaliyyəti ilə bağlı apardığım monitorinq göstərdi ki, keçən 19 ay ərzində (2024-cü ilin aprel – 2025-ci il oktyabr) bu jurnallarda məqalə dərc edən müəlliflərin sayı artıb. Əvvəlki yazıda bəhs etdiyim problemlər – yırtıcı jurnallarla bağlı maarifləndirmə tədbirlərinin zəifliyi, təhsil müəssisələrinin akademik tələblərindəki və nəzarət mexanizmlərindəki boşluqlar, bəzi hallarda isə müəlliflərin məlumatsızlığı yırtıcı jurnallara öz müəllif şəbəkələrini daha da genişləndirmək fürsəti verib. Bir sıra hallarda mövcud problemlər yerli müəlliflər vasitəsilə yeni-yeni müəlliflərin, xüsusilə tələbələrin yırtıcı jurnalların tələsinə düşməsi ilə nəticələnib.

Naxçıvan Dövlət Universiteti və Azərbaycan Tibb Universitetinin göstəricilərində müsbət dəyişikliklər müşahidə edilsə də, bu universitetlərdə yırtıcı jurnallarla bağlı problem hələ də aktual olaraq qalır. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi təhsil müəssisələrində isə tamamilə əks tendensiya müşahidə edilir. Bu universitetlərdən olan müəlliflər yırtıcı jurnallarla daha intensiv formada əlaqə saxlayır və məqalə dərc edirlər.

Birinci hissə

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.