iqtisadiyyat

iqtisadiyyat

Azərbaycan iqtisadiyyatında investisiya fəallığının dinamikası və strukturu

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadi artım baş verməyib: dövr ərzində müqayisəli qiymətlərlə ümumi daxili məhsul (ÜDM) istehsalının artım tempi 0,0% olub. Yeri gəlmişkən, bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 0,3%-lik azalma qeydə alınmışdı. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov mətbuata müsahibəsində iqtisadi artım templərinin hökumətin gözləntilərindən aşağı olmasının səbəblərini bildiklərini və bunun “əsasən dövlət tərəfindən həyata keçirilən bir sıra layihələrin vaxtlarının dəyişdirilməsi ilə” bağlı olduğunu bildirib. O, xüsusi olaraq vurğulayıb ki, “bu azalma daha çox özəl tikinti ilə deyil, dövlət tikintisi ilə bağlıdır”. Cənab nazir müsahibəsində həm də “özəl sərmayələrin dinamikasının getdikcə artdığını” qeyd edib. Hökumətdə iqtisadi artım məsələlərinə bilavasitə cavabdeh olan nazirin azalmanı bilavasitə və yalnız dövlət investisiya layihələri ilə əlaqələndirməsi çoxlu suallar doğurur. Ən azı ona görə ki, iqtisadi artım tempindəki azalma yalnız bu ilin ilk ayları üçün xarakterik deyil: 2024-cü ildə ölkədə illik iqtisadi artım tempi 4,2% olduğu halda, 2025-ci ildə cəmi 1,4% olub. Başqa sözlə, iqtisadi artımın azalması tendensiyası ötən ildə də müşahidə olunub.

Məlumdur ki, investisiyalar həm ümumi daxili məhsulun (ÜDM) əsas komponentlərindən biri, həm də ölkədə iqtisadi artımın başlıca təkanverici qüvvələrindən biridir. Ölkəyə böyük neft gəlirlərinin daxil olmağa başladığı 2006-cı ildən sonra tikinti sektorunda ciddi yüksəliş baş verdi və 2008-2015-ci illərdə ölkədə “tikinti bumu” yaşandı: illik ÜDM-də tikinti sektorunun payı 2014-cü ildə 12,6%-ə qədər yüksəldi. Lakin 2015-ci il maliyyə böhranından sonra bu göstəricinin səviyyəsi ildən-ilə azalmağa başladı və 2022-ci ildə 4,8%-ə düşdü. Son 3 ildə, 2023-2025-ci illərdə, bu pay 6,2-6,5% aralığındadır. Və bu proseslər son illər ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpası və məskunlaşması sahəsində həyata keçirilən böyük layihələr, habelə hökumətin yerli və beynəlxalq təşkilatlarla çox sayda nəhəng investisiya layihələrinin imzalanması haqqında bəyanatları fonunda baş verir.

Buna görə də son 10 ildə ölkə iqtisadiyyatında investisiya fəallığının durumunu və onun iqtisadi artıma təsirini araşdırmaq qərarına gəldik. Bu məqalədə investisiya fəallığının dinamikası, intensivliyi və strukturunun deskriptiv statistik təhlili əsasında ölkədə həyata keçirilən investisiya siyasətinin və investisiya fəallığının əsas meyllərini ortaya çıxarırıq.

İnvestisiya fəallığının statistik göstəriciləri barədə qısa arayış

İqtisadi statistikada investisiyaları xarakterizə edən və ən çox rast gəlinən göstəricilər “ümumi investisiya qoyuluşları” və “əsas kapitala investisiyalar”dır. Bunlar bir-birinə yaxın məzmun daşısa da, əhatə dairəsi və iqtisadi məzmunu baxımından fərqlənir.

“Ümumi investisiya qoyuluşları” göstəricisi il (dövr) ərzində ölkə iqtisadiyyatına yönəldilən bütün investisiya axınlarını əhatə edir. Buraya əsas kapitala investisiyalar, ehtiyatların (inventarların) artımı, torpaq və digər qeyri-maddi aktivlərə investisiyalar, müxtəlif maliyyə investisiyaları (səhmlər, istiqrazlar, depozitlər, iştirak payları, bəzən hətta intellektual mülkiyyət məhsullarına sərmayələr) aid edilir. Bu göstərici dövr ərzində iqtisadiyyata yönəldilən bütün növ investisiya resurslarını əhatə edir və daha geniş maliyyə-iqtisadi proseslərin təhlilində maliyyə resurslarının hərəkətini öyrənmək məqsədilə istifadə olunur.

“Əsas kapitala investisiyalar” il (dövr) ərzində əsas fondların yaradılmasına, yenidən qurulmasına, genişləndirilməsinə və modernləşdirilməsinə çəkilən faktiki xərclərin məcmusunu əks etdirən maliyyə-statistik göstəricidir. Buraya yeni müəssisələrin, bina və qurğuların tikintisi, istehsal avadanlıqlarının alınması, nəqliyyat vasitələrinin əldə edilməsi, əsaslı təmir və rekonstruksiya işləri, habelə uzunmüddətli istifadə olunan maddi aktivlərin yaradılması daxildir. Əsas kapitala investisiyalar real sektorun gələcək istehsal imkanlarını artırır. Buna görə də iqtisadi artım mənbələrinin və iqtisadi fəallığın intensivliyinin araşdırıldığı siyasət təhlillərində ilk növbədə məhz bu göstəricidən istifadə olunur.

Ölkədə investisiya fəallığının dinamikası və intensivliyi

Son 10 ildə Azərbaycan iqtisadiyyatında əsas kapitala yönəldilən investisiyaların həcmində dalğavari artım müşahidə olunur (Diaqram 1).

Diaqram 1. Əsas kapitala yönəldilən investisiyaların illər üzrə məbləği, cari qiymətlərlə, milyon manatla

(Mənbə: diaqram DSK-nın məlumatları əsasında hazırlanmışdır.)

Diaqram 1-dən göründüyü kimi, 2016-2020-ci illərdə əsas kapitala yönəldilən illik investisiyaların məbləği tədricən artıb, 2020-2021-ci illərdə azalma baş verib, 2022-2024-cü illərdə yenidən artım müşahidə edilib, ötən il isə tendensiya azalma istiqamətində dəyişib. Yeri gəlmişkən, qeyd edək ki, DSK-nın məlumatına görə, bu ilin ilk 5 ayında da bu tendensiya davam edir.

Son 10 ildə Azərbaycan iqtisadiyyatında əsas kapitala yönəldilən investisiyaların mütləq məbləğindəki dinamika ilə yanaşı, əvvəlki illə müqayisədə artım templəri də narahatlıq doğuran iqtisadi mənzərə yaradır. Bunu Diaqram 2-dən müşahidə edə bilərik.

Diaqram 2. Əsas kapitala yönəldilmiş investisiyaların əvvəlki ilə nisbətən artım sürəti, müqayisəli qiymətlərlə, faizlə

(Mənbə: diaqram DSK-nın məlumatları əsasında hazırlanmışdır.)

Gördüyümüz kimi, son 10 ilin beşində əsas kapitala vəsait qoyuluşlarının məbləği müqayisəli qiymətlərlə əvvəlki illə müqayisədə nəinki artmamış, hətta azalmışdır. 2023-cü il istisna olmaqla, artımın baş verdiyi digər illərdə də artım çox kiçik olmuşdur.

Ölkədə cari investisiya fəallığının qiymətləndirilməsi üçün istifadə olunan daha bir göstərici il ərzində bütün mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların məbləğinin illik ÜDM-ə nisbətidir. Bu göstərici ölkədə illik kapital qoyuluşlarının intensivliyini, yaxud dövlət və özəl sektorun qısamüddətli investisiya aktivliyini əks etdirir. Yeri gəlmişkən, qeyd edək ki, bu göstərici heç də investisiyanın illik ÜDM-də payını xarakterizə etmir, çünki Milli Hesablar Sistemində ÜDM-in xərc komponenti kimi istifadə olunan “investisiya” göstəricisi Ümumi Kapital Yığımı, yaxud Gross Capital Formation (GCF) göstəricisidir. GCF göstəricisindən növbəti məqalədə istifadə edəcəyik.

Müxtəlif beynəlxalq təşkilatların araşdırma və tövsiyələrinə əsasən, illik kapital qoyuluşunun ÜDM-ə nisbətinin 15%-dən aşağı olması aşağı, 15-20% arasında olması məqbul, 20-25% aralığı normal və dayanıqlı, 25-30% aralığı isə yüksək investisiya fəallığı hesab olunur. Bu göstəricinin 30%-dən yüksək olması sürətli inkişafı və ya “investisiya bumu”nu xarakterizə edir.

Ölkəmizdə əsas kapitala investisiyaların illik ÜDM-ə nisbətinin faizlə son 10 ildə necə dəyişməsi Diaqram 3-də təsvir edilib.

Diaqram 3. Əsas kapitala investisiyaların illik ÜDM-ə nisbəti, cari qiymətlərlə, faizlə

(Mənbə: diaqram DSK-nın məlumatları əsasında hazırlanmışdır.)

Diaqramdan göründüyü kimi, ölkəmizdə 2016-2020-ci illərdə investisiya fəallığı normal və dayanıqlı inkişafa uyğun səviyyədə olsa da, son 5 ildə məqbul səviyyəyə düşüb.

Diaqram 3-də həm neft-qaz, həm də qeyri-neft-qaz sektorlarına yönəldilən kapital qoyuluşları əks olunub. Qeyri-neft-qaz sektoru üzrə investisiya fəallığının səviyyəsini görmək üçün məhz bu sektorda əsas kapitala investisiyaların həmin sektor üzrə illik ÜDM-ə nisbəti göstəricisinin necə dəyişməsinə baxaq (Diaqram 4).

Diaqram 4. Qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların qeyri-neft-qaz ÜDM-inə nisbəti, cari qiymətlərlə, faizlə

(Mənbə: diaqram DSK-nın məlumatları əsasında hazırlanmışdır.)

Diaqram 4-dən görürük ki, ötən il istisna olmaqla, son doqquz ildə iqtisadiyyatın qeyri-neft-qaz sektorunda investisiya fəallığı normal və dayanıqlı, hətta 2018 və 2019-cu illərdə yüksək investisiya fəallığı səviyyəsində olub. Son bir neçə ildə qeyri-neft sektorunda qeydə alınan artımlar bunun nəticəsi ola bilər. Lakin burada da narahatedici tendensiya müşahidə olunur: 2016-2019-cu illərdə bu sektorda investisiya aktivliyi ildən-ilə yüksəldiyi halda, 2020-ci ildən sonra fəallığın aşağı düşmə meyli hakimdir. 2023-2024-cü illərdə bir qədər stabilləşmə müşahidə olunsa da (bu, işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşması layihələrinə yönəldilən dövlət investisiyaları ilə əlaqəli ola bilər), 2025-ci ildə fəallıq nisbətən aşağı düşüb.

İnvestisiya fəallığının araşdırılması zamanı dövlət və qeyri-dövlət bölmələrinin bu prosesdə rolu da mühüm əhəmiyyət kəsb edir. 2015-ci ilin maliyyə-iqtisadi böhrnınadək ölkəmizdə “dövlət – özəl sektor” investisiya bölgüsündə dövlət investisiyaları yüksək xüsusi çəkiyə malik idi (təqribən 70% – 30% nisbətində). Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan hədəflərdən biri məhz ölkədə özəl sektor ağırlıqlı investisiya fəallığına nail olmaq idi. Bu elə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın (Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 saylı Sərəncamı ilə təsdiq edilmişdir) da əsas hədəfləri sırasındadır.

2016-2025-ci illəri əhatə edən 10 il ərzində ölkə iqtisadiyyatında dövlət və qeyri-dövlət bölmələri üzrə əsas kapitala yönəldilən investisiyaların dinamikası a.ağıdakı diaqramda təsvir edilib (diaqram 5).

Diaqram 5. Dövlət və qeyri-dövlət bölmələri üzrə əsas kapitala investisiyaların illik məbləğinin dinamikası (cari qiymətlərlə), milyon manat


(Mənbə: diaqram DSK-nın məlumatları əsasında hazırlanmışdır)

Gördüyümüz kimi, 2016 və 2017-ci illərdə kapital qoyuluşlarının çox hissəsi qeyri-dövlət sektoru tərəfindən həyata keçirilib. Bu, maliyyə-iqtisadi böhran səbəbindən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin azaldıldığı dövrdür. 2018-2021-ci illərdə kapital qoyuluşlarında qeyri-dövlət bölməsinin cüzi üstünlüyü müşahidə olunub. 2022-ci ildən sonrakı dövrdə isə investisiya aktivliyində yenidən dövlətin üstünlüyü müşahidə olunur.

Nəzərə almaq lazımdır ki, bu diaqramda qeyri-dövlət investisiyalarına neft-qaz və qeyri-neft-qaz sektorlarına cəlb edilən xarici birbaşa investisiyalar da daxildir. Buna görə də kapital qoyuluşlarında qeyri-dövlət bölməsinin payı artmış kimi görünür. Halbuki xarici birbaşa investisiyaların əksər hissəsi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilməkdə davam edir. Bundan əlavə, son illərdə tikinti, nəqliyyat və anbar təsərrüfatı sahələrinə də müəyyən qədər xarici birbaşa investisiyaların cəlb edilməsi müşahidə olunmuşdur.

Son 10 ildə Azərbaycan iqtisadiyyatında əsas kapitala investisiyaların əksər hissəsi qeyri-neft sektoruna yönəldilməkdədir. Həm də ümumi kapital qoyuluşlarında bu sektorun payı getdikcə artmaqdadır (Diaqram 6).

Diaqram 6. Neft-qaz və qeyri-neft-qaz sektorları üzrə əsas kapitala investisiyaların dinamikası, cari qiymətlərlə, milyon manatla

(Mənbə: diaqram DSK-nın məlumatları əsasında hazırlanmışdır.)

İqtisadiyyatın qeyri-neft-qaz sektoruna yönəldilən kapital qoyuluşları əsasən daxili mənbələr hesabına həyata keçirilir. Belə investisiyaların mülkiyyət strukturunda isə dövlət investisiyaları üstünlük təşkil edir (Diaqram 7).

Diaqram 7. İqtisadiyyatın qeyri-neft-qaz sektoruna daxili mənbələrdən yönəldilən kapital qoyuluşlarının dövlət və qeyri-dövlət sektorları üzrə dinamikası, cari qiymətlərlə, milyon manatla

(Mənbə: diaqram DSK-nın məlumatları əsasında hazırlanmışdır.)

Diaqramdan göründüyü kimi, 2017-2024-cü illərdə (2021-ci il istisna olmaqla) daxili mənbələr hesabına qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların 70-75 faizi dövlət, qalan 25-30 faizi isə qeyri-dövlət bölməsinin payına düşür. Qeyri-dövlət bölməsi üzrə qeyri-neft-qaz sektoru sahələrinə əsas kapital qoyuluşlarının həcmi ildən-ilə tədricən artmaqda davam edir. 2017-ci illə müqayisədə 2024-cü ildə belə investisiyaların həcmi 3,5 dəfədən çox artsa da, ümumilikdə qeyri-neft-qaz sektorunda özəl bölmənin investisiya fəallığı aşağı səviyyədə qalmaqda davam edir.

Ölkədə investisiya fəallığının strukturu

Ölkə iqtisadiyyatına yönəldilən investisiyaların iqtisadi artıma təsirinin qiymətləndirilməsi üçün illik investisiya yatırımlarının dinamikası ilə yanaşı, onların strukturu da önəmlidir. Əsas kapitala yönəldilən investisiyaların məhsuldarlığa və iqtisadi artıma təsiri əsasən belə investisiyaların təyinat strukturundan, nə qədər məhsuldar kapital yaratmasından asılı olur. Başqa sözlə, önəmli olan yalnız əsas kapitala yatırılan investisiyanın miqdarının artması deyil, həm də onun strukturu, yəni necə bölüşdürülməsidir. Məhz investisiyaların strukturu məhsuldarlığın və artımın keyfiyyətini müəyyən edir.

Əsas kapitala investisiyaların təyinat strukturu dedikdə beynəlxalq təcrübədə investisiyaların dörd mühüm istiqamət: i) infrastruktur obyekt və qurğularının yaradılması, ii) istehsal (sənaye) təyinatlı obyektlərin yaradılması, iii) texnologiyanın yenilənməsi və innovasiyaların yaradılması və iv) daşınmaz əmlak obyektlərinin tikintisi kimi istiqamətlər arasında necə bölünməsi başa düşülür. Bu tərkib kapital qoyuluşlarının strukturunun səmərəliliyini və iqtisadi artıma təsirini daha yaxşı qiymətləndirməyə imkan verir. Amma Azərbaycanda DSK əsas kapitala investisiyaların belə strukturunu təqdim etmir. DSK-nın təqdim etdiyi strukturda üç komponent olur: i) məhsul istehsalı sahələri, ii) xidmət sahələri və iii) yaşayış evlərinin tikintisi.

Son 10 ildə ölkədə əsas kapitala yönəldilən investisiyaların qeyd olunan komponentlər üzrə dinamikası Diaqram 8-də təqdim edilib.

Diaqram 8. Əsas kapitala yönəldilən investisiyaların struktur dinamikası, cari qiymətlərlə, milyon manatla

(Mənbə: diaqram DSK-nın məlumatları əsasında hazırlanmışdır.)

Diaqramdan aydın görünür ki, son 10 ildə ölkə iqtisadiyyatında istehsal sahələrinə yönəldilən kapital qoyuluşlarında illər üzrə nəinki ciddi artım yoxdur, hətta müəyyən qədər azalma var (illik 10,0-13,0 milyard manat aralığında dəyişir). Bunun əksinə olaraq, xidmət sahələrinə və yaşayış evlərinin tikintisinə ayrılan əsaslı vəsait qoyuluşları ildən-ilə artır:

• 2016-cı illə müqayisədə 2024-cü ildə xidmət sahələrinə illik kapital qoyuluşunun həcmi 3 dəfədən çox artıb, yəni 2,7 milyard manatdan 8,5 milyard manata yüksəlib (ötən il bir qədər azalma qeydə alınıb);

• eyni dövrdə yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların illik məbləği isə 4 dəfə artıb. Xüsusilə son üç ildə belə investisiyalarda kəskin artım müşahidə olunur: yaşayış evlərinin tikintisinə yönəldilən vəsaitlərin illik həcmi 2022-ci ildəki 922,1 milyon manatdan 2025-ci ildə 3074,4 milyon manata yüksəlib, yəni 3,3 dəfə artıb.

Beləliklə, 2016-cı illə müqayisədə 2025-ci ildə əsas kapitala yönəldilən investisiyaların ümumi həcmində:

• istehsal sahələrinin payı 78,3%-dən 51,7%-ə düşüb, yəni 26,6 faiz bəndi azalıb;

• xidmət sahələrinin payı 16,9%-dən 33,8%-ə yüksəlib, yəni 16,9 faiz bəndi, yaxud 2 dəfə artıb;

• yaşayış evlərinin tikintisinin payı 4,8%-dən 14,5%-ə yüksəlib, yəni 9,7 faiz bəndi, yaxud 3 dəfə artıb.

Nəzərə almaq lazımdır ki, istehsal və infrastruktur sahələrinə yönəldilən investisiyalar məhsuldarlıq və baza effektləri yaratmaqla uzunmüddətli iqtisadi artımda rol oynadığı halda, xidmət sahələrinə və mənzil tikintisinə yönəldilən investisiyalar əsasən məşğulluğun təmin edilməsi və sosial effektlərə malik olur. Bu strukturda son üç ildə baş verən dəyişikliklər həm də işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və məskunlaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi layihələrlə bağlı ola bilər. Bununla belə, qeyd etməliyik ki, əsas kapitala investisiyaların strukturunda baş verən bu dəyişikliklər investisiyaların iqtisadi artıma təsirini azaldan amil kimi çıxış edir.

Uzunmüddətli istehsal potensialı yaratmaqla iqtisadi artıma təsir göstərmək baxımından qeyri-neft-qaz sənayesi sahələrinin inkişafı xüsusilə əhəmiyyətlidir. Buna görə də qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalarda qeyri-neft-qaz sənayesi sahələrinin payının necə dəyişdiyini Diaqram 9-dan izləmək olar.

Diaqram 9. Qeyri-neft-qaz sektorunda və qeyri-neft-qaz sənayesində əsas kapitala yönəldilən daxili investisiyaların dinamikası, cari qiymətlərlə, milyon manatla

(Mənbə: diaqram DSK-nın məlumatları əsasında hazırlanmışdır.)

Diaqramdan aydın müşahidə etmək olur ki, 2016-2020-ci illərdə daxili mənbələrdən qeyri-neft-qaz sənayesi sahələrinə yönəldilən investisiyalar qeyri-neft-qaz sektoru üzrə cəmi daxili investisiyaların 30 faizədək hissəsini təşkil edirdi. Lakin sonrakı illərdə ölkədaxili mənbələrdən qeyri neft-qaz sektoru sahələrinə kapital qoyuluşlarının ümimi miqdarı (diaqramda mavi sütunlar) ildən-ilə artsa da, bu vəsaitin bilavasitə qeyri neft-qaz sənayesi sahələrinə yönəldilən məbləğdə nəinki artım olmayıb, hətta azalma baş verib (diaqramda narıncı rəngli sütunlar) və onun payı 20 faizdən aşağı düşüb. Araşdırmalarımız göstərir ki, qeyri-neft-qaz sənayesi sahələrinə yönəldilən vəsaitlərin çox az hissəsi qeyri-neft-qaz emal sənayesi sahələrinə yatırılır, yəni ölkədə emal sənayesi sahələrinin inkişafında ciddi irəliləyişlər baş vermir.

Qeyri-neft-qaz sənayesi sahələrinə yönəldilən investisiyaların mülkiyyət, yəni dövlət və qeyri-dövlət strukturlarına baxdıqda məlum olur ki, bu sərmayələrdə də dövlət bölməsi üstün mövqeyə malikdir (Diaqram 10).

Diaqram 10. Qeyri-neft-qaz emal sənayesi sahələrində dövlət və qeyri-dövlət bölmələri üzrə əsas kapitala yönəldilən daxili investisiyaların dinamikası, cari qiymətlərlə, milyon manatla

(Mənbə: diaqram DSK-nın məlumatları əsasında hazırlanmışdır.)

Diaqramdan görürük ki, 2016-2019-cu illərdə qeyri-neft-qaz sənayesi sahələrinə özəl (qeyri-dövlət) bölmənin investisiyaları artım nümayiş etdirib və belə investisiyaların həcmi 2016-cı ildəki 289 milyon manatdan 2019-cu ildə 2,0 milyard manatadək yüksəlib. 2019-cu ildə qeyri-neft-qaz sənayesinə yatırılan özəl investisiyalar hətta dövlət investisiyalarını üstələyib. Lakin 2020-ci ildən başlayaraq sonrakı illərdə özəl bölmənin investisiyalarında kəskin azalma baş verib və 2024-cü ildə 408 milyon manat səviyyəsində olub. Bu dövrdə dövlət investisiyalarında isə artım müşahidə olunub (2025-ci il üzrə belə məlumatlar hələ açıqlanmayıb).

Nəticə

Aparılan təhlilin nəticəsi olaraq, son 10 ildə (2016-2025-ci illərdə) Azərbaycanda investisiya fəallığı və dövlət investisiya siyasəti üzrə əsas tendensiyaları aşağıdakı kimi ümumiləşdirmək olar:

I. İnvestisiya fəallığının əsas tendensiyaları:

• Əsas kapitala investisiyaların nominal həcmi ümumilikdə artsa da, artım sabit və davamlı xarakter daşımır, dalğavari dinamika nümayiş etdirir;

• Son 10 ilin yarısında əsas kapitala investisiyaların real artım tempi mənfi olub, digər illərdə isə artım əsasən zəif səviyyədə qalıb. Bu, investisiya fəallığının əsasən qeyri-sabit xarakter daşıdığını göstərir;

• Əsas kapitala investisiyaların intensivliyi 2016-2020-ci illərdə normal və dayanıqlı investisiya fəallığı səviyyəsində olsa da, 2021-ci ildən sonra məqbul sayıla biləcək səviyyəyə enmişdir;

• Qeyri-neft-qaz sektorunda investisiya fəallığı ümumilikdə ölkə üzrə əsas kapitala investisiyalar üzrə ümumi fəallııq göstəricisindən yüksək olub, lakin burada da 2020-ci ildən etibarən azalma meyli müşahidə olunur.

II. Dövlət investisiya siyasətinin əsas xüsusiyyətləri:

• Rəsmi strateji sənədlərdə investisiyalarda özəl sektorun aparıcı rolunun artırılması hədəfi müəyyən edilməsinə baxmayaraq, faktiki dinamika bu məqsədə nail olunmadığını göstərir;

• 2022-ci ildən sonra əsas kapitala investisiyalarda dövlət sektorunun dominant mövqeyi yenidən güclənib: bu, əsasən Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma layihələri ilə əlaqələndirilir;

• Qeyri-neft-qaz sektoruna yönələn daxili investisiyaların 70-75%-i dövlət sektorunun payına düşür. Bu göstərici qeyri-neft iqtisadiyyatında investisiya prosesinin əsas hərəkətverici qüvvəsinin hələ də dövlət olduğunu göstərir.

III. Kapital qoyuluşlarında özəl və dövlət bölmələrinin rolu:

• Ümumi investisiyalarda qeyri-dövlət sektorunun payı müəyyən qədər artsa da, bunun mühüm hissəsi hələ də xarici birbaşa investisiyalar hesabınadır və belə investisiyalar əsasən neft-qaz sektoruna yönəldilməkdədir;

• Daxili mənbələr hesabına maliyyələşən qeyri-neft-qaz sektorunda özəl investisiyalar müəyyən qədər artım göstərir, lakin onların payı hələ də məhduddur və investisiya fəallığında dövlət üstünlüyü qalmaqda davam edir;

• Qeyri-neft-qaz sənayesində 2016-2019-cu illərdə özəl investisiyalar sürətli artım, 2020-ci ildən sonra isə kəskin azalma nümayiş etdirib. Eyni dövrdə dövlət investisiyaları artmağa davam edib.

IV. Əsas kapitala investisiyaların strukturunda dəyişikliklər:

• İnvestisiyaların strukturunda istehsal yönümlü layihələrdən xidmət sahələri və yaşayış tikintisi istiqamətinə keçid müşahidə olunur. Bu, investisiyaların iqtisadi artıma təsirinin azalması ilə nəticələnə bilər;

• Qeyri-neft-qaz sektoruna investisiyalar artsa da, həmin vəsaitlərin getdikcə daha kiçik hissəsi sənaye və xüsusilə emal sənayesi sahələrinə yönəldilir. Bu isə investisiyaların uzunmüddətli məhsuldarlıq və iqtisadi artım potensialını zəiflədən amil kimi qiymətləndirilir.

Beləliklə, bu statistik təhlilin əsas nəticəsi ondan ibarətdir ki, son onillikdə Azərbaycanda investisiya fəallığının intensivliyi zəifləyib, investisiyaların strukturunda məhsuldar istehsal sahələrindən xidmət sahələri və yaşayış tikintisi istiqamətinə meyl güclənib, özəl sektorun investisiyalarda aparıcı rolunun formalaşdırılması hədəfi isə tam reallaşmayıb. Xüsusilə qeyri-neft sektorunda və sənaye investisiyalarında dövlət bölməsi hələ də əsas investor olaraq qalır və investisiya prosesinin dinamikası böyük ölçüdə dövlət investisiya siyasətindən asılıdır.

Növbəti məqalədə son 10 ildə ölkədə həyata keçirilən investisiya siyasətinin iqtisadi artıma təsirinin makroiqtisadi təhlilini verəcəyik.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.