Cəmiyyət

Cəmiyyət

Azərbaycan-Türkiyə münasibətlərində nə baş verir?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanın tərəfdaş ölkələrlə qarşılıqlı münasibətlərində Türkiyənin xüsusi və fərqli yeri, rolu, çəkisi hər kəsə məlumdur. Bu münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlikdən əlavə, qardaşlığa əsaslanması təkcə ritorikada səslənməklə qalmır, rəsmi sənədlərdə də qeyd olunub. Yəni iki ölkə arasındakı hərtərəfli, dərin əlaqələrdə emosional-sentimental tərkib ən azı müqavilə-hüquq bazası qədər əhəmiyyətlidir. Hətta emosional-sentimental yanaşmalar və davranışlar, tutaq ki, bir tərəfin digər tərəfi qardaşlığa uyğun olmayan addımlarda qınaması, bəzi mərhələlərdə hüquqi-formal müstəvinin önünə keçərək ikitərəfli münasibətlərə yön verən başlıca faktora çevrilir. Bu zaman ölkələrin hər birinin ayrı, müstəqil dövlət olduğu və maraqlarının fərqlənə biləcəyi gerçəyi gözardı edilir. Belə görünür ki, hazırda növbəti belə bir mərhələ yaşanır. 2024-cü il iyul ayının sonları avqustun əvvəllərində Azərbaycanın rəsmi mediasında (eləcə də rəsmi dairələrə yaxın saytlarda) Türkiyəyə qarşı tənqidi yazıların dərc olunması bu məqalənin başlığındakı sual cümləsini ağıllara gətirib.

İyulun 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Rize vilayət təşkilatının toplantısında çıxış edərkən belə bir cümlə qurdu: “Biz çox güclü olmalıyıq ki, İsrail Fələstinə qarşı etdiklərini edə bilməsin. Biz Qarabağa necə girdiksə, Liviyaya necə girdiksə, bunun bənzərini onlara da edərik.” Bu çıxışın ertəsi gün Bakı qeyri-rəsmi səviyyədə prezident Ərdoğanın bəyanatına cavab verdi. Rəsmi dairələrə yaxın olan 1news.az saytında Azərbaycan Müdafiə Nazirliyinin adı çəkilməyən yüksək rütbəli nümayəndəsinə istinadən bildirildi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı hərbi əməliyyatlarda hansısa ölkənin hərbiçilərinin iştirakı barədə bəyanatların heç bir əsası yoxdur, 44 günlük müharibədə Türkiyə və Pakistan Azərbaycana yalnız siyasi dəstək verib.

Türkiyə prezidentinə media vasitəsilə verilən bu cavabı standart bir açıqlama kimi görüb üzərindən keçmək yanlış olardı. Ümumiyyətlə, Bakının əvvəlcə anonim qaydada, daha sonra rəsmi media vasitəsilə verdiyi reaksiyaları sırf prezident Ərdoğanın bəyanatından qaynaqlanan və həmin kontekstlə məhdudlaşan məsələ hesab etmək doğru olmaz. Bu, Azərbaycanda Türkiyə hökumətinin hansısa addımlarından və siyasətindən yığılan narazılığın üzə çıxmasına daha çox bənzəyir. Əlbəttə, Ərdoğanın sözləri İkinci Qarabağ müharibəsində əldə olunan qələbədə Azərbaycan Prezidentinin roluna kölgə salır və bu, Bakıda məmnunluqla qarşılana bilməz. Amma cavabların operativliyi və məzmun etibarilə sərtliyi onu deməyə əsas verir ki, Bakının narazılığı sadəcə Ərdoğanın sözləri ilə bağlı ola bilməz. Bu qənaətimizi rəsmi dövlət qəzeti Azərbaycanda dərc edilən yazıda qeyd olunmuş “iki dövlətin münasibətlərinə kölgə düşməsin deyə dəfələrlə gözardı etdiyimiz, görməzdən gəldiyimiz məqamlar olub. Amma bu məsələnin üstündən indi keçmək düzgün olmaz” cümlələri də təsdiqləyir. Yazıda prezident Ərdoğanın adı çəkilmir, amma türk ordusunun Qarabağa girdiyi barədə iddialar “ermənilərin rəzil yalanını təkrarlamaq” və “erməni dəyirmanına su tökmək” kimi qiymətləndirilir, eyni zamanda Azərbaycan tərəfindən Türkiyədən alınan hər güllənin, sursatın, hərbi texnikanın pulunun son qəpiyinədək ödənildiyi vurğulanır.

Azərbaycan tərəfini narazı salan əsas məsələnin Türkiyənin Ermənistanla yaxınlaşma siyasətini heç bir şərt qoymadan davam etdirməsi olduğunu müəyyən etmək çətin deyil. Halbuki Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini şərt qoşur. (Konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var, həmin Bəyannamədə isə Azərbaycana ərazi iddiası əksini tapıb.) İyulun 30-da Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan iki ölkə sərhədindəki Alican-Marqara sərhəd məntəqəsində növbəti dəfə görüşüblər. Sayca 5-ci olan bu görüş müsbət tonda keçib, tərəflər əvvəl əldə olunmuş razılaşmalara (karqo uçuşlarının başlaması, sərhədlərin üçüncü ölkə vətəndaşları üçün açılması), o cümlədən prosesi şərt irəli sürmədən davam etdirməyə sadiqliklərini təsdiq ediblər. Onlar Akyaka (Türkiyə) – Axurik (Ermənistan) dəmir yolunun fəaliyyətə başlaması üçün lazımi texniki ehtiyacların qiymətləndirilməsi və diplomatik, rəsmi pasport sahibləri üçün viza prosedurlarının sadələşdirilməsi barədə razılığa gəliblər. Bütün bunlar göstərir ki, Türkiyə hazırkı mərhələdə Ermənistanda Konstitusiya dəyişikliyinin sülh və əməkdaşlıq üçün zəruri şərt olduğunu düşünmür.

Kılıç-Rubinyan görüşündən bir gün sonra Azərbaycan rəsmi dairələrinə yaxınlığı məlum olan Qafqazinfo internet resursunda Türkiyə hökumətinin ünvanına kəskin tənqid və ittihamların əksini tapdığı məqalə dərc edildi. Azərbaycan qəzetindəki yazıdan daha sərt məzmuna malik bu məqalədə Türkiyənin Ermənistanla qeyd-şərtsiz normallaşma aparması onun Qərbdən aldığı tapşırığın nəticəsi kimi təqdim olunur. Azərbaycanda heç kimə sirr deyil ki, hakimiyyətə yaxın saytlarda bu tip – xüsusən xarici siyasət və Türkiyə ilə münasibətlər kimi həssas mövzularda – yazılar Prezident Administrasiyası ilə razılaşdırılmadan dərc oluna bilməz, bir çox halda həmin təhlil yazıları məhz Administrasiyadan göndərilən tezislər əsasında hazırlanır. Xarici siyasət fəaliyyəti zamanı üz-üzə görüşlərdə və diplomatik müstəvidə tərəfdaşlara deyilməyən, diplomatik etiket çərçivəsinə uyğun olmayan müəyyən fikirləri media yolu ilə qarşı tərəflərə çatdırmaq Bakının çoxdan istifadə etdiyi metoddur.

Məlumdur ki, Türkiyə Azərbaycan ərazilərinin işğalına son qoyulmadan Ermənistanla hər hansı əlaqə qurmayacağını bəyan edərək, Cənubi Qafqazda öz siyasətini uzun müddət Bakı ilə koordinasiya və sinxronluq şəraitində həyata keçirib. İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistan dialoqu paralel aparılırdı. Lakin son aylarda bu paralelliyin və qarşılıqlı əlaqələndirilmiş fəaliyyətin pozulduğu nəzərə çarpır. Ermənistanın Qərblə yaxınlaşması – Fransadan silah-sursat alması, ABŞ-la hərbi sahədə əlaqələrini inkişaf etdirməsi, Avropa İttifaqı müşahidə missiyasının Ermənistanda fəaliyyəti Bakının rəsmi ritorikasında və təbliğatında Azərbaycana qarşı təhdid və yeni müharibə hazırlığı kimi təqdim olunduğu halda, Ankaranın bu mövqeni bölüşmədiyini görürük. Əksinə, belə bir məqamda (19.06.24 tarixində) prezident Ərdoğan və baş nazir Paşinyan arasında telefon danışığı aparılır və Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi (İletişim Başkanlığı) bu barədə hazırladığı rəsmi məlumatı “Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaqda qərarlıdır” başlığı ilə yayır, orada Bakıda qıcıq doğuran “iki lider Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin hər hansı ön şərt olmadan tam normallaşması üçün siyasi iradələrini vurğulayırlar,” – cümləsinə yer verilir.

İyulun 6-da prezident Ərdoğanın Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən zirvə toplantısında iştirak etməyərək Türkiyə milli futbol yığmasının Avropa çempionatının dörddəbir finalında Niderlandla qarşılaşmasını izləmək üçün Almaniyaya getməsi faktı da spekulyasiyalara səbəb oldu. Bu addımda hər hansı siyasi məna axtarmaq yanlış ola bilər, Türkiyə dövlət başçısının öz milli komandasının beynəlxalq miqyaslı vacib matçını yerində izləmək istəməsi təbiidir. Amma türk dövlətləri başçılarının toplantısında Türkiyə rəhbərinin hansı səbəbdən olursa-olsun iştirak etməməsi o toplantının çəkisini aşağı salır və bu da ev sahibi Azərbaycanı məmnun edə bilməz.   

Ankarada belə bir rəy hakimdir ki, bütün Azərbaycan ərazilərinin işğaldan azad olunduğu bir dövrdə Ermənistanla ikitərəfli əlaqələrin qurulması üçün ciddi əngəl qalmayıb. Üstəlik, Nikol Paşinyan kimi radikal erməni millətçiliyi xəttindən uzaq olan, ölkəsini Türkiyə üzərindən dünyaya açmaq istəyən praqmatik siyasətçinin iqtidarda olması regional sülh və əməkdaşlığa münbit zəmin yaradır. Türkiyənin diplomatik dairələrinə yaxın olan jurnalist Barçın Yinanç bu barədə yazır: “Bilirəm ki, Ankaradakı dövlət ağlı Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışan və Qarabağdakı radikal siyasi qruplaşmanın belini büküb, sülh üçün risk alan Paşinyanın regiondakı sülh üçün şans olduğunu düşünür.” Müəllif bildirir ki, Türkiyənin regional siyasətinin Azərbaycandan asılı olması səbəbi ilə Ankara lazımi addımlar ata bilmir və nəticədə bölgədəki boşluğu başqa güclər doldurur. 

Qısa tarixi arayış: Yaxın keçmişə nəzər saldıqda Azərbaycan-Türkiyə münasibətlərində bəzən soyuqlaşma, hətta böhran mərhələlərinin olduğunu görürük. Ən ciddi böhran 2009-cu ilin oktyabrında Türkiyə ilə Ermənistan arasında Zürix protokollarının imzalanmasından sonra baş verib. O zaman Azərbaycan buna kəskin etirazını bildirmiş, Bakıdakı Şəhidlər Xiyabanında 1918-ci ildə şəhər uğrunda döyüşlərdə həlak olmuş Osmanlı əsgərlərinin xatirəsinə qoyulmuş abidə üzərindən Türkiyə bayrağı yığışdırılmış, Türkiyə tərəfindən inşa edilmiş Şəhidlər Məscidi təmir adı ilə bağlanmış, eyni zamanda Azərbaycan tərəfindən Türkiyə daxilində ciddi təbliğat kampaniyaları təşkil olunmuşdu. Bir az da keçmişə getsək, 1995-ci ilin martında Azərbaycanda baş verən OMON (xüsusi təyinatlı milis dəstəsi) qiyamına Türkiyə kəşfiyyat mənsublarının adlarının qarışması Bakı-Ankara xəttində gərginliyə səbəb olmuş və Türkiyənin Azərbaycandakı səfiri Bakının tələbi ilə dəyişdirilmişdi. Prezidentlər Heydər Əliyev və Süleyman Dəmirəlin şəxsi dostluq əlaqələri sayəsində münasibətlər bir qədər sonra normallaşmışdı.   

Bu gün ikitərəfli əlaqələrdə yaranmış vəziyyəti böhran adlandırmaq adekvat qiymətləndirmə olmaz, anlaşılmazlıq bu mərhələdə daha doğru ifadə kimi görünür. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı arasında 7 avqust tarixli görüşdən sonra Azərbaycan mediasında Türkiyənin siyasəti ilə bağlı tənqidi yazılar dayandı. Şübhə yoxdur ki, Bakı Ankaradan regional geosiyasətdə təkrar əvvəlki sinxronluğa dönüş gözləyir. Eyni zamanda, Azərbaycan hakimiyyəti bölgədə Türkiyə və Rusiyanın rəqabətində deyil, uzlaşmasında maraqlıdır: Ankara və Moskva ilə geosiyasi üçbucaq şəklində hərəkət etmək Bakı üçün komfort zona yaradır, bu halda Rusiya ilə yaxınlaşmanı da daxili ictimaiyyətə daha rahat izah və həzm etdirmək mümkün olur. Türkiyənin Ermənistanla dialoqu birtərəfli və şərtsiz inkişaf etdirməsi, Yerevana qarşı təzyiq siyasətində iştirak etməməsi və bölgədə Türkiyə-Rusiya maraq toqquşması Bakını həmin komfort zonadan çıxarır.

Türkiyənin Azərbaycanla arasındakı anlaşılmazlığın böyüyərək ciddi problemə çevrilməsində maraqlı olmadığı aydındır. Ötən dövrdə qarşılıqlı əlaqələr o qədər dərinləşib ki, bunu zədələmək son bələdiyyə seçkilərində məğlub olaraq daxili siyasətdə mövqeləri zəifləmiş, iqtisadi böhran və yüksək inflyasiya ilə mübarizə aparan Türkiyənin mövcud hökuməti üçün əlavə baş ağrısı yarada bilər. 2009-cu ildə Türkiyədə ictimai rəyi Ərdoğan hökuməti əleyhinə yönləndirməyə nail olmuş Azərbaycan hazırda bu istiqamətdə daha geniş imkanlara sahibdir. Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 milyard dollara çatıb, SOCAR bu ölkənin enerji və media sektorlarında fəaliyyətini genişləndirib. Türkiyədə Global Media qrupuna aid Haber Global telekanalı Azərbaycan hakimiyyətinə yaxın şəxslərə məxsusdur və yerli ictimai rəyə təsir imkanı var. Bundan başqa, sirr deyil ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən inşaatlarda və digər layihələrdə Ərdoğan hökumətinə yaxın holdinqlərə mühüm paylar verilib. Azərbaycan qəzetindəki məlum məqalədə bu məqam da açıq qeyd olunub: “Yaxud Qarabağ və Şərqi Zəngəzurun quruculuğunda böyük transmilli türk holdinqləri ilə yanaşı, onlarla digər türk şirkətləri, minlərlə türk mühəndis, usta çalışır. Azərbaycan dövləti qardaş ölkənin özəl sektoruna bu prosesdə iştiraka, yəni mənfəət əldə etməyə, Türkiyə büdcəsinə külli miqdarda vəsaitin daxil olmasına geniş şərait yaradır. Türk şirkətləri üçün belə münbit şərait başqa hansı ölkədə var?” Burada Türkiyəyə eyham vurulur ki, münasibətlər korlansa, bu imkanlardan məhrum ola və itirən tərəf siz ola bilərsiniz. 

Türkiyə Azərbaycanın Ermənistanda Konstitusiya dəyişikliyi həyata keçirilməsi şərtini özünün Ermənistanla normallaşma prosesi üçün də şərt kimi irəli sürərsə; yaxud, əksinə Bakı bu ön şərtini geri götürərək Konstitusiya dəyişikliyi tələbini sülh müqaviləsindən sonraya təxirə salarsa, anlaşılmazlıq dərhal aradan qalxar. Yəni tərəflərdən birinin geri addım atması lazımdır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.