fbpx

Cəmiyyət

Cəmiyyət

Qarabağ erməniləri ilə necə danışmalı?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Oktyabr 2022-ci ildə Dağlıq Qarabağda minlərlə şəxs yaşadıqları regionun Azərbaycan nəzarətinə keçməsinə qarşı olduqlarını bildirmək üçün etiraz aksiyalarına qoşulmuşdu. Rəsmi Bakı isə bildirir ki, Qarabağ erməniləri üçün Azərbaycan siyasi sisteminə (re)inteqrasiyadan başqa bir yol yoxdur. Dağlıq Qarabağın gələcək statusu Ermənistan və Azərbaycan cəmiyyətləri arasında ən böyük fikir ayrılığı yaradan mövzulardan biri olaraq qalmaqdadır.

Ermənistan və Dağlıq Qarabağda ən son keçirilən sorğularda respondentlərin mütləq əksəriyyəti Dağlıq Qarabağın Azərbaycan daxilində hərhansı status almasına qarşı çıxdıqlarını bildirirlər. Azərbaycanda isə bu mövzu üzərində ictimai müzakirələr çox limitli səviyyədədir və əsasən Dağlıq Qarabağa heç bir status verilməməsinin labüdlüyü üzərində qurulub.

Son dövrlərdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsi kifayət qədər aktuallaşsa da, Qarabağ ermənilərinin statusu ilə bağlı razılaşmaya gəlmədən sülh prosesinin işlək olacağını gözləmək absurd olardı. Bu yazıda əsas məqsəd hal-hazırda Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinin hansı mərhələdə olduğuna nəzər salaraq, Dağlıq Qarabağın statusu ilə bağlı hansı addımların tərəflər üçün məqbul olacağını müzakirə etməkdir. Bu yazı Cənubi Qafqazda sülh və stabilliyin təmini üçün kifayət qədər vacib olan bu məsələ üzərində Azərbaycan cəmiyyətində geniş ictimai-siyasi debatların başlamasını təşviq etməyi hədəfləyir.

Danışıqlar nə yerdədir?

Bu gün Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi şərti olaraq beş istiqamət üzrə getməkdədir. Birinci istiqamət diplomatik münasibətlərin gələcəyi və hüquqi əsasları; ikinci istiqamət dövlətlərarası sərhədin hüquqi və texniki əsasları; üçüncü istiqamət humanitar məsələlər (hərbi əsirlər, itgin düşmüş şəxslər və minalı ərazilərə dair məlumatlar) barəsindədir. Dördüncü istiqamət Qarabağ ermənilərinin nəzarətində qalan ərazilərlə Ermənistanı əlaqələndirən Laçın yolu və Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR-nı əlaqələndirməli olan Zəngəzur yolunun gələcəyi və statusu ilə bağlıdır. Beşinci istiqamət isə Dağlıq Qarabağın gələcək statusunu əhatə edir və konkret olaraq iki suala cavab axtarır: Dağlıq Qarabağ üzərində suverenlik kimə məxsus olacaq? Dağlıq Qarabağ necə idarə ediləcək?

Bakı və Yerevan arasında beş istiqamət üzrə razılaşmanın əldə olunması üçün əsasən iki diplomatik cəbhədə – Brüssel/Vaşinqton və Moskvada danışıqlar getməkdədir. Mahiyyət etibarilə Qərb və Rusiya arasında ilk üç istiqamət üzrə ciddi fikir ayrılığı mövcud deyil, çünki onlar hesab edirlər ki, müzakirə edilən məsələlər Azərbaycanla Ermənistan arasında prinsipcə razılaşdırılıb və hazırda əsasən texniki parametlər aydınlaşdırılmalıdır. Lakin dördüncü və beşinci istiqamətlər üzrə vasitəçilər arasında qarşıdurmanın olduğu açıq-aşkar sezilir.

Dördüncü istiqamət olan kommunikasiya xəttləri barədə vasitəçilər arasında ciddi fikir ayırılıqları mövcuddur. Zəngəzur dəhlizinin reallaşması Rusiyanın strateji  maraqlarına uyğun olsa da, kollektiv Qərbin maraqlarına uyğun gəlmir. Həm Ermənistan, həm də Azərbaycan üzərində əlavə təzyiq mexanizmi yaratmaqla yanaşı, Rusiyanın regiondakı hərbi-siyasi mövcudluğunu artıracaq bu dəhliz layihəsi Moskvanın post-2020 siyasətinin ən vacib elementlərindən biridir. Xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra Kremlinin regional prioriteti siyasi həlli çətin məsələlər (status) əvəzinə özünün qısa və orta müddətdə regiondakı hərbi-siyasi mövcudluğunu (sülhməramlılar, dəhlizlər) artırmağa imkan verəcək məsələlərdir. Qərb dövlətləri isə Rusiyanın Cənubi Qafqaz regionunda gücünü daha da artıracaq bir təşəbbüsü dəstəkləməməkdə qərarlıdırlar. Zəngəzur dəhlizi məsələsində prinsip etibarilə Moskvanın düşüncəsinin daha çox Bakı ilə, Brüssel və Vaşinqtonun düşüncələrinin isə daha çox Yerevan ilə üst-üstə düşdüyünü deyə bilərik.

Beşinci istiqamət olan Dağlıq Qarabağın gələcək statusu barədə də vasitəçilər arasında fikir ayırılıqları var. Belə ki, Moskva üçün status məsələsinin bir müddətlik dondurulması Rusiyanın Azərbaycanda hərbi mövcudluğunun davamına əsas verəcək, həmçinin Bakı və müəyyən dərəcə də Yerevanın xarici siyasət seçimlərinə təzyiq etməyə imkan yaradacaq. Dağlıq Qarabağdakı status-kvonun mövcudluğundan öz regional mövqelərini gücləndirmək üçün istifadə edən Moskvadan fərqli olaraq Qərb dövlətləri son bir il ərzində Qarabağ ermənilərinin gələcəyini daha çox Azərbaycan daxilində həyata keçirilməli olan əsasən hüquqlar və təhlükəsizlik məsələsi olduğu mesajını göndərir. Burada strateji hesablama Dağlıq Qarabağın statusu məsələsində razılığa gəlinməsinə nail olaraq, Kremlin Dağlıq Qarabağdan Dnestryanı (Moldova) kimi istifadə edib regional mövcudluğunu möhkəmləndirməsinə şərait yaratmamaqdır. Yəni prinsip etibarilə Qarabağ ermənilərinin statusu məsələsində Brüssel və Vaşinqtonun Bakı ilə ortaq məxrəcdə olduğunu müşahidə edirik.

Ancaq Ukrayna müharibəsi fonunda beynəlxalq münasibətlər sistemində baş verən əhəmiyyətli dəyişikliklər yuxarıda qeyd edilmiş şərti bölgülərin dəyişilməsinə səbəb olub. Bir tərəfdən Ermənistan Rusiyanın özünün ənənəvi təhlükəsizlik qarantoru rolunu daha çox sorğulamağa başlamış, digər tərəfdən isə Azərbaycan Rusiyanın Ukraynada yaşadığı ağır taktiki  məğlubiyyətlərindən maksimum dərəcədə istifadə edərək öz post-müharibə vizyonunu daha aktiv həyata keçirməyə başlamışdır. Bakı üçün hal-hazırda əsas prioritet 2020-ci il müharibəsində əldə etdiyi hərbi qələbənin nəticələrinin dövlətlərarası müqavilə formatında fiksə edilməsi və bununla da Dağlıq Qarabağın Azərbaycandan kənarda hər hansı bir siyasi status əldə etməsi şansının (əgər belə bir şans varsa) üzərindən birdəfəlik xətt çəkməkdir.

Danışıqlar prosesində son dövrlərdə baş vermiş iki dəyişikliyə xüsusi nəzər yetirmək yerinə düşər. Birincisi, 2022-ci ilin aprel ayından etibarən göndərdiyi mesajlar vasitəsilə və oktyabr ayında Praqa bəyanatını imzalamaqla Ermənistan hökuməti Dağlıq Qarabağın gələcəyinin Azərbaycan daxilində olmalı olduğunu qəbul etmişdir. Bununla da Ermənistan faktiki olaraq uzun illər yürütdüyü Dağlıq Qarabağa Azərbaycandan kənar status siyasətindən imtina etmişdir. İkincisi, 2023-cü ilin əvvəlindən etibarən Azərbaycan hökuməti Zəngəzur yolunun giriş və çıxışlarında Ermənistana məxsus sərhəd-keçid məntəqələrinin olmasını qəbul edəcəyini bildirmiş, beləliklə də, Ermənistan üzərində iki ilə yaxın təzyiq vasitəsi kimi istifadə edilən ekstra-territorial dəhliz siyasətindən geri çəkilməsinin mümkünlüyü mesajları verilmişdir.

Bu son dəyişikliklər post-2020 dövründə münaqişənin ən problemli iki istiqaməti üzrə Bakı və Yerevanın mövqelərində əhəmiyyətli dərəcədə uzlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, tarixdə çox nadir bir hal olaraq hər iki dövlət Qarabağ ermənilərinin gələcəyi məsələsini ya qələbə, ya heç nə (zero-sum) variantı olmaqdan çıxarıb, qarşılıqlı qazanc (win-win) variantı olaraq görməyə başlamışdır. Uzun illər xarici siyasət prioriteti Dağlıq Qarabağın Azərbaycan daxilində status almamağı olan Yerevan üçün artıq Bakının Qarabağda total nəzarəti məqbul hesab edilir.

Nə etməli?

Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarında yaşanan bu tarixi fürsəti qiymətləndirərək, Dağlıq Qarabağın statusunu hər iki tərəf üçün ən məqbul formada necə həll etmək üzərində düşünməliyik. Bunun üçün tərəflərin əsas ehtiyac və qorxularının nəzərə alınacağı siyasi model hazırlanmalıdır.

Ermənistan və Dağlıq Qarabağda bu gün ən vacib ehtiyac Qarabağın erməni icmasının öz mövcudluğunu qoruması və təhlükəsiz həyata sahib olmasıdır. Onların ən böyük qorxusu isə Dağlıq Qarabağın Azərbaycan nəzarətinə keçəcəyi təqdirdə yerli erməni əhalinin oradan çıxarılmasıdır. Azərbaycanın ən böyük ehtiyacı beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz suverenliyini bərpa etməkdir. Bakının ən böyük qorxusu isə Dağlıq Qarbağa hansısa status veriləcəyi təqdirdə gələcəkdə yeni erməni separatizminin yaranmasıdır. Bəs elə bir etno-siyasi model yaradıla bilərmi ki, həm Qarabağın erməni icmasının fiziki mövcudluğu və təhlükəsizliyi, həm də Azərbaycanın ərazi bütövlüyü təmin edilsin?

Münaqişə elmlərinin liberal məktəb nümayəndələri bu cür vəziyyətlərdə adətən etno-ərazi muxtariyyətlərinin yaradılmasını həll yolu olaraq təklif edirlər. Şimali İrlandiya (Birləşmiş Krallıq), Aland adaları (Finlandiya), Cənubi Tirol (İtaliya) uğurlu münaqişə transformasiyası nümunələrindən cəmi bir neçəsidir. Lakin İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın etno-ərazi muxtariyyəti modelinə razı olması üçün hərhansı bir insentivin olduğunu demək çətindir və 10 noyabr Üçtərəfli Bəyanatından bəri Dağlıq Qarabağa etno-ərazi muxtariyyəti verməyəcəyini dəfələrlə bəyan edib.

Etno-ərazi muxtariyyət modeli məqbul deyilsə, hansı alternativ model məqbuldur? İsrail-Fələstin münaqişəsinin tarixi və hüquqi aspektləri Ermənistan-Azərbaycan münaqişəsindən ciddi dərəcədə fərqlənsə də , mən iddia edirəm ki, Dağlıq Qarabağın statusu məsələsinin həlli üçün ilkin olaraq İsrail və Fələstinin 1993-cü ildə Osloda razılaşdığı modelin müəyyən elementlərini tətbiq etmək olar. Belə ki, Oslo müqavilələri iki bir-birinə zidd milli narrativlərin birgəyaşayışının necə təmin olunması ilə bağlı bir sıra kreativ ideyalar ortaya çıxarmışdı. Osloda tərəflər münaqişəli bölgələrin statusu ilə bağlı yekun qərar əvəzinə qarşılıqlı maraq doğuran məsələlər (yaşayış, enerji, təhlükəsizlik və s.) üzərində əməkdaşlıq etmək üçün razılaşdılar. Fələstin dövlətinin gələcəyi ilə bağlı hüquqi əsaslar dəyişməsə də, fələstinlilər və israillilər arasında təmaslar institutlaşdı, iqtisadi və ticarət əlaqələri daha da artdı. Siyasi münaqişə ilə bağlı zidd fikirlərə sahib olsalar da, qonşu fələstinli və israilli icmalar münaqişə içərisində əməkdaşlıq modelini əsas götürərək bir-birlərinə qarşı zorakılıq tətbit etməməyə, əməkdaşlığın mümkün olduğu sahələrdə birgə fəaliyyətdən yararlanmağa razılaşdılar.

Ermənistan və Azərbaycan həmin modeldən istifadə edərək hal-hazırda Qarabağın Rusiya sülhməramlı kontingentinin yerləşdiyi hissələrində 1988-ci il statistikalarına əsasən üç fəaliyyət zonası yarada bilərlər. A zonası həmin dövrdə ermənilər üstünlük təşkil etdiyi yaşayış məntəqələrini (məsələn, Əsgəran şəhəri), B zonası azərbaycanlıların vaxtilə üstünlük təşkil etdiyi yaşayış məntəqələrini (məsələn, Xocalı şəhəri), C zonası isə Laçın dəhlizi ərazisini əhatə edə bilər. A zonasını əhatə edəcək yaşayış məntəqələri üzərində idarəçilikdə hazırda mövcud olan status-kvo müəyyən bir aralıq dövrü (məsələn, növbəti 5-10 il) üçün qoruna bilər. B zonasını əhatə edəcək yaşayış məntəqələrində isə mülki həyatın təşkili birbaşa Azərbaycanın mərkəzi hakimiyyət orqanları tərəfindən həyata keçirilə bilər. Belə olan halda, məsələn, Xocalı ilə Yevlaxın idarəçiliyi arasında fərq olmayacaq.

Ardınca, A zonasının yekun idarəçilik formatının müəyyənləşdirilməsi üçün Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağ erməniləri arasında çoxraundlu müzakirələr başlaya bilər. Hətta qarşılıqlı təmasların institutlaşdırılması üçün Azərbaycan hökuməti və Qarabağ erməniləri arasında birgə bəyanat da imzalana bilər. Belə bir bəyanatın imzalanması tarixi cəhətdən bizim üçün yad deyil: avqust 1919-cu ildə Qarabağ ermənilərinin milli şurası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında imzalanmış razılaşmaya əsasən, ermənilər mədəni muxtariyyət qarşılığında Azərbaycan tərkibində qalmağa razılaşmışdılar.

Tərəflər arasında təmasların açıq və şəffaf keçirilməsinin təminatı kimi Avropa İttifaqının nümayəndələri və yaxud ATƏT-in Milli Azlıqlar üzrə Yüksək Kommissarı bu görüşlərə mütəmadi dəvət edilə bilər. Qarşılıqlı təmaslarda üzə çıxacaq legitimlik probleminin həlli Dağlıq Qarabağda ən son keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin de fakto tanınması ilə başlaya bilər. Azərbaycandan separatçı qurumda keçirilmiş prezident və parlament seçkilərini tanıyacağını gözləmək əbəs olardı. Ancaq Dağlıq Qarabağda erməni yaşayış məntəqələrində ən son keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini qəbul etmək və həmin seçilmiş şəxslərlə təmasları artırmaq özlüyündə qarşılıqlı güvən hissinin yaranması üçün çox əhəmiyyətli rol oynaya bilər.

Tərəflər arasında razılığa gəlinməli olan məqamlardan biri də Qarabağdakı sülhməramlıların gələcəyidir. Hal-hazırda 2000 nəfərlik sülhməramlı kontingent hesabına Qarabağda yeganə xarici hərbi mövcudluq Rusiyaya məxsusdur. Azərbaycan tərəfi mütəmadi olaraq 2025-ci ildə bu kontingentin çıxarılmasında maraqlı olduğu mesajlarını göndərir. Bu gün Rusiya sülhməramlıları daha çox Dağlıq Qarabağı xarici təhlükədən müdafiə etmək funksiyasını yerinə yetirirlər. Dağlıq Qarabağa azərbaycanlı məcburi köçkünlərin geri qayıtması ilə sülhməramlıların etnoslar arasında mümkün münaqişənin qarşısının alınması funksiyasını yerini yetirməsi labüd olacaq. 30 ildən çox davam edən münaqişədən sonra məcburi köçkün əhalinin qayıdışının heç də asan olmayacağı hər kəsə məlumdur. Ona görə də ilkin dövrdə İsrail və Fələstinin 1993-cü ildə etdiyi kimi seqreqativ birgəyaşayış yolundan istifadə etmək mümkündür. Belə olan halda qayıdış prosesi ilkin olaraq daha kiçik icmalarla başlanıla, müəyyən bir müddət sonra daha böyük icmaları əhatə edə bilər. Məsələn, Sovet İttifaqı dövründə azərbaycanlıların kompakt yaşadığı Umudlu kəndinə məcburi köçkünlərin geri qayıdaraq, Haterkdə yaşayan erməni icması ilə qonşu olması daha asan və daha az riskli bir prosesdir. Daha böyük yaşayış məntəqələri isə fərqli yanaşma tələb edir: Xankəndi/Stepanakertə ilkin dövrdə qayıdış şəhərin cənubunda yerləşən və sovet dövründə azərbaycanlıların kompakt yaşadığı Kərkicahan qəsəbəsi ilə məhdudlaşdırıla bilər. Gələcək perspektivdə isə bölgədəki etno-siyasi vəziyyəti nəzərə almaqla itirilmiş mülkiyyət hüquqlarının bərpası istiqamətində müəyyən mexanizmlər işlənilib hazırlana bilər.

Belə olan halda tərəflər gələcəkdə Rusiya sülhməramlı kontingentinin daha uyğun olacaq bir beynəlxalq mülki missiya ilə əvəzlənməsini nəzərdən keçirə bilərlər. Bu missiya Qarabağda azərbaycanlılar və ermənilər arasında kommunikasiyaların asanlaşdırılmasını həyata keçirərək icmalar arasında güvənin qurulmasına, mümkün münaqişəli situasiyalarının qarşısının alınmasına kömək edə bilər. Məsələn, belə bir missiya qonşu olan, ancaq bir-birləri ilə az və yaxud heç ünsiyyətdə olmayan icmaların hər ikisi üçün həyati vacib məsələlərdə birgə əməkdaşlığına gətirib çıxara bilər. Həmçinin, Azərbaycan və Ermənistan arasındakı sülh prosesi uğurla davam edərsə, Dağlıq Qarabağda beynəlxalq təşkilatların ofisləri ilə yanaşı, xarici dövlətlərin baş konsulluqlarının açılması məsələsi də müzakirə edilə bilər. Məsələn, Xankəndində/Stepanakertdə Ermənistanın baş konsulluğunun açılması sülh prosesinə müsbət töhfə verə bilər.

Qarabağ erməniləri ilə bağlı digər bir məsələ isə hal-hazırda bəzi rəqəmlərə görə sayı 10 min hərbçidən çox olan Dağlıq Qarabağ Özünümüdafiə Ordusunun gələcəyidir. Bu paramilitar qüvvələrin mövcudluğu Azərbaycan tərəfindən qəbuledilməzdir. Baxmayaraq ki, həmin qüvvələrin Azərbaycan Silahlı Qüvvələrinə qarşı mübarizə aparmaq potensialı demək olar ki yoxdur, Qarabağın erməni icması üçün həmin qüvvələr müəyyən dərəcədə təhlükəsizlik hissi yaradır. Məsələnin qarşılıqlı güzəştlər formasında həll edilməsi bu paramilitar qüvvələrin daha limitli sayda yerli polis dəstələrinə çevrilməsi ilə başlanıla bilər. Bu addımın qarşılığında Azərbaycan rəsmi öhdəlik götürərək, öz silahlı qüvvələrinin Qarabağın erməni icmasının yaşadığı ərazilərə (yuxarıdakı bölgüyə əsasən A zonası) növbəti 5-10 il ərzində girişinə moratorium qoya bilər. Həmçinin vaxtilə hərbi xidmət keçmiş ermənilərin cinayət məsuliyyətinə cəlb edilməyəcəyi ilə bağlı öhdəlik götürmək özlüyündə bu prosesin daha asan baş tutmasına kömək edə bilər.

Həll edilməsi labüd olan digər bir məsələ isə 2020-ci il müharibəsi nəticəsində  evlərindən didərgin düşmüş erməni əhalinin qayıdışıdır. 10 noyabr Üçtərəfli Bəyanatı bu qayıdış hüququnu təsdiqləsə də, məsələnin siyasi və texniki detalları qeyri-müəyyən olaraq qalmaqdadır. Belə olan halda Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Kommissarı ilə birgə əməkdaşlıq çərçivəsində həmin insanların geri qayıdış planı üzərində işləyə bilər. Əgər indiki Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağda edilməsi təklif etdiyim şərti ərazi bölgüləri uğurlu olarsa, onda bu modelin əhatə dairəsi böyüdülərək keçmiş DQMV daxilində olmuş bir sıra məntəqələri də əhatə edə bilər. Simvolik baxımdan neytral xarakter daşıyan, ancaq Azərbaycanın qeydiyyat sisteminə inteqrasiya edilmiş qeydiyyat vəsiqələrinin paylanılması bu prosesə özlüyündə müsbət töhfə verə bilər. Qonşu Gürcüstan bu təcrübədən istifadə edərək, Abxaziya və Cənubi Osetiya regionlarında yaşayanlara Gürcüstanın dövlət emblemləri olmayan neytral passportlarını təklif edir. Bu passportlardan istifadə edən şəxslər Gürcüstan dövlətinin təklif etdiyi sosial müdafiə mexanizmlərindən istifadə ilə yanaşı Gürcüstan vətəndaşları kimi Avropa İttifaqı ölkələrinə vizasız səyahətdən də yararlana bilirlər.

Qarabağda mədəni irs nümunələrinin taleyi həmişə həssas mövzulardan biri olub. Qarabağın Azərbaycan nəzarətində olan hissələrində yerləşən xristian dini abidələrinin və qəbirstanlıqların gələcəyi həm Qarabağ erməniləri arasında, həm də Ermənistanda ciddi narahatçılıq doğurur. Digər tərəfdən Ermənistanda və işğal dövründə Qarabağda müsəlman dini abidələrinə və qəbirstanlıqlarına qarşı baş tutmuş hallar hələ də unudulmayan bir məsələdir. Hər iki cəmiyyət üçün kifayət qədər həssas olan dini abidələr və qəbirstanlıqların gələcəyi ilə bağlı mümkün problemləri həll etmək üçün Erməni Həvari Kilsəsinin Azərbaycanda yeparxiyası yaradıla və bütün Azərbaycan ərazisində yerləşən erməni dini abidələri və qəbirstanlıqlarının idarəedilməsi həmin yeparxiyanın nəzarətinə verilə bilər. Sülh prosesinə dəstək vermək və qarşılılıqlı güvəni artırmaq üçün Qarabağdakı Xudavəng (Dadivank), Qazançı (Ğazançetsots) və Yaşıl Kilsə (Kanaç Jam) məbədləri Erməni Həvari Kilsəsinin nəzarətinə qaytarıla bilər. Ermənistan ərazisində Qafqaz Müsəlmanlar İdarəsinin vasitəsilə müsəlman dini abidələri və qəbirstanlıqları üzərində müəyyən nəzarətin həyata keçirilməsi bu prosesi daha dayanıqlı edə və asanlaşdıra bilər.

Nəticə

Qlobal geosiyasi vəziyyət və son regional hadisələr Ermənistan və Azərbaycan arasında gedən sülh danışıqlarında tərəflərin mövqelərində heç vaxt olmadığı qədər uzlaşmanın yaranması ilə nəticələnmişdir. Bu gün Bakı və Yerevan arasında münaqişənin əksər problemli məqamlarının necə həll edilə bilməsi ilə bağlı müəyyən bir ortaq təsəvvürün olduğu sezilir.

Ancaq sülh prosesində yaranmış bu müsbət dəyişiklikdən istifadə etmək üçün Dağlıq Qarabağın statusunda hamıya məqbul bir siyasi həllə razılaşmaq vacibdir. Ermənistan və Azərbaycan mahiyyət etibarilə kompleks və çoxtərəfli olan status problemini kiçik detallara bölərək mərhələli şəkildə həll etmək iqtidarındadırlar. Bu istiqamətdə 1993-cü ildə etibarən İsrail və Fələstinin Osloda razılaşdığı seqreqasiya və əməkdaşlıq hibridi modelinin texniki parametrlərindən istifadə etmək mümkündür.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.