Bu ilin yanvarında Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Müxbirin “ölkədə elm və təhsilin vəziyyətini necə qiymətləndirirsiniz?” sualına cavabında Əliyev son 20 ildə ölkədə açılan 10 ali təhsil müəssisəsindən, təhsilin keyfiyyətindən, müəllimlərin sosial təminatından, peşəkarlığın artırıldığından danışıb, ümumən, rəhbərliyi dövründə elm və təhsildəki dəyişikliklərdən məmnun qaldığını və aparılan islahatların yaxşı nəticələrə gətirib çıxaracağına inandığını bildirib. Prezidentin müsahibəsindən təxminən iki həftə əvvəl Elm və Təhsil naziri Emin Əmrullayev isə “alim adını yalançı alimlərdən qorumaq lazım olduğunu”, layiq olmayan insanlara layiq olmadığı adların verilməsinin yaxşı nəticələr doğurmayacağını qeyd edib. Bir neçə il əvvəl Əmrullayev respublikada 25 yaşından yuxarı insanların təxminən 60%-nin oxuduğunu başa düşmədiyini vurğulayaraq həm orta, həm də ali təhsilin ümumi vəziyyətinə toxunub. Azərbaycanda elm və təhsil ilə bağlı bu kimi ziddiyyətli fikirlər istər-istəməz kimin həqiqəti söylədiyini müəyyənləşdirmək ehtiyacı yaradır. Bu qiymətləndirmədə haqlı kimdir? Hakimiyyəti dövründə elm və təhsilin inkişaf etdiyini söyləyən Prezident Əliyev, yoxsa bunun əksini iddia edən Nazir Əmrullayev?
Bu suala cavab vermək əslində o qədər də çətin deyil. Çünki dünyada elm və təhsilin inkişafını təmin edən konkret şərtlər, elm və təhsilin keyfiyyətini ölçmək üçün isə konkret meyarlar mövcuddur. Biz də beynəlxalq təşkilatların hesabatlarına, bu istiqamətdə aparılan elmi tədqiqatların nəticələrinə istinad edərək Azərbaycanda elm və təhsilin vəziyyəti ilə bağlı kimin həqiqəti söylədiyini müəyyənləşdirməyə çalışacağıq. Mövzumuz elm və ali təhsildir.
Hakimiyyətin prioritet sahəsi
Elm və təhsil istənilən siyasi hakimiyyətlə sıx bağlı olan sosial sferadır. Hakimiyyət elm və təhsil ocaqlarının yaradılmasına və maliyyələşdirilməsinə yardım edir, bəzi hallarda onların idarə edilməsində də yaxından iştirak edir. Bu səbəbdən də elm və təhsilin inkişafına təsir göstərən bütün amilləri institusional və instrumental olmaqla iki qrupa bölmək olar. İnstitusional amillərə hakimiyyətin xarakteri, elm və təhsil müəssisələri ilə hakimiyyətin münasibətlərini nizamlayan siyasət daxildir. İnstrumental amillər dedikdə isə elm və təhsil müəssisələrində çalışanların peşəkar qabiliyyəti, aparılan tədqiqatların aktuallığı və ümumi inkişaf tələblərinə cavab vermə səviyyəsi nəzərdə tutulur.
Müasir dünyada istənilən inkişafın əsasında təməl azadlıqlar durur.[1] Bu azadlıqların mümkünlüyü siyasi hakimiyyətin xarakterindən asılıdır. Təməl azadlıqların (fikir, düşüncə, söz, etiqad və s.) qorunduğu dövlətlərdə elm və təhsilin inkişafı üçün geniş imkanlar açılır, bu azadlıqlar təmin edilmədikdə əks proses baş verir. Azərbaycan Respublikasının Prezidenti yuxarıda istinad olunan müsahibəsində qeyd edir ki, neftlə zəngin olan dövlətlərdə istifadə olunan texnologiyalar həmin dövlətlərin özlərində icad olunmayıb, texnoloji mərkəzlərdən gəlib. Lakin Prezident bu texnoloji mərkəzlərin Qərb dövlətlərində yerləşdiyini, Qərbin innovasiya mərkəzinə çevrilməsinin səbəbinin isə təməl azadlıqlar olduğunu deməyib. Bir çox araşdırmalarda demokratik və meritokratik rejimlərin milli innovasiya göstəricilərinə müsbət təsir göstərdiyi təsdiq olunub.[2] Buna imkan verən isə demokratik rejimlərdə müxtəlif sosial-iqtisadi proqramların reallaşdırılması, ETİ sahəsindəki problemlərə müxtəlif qrupların maraqları çərçivəsindən yanaşılması və qarşılıqlı sosial-texniki inkişafın əldə edilməsidir.[3] Demokratik rejimlər eyni zamanda vətəndaş cəmiyyətinin müxtəlif qruplarının inteqrasiyasına şərait yaradaraq onların səsinin eşidilməsinə, siyasi problemlərin həllində, biliyin formalaşmasında iştirakına imkan yaradaraq ETİ inkişafına təkan verir.[4]
Elmi tədqiqat müəssisələrində və ali təhsil ocaqlarında elmin inkişafı və təhsilin keyfiyyətinə təsir göstərən ən mühüm amillərdən biri akademik azadlığın səviyyəsidir. Akademik azadlıq mütəxəssisin özünün tədqiqat üçün problem seçməsi, hər hansı kənar müdaxilə olmadan tədqiqat aparmaq və şəxsi mütəxəssis mövqeyindən hər hansı predmeti tədris etmək imkanı kimi müəyyənləşdirilir.[5] Bu mənada akademik azadlıq dedikdə sadəcə söz azadlığı deyil, təməl azadlıqları, bərabər hüquqluluğu, elmi diskussiya və debatlarda sərbəst, dövlətin nəzarətindən və istənilən institusional senzuradan kənar iştirakı nəzərdə tutan hüquqlar toplusunu ehtiva edir.[6] Akademik azadlığın ölkələr üzrə səviyyəsini müəyyənləşdirən beynəlxalq təşkilatlar və tədqiqat institutlarının hazırladığı hesabatlarda 5 mühüm meyar nəzərə alınır. Bunlara tədqiqat aparmaq və tədris etmək azadlığı; azad elmi mübadilə; universitetlərdə institusional muxtariyyət; akademik dürüstlük, ədalət, hörmət, məsuliyyət; və akademik və mədəni özünüifadə azadlığı daxildir. V-Dem İnstitutunun 2025-ci il üçün hazırladığı hesabatda Azərbaycanda akademik azadlığın dünya üzrə ən aşağı səviyyədə olduğu qeyd olunur. Akademik azadlığın səviyyəsinə görə, Azərbaycan qonşu Ermənistan və Gürcüstandan olduqca geridədir. Bu hesabatlarda akademik azadlıq indeksi 0.0-1.0 dərəcəsi arasında ölçülür. İnstitutun 2024-cü il üzrə hesabatında Azərbaycanda bu göstərici 0, Rusiyada 0.2, Ermənistanda 0.7, Gürcüstanda 0.8 səviyyəsində müəyyənləşdirilib.[7] Bu isə akademik azadlıq üçün önəmli olan beş kriteriyanın Azərbaycanın elm və təhsil müəssisələrində təmin olunmadığına dəlalət edir.
Azərbaycanda elm və təhsil yüksək səviyyədə mərkəzləşdirildiyi və institutlaşdırıldığı üçün tədqiqat və tədris azadlığını təmin etmək mümkün deyil. Azərbaycanda elm və təhsil müəssisələrində tədqiqatın mövzu və istiqamətləri, müdafiə edilən dissertasiya mövzuları elmi şura və koordinasiya şurası adlanan qurumlarda təsdiq olunmalı və qeydiyyatdan keçirilməlidir. Tədqiqatçılar mövzuları onlara təqdim olunan siyahıdan seçir, elmi rəhbərlər də bu qurumların tövsiyəsi ilə təyin olunur. Elmi şura və koordinasiya şuralarının tərkibi seçkili olsa da, bu qaydaya əməl edilmir, şura üzvləri adətən elmi-tədqiqat müəssisəsində yüksək vəzifə tutan şəxslərdən təşkil olunur. Elmi-tədqiqat institutlarında bunlara institut rəhbərliyi və şöbə müdirləri, ali təhsil ocaqlarında isə universitet rəhbərliyi və kafedra müdirləri daxildir. Azərbaycanda elm və təhsil müəssisələri institusional muxtariyyətdən məhrum olduqları, universitet rektorları və institut direktorları birbaşa Prezident tərəfindən təyin olunduqları üçün tədqiqat və təhsildə azadlığı boğmaq asan olur.
Azərbaycanda elm və təhsilin yüksək səviyyədə mərkəzləşdirilməsinin digər göstəricisi elmi adlar və dərəcələrin verilməsi ilə bağlıdır. Azərbaycanda elmi adların verilməsi elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin səlahiyyətində deyil. Bunun üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası mövcuddur. Nazir Əmrullayev yalançı alimlər haqqında danışanda məhz bu qurumun elmi dərəcə və ad verdiyi alimləri nəzərdə tutur. Yəni Azərbaycanda saxta elmi adlar respublika Prezidentinin birbaşa nəzarəti altında olan qurum tərəfindən verilir. Azad akademik mübadilə elmi-tədqiqat müəssisələri və universitet rəhbərləri, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinə tabe olan Daxili nəzarət şöbəsi adlanan qurum tərəfindən boğulur. Elmi-tədqiqat və universitet əməkdaşları hər hansı elmi konfranslarda, beynəlxalq elmi tədqiqatlarda iştirak üçün universitet rəhbərliyindən icazə almalıdırlar. Elmi konfrans və beynəlxalq tədqiqatların mövzusunun ölkə rəhbərliyinin siyasi kursuna uyğunluğu Daxili nəzarət şöbəsi tərəfindən yoxlanıldıqdan sonra belə bir iştiraka icazə verilə bilər.
Azərbaycan mütəxəssisləri tədris etdikləri predmetləri professional mövqelərindən təqdim etmək imkanından məhrumdurlar. Bunun bir neçə səbəbi mövcuddur. Birincisi, universitetlərdə bütün tədris proqramları vahid struktur və məzmuna malikdir, yəni bütün fənlər eyni məzmunda tədris olunmalıdır və fənni tədris edənin peşəkar mövqeyi tədrisdə önəmli deyil. İkincisi, universitetlərin professor-müəllim heyəti öz sahələri üzrə tanınmış mütəxəssislərin elmi nailiyyətlərindən məhdud şəkildə istifadə edirlər. Bunun səbəblərinə elektron resurslara çıxışın məhdudluğu, son elmi nailiyyətlərin əks olunduğu elmi nəşrlərin bahalı olması, Azərbaycan alimlərinin beynəlxalq akademik mühitə zəif inteqrasiyası, ingilis dili səviyyəsinin aşağı olması (müasir dünyanın elmi dili ingilis dili olduğu üçün), tədqiqatlarda səsləndirilən fikirlərin, elmi nəticələrin Azərbaycan reallıqları ilə ziddiyyət təşkil etməsi və s. daxildir. Bu, əsasən özünü sosial, humanitar sahələrdə, məsələn, iqtisadiyyat, tarix, politologiya kimi elmlərdə göstərir. Beynəlxalq təşkilatların, tədqiqat institutlarının Azərbaycanın iqtisadi vəziyyəti, siyasi idarəçiliyi və bundan irəli gələn problemlərin interpretasiyası Azərbaycan hakimiyyətinin və şəxsən Prezident Əliyevin iqtisadi uğur, siyasi sabitlik, multikulturalizm, tolerantlıqla bağlı narrativlərinə uyğun gəlmədiyi üçün onlara istinad etmək mümkün deyil.
Universitet auditoriyalarının müşahidə kameraları ilə təchiz edilməsi professor-müəllim heyətinin mühazirələrini dinləmək və təftiş etmək imkanı verir. Əlavə olaraq, həm tələbələr, həm də müəllimlər arasında xəbərçilik (universitet rəhbərliyinə və xüsusilə də Daxili Nəzarət Şöbəsinə donosçuluq) geniş yayılıb. Bu isə akademik özünüifadənin təmin edilmədiyinə işarədir. Əlbəttə ki, bütün bu sadalananları nəzərə alsaq, Azərbaycanın akademik mühitində dürüstlük, ədalət, hörmət və məsuliyyət kimi prinsiplərə riayət olunmadığını ehtimal etmək çətin deyil.
Elm və təhsilin keyfiyyətinə təsir göstərən digər mühüm amil, əlbəttə ki, maliyyədir, çünki texnologiyaların yüksək inkişaf etdiyi müasir dövrdə elmi tədqiqatlar və keyfiyyətli təhsil böyük maliyyə xərcləri tələb edir. Müsahibəsində “ölkələrin inkişafının ancaq zəka, ağıl, təhsil, elmlə bağlı olduğunu” söyləyən Prezidentin rəhbərlik etdiyi ölkədə təhsilə ayrılan xərclər ÜDM-in 3,5%-ni, elmə ayrılan xərclər isə 0,5%-ni təşkil edir.[8] Hələ sovet dövründə Azərbaycan ali məktəblərində təmir-tikinti işlərinə ayrılan xərclər elmə ayrılan xərcləri dəfələrlə üstələyirdi və Azərbaycanın institutları elm və təhsil ocaqlarından çox tikinti müəssisələrini xatırladırdı.[9]
Beləliklə, Azərbaycanda elm və təhsilin inkişafına təsir göstərən institusional şərtlərin təmin olunmadığı qənaətinə gəlirik. Elm və təhsilin keyfiyyət səviyyəsinə təsir göstərən institusional şərtlərin, demək olar ki, hamısı bu və ya digər şəkildə Prezidentə bağlıdır. Ölkə büdcəsini təsdiq edən, elmi-tədqiqat institutlarına və universitetlərə rəhbər təyin edən Prezidentdir, elmi ad və dərəcələr verən qurum isə birbaşa Prezidentə tabedir. İnstitusional şərtlərin təmin olunmaması instrumental şərtlərə necə təsir göstərir?
Elm və təhsilin keyfiyyəti: yüksək peşəkarlıq, yoxsa saxta işgüzarlıq?
Bütün dünyada olduğu kimi, Azərbaycanda da elmi-tədqiqat institutlarında və ali məktəblərdə çalışanlar akademik il ərzində yerinə yetirdikləri tədqiqatlarla bağlı hesabat verirlər. Bu hesabatlarda elmi işçi və professor-müəllim heyətinin fəaliyyətinin əsas göstəricisi dərc olunan məqalələrin və iştirak edilən elmi konfransların sayından asılıdır. Lakin burada bir mühüm amil var. Dərc edilən məqalələrin sayı ilə yanaşı, onların hansı jurnallarda nəşr edilməsi də önəmlidir. SCOPUS, THOMPSON REUTERS, WEB of SCIENCE kimi məlumat bazasına daxil olan indeksləşdirilmiş jurnallarda dərc olunan məqalələr daha yüksək balla qiymətləndirilir.
Azərbaycanın elmi-tədqiqat institutları və universitetlərində çalışan mütəxəssislərin hesabatlarına baxdıqda dərc edilən məqalələrin sayının kifayət qədər yüksək olduğunu görmək olar. Lakin bu məqalələrin az hissəsi indeksləşdirilmiş jurnallarda dərc olunur. Bu jurnallar sahə üzrə ən azı üç ekspertin müsbət rəyindən (qiymətləndirilməsindən) sonra məqalələri çapa məsləhət görür. Bunun üçün məqalələr orijinal məzmuna malik olmalı, obyektivliyi qorumalı, müasir texnologiyalar əsasında əldə edilən elmi nailiyyətlərin nəticələrini əks etdirməli və praktik əhəmiyyətə malik olmalıdır. Azərbaycan alimlərinin tədqiqatlarında bu tələblər yerinə yetirilmədiyi üçün onların məqalələri əsasən yırtıcı jurnallarda dərc olunur.[10] Çünki bu məqalələr elmi məqalə sayıla bilməz və adətən kompilyasiyadan, yəni müxtəlif ədəbiyyatlardan köçürmələrdən ibarətdir. Azərbaycan alimləri rəhbərliyin onların qarşısına qoyduğu tələbləri yerinə yetirmək üçün saxtakarlığa əl atmalı, alimlik etikasını pozmalı olurlar.
Azərbaycan akademik mühitində bu cür vəziyyətin bir çox səbəbləri var və bunların, demək olar ki, hamısı elm və təhsilin keyfiyyət səviyyəsinə təsir edən institusional şərtlərin təmin olunmamasından irəli gəlir. Təbiət elmləri (fizika, kimya, biologiya və s.) sahəsində laboratoriyaların müasir elmi tədqiqatlar üçün yararlı olmaması, maliyyə vəsaitinin çatışmaması bu səbəblərdəndir. Azərbaycanın elmi-tədqiqat institutlarında mövcud olan avadanlıqlar 21-ci əsrin aktual problemlərini həll etməyə imkan vermir. Digər bir səbəb müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada işləmək qabiliyyətinə malik mütəxəssislərin çatışmamasıdır. Çünki Azərbaycanda ali təhsilin səviyyəsi belə mütəxəssisləri hazırlamaq imkanı vermir. Sosial və humanitar sahələrdə (iqtisadiyyat, siyasi elmlər, beynəlxalq münasibətlər və s.) orijinal məqalələrin yazılmamasının səbəbi onların obyektivlik məsələsi ilə bağlıdır. Bu sahə üzrə bir çox elmi məqalə prezident Əliyevin siyasi, sosial, iqtisadi narrativlərinə uyğun gəlməyəcək və elm-təhsil müəssisəsinin rəhbərliyi tərəfindən siyasi etibarsız kimi qiymətləndiriləcək. Bu cür şəraitdə mütəxəssislər alim dürüstlüyünü, obyektivliyi, alim etikasını unutmalı olur, üstünlüyü indeksləşdirilmiş jurnallara deyil, yırtıcı jurnallara verir, alimlik etibarını siyasi loyallığa qurban edirlər.
Aparılan elmi araşdırmaların keyfiyyət səviyyəsini müəyyənləşdirmək üçün digər mühüm meyar innovasiya dəyəridir. Bu sahədə Azərbaycanın hansı uğurlar əldə etdiyini müəyyənləşdirmək üçün Dünya Əqli Mülkiyyət Təşkilatının hesabatlarına baxmaq kifayətdir. Bu təşkilatın 2024-cü il üzrə hazırladığı hesabatında Azərbaycan Qlobal İnnovasiya İndeksi (Qİİ) üzrə 133 ölkə içərisində 95-ci, Şimali Afrika və Qərbi Asiyanın 18 ölkəsi içərisində isə 17-ci yerdədir.[11] Qonşu Gürcüstan eyni göstəricilər üzrə müvafiq olaraq, 57-ci və 7-ci yeri tutur.[12] 2020-2024-cü illər ərzində Azərbaycan həm Qİİ, həm də innovasiya töhfələri və nəticələri üzrə geriləyib. Mütəxəssislər bəzi dövlətlərin elm, texnologiya və innovasiya sahəsində uğurlu, bəzilərinin isə uğursuz olmasını azadlıqlar, sosial bərabərlik və ictimai iştirakın səviyyəsi ilə əlaqələndirirlər. Demokratik rejimlərdə azadlıqların daha geniş olması sosial bərabərsizliyin qarşısını alır, cəmiyyətin müxtəlif qruplarının sosial-siyasi proseslərdə iştirak imkanlarını genişləndirir və bu da öz növbəsində azad rəqabət və əməkdaşlığı sürətləndirir, iqtisadi çiçəklənməyə şərait yaradır.[13]
Cədvəl.1: 2020-2024-cü illər üzrə Azərbaycanın Qİİ göstəriciləri[14]
| İllər | Qİİ mövqeyi | İnnovativ töhfə | İnnovativ nəticə |
| 2020 | 82 | 72 | 86 |
| 2021 | 80 | 74 | 91 |
| 2022 | 93 | 79 | 110 |
| 2023 | 89 | 76 | 104 |
| 2024 | 95 | 82 | 101 |
İnnovasiyalar iqtisadi inkişafın təməlində duran mühüm göstərici hesab olunur. Azad bazar iqtisadiyyatına əsaslanan cəmiyyətlərdə iqtisadi inkişaf daha sürətlidir, çünki azadlıq innovasiyaları sürətləndirir.[15] İnnovasiyalar nə qədər çox tətbiq olunarsa, iqtisadiyyat bir o qədər inkişaf etmiş və məhsuldar olar, cəmiyyətin sosial problemlərinin həll edilməsi də bir o qədər sürətli və effektli olar.[16] Bu, o deməkdir ki, cəmiyyətin sosial rifahı ilə elm və təhsilin keyfiyyət səviyyəsinin birbaşa əlaqəsi var.
Müasir dünyada qabaqcıl elmi biliklərin istehsalı və istifadəsi, innovativ nəticələrin əldə edilməsi və istehsala tətbiqi beynəlxalq əməkdaşlıq və elmi biliklərin mübadiləsi olmadan mümkün deyil. Məhz bu səbəbdən elm və təhsilin keyfiyyət səviyyəsinə təsir göstərən instrumental meyarlardan biri də beynəlxalq elmi əməkdaşlıqdır. Bu əməkdaşlıq elmi işçilərin beynəlxalq elmi layihələrdə iştirakını, elm və ali təhsil müəssisələrinin beynəlmiləlləşməsini tələb edir. Son 15 ildə Azərbaycan universitetlərinin və elmi-tədqiqat institutlarının beynəlxalq layihələrdə iştirakı ciddi şəkildə azalıb. Buna səbəb elm-təhsil müəssisələri rəhbərliyinin beynəlxalq əməkdaşlığa əngəllər yaratması, mütəxəssislərin beynəlxalq layihələrdə iştirakına icazə verilməməsidir.
Elm və ali təhsil müəssisələrində çalışanların fəaliyyətinin keyfiyyət ölçülərindən biri onların elmi konfranslarda iştirakı sayılır. Çünki elmi-tədqiqat institutları və universitet rəhbərliyi, həmçinin elmi ad və dərəcələr verən Ali Attestasiya Komissiyası respublika daxili konfranslardan çox beynəlxalq konfranslarda iştiraka önəm verir. Elmi konfranslarda iştirak üçün mütəxəssislərin yuxarı instansiyalardan icazə alması onların bu göstərici ilə fəaliyyətinin qiymətləndirilməsini rəhbərliyin iradəsindən asılı edir. Lakin elmi konfranslarda iştirak həm də maliyyə vəsaiti tələb edir. Bu konfranslarda iştirak üçün bəzən müəyyən məbləğ ödəmək və yaxud da konfransda fiziki iştirak etmək tələb olunur. Elmi-tədqiqat və ali təhsil müəssisələrinin büdcəsində elmi konfranslar, seminar və digər peşəkar görüşlərdə iştirak üçün vəsaitlər nəzərdə tutulsa da, bu vəsaitlərə işçilərin çıxışı məhduddur və yaxud bu vəsaitləri əldə etmək üçün hər bir işçi eyni hüquqa malik deyil. Müəssisələrin rəhbərləri bu vəsaitləri şəxsi qərarları əsasında verirlər. Buna imkan verən isə müəssisə rəhbərlərinin kollektiv qarşısında hesabatlı olmamasıdır. Onlar Prezident tərəfindən təyin olunduqlarından yalnız onun qarşısında hesabatlıdırlar. Digər bir səbəb isə elmi-tədqiqat institutları və universitetlərin fəaliyyətində maliyyə şəffaflığının olmamasından irəli gəlir. Maliyyə şəffaflığının olmaması isə elm-təhsil müəssisələrində institusional muxtariyyətin olmaması ilə əlaqədardır. Bu, elm-təhsil müəssisələrinin bütün maliyyə işlərinin birbaşa rektorların əlində cəmlənməsinə imkan verir.
Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, Azərbaycanda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün instrumental şərtlər də mövcud deyil. Belə olan halda Azərbaycanda elm və təhsilin səviyyəsi haqqında Nazirin deyil, Prezidentin söylədiklərinin həqiqətdən uzaq olduğunu qeyd edə bilərik. Azərbaycanda elm və təhsilin keyfiyyət səviyyəsinin aşağı olması gələcək nəsillər üçün ciddi problemlər yaradacaq. Çünki elm və təhsilin bu günkü keyfiyyət səviyyəsi gələcək nəsillərin məhsuldarlığına təsir göstərən mühüm amildir. Bunu Avropa İttifaqının maliyyə dəstəyi ilə Dünya Bankının tədqiqat qrupu tərəfindən hazırlanmış Azərbaycanın 2023-cü il üzrə İnsan Kapitalı İcmalındakı rəqəmlər də təsdiqləyir. Bu hesabatda qeyd olunur ki, Azərbaycanda 18 yaşına çatmış hər bir uşaq mümkün məhsuldarlıq potensialının cəmi 58%-ni reallaşdıra bilir. Müqayisə üçün qeyd edək ki, Avropa və Mərkəzi Asiya dövlətlərində bu rəqəm 63%-dir. Azərbaycanda beş yaşına çatmış hər 5 uşaqdan 1-i inkişafdan qalıb, 10 yaşına çatmış hər 4 uşaqdan 1-i isə oxumağı bacarmır. 5-6 yaşlı uşaqların cəmi 35%-i məktəbəqədər təhsilə cəlb olunub. 15 yaşına çatmış uşaqların əksəriyyəti oxu (60%) və riyaziyyat (51%) üzrə orta səviyyədən geri qalır. Azərbaycanda 10-24 yaş arasında əhalinin 25%-i aclıqdan əziyyət çəkir. 15-24 yaş arasındakı qızların 35%-i isə məktəblə əlaqəsi kəsildikdən sonra nə oxuyur, nə də işləyir.[17] Bu qeyd edilən rəqəmlər elm və təhsilin keyfiyyət səviyyəsindən birbaşa asılı olan ölkə iqtisadiyyatının və sosial rifahın vəziyyəti haqqında təsəvvür yaratmağa imkan verir.
Nəticə
Sovet İttifaqı dağılandan bu günə qədər Azərbaycanda baş verən bütün önəmli proseslər cəmiyyət tərəfindən sovet dövrü ilə müqayisə edilərək qiymətləndirilir. Müstəqil Azərbaycanda elm və təhsilin vəziyyəti sovet dövrü ilə müqayisədə uduzur. Cəmiyyət düşünür ki, sovet dövründə təhsil daha keyfiyyətli, elm daha qabaqcıl idi. İbtidai, orta və ali təhsildə vəziyyət müzakirə olunan zaman cəmiyyət əsasən müəllimləri və nazirləri günahlandırır. Bu səbəbdən uzun müddət Təhsil naziri olmuş Misir Mərdanov tənqid hədəfi olub, hazırda isə bu hədəf Emin Əmrullayevdir. Lakin ölkədə təhsilin keyfiyyətinə təsir göstərən şərtlər və amillər müəllimlər, təhsil strategiyası isə nazirlər tərəfindən müəyyən edilmir. Müəllimlər və nazirlər hakimiyyətin qulluqçusu, onun sifarişlərini cəmiyyətə ötürən, tapşırıqlarını icra edənlərdir. Elm və təhsil hakimiyyətin prioritet sahəsi, dövlətin olduqca əhəmiyyətli infrastrukturu sayılır. Çünki hakimiyyət təhsil vasitəsilə gənc nəslə siyasi ideologiyasını aşılayır, onu siyasi cəhətdən etibarlı vətəndaşa çevirməyə çalışır. Emin Əmrullayev yuxarıda istinad edilən çıxışında yalançı alimlərdən danışarkən əslində elm və təhsillə bağlı olan vəziyyətin ona aid olmadığını, günahın onda olmadığını bildirir.
[1] Sen, Amartya. Development and Freedom; Oxford University Press: Oxford, 2001.
[2] Wu, F.-S. Huang, H.-J. “Why Do Some Countries Innovate Better than Others? A New Perspective of Science, Technology, and Innovation Policy Regimes and National Absorptive Capacity.” Sustainability 2024, 16, 2840. https://doi.org/10.3390/su16072840.
[3] Sauermann, H.; Vohland, K.; Antoniou, V.; Balazs, B.; Gobel, C.; Karatzas, K.; Mooney, P.; Perello, J.; Ponti, M.; Samson, R.; et al. Citizen science and sustainability transitions. Res. Policy 2020, 49, 103978.
[4]Gough, C.; Shackley, S. “The respectable politics of climate change: The epistemic communities and NGOs”, International Affairs, 2001, 77, 329–345.
[5] Polanyi M. (1947). “The foundations of academic freedom”, The Lancet, 249(6453), 583.
[6] İlkin, Huseynli. “Academic Freedom and Universities: The Case of Azrrbaijan,” In V. Frangville, A. Merlin, J. Sfeir & P.-E. Vandamme, La liberté académique: Enjeux et menaces. pp. 133-143 (2021)
[7]Academic Freedom Index. Update 2025. V-Dem Institute, Friedrich-Alexander-Universität Institute of Political Science, 10-11.
[8] Büdcə xərclərinin istiqamətləri üçün bax: “2025-ci ilin büdcəsi hansı istiqamətlərə xərclənəcək?” Bakı Araşdırmalar İnstitutu, https://bakuresearchinstitute.org/2025-ci-ilin-dovlet-budcesi-hansi-istiqametlere-xerclenecek/; “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” https://e-qanun.az/framework/55892.
[9]Şəlalə Məmmədova. Yaddaşımızdakı tarix. Stalindən sonrakı Azərbaycan. Elm və Təhsil, 2022, 232, 246-47.
[10] Yırtıcı jurnallarla bağlı Baku Araşdırmalar İnstitutunun saytında dərc olunan məqalələrə bax: Araz Əliyev. Azərbaycan akademik mühitində yırtıcı jurnallar. Birinci hissə, BAİ, 30 Aprel 2024, https://bakuresearchinstitute.org/azerbaycan-akademik-muhitinde-yirtici-jurnallar/; İkinci hissə, 27 noyabr 2025, https://bakuresearchinstitute.org/azerbaycan-akademik-muhitinde-yirtici-jurnallar-hisse-2/.
[11] Azerbaijan ranking in the Global İnnovation İndex 2024. Global İnnovation İndex 2024. 1-4.
[12] Georgia ranking in the Global İnnovation İndex 2024. Global İnnovation İndex 2024, 1-2.
[13] Wu, F.-S.; Huang, H.-J. “Why Do Some Countries Innovate Better than Others? A New Perspective of Science, Technology, and Innovation Policy Regimes and National Absorptive Capacity.” Sustainability 2024, 16, 2840. https://doi.org/10.3390/su16072840
[14]Azerbaijan ranking, 1.
[15]Audretsch DB, Fisch C, Franzoni C,Momtaz PP, Vismara S (2024) “Academic freedom and innovation.” PLoS ONE 19(6): e0304560., https://doi.org/10.1371/journal.pone.0304560.
[16] Haien, Ding. “What kinds of countries have better innovation performance? −A country-level fs QCA and NCA study.” Journal of Innovation and Knowledge. 7, 2022, 1-12.
[17] Azerbaijan. Human Capital Review. Baku? February 24? 2023, p.6-8.

