fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanda etnik azlıqların hüquqlarının tənzimlənməsi

Read this article on other language
Download article
image_pdf
image_pdf

2019-cu ildə aparılmış son siyahıyaalmaya əsasən, əhalinin 94,8 faizini azərbaycanlılar, qalan 5,1 faizini isə müxtəlif etnik (və ya milli) azlıqlar təşkil edir.[1] Bu,  əhali nisbətində etnik azlıqların payının azaldığını göstərir. Ancaq 2009-cu ilin siyahıyaalma göstəricilərinə görə, etnik azlıqlar əhalinin 8,4%-ni təşkil edir. [2] Etnik azlıqlar yerli qanunvericilikdən və beynəlxalq öhdəliklərdən irəli gələn müəyyən hüquq və azadlıqlardan yararlanırlar. Bu məqalədə etnik azlıqların hüquq və azadlıqları ilə bağlı yerli qanunvericiliyin və beynəlxalq sənədlərin vəziyyəti araşdırılır. İkinci bölmədə, regional və beynəlxalq hesabatların məlumatlarından istifadə etməklə bu hüquq və azadlıqların həyata keçirilməsi təhlil edilir. Sonda, məqalədə siyasi təhlil əsasında etnik azlıqların hüquq və azadlıqlarının ümumi mənzərəsi təsvir edilir.

Qanunvericilikdə nəzərdə tutulmuş hüquq və azadlıqlar

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində əhalinin danışdığı başqa dillərdən sərbəst istifadə etmək və onu inkişaf etdirmək hüququ təsbit edilmişdir. Konstitusiyanın 25-ci maddəsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak və rəsmi vəziyyətindən, məşğuliyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İrqi, etnik mənsubiyyəti, dini, dili, cinsi, mənşəyi, əqidəsi, siyasi və sosial mənsubiyyətinə görə hüquq və azadlıqların məhdudlaşdırılmasına yol verilmir. 45-ci maddə hər kəsin öz ana dilindən sərbəst və məhdudiyyətsiz istifadə etmək hüququnu təmin edir.

Etnik azlıqların hüquqlarının sağlam düşüncəyə əsaslanan müdafiəsinin konstitusiontəminatlarına baxmayaraq, Azərbaycanda yuxarıda qeyd edilən hüquq və azadlıqlara ciddi riayət olunmur. Etnik azlıqların məsələlərinə birbaşa aid olan yeganə milli hüquqi sənəd Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında Fərmanıdır. Bu Fərman Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının və Regional dillər və ya azlıqların dilləri haqqında Avropa Xartiyasının[3]  qəbul edilməsindən bir neçə ay əvvəl imzalanıb ki, o da daha sonra Azərbaycanın beynəlxalq öhdəlikləri bölməsində müzakirə olunacaq. Fərmanda etnik azlıqların fərqli mədəni, dini və dil xüsusiyyətlərinin mühafizəsi, qorunması və təşviqi, habelə milli ənənələrə riayət etmək azadlığı; dini etiqad azadlığı; ibadət yerlərini (dini xidmətləri) qorumaq və istifadə etmək azadlığı, milli sənətkarlıq (əl işi sənəti), bədii özfəaliyyət və xalq sənətinin inkişaf azadlığı; bütün xalqların tarixi abidələrinin qorunması; qoruqlar, parklar və digər təbiət obyektləri kimi ictimai əhəmiyyətli yerlərin mühafizəsi və qorunmasında dövlət yardımının göstərilməsi qeyd olunur.

Azərbaycan Respublikasının digər qanunvericilik sənədlərində etnik azlıqlar üçün müəyyən təminatlar nəzərdə tutulur. Həm Təhsil haqqında, həm də Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün təhsil almaq imkanını və ayrı-seçkiliyə məruz qalmamağı təmin edir. Buna baxmayaraq, hər iki qanunda açıq şəkildə göstərilir ki, təhsil dili dövlət dilidir, yəni Azərbaycan dilidir. Beləliklə, bu qanunlarda azlıqların dilləri üzrə və onların dillərində təhsillə bağlı konstitusiyada təsbit olunmuş xüsusi təminat və müddəalara məhəl qoyulmur.

Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu etnik azlıqlara bərabər hüquqlar, eləcə də öz mədəni sərvətlərini qorumaq və inkişaf etdirmək, öz şəxsiyyət və mədəniyyətlərini seçmək azadlığı verir. Bununla belə, Mədəniyyət haqqında qanunda qeyd edilən hüquqların digər qanunlarla necə pozulduğuna dair bir neçə hal mövcuddur. Məsələn,  kəskin tənqidlərə[4] səbəb olan Media haqqında Qanunun qəbul edilməsindən əvvəl qüvvədə olan Azərbaycan Respublikasının Kütləvi informasiya vasitələri haqqında əvvəlki Qanununda Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələrinin ünsiyyət dili ilə bağlı heç bir məhdudiyyət qoyulmamalı olduğu irəli sürülürdü. İctimai Televiziya və Radio Yayımı haqqında Azərbaycan Respublikasının Qanunu da eyni şəkildə ictimai televiziyanı etnik azlıqların dillərində də yayımlamağa məcbur edirdi. Ancaq yeni Media haqqında Qanun bu müddəaları rədd edərək, hazırda bütün medianın yalnız dövlət dilində olmasını tələb edir. Başqa bir dildən istifadə etmək üçün Audiovizual Şuranın mandatı tələb olunur.

Azərbaycan Respublikasında İnsan Hüquqlarının Təşviqi üzrə 2006 və 2011-ci il Milli Fəaliyyət Planlarında da etnik azlıqların hüquqları öz əksini tapmışdır. Bu sənədlərdə etnik azlıqlar üçün müəyyən edilmiş yeganə prioritet etnik azlıqların mədəni irsinin qorunması və inkişafı olmuşdur. Bu ifadə qeyri-müəyyəndir və mədəni irsin qorunması ilə bağlı müddəalar da aydın olmamaqla yanaşı, BMT-nin İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planlarının hazırlanmasına dair Təlimatlarına[5] uyğun gəlmir. Planlar hərtərəfli fəaliyyətin yol xəritəsini deyil, bir neçə öhdəliyi ehtiva edirdi. Bununla belə, etnik azlıqların mədəni irsinin qorunub saxlanması problemlərinin həlli istiqamətində konkret addımlar atılmayıb. Bu problemlərə etnik azlıqların lazımınca təmsil olunmaması, resursların çatışmazlığı və onların mədəni tarixlərini tanıyan xüsusi qanunların olmaması daxildir.[6]  Bundan əlavə, bu planlar nəticəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə ictimaiyyətə açıq məlumat verilmir.

Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə gəlincə, Azərbaycan etnik azlıqların hüquqlarının müdafiəsi üzrə bir neçə regional və beynəlxalq hüquqi normativ sənəd imzalamışdır. Bu siyahıya Regional dillər və ya Azlıqların dilləri haqqında Avropa Xartiyası və Avropa Şurasının Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası daxildir. Sonuncu, yəni Çərçivə Konvensiyası 26 iyun 2000-ci ildə ratifikasiya edilsə də, Xartiyanın təsdiqi Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbulunun şərtlərindən biri olmasına baxmayaraq, Xartiya hələ də ratifikasiya olunmayıb.[7] Avropa hakimiyyət orqanlarının Xartiyanın ratifikasiyasını daim təşviq etməsinə baxmayaraq, Azərbaycan tərəfi bu öhdəliyi yerinə yetirməyə can atmır.. 2010-cu ildə o, Xartiyanın ratifikasiya olunmamasına səbəb kimi maliyyə çatışmazlığını göstərib. [8] Sonrakı faktaraşdırıcı missiya yerli qanunvericiliyin Xartiyaya[9] uyğunluğunda böyük boşluqlar aşkar etdi və “iqtisadi cəhətdən (əlavə xərc baxımından) neytral” ratifikasiya[10] sənədini təklif etsə də, Azərbaycan bu “xərc baxımından neytral” sənədlə bağlı heç bir mühüm addım atmadı. 

Etnik azlıqların hüquqlarının qorunması

Azərbaycan qanunvericiliyinin tez-tez konstitusiya, yerli qanunvericilik və qəbul edilmiş beynəlxalq hüquqi sənədlər əsasında etnik azlıqlara verilmiş müdafiə tədbirlərini pozduğunu və ləğv etdiyini nəzərə alsaq, etnik azlıqların hüquqi müdafiəsinin praktikada necə təmin olunduğunu da araşdırmalıyıq. Avropa İttifaqı Azərbaycanda etink azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının icrasına dair dörd dövr monitorinq keçirib. Onun 2017-ci ildə qəbul edilmiş Dördüncü Dövr üzrə yekun rəyində belə qənaətə gəlinib ki, Azərbaycanda etnik azlıqların öz kimliklərini ifadə etmələri üçün yetəri qədər ictimai məkanları yoxdur, bu cür sıxışdırılma isə hökumətin dəstəklədiyi multikulturalizm siyasəti və eləcə də Dağlıq Qarabağ münaqişəsi kontekstində ümumi tolerantsızlıq mühiti vasitəsilə həyata keçirilir. Rəyə görə, bütün bunlar, insan hüquqları, demokratiya və qanunun aliliyi ilə bağlı ümumi vəziyyətin pisləşməsi fonunda baş verir. [11]  Rəydə qeyd olunur ki, Azərbaycanın multikulturalizmi azlıqların şəxsiyyətinin ictimai ifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır və azlıqların mədəniyyətləri baxımından etnik azlıqların kimliyinin məhdud konsepsiyasına əsaslanır. [12]

Bu qiymətləndirmə BRİ-nin apardığı multikulturalizm siyasətinin müstəqil təhlili ilə üst-üstə düşür, belə ki, bu qiymətləndirməyə görə, Azərbaycan hökuməti azlıqların hərtərəfli müdafiəsini təmin etməyərək multikulturalizm anlayışını təhrif edir və nəticədə, tolerantlıq perimetrləri dövlət tərəfindən müəyyənləşdirilən “sosial sülh atmosferi”ni yaradır.[13] Məşvərət Komitəsinin xüsusi tövsiyələrinə 2019-cu il siyahıyaalmasında sərbəst və könüllü etnik özünüdərk, etnik azlıqların müdafiəsi üçün adekvat hüquqi bazanın və ayrı-seçkiliyə qarşı hərtərəfli qanunvericiliyin qəbul edilməsi, azlıqların söz azadlığı və birlik azadlığı üçün maneələrin aradan qaldırılması və azlıqların dili kontekstində təhsil islahatları daxildir. [14] 2022-ci ildə təqdim olunan beşinci dövri məruzəsində Azərbaycan müvafiq tövsiyələri səmərəli şəkildə yerinə yetirdiyini qeyd etsə də, Azərbaycanın etnik azlıqların müdafiəsi ilə bağlı öhdəlikləri qeyri-müəyyən olaraq qalır. [15]

Beləliklə, Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) Çərçivə Sazişinin icrası ilə əlaqədar dərc etdiyi alternativ hesabatında hökuməti assimilyasiya siyasətində, təhsil və dil hüquqlarını pozmaqda, azlıqların hüquq müdafiəçilərinin həbsində, təqib olunmasında və öldürülməsində ittiham edib. [16]  Azərbaycan Respublikasının 3-cü Universal Dövri İcmalının (UDİ) baxılması üçün Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının[17]  təqdim etdiyi hesabatda da oxşar nəticəyə rast gəlinir. Bu hesabat mədəni, təhsil, dini, söz və iqtisadi hüquq və azadlıqların pozulmasını diqqət mərkəzində saxlayır. [18]

Beləliklə, müxtəlif regional və beynəlxalq məruzələrdə Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsinin qeyri-qənaətbəxş olduğu qənaətinə gəlinir. Məruzələrdə qeyd olunan digər problemlər arasına qərarların qəbul edilməsində azlıqların təmsil olunmaması[19], azlıqların yerli idarəetmədə məhdud iştirakı[20] və azlıq dillərində təhsilin və medianın (KİV) olmaması[21]  daxildir. Bu baxımdan belə qənaətə gəlmək olar ki, bu problemlər ayrı-seçkiliyə qarşı siyasətin həyata keçirilməsi və etnik azlıqların hüquqlarının səmərəli müdafiəsi üçün səlahiyyətli orqanlarını yaradan ciddi qanunvericiliyin olmaması ilə bağlıdır. 

Etnik azlıqların hüquqları niyə qorunmur

Azərbaycan, yumşaq dillə desək, etnik azlıqlara yönəlmiş siyasət təşviq etməyə həvəs göstərmir. Sovet İttifaqının təxminən 30 il əvvəl dağılmasına baxmayaraq, Azərbaycan kimliyi hələ də formalaşma mərhələsindədir.[22] Bu millətin formalaşması prosesi dövlət tərəfindən təsdiqlənir və müvafiq olaraq dil siyasəti də daxil olmaqla, lakin onunla məhdudlaşmayaraq, müxtəlif sosial-iqtisadi strategiyalarda da özünü göstərir. Müşahidəçilər qeyd edirlər ki, Azərbaycan milli kimlik hissini gücləndirmək məqsədilə öz dövlət dili siyasətindən digər etnik və milli dilləri sıxışdırmaq üçün istifadə edir. [23]

Azərbaycanın etnik azlıqlarla bağlı daxili siyasətini qiymətləndirməzdən əvvəl Azərbaycanın Avropa Şurasının Çərçivə Konvensiyasına müəyyən şərtlərlə qoşulduğunu xatırlatmaq məqsədəuyğundur. Azərbaycan Respublikasının 2014-cü il tarixli bəyanatında bildirilir ki, Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının ratifikasiyası və həyata keçirilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, daxili və xarici təhlükəsizliyinə xələl gətirə və ya zərər vura biləcək istənilən fəaliyyəti istisna edir.[24]  Beləliklə, dövlət etnik azlıqların hüquqlarının qorunmasına və təşviqinə Azərbaycan Respublikası dövlətinin suverenliyi və bütövlüyünə təhdid kimi baxır. Bu cür münasibət, Ceylan Tokluoğlunun sözlərinə görə, “Azərbaycan milli hərəkatının və milli kimliyinin inkişafı ilə bağlı hər hansı müzakirənin əsasını təşkil edən” Dağlıq Qarabağ münaqişəsinin travması ilə əlaqələndirilir.[25]

Azərbaycanın etnik və milli siyasəti təhlükəsizlik və identiklik məsələlərinin həlli zərurətindən irəli gəlsə də, digər amillər nəzərə alınmadan bu siyasətlərin təkbaşına həyata keçirilməsi etnik azlıqlara kifayət qədər fayda gətirməyə bilər.[26] Belə nəticələr iki konkret istiqamətdə müşahidə oluna bilər: dövlətin dil siyasəti və multikulturalizm siyasəti. Dil siyasətinə gəlincə, Jalə Qəribova iddia edir ki, “tolerantlıq” yönümlü dil siyasətindən milli dili digərlərindən üstün tutan dil siyasətinə keçidə baxmayaraq, “bu təşviq yönümlü siyasətdə müəyyən dəstəkləyici elementlər və aydın göstəricilər yoxdur və onlar olmadan dövlət özünü inkişaf etməkdə olan demokratik ölkə kimi tanıtmaqda böyük çətinliklərlə üzləşəcəkdir.” [27]

Azərbaycanda dil siyasəti hökumətin hazırkı ideologiyasına, milli prioritetlərinə, ərazi bütövlüyü ilə bağlı narahatlıqlarına, ictimai rəyə və reaksiyaya, beynəlxalq siyasi və hüquqi standartlara, beynəlxalq tərəfdaşların/təşkilatların təzyiqlərinə uyğunluq nəzərə alınmaqla formalaşır.[28] Hökumət dil siyasətindən, o cümlədən təhsil siyasətindən “milliləşdirmə institutu”[29]  kimi istifadə edir, “dövlətin linqvistik rasionallaşdırılması (dövlətin bir dil altında birləşməsi) çoxdillilikdən daha üstündür.”[30] Azlıqlar arasında dil itkisi təhlükəsi ilə üzləşən hökumət rəsmiləri azlıqların təşəbbüskar olmamasını qeyd edərək onların özlərini günahlandırırlar.[31] Hökumətin multikulturalizm siyasətinə gəldikdə, etnik azlıqlar siyasətdən kənar qaldıqları müddətdə dövlət tərəfindən dəstəklənir və hökumət də, öz növbəsində, bu dəstəkdən özünü müasir demokratik dövlət kimi təqdim etmək üçün istifadə edir.[32]

Etnik azlıqların hüquqları və dövlət orqanlarının vəzifələri ilə bağlı müvafiq qanunvericilik bazasının olmadığını nəzərə alaraq, regional və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş etnik azlıqların hüquq və azadlıqlarının pozulması ilə bağlı iddialar irəli sürüldükdə onlarla hansı dövlət orqanının məşğul olacağı tam aydın deyil. İnstitusional idarəetmə baxımından cavabdehlik daşıyan konkret bir qurum olmadığı üçün azlıqların müdafiəsinə görə hamı məsuliyyət daşıyır.[33]

Nəticə

Bu məqalədə Azərbaycanda etnik (milli-etnik) azlıqların müdafiəsinin hüquqi əsasının və bu müdafiənin həm hüquq, həm də praktika baxımından yerinə yetirilməməsi yollarının təqdim edilməsinə cəhd olunub. Müdafiənin olmaması Dağlıq Qarabağ münaqişəsinin yaranmasında dərin köklərə malik təhlükəsizlik və kimlik məsələlərindən irəli gəlirdi. Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsinə və bununla da azərbaycanlılarla ermənilər arasındakı millətlərarası gərginliyin güman edilən yumşaldılmasına baxmayaraq, insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində vəziyyətin pisləşməsi fonunda etnik azlıqlara rəsmi münasibətin dəyişib-dəyişməyəcəyini proqnozlaşdırmaq mürəkkəb olaraq qalır.

 

İstinadlar:

[1] The State Statistical Committee of the Republic of Azerbaijan, Population of Azerbaijan, Population by ethnic groups, Last updated on 7.09.2023.

[2] The State Statistical Committee of the Republic of Azerbaijan, Population of Azerbaijan, Population by ethnic groups, Last updated on 7.09.2023.

[3] Human Rights Without Frontiers Int’l, Ethnic Minorities in Azerbaijan An Overview, November 2014, 45.

[4] See specifically, CDL-AD (2022)009-e Azerbaijan – Joint Opinion of the Venice Commission and the Directorate General of Human Rights and Rule of Law (DGI) of the Council of Europe on the Law on Media, adopted by the Venice Commission at its 131st Plenary Session (Venice, 17-18 June 2022).

[5]Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarinin İdarəsi, İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planlarına dair Məlumat Kitabçası, Birləşmiş Millətlər Təşkilatı Nyu-York – Cenevrə 29 avqust 2002, 88-95.

[6] “Policies on Cultural Heritage of National Minorities in Armenia, Azerbaijan, and Georgia”, Agshin Umudov, Giorgi Bobghiashvili, Lusine Kharatyan, Caucasus Edition, Journal of Conflict Transformation, 1 September 2019.

[7] Human Rights Without Frontiers Int’l, Ethnic Minorities in Azerbaijan An Overview, November 2014, 43.

[8] Report: The European Charter for Regional or Minority Languages, by the Committee on Legal Affairs and

Human Rights of the Parliamentary Assembly of the Council of Europe, 21 October 2010 (Doc. 12422), paragraph 35

[9] Ewa Chylinski, Mahulena Hofmannová (eds.), Early compliance of non-States Parties with the European Charter for Regional or Minority Languages A Handbook with twenty proposed instruments of ratification, Volume: 2, 34-49.

[10] Ewa Chylinski, Mahulena Hofmannová (eds.), Early compliance of non-States Parties with the European Charter for Regional or Minority Languages A Handbook with twenty proposed instruments of ratification, Volume: 1, 26-27.

[11] Advisory Committee On The Framework Convention For The Protection Of National Minorities, Fourth Opinion on Azerbaijan – adopted on 8 November 2017, ACFC/OP/IV(2017)006, 4.

[12] Ibid., 5.

[13] Benoit Filou, “Multiculturalism in Azerbaijan”, 06 July 2021, Baku Research Institute, accessed at: https://bakuresearchinstitute.org/en/multiculturalism-in-azerbaijan/#_ftnref26

[14] Ibid., 34.

[15] Fifth Periodic Report of the Government of the Republic of Azerbaijan on the Framework Convention for the Protection of National Minorities of the Council of Europe, ACFC/SR/V(2022)004, 3-7.

[16] An alternative report prepared by the Public Council of the Talysh People in Azerbaijan on implementation of CE Framework Convention for the Protection of National Minorities in the Republic of Azerbaijan for the protection of Talysh people, covering the period of 2016 – 2021 years, Baku, 2021, 5-15.

[17] National Talysh Movement is represented in UNPO since 29 June 2014.

[18] UNPO, Submission to the UN Office of the High Commissioner for Human Rights for the consideration of the 3rd Universal Periodic Review of the Republic of Azerbaijan, 3-8.

[19] Garcés De Los Fayos, In-Depth Analysis Minorities in the South Caucasus: New visibility amid old frustrations, DG EXPO/B/PolDep/Note/2014_104 June 2014 ST/1030125, 13.

[20] Johanna Popjanevski, Minorities and the State in the South Caucasus: Assessing the Protection of National Minorities in Georgia and Azerbaijan, Central Asia-Caucasus Institute & Silk Road Studies Program, September 2006, 64.

[21] Johanna Popjanevski, Minorities and the State in the South Caucasus: Assessing the Protection of National Minorities in Georgia and Azerbaijan, Central Asia-Caucasus Institute & Silk Road Studies Program, September 2006, 64.

[22] David S. Siroky & Ceyhun Mahmudlu (2015): “E Pluribus Unum?”, Problems of Post-Communism, 5.

[23] Ceyhun Mahmudlu and Yashar Ehtibarli, Ethnic and Nationality Policy in Azerbaijan, in Olaf Leiße (ed.), Politik und Gesellschaft im Kaukasus Eine unruhige Region zwischen Tradition und Transformation, Springer VS, 2019, p.257; Kyle L. Marquardt (2011) “Framing language policy in post-Soviet Azerbaijan: political symbolism and interethnic harmony”, Central Asian Survey, 30:2, 181-196, 189.

[24] Human Rights Without Frontiers Int’l, Ethnic Minorities in Azerbaijan An Overview, November 2014, 43; Azərbaycan Respublikasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmaq barədə” Qanunu, 16 iyun 2000-ci il, accessed: https://e-qanun.az/framework/759

[25] Ceylan Tokluoglu, (2005) “Definitions of national identity, nationalism and ethnicity in post-Soviet Azerbaijan in

the 1990s”, Ethnic and Racial Studies, 28:4, 722-758

[26] Ceyhun Mahmudlu and Yashar Ehtibarli, Ethnic and Nationality Policy in Azerbaijan, in Olaf Leiße (ed.), Politik und Gesellschaft im Kaukasus Eine unruhige Region zwischen Tradition und Transformation, Springer VS, 2019, 260.

[27] Jala Garibova, “Language policy in post-Soviet Azerbaijan: political aspects”, Int’l. J. Soc. Lang. 198 (2009), pp. 7–32, 27.

[28] Ibid., 8.

[29] Val D. Rust, “Minority Education Policy in Azerbaijan and Iran”, World Studies in Education, Vol. 9, No. 2, 2008, pp. 5-21, James Nicholas Publishers, 18.

[30] Kyle L. Marquardt (2011) “Framing language policy in post-Soviet Azerbaijan: political symbolism and interethnic harmony”, Central Asian Survey, 30:2, 181-196, p.189; Ceyhun Mahmudlu and Yashar Ehtibarli, Ethnic and Nationality Policy in Azerbaijan, in Olaf Leiße (ed.), Politik und Gesellschaft im Kaukasus Eine unruhige Region zwischen Tradition und Transformation, Springer VS, 2019, 255.

[31] Kyle L. Marquardt (2011) “Framing language policy in post-Soviet Azerbaijan: political symbolism and interethnic harmony”, Central Asian Survey, 30:2, 181-196, p.190; Kamil Pirijev, “Azerbaijan: Languages Under Threat”, Friday, 31 October, 2003, IWPR, accessed at: https://iwpr.net/global-voices/azerbaijan-languages-under-threat

[32] Kyle L. Marquardt (2011) “Framing language policy in post-Soviet Azerbaijan: political symbolism and interethnic harmony”, Central Asian Survey, 30:2, 181-196, 189.

[33] Ewa Chylinski Mahulena Hofmannová (eds.), Early compliance of non-States Parties with the European Charter for Regional or Minority Languages A Handbook with twenty proposed instruments of ratification, European Centre for Minority Issues, Ready for Ratification seriesm Vol.1, 57.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.