fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanda mərkəzi büdcədən ən çox asılı olan bölgə Naxçıvandırmı?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Naxçıvan Muxtar Respublikasında (MR) vəzifəli şəxslərin korrupsiya ittihamı ilə silsilə həbslərinin ardınca ənənəvi mediada və sosial şəbəkələrdə bölgənin iqtisadi potensialından səmərəsiz istifadə mövzusu da geniş müzakirə edilməyə başlandı. Əsas arqumentlərdən biri budur ki, Naxçıvan büdcəsinin formalaşmasında yerli gəlirlərin payı çox azdır və yerli büdcə xərclərinin əhəmiyyətli hissəsi mərkəzi hökumətin büdcəsindən ayrılan dotasiya formasında yardımlarla qarşılanır. Büdcə sistemi haqqında Qanuna əsasən, dotasiya aşağı büdcə həlqələrinə verilən əvəzsiz maliyyə yardımlarıdır. Həqiqətən də, Naxçıvan MR-nın büdcəsinin əhəmiyyətli hissəsi mərkəzi büdcənin dəstəyi hesabına formalaşır. Məsələn, 2021-ci ildə MR-nın təsdiqlənən 506,5 mln. manat büdcə gəlirlərinin 25,3%-i və ya 128,4 mln. manatı öz gəlirləri, 74,7%-i yaxud 359,8 mln. manatı mərkəzi büdcədən transfertlər kimi müəyyən edilib. 2023-cü ilin hazırda Parlament müzakirəsində olan layihəsinə görə, bu asılılığın bir qədər azaldığı və 71%-ə düşdüyü görünsə də, hələ ki, asılılıq kifayət qədər yüksəkdir. Belə ki, büdcə proqnozlarına görə, növbəti il MR-nın büdcəsi 635,3 mln. manat müəyyən edilib ki, onun da 185,5 mln. manatı öz gəlirləri, 449,8 mln. manatı isə mərkəzi büdcənin dəstəyi kimi əks olunub.

Təqdim olunan faktlar realdır. Amma əsas sual başqadır: mərkəzi büdcədən asılılıq baxımından digər bölgələr Naxçıvanla müqayisədə daha yaxşı vəziyyətdədirmi? Çünki bu mövzuda bütün müzakirələrin mərkəzində MR dayanır. Aparılan təbliğatın nəticəsi olaraq mövzu barədə yetərli məlumatı olmayanlarda belə təəssürat yaranır ki, digər bölgələr sürətlə özünümaliyyəşdirməyə keçdiyi bir vaxtda Naxçıvanın mərkəzi büdcədən yüksək asılılığı qalmaqdadır. Məsələn, 2023-cü ildə cəmi 8 rayona mərkəzi büdcədən vəsait ayrılacağı bildirilir.

Şübhəsiz ki, Naxçıvan ölkədəki mövcud pis idarəetmənin, bəlkə də, ən pis örnəyidir. İqtisadi rəqabətin boğulması, inhisarçılığın əndazəsini aşan miqyası, eləcə də sərhəd tanımayan korrupsiya Naxçıvanda ölkənin yerdə qalan hissəsilə müqayisədə daha kəskindir və bunlar müzakirə mövzusu deyil.

Amma söhbət bölgələrin vergi potensialından şəffaf və səmərəli istifadə olunması sahəsində bölgələrarası müqayisədən gedirsə, burda fərqlərin çox böyük olmadığını faktlar da göstərir. Reallıqda digər bölgələrlə müqayisədə Naxçıvanın yerli gəlirlərinin məbləği hansı səviyyədədir? MR-nı həm iqtisadiyyatının strukturuna, həm də demoqrafik potensialına görə yalnız Gəncə-Daşkəsən iqtisadi rayonu ilə müqayisə etmək mümkündür. Belə ki, rəsmi statistikanın ümumi məhsul buraxılışının strukturu ilə bağlı göstərcilərinə əsasən, Azərbaycanın bölgələrinin iqtisadiyyatının cəmi 5-10%-ni sənaye istehsalı təşkil edir. 2021-ci ilin yekunlarına görə, bu göstərici yalnız Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 37%, Naxçıvan iqtisadi rayonu üzrə 28% təşkil edib. Əhali sayına gəldikdə, rəsmi statistikaya əsasən, Naxçıvan MR-da 470 min nəfərə yaxın, Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 600 min nəfərdən bir qədər çox əhali qeydiyyatdadır. Bu 2 bölgənin ərazisi də təxmini eynidir (5,5 min kv/km-ə yaxın). 2021-ci ilin təsdiq edilmiş dövlət büdcəsində Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə yerli gəlirlərin məbləği 93,2 mln. manat, gömrük daxilolamaları nəzərə alınmadan Naxçıvan MR-nın yerli büdcə daxilolmaları isə 99,5 mln. manat müəyyən edilmişdi. Amma belə bir şəraitdə Gəncə-Daşkəsən iqtisadi rayonunun yerli xərcləri 64,7 mln. manat, Naxçıvan MR üzrə isə 506,5 mln. manat müəyyən olunub. Bu fərqin yaranmasının səbəbi 2 bölgə üçün yerli xərclərin əhatə dairəsinin fərqli olmasıdır. Gəncə-Daşkəsən iqtisadi rayonu üçün yerli xərc dedikdə, yalnız yerli icra hakimiyyəti orqanlarının, onların nəzarətində olan mənzil-kommunal təsərrüfatının və avtomobil yollarının saxlanılması nəzərdə tutulur.

Naxçıvan MR-nın büdcəsində əks olunan yerli xərclərə isə dövlət büdcəsinin 12 xərc istiqamətinin hamısı daxildir.  2021-ci ildə MR-nın təhsil, səhiyyə, mədiyyət-incəsənət, kənd təsərrüfatı, sosial müdafiə və nəqliyyat xərcləri 300 milyon manatdan bir qədər çox təsdiqlənmişdi. Əhali sayına əsaslansaq, ən kobud hesablama ilə 25% çox əhaliyə malik Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə bu xərclər 400 milyon manata yaxındır və eyni yanaşma ilə heç də bu bölgənin mərkəzi büdcədən asılılığı Naxçıvandan aşağı deyil.

Əslində, bu fakt onu göstərir ki, rayonların Azərbaycanda dotasiyasız bölgə adlandırılması üçün meyarların dəqiqləşdirilməsinə ehtiyac var. Hökumət Sovetlər Birliyinin dağılmasından sonra mərkəzləşmiş idarəetmə sistemindən imtina etməyib. Nəticədə, yerli hakimiyyətlər mərkəzi hakimiyyətin yerlərdəki məhdud səlahiyyətli icraçıları kimi qalmaqdadırlar. Yəni yerli seçkili idarəetmə sistemi yaranmadığı üçün nə maliyyə, nə də inzibati əks-mərkəzləşmə baş verməyib. Maliyyə və inzibati əks-mərkəzləşmənin baş vermədiyi ölkədə dotasiyasız yaşayan bölgəni müəyyən etməyin əhəmiyyəti də qalmır. Maliyyə müstəqilliyi əmsalı o zaman hesablanır ki, mərkəz hakimiyyətdən muxtar səlahiyyətləri və maliyyə müstəqilliyi olan yerli özünüidarə olur, onların bu müstəqillikdən yararlanaraq nə dərəcədə dotasiyasız bölgə yarada bildikləri ölçülür.

Azərbaycan reallığında isə Naxçıvan istisna olmaqla, yerdə qalan bölgələrin xərc ehtiyaclarının maliyyələşdirilməsi mərkəzi xərclərə aid edilməklə formal olaraq həmin bölgələr maliyyə müstəqilliyi qazanmış bölgələr elan edilir.

Məqalədə təqdim olunan faktlar göstərir ki, Azərbaycanda reallıqda mərkəzi büdcədən yüksək asılılığı olmayan hər hansı iqtisadi rayon mövcud deyil və bütün bölgələrin asılılığı elə Naxçıvan qədərdir. Bu baxımdan hökumət büdcə sənədlərində hər bir rayon və şəhər üzrə investisiya xərcləri də daxil olmaqla büdcənin bütün funksional istiqamətləri üzrə ayrılan xərclər barədə detallı məlumatlar əks etdirməlidir. Yalnız bu halda bölgələrin real özünümaliyyələşdirmə və asılılıq səviyyəsini obyektiv qiymətləndirmək mümkün olar.

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.