Cəmiyyət

Cəmiyyət

Azərbaycanda qadınların siyasi iştirakçılığı: problemlər və lazımi addımlar

Read this article on other language
Download article
image_pdf
image_pdf

Siyasi iştirak[1] vətəndaşların hökumətə və siyasi proseslərə təsir göstərmək və ya onları dəstəkləmək məqsədilə həyata keçirdikləri fəaliyyətlər toplusudur. Demokratik idarəetmənin qurulması və möhkəmləndirilməsi üçün vətəndaşların bir ölkənin siyasi müqəddəratının həll edilməsində iştirakı mühümdür. Belə olan halda, idarəetmə daha şəffaf olur və qurumların hesabatlılıq məsuliyyəti artır ki, bu da ümumilikdə ölkədə demokratiyanın güclənməsinə müsbət təsir göstərir.

Beynəlxalq hüquqa əsasən[2], kişilər və qadınlar siyasi prosesin bütün mərhələlərində bərabər və tam iştirak hüququna malikdirlər. Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci bəndi olan gender bərabərliyi qadın və qızların kişilərlə bərabər hüquq, azadlıq və imkanlara malik olduqlarını bəyan edir və fundamental insan hüququ sayılır.[3] Lakin BMT-nin 2025-ci il məlumatına görə,  hazırda dünyada yalnız 29 ölkədə qadınlar dövlət və ya hökumət başçısı vəzifələrində təmsil olunurlar. Qlobal miqyasda Nazirlər Kabinetlərinin tərkibində qadınların payı cəmi 22,9% təşkil edir ki, bu da icraedici hakimiyyətin ali səviyyələrində gender balansının hələ də təmin olunmadığını göstərir. Milli parlamentlərdə qadınların təmsilçilik səviyyəsi 27,2%-dir. Yerli idarəetmə səviyyəsində isə 145 ölkə üzrə seçilmiş nümayəndələrin 35,5%-ni qadınlar təşkil edir. Mövcud templə yüksək icraçı vəzifələrdə bərabər təmsilçiliyə nail olmaq üçün təxminən 130 il tələb olunur.[4] Buna görə də qadınların siyasətdə iştirakçılığına olan sistemli maneələrin aradan qaldırılması, siyasi liderliyin və islahatların gücləndirilməsi vacibdir.[5]

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə sarsılması, ölkə daxilində baş verən siyasi və iqtisadi qeyri-sabitlik, ölkənin 1993-cü ildən bu günədək dəyişməyən siyasi rejim altında avtoritarlaşması vətəndaşların siyasi iştirakçılığının zəifləməsinə gətirib çıxarıb. Azərbaycanda qadın və kişilərin siyasətdə bərabər imkanlarla təmsil olunması 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə təsdiqlənsə də, qadınların siyasətdə aktiv iştirakı bu gün də ciddi problem olaraq qalmaqdadır.

Bu məqalənin məqsədi Azərbaycanda qadınların siyasi iştirakına dair mövcud çətinliklərin təhlil edilməsindən ibarətdir. Tədqiqat üç əsas sual ətrafında qurulub: (1) Azərbaycanda qadınların siyasi iştirakına mane olan əsas faktorlar hansılardır? (2) Qadınların siyasi iştirakçılığı sahəsində indiyədək hansı tədbirlər həyata keçirilib? (3) Bu iştirakçılığın artırılması üçün gələcəkdə hansı addımların atılması zəruridir? Məqaləyə görə, Azərbaycanda qadınların siyasi iştirakına mane olan əsas amillər sosial-mədəni normalar (gender stereotipləri), ölkənin avtoritarlaşması və qadınların iqtisadi asılılığıdır.

Azərbaycan siyasətində qadınlar

Azərbaycanda qadınların siyasi iştirak səviyyəsi çox aşağıdır və effektiv deyil; 2024-cü ildə Milli Məclisdə qadınların təmsilçiliyi 20,8%-ə çatıb. 2025-ci ildə yerli özünüidarəetmə orqanlarında, yəni bələdiyyələrdə qadınların təmsilçiliyi 39,34% olub. Dövlət qulluqçuları arasında qadınların payı 29,7% təşkil edib[6]. Ancaq Nazirlər Kabinetinin bütün üzvləri kişilərdir. Prezident Administrasiyasında icraedici vəzifədə çalışan qadınlar Mehriban Əliyeva (vitse-prezident), Cəmilə Abbasova (Prezident köməkçisi) və Fərəh Əliyevadır (Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri). 2025-ci ilin statistikasına əsasən, Azərbaycanda qadın icra başçısı və nazir yoxdur, qadın nazir müavinlərinin sayı isə cəmi 6 nəfərdir.[7] Qlobal Gender Fərq İndeksinə görə, Azərbaycan 2024-cü ildə 146 ölkə arasında siyasi iştirak göstəricisinə görə 133-cü yerdədir. Qadınların yüksək vəzifələrdə təmsilçiliyi region üzrə ən aşağı səviyyəyə düşərək 1,7%-ə enib.[8] Gürcüstan və Ermənistanda isə bu göstərici 20%-ə çatdırılıb. Ailə, qadın və uşaq məsələləri üzrə komitə istisna olmaqla, Milli Məclisdəki digər bütün komitələrin sədrləri kişilərdir.[9] 

Azərbaycanda qadınların siyasi fəallığına mane olan bir sıra faktorlar  mövcuddur. Gəlin bu faktorların əsas üçünə nəzər salaq.

Sosial-mədəni normalar – Azərbaycan kimi əsasən ənənəvi dəyərlərin üstünlük təşkil etdiyi patriarxal cəmiyyətlərdə qadınların siyasi fəallığı ailədaxili rolların və stereotiplərin təsiri ilə məhdudlaşdırılır. Cəmiyyət qadının yerini ailəsi və evi kimi qəbul edir, kişiləri isə əsas qərarverici aktorlar sayır.[10] Erkən yaşlardan formalaşan sosial gözləntilər və qadınların emosional və zəif fərdlər kimi təqdim olunması, onların siyasi qərarvermə proseslərində rolunu məhdudlaşdırır və gender bərabərsizliyini gücləndirir. Bundan əlavə, evlilik institutunun güclü statusa malik olduğu Azərbaycan cəmiyyətində siyasətdə təmsil olunan qadınlar tez-tez ailə həyatına kifayət qədər ciddi yanaşmayan şəxslər kimi qəbul edilir. Məsələn, Azərbaycan mediasında qadınlarla bağlı xəbərlərdə seksist yanaşmalar geniş yayılıb.[11] Xüsusilə hökumətyönümlü mediada bu tip stereotiplərə söykənən xəbərlər qabardılır ki, bu da qadınların siyasi sahədə aktivliyini zəiflədən maneələri gücləndirir.[12] Çox vaxt media qadınları ailə və xarici görünüş kontekstində təqdim edir, onların peşəkar uğurlarını kölgədə qoyur.[13] Bu isə gender stereotiplərini gücləndirir və ictimai şüurda qadın siyasətçilərə qarşı qərəzli münasibətin formalaşmasına gətirib çıxarır. Avropa Şurasının Gender Bərabərliyi Strategiyası da mediada bu stereotiplərin aradan qaldırılması üçün islahatların vacibliyini vurğulayır.[14]

İqtisadi maneələr – Qadınların maddi resurslara və iqtisadi imkanlara məhdud çıxışı onların siyasi fəallığına mənfi təsir göstərir. 2025-ci ilə aid statistikaya görə, Azərbaycan əhalisinin 50,2%-i, məşğul əhalinin isə 48%-i qadınlardan ibarətdir.[15] Lakin qadınların əmək bazarında əsasən təhsil və elm kimi sosial yönümlü sektorlarda cəmlənməsi, onların kişilərlə müqayisədə nisbətən aşağı əməkhaqqısı olan işlərlə məşğul olmaları ilə müşayiət olunur. Belə ki, 2024-cü il üzrə qadınların orta aylıq nominal əməkhaqqı 791,1 AZN olduğu halda, bu göstərici kişilər arasında 1159,9 AZN təşkil edib.[16] Peşə və ixtisas seçimində gender stereotiplərinə əsaslanan seçimləri də nəzərə alsaq, qadınların iqtisadi azadlığının məhdud olduğunu görə bilərik. BMT Qadınlar Təşkilatının məlumatına əsasən,[17] Azərbaycanda gender bərabərsizliyi həm ictimai, həm də özəl sahələrdə davam edən struktur problem olaraq qalmaqdadır; 15 yaşdan yuxarı qadın və qızların gündəlik vaxtlarının orta hesabla 25,4%-ni ödənişsiz qulluq və ev işlərinə sərf etmələri, gender əsaslı əmək bölgüsünün davamlı xarakter daşıdığını, qadınların iqtisadi və ictimai iştirak imkanlarını zəiflətdiyini göstərir. Xüsusilə kənd yerlərində qadınlar çox vaxt ailə təsərrüfatlarında ödənişsiz işlə məşğul olsalar da, burada onlar özünüməşğulluq kateqoriyasına aid edilirlər. Onlar ev işlərilə məşğul olduqlarından əmək bazarından kənarda qalırlar.[18] 2022-ci ildə qadınların 674 peşədə işləməsinə qoyulan qadağaların ləğvi müsbət addım sayılsa da, gender stereotipləri və ailədaxili qayğı yükü hələ də qadınların iqtisadi asılılığını gücləndirməkdə davam edir, dolayısıyla da onların siyasi iştirakını zəiflədir.[19]

Avtoritar siyasi idarəçilik – avtoritarlaşan siyasi mühit, seçki institutuna cəmiyyətin etimadının olmaması, davamlı siyasi repressiyalar qadınlar, həmçinin də kişilər üçün ciddi risklər yaradır. Bu risklərə təhdidlər, şəxsi həyata dair hüquq və azadlıqların pozulması, cinsi ayrı-seçkiliyə əsaslanan qısnamalar, eləcə də gender əsaslı zorakılığın ailə, cəmiyyət və hökumət səviyyələrində təzahürləri daxildir. Məsələn, qadın və kişi siyasi aktivistlərin intim videolarının hökumət tərəfindən ictimailəşdirilməsi və onlara qarşı cəmiyyətdə aparılan linçetmə kampaniyası buna misal ola bilər.[20] Beləliklə, avtoritar siyasi idarəçilik qadınların siyasətdə fəal və təhlükəsiz şəkildə iştirakını çox ciddi şəkildə çətinləşdirir.Üstəlik, Azərbaycan həbsxanalarındakı mövcud vəziyyət və cəmiyyətin həbs olunmuş qadınlara münasibəti olduqca mənfidir; qadınlar kişilərlə müqayisədə daha çox sosial damğalanma və ictimai təzyiqə məruz qalırlar. Əlavə olaraq, siyasi partiyalarda da partiyadaxili demokratiya tam formalaşmayıb. Belə ki, siyasi partiyalar əksər hallarda ailə və ya şəxsi loyallıq münasibətlərinə əsaslanan idarəetmə modelləri üzərində qurulur və eyni siyasi liderlər uzun müddət partiya rəhbərliyində qalırlar. Partiyadaxili seçkilər demokratik prinsiplərə uyğun şəkildə azad və ədalətli keçirilmədiyi üçün qadınların siyasi yüksəliş imkanları dar çərçivədə qalır. Digər tərəfdən, ölkədə mövcud repressiv siyasi mühit və avtoritarlaşma, eləcə də qanunvericilikdə partiyaların qeydiyyat prosedurlarını sərtləşdirən dəyişikliklər[21] yeni və müstəqil siyasi partiyaların yaradılmasına ciddi maneələr yaradır. Nəticədə, Azərbaycanın partiya sistemi rəqabətsiz partiya sistemi kimi formalaşır; burada YAP-dan savayı digər partiyalara yalnız ikinci dərəcəli və nəzarət olunan “lisenziyalı” partiyalar kimi fəaliyyət göstərməyə icazə verilir.[22]

Ümumilikdə Azərbaycanda 26 siyasi partiya var[23] və onların bəzilərində qadın şuraları mövcuddur. Bu şuraların əsas məqsədlərindən biri də qadınların siyasətdə iştirakını artırmaq olsa da, əksər hallarda partiyanın nüfuzunu gücləndirməyə xidmət edirlər.[24] Yəni bu qurumların fəaliyyəti qadınların siyasi fəallığının effektiv şəkildə artırılmasından daha çox, qadın üzvlərinin və partiyadaxili qadın nümayəndələrin sayının artırılması ilə partiyaların öz ictimai nüfuzunu gücləndirməsinə xidmət edir.[25] Nəticə etibarilə, siyasi partiyalar üçün qadınların siyasi iştirakçılığının artırılması prioritet deyil, əsas məqsəd üzvlük bazasının genişləndirilməsi və partiya imicinin möhkəmləndirilməsi olur. Digər tərəfdən, kişilərin üstünlük təşkil etdiyi siyasi partiyalar milli əhəmiyyətli məsələlərə kişi perspektivindən yanaşırlar. Hətta siyasətdə olan qadınlar da, öz çıxışlarında milli-mental dəyərləri müdafiə edir, qadının ailə daxilindəki roluna xüsusi diqqət çəkir və cəmiyyətdə kişilərin mövqeyinin daha da güclənməsində maraqlı tərəf olurlar.[26]

Ümumilikdə, Azərbaycanda gender stereotipləri, qadınların iqtisadi asılılığı və mövcud siyasi mühit onların siyasi iştirakına təsir edən qarşılıqlı əlaqəli və bir-birini gücləndirən amillər kimi çıxış edir. Erkən yaşlardan qızlara aşılanan gender normaları onların gələcək karyera və ictimai rol seçimlərini əvvəlcədən formalaşdırır. Hökumət isə bu normativ çərçivəni öz siyasi legitimliyini möhkəmləndirmək üçün istifadə edir. Xüsusilə hökumətyönümlü media vasitəsilə demokratik dəyərlərin milli-mənəvi dəyərlərə zidd və ya kənar təsir kimi təqdim edilməsi bu strategiyanın tipik nümunəsidir. Məsələn, Prezident İlham Əliyevin gender bərabərliyinə münasibətdə ənənəvi gender rollarını müdafiə edən bəyanatı göstərir ki, Azərbaycanda siyasi elita daxilində, o cümlədən hökumət səviyyəsində, gender yönümlü stereotiplər hələ də davam etməkdədir.[27]

Qadınların siyasi iştirakçılığı sahəsində görülən tədbirlər və onların işləməməsi

Azərbaycanda qadınların siyasi iştirakçılığının artırılması məqsədilə qanunvericilik, institusional səviyyədə və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Konstitusiyaya əsasən, qadınlar və kişilər qanun və məhkəmə qarşısında bərabər hüquqlara malikdirlər və cinsi ayrı-seçkilik qadağandır.[28] 1998 və 2000-ci illərdəki Prezident sərəncamları qadınların dövlət orqanlarında və ictimai həyatda iştirakının genişləndirilməsini, həmçinin dövlət siyasətlərinə gender amilinin inteqrasiyasını təşviq edir.[29] 2006-cı il Gender (kişi və qadınların) bərabərliyi haqqında qanun cinsi ayrı-seçkiliyin aradan qaldırılmasını və siyasi partiyalar, QHT-lər və həmkarlar ittifaqlarında gender bərabərliyinin təmin edilməsini əsas məqsəd kimi qeyd edir.[30] 2012-ci ildə təsdiqlənmiş Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası da qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılmasını və qadınların rəhbər vəzifələrdə irəliləməsini nəzərdə tutur.[31]

Qadın iştirakçılığının artırılması istiqamətində institusional mexanizmlər mövcuddur ki, burada da əsas qüvvə dövlət qurumlarıdır. Məsələn, qadın məsələləri üzrə əsas dövlət qurumu 1998-ci ildə yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsidir (2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi). Qurumun məqsədi gender bərabərliyinin təşviqi olsa da, fəaliyyət əsasən məişət zorakılığına yönəlib.[32] Digər qurum Milli Məclisin tərkibində yaradılmış Ailə, Qadın və Uşaq Məsələləri Komitəsidir. Bu komitə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi və məişət zorakılığı ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir.[33] 2023‐cü ilə qədər Azərbaycanda 30 bələdiyyədə fəaliyyət göstərən Gender Komissiyalarının əsas məqsədi yerli idarəetmədə genderə həssas yanaşmanın təşviqi və xüsusilə ucqar ərazilərdə gender əsaslı zorakılıq hallarının qarşısının alınması və müvafiq qurumlara yönləndirilməsidir.[34]

Gender bərabərliyinin təmin olunması məqsədilə, 1992-ci ildə Azərbaycan BMT-nin Qadınların siyasi hüquqları üzrə Konvensiyasına[35] qoşulub; 1995-ci ildə isə IV Ümumdünya Qadın Konfransında Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edib.[36] Eyni ildə Azərbaycan, qadınların hüquqlarının qorunmasında əsas beynəlxalq hüquqi sənədlərdən biri hesab olunan BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Konvensiyasına (CEDAW), 2001-ci ildə isə həmin Konvensiyanın Könüllü Protokoluna qoşulub.[37] 2000-ci ildə Minilliyin Bəyannaməsi və Minilliyin İnkişaf Məqsədlərinə, 2003-cü ildə isə Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə Siyasətdə və dövlətin əhəmiyyətli qərarlar qəbul edilməsində qadın və kişilərin balanslaşdırılmış iştirakı haqqında sənədə qoşulub.[38]

Qeyd olunan institutların fəaliyyətləri daha çox məişət məsələlərinə fokuslanıb və qadınların siyasi iştirakını artırmaq yönündə hər hansı əhəmiyyətli işlər görülməsində maraqlı olmayıb. Qanunvericilik bazası, institusional tədbirlər və beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklər, eləcə də qəbul edilən və ya qoşulan konvensiyalar nəzərə alındıqda, Azərbaycanda bu sahədə görülən tədbirlər ya formal xarakter daşıyır, ya da hökumətin beynəlxalq imicini qorumağa yönəlmiş simvolik addımlardır.

Azərbaycanda qadınların siyasi iştirakına mane olan əsas amillər dərin kök salmış gender stereotipləri və avtoritar siyasi sistem, həmçinin iqtisadi asılılıqdır. Ölkədə 1993-cü ildən etibarən atadan oğula keçmə prinsipi ilə siyasi idarəçilik və demokratik institutların sıradan çıxarılması avtoritar idarəetmənin konsolidasiyası ilə nəticələnib. Hazırkı siyasi rejim vətəndaşların, o cümlədən qadınların, siyasi iştirakını artırmaqda maraqlı deyil. Davam edən siyasi repressiyalar, eləcə də seçki institutunun sıradan çıxarılması, həm qadınların, həm də kişilərin siyasi fəallığına ciddi zərbə vurur. Hökumətə rəqabətli və azad siyasi mühitin olması maraqlı deyil, çünki siyasi iştirakın artması birbaşa ölkənin avtoritarlaşdırılmasına maneə olaraq görülür. Hökumətin  hakimiyyətini qorumaq məqsədilə dəfələrlə Konstitusiyaya[39] və digər qanunvericilik aktlarına etdiyi dəyişikliklər, və milli-mənəvi dəyərlər çətiri altında patriarxal və gender əsaslı stereotiplər kimi sosial normaların hökumət tərəfindən qabardılması və xüsusilə qadın hüquqları məsələlərində tez-tez gündəmə gətirilməsi buna bariz nümunədir. Belə şəraitdə vətəndaşların, eləcə də qadınların dövlət idarəçiliyində iştirakı güclənə bilməz, çünki bu, nəticədə avtoritar rejimin zəifləməsinə və demokratik dəyişikliklərə gətirib çıxara bilər.

Vətəndaşlarla siyasətçilər arasında mühüm vasitəçi hesab olunan, hər hansı bir ölkədə demokratiyanın bərqərar olmasında, mövcud qanunvericilikdəki boşluqları təhlil edərək, təkmilləşmə məqsədilə hökumətə və ya parlamentə təkliflər verməkdə və vətəndaşların hüquq və azadlıqlarının təbliğində, hökumətin yetərsiz qaldığı sahələr üzrə yerli icmalarla işlərdə çox vacib rol oynayan vətəndaş cəmiyyəti təşkilatları[40], xüsusilə, son illərdə Azərbaycanda ciddi təzyiqlərə və bürokratik maneələrə məruz qalır[41], xarici qrantlarla işləyən müstəqil QHT-lərə qarşı “hökumət əleyhinə”, “antimilli”, “xarici agentlər” kimi kampaniyaların aparılması onların fəaliyyətinə çox ciddi əngəllər törədir[42] ki, bu da öz növbəsində, qadınların siyasi iştirakçılığını artırmaq istiqamətində çalışan müstəqil vətəndaş cəmiyyətinin fəal və koordinasiyalı fəaliyyətinə mənfi təsir göstərir.

Yekun

Azərbaycanda qadınların siyasi iştirakçılığı sahəsində kəmiyyət etibarilə irəliləyişlərin olmasına baxmayaraq, siyasətdə əsaslı və effektiv gender bərabərliyinin təmin olunması istiqamətində ciddi problemlər qalmaqdadır. Ölkədə avtoritarlaşma, qeyri-demokratik siyasi mühit və seçki institutlarının sıradan çıxarılması, eləcə də gender stereotipləri və məhz, gender normalarına əsaslanan iqtisadi asılılıq bu sahədə ciddi irəliləyişlərin əldə olunmasının qarşısını alır. Müstəqil vətəndaş cəmiyyəti və azad media bu istiqamətdə mühüm rol oynasa da, onların fəaliyyət imkanları məhduddur və siyasi repressiyalara məruz qalırlar. Digər tərəfdən, Milli Məclisdə qadın təmsilçilərin passivliyi, seçki proseslərinin şəffaf olmaması və siyasi partiyalarda gender balansının zəif təmin olunması qadınların siyasətə çıxışını məhdudlaşdırır. Bu problemlərin həlli üçün azad və demokratik siyasi mühitin yaradılması, yəni idarəetmənin demokratikləşməsi, partiyalarda gender kvotalarının tətbiqi, qadınların liderlik imkanlarının artırılması, mediada gender bərabərliyinin təşviqi və vətəndaş cəmiyyətinin gücləndirilməsi zəruridir.


[1] Milbrath, L. W. (1981). https://www.un.org/womenwatch/osagi/wps/publication/Chapter3.htm

[2] Universal Declaration of Human Rights. https://www.un.org/en/about-us/universal-declaration-of-human-rights

[3] UNFPA: Gender Eqaulity. https://esaro.unfpa.org/en/topics/gender-equality

[4] UN: Facts and figures: Women’s leadership and political participation. https://knowledge.unwomen.org/en/articles/facts-and-figures/facts-and-figures-womens-leadership-and-political-participation

[5] UN: Goal 5. https://www.un.org/sustainabledevelopment/gender-equality/

[6] Azərbaycanda gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün MİLLİ FƏALİYYƏT PLANI. https://e-qanun.az/framework/61131

[7] Azərbaycanda rəhbər vəzifədə çalışan qadınlar. https://modern.az/az/olke/518516/azerbaycanda-rehber-vezifesinde-chalishan-qadinlar-statistika/

[8] Global Gender Gap, (2024). https://www3.weforum.org/docs/WEF_GGGR_2024.pdf

[9] Azərbaycan Respublikasının Milli Məclisi. https://www.meclis.gov.az/index.php?lang=az

[10] Phillips, A. (1991). Engendering democracy. Penn State Press.

[11] Gender balansının stimullaşdırılmasında medianın rolu, (2018).https://modern.az/aktual/182137/gender-balansinin-stimullasdirilmasinda-medianin-rolu-/

[12] Gültəkin Hacıbəyli haqqında. https://teleqraf.az/news/siyaset/221096.html

[13] Gencel-Bek, M. və Binark, M. (2000). https://www.scribd.com/document/503827919/79438556-1215414832MedyaVeCinsiyetcilik-mutluBinarkpdf

[14] Gender balansının stimullaşdırılmasında medianın rolu, (2018).https://modern.az/aktual/182137/gender-balansinin-stimullasdirilmasinda-medianin-rolu-/

[15] Dövlət Statistika Komitəsi. https://www.stat.gov.az/source/demoqraphy/ap/

[16] Azərbaycanda gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün MİLLİ FƏALİYYƏT PLANI. https://e-qanun.az/framework/61131

[17] Equal Future: Women’s representation in politics and public administration. https://www.equalfuture-eurasia.org/womens-representation-in-politics-and-public-administration/azerbaijan#:~:text=In%20the%20World%20Economic%20Forum’s,its%202022%20ranking%20of%20101st.

[18] EU: Country Gender Profile. Azerbaijan. https://euneighbourseast.eu/wp-content/uploads/2022/07/eu4genderhelpdesk_azerbaijangenderprofile_v3.pdf

[19] The World Bank, (2024). https://documents1.worldbank.org/curated/en/099101624174034921/pdf/P179715-053cf272-5f35-47e0-8828-75e5f0dd1aee.pdf

[20] Amnesty International: Azerbaijan: Gender-based Reprisals Against Women. https://www.amnesty.be/IMG/pdf/azerbaijan_gender-based_reprisals_against_women_must_stop.pdf

[21] Siyasi partiyalar haqqında QANUN. https://e-qanun.az/framework/53163

[22] Quliyev, F. (2018). https://www.researchgate.net/publication/329628843_Discursive_closure_Political_parties_and_the_irrelevance_of_ideology_in_Azerbaijan

[23] Azərbaycanda qeydiyyatda olan siyasi partiyaların sayı açıqlanıb (2024). https://apa.az/daxili-siyaset/azerbaycanda-qeydiyyatda-olan-siyasi-partiyalarin-sayi-aciqlanib-833244

[24] YAP Qadınlar Şurasının yaradılmasının 20 illiyi qeyd olunub. https://azertag.az/xeber/yeni_azerbaycan_partiyasi_qadinlar_surasinin_yaradilmasinin_20_illiyi_qeyd_olunub-906901 ; Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. https://www.yeniazerbaycan.az/Siyaset_e26039_az.html

[25] Azərbaycanda iqtidar və müxalifətin bənzərliyi: Niyə nazirlər və partiya liderləri yalnız kişilərdir? (2019). https://www.bbc.com/azeri/articles/ckr80knkr49o

[26] YAP Qadınlar Şurası ailə və cəmiyyət mövzusunda tədbir keçirdi. https://teleqraf.az/news/toplum/223415.html ; Müstəqillik illərində dövlət ailə, qadın və uşaq siyasəti. https://azertag.az/xeber/musteqillik_illerinde_dovlet_aile_qadin_ve_usaq_siyaseti-1902395

[27] İlham Əliyev BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib. https://president.az/az/articles/view/34958

[28] Azərbaycan Respublikasının Konstitusiyası. https://president.az/az/pages/view/azerbaijan/constitution

[29] Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında SƏRƏNCAM. https://e-qanun.az/framework/4951 ; Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında QƏRAR. https://e-qanun.az/framework/499 ; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. https://family.gov.az/az/policies/qadin-siyaseti

[30] Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında. https://e-qanun.az/framework/12424

[31] “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında. https://e-qanun.az/framework/25029

[32] Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. https://family.gov.az/az/policies/qadin-siyaseti

[33] Azərbaycan Respublikasının Milli Məclisi. https://meclis.gov.az/news-comit.php?id=12&lang=az&cat=55

[34] EU Neighbours East. (2024). https://euneighbourseast.eu/az/news/publications/az%C9%99rbaycan-b%C9%99l%C9%99diyy%C9%99l%C9%99rind%C9%99-gender-b%C9%99rab%C9%99rliyi-komissiyalarinin-f%C9%99aliyy%C9%99ti-ucun-gender-v%C9%99saiti/

[35] Mirzəzadə, R. (2025). https://science.gov.az/az/news/open/31843

[36] Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. https://family.gov.az/az/post/341/pekin-beyannamesi-ve-fealiyyet-platformasinin-qebul-olunmasinin-20-illiyine-hesr-olunmus-tedbir

[37] Ələsgərli, M. və Milojevic, Y.S. (2019). https://lhri.az/az/library-books/Media-%20ve%20-gender-%20beraberliyi-%20azerbaycanda-xeber%20istehsalçıları-%20uchun-beledchi

[38] Səfərov, E. və Səfərova, N. (2023). https://family.gov.az/store/media/GIZ_Gender%20equality%20book_Final.pdf ; Gender balansının stimullaşdırılmasında medianın rolu.https://modern.az/gender-balansinin-stimullasdirilmasinda-medianin-rolu-/182137

[39] Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında. https://e-qanun.az/framework/47433

[40] Karaaslan, F. (2013). https://indigodergisi.com/2013/07/demokratik-rejimlerin-vazgecilmezi-sivil-toplum-orgutleri/ ; Albareda, A. (2018). https://link.springer.com/article/10.1007/s11266-018-00051-x ; OSCE, (2024). https://www.oscepa.org/en/documents/special-representatives/gender-issues/report-17/4995-2024-gender-report-fostering-free-and-inclusive-societies-the-role-of-civil-society-organizations-in-a-time-of-democratic-decline-eng/file

[41] Geybulla, A. (2025). https://humanrightshouse.org/statements/civil-society-in-azerbaijan-is-decimated-the-people-who-did-the-work-are-all-now-behind-bars/

[42] Civic Freedom Monitor: Azerbaijan. (2024). https://www.icnl.org/resources/civic-freedom-monitor/azerbaijan

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.